Məhkəmə qərarları › İş №e-2-1(112)-1710/2025

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №e-2-1(112)-1710/2025

10.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-1(112)-1710/2025 10.02.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Almazova Aysev Mehman qızının sədrliyi ilə, Tərəflərin iştirakı olmadan İddiaçı cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinə qarşı (üçüncü şəxslər "xxxx" ASC, Maraqlı şəxs) “sərəncamın etibarsız hesab edilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinə qarşı Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 23 dekabr 2021-ci il tarixli, 340 №-li Sərəncamı İddiaçı istifadəsində olan ünvan 1 ünvanda yerləşən 0,24 ha torpaq sahəsinə aid hissədə etibarsız hesab edilməsi barədə qərar qəbul edilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 23 dekabr 2021-ci il tarixli, 340 №-li sərəncamına əsasən, Bakı şəhəri, Yasamal rayonu, Xarici Dairəvi avtomobil yolunun kənarında (Qanlı gölün şimalqərb hissəsi) yerləşən ərazidə yer quruluşu planında göstərilən koordinatlar daxilində yerləşən 25.31 ha torpaq sahəsi ərazidə qeydə alınmış daşınmaz əmlakların istifadəçiləri (mülkiyyətçiləri) ilə mülki münasibətlərin müvafiq qanunvericiliyin tələblərinə uyğun qarşılıqlı razılıq əsasında "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən tənzimlənməsi şərti ilə yeni yaşayış kompleksinin tikintisi məqsədi ilə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin icarə əsasında istifadəsinə verilmişdir. Göstərilənlərə əsasən Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 23 dekabr 2021-ci il tarixli, 340 №-li Sərəncamı etibarsız sayılmalıdır. Sərəncamda qeyd edilən ərazidə M-61 saylı ev İddiaçı məxsus və qeydiyyatsız həmin ünvanda yaşayır. Evin kommunal xidmətlərlə bağlı müqavilələr qardaşı Maraqlı şəxs ilə bağlanıb müvafiq sayğaclarda onun adınadır. Həmin evdə daimi yaşayış var. Hər ay komunal xərclər vaxtı-vaxtında ödənilir. Bakı şəhər İcra Hakimiyyəti Başçısının bizim istifadədə (mülkiyyətdə) olan torpaq sahəsini qanunla müəyyən edilmiş qaydada geri alınmadan həmin torpaq sahəsinin digər şəxslərə icarəyə verilməsi ilə bağlı səlahiyyətə malik olmayıb. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə "xxxx" ASC iş üzrə inzibati məhkəmə icraatına zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə Maraqlı şəxs iş üzrə inzibati məhkəmə icraatına zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilmişdir. Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyətinin Başçısının xx.xx.2021-ci il tarixli 340 nömrəli sərəncamından görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Xarici dairəvi avtomobil yolunun kənarında (Qanlı gölün şimal-qərb hissəsi) yerləşən ərazidə, yerquruluşu planında göstərilən koordinatlar daxilində yerləşən 25,31 ha torpaq sahəsi ərazidə qeydə alınmış daşınmaz əmlakların istifadəçiləri (mülkiyyətçiləri) ilə mülki münasibətlərin müvafiq qanunvericiliyin tələblərinə uyğun qarşılıqlı razılıq əsasında "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən tənzimlənməsi şərti ilə yeni yaşayış kompleksinin tikintisi məqsədilə “Kristal Bakı" Açıq Səhmdar Cəmiyyətinin icarə əsasında istifadəsinə verilmişdir. Sahəni yerində qəbul etməsi, onun sanitar vəziyyətinə nəzarət etməsi: sahənin zəbt olunmasının, yaşıllıqların qanunsuz məhv edilməsinin qarşısının alınmasını təmin etməsi; Azərbaycan Respublikası "Torpaq Məcəlləsi”nin 66. 67 və 68-ci maddələrinin tələblərinə uyğun olaraq, torpaq sahəsinə dair icarə hüququnun yaranması üçün Bakı Şəhər İcra Hakimiyyəti nəzdində “İnterservis" Müdiriyyəti ilə 3 (üç) ay müddətində torpaq icarə müqaviləsinin bağlanmasını təmin etməsi; Torpaq sahəsinə dair icarə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını təmin etməsi sifarişçiyə tapşırılmışdır. Azərbaycan Respublikası Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Birliyinin 22 saylı MKİS-i xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, İddiaçı Qanlı gölün şimal-qərb hissəsi yerləşən şərti nömrəsi 61 olan evdə qeydiyyatsız yaşayır. Azərbaycan Respublikası Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Birliyinin 22 saylı MKİS-i xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, İddiaçı Qanlı gölün şimal-qərb hissəsi yerləşən şərti nömrəsi 61 olan evdə qeydiyyatsız yaşayır. Azərbaycan Respublikası Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Birliyinin 22 saylı MKİS-i xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, İddiaçı Qanlı gölün şimal-qərb hissəsi yerləşən şərti nömrəsi 61 olan evdə uzun illərdir ki, onun istifadəsindədir. Azərbaycan Respbulikasının Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsi xx.xx.2024-cü il tarixli 18/2-20729/24 saylı məktubundan görünür ki, ünvan 2 ünvanında qeydiyyatda olan şəxslər müəyyən edilməmişdir. Bakı şəhər İcra Hakimiyyəti ilə "xxxx" ASC arasında bağlanmış torpaq sahəsinin istifadəyə verilməsi haqqında 1685 nömrəli xx.xx.2022-ci il tarixli icarə müqaviləsindən görünür ki, "xxxx" ASC 253100 kv.m olan torpaq sahəsini Bakı şəhər İcra Hakimiyyətinə 49 il müddətinə istifadəyə vermişdir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(004)-2923/2024 saylı qətnaməsindən görünür ki,iddiaçı "xxxx" ASC-nin cavabdeh Maraqlı şəxs qarşı 41000 manat kompensasiya verilməklə cavabdehə məxsus özbaşına tikililərin boşaldılaraq sökülməsi tələbinə dair iddia təmin edilmiş, iddiaçı "xxxx" ASC-nin cavabdeh Maraqlı şəxs qarşı 41000 manat ödənilməklə cavabdeh Maraqlı şəxs məxsus Bakı şəhəri, Yasamal rayonu, Xarici dairəvi avtomobil yolunun kənarında (qanlı gölün şimal qərb hissəsi) yerləşən özbaşına tikililər boşaldılaraq sökülmüşdür. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 15(112)-285/2024 saylı qərardadından görünür ki, Bakı şəhər İcra Hakimiyyətinin 340 nömrəli xx.xx.2021-ci il tarixli sərəncamının ləğvi barədə işə mahiyyəti üzrə baxılıb qurtanlanadək həmin sərəncamın icrasının iddiaçılara aid daşınmaz əmlaka münasibətdə hərəkətlərin edilməsinin cavabdehə və üçüncü şəxslərə qadağan edilməsi barədə ərizə təmin edilməmişdir. Azərbaycan Respublikası Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(004)-2923/2024 saylı məktubundan görünür ki, iddiaçı "xxxx" ASC-nin cavabdeh Maraqlı şəxs qarşı “41.000” manat kompensasiya verilməklə cavabdehə məxsus özbaşına tikililərin boşaldılaraq sökülməsi” tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(004)-2923/2024 saylı qətnaməsindən maraqlarına toxunulan şəxs İddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024- cü il tarixli, 2(004)-2923/2024 saylı qərardadı ilə mülki işin baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İş üzrə məhkəmə iclası təyin edilərək bu barədə tərəflərə məhkəmə bildirişi ünvanlanmışdır. Tərəflər məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, hazırkı iddia tanınma haqqında iddia növünə aiddir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.5-ci maddəsinə əsasən inzibati hüquq münasibətinin mövcud olmasına və ya olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair iddialara (müəyyən etmə və ya tanınma haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 36.1-ci maddəsinə əsasən müəyyən etmə və ya tanınma haqqında iddia vasitəsi ilə iddiaçı hər hansı hüquq münasibətinin mövcud olması və ya olmamasının, yaxud inzibati aktın etibarsızlığının tanınmasını məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 72-ci maddəsinə əsasən inzibati aktın inzibati orqanın özü tərəfindən ləğv olunduğu və ya digər əsaslara görə qüvvədən düşdüyü hallarda, məhkəmə iddiaçının hüquqi marağını nəzərə alaraq onun ərizəsinə (vəsatətinə) əsasən həmin aktın etibarsız (qanunsuz) sayılması barədə qərar qəbul edir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verilir. Lakin bu hüquq mütləq hüquq deyil və müəyyən qanuni məhdudiyyətlərə (məsələn, iddia müddəti, şikayətin qəbul edilmə şərtinə cavab verməməsi və s), məruz qoyula bilər. Lakin ədalət mühakiməsi hüququ onun mahiyyətinə xələl gətirə biləcək dərəcədə məhdudlaşdırılmamalıdır. Məhkəmə müdafiəsi hüququ bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə ağlabatan müddətdə baxmaq və onlara dair ədalətli qərar qəbul edərək, onların vaxtında icra edilməsi vəzifəsini müəyyən edir. Qeyd olunan hüququn vacibliyinə baxmayaraq, o mütləq deyil. Bu hüququ məhdudlaşdıran tədbirlər Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinin və 71-ci maddəsinin İİ hissəsinin, habelə “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 3-cü maddəsinin müddəaları baxımından legitim məqsədlərə nail olmaq üçün tətbiq edilməli, mütənasiblik meyarına cavab verərək onun əsas mahiyyətinə toxunmamalıdır. X1 Məhkəməsinin presedentləri ilə müəyyən edilir ki, məhkəməyə çatım hüququ "praktiki və effektiv" olmalıdır (Bellet Fransaya qarşı, § 38). Konvensiya nəzəri və xəyali hüquqları deyil, praktik və effektiv hüquqları təmin etmək üçün nəzərdə tutulmuşdur (Airey İrlandiyaya qarşı, § 24). Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Bununla əlaqədar qeyd edilməlidir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarına əsasən: 1.3.Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. ( 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPMdə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini....yoxlamalıdırlar. 4.1. İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. 4.2. Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar. 5.1. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. 5.2. Bu zaman məhkəmələr müdafiə edilmək istənilən hüququn təbiətini, həmin subyektiv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almalıdırlar. 5.3. İddia qaldırmış şəxsin hüquqlarının qorunmasının bilavasitə qanundan irəli gəldiyi hallarda, bir qayda olaraq iddia mümkün sayılmalıdır. 5.4. Bəzi hallarda qanunvericilik konkret məsələlər üzrə məhz hansı şəxslər dairəsinin müdafiə olunduğunu aydın təsbit edir. Belə tənzimləmənin olmadığı hallarda üçüncü şəxslərin hüquqlarının təminat altına alınıb-alınmadığının aydınlaşdırılması üçün hər bir konkret halın xüsusiyyətlərindən çıxış etməklə qanunvericinin güddüyü məqsəd, ictimai və fərdi maraqların ədalətli balanslaşdırılması və s. meyarlar nəzərə alına bilər. 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun.

7. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. Belə olan halda inzibati icraat qaydasında baxılan istənilən iddia inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən, qanunla müəyyən edilən iddia müddətləri daxilində və müvafiq cavabdehlik daşıyan inzibati orqana qarşı qaldırılmalı, hüquq və azadlıqların pozuntusu sübutlar da əlavə olunmaqla əsaslandırmalıdır ki, onun məhkəmə icraatı mümkün sayılsın. İddianın mümkünlüyü ilə bağlı məhkəmə aşağıdakıları qeyd edir: - Mübahisələndirilən sərəncam yalnız torpaq sahəsinin istifadəyə verilməsi ilə bağlı olmaqla obyektin tikintisinə icazə sənədi hesab edilmir. - İddiaçının sərəncamda qeyd edilən ərazidə mülkiyyətində olan hər hansı bir daşınmaz əmlakın, o cümlədən ünvan 2 ünvanında yerləşən hər hansı daşınmaz əmlakın qeydiyyatdan keçməsi müəyyən edilmir. - İddiaçının ünvan 2 ünvanında qeydiyyatda olması və ya hər hansı qanuni istifadə və ya sahibliyində əmlakın olması müəyyən edilmir. - İddiaçı sözügedən ərazidə yerləşən hər hansı ölçüdə torpaq sahəsinin mülkiyyətçisi deyil. - Sərəncamda üçüncü şəxs "xxxx" ASC ilə istifadəçilər (mülkiyyətçilər) arasında mülki münasibətlərinin mülki qanunvericiliyin tələbləri əsasında həll edilməsi, şərti ilə "xxxx" ASC-nin icarə əsasında istifadəsinə verilməsi nəzərdə tutulmuşdur. Yuxarıda qeyd edilən səbəblərdən məhkəmə hesab edir ki, iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallar mövcud deyildir və hazırki iddianı qaldırmaq üçün subyektiv hüququ (hüququi marağı) müəyyən edilmir. Odur ki, məhkəmə hesab edir ki, iddia mümkün hesab edilməməlidir və iddiaçılara çatmaq istədikləri məqsədə dair səmərəli hüquq müdafiə vasitəsi kimi "xxxx" ASC-nə qarşı mülki qaydada səlahiyyətli ümumi məhkəmədə iddia qaldırmaq hüquqları izah edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və həmin Məcəllənin 2, 23.1, 35, 85-ci maddəsini rəhbər tutaraq məhkəmə, QƏRARAALDİ: İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri Z.Xəlilov küçəsi 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Aysev Almazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar