Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-1708/2025 13.03.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı (bundan sonra mətndə İddiaçı MMC) cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə (bundan sonra mətndə Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, **********030900 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarın ləğv edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı MMC-nin nümayəndəsi və vəkili Vəkil tərəfindən “Elektron Məhkəmə” sistemi vasitəsilə xx.xx.2024-cü il tarixdə məhkəməyə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi) barədə ərizə təqdim olunaraq, məhkəmədən, cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, **********531000 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarın ləğv edilməsi barədə qərar çıxarılması xahiş olunmuşdur. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-10822/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə iddiaçının nümayəndəsi və vəkili tərəfindən verilmiş iddianın dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi) barədə ərizə icraata qəbul edilmişdir. İddiaçının əsaslandırması: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı MMC (VÖEN: **********) barəsində cavabdeh Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixli, **********030900 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərar qəbul edilərək əsassız şəkildə artıq əlavə dəyər vergisi hesablanmışdır. Qərarın əsası kimi cavabdeh operativ vergi nəzarəti zamanı keçirilmiş yoxlama zamanı malın əskik gəlmə faktının olmasını göstərmişdir. Qeyd olunur ki, vergi orqanı tərəfindən keçirilmiş operativ vergi nəzarəti tədbiri zamanı ümumilikdə 36354.4 manat (ƏDV-li) məbləğində malların elektron qaimə-faktura olmadan satışı müəyyən edilmiş, vergi ödəyicisinə maliyyə sanksiyası tətbiq edilmişdir. Qeyd edilən kənarlaşma vergi ödəyicisi tərəfindən aradan qaldırılaraq dəqiqləşdirilmiş ƏDV bəyannaməsi təqdim edilərək müvafiq hesablama aparılmışdır. Lakin vergi orqanı özünün keçirdiyi yoxlamasına zidd olaraq, süni şəkildə 100616,64 manat vergi məbləği qədər (yəni, ümumilkdə 558981 manat) dövriyyənin azaldıldığını bildirmişdir. Halbuki, vergi orqanı öz xx.xx.2024-cü il tarixli məsuliyyətə cəlb etmə qərarı ilə də təsdiq etmişdir ki, kənarlaşma yalnız 36354.4 manat məbləğindədir. Belə olan halda, əlavə dövriyyənin nəyə əsasən müəyyən edildiyi əsaslandırılmamışdır. Bundan əlavə, vergi orqanı qərarında süni şəkildə idxal mallarının dəyərini artırmışdır. Belə ki, qərarda qeyd edilir ki, ümumilikdə vergi ödəyicisi tərəfindən 2909891,75 manat məbləğində mal idxal edilmişdir. Lakin bu məbləğin haradan yarandığı aydın deyil. Digər tərəfdən, vergi orqanı tərəfindən ticarət əlavəsini hansı qaydada müəyyən etdiyi də aydın deyil. Qərarda da bununla bağlı hər hansı qeyd yoxdur. Həmçinin bildirilir ki, mübahisələndirilən qərardan vergi ödəyicisi tərəfindən inzibati qaydada xx.xx.2024-cü il tarixində şikayət verilmişdir, lakin indiyədək şikayət üzrə qərar qəbul edilməmişdir. Bu səbəbdən, iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İPM-nin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış, İPM-nin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin xx.xx.2024-cü il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. xx.xx.2024-ci il tarixdə məhkəmə dəftərxanası vasitəsilə Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin iddia tələbinə dair yazılı mülahizəsi (etirazı) məhkəməyə təqdim edilmişdir. Cavabdeh inzibati orqanın iddia tələbinə dair yazılı mülahizəsi (etirazı): Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin iddia tələbinə dair yazılı mülahizəsində (etirazında) göstərilmişdir ki, İddiaçı MMC-yə (VÖEN: **********) 2024-cü ilin fevral ayı üçün əlavə dəyər vergisi bəyannaməsi üzrə kameral vergi yoxlaması ilə 95071,07 manat əlavə vergi məbləği hesablanmışdır. Aparılmış araşdırma nəticəsində uçot-baza məlumatlarına əsasən vergi ödəyicisinin xx.xx.2021-ci il tarixində ƏDV qeydiyyatının qüvvəyə mindiyi, xx.xx.2021-xx.xx.2024-cü il tarixlərə qədər elektron alış üzrə 0 manat, elektron qaimə-faktura üzrə 2220786,19 manat dəyərində, yük-gömrük bəyannamə məlumatına əsasən isə idxal əməliyyatları üzrə 2909891,75 manat dəyərində mal alışının olduğu müəyyən edilmişdir. xx.xx.2024-cü il tarixdə keçirilmiş operativ vergi nəzarəti tədbirləri zamanı vergi ödəyicisinin 151664,27 manat sənədli mal qalığının olduğu müəyyən edilmişdir. İddiaçı MMC-nin rəhbəri X3 tərəfindən vergi orqanına yoxlama zamanı təqdim edilmiş arayışa əsasən müəssisə tərəfindən satılan mallara orta hesabla 8 % ticarət əlavəsinin tətbiq edildiyi qeyd edilmişdir. Beləliklə, aparılmış araşdırma zamanı vergi nəzarəti tədbirlərinə qədər elektron qaimə-faktura, ixrac və kassa üzrə satış dövriyyə məbləği 4818353,47 manat təşkil etdiyindən, 2024-cü ilin fevral ayı üzrə 100616,64 manat vergi məbləği qədər malların əskik gəlməsi istiqamətində kənarlaşmalar yaranmışdır. Qeyd edilənlərlə əlaqədar vergi ödəyicisinə “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) təqdim edilməsi haqqında” xx.xx.2024-cü il tarixli **********891500 nömrəli məktub göndərilərək dəqiqləşdirilmiş bəyannaməni, müvafiq təsdiqedici sənədləri və ətraflı izahat məktubunu vergi orqanına təqdim etməklə yaranmış kənarlaşmanın aradan qaldırılması tələb olunmuşdur. Kənarlaşma aradan qaldırılmadığı üçün Vergi Məcəlləsinin 37-ci, 67-ci, 83-cü maddələrinə əsasən kameral vergi yoxlaması ilə 2024-cü ilin fevral ayı üçün ƏDV bəyannaməsi üzrə 95071,07 manat əlavə vergi məbləği hesablanmışdır. Daha sonra iddiaçının nümayəndəsi (vəkili) xx.xx.2024-cü il tarixdə elektron informasiya sistemi vasitəsilə iddia tələbinin əsaslandırılmasına dair əlavə ərizə təqdim etmişdir. İddia tələbinin əsaslandırılmasına dair iddiaçının nümayəndəsi (vəkili) tərəfindən təqdim olunmuş ərizə: Ərizə onunla əsaslandırılmışdır ki, 1) vergi orqanı tərəfindən mübahisələndirilən qərarda qeyd edilmişdir ki, qaimə-faktura üzrə 2220786,19 manat, yük-gömrük bəyannamə məlumatına əsasən isə idxal əməliyyatları üzrə 2909891.75 manat mal alışı olmuşdur. Keçirilmiş operativ vergi nəzarəti tədbirləri zamanı 151664,27 manat sənədli mal qalığınının olduğu, ticarət əlavəsinin isə 8 faiz həddində olması müəyyən edilmişdir. Aparılmış araşdırma zamanı vergi nəzarəti tədbirlərinə qədər elektron qaimə-faktura, ixrac və kassa üzrə satış İdövriyyə məbləği 4818353,47 manat təşkil etdiyindən, 2024-cü ilin fevral ayı üzrə 100616.64 manat vergi məbləği qədər malların əskik gəlməsi istiqamətində kənarlaşmalar yaranmışdır. Bu rəqəmlər hamısı gözəl səslənə bilər, lakin qeyd edilən rəqəmlərdən vergi orqanının qərarında əks edilmiş vergi məbləğinin necə alındığı müəyyən deyil. Başqa sözlə, vergi orqanı qərarında öz nəticəsinin şərtlərini göstərib, lakin bu şərtlərdən istifadə edilmə düsturunu göstərməyib. “İnzibati icraat haqqında” qanunun 61.1-ci maddəsinə əsasən yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. Həmin qanunun 61.2-ci maddəsinə əsasən inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. Burada isə hər hansı normaya istinad edilməmişdir. Həmin qanunun 61.3-cü maddəsinə əsasən inzibati akt diskresion səlahiyyətlər daxilində qəbul edildiyi halda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə əsaslandırmalıdır. Hazırki halda bu tələblərə riayət edilməmişdir. Həmin qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin qanunun 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan , subordinasiya baxımından yuxarı inzibati orqan və ya qanunla şikayətə baxmaq səlahiyyətinə malik olan müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Qərarda problemli digər bir məsələ isə ondan ibarətdir ki, əsaslandırma hissəsində “100616,64” manat vergi məbləği qədər malların əskik gəlməsi qeyd edilsə də, qərarda ümumulikdə vergi öhdəliyinin 95071,07 manat olduğu qeyd edilmişdir. 2) Yuxarıda da qeyd edildiyi kimi, inzibati orqan tərəfindən qərar tam əsaslandırılmamışdır. Xüsusilə vergi orqanının vergi hesablanarkən istinad etdiyi qanun norması əks edilməmişdir. Qeyd olunur ki, hazırda mübahisə əlavə dəyər vergisi üzərindəndir. Vergi Məcəlləsinin 178-ci maddəsinə əsasən ƏDV üzrə hesabat dövrü təqvim ayı sayılır. Vergi Məcəlləsinin 159.1-ci maddəsinə əsasən malların təqdim edilməsi, işlərin görülməsi, xidmətlərin göstərilməsi, Azərbaycan Respublikası ərazisində istehsal olunan kənd təsərrüfatı məhsullarının pərakəndə satışı zamanı tətbiq edilən ticarət əlavəsi və vergi tutulan idxal vergitutma obyektidir. Bu maddələrin təhlilindən belə nəticəyə gəlmək olar ki, ƏDV üzrə vergi tutulan dövriyyə müvafiq təqvim ayı üzrə malların təqdim edilməsində yaranan dövriyyədir. Bu səbəbdən, vergi orqanı tərəfindən hər hansı normaya istinad etmədən 2024-cü il fevral ayı üzrə deyil, əvvəlki dövriyyələrin araşdırılması aydın deyil və qərarın əsassız olduğunu göstərir. 3) Yuxarıda qeyd edilənlərin davamı olaraq, ehtimal etmək olar ki, vergi orqanı mübahisələndirilən qərarı qəbul edərkən Vergi Məcəlləsinin 67.15-ci maddəsini rəhbər tutub. Vergi orqanı tərəfindən keçirilən vergi nəzarəti zamanı vergi ödəyicisinin uçot məlumatlarında (mühasibat uçotu və ilkin uçot sənədlərində) göstərilən malların faktiki olaraq onun sahibliyində olmadığı aşkar edildikdə vergilər həmin halın aşkar edildiyi hesabat dövrü üzrə, səyyar vergi yoxlaması zamanı isə yoxlama ilə əhatə edilən sonuncu hesabat dövrü üzrə hesablanır. Nəzərə alınmalıdır ki, vergi ödəyicisi barəsində xx.xx.2024-cü il tarixində Dövlət Vergi Xidmətinin İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsi tərəfindən operativ vergi nəzarəti keçirilmiş, həmin operativ vergi nəzarəti zamanı ümumilkdə 36354.4 manat məbləğində malın elektron qaimə-faktura verilmədən təqdim edilməsi faktı aşkar edilmişdir. Başqa sözlə desək, Vergi Məcəlləsinin 67.15-ci maddəsinin mənasında vergi orqanı tərəfindən keçirilən vergi nəzarəti zamanı vergi ödəyicisinin uçot məlumatlarında (mühasibat uçotu və ilkin uçot sənədlərində) göstərilən malların faktiki olaraq onun sahibliyində olmadığı aşkar edilmişdir. Həmin malların məbləği isə məhz 36354.4 manat təşkil etmişdir. Vergi ödəyicisi tərəfindən bu fakt mübahisələndirilməmiş və dəqiqləşdirilmiş əlavə dəyər vergisi bəyannaməsi təqdim edilərək bu uyğunsuzluq vergi ödəyicisinin özü tərəfindən aradan qaldırılmışdır. Yəni, faktiki olaraq Vergi Məcəlləsinin 67.15-ci maddəsi vergi ödəyicisi tərəfindən hazırki halda artıq tətbiq edilmişdir. Vergi orqanı tərəfindən isə bundan sonra bu maddəyə istinad etməsi qeyri-mümkündür, çünki həmin norma məhz vergi nəzarəti zamanı aşkar edilmiş faktlarla məhdudlaşır. Hazırki halda isə, vergi orqanı kameral yoxlama nəticəsində yüzlərlə min manatdan artıq dövriyyənin əskik gəlməsini bildirir ki, bu da operativ vergi nəzarəti zamanı aşkar edilmiş faktlara ziddir. “İnzibati icraat” haqqında qanunun 13.1-ci maddəsinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Həmin qanunun 13.2-ci maddəsinə əsasən inzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Hazırki halda, vergi orqanı müvafiq dövr üzrə kənarlaşan dövriyyənin məbləğini artıq özü operativ vergi nəzarəti zamanı təsdiq etmişdir. Göründüyü kimi, mübahisələndirilən qərar əsassızdır. 4) Diqqət edilməli daha bir məqam isə vergi orqanının hesablama əsas götürüdüyü vergi ödəyicisinin idxal etdiyi malları məbləği ilə bağlıdır. Belə ki, həmin məbləğ vergi orqanı tərəfindən süni şəkildə şişirdilmişdir. Qeyd olunur ki, müvafiq dövr üzrə vergi ödəyicisi tərəfindən 2450467.88 manat dəyərində mal idxal edilmiş, vergi orqanı isə gömrük orqanı tərəfindən gömrük məqsədləri üçün istifadə edilmiş statistik dəyəri əsas götürmüşdür ki, bu da tamamilə əsassızdır. Burada vergi orqanı malların faktiki dəyəri ilə gömrük orqanı tərəfindən istifadə edilən statistik (nəzəri) dəyəri arasında fərqi əsassız olaraq vergi ödəyicisnin dövriyyəsinə aid etmişdir. Bununla bağlı Ali Məhkəmənin formalaşmış məhkəmə təcrübəsi də mövcuddur. Belə ki, Ali Məhkəmənin baxdığı analoji iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli, 2-1(102)-177/2024 saylı qərarına əsasən “İddiaçı haqlı olaraq qeyd edir ki, mallar Azərbaycan Respublikasına idxal olunarkən gömrük orqanları tərəfindən malların statistik dəyərinin hesablanması yalnız gömrük məqsədləri üçün istifadə olunur.”. Vergi Məcəlləsinin 139.2-ci maddəsinə əsasən əmtəə-material ehtiyatlarının uçotunu apararkən vergi ödəyicisi istehsal etdiyi, yaxud satın aldığı malların istehsal xərclərinə və ya satınalma qiymətlərinə əsasən müəyyənləşdirilən dəyərini uçotda əks etdirməyə borcludur. Vergi ödəyicisi bu malların saxlanmasına və nəql olunmasına çəkilən xərcləri də onların dəyərinə daxil etməlidir. Vergi ödəyicisi tərəfindən də malların maya dəyəri hesablanarkən malın invoys dəyəri, rüsum, yığım, qısa idxal və tərəzi xərcləri və nəqliyyat xərcləri nəzərə alınmışdır. Digər tərəfdən, əgər vergi orqanı hesab edirdisə ki malların faktiki dəyəri düzgün göstərilməyib, Vergi Məcəlləsinin 14-cü maddədə qeyd edilən bazar qiymətinin müəyyən edilməsi ilə bağlı tələblərə riayət etməli idi. Yuxardı qeyd edilənlər bir daha göstərir ki, vergi orqanı tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, **********531000 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərar əsassızdır və ləğv edilməlidir. Cavabdeh xx.xx.2025-ci il tarixdə 14 mart 2025-ci il tarixli, 3-21-2-3/2-295052/2025 nömrəli məktubla etiraza əlavə təqdim etmişdir. Cavabdeh inzibati orqanın iddia tələbinə dair əlavə etirazı: Etiraza əlavə onunla əsaslandırılmışdır ki, iddiaçının vəkili məhkəməyə ərizə təqdim etmişdir ki, Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi qeyd olunan ərizə ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Ərizədə qeyd olunur ki, qərarın əsaslandırma hissəsində “100616,64” manat vergi məbləği qədər malların əskik gəlməsi qeyd edilsə də, qərarda ümumulikdə vergi öhdəliyinin 95071,07 manat olduğu qeyd edilmişdir. Bununla bağlı qeyd olunur ki, vergi ödəyicsinini rəhbərinin xx.xx.2024-cü il tarixli izahatında EBBV220509 və EBCL423596 eleketron qaimə-fakturaların təqdim edilməsi zamanı texniki xəta olması və malların miqdarının və vahidinin qiymətinin ona görə alış göstəriciləri ilə uzlaşmaması barədə məlumat əks olunmuşdur. Həmçinin satılmış malların ümumi dəyərinin və ƏDVsinin vergitutma baxımından düzgün olması da izahatda qeyd edilmişdir. Daha sonra ərizədə vergi hesablanarkən istinad olunan qanun normasının əks etdirilməməsi və vergi orqanı tərəfindən hər hansı normaya istinad edilmədən 2024-cü ilin fevral ayı üzrə deyil, əvvəlki dövriyyələrin araşdırılmasının aydın olmadığı bildirilir. Qeyd edilənlərlə əlaqədar vergi ödəyicisinə “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) təqdim edilməsi haqqında” xx.xx.2024-cü il tarixli **********891500 nömrəli məktub göndərilərək dəqiqləşdirilmiş bəyannaməni, müvafiq təsdiqedici sənədləri və ətraflı izahat məktubunu vergi orqanına təqdim etməklə yaranmış kənarlaşmanın aradan qaldırılması tələb olunmuşdur. Həmin məktubda qanunvericiliyin hansı müddəalarına əsaslanaraq qanuna müvafiq tədbirlər keçirilməsi bildirilmişdir. Eyni zamanda bildirilir ki, kameral vergi yoxlaması ilə hesablanmış məbləğ Vergi Məcəlləsinin 50-ci maddəsinə əsasən Operativ vergi nəzarətinin keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli **********52 nömrəli qərarına əsaslanmışdır. Habelə ərizədə qeyd olunur ki, müvafiq dövr üzrə vergi ödəyicisi tərəfindən 2450467.88 manat dəyərində mal idxal edilmiş, vergi orqanı isə gömrük orqanı tərəfindən gömrük məqsədləri üçün istifadə edilmiş statistik dəyəri əsas götürmüşdür. Bununla bağlı isə bildirilir ki, vergi ödəyicisi tərəfindən 2450467.88 manat dəyərində mal idxal edildiyi halda, 532284,51 manat dəyərində ƏDV məbləği əvəzləşdirildiyindən (statistik dəyər) satış dövriyyəsi də uyğun olaraq 2909891,75 manat qiymətləndirilmişdir. Qeyd olunanlara əsasən cavabdeh iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Tərəflərin iştirakı və izahatları: İddiaçının nümayəndəsi və vəkili Vəkil iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsi X2 iddianı qəbul etməyərək, məhkəməyə təqdim edilmiş iddia tələbinə dair yazılı etirazda qeyd olunanların nəzərə alınmaqla məhkəmədən iddianın təmin olunmamasını xahiş etdi. ƏSASLANDİRMA HİSSƏSİ İddianın növü və mümkünlüyü. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanununun 2.0.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab olunur. İPM-nin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən aşağıdakı inzibati aktlar mübahisələndirmə haqqında iddianın predmeti ola bilər: 32.2.1. barəsində məhkəməyə şikayət verilməmiş inzibati akt; 32.2.2. barəsində şikayət verildiyi hallarda, şikayət instansiyasının qərarı ilə dəyişdirilmiş inzibati akt (şikayət instansiyası tərəfindən qərar qəbul edildikdən sonrakı formada ilkin inzibati akt); 32.2.3. şikayət instansiyası tərəfindən şikayətə baxma qaydasında qəbul edilmiş və ilk dəfə olaraq üçüncü şəxs üçün öhdəlik yaradan qərar (inzibati akt). Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İPM-in 38.1-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbulu nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçının hüququnun həqiqətən pozulub-pozulmaması iddianın mümkünlüyü ilə deyil, əsaslılığı ilə bağlı məsələdir və ikinci mərhələdə (əsaslılıq mərhələsində) yoxlanılmalıdır. Qanunverici orqan mübahisələndirmə haqqında iddianın qaldırılmasını müddətə tabe tutmuş və müddətin başlanğıcını aşağıdakı kimi müəyyən etmişdir:
1. inzibati aktın təqdim (elan) olunduğu vaxtdan 30 gün müddətində;
2. şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində (İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsi). İddiaçı hazırki iddia ilə məhkəməyə qanunla müəyyən edilmiş müddətdə, mübahisələndirilən xx.xx.2024-cü il tarixli inzibati aktın (qərarın) təqdim olunduğu vaxtdan 30 gün müddətində yəni, xx.xx.2024-cü il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək müraciət etmişdir. İddia mümkündür.
Faktiki hallar və sübutlar:
İş materiallarında olan: Operativ vergi nəzarətinin həya keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli, **********5294 nömrəli qərara əsasən İddiaçı MMC-nin malların Vergi Məcəlləsinin 58.8-ci maddəsində göstərilən sənədlər əsasında alınmasına, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, topdansatış ticarət və istehsal obyektlrindən, habelə anbarlardan malların pərakəndə satış qaydasında rəsmiləşdirilməklə təqdim edilməsinə, habelə malların vergi ödəyicisinin bir təsərrüfat subyektlərindən (obyektlərindən) digər təsərrüfat subyektlərinə (obyektinə) göndərilməsi zamanı bu Məcəllənin 71-1.5.10-cu maddəsində nəzərdə tutulan növdə elektron qaimə-fakturanın tərtib edilməsinə nəzarət edilməsi məsələsi üzrə xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək operativ vergi nəzarəti təyin edilmişdir. Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında xx.xx.2024-cü il tarixli, **********0993 nömrəli qərarı ilə İddiaçı MMC Vergi Məcəlləsinin 58.13-cü maddəsinə əsasən 3635,44 manat məbləğində vergi məsuliyyətinə cəlb edilmişdir. Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024-cü il tarixli **********531000 №- li qərarının surətindən müəyyən olunur ki, fevral 2024-cü il əlavə dəyər vergisi üzrə; - Təqdim edilmiş bəyannamə, hesabat üzrə İddiaçı MMC tərəfindən hesablanmış vergi və sığorta haqqı – 17.199,51 manat; - Əvvəlki kameral yoxlama ilə müəyyən edilmiş vergi və ya sığorta haqqı – 0,00 manat; - Vergi orqanı tərəfindən aparılmmış kameral vergi yoxlama nəticəsində müəyyən ediliş vergi və sığorta haqqı – 77871,56 manat. - Kameral yoxlama nəticəsində: Əlavə hesablanmış vergi və ya sığorta haqqı məbləği – 95071,71 manat; Verginin azaldılmış məbləği və ya sığorta haqqı – 0,00 manat; Bəyannamə və hesabat təqdim edilməsinə görə əlaqəli məlumata əsasən hesablanmış vergi və ya sığorta haqqı – 0,00 manat müəyyən olunmuş və qeyd olunan nəticə aşağıda göstərilənlərlə əsaslandırılmışdır: - xx.xx.2021-ci il tarixində vergi ödəyicisinin ƏDV qeydiyyatı qüvvəyə minmiş, xx.xx.2021-xx.xx.2024-cü il tarixlərə qədər elektron alış aktı üzrə 0 manat, elektron qaiməfaktura üzrə 2220786.19 manat, yük-gömrük bəyannamə məlumatına əsasən isə idxal əməliyyatları üzrə 2909891,75 manat mal alışı olmuşdur. Keçirilmiş operativ vergi nəzarəti tədbirləri zamanı 151664,27 manat sənədli mal qalığı olduğu, ticarət əlavəsinin isə 8 faiz həddində olması müəyyən edilmişdir. Aparılmış araşdırma zamanı vergi nəzarəti tədbirlərinə qədər elektron qaimə-faktura, ixrac və kassa üzrə satış dövriyyə məbləği 4818353.47 manat təşkil etdiyindən, 2024-cü ilin fevral ayı üzrə 100616,64 manat vergi məbləği qədər malların əskik gəlməsi istiqamətində kənarlaşmalar yaranmışdır. Qeyd olunan qərarla “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” **********030900 saylı qərar ləğv edilmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ
Azərbaycan Respublikası Vergi Məcəlləsi 1.3. Bu Məcəllə ilə müəyyən olunan anlayışlar və qaydalar vergitutma məqsədi ilə müəyyən edilir və müstəsna olaraq bu Məcəllə və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktlar ilə tənzimlənən vergitutma və vergi nəzarəti ilə bağlı münasibətlər hüdudlarında tətbiq olunur. ... Maddə 3. Vergilərin müəyyən edilməsinin və tutulmasının əsasları 3.5. Heç bir şəxs əldə etdiyi mənfəətdən (gəlirdən) eyni növ vergini bir dəfədən artıq ödəməyə məcbur edilə bilməz. 3.7. Azərbaycan Respublikasının vergiləri yalnız bu Məcəllə ilə müəyyən edilir, onların dəyişdirilməsi və ya ləğv edilməsi bu Məcəlləyə dəyişiklik edilməsi ilə həyata keçirilir. 3.8. Heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. Maddə 3.11. Vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları, vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. Maddə 24. Vergi orqanlarının vəzifələri 24.1. Vergi orqanları: 24.1.1. vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə; vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə; ... 24.1.2. vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə və müdafiə etməyə borcludur. ... Maddə 36. Vergi yoxlamaları və maliyyə institutlarında vergi monitorinqi 36.1. Vergi orqanları tərəfindən keçirilən yoxlamalar kameral və ya səyyar ola bilər. 36.2. Vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. ... Maddə 37. Kameral vergi yoxlaması 37.1. Kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. 37.2. Kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışın təqdim edildiyi tarixdən mənfəət və gəlir vergisi bəyannaməsinə (ödəmə mənbəyində tutulan gəlirlər üzrə və xüsusi notariusun gəlir vergisi bəyannaməsi istisna olmaqla) münasibətdə 60 iş günü müddətində, digər bəyannamələrə, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışlara münasibətdə isə 30 iş günü müddətində keçirilir. Xaricdən əldə olunan gəlirlər üzrə xarici dövlətlərin səlahiyyətli orqanlarından müvafiq məlumatlar daxil olduğu halda kameral vergi yoxlaması bu Məcəllənin 85.4-cü maddəsində göstərilən dövr üzrə məlumatlar daxil olduğu tarixdən 90 iş günü müddətində keçirilir. Bu müddət başa çatdıqdan sonra bu maddənin birinci və ikinci cümləsində nəzərdə tutulmuş bəyannamə, cari vergi ödəmələrinin hesablanması haqqında arayış və ya xaricdən əldə olunan məlumatlar, habelə bu Məcəllənin 37.2-1-ci maddəsində göstərilən bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz. 37.2-1. Kameral vergi yoxlaması başa çatdıqdan sonra vergi orqanı verginin hesablanması üçün əlavə sənəd və ya mənbəyi məlum olan digər məlumat aşkar etdikdə, vergi ödəyicisinə 5 iş günü müddətində bu Məcəllənin 72.5-ci maddəsində nəzərdə tutulmuş dəqiqləşdirilmiş hesabatın 10 iş günü müddətində təqdim edilməsi barədə bildiriş göndərir. 37.3. Kameral yoxlama aparmaq üçün vergi ödəyicisi tərəfindən təqdim olunmuş bəyannamə və cari vergi ödəmələrinin hesablanması haqqında arayışlabağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisi tərəfindən əlavə məlumat, sənəd və izahat tələb edir. 37.4. Kameral yoxlama nəticəsində vergi bəyannaməsində və ya cari vergi ödəmələrinin hesablanması haqqında arayışda vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. 37.5. Bu Məcəllənin 15.1.13-cü maddəsinə əsasən vergi ödəyicisindən xronometraj metodu ilə yeni müşahidə keçirilməsi barədə müraciət daxil olan dövrədək (vergi ödəyicisinin bu Məcəllədə nəzərdə tutulmuş qaydada fəaliyyətini dayandırdığı, xronometrajın keçirildiyi dövrü əhatə edən səyyar vergi yoxlamasının keçirildiyi hallar istisna olmaqla) xronometraj metodu ilə sonuncu müşahidənin nəticələri vergilərin hesablanması üçün əsas götürülə bilər. 37.6. Kameral vergi yoxlaması zamanı vergi orqanı bu Məcəllənin 37.3-cü və 37.4ci maddələrində müəyyən edilmiş qaydalara riayət etmədikdə, vergi ödəyicisinin səyyar vergi yoxlaması keçirilən zaman vergi orqanının təklifi əsasında həmin yoxlamanın keçirildiyi vaxta qədər yol verdiyi və kameral yoxlama zamanı müəyyən edilə bilən səhvləri (o cümlədən vergi məbləğlərinin düzgün hesablanmaması, vergi məbləğlərinin azaldılması və sair) 30 gün müddətində düzəltmək (aradan qaldırmaq) hüququ vardır və o, həmin müddət bitənədək, yol verdiyi vergi qanunvericiliyinin pozulmasına görə (faizlərin ödənilməsi istisna olmaqla) məsuliyyət daşımır. … Maddə 53. Vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətin ümumi əsasları ... 53.3. Bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Maddə 83.7. Vergi orqanlarında vergi ödəyicisinin vergini ödəməkdən yayınmaq niyyətində olduğunu təsdiq edən əsaslandırılmış konkret məlumat varsa və verginin tutulmasının təmin edilməsi zəruridirsə, habelə vergi ödəyicisi riskli vergi ödəyicisidirsə, vergi orqanının vergini onun ödənildiyi tarixədək hesablamaq hüququ vardır. Vergi orqanı bu barədə əsaslandırılmış qərar çıxarmalıdır. 175.1. Bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, ƏDV tutulan əməliyyatlar üçün malların (işlərin, xidmətlərin) alışı zamanı ödənilmiş ƏDV məbləği əməliyyatın dəyəri alıcının bank və digər ödəniş hesabından həmin malları (işləri, xidmətləri) təqdim edən şəxsin bank və digər ödəniş hesabına, ƏDV məbləği ƏDV-nin depozit hesabına ödənildikdə əvəzləşdirilir. Bu maddənin məqsədləri üçün malların (işlərin, xidmətlərin) barter edilməsi, təqdim edilmiş malların (işlərin, xidmətlərin) dəyəri üzrə yaranmış maliyyə öhdəliklərinin qarşılıqlı şəkildə əvəzləşdirilməsi və ya notariusun depozit hesabı vasitəsilə həyata keçirilən əməliyyatlar üzrə əməliyyatın dəyərinin notariusun bankda açdığı depozit hesabına ödənilməsi həmin əməliyyatın ƏDV-siz dəyərinin malları (işləri, xidmətləri) təqdim edən şəxsin bank və digər ödəniş hesabına ödənilməsinə bərabər tutulur. Bu zaman əvəzləşdirilən ƏDV-nin vaxtı aşağıdakı kimi müəyyənləşdirilir: 175.1.1. hesabat dövrü ərzində həyata keçirilmiş sayılan mal göndərilməsini, iş görülməsini, yaxud xidmət göstərilməsini nəzərdə tutan əməliyyatlar üzrə - alınmış elektron qaimə-faktura üzrə malların (işlərin, xidmətlərin) dəyərinin və ona mütənasib ƏDV məbləğinin tam ödənildiyi vaxt;
178. ƏDV üzrə hesabat dövrü təqvim ayı sayılır.
“İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu ... 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; 57.1. Qanunda başqa forma nəzərdə tutulmamışdırsa və ya başqa formaya yol verilmirsə, inzibati akt yazılı formada qəbul edilir. 57.2. Yazılı inzibati akt icraatı həyata keçirən inzibati orqanın müvafiq vəzifəli şəxsi və ya kollegial inzibati orqanın vəzifəli şəxslərindən biri tərəfindən tərtib olunur. İnzibati akt inzibati orqanın müvafiq vəzifəli şəxsi tərəfindən və ya kollegial inzibati orqanın üzvləri tərəfindən imzalanır. 58.1. İnzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. 58.2. İnzibati akt məzmun baxımından kifayət qədər aydın və anlaşılan olmalıdır. 58.3. İnzibati aktda onun ünvanlandığı hüquqi və ya fiziki şəxslər, nizama saldığı və ya həll etdiyi məsələlər dəqiq göstərilməlidir. 59.1. Yazılı inzibati aktda aşağıdakı məlumatlar əks olunmalıdır: 59.1.1. inzibati aktı qəbul etmiş orqanın adı; 59.1.2. inzibati aktın ünvanlandığı hüquqi şəxsin adı və hüquqi ünvanı və ya fiziki şəxsin adı, atasının adı, soyadı və ünvanı; 59.1.3. inzibati aktın adı, qəbul olunma tarixi və yeri, qeydiyyat nömrəsi; 59.1.4. inzibati aktı qəbul etmiş inzibati orqanın məsul vəzifəli şəxsinin və ya kollegial inzibati orqanın üzvlərinin soyadı, adı və imzası; 59.1.5. həmin akta qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə müddəti və bununla bağlı maraqlı şəxsin şikayət (iddia) verə biləcəyi orqan (orqanlar, o cümlədən məhkəmə) haqqında məlumat; 59.1.6. inzibati aktı qəbul etmiş inzibati orqanın möhürü. 59.2. İnzibati akt texniki (avtomat) qurğuların köməyi ilə qəbul edildikdə, həmin aktda vəzifəli şəxsin imzasının və inzibati orqanın möhürünün olmaması mümkündür. 59.3. İnzibati aktın məzmunu müxtəlif kod işarələri ilə ifadə oluna bilər. Belə hallarda inzibati aktın ünvanlandığı şəxsin onun məzmununu birmənalı şəkildə başa düşməsi üçün həmin akta müvafiq izahat əlavə edilməlidir. 61.1. Yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. 61.2. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir.
MƏHKƏMƏNİN MÖVQEYİ
Məhkəmə iddiaçının və cavabdehin nümayəndələrinin izahatlarını dinləyib və işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Hazırkı işdə iddiaçının hüquqi marağı onun barəsində kameral vergi yoxlaması nəticəsində əlavə dəyər vergiləri üzrə əlavə verginin hesablanmasına dair Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024-cü il tarixli, **********531000 №-li qərarın ləğvinə yönəlmişdir. Bəhs edilən maddələrin müddəalarından göründüyü kimi kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergi orqanında olan, vergi ödəyicisi tərəfindən təqdim edilən vergi hesabatları, habelə vergilərin hesablanmasını və ödənilməsini özündə digər sənədlər əsasında keçirilən yoxlama növüdür. Kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən verginin hesablanması və ödənilməsi üçün əsas olan sənədlərin vergi orqanına təqdim edildiyi gündən 30 gün müddətində keçirilir. Kameral yoxlama aparmaq üçün vergi ödəyicisinin təqdim etdiyi bəyannamə ilə bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə vergi orqanı tərəfindən vergi ödəyicisindən əlavə məlumat, sənəd və izahat tələb edə bilər. Kameral yoxlama zamanı vergi bəyannaməsində vergilərin hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 gün müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair bildiriş göndərilir. Kameral yoxlama aparmaq üçün zəruri olan vergi bəyannaməsi üzrlü əsas olmadan VM-də müəyyən olunmuş müddətdə təqdim edilmədikdə, VM-nin 67-ci maddəsinə müvafiq olaraq vergi hesablanır. Hazırki işin faktiki hallarından görünür ki, iddiaçı tərəfindən mübahisələndirilən inzibati aktın — konkret olaraq, cavabdeh inzibati orqan tərəfindən kameral vergi yoxlamasının nəticəsi olaraq qəbul edilmiş qərarın — ləğv olunması tələb olunur. Həmin qərarın hüquqi mahiyyətinə və faktiki əsaslarına nəzər saldıqda, onun Vergi Məcəlləsinin müvafiq müddəalarına və inzibati icraatın əsas prinsiplərinə zidd olaraq qəbul edildiyi qənaətinə gəlmək mümkündür. Məhkəmə, qərarın əsaslı olub-olmaması istiqamətində dəyərləndirməsi ilə bağlı ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikasının qanunvericiliyində yazılı inzibati aktın əsaslandırılması inzibati icraatın mütləq tələbi kimi nəzərdə tutulmuşdur. Belə ki, inzibati aktın hüquqi qüvvəyə malik olması üçün onun məzmununda qəbul edilməsinə əsas olan faktiki hallar, hüquqi normalar, müvafiq maddi hüquq və prosessual hüquq normalarına istinadlar və bu halları təsdiq edən sübutların açıq şəkildə əks olunması tələb edilir. Lakin təhlil edilən inzibati aktda bu kimi əsaslandırmaların qeyrimüəyyənliyi, həmçinin istifadə olunan rəqəmlərin konkret hansı hüquqi və ya iqtisadi düsturlar əsasında hesablandığının göstərilməməsi onun qanunvericiliyin tələblərində nəzərdə tutulan inzibati aktın ehtiva etdiyi əsaslandırmadan məhrum olunduğuna dəlalət edir. Xüsusilə qeyd edilməlidir ki, sözügedən aktda ƏDV-nin hesablanması zamanı vergi tutulan əməliyyatların təqvim ayı üzrə aparılmalı olduğu prinsipi də pozulmuşdur. Vergi Məcəlləsinin tələblərinə uyğun olaraq, ƏDV üzrə hesabat dövrü konkret təqvim ayını əhatə etməli və bu dövr üzrə yaranmış dövriyyələr nəzərə alınmalıdır. Lakin cavabdeh orqanın mübahisəli qərarında hər hansı əsaslandırma aparmadan 2024-cü il fevral ayı üzrə deyil, əvvəlki dövriyyənin araşdırılması faktını əsaslandıra bilməmiş, öz inzibati aktında da bu halı əks etdirməmişdir. Məhkəmə qeyd edir ki, nəzərə alsaq ki, cavabdeh tərəfindən kameral vergi yoxlamasının keçirilməsi əsası VM-nin 67.15-ci maddənin tələbləri əsasında həyata keçirilsə də, bu halda belə həmin qərar əsassızdır. Belə ki, maddənin normasına görə vergi orqanı tərəfindən keçirilən vergi nəzarəti zamanı vergi ödəyicisinin uçot məlumatlarında (mühasibat uçotu və ilkin uçot sənədlərində) göstərilən malların faktiki olaraq onun sahibliyində olmadığı aşkar edildikdə vergilər həmin halın aşkar edildiyi hesabat dövrü üzrə, səyyar vergi yoxlaması zamanı isə yoxlama ilə əhatə edilən sonuncu hesabat dövrü üzrə hesablanır. Nəzərə alınmalıdır ki, vergi orqanı tərəfindən xx.xx.2024-xx.xx.2024 tarixlərdə keçirilən operativ yoxlama zamanı iddiaçının ümumilikdə 36354,4 manat məbləğində malın elektron qaimə-faktura verilmədən təqdim edilməsi faktı müəyyən olunmuş və ona həmin məbləğin 10% miqdarında, yəni 3635,44 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Göründüyü kimi yoxlanılan dövrdə iddiaçının elektron-qaimə faktura olmadan təqdim edilən malın 36.354,4 manat olduğu müəyyən edildiyi halda, cavabdeh kameral vergi yoxlaması zamanı 100616,64 manat malın elektron qaimə-faktura olmadan təqdim edilməsi hesab edilmiş, bununla da kənarlaşmanın yarandığı iddia olunmuşdur. Göründüyü kimi cavabdehin kameral vergi yoxlaması zamanı irəli sürdüyü mülahizələr faktiki olaraq operativ vergi yoxlaması zamanı müəyyən olunmuş hallar ilə birbaşa ziddiyyət təşkil etməkdədir. Digər mühüm hüquqi məsələ isə malların dəyərinin müəyyən olunması ilə bağlıdır. Vergi Məcəlləsinin 14-cü maddəsində aydın şəkildə qeyd olunur ki, malların (işlərin, xidmətlərin) bazar qiyməti, yəni tələb və təklifin qarşılıqlı təsiri nəticəsində formalaşan qiymət əsas götürülməlidir. Halbuki, cavabdeh orqan tərəfindən malların dəyəri kimi gömrük orqanlarının statistik məqsədlərlə istifadə etdiyi dəyər qəbul olunmuş, bu isə hüquqi baxımdan əsassız yanaşmadır. Gömrük statistikası çərçivəsində müəyyən edilmiş qiymət göstəriciləri yalnız gömrük rüsumlarının və tariflərinin hesablanması məqsədi daşıyır və vergi münasibətlərində malın bazar dəyərinin müəyyən edilməsi üçün tətbiq edilə bilməz. Vergi orqanı bu yanaşması ilə Vergi Məcəlləsinin 14-cü maddəsinin tələblərini birbaşa şəkildə pozmuşdur. Ali Məhkəmənin İnzibati Kollegiyasının 2-1(102)- 177/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarında da bu hüquqi mövqe aydın şəkildə öz əksini tapmış, mallar Azərbaycan Respublikasına idxal olunarkən gömrük orqanları tərəfindən malların statistik dəyərinin hesablanması yalnız gömrük məqsədləri üçün istifadə olunduğu vurğulanmışdır. Bütün bunlar bir daha göstərir ki, vergi orqanının kameral yoxlama nəticəsində qəbul etdiyi inzibati akt, nə hüquqi əsaslandırma, nə də faktiki hallarla düzgün olmamışdır. Nəticə etibarilə,mübahisələndirilən inzibati akt həm Vergi Məcəlləsinin müddəalarına, həm də inzibati icraatın əsas prinsiplərinə zidd olaraq qəbul edilmişdir. Halbuki, Vergi Məcəlləsinin: - 3.8-ci maddəsinə əsasən, heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. - 24.0 və 24.1-ci maddələrinə görə, vergilərin düzgün hesablanması vergi orqanlarının vəzifəsidir. - 53.3-cü maddəsinə əsasən Bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. - 54.0.1-ci maddəsinə əsasən vergi qanunvericiliyi ilə bağlı hüquqpozuntusu hadisəsinin olmaması olduqda, şəxs vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilə bilməz. İstinad olunan normalardan göründüyü kimi əksi sübut olunmayanadək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Bu zaman konkret sübutlar, dəlillərə istinad olunmalı, başqa sözlə vergi orqanı ehtimallara, fərziyələrə əsasən vergi ödəyicisini məsuliyyətə cəlb edə bilməz. İPM-in 14.1-ci maddəsinə əsasən, mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Göründüyü kimi, hazırkı iş üzrə sübutetmə vəzifəsi cavabdehin üzərinə düşür. Cavabdehin etirazında sübutetmə vasitələri kimi istinad etdiyi hallar isə aktların qəbul edilməsini zəruri edən faktiki şərtləri ödəmir və yalnız ehtimal xarakteri daşıyır. Başqa sözlə, cavabdeh inzibati orqan mübahisələndirilən qərarın qəbulunu zəruri edən faktiki şərtləri sübut edə bilməmişdir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 70.1-ci maddəsinə əsasən maddəsinə əsasən, inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur.
NƏTİCƏVİ HİSSƏ
Şərh olunanlara əsasən və İPM-nin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:
İddia təmin edilsin. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024-cü il tarixli, **********531000 nömrəli qərarı ləğv edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Nəriman Abıyev