Məhkəmə qərarları › İş №e-2-1(112)-1711/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-1711/2025

14.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-1711/2025 14.05.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Cəfərova Yasəmən Fərman qızının katibliyi, iddiaçının nümayəndəsi, vəkil Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinə icarə hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və bu barədə dövlət reyestrdən çıxarışın verilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı (bundan sonra - iddiaçı) Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 1 saylı binanın yaxınlığında yerləşən, ümumi sahəsi 352 kv. metr olan torpaq sahəsinə icarə hüquqlarının qeydə alınması və bu barədə ona daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ünvan 1 saylı binanın yaxınlığında yerləşən, ümumi sahəsi 352 kv. metr olan torpaq sahəsi Nizami Bələdiyyəsi ilə bağlanmış 14 dekabr 2006-cı il tarixli “Torpaq icarə müqaviləsi” əsasında 49 il müddətinə onun icarəsindədir. Həmin torpaq sahəsi abadlıq və yaşıllıq məqsədilə onun icarəsinə verilmiş, o da öz tərəfindən sahənin abadlaşdırılmasını və yaşıllaşdırılmasını həyata keçirir və icarə haqqını vaxtlı-vaxtında ödəyir. İcarəsində olan torpaq sahəsinin qonşuluğunda olan bütün sahələr fərdi yaşayış evinin tikintisi üçün ayrı-ayrı vətəndaşlara satılmış, qonşuluqda evlər tikilmiş və orada yaşayış məskəni salınmışdır. O, qanuni əsaslarla icarəsində olan torpaq sahəsinə dair hqquqlarının qeydə alınması üçün cavabdehə müraciət etmiş, lakin cavabdeh ona qeyri-müəyyən cavab verərək üzərinə düşən vəzifəni yerinə yetirməkdən imtina etmişdir. Beləliklə, 18 ildən çox müddətə icarəsində olan torpaq sahəsinə dair hüquqlarının qeydə alınmasından cavabdehin imtina etməsi və bununla bağlı ona göndərdiyi xx.xx.2024-cü il tarixli cavab məktubu onun mülkiyyət hüquqlarını pozur və bu pozuntu məhkəmə qaydasında aradan qaldırılmalıdır. Cavabdeh tərəfindən iddia ərizəsinə dair yazılı etiraz təqdim edilmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı ünvan 1 ünvanında yerləşən torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ********** nömrəli, xx.xx.2022-ci il tarixli ərizə ilə İdarəyə müraciət etmiş və xx.xx.2023-cü il tarixli, **********39 xaricolma nömrəli məktubla cavab verilmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılan araşdırma zamanı məlum olmuşdur ki, elektron kadastr məlumatlarına əsasən göstərilən ərazi dövlət mülkiyyəti torpağıdır, bələdiyyə ərazisi olması barədə məlumat aşkar edilməmişdir. Həmçinin torpaq sahəsinin icarə hüququ əsasında verilməsinə dair bələdiyyənin qərarı təqdim olunmamış, təqdim olunmuş icarə müqaviləsi icarəçi tərəfindən imzalanmamış, müqavilədə bələdiyyənin möhürü isə aydın oxunmur. Bundan əlavə, torpaq sahəsinə dair təqdim olunmuş yerləşmə cizgisində istinad məsafələri və dəqiq istinadlar qeyd edilmədiyindən sənədin göstərilən torpaq sahəsinə aid olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. Qeyd olunanlarla yanaşı, torpaq sahəsinin sənəd üzrə ölçüsü 352 kv.metr qeyd edilsə də, faktiki 328 kv.metr təşkil edir. Sahəyə ********** nömrəsi ilə Nizami rayon Bələdiyyəsinin müraciəti daxil olmuşdur. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia ərizəsi ilə oxşar məzmunlu izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehə şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında təmsil edilməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş üzrə məhkəmə tərəfindən aşağıdakı sübutlar tədqiq edilmişdir. Cavabdehin 25 fevral 2025-ci il tarixli cavab məktubu ilə təqdim edilmiş mütəxəssis rəyinə əsasən göstərilən torpaq sahəsi faktiki olaraq 328 kv.metr təşkil edir. Torpaq sahəsi bir tərəfdən şərti (qonşu tərəf), iki tərəfdən qonşu daş hasarla, digər tərəfdən bir hissə şərti digər hissə daş hasarla sərhədlənmişdir. Sahə üzərində tikili yoxdur. Torpaq sahəsinə dair hüquqmüəyyənedici sənəd təqdim edilməmişdir. Faktiki olaraq göstərilən 328.0 kv.metr torpaq sahəsinin koordiatları əlavə edilmişdir. Vahid elektron kadastr baza məlumatlarına əsasən sahə “Yaşayış məntəqələrinin torpaqları” kateqoriyasına aid olmaqla dövlət mülkiyyəti torpağıdır. Göstərilən sahəyə Bakı şəhəri 6 saylı vəkil bürosunun və bir hissəsinə isə X1 müraciətləri olmuşdur. İddiaçı ilə Bakı şəhəri Nizami Bələdiyyəsi arasında bağlanmış torpaq sahəsinin icarəyə verilməsi haqqında 14 dekabr 2006-cı il tarixli müqaviləyə əsasən X3 rayonu, E.Süleymanov küçəsi, 57 saylı binanın yaxınlığında yerləşən, ümumi sahəsi 352 kv.metr olan ərazini abadlıq və yaşıllıq məqsədi ilə 49 il müddətinə iddiaçının istifadəsinə vermişdir. Bakı şəhər Nizami Bələdiyyəsinin 13 dekabr 2006-cı il tarixli 15 saylı iclasının protokolundan çıxarışdan görünür ki, ünvan 2 ünvanda həyətində yerləşən ümumi sahəsi 352 kv.metr torpaq sahəsinin 49 illiyə İddiaçı icarəsinə verilməsi qərara alınmışdır. Cavabdehin xx.xx.2024-cü il tarixli məhkəmə sorğusuna cavab məktubunda göstərilmişdir ki, Bakı şəhəri, ünvan 2 binanın yaxınlığında yerləşən ümumi sahəsi 352 kv.metr torpaq sahəsinin iddiaçının adına qeydiyyata alınmasına dair məlumat aşkar edilməmişdir. Cavabdehin Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən 06 yanvar 2023-cü il tarixli müayinə (baxış) aktına əsasən torpaq sahəsinin hüquqmüəyyənedici sənəd üzrə ölçüsü 352,0 kv.metr, faktiki 328,0 kv.metr (24,0 kv.metr az) təşkil etmişdir. Torpaq sahəsi bir qonşu tərəfdən şərti, iki tərəflərdən qonşu daş hasarla, digər tərəfdən bir hissə şərti digər hissə daş hasarla sərhədlənmişdir. Torpaq sahəsi üzərində tikili yoxdur. Faktiki göstərilən sahənin yerləşməsinə dair koordinatı üst-üstə düşmə halı və digər baxılması üçün akta əlavə olunmuşdur. Sözügedən sahəyə və faktiki giriş yoluna dair digər müraciətlər olmuşdur. Cavabdehin məhkəmə sorğusuna xx.xx.2024-cü il tarixli cavab məktubu ilə kadastr məlumatları əsasında sözügedən ərazi ilə həmsərhəd olan dövlət qeydiyyatına alınmış daşınmaz əmlaklara dair arxiv sənədlərinin təsdiqlənmiş surətləri məhkəməyə təqdim edilmişdir. Cavabdehin məhkəmə sorğusuna cavab məktubu ilə xx.xx.2025-ci il tarixli torpaq sahəsinə dair ortofoto görüntüsü məhkəməyə təqdim edilmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş üzrə sübutları tədqiq edərək aşağıdakı nəticəyə gəlir. İddianın mümkünlüyü: İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli Qərarının 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Göründüyü kimi iddiaçı hazırkı iddia tələbində torpaq sahəsinə icarə hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və bu barədə dövlət reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsini xahiş edir. Həmin iddia mahiyyətcə öhdəliyin icrası haqqında iddiadır. Cavabdeh iddiaya cavab verməli olan inzibati orqandır. Cavabdehin iddiaya etirazından da görünür ki, iddiaçı iddia ərizəsində göstərilən tələblə cavabdehə müraciət etmiş və ona imtina cavabı verilmişdir. Bu səbəbdən iddiaçının hazırkı tələbi mümkün hesab edilmişdir. İddianın mahiyyəti üzrə məhkəmənin mövqeyi: Azərbaycan Respublikası Mülki Məcəlləsində (bundan sonra – Mülki Məcəllə) göstərilmişdir ki, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır (139.1.). Qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsasdır (139-1.1.1). Azərbaycan Respublikasının Torpaq Məcəlləsində (bundan sonra – Torpaq Məcəlləsi) göstərilmişdir ki, hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları: müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən olunmuş digər yollarla yaranır (55). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununda göstərilmişdir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır (2.1.). Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır (2.2.). Qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsasdır (8.0.1.). “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununda göstərilmişdir ki, vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir (9). Həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Kollektiv bağlar özəlləşdirilərkən torpaq sahəsi bağçılığın hər bir üzvünün mülkiyyətinə verilir. Dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların torpaqları hər bir icarəçinin, kooperativ bağların torpaqları hər bir kooperativ üzvünün mülkiyyətinə verilir. Bağ sahələrinin torpaqları özəlləşdirilərkən onların üzərindəki tikililər, ağaclar və digər obyektlər də əvəzsiz olaraq bağ sahiblərinin xüsusi mülkiyyətinə keçir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir (10). İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı ilə Bakı şəhəri Nizami Bələdiyyəsi arasında bağlanmış torpaq sahəsinin icarəyə verilməsi haqqında 14 dekabr 2006-cı il tarixli müqaviləyə əsasən X3 rayonu, E.Süleymanov küçəsi, 57 saylı binanın yaxınlığında yerləşən, ümumi sahəsi 352 kv.metr olan ərazini abadlıq və yaşıllıq məqsədi ilə 49 il müddətinə iddiaçının icarəsinə vermişdir. İddiaçı həmin müqaviləyə əsasən hazırda torpaq sahəsi üzərində icraə hüququnun dövlət qeydiyyatına alınmasını istəyir. Lakin, cavabdeh bundan imtina etmişdir. İmtinanın əsasları ondan ibarət olmuşdur ki, göstərilən ərazi dövlət mülkiyyəti torpağıdır, bələdiyyə ərazisi olması barədə məlumat aşkar edilməmişdir, torpaq sahəsinin icarə hüququ əsasında verilməsinə dair bələdiyyənin qərarı təqdim olunmamış, təqdim olunmuş icarə müqaviləsi icarəçi tərəfindən imzalanmamış, müqavilədə bələdiyyənin möhürü isə aydın oxunmur, torpaq sahəsinə dair təqdim olunmuş yerləşmə cizgisində istinad məsafələri və dəqiq istinadlar qeyd edilmədiyindən sənədin göstərilən torpaq sahəsinə aid olub-olmamasını müəyyən etmək mümkün olmamışdır, torpaq sahəsinin sənəd üzrə ölçüsü 352 kv.metr qeyd edilsə də, faktiki 328 kv.metr təşkil edir. Azərbaycan Respublikasının Konstitusiyasında göstərilmişdir ki, bələdiyyə mülkiyyətinə sahiblik, ondan istifadə və onun barəsində sərəncam məsələsi bələdiyyələrin iclaslarında həll edilir (144.İ. 6). Bələdiyyənin iclaslarında baxılan məsələlərə dair qərarlar qəbul edilir (145.İ). Bələdiyyənin qərarları bələdiyyə üzvlərinin sadə səs çoxluğu ilə qəbul edilir (145. İİ.). “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununda göstərilmişdir ki, qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və onlar barədə sərəncam vermək bələdiyyələrin səalhiyyətlərinə aiddir (4.0.1). Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur (6.2). “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununda göstərilmişdir ki,hamı qanun və inzibati orqan qarşısında bərabərdir (12.1.). İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır (12.2.). İnzibati orqan tərəfindən fərqli mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə eyni cür qərarların qəbul edilməsi qadağandır (12.3.). İnzibati orqan diskresion səlahiyyətləri eyni üsulla və eyni qaydada həyata keçirməyə borcludur. Bu müddəa diskresion səlahiyyətlərin icrası ilə bağlı mövcud inzibati praktikanın dəyişdirilməsini istisna etmir (12.4.). İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur (13.1.). İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır (13.2.). Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur (13.3.). İnzibati orqanların bu Qanunun 13.3-cü maddəsində nəzərdə tutulmuş vədləri və ya bəyanatları yalnız yazılı formada olduqda etibarlı təminat sayılır və şəxsin etimad hüququnun əsasını təşkil edir. Bu Qanunun 63-cü və 67-69-cu maddələri də təminatlara şamil olunur (13.4.). Fiziki və ya hüquqi şəxslərin etimadı qanunsuz hərəkətlərə əsaslana bilməz (13.5.). Ərazinin ortofoto görüntüsündən görünür ki, iddiaçıya ayrılmış torpaq sahəsinin ətrafında çoxsaylı fərdi yaşayış evləri mövcuddur. Məhkəmə sorğusu əsasında iddiaçının torpaq sahələri ilə qonşuluqda yerləşən torpaq sahələrinə dair verilmiş çıxarışlar və onların verilməsinə əsas olmuş sənədlər məhkəməyə göndərilmişdir. Həmin sənədlərdən görünür ki, iddiaçının torpaq sahəsi ilə qonşuluqda Bakı şəhəri Nizami Bələdiyyəsinin qərarı əsasında X2 torpaq sahsəi ayrılmış və daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. İddiaçının təqdim etdikləri ilə eyni olan sənədlər əsasında digər şəxslərin hüquqları qeydə alındığı və bu barədə müvafiq çıxarışın verildiyi halda, onlarla eyni vəziyyətdə olan, tələbi eyni faktiki hallara və hüquqi əsaslara söykənən iddiaçıya münasibətdə hüququn qeydiyyata alınmasından və çıxarışın verilməsindən imtina olunmuşdur. İddiaçının halında hüququ qeydə alınmış şəxslərlə müqayisədə fərqli başqa hal müəyyən edilməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, “İnzibati icraat haqqında” Qanunda nəzərdə tutulmuş bərabərlik və etimad prinsipləri əsas götürülməklə iddiaçının mülkiyyət hüququnun qeydə alınmasında imtina üçün cavabdehin göstərdikləri səbəblər əsaslı hesab edilə bilməz. Qeyd olunmalıdır ki, hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün müəyyən olunmuş hallar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində sadalanmışdır və həmin hallar aşağıdakılardan ibarətdir: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericilklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Cavabdeh inzibati orqan tərəfindən “İnzibati icraat haqqında” Qanunun 12-ci maddəsində təsbit olunmuş bərabərlik hüququnu pozaraq eyni faktiki hallara dair fərqli imtina vermişdir. Belə ki, iddiaçıya məxsus bağ sahəsinin qonşuluğunda yerləşən ayrı-ayrı şəxslərə məxsus bağ sahələrinə dair mülkiyyət hüququ ilə bağlı çıxarışlar verildiyi halda iddiaçıya onun mülkiyyətində olan bağ sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması ilə bağlı tələbinin təmin olunmasından imtina etməklə cavabdeh inzibati orqan onun bərabərlik hüququnu pozmuşdur. Cavabdehin istinad etdiyi digər əsaslar isə formal əsaslardır və iddianın rədd edilməsinə əsas ola bilməz. Eyni zamanda iş üzrə verilmiş mütəxəssis rəyində torpaq sahəsinin ölçüsü 328 kv.metr göstərilmişdir. Bu səbəbdən iddia qismən təmin edilməli, Bakı şəhəri, ünvan 2 binanın yaxınlığında yerləşən, ümumi sahəsi 328 kv.metr olan torpaq sahəsinə iddiaçının icarə hüququnun qeydə alınması və bu barədə ona daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia qismən təmin edilsin. Bakı şəhəri, ünvan 2 binanın yaxınlığında yerləşən, ümumi sahəsi 328 kv.metr olan torpaq sahəsinə dair İddiaçı icarə hüququnun qeydə alınması və bu barədə ona daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə olunsun. İddia qalan hissədə təmin edilməsin. Qərardan onun rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar