Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-17594/2025 07.01.2026 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı “torpaq sahəsinə mülkiyyət hüququnun qeydə alınaraq çıxarışın verilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənova Arzu Mahmud qızının katibliyi, İddiaçı vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı “torpaq sahəsinə mülkiyyət hüququnun qeydə alınaraq çıxarışın verilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 7 yanvar 2026-cı il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, Təbriz küçəsi, 29), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: Bakı şəhər Soveti İcraiyyə Komitəsinin 25 sentyabr 1990-cı il tarixli 6\290 №-li Qərarına əsasən Bakı şəhər Soveti İcraiyyə Komitəsinin 14 iyun 1988-ci il 6/333 №-li və Azərbaycan SSR Nazirlər Kabinetinin 2 iyun 1988-ci il 195 №-li qərarlarına müvafiq olaraq qüvvədə olan bağ-tikinti kooperativlərinin tərkibində vətəndaşların istifadələrinə aşağıdakı bağ sahələri ayrılmışdır...
23. İddiaçı (bundan sonra – iddiaçı) - Nardaran ərazisindəki 205 nömrəli BTK. Azərbaycan SSR Bakı şəhər İcraiyyə Komitəsinin bağlar təsərrüfatının inkişafı və istismarı birliyi Nardaran bağlar sahəsindəki 205 №-li Kooperativin 23 №-li Orderinə əsasən Bakı şəhər İcraiyyə Komitəsinin 25 sentyabr 1990-cı il tarixli 6/290 №-li qərarı ilə iddiaçıya Naradaran bağlar sahəsində 205 №-li BTK nəzdində 0,12 hektar sahəsi olan “497b” №-li bağ ayrılmışdır. İddiaçı həmin bağ sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması barədə ərizə ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra – cavabdeh) müraciət etmişdir. Cavabdeh xx.xx.2025-ci il tarixli cavab məktubunda qeyd etmişdir ki, təqdim edilmiş sənədlər surətdir. Elektron kadastr məlumatlarına əsasən bağ sahəsinin nömrəsi bağların bölgüsünə dair sxematik xəritədə əksini tapmamışdır. İdarənin mütəxəssisləri tərəfindən ünvana texniki baxış keçirilən zaman məlum olmuşdur ki, ümumi hasarlanmış ərazidə şərti olaraq göstərilən torpaq sahəsinin faktiki ölçüsü 1180 kv.m-dır.
İddia tələbi, iddiaçının əsaslandırması, cavabdehin etirazları və digər prosessual hərəkətlər: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran bağ massivi ünvanında yerləşən ümumi sahəsi 1180 kv.m olan 497 V nömrəli torpaq sahəsinin adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. (İddia tələbi dəqiqləşdirilib) İşin yuxarıda sadalanan hallarına istinad edilərək iddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran bağ massivi ünvanında yerləşən ümumi sahəsi 1200.0.kv.m olan 497 V nömrəli torpaq sahəsi ona məxsusdur. Belə ki, həmin torpaq sahəsinə dair xx.xx.1990-cı il tarixdə 23 nömrəli order təqdim edilmişdir. Bakı şəhəri, Sabunçu rayonu, Nardaran bağ massivi ünvanında yerləşən ümumi sahəsi 1200.0.kv.m olan 497 V nömrəli torpaq sahəsi qanuni əsaslarla təqdim edilmiş və iddiaçının istifadəsinə verilmişdir. Həmin vaxtdan etibarən, 20 ildən artıqdır ki, o ailə üzvləri ilə birlikdə sözügedən torpaq sahəsindən istifadə edir. Tərəflərindən ünvan 1 ünvanında yerləşən 75 saylı mənzilə dair Bakı Şəhər İcraiyyə Komitəsinin xx.xx.1990-cı il tarixli 6/290 №-li qərarına əlavə edilmiş sənədlərin surətlərinin rəsmi qaydada təqdim edilməsi məqsədilə Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinə müraciət edilmiş və həmin idarə tərəfindən 18 sentyabr 2025-ci il tarixli, 3-48-2F/2-İ-5487-8-5942/2025 №-İi cavab məktubu ilə göndərilmiş Bakı şəhər XDS İK-nin (indiki BŞİH) arxiv fondu üzrə xx.xx.1990-cı il tarixli, 6/290 saylı qərarından təsdiq edilmiş arxiv çıxarışına əsasən 205№li Nardaran massivində bağ-tikinti kooperativi üzvlərinin siyahısında 23 № ilə onun adı da qeyd edilmişdir. Bakı şəhəri, Sabunçu rayonu, Nardaran bağ massivi ünvanında yerləşən 497 V saylı bağ sahəsi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı cavabdeh orqana xx.xx.2021-ci il tarixdə müraciət etmişdir. Müraciətinə cavab olaraq bildirilmişdir ki, elektron kadastr məlumatlarına əsasən sözügedən bağ nömrəsinin nömrəsi sxematik xəritədə əks olunmamışdır. Lakin sözügedən torpaq sahəsi xx.xx.1990-cı ildə istifadəsinə verildiyi zaman kiril əlifbası mövcud idi və order buna uyğun olaraq kiril əlifbası əsasında yazılmışdır. Cavabdeh orqan isə elektron kadastr məlumatlarını araşdırarkən 497V ilə axtarmalı olduğu halda 497b ilə axtarış edərək imtina cavabı vermişdir. Bu səbəbdən xx.xx.2025-ci il tarixdə yenidən Bakı şəhəri, Sabunçu rayonu, Nardaran bağ massivi ünvanında yerləşən 497-B saylı bağ sahəsi barədə deyil, 497-V (latın qrafikalı əlifbada V, kiril qrafikalı əlifbada isə B) saylı bağ sahəsi ilə bağlı xx.xx.1990-cı il tarixli, 23№-li orderə əsasən ona məxsus 1200.0.kv.m bağ sahəsinin adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və buna müvafiq çıxarışın verilməsi məqsədilə tərəfindən cavabdeh orqan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə rəsmi qaydada müraciət edilmişdir. Həmin İdarə tərəfindən təqdim edilmiş xx.xx.2025-ci il tarixli, 5-21-3- 30/2-İ-1354- 8/2025 **********29 saylı məktubla müraciətinin müsbət həll edilməsindən, yəni Sabunçu rayonu, Nardaran bağ massivi ünvanında yerləşən ümumi sahəsi 1200.0.kv.m olan 497 V nömrəli torpaq sahəsinin adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və buna müvafiq çıxarışın verilməsindən imtina olunmuşdur. Belə ki, imtina məktubunda təqdim edilmiş sənədlərin surət olduğu, elektron kadastr məlumatlarına əsasən bağ sahəsinin nömrəsi bağların bölgüsünə dair sxematik xəritədə əksini tapmadığı qeyd edilmişdir.
Cavabdeh iddiaya yazılı etiraz təqdim etmişdir. Etirazın dəlilləri imtina məktubunun dəlilləri ilə eyni məzmunludur.
Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi iddia tələbini müdafiə etdi və iddia ərizəsində göstərilənləri təsdiqləyərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və səbəbləri barədə məhkəməyə hər hansı məlumat verilməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir.
ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımi qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu iddiaçının müraciətini təmin etməkdən imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır.
Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: İşin hallarına görə, Bakı Şəhəri Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin 25 sentyabr 1990-cı il tarixli 6/290 №-li qərarına əsasən iddiaçıya Nardaran massivində 205 №-li BTK nəzdində bağ sahəsi ayrılmışdır. Həmin qərara əsasən Nardaran bağlar sahəsində 205 №-li BTK nəzdində 0,12 hektar torpaq sahəsi olan “497b” nömrəli bağ sahəsinin iddiaçıya ayrılmasına dair 23 saylı order verilmişdir. İddiaçı həmin bağ sahəsi üzərində mülkiyyət hüququnun tanınması və bu barədə çıxarışın verilməsini xahiş edir. Cavabdeh iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir. Məhkəmə iddiaçının iddia tələbini aşağıda göstərilənlərə görə əsaslı hesab edir. İddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 139-1.1. və 139-1.1.7-ci və «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8.0 və 8.0.7-ci maddələri təşkil edir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8.0. və 8.0.7-ci maddələrinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsasdır. Mülki Məcəllənin 139-1.1. və 139-1.1.7-ci maddlərinə görə, 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. İddiaçı həmin normada göstərilən hüquqmüəyyənedici sənəd kimi onun adına olan Bakı Şəhəri Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin qərarını və X1 və İstismarı Birliyinin orderini təqdim edir. Cavabadeh ididaçının hüquqmüəyyənedici sənədlərini mübahisələndirmir. Mübahisə torpaq sahəsinin yerləşməsi ilə bağlıdır. Cavabdeh aşağıdakı dəlillərə istinad edərək iddiaçının tələbini təmin etməkdən imtina edir və iddia tələbinə etiraz edir: 1) Elektron kadastr məlumatlarına əsasən bağ sahəsinin nömrəsi bağların bölgüsünə dair sxematik xəritədə əksini tapmamışdır; 2) İdarənin mütəxəssisləri tərəfindən ünvana texniki baxış keçirilən zaman məlum olmuşdur ki, ümumi hasarlanmış ərazidə şərti olaraq göstərilən torpaq sahəsinin faktiki ölçüsü 1180 kv.m-dır; Məhkəmə aşağıda qeyd edilənlərə əsasən cavabdehin imtinasının və etirazının əsası kimi istinad etdiyi halları əsassız hesab edir. Məhkəmə cavabdehin 1-ci dəlili ilə bağlı qeyd edir ki, bağ sahəsinin sxematik xəritədə öz əksini tapmaması iddiaçının məsuliyyət sferasına aid məsələ deyil və hüququn qeydə alınmasından imtina əsas deyildir. Qeyd edilməlidir ki, vaxtı ilə bağların bölgü sxeminin dəqiq tərtib edilməməsi, eyni zamanda sonradan bəzi bağ nömrələrinin dəyişməsi, əlavə edilməsi bağların bölünməsi nəticəsində yeni bağların qeydə alınması və bu bağ nömrələrinin bölgü sxemdə əks olunmaması kimi dövlət qurumlarının vaxtında etməli olduğu hərəkətlərə görə yaranan qeyri-müəyyənəliklər iddiaçının ziyanına şərh oluna bilməz və mülkiyyət hüququnun qeydə alınmasına mane olmamamlıdır. Digər tərəfdən iddiaçı torpaq sahəsinin yerini bilməklə, torpaq sahəsinin koordinatları əlavə olunmuş müayinə aktı cavadeh tərəfindən təqdim edilmişdir. Qeyd edilən torpaq sahəsinə hər hansı digər şəxsin hüququ qeydə alınmamış və ya həmin torpaq sahəsinə başqa şəxsin müraciəti olmamışdır. Bununla bağlı olaraq həmçinin nəzərə alınmalıdır ki, “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 07 mart 2016-cı il tarixli 818 nömrəli Fərmanının 2.3-cü bəndində göstərilmişdir ki, torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsi zamanı fiziki və hüquqi şəxslərin mülkiyyətindəki və qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqlarda və torpaq islahatı zamanı verilmiş pay torpaqlarında hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların (sərhəd, yerləşmə və konfiqurasiya fərqlərinin) Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinə uyğun olaraq yerquruluşu qaydasında aradan qaldırılmasını aşağıdakı tələblərə riayət etməklə həyata keçirsin: ... 2.3.5. ərazi vahidləri üzrə layihələrin, torpaqla bağlı normativ hüquqi aktların tələblərinə zidd olmadığı və digər şəxslərin hüquqlarının pozulmadığı hallarda, torpaqların faktiki istifadə vəziyyəti əsas götürülməklə tərtib edilməsi. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli 516 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə”nin 3.0.29-cu maddəsində isə təsbit edilmişdir ki, vətəndaşların qanuni istifadəsindəki yaşayış evlərinin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların onların mülkiyyətinə verilməsini yerquruluşu işlərini aparmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud olan uyğunsuzluqlar aradan qaldırılmaqla rəsmiləşdirmək Xidmətin vəzifəsidir. Məhkəmə qeyd edir ki, iddianın iddia etdiyi bağın nömrəsi kril hərfi ilə “497b” kimi qeyd edilmişdir. Hazırda isə bağın nömrəsi “497v” kmidir və sxematik xəritədə əksini tapmışdır. Bundan başqa cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli məktub və ona əlavə edilmiş 205 nömrəli kooperativin sədri X2 tərəfindən təsdiq edilmiş Naradaran massivində yerləşən torpaq sahələrinin ayrılması barədə siyahı təqdim edilmişdir. Həmin siyahıdan müəyyən edilir ki, 205 nömrəli BTK nəzdində olan 497v saylı torpaq sahəsi iddiaçıya ayrılmışdır. Beləliklə iddiaçının hüquqmüəyyənedici sənədə malik olması işin mübahisələndirilməyən halıdır. Məhkəmə cavabdehin 2-ci dəlili ilə bağlı qeyd edir ki, məkəmə icraatı zamanı iddiaçı tərəfindən iddia tələbi dəqiqləşdirilərək torpaq sahəsinin 1180 kv.m-nə iddia edilmişdir. Belə olan halda cavabdeh tərəfindən imtina və etirazın dəlili kimi istinad etdiyi həmin hal aradan qalxmışdır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin: Maddə 65. Torpaq sahəsinin yerquruluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritədir. Torpaq ayrılması üçün sahə seçildikdə həmin sahənin istifadəyə və icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edilənə qədər onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilir. Torpaq sahələrinin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi yerquruluşu qaydasında aparılır. Torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Torpaq sahələrinin sərhədləri yerə (naturaya) keçirildikdən sonra onun sahəsi ölçülür və torpaqların istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilə bağlanılır. Maddə 67. Torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Maddə 68. Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Qeyd edilənlərə əsasən məhkəmə cavabdehin imtinasını və etirazının dəlilləri kimi istinad etdiyi halları əsassız hesab edir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə,
qərara aldı:
İddia təmin olunsun. Bakı şəhəri, Sabunçu rayonu, Nardaran bağ massivi ünvanında yerləşən ümumi sahəsi 1180 kv.m olan 497 V nömrəli torpaq sahəsinin İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla müvafiq çıxarışın verilməsi öhdəliyi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə həvalə edilsin. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı m0əhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Bəhlul Cəlalov