Məhkəmə qərarları › İş №e-2-1(112)-1761/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-1761/2024

13.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-1761/2024 13.08.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X14 Sabir oğlunun sədrliyi, məhkəmə iclasının katibi Bağırova Ayla Fuad qızının katibliyi, iddiaçının vəkili Vəkil və cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X17 üzrə Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin **********0138 saylı, xx.xx.2023-cü il tarixli qəranın ləğv edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddia ərizəsinin əsaslarına görə, cavabdehin **********0138 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə iddiaçıya 6000 manat məbləğində sanksiya tətbiq edilərək vergi məsuliyyətinə cəlb edilməsi barədə qərar qəbul edilmişdir. Qərar onunla əsaslandırılmışdır ki, keçirilmiş operativ vergi nəzarətinin nəticələri haqqında xx.xx.2023-cü il tarixli, 006231 saylı akta və operativ vergi nəzarəti tədbiri zamanı toplanmış materiallara əsasən müəyyən edilmişdir ki, İddiaçı Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi kontraktı hüquqi qüvvəyə minmədən fiziki şəxsi işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etdiyi faktı aşkar edilərək, nəticəsi aktla rəsmiləşdirilmişdir. Bununla da Vergi Məcəlləsinin 58.10-cu və Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi qanuni qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin yerinə yetirilməsinə cəlb edilməsi yolu ilə onların gəlirinin gizlədilməsinə (azaldılımasına) şərait yaratmışdır. Belə ki, "xxxx" MMC iddiaçı ilə 08 saylı, xx.xx.2023-cü il tarixli Françayzinq müqaviləsi bağlamışdır.

1. Müqavilənin predmeti 1.1. Françayz verən pərakəndə satış ilə məşğul olmaq üçün müqavilədə nəzərdə tutulan müddətə əqli mülkiyyət obyektlərindən "xxxx" brendindən istifadə hüququnu Françayz alana verir. 1.2. Françayz alan ona verilmiş müstəsna hüquqlardan istifadəni həyata keçirir və "xxxx" markası tərkibində fəaliyyət göstərməyi öz üzərinə götürür. 1.3. Bu müqavilə imzalandığı andan Françayz alan Françayz verən tərəfindən bütün françayz alanlar üçün müəyyənləşdirilən güzəştlərdən istifadə etmək hüququ qazanır.

2. Tərəflərin hüquq və vəzifələri 2.1. Bu müqaviləyə uyğun olaraq Françayz verən borcludur: a) Verilmiş hüquqları həyata keçirmək üçün zəruri olan bütün texniki və kommersiya sənədlərini və digər informasiyaları Françayz alana verməyə; b) Françayz alanı təcrübəli satış təmsilçiləri və işçi heyəti ilə təmin etməyə; c) Françayz alanı hər zaman mallar və uyğun gördüyü bütün mal çeşidləri ilə(satış əsas alınaraq), lazım olduqda reklam xidməti və digər zəruri ehtiyac meyarları ilə təmin etməyə; d) Françayz alana texniki və məsləhət xidməti göstərməyə; e) Françayz alanın satdığı malın (xidmətin, işin) keyfiyyətinə nəzarət etməyə, ilk 6 aylıq müddətdə hissə-hissə mal təminatına (təhvil-təslim aktı və digər sənədlər əsasında), 6 aydan gec olmayaraq qaimə faktura təqdim etməyə (istisna hallarda səmərəli görülərsə 1 il müddətində). 2.2. Bu müqaviləyə uyğun Françayz alan öhdəsinə götürür: a) Françayz verənin kommersiya işarəsini və ya firma adını müqavilədə nəzərdə tutulan qaydada istifadə etməyi; b) Françayz verənin istehsal sirrini və digər məxfi kommersiya informasiyalarını yaymamağı; v) Françayz verənin təlimat və göstərişlərinə riayət etməyi. İddiaçının icarəyə götürdüyü mağazada "xxxx" MMC-nin işçiləri operativ yoxlama həyata keçirilənə qədər əmək müqaviləsinə əsasən mağazada işləməyə başlamışlar. Həmin şəxslər "xxxx" MMC tərəfindən işə qəbul olunmuşlar və onların barəsində nəzarəti iddiaçı həyata keçirsə də həmin işçilər "xxxx" MMC-yə tabedirlər və onların barəsində hər hansı bir sərəncam hüququ Müqavilənin şərtlərinə əsasən "xxxx" MMC-yə məxsusdur. İddiaçı yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, qərar və 6000 manat cərimə sanksiyası əsassız olduğuna görə ləğv edilməlidir. Cavabdeh xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuş etiraz məktubunda qeyd etmişdir ki, araşdırma zamanı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X17 üzrə Baş İdarəsinin xx.xx.2023-cü il tarixli **********9324 nömrəli “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” Qərarına əsasən xx.xx.2023-cü il tarixdə fiziki şəxs İddiaçı (VÖEN: **********) AZ1052, ünvan 1 ünvanında yerləşən “Prime watch saat gümüş aksesuarları” adlı obyektində keçirilmiş operativ vergi nəzarəti tədbiri zamanı Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 3 (üç) nəfər fiziki şəxsin işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi faktı müəyyən edilmişdir. Vergi Məcəlləsinin 58.10-cu maddəsinin tələblərinin pozulduğu aşkar olunduğundan xx.xx.2023-cü il tarixli DVX seriyalı 006231 nömrəli “Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə, habelə Vergi Məcəlləsinin 220.10-cu maddəsinə uyğun olaraq xidmət göstərən fiziki şəxslərin “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələsi üzrə operativ vergi nəzarətinin nəticəsi haqqında” aktı tərtib edilmiş və vergi ödəyicisi tərəfindən aktın bir nüsxəsi təhvil alınmış, lakin onun imzalanmasından imtina olunmuşdur. Tərtib edilmiş akt əsasında Baş idarə tərəfindən xx.xx.2023-cü il tarixli **********0138 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərar qəbul olunaraq vergi ödəyicisinə 6000 (altı min) manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Qeyd olunan qərar və “Vergi borcunun, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin ödənilməsi, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə” Tələbnamə vergi ödəyicilərinin vergi uçotu haqqında sənədlərində sonuncu ünvan kimi qeyd olunmuş ünvana və onun elektron qutusuna xx.xx.2023-cü il tarixdə saat 10:07:26-da göndərilmiş və araşdırma zamanı xx.xx.2023-cü il tarixli **********451200 nömrəli məktubun elektron qutuda vergi ödəyicisi tərəfindən xx.xx.2023-cü il tarixdə saat 13:07:48-də oxunduğu müəyyən edilmişdir. İddiaçı öz ərizəsində onunla "xxxx" MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 08 saylı “Françayzinq müqaviləsi”ni əsas gətirməklə maliyyə sanksiyasının tətbiq olunmasına əsas olan işçilərin onun deyil, adı çəkilən cəmiyyətin işçiləri olduğunu və françayzinq müqaviləsi çərçivəsində həmin işçilərin xidmətindən istifadə etdiyini bildirmişdir. İddiaçının bu dəlili ilə bağlı bildirilmişdir ki, Mülki Məcəllənin 723-cü maddəsinə görə françayzinq müqaviləsi elə bir uzunmüddətli öhdəlik münasibətidir ki, ona əsasən müstəqil müəssisələr zərurət olduqca spesifik öhdəliklərin icrası yolu ilə malın istehsalına, satışına və xidmətlərin göstərilməsinə kömək etməyi qarşılıqlı surətdə öhdələrinə götürürlər. Həmin Məcəllənin 725.1-ci maddəsinə əsasən françayz alan françayzinqin həyata keçirilməsi sisteminə qoyduğu zəhmət nəzərə alınmaqla hesablanan muzd ödəməli və vicdanlı sahibkar kimi fəaliyyət göstərməli, müqavilənin məqsədi ilə bilavasitə bağlı olan hallarda françayz verənin və ya onun göstərdiyi şəxslərin vasitəsilə xidmətlər qəbul etməli və mallar əldə etməlidir. Lakin "xxxx" MMC ilə iddiaçı ilə arasında bağlanması güman edilən xx.xx.2023cü il tarixli 08 saylı “Françayzinq müqaviləsi”ndə brenddən istifadə müqabilində ödənməli olan muzdun məbləği və onun ödəniş qaydasını müəyyən edən hər hansı bənd nəzərdə tutulmamışdır. Həmçinin, "xxxx" MMC tərəfindən iddiaçıya muzdun ödənilməsi ilə bağlı heç bir elektron qaimə-faktura təqdim olunmamış və onlar arasında aparılan belə ödənişin aparılması aşkar edilməmişdir. Eyni zamanda qeyd olunmalıdır ki, vergi orqanının “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərarı ilə iddiaçıya məxsus obyektdə həyata keçirilmiş operativ vergi nəzarəti tədbiri zamanı obyektdə mövcud olan malların xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2023cü il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli təhviltəslim aktları ilə "xxxx" MMC-dən təhvil alındığı bildirilmiş və qeyd olunan sənədlər vergi orqanına təqdim edilmişdir. Lakin iş materiallarına əlavə edilmiş sənədlərə əsasən iddiaçı ilə "xxxx" MMC arasında 6 dəfə malların təhvil-təslimi həyata keçirilməsinə baxmayaraq, vergi qanunvericiliyinin müddəaları pozulmaqla cəmi bir dəfə - xx.xx.2023-cü il tarixdə (operativ vergi nəzarəti tədbirindən 1 gün sonra) "xxxx" MMC tərəfindən iddiaçıya 18256,95 manat dəyərində 1000 ədəd elektron qaimə-faktura təqdim edilmişdir. Halbuki, Vergi Məcəlləsinin 71-1.1.1-ci maddəsinə görə bu Məcəllə ilə müəyyən edilən hallarda malları təqdim edən (göndərən), işləri görən və xidmətləri göstərən, habelə malların təsərrüfatdaxili yerdəyişməsini həyata keçirən vergi orqanında uçotda olan şəxs mallar göndərilən (verilən) vaxt elektron qaimə-fakturanı təqdim (tərtib) etməlidir. Bu məsələ ilə bağlı, xx.xx.2023-cü il tarixli françayzinq müqaviləsinin 2.1-ci maddəsinin e bəndində vergi qanunvericiliyinin yuxarıda qeyd olunan tələblərinə zidd olaraq, françayz alanın satdığı malın (xidmətin, işin) keyfiyyətinə nəzarət etmək, ilk 6 aylıq müddətdə hissə-hissə mal təminatına (təhvil-təslim aktı və digər sənədlər əsasında), 6 aydan gec olmayaraq qaiməfaktura təqdim etmək (istisna hallarda səmərəli görülərsə 1 il müddətində) françayz verənin vəzifəsi kimi nəzərdə tutulmuşdur. Həmçinin məsələ ilə bağlı o da bildirilir ki, bank əməliyyatlarının təhlili zamanı françayzinq müqaviləsi üzrə iddiaçı ilə "xxxx" MMC arasında hər hansı ödənişin aparılmadığı müəyyən edilmişdir. İddiaçının təqdim etdiyi françayzinq müqaviləsi üzrə araşdırılmalı digər məqam isə əmək fəaliyyətinin təşkili ilə bağlı münasibətlərin tənzimlənməsidir, hansı ki françayzinq müqaviləsi bu zaman da Mülki Məcəllənin həmin münasibətləri tənzimləyən normalarının tələblərindən kənara çıxılmaqla tərtib edilmişdir. Belə ki, iddiaçı ilə "xxxx" MMC arasında bağlanmış “Françayzinq müqaviləsi”nin 2.1-ci maddəsinin b bəndində françayz alanı təcrübəli satış təmsilçiləri və işçi heyəti ilə təmin etmək françayz verənin vəzifəsi kimi nəzərdə tutulmuşdur. Halbuki, Mülki Məcəllənin 724.1-ci maddəsinə əsasən françayz verən françayz alana standart formalı qeyri-maddi əmlak hüquqlarını, əmtəə (ticarət) nişanlarını, mal nümunələrini, qablarını, məhsulun istehsalı, əldə edilməsi, satışı və fəaliyyətin təşkili konsepsiyasını, habelə satışa kömək üçün zəruri olan başqa informasiyanı özünün tətbiq etdiyi şəkildə verməyə borcludur. Bu maddənin tələbinə uyğun olaraq, hazırkı iş üzrə "xxxx" MMC satışın təşkilinə dair məlumatları iddiaçıya təqdim etməlidir. Lakin operativ vergi nəzarəti tədbiri zamanı "xxxx" MMC-nin 3 nəfər işçisinin faktiki olaraq əmək münasibətlərinə cəlb edilməsi, hətta onlardan biri - X4 iddiaçıya məxsus obyektdə satıcı kimi fəaliyyət göstərməsi müəyyən edilmişdir. Həmçinin, "xxxx" MMC-nin işçilərinin həmin obyektə ezam edilməsinə dair müvafiq sənədlər də tədbir zamanı təqdim edilməmiş və bu xidmətə görə iddiaçı tərəfindən "xxxx" MMC-yə hər hansı ödəniş həyata keçirilməmişdir. İddiaçı tərəfindən işlərin görülməsinə cəlb edilmiş 3 nəfərlə "xxxx" MMC arasında əmək müqaviləsi bağlanmasına münasibətdə isə bildirilir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin analoji işlə əlaqədar mövqeyini əks etdirən xx.xx.2023-cü il tarixli, 2-1(102)- 348/2023 nömrəli qərarında (hakim Kəmaləddin Bədəlov) qeyd edilir ki, məhkəmə sorğusuna əsasən əldə edilmiş məlumatdan görünür ki, operativ vergi nəzarəti zamanı əmək fəaliyyətinə cəlb edilmiş R.Məhərrəmov həqiqətən də xx.xx.2020-ci il tarixdən qonşu obyektin sahibi - fərdi sahibkar M.Rzayeva ilə əmək müqaviləsi bağlamışdır. Lakin onlar arasında əmək müqaviləsinin olması iddiaçının vergi qanunvericiliyini pozmasını istisna edən, onun təqsirsizliyinə səbəb olan hal kimi qiymətləndirilə bilməz. Onlar arasındakı müqavilə birincinin iddiaçının sahibkarlıq fəaliyyətində əmək müqaviləsi hüquqi qüvvəyə minmədən hər hansı işlərin yerinə yetirilməsinə cəlb olunmasını istisna etmir. Bu məsələ ilə bağlı qeyd edilir ki, Əmək Məcəlləsinin 58-ci maddəsi ilə müəyyən olunur ki, əmək müqaviləsinin şərtləri imkan verdiyi hallarda işçi əsas iş yeri üzrə müəyyən olunmuş iş vaxtından sonra həm əsas iş yerində, həm də əvəzçilik qaydasında əmək müqaviləsi bağlayaraq başqa iş yerlərində də əmək fəaliyyəti ilə məşğul ola bilər. Bu zaman əvəzçilik üzrə əmək müqaviləsi bağlanan iş yeri işçinin əlavə iş yeri, əmək kitabçası saxlanılan yer isə əsas iş yeri sayılır. Əvəzçilik üzrə əmək müqaviləsi əmək kitabçası təqdim edilmədən bağlanılır. İş vaxtından sonra əvəzçilik üzrə əlavə iş yerlərində işləməyə əsas iş yeri üzrə işəgötürənin razılığı tələb edilmir. İş vaxtı ərzində isə əvəzçilik üzrə işləməyə işəgötürənin razılığı ilə yol verilir. Əvəzçilik üzrə əmək şəraitinin şərtlərini, əmək funksiyasının həcmini əlavə iş yerinin işəgötürəni ilə əmək müqaviləsi bağlanarkən tərəflərin özləri müəyyən edirlər. Göründüyü kimi, Vergi Məcəlləsinin 58.10-cu maddəsinin tələbi əmək müqaviləsi hüquqi qüvvəyə minmədən fiziki şəxslərin hər hansı işlərin yerinə yetirilməsinə cəlb edilməsi faktının müəyyən edilməsi ilə bağlıdır ki, burada işə cəlb edilən fiziki şəxsin başqa şəxslə əmək müqaviləsinin olması həmin faktın mövcudluğunu birbaşa istisna edən hal deyildir. Həmin şəxsin rəsmi olaraq əmək müqaviləsi bağladığı yerdə, eyni zamanda digər bir iş yerində işləməsi o demək deyildir ki, şəxslə yeganə əmək müqaviləsinin bağlanılması onun sonuncu fəaliyyətini də legitim edir. Göstərilənlərə əsasən bildirilir ki, iddiaçı tərəfindən təqdim olunan françayzinq müqaviləsi mülki qanunvericiliyin tələbləri pozulmaqla, faktiki münasibətləri pərdələmək və vergidən yayınmaq niyyəti ilə tərtib edildiyindən mülki qanunvericiliyin müddəalarına uyğun olaraq, yalan əqd sayılmış və iddiaçı barəsində qərar qəbul edilən zaman vergi orqanı tərəfindən nəzərə alınmamışdır. Cavabdeh qeyd olunanlara əsasən, etiraz məktubunda iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili iddia ərizəsində qeyd edilənlərə uyğun izahat verərək, iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraz məktubuna uyğun izahat verərək, iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etdi.

Əsaslandırma hissəsi:

Məhkəmə iddia ərizəsinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. İddiaçının iddiası “mübahisələndirmə haqqında” iddia (İPM-in 2.2.1 və 32.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı hazırda mübahisələndirdiyi qərardan xx.xx.2023-cü il tarixli qərardan prosessual müddətlərə əməl edilməklə xx.xx.2023-cü il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Odur ki, iddiaçı tərəfindən qərarın mübahisələndirilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş prosessual müddət buraxılmamışdır. Cavabdehin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2023-cü il tarixli, **********0138 nömrəli qərarından görünür ki, iddiaçı Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.10 maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 3 nəfər fiziki şəxsi işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etdiyinə görə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilərək, vergi məsuliyyətinə cəlb edilmişdir. 22BLXB0000300 nömrəli əmək müqaviləsi bildirişindən görünür ki, işəgötürən "xxxx" MMC ilə (işəgötürənin səlahiyyətlərini yerinə yetirən şəxs: X12) işçi X9 arasında xx.xx.2023-cü il tarixdə müddətli – xx.xx.2024-cü il tarixədək əmək müqaviləsi bağlanmışdır. Əmək müqaviləsi bildirişinin çap tarixi xx.xx.2023-cü il olmuşdur. 7DPFYE4000100 nömrəli əmək müqaviləsi bildirişindən görünür ki, işəgötürən "xxxx" MMC ilə (işəgötürənin səlahiyyətlərini yerinə yetirən şəxs: X12) işçi X6 arasında xx.xx.2023-cü il tarixdə müddətli – xx.xx.2024-cü il tarixədək əmək müqaviləsi bağlanmışdır. Əmək müqaviləsi bildirişinin çap tarixi xx.xx.2023-cü il olmuşdur. 6AU75LJ000600 nömrəli əmək müqaviləsi bildirişindən görünür ki, işəgötürən "xxxx" MMC ilə (işəgötürənin səlahiyyətlərini yerinə yetirən şəxs: X12) işçi X7 arasında xx.xx.2023-cü il tarixdə müddətli – xx.xx.2024-cü il tarixədək əmək müqaviləsi bağlanmışdır. Əmək müqaviləsi bildirişinin çap tarixi xx.xx.2023-cü il olmuşdur. İddiaçı ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 08 nömrəli Françayzinq müqaviləsində qeyd olunur: Bundan sonra “Françayz verən” adlanan Əsasnamə əsasında fəaliyyət göstərən "xxxx" MMC, direktor X12 şəxsində, bir tərəfdən və bundan sonra “Françayz alan” adlanan Əsasnamə əsasında fəaliyyət göstərən fərdi sahibkar İddiaçı digər tərəfdən Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə müvafiq olaraq, aşağıdakılar barədə razılığa gəldilər:

1. Müqavilənin predmeti 1.1. Françayz verən pərakəndə satış ilə məşğul olmaq üçün müqavilədə nəzərdə tutulan müddətə əqli mülkiyyət obyektlərindən "xxxx" brendindən istifadə hüququnu Françayz alana verir. 1.2. Françayz alan ona verilmiş müstəsna hüquqlardan istifadəni həyata keçirir və "xxxx" markası tərkibində fəaliyyət göstərməyi öz üzərinə götürür. 1.3. Bu müqavilə imzalandığı andan Françayz alan Françayz verən tərəfindən bütün françayz alanlar üçün müəyyənləşdirilən güzəştlərdən istifadə etmək hüququ qazanır.

2. Tərəflərin hüquq və vəzifələri 2.1. Bu müqaviləyə uyğun olaraq Françayz verən borcludur: a) Verilmiş hüquqları həyata keçirmək üçün zəruri olan bütün texniki və kommersiya sənədlərini və digər informasiyaları Françayz alana verməyə; b) Françayz alanı təcrübəli satış təmsilçiləri və işçi heyəti ilə təmin etməyə; c) Françayz alanı hər zaman mallar və uyğun gördüyü bütün mal çeşidləri ilə(satış əsas alınaraq), lazım olduqda reklam xidməti və digər zəruri ehtiyac meyarları ilə təmin etməyə. d) Françayz alana texniki və məsləhət xidməti göstərməyə; ...

7. Müqavilənin qüvvəyə minməsi: 7.1 X8 səlahiyyətli şəxsləri tərəfindən axırıncı imzalandığı andan qüvvəyə minir və xx.xx.2023-cu ilə qədər etibarlıdır. 7.2 Tərəflərdən heç biri müvafiq müddətin başa çatmasına 15 (on beş) gün qalmış hazırkı Müqavilənin ləğv etmək niyyəti barədə qarşı Tərəfə yazılı surətdə rəsmi xəbərdarlıq etməzsə, Müqavilənin qüvvəsi avtomatik olaraq növbəti 1 il müddətlərinə uzadılacaqdır. 7.3 Tərəflər hazırkı Müqavilənin müddətini vaxtından əvvəl dayandırmaq hüququnu özlərində saxlayırlar. Bu halda hazırkı Müqaviləni ləğv etmək istəyən tərəf 15 (on beş) gün əvvəl qarşı tərəfi yazılı surətdə öz niyyəti barədə rəsmi olaraq xəbərdar etməlidir. Yuxarıda qeyd olunanlara təsdiq olaraq, hazırkı Müqavilə iki əsl nüsxədə, hər Tərəf üçün bir nüsxədə, tərtib olunmuşdur. Fraznçayzinq müqaviləsinə 1 nömrəli əlavədə qeyd olunur ki, tərəflər xx.xx.2023-cü il tarixli FM-№08-li müqavilədə nəzərdə tutulmuş 2.b maddəsində nəzərdə tutulan xidmətləri əsas alaraq X7, X6 və X10 tərəfindən İddiaçı (VÖEN-**********) məxsus mağazada xx.xx.2023 tarixindən etibarən xidmət göstərmələri haqqında razılığa gəldilər. Əqli Mülkiyyət Agentliyinin xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuş məktubunda qeyd olunur ki, "xxxx" MMC tərəfindən əmtəə nişanının qeydiyyata alınması barədə iddia sənədi Agentliyə təqdim olunmayıb və Dövlət reyestrində qeydiyyata alınmayıb. "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuş məktubunda qeyd olunur ki, X6 xx.xx.2023-cü il tarixdən, X7 xx.xx.2023-cü il tarixdən, X9 xx.xx.2023-cü il tarixdən qüvvəyə minən əmək müqaviləsi ilə "xxxx" MMC-də işləmişlər və həmin şəxslərin əmək müqaviləsi bildirişləri olmuşdur, qeyd edilən tarixlərdə sistemə adları daxil edilmişdir. X1 əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdən, X2 əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdən, X4 əmək müqaviləsinə xx.xx.2023-cü il tarixdən xitam verilmişdir. "xxxx" MMC ilə İddiaçı arasında 08 nömrəli, xx.xx.2023-cü il tarixli Françayzinq Müqaviləsi mövcuddur. "xxxx" MMC françayz verən kimi İddiaçı, yəni françayz alana standart formalı qeyri-maddi əmlak hüquqlarını, əmtəə (ticarət) nişanlarını, mal nümunələrini, qablarını, məhsulun istehsalı, əldə edilməsi, satışı və fəaliyyətin təşkili konsepsiyasını, habelə satışa kömək üçün zəruri olan başqa informasiyanı özünün tətbiq etdiyi şəkildə verməyə borcludur, həmçinin "xxxx" MMC, yəni françayz verən birgə fəaliyyət sistemini üçüncü şəxslərin müdaxiləsindən qorumağa, onu aramsız təkmilləşdirməyə və françayz alanı işgüzar vərdişlərlə tanış etmək, informasiya vermək və ixtisasını artırmaq yolu ilə dəstəkləməyə borcludur. Həmçinin "xxxx" MMC özünə məxsus malların satış işini də həyata keçirir. Bununla bağlı da işçilərin daimi iş vaxtı ərzində françayzinq müqaviləsindən irəli gələn xidməti münasibətlərinin həyata keçirilməsi, malların satış və yaxud şirkətin digər işlərinin təşkili məqsədilə hər hansısa başqa şəxsə məxsus obyektdə olması mümkündür. Ona görə də "xxxx" MMC-nin razılığı ilə işçiləri X6, X7, X9 xx.xx.2023-cü il tarixdə yuxarıda qeyd edilən françayzinq və digər Müqavilədən irəli gələn xidməti münasibətlərin həyata keçirilməsi məqsədilə ünvan 1 ünvanında yerləşən “Prime watch saat gümüş aksesuarları” adlı obyektdə olmuşdurlar. "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuş xx.xx.2004-cü il tarixli 19/2024 nömrəli məktubuna əlavə edilmiş “Xidməti münasibətlərin həyata keçirilməsi haqqında” **-İR-***3 nömrəli, xx.xx.2023-cü il tarixli əmrdə qeyd olunur:

1. "xxxx" MMC ilə X5 arasında bağlanılan françayzinq müqaviləsindən irəli gələn xidməti münasibətlərin, "xxxx" MMC ilə İddiaçı arasında malların alqı-satqı münasibətlərindən irəli gələn xidməti münasibətlərin təmini üçün cəmiyyətin satış məsləhətçiləri X6, X7, X9 xx.xx.2023-cü il tarixdə iş vaxtının sonunadək X3 məxsus ünvan 1 ünvanında yerləşən “Prime watch saat gümüş aksesuarları” adlı obyektə göndərilsinlər.

2. Əmrin 1-ci bəndinin icrası məqsədi ilə satış məsləhətçiləri X6, X7, X9 "xxxx" MMC ilə X5 arasında mövcud olan françayzinq müqaviləsindən irəli gələn malların satışı və fəaliyyətinin təşkili konsepsiyasını, habelə satışa kömək üçün zəruri informasiyaların verilməsini təmin etsinlər. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən” çıxarışa əsasən vergi orqanının keçirdiyi operativ vergi nəzarəti tədbiri Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən xx.xx.2023-cü il tarixdə KY231923915 nömrəsi ilə qeydiyyata alınmışdır. Məhkəmə hesab edir ki, işin yuxarıda göstərilən faktiki hallarına aşağıda qeyd olunan hüquq nörmalarının tətbiqi baxımından hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 73.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.1-ci maddəsinə əsasən, mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Mübahisələndirilən inzibati akt qanuna ziddir və iddiaçının hüquqlarını pozur (İPM-in 70.1-ci maddəsi). Azərbaycan Respublikasının Mülki Məcəlləsibə əsasən: 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Maddə 723. Françayzinq müqaviləsi. Françayzinq müqaviləsi elə bir uzunmüddətli öhdəlik münasibətidir ki, ona əsasən müstəqil müəssisələr zərurət olduqca spesifik öhdəliklərin icrası yolu ilə malın istehsalına, satışına və xidmətlərin göstərilməsinə kömək etməyi qarşılıqlı surətdə öhdələrinə götürürlər. 724.1. Françayz verən françayz alana standart formalı qeyri-maddi əmlak hüquqlarını, əmtəə (ticarət) nişanlarını, mal nümunələrini, qablarını, məhsulun istehsalı, əldə edilməsi, satışı və fəaliyyətin təşkili konsepsiyasını, habelə satışa kömək üçün zəruri olan başqa informasiyanı özünün tətbiq etdiyi şəkildə verməyə borcludur. 724.2. Françayz verən birgə fəaliyyət sistemini üçüncü şəxslərin müdaxiləsindən qorumağa, onu aramsız təkmilləşdirməyə və françayz alanı işgüzar vərdişlərlə tanış etmək, informasiya vermək və ixtisasını artırmaq yolu ilə dəstəkləməyə borcludur. 725.1. Françayz alan françayzinqin həyata keçirilməsi sisteminə qoyduğu zəhmət nəzərə alınmaqla hesablanan muzd ödəməli və vicdanlı sahibkar kimi fəaliyyət göstərməli, müqavilənin məqsədi ilə bilavasitə bağlı olan hallarda françayz verənin və ya onun göstərdiyi şəxslərin vasitəsilə xidmətlər qəbul etməli və mallar əldə etməlidir. 725.2. Əgər müqavilə bağlanarkən françayz alan daxilolma haqqı vermişdirsə və bu haqq françayz muzdunun hesabına daxil edilməmişdirsə, onda françayz verən müqavilənin qüvvəsinə xitam verilərkən bu haqqı ona qaytarmağa borcludur. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: 16.1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək, 16.1.3-cü maddəsinə görə qanunvericiliklə nəzərdə tutulmuş qaydada gəlirlərinin (xərclərinin), o cümlədən vergidən azad edilən gəlirlərinin (xərclərinin)və vergitutma obyektlərinin uçotunu aparmaq, 16.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada vergi orqanlarına və onların vəzifəli şəxslərinə zəruri olan kağız və elektron daşıyıcılarda olan məlumatları və sənədləri (orta və iri sahibkarlıq subyektləri eləcə də maliyyə hesabatlarını), habelə mühasibat uçotu elektron formatda aparıldığı halda, özünün, filiallarının və digər struktur bölmələrinin elektron daşıyıcılarında olan məlumatlara və uçot bazalarına birbaşa və ya məsafədən çıxış imkanı yaratmaqla, həmin məlumatları vergi orqanının tələbi ilə təqdim etmək vergi ödəyicisinin vəzifəsidir; 23.1.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək, habelə Vergi Məcəlləsinin 23.1.2-ci maddəsinə əsasən vergi ödəyicilərində bütün maliyyə sənədlərini, mühasibat kitablarını, hesabatları, smetaları, nağd vəsaitləri, qiymətli kağızları və başqa qiymətliləri, bəyannamələri və vergilərin hesablanması və ödənilməsi ilə bağlı olan digər sənədləri, o cümlədən bu Məcəllənin 16.1.6-cı maddəsində nəzərdə tutulmuş məlumat və sənədləri qanunvericiliklə müəyyən edilmiş qaydada yoxlamaq, yoxlamaların keçirilməsi zamanı yoxlamaya aid olan məsələlərlə bağlı vergi ödəyicilərindən və ya onun vəzifəli şəxslərindən lazımi izahatlar, arayışlar və məlumat almaq, habelə mühasibat uçotu elektron formatda aparıldığı halda vergi ödəyicisinin özünün, filiallarının və digər struktur bölmələrinin elektron daşıyıcılarındakı məlumatlarının verilməsini, həmin məlumatlara birbaşa və ya məsafədən çıxış imkanının yaradılmasını tələb etmək vergi orqanlarının hüquqlarına aid edilmişdir; 24.1.1-ci və 24.1.2-ci maddələrinə əsasən, vergi orqanları vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etmək, vergi qanunvericiliyinə tam və dəqiq riayət etmək və vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləmək vəzifəsi daşıyırlar; 36.2-ci maddəsinə görə vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. 50.1-ci maddəsinə görə operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti ücün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən və aşağıdakı məsələləri əhatə edən vergi nəzarəti formasıdır: ... 50.1.7. Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi; ... 50.2-ci maddəsinə əsasən, operativ vergi nəzarətinin həyata kecirilməsi ücün əsaslar aşağıdakılardır: 50.2.1. vergi orqanı tərəfindən keçirilən səyyar vergi yoxlaması zamanı aşkar edilmiş faktlar; 50.2.2. vergi orqanları tərəfindən mənbəyi bəlli mənbələrdən əldə etdikləri məlumatlar; 50.2.3. vergi ödəyicisi tərəfindən vergi qanunvericiliyinin pozulması hallarının aradan qaldırılması barədə vergi orqanlarının tələblərini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə; 50.2.4. vergi orqanlarının bu Məcəllənin 50.1-ci maddədə göstərilən məsələlər barədə qanunvericiliyin sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər tərəfindən pozulması barədə kifayət qədər əsası olduqda; 50.2.5. vergi ödəyicisi riskli vergi ödəyicisi olduğu halda. 50.3-cü maddəsinə görə, operativ vergi nəzarəti vergi orqanının əsaslandırılmış qərarına əsasən həyata keçirilir. Həmin qərarda vergi ödəyicilərinin yerləşdiyi ərazi, habelə operativ vergi nəzarəti ilə əhatə olunmalı olan məsələ (məsələlər), operativ vergi nəzarətinin müddəti və operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi (şəxsləri) göstərilir. 50.4-cü maddəsinə əsasən, operativ vergi nəzarəti vergi ödəyicisinə əvvəlcədən xəbərdarlıq edilmədən başlanır və vergi ödəyicilərinin faktiki iş vaxtı həyata keçirilir. Operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi nəzarətə başladıqdan sonra bu Məcəllənin 50.3-cü maddəsində nəzərdə tutulmuş vergi orqanının qərarını vergi ödəyicisinə dərhal təqdim etməlidir. 50.5-ci maddəsinə görə, operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsləri tərəfindən öz səlahiyyətləri çərçivəsində vergi ödəyicilərinin ərazilərinə və ya binalarına (yaşayış binaları (sahələri) istisna olmaqla) daxil olması, ərazilərinə, binalarına (yaşayış binaları (sahələri) istisna olmaqla), habelə sənədlərinə və əşyalarına baxış keçirilməsi, sənədlərin tələb edilməsi, sənədləri və nümunə kimi əşyaları götürməsi, ekspert cəlb edilməsi, mütəxəssis, tərcüməçi və müşahidəçi dəvət edilməsi və aksiz markası ilə markalanmalı olan markalanmamış və ya saxta aksiz markası ilə markalanmış, habelə məcburi nişanlama ilə nişanlanmalı olan nişanlanmamış və ya saxta məcburi nişanlama ilə nişanlanmış malların siyahıya alınması bu Məcəllə ilə müəyyən edilmiş qaydada həyata keçirilir. 50.6-cı maddəsinə əsasən, operativ vergi nəzarətinin nəticələri üzrə vergi orqanının vəzifəli şəxsləri tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada akt tərtib edilir. 58.7-ci maddəsinə görə Bu Məcəllənin 13.2.63-cü maddəsində nəzərdə tutulmuş ticarət fəaliyyətinin həyata keçirilməsi halı istisna olmaqla, vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərlə (əhali ilə) pul hesablaşmalarının aparılması qaydalarının pozulmasına, yəni nəzarət-kassa aparatları və ya ciddi hesabat blankları tətbiq edilmədən (nəzarət-kassa aparatları quraşdırılmadan, qanunvericiliklə müəyyən edilmiş formalara uyğun ciddi hesabat blankları olmadan və ya nağd ödənilmiş məbləği mədaxil etmədən), vergi orqanlarında qeydiyyatdan keçirilməmiş və ya texniki tələblərə cavab verməyən, o cümlədən bu Məcəllənin 50.8-ci maddəsində sadalanan tələblərə cavab verməyən çek təqdim edən nəzarət-kassa aparatlarından istifadə etməklə, qanunvericiliklə müəyyən olunmuş ciddi hesabat blanklarından istifadə etmədən və ya müəyyən olunmuş qaydada təsdiq olunmuş formalara uyğun olmayan ciddi hesabat blanklarından istifadə etməklə əhali ilə pul hesablaşmalarının aparılmasına, POSterminalların quraşdırılması məcburi olan obyektlərdə POS-terminalların quraşdırılmaması və POS-terminallar quraşdırılmış obyektlərdə nağdsız ödənişlərin qəbulundan imtina edilməsinə və ya alıcıya təqdim edilməli olan çekin, bankların valyuta mübadilə şöbələri tərəfindən müştəriyə təqdim edilməli olan bank çıxarışlarının və ya digər ciddi hesabat blanklarının verilməməsinə və ya ödənilmiş məbləğdən aşağı məbləğ göstərilməklə verilməsinə, nəzarət-kassa aparatlarından istifadə edilməsi dayandırıldıqda əhali ilə pul hesablaşmalarının qeydiyyatının aparılması qaydalarının pozulmasına görə vergi ödəyicisinə: 58.7.1. təqvim ili ərzində belə hallara birinci dəfə yol verildikdə 1000 manat məbləğində, 58.7.2. təqvim ili ərzində belə hallara ikinci dəfə yol verildikdə 3000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir; 58.10-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yolu ilə onların gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradıldığına görə işəgötürənə, habelə bu Məcəllənin 220.10-cu maddəsinə uyğun olaraq aparıcılıq, çalğıçılıq, rəqqaslıq, aşıqlıq, məzhəkəçilik və digər oxşar fəaliyyətlə məşğul olan şəxslərin, foto, audio-video sahəsində məşğul olan şəxslərin və iaşə obyektlərində müştərilərə xidmət göstərən fiziki şəxslərin (ofisiantın) fəaliyyətə başlayanadək, “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsinə görə vergi orqanında uçotda olan sifarişçiyə hər bir belə şəxs üzrə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 2000 manat, ikinci dəfə yol verdikdə 4000 manat, üç və daha çox dəfə yol verdikdə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 3.4-1-ci maddəsinə əsasən əmək münasibətləri - əmək qanunvericiliyində, kollektiv müqavilə və sazişlərdə nəzərdə tutulmuş öhdəliklərə uyğun olaraq işəgötürənlə qarşılıqlı razılıq əsasında müəyyən edilən iş yerində işçi tərəfindən onun işə qəbul (təyin) edildiyi, seçildiyi, bərpa olunduğu peşə və ya vəzifə üzrə əmək funksiyasının əmək haqqı ödənilməklə şəxsən yerinə yetirilməsinə, daxili intizam qaydalarına riayət edilməsinə, işəgötürən tərəfindən işçinin əmək şəraitinin, təminatlarının və əməyinin mühafizəsinin təmin edilməsinə, habelə bu Məcəllənin prinsiplərinə əsaslanan münasibətlərdir. Həmin Məcəllənin 7.2-3.4-cü maddəsinə görə tərəflər arasında münasibətlər işəgötürənin əsas fəaliyyət sahəsinə aid işlərin (xidmətlərin) yerinə yetirilməsi ilə bağlı yarandıqda tərəflər arasında yaranan münasibətlər əmək münasibətləri hesab edilir və onların mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinə yol verilmir. Həmin Məcəllənin 7.2-ci maddəsinə əsasən Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci və 2-2-ci hissələri ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri əmək müqaviləsi elektron informasiya sistemində elektron sənəd formasında bağlandıqda yaranır. Həmin Məcəllənin 49-cu maddəsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsində müəyyən edilmiş hallarda bağlanılmış əmək müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, o, tərəflərin imzaladığı gündən hüquqi qüvvəyə minir. Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinə xitam verilməsi bu barədə əmrin (sərəncamın, qərarın) işəgötürən tərəfindən elektron informasiya sisteminə daxil edilərək gücləndirilmiş elektron imza ilə imzalandığı tarixdən hüquqi qüvvəyə minir. Əmək müqaviləsinə xitam verilməsi tarixi əmək müqaviləsinə xitam verilməsi barədə əmrin (sərəncamın, qərarın) imzalandığı tarixdən əvvəlki tarixə (bu Məcəllənin 74-cü maddəsinin 1-ci hissəsinin “e” bəndi ilə xitam verilən və həmin maddənin 1-1-ci hissəsi ilə xitam verilmiş hesab edilən hallar istisna olmaqla) müəyyən edilə bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 6 iyun tarixli 183 nömrəli qərar ilə təsdiq edilmiş “Əmək müqaviləsi bildirişinin forması və onun elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsilə daxil edilməsi qaydaları, əmək müqaviləsi bildirişinin qeydiyyata alınması ilə bağlı işəgötürənə və Azərbaycan Respublikasının Vergilər Nazirliyinə göndərilən məlumat forması, habelə qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində əldə etməklə bağlı “ Qaydaların 3.2-ci bəndinə əsasən bu Qaydaların 2.1 -1 -ci bəndi ilə müəyyən olunmuş hallar və Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-1 -ci hissəsində nəzərdə tutulan dövlət orqanlarında müvafiq vəzifələrə (peşələrə) qəbul edilən işçilərlə işəgötürənlər arasında bağlanılmış əmək müqavilələri istisna olmaqla, digər vəzifələr (peşələr) üzrə işçilərlə işəgötürənlər arasında bağlanılmış əmək müqavilələri, onlarda dəyişikliklər edilməsi və ya xitam verilməsi aidiyyəti işəgötürənlər tərəfindən müvafiq əmək müqaviləsi bildirişi formasında elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsilə daxil edilməlidir. Azərbaycan Respublikasının Vergilər nazirinin xx.xx.2020-ci il tarixli **********044300 nömrəli əmri ilə təsdiq edilmiş “Dövlət vergi orqanları tərəfindən operativ vergi nəzarəti tədbirlərinin həyata keçirilməsi Qaydaları”nın: 1.4-cü bəndinə görə, operativ vergi nəzarəti Vergi Məcəlləsinin 50.2-ci maddəsində və bu Qaydaların 1.6.1-ci və 1.6.2-ci yarımbəndlərinə əsasən nəzərdə tutulmuş əsaslardan biri olduqda, Vergi Məcəlləsinin 50.3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının Vergilər Nazirliyinin təsdiq etdiyi formada vergi orqanının əsaslandırılmış qərarına və Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2011-ci il tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnaməyə müvafiq olaraq vahid məlumat reyestrindən çıxarışa (bu Qaydaların 3-cü hissəsi ilə müəyyən edilmiş operativ vergi nəzarəti istisna olmaqla) əsasən həyata keçirilir. Qərarda vergi ödəyicilərinin yerləşdiyi ərazi, habelə operativ vergi nəzarəti ilə əhatə olunmalı olan məsələ (məsələlər), operativ vergi nəzarətinin müddəti və operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi (şəxsləri) göstərilir. 1.10-cu bəndinə əsasən, operativ vergi nəzarəti tədbirləri vergi ödəyicisinə və ya onun səlahiyyətli nümayəndəsinə əvvəlcədən xəbərdarlıq edilmədən başlanır və vergi ödəyicilərinin faktiki iş vaxtı həyata keçirilir. Operativ vergi nəzarəti tədbirini həyata keçirən vergi orqanının vəzifəli şəxsi (şəxsləri) nəzarətə başladıqdan sonra vergi orqanının qərarını, yoxlamanın qeydiyyata alınmasına dair sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarışı (bu Qaydaların 3-cü hissəsi ilə müəyyən edilmiş operativ vergi nəzarəti istisna olmaqla) və öz xidməti vəsiqəsini (vəsiqələrini) vergi ödəyicisinə və ya onun səlahiyyətli nümayəndəsinə dərhal təqdim edir. 1.13-cü bəndinə görə, operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsləri tərəfindən öz səlahiyyətləri çərçivəsində vergi ödəyicilərinin ərazilərinə və ya binalarına (yaşayış binaları (sahələri) istisna olmaqla) daxil olması, ərazilərinə, binalarına (yaşayış binaları (sahələri) istisna olmaqla), habelə sənədlərinə və əşyalarına baxış keçirilməsi, sənədlərin tələb edilməsi, sənədlərin və nümunə kimi əşyaların götürülməsi, ekspertin cəlb edilməsi, mütəxəssis, tərcüməçi və müşahidəçinin dəvət edilməsi və aksiz markası ilə markalanmamış və ya saxta aksiz markası ilə markalanmış, habelə məcburi nişanlama ilə nişanlanmalı olan nişanlanmamış və ya saxta məcburi nişanlanma ilə nişanlanmış malların siyahıya alınması Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada həyata keçirilir. 2.1-ci bəndinə əsasən, operativ vergi nəzarətinin nəticələrinin rəsmiləşdirilməsi və operativ vergi nəzarətinin materiallarına baxılması Vergi Məcəlləsinin 39-cu və 49-cu maddələri ilə müəyyən edilmiş qaydada həyata keçirilir. 2.2-ci bəndinə görə, operativ vergi nəzarətinin və bu Qaydaların 1.13-cü bəndində nəzərdə tutulmuş tədbirlərin nəticələri bütün hallarda vergi orqanının vəzifəli şəxsləri tərəfindən Azərbaycan Respublikasının Vergilər Nazirliyinin təsdiq etdiyi və bu Qaydalara əlavə edilmiş müvafiq akt, protokol və digər zəruri sənəd formaları ilə rəsmiləşdirilir. 2.4-cü bəndinə əsasən, operativ vergi nəzarətinin nəticəsi barədə vergi ödəyicisinin və ya onun səlahiyyətli nümayəndəsinin və ya qanun pozuntusuna yol vermiş şəxsin iştirakı ilə Azərbaycan Respublikasının Vergilər Nazirliyinin təsdiq etdiyi formada akt, protokol və digər sənədlər tərtib edilir. Həmin aktda, protokolda və digər sənədlərdə vergi qanunvericiliyinin pozulması halları göstərilir, vergi ödəyicisi tərəfindən tələbləri pozulmuş qanunvericilik aktlarının konkret maddələrinə istinad etməklə pozuntunun xarakteri açıqlanır, qanun pozuntusuna yol vermiş şəxsə vergi qanunvericiliyinin tələblərinə əməl edilməsinin tövsiyə olunması barədə qeyd aparılır, yaxud vergi qanunvericiliyinin pozulması hallarının olmaması göstərilir. 2.5-ci bəndinə görə, tərtib olunmuş aktlar, protokollar və digər sənədlər operativ vergi nəzarətinin keçirilməsində iştirak edən vergi orqanının vəzifəli şəxsi (şəxsləri) vergi ödəyicisi hüquqi şəxs olduqda onun rəhbəri (onu əvəz edən şəxs) və ya səlahiyyətli nümayəndəsi, fiziki şəxs olduqda onun özü və ya səlahiyyətli nümayəndəsi tərəfindən imzalanır. 2.6-cı bəndinə əsasən, vergi ödəyicisi və ya onun səlahiyyətli nümayəndəsi aktda, protokolda və digər sənədlərdə öz qeydlərini edə bilər, imzalamaqdan imtina edə bilər və bu barədə həmin aktda, protokolda və digər sənədlərdə vergi orqanının vəzifəli şəxsi (şəxsləri) tərəfindən müvafiq qeyd aparılır. İnzibati Prosessual Məcəllənin 70.1-ci maddəsinə görə, inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. “İnzibati icraat haqqında” Qanunun 67.1-ci maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Qanunun 67.2-ci maddəsinə görə, qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan, subordinasiya baxımından yuxarı inzibati orqan və ya qanunla şikayətə baxmaq səlahiyyətinə malik olan müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Həmin Qanunun 67.3-cü maddəsinə əsasən, qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Məhkəmə işin yuxarıda göstərilən faktiki hallarına qanunvericilik normalarının tətbiqi baxımından hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. Belə ki, məhkəmə hesab edir ki, mübahisələndirilən inzibati aktların qəbulu zamanı Vergi Məcəlləsinin yuxarıda bəhs olunan normalarının tələbinə cavabdeh tərəfindən əməl edilməmişdir. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, iddiaçı ilə "xxxx" MMC arasında bağlanmış 08 nömrəli, xx.xx.2023-cü il tarixli Françayzinq müqaviləsi mövcuddur. Tərəflər arasında bağlanmış müqavilə mülki qaydada ləğv edilməmiş və ya etibarsız sayılmamışdır, müqavilə qüvvədədir. Həmçinin məhkəmə araşdırması ilə müəyyən olunmuşdur ki, OVN tədbirinin həyata keçirildiyi zaman, X6, X7 və X9 müqavilədən irəli gələn öhdəliklərin icrası üçün iddiaçının fəaliyyət göstərdiyi obyektə ezam olunmuşlar. X6 xx.xx.2023-cü il tarixdən, X7 xx.xx.2023-cü il tarixdən, X9 xx.xx.2023-cü il tarixdən qüvvəyə minən əmək müqaviləsi ilə "xxxx" MMC-də işləmişlər və həmin şəxslərin əmək müqaviləsi bildirişləri olmuşdur, qeyd edilən tarixlərdə sistemə adları daxil edilmişdir. X1 əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdən, X2 əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdən, X4 əmək müqaviləsinə xx.xx.2023-cü il tarixdən xitam verilmişdir. Əmək müqaviləsi bildirişlərinin işdə olan nüsxələrinə əsasən müəyyən edilmişdir ki, onların hər üçü "xxxx" MMC ilə əmək müqaviləsi bağlamaqla fəaliyyət göstərən işçilərdir. Belə olan halda cavabdehin həmin şəxsləri iddiaçının işçisi olaraq qəbul etməsi əsassızdır. "xxxx" MMC işin qeyd olunan hallarını məhkəmənin sorğularını cavablandırmaqla təsdiq etmişdir. Şərh olunan qanunvericiliyin tələblərinə əsasən məhkəmə yekun olaraq belə nəticəyə gəlir ki, iddiaçıya münasibətdə cavabdeh tərəfindən qəbul edilmiş mübahisəli qanunsuz inzibati akt ləğv olunmalıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 67.1-ci maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.3-cü maddəsinə əsasən qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.

Nəticəvi hissə:

Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə

qərara aldı:

İddia təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X17 üzrə Baş İdarəsinin İddiaçı barəsində qəbul olunmuş **********0138 saylı, xx.xx.2023-cü tarixli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərarı ləğv edilsin. Qərardan onun təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Fərid İsmayılzadə.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar