Məhkəmə qərarları › İş №e-2-1(112)-17098/2025

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №e-2-1(112)-17098/2025

20.11.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-1(112)-17098/2025 20.11.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənov İlkin Mürşüd oğlunun katibliyi ilə, İddiaçının vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “Sərəncamın etibarsız hesab edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Təbriz küç. 19) açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhər Cavabdeh 217 nömrəli, xx.xx.2020-ci il tarixli sərəncamının ona aid olan hissədə etibarsız hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2011-ci il qeydiyyat tarixli, ******* seriyalı çıxarışa əsasən Bakı şəhəri, Yasamal rayonu, Fuad İbrahimbəyov küçəsi, ev 10, 9 №-li mənzil xüsusi mülkiyyət hüququ əsasında onun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmişdir. Cavabdeh ona məxsus olan mənzilin də yerləşdiyi Yasamal rayonu, Balababa Məcidov, İbrahim Əbilov və Fuad İbrahimbəyov küçələrinin Abdulla Şaiq küçəsi ilə kəsişdiyi ərazidə "xxxx" MMC-yə müasir tipli yeni yaşayış binalarının və qeyri-yaşayış sahələrinin tikintisinə icazə verilməsi haqqında 217 nömrəli, xx.xx.2020-ci il tarixli Sərəncam vermişdir. Cavabdeh tərəfindən verilmiş Sərəncam onun konstitusion mülkiyyət hüquqlarını pozmaqla yanaşı, eyni zamanda tamamilə qanunsuz və əsassızdır. Həmin sərəncamın verilməsi haqqında o bu yaxınlarda məlumat almışdır. Cavabdeh sərəncamını "xxxx" MMC ilə aralarında olan məhkəmə mübahisəsi ilə əlaqədar xx.xx.2025-ci il tarixdə götürdüyü ASAN imza ilə şəxsi elektron kabinetə daxil olarkən əldə etmişdir. Cavabdeh iddia tələbinə münasibət bildirməmişdir. Məhkəmə iclasında iddianın mümkünlüyü ilə bağlı məsələlər iddiaçı tərəflə müzakirə edildi. İddiaçının vəkili və nümayəndəsi iddia tələbinin mümkün hesab edilərək mahiyyəti üzrə baxılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə hər hansı məlumat verilməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələbinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iddia ərizəsini və digər sənədləri nəzərdən keçirərək, hesab edir ki, iddia mümkün sayılmamalıdır. İddianın mümkünlük şərtlərinin yoxlanılması məsələsi ilə bağlı, məhkəmə “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarında ifadə edilmiş hüquqi mövqeyə görə, “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır.” Göründüyü kimi, İPM-in 12.1-ci maddəsində nəzərdə tutulmuş işin araşdırılması prinsipi iddianın mümkünlük şərtlərinin mövcudluğunun yoxlanılmasına da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. İddiaçı cavabdehin xx.xx.2020-ci il tarixli Sərəncamının ona aid hissədə etibarsız hesab edilməsini xahiş edir ki, iddianın növü müəyyən etmə və tanınma haqqında iddiadır. İPM-in həmin iddia növünü tənzimləyən 36.1-ci maddəsinə əsasən, müəyyən etmə və tanınma haqqında iddia vasitəsilə iddiaçı hər hansı hüquq münasibətinin mövcud olması və ya olmamasının, yaxud inzibati aktın etibarsızlığının tanınmasını məhkəmədən tələb edə bilər. İddiaçının hüququna hər hansı müdaxilə sübut olunmamaqla, iddiaçının həmin sərəncamı mübahisələndirmək üçün subyektiv hüququ da mövcud deyildir. Mübabhisələndirilən Sərəncamla "xxxx" MMC-yə müasir tipli yeni yaşayış binalarının və qeyri-yaşayış sahələrinin tikintisinə icazə verilmiş, eyni zamanda ayrılmış ərazidə yerləşən ünvanlardan sakinlərin qarşılıqlı razılaşma müqaviləsi əsasında köçürülməsi tam başa çatdıqdan sonra ərazinin hasarlanmasına və müvafiq sənədləşmə əsasında mövdu tikililərin sökülməsinə icazə verilmişdir. Sərəncamdan göründüyü kimi, MMC-yə ayrılmış ərazidə yerləşən sakinlərin qarşılıqlı razılaşdırılmış müqavilə əsasında köçürülməsi nəzərdə tutulmuşdur. Yəni, hazırda iddiaçının mülkiyyətində olan mənzilindən köçürülməsi razılıq əsasında mümkündür və bunula bağlı yaranacaq hər hansı mübahisə mülki mühakimə icraatının predmetidir. İddiaçı isə hazırda mülkiyyət hüququnu həyata keçirilməsinə qarşı hər hansı müdaxilə olmasını əsaslandırmamışdır. İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Digər tərəfdən iddiaçı həmin Sərəncamı mübahisələndirmək üçün subyektiv hüquq daşıyıcısı da deyildir. Belə ki, iddiaçı mübahisəli ünvan mənzilin mülkiyyətçisidir və mənzilin yerləşdiyi torpaq sahəsi bina mülkiyyətçilərini ümumi paylı mülkiyyətidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda adıçəkilən qərarının 2.3-cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Mülki Məcəllənin 231.1-ci maddəsinə əsasən əgər daşınmaz əmlakın dövlət reyestrində yaşayış binasının tərkib hissəsinin müəyyən mülkiyyətçisinin xeyrinə heç bir xüsusi hüquq qeydə alınmayıbsa, aşağıdakı predmetlər və hüquqlar yaşayış binasının tərkib hissələri mülkiyyətçilərinin ümumi paylı mülkiyyətindədir: 231.1.1. torpaq və bina tikilməsinə əsas verəcək tikintiyə vərəsəlik hüququ; Normanın mənasından göründüyü kimi, torpaq sahəsinə xüsusi hüquq dövlət reyestrində qeydə alınmayıbsa, həmin torpaq sahəsi yaşayış binasının tərkib hissələri mülkiyyətçilərinin ümumi paylı mülkiyyətindədir. Məhkəmə qeyd edir ki, iddiaçı ümumi paylı mülkiyyətdə olan torpaq sahəsi ilə bağlı iddia vermək üçün subyektiv hüquqa malik deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: Maddə 213. Ümumi mülkiyyət anlayışı və onun əmələ gəlməsi əsasları 213.1. İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. 213.2. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. 213.3. Əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir. 213.4. Ümumi mülkiyyət təyinatı dəyişdirilmədən bölünə bilməyən əşyanın (bölünməz əşya) və ya bu Məcəlləyə görə bölünməli olmayan əşyanın iki və ya bir neçə şəxsin mülkiyyətinə daxil olması zamanı yaranır. Bölünən əşyaya ümumi mülkiyyət bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulmuş hallarda yaranır. Maddə 214. Paylı ümumi mülkiyyət hüququnda payların müəyyənləşdirilməsi 214.1. Əgər paylı mülkiyyət mülkiyyətçilərinin payları bu Məcəlləyə əsasən təyin edilə bilmirsə və bütün mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilməyibsə, paylar bərabər sayılır. (-). Maddə 215. Paylı mülkiyyətdə olan əmlaka sahiblik, ondan istifadə və ona dair sərəncam verilməsi (-). 215.4. Hər bir mülkiyyətçi qalan mülkiyyətçilərin hüquqları ilə bir araya sığan dərəcədə əşyaya sahiblik, ondan istifadə və ona dair sərəncam vermək ixtiyarına malikdir. Əşyanı özgəninkiləşdirmək və ya yüklü etmək, habelə onun təyinatını dəyişmək üçün bütün iştirakçıların razılığı tələb olunur, bu şərtlə ki, onlar yekdilliklə ayrı qayda barədə razılaşmasınlar. Əgər ümumi mülkiyyətdəki paylar üzrə ipotekalar və ya torpaq sahələrinə yüklülüklər varsa, daha iştirakçılar əşyanın özünü həmin hüquqlarla yüklü edə bilməzlər. 215.5. Paylı mülkiyyətdə olan əşyaya dair sərəncam verilməsi əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir. 215.6. Paylı mülkiyyətin mülkiyyətçisi öz payını sata, bağışlaya, vəsiyyət edə, girov qoya bilər və ya ona dair başqa sərəncam verə bilər; onu əvəzi ödənilməklə özgəninkiləşdirdikdə bu Məcəllədə nəzərdə tutulmuş qaydalara əməl etməlidir. Sadalanan qanunvericilik normalarından göründüyü kimi, paylı mülkiyyətdə olan əşyaya dair sərəncam verilməsi əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir. Həmçinin hər bir mülkiyyətçi qalan mülkiyyətçilərin hüquqları ilə bir araya sığan dərəcədə əşyaya sahiblik, ondan istifadə və ona dair sərəncam vermək ixtiyarına malikdir. Baxılan işdə isə paylı mülkliyyətçilər arasında belə bir iddianın irəli sürülməsi barədə razılığı yoxdur. Məhkəmə bu nəticəyə gələrkən həmçinin qeyd edir ki, binada digər mülkiyyətçilərin MTK ilə razılığa gəlməsi, müvafiq olaraq alqı-satqı müqavilələri bağlaması hazırkı iddianın həmin şəxslərin (binanın yerləşdiyi torpaq sahəsinin ümumi mülkiyyətçilərinin) mənafeyinə uyğun olmaması qənaətinə gəlməyə əsas verir. Həmçinin binada yaşayan hər bir sakinin, öz mənzilinə aid hissədə ayrı-ayrılıqda irəli sürdüyü tələblər əsasında cavabdehin Sərəncamının mübahisələndirilməsi mülki dövriyyənin sabitliyinə xələl gətirməklə, ictimai maraqların pozulması ilə nəticələnə bilər. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq məhkəmə hesab edir ki, iddia mümkünlük şərtlərini ödəmədiyi üçün mümkün sayılmamalıdır. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Bəhlul Cəlalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar