Məhkəmə qərarları › İş №e-2-1(112)-1767/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-1767/2024

20.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-1767/2024 20.02.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X1 Baş İdarəsinin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X1 Baş İdarəsinə qarşı “ölkədən getmək hüququnun müvəqqəti məhdüdlaşdırılmasının götürülməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdığı üçün dərhal həmin məhdudlaşdırmanın götürülməsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının məhkəməyə təqdim etdiyi sonuncu ərizə nəzərə alınaraq müvafiq qərardad ilə cavabdeh əsl cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X1 Baş İdarəsi ilə əvəz edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi ərizə ilə məhkəməyə müraciət edərək vergi ödəyicisi olan "xxxx" MMC-nin dövlət büdcəsinə olan ümumilikdə 2923,64 manat məbləğində borcun ödənilməsini təmin etmək üçün həmin şəxsin icra orqanının rəhbəri olan İddiaçı barəsində ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmiş, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2- 2(113)-5533/2021 saylı qətnaməsi ilə İddiaçı ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. İddiaçı qeyd olunan məhkəmə prosesindən xəbəri olmamış və yalnız 2022-ci ilin may ayında ölkəyə gələrək ölkənin hüdudlarını təkrarən tərk etmək istəyərkən qeyd olunan məhkəmə qətnaməsindən məlumatı olmuşdur. İddiaçı qanuni təmsilçisi olduğu “Gross Sale MMC”-də (VÖEN: **********) xx.xx.2022-ci ildə tarixdə təsis payı X5 tərəfindən alınmış və sonuncu qanuni təmsilçi təyin olunmuşdur. Notarial qaydada təsdiq edilmiş alqı-satqı müqaviləsi ilə Cəmiyyətin ilk günündən X5 bütün hərəkətlərinə cavabdehliyi üzərinə götürüb, bundan öncə yaranmış və bundan sonra yaranacaq vergi, sosial müdafiə, statistika və s. borclarla bağlı öhdəliyi daşımağa razılığını bildirmişdir. İddiaçı ölkədən getmək hüququnun məhdudlaşdırılmasına dair tətbiq edilmiş məhdudiyyətin onun üzərindən götürülməsinə dair xx.xx.2023-cü il tarixində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidmətinin X1 Baş İdarəsinə müraciət etsə də, uzun müddət edilmiş müraciətə cavab verilməmiş, yalnız xx.xx.2023-cü il tarixli **********39600 saylı məktubla cavab verilərək, müraciətə baxılması, hazırda araşdırılma aparılması və araşdırma yekunlaşdıqdan sonra nəticəsi barədə məlumat veriləcəyinə dair cavab verilmişdir ki, iddiaçı hesab edir ki, araşdırmanın artıq bir neçə aydır davam etməsini nəzərə alaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidmətinin X1 Baş İdarəsin cavab məktubunu məhdudiyyətin aradan qaldırılmasından imtina kimi qiymətləndirə bilər. Göstərilənlərə əsasən tələbin təmin edilməsi xahiş edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına daxil olduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə göndərilmişdir. Cavabdeh iddiaya dair vəsatət təqdim edərək iddianın mümkün sayılmamasını xahiş etmişdir. Vəsatətdə bildirilmişdir ki, Lokal Gəlirlər Baş İdarəsi iddiaçıya qarşı ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair ərizə ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək vergi ödəyicisi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) 2923,64 manat məbləğində borcunun ödənilməməsinə görə müvafiq qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli e-2-2(113)-5533/2021 saylı qətnaməsi ilə ərizə təmin edilmiş, müvafiq vergi borcu tam ödənilənədək iddiaçının ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmış və qərar qanuni qüvvəsini almışdır. Qeyd edilir ki, xx.xx.2024-cü il tarixinə olan 70.543,75 manat məbləğində borc iddiaçının rəhbəri olduğu "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən ödənilməmişdir. İddiaçı tərəfindən 3 ilə yaxın müddət keçdikdən sonra, başqa bir məhkəmədə iddianın qaldırılması və özünün hazırda direktor olmamasını göstərməsi və məhkəmənin də iddiaçının mövqeyini təsdiqləyərək onun lehinə qərar çıxaracağı təqdirdə qərarlar arasında uyğunsuzluq yaranacaqdır. Belə ki, Bakı Kommersiya Məhkəməsinin qərarında qeyd edilən 2923,64 manat manat məbləğində vergi borcu məhz iddiaçının direktor olduğu ərəfədə yaranmış və bu hissədə də təmin olunmuşdur. Həmçinin bildirilir ki, xüsusi mülkiyyətli hüquqi şəxsin icra orqanının rəhbəri dəyişdikdə borcun alınması ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş bütün tədbirlər (bildiriş, sərəncam, əmlakın siyahıya alınması, yeni təyin olunmuş rəhbərə məhdudiyyətin tətbiqi, cinayət xarakterli materialların aidiyyəti üzrə göndərilməsi və s.) görüldükdən sonra əvvəlki rəhbərin məhdudiyyəti aradan qaldırılır (əsas vergi borcu 50 000 manatdan yuxarı olan, barəsində vergiləri, işsizlikdən sığorta, icbari tibbi sığorta və ya məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınma ilə bağlı cinayət işi başlanan və riskli vergi ödəyiciləri istisna). Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 24.0.2-1-ci maddəsinə əsasən vergi orqanı vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra dərhal həmin məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul etməyə borcludurlar. Cavabdeh hesab edir ki, bu tip işlərdə məhkəmələrin presedent yaratması istinad kimi rəhbərin dəyişilməsini göstərərək, gələcəkdə dövlət vergi borclarının alınması istiqamətində əngəl törədə və kütləvi şəkildə sui-istifadə hallarının artmasına və qanunun tətbiqinin səmərəsizliyinə gətirib çıxara bilər. Cavabdeh Azərbaycan Respublikası MPM-nin 26.1, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 24 və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli, 5 №li Qərarının 1.1-ci bəndinə istinad edərək iddianın qeyri mümkün hesab edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddianı müdafiə edərək, iddia ərizəsində göstərilənlərə uyğun məzmunda izahat verdi və iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun məzmunda izahat verərək iddia tələbinin qeyri-mümkün hesab edilməsi barədə müvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə ilk öncə qeyd edir ki, irəli sürülmüş iddia inzibati mübahisə olmaqla məcburetmə növünə aid olduğundan inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Belə ki, iddiaçı arzuladığı inzibati aktı qəbul etmək vəzifəsinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş edir. İddiaçı bu məqsədlə əvvəlcə cavabdeh inzibati orqana müraciət etmiş, arzuladığı inzibati akt qəbul edilmədiyindən hazırkı tələblə cavabdehə qarşı iddia qaldırmışdır. İPM-in 2.2.2-ci maddəsinə əsasən, inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 33.1-ci maddəsinə əsasən, məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İPM-in 33.2-ci maddəsinə əsasən, bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İddia tələb olunan mümkünlük şərtlərinə cavab verir. İddianın mahiyyətinə gəldikdə isə məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: -Dövlət Vergi Xidmətinin X1 Baş İdarəsinin 07 iyul 2023-cü il tarixli məktubundan görünür ki, iddiaçı hazırkı tələbi üzrə cavabdehə müraciət etmişdir. -Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-5533/2021 nömrəli 10 noyabr 2021-ci il tarixli qətnaməsindən görünür ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi ərizəsi təmin edilərək "xxxx" MMC-nin dövlət büdcəsinə olan ümumilikdə 2923,64 manat məbləğində borcun ödənilməsini təmin etmək məqsədi ilə onun icra orqanının rəhbəri xx.xx.1987-ci il tarixində Bakı şəhərində anadan olmuş, Bakı şəhəri Qaradağ rayonu Lökbatan Ərazi Dairəsi, Lökbatan qəsəbəsi 2-ci massiv Vilayət Əsgərov küçəsi ev 24, mənzil 32 ünvanında qeydiyyatda olan İddiaçı ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. -Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinin məhkəmənin sorğusuna cavab olaraq verdiyi 30 avqust 2023-cü il tarixli məktubdan görünür ki, "xxxx" MMC-nin qanuni təmsilçisi (rəhbəri) X2r. Məhkəmə tərəfindən müəyyən edildi ki, "xxxx" MMC-nin dövlət büdcəsinə 2923,64 manat vergi borcu olduğu üçün iddiaçının Cəmiyyətin icra orqanının rəhbəri kimi qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. Hazırda iddiaçı müəssisənin qanuni təmsilçisinin X4 olduğuna istinad edərək ölkədən getmək hüququna qoyulmuş müvəqqəti məhdudiyyətin aradan qaldırılması öhdəliyinin cavabdeh quruma həvlaə edilməsini xahiş edir. Cavabdeh isə qeyd olunan borc məbləğinin iddiaçının "xxxx" MMC-nin qanuni təmsilçisi olduğu vaxt yarandığını əsas gətirir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıda göstərilənləri qeyd edir: Azərbaycan Respublikasının Konstitusiyasının:26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. 28-ci maddəsinin İİİ hissəsinə əsasən qanuni surətdə Azərbaycan Respublikasının ərazisində olan hər kəs sərbəst hərəkət edə bilər, özünə yaşayış yeri seçə bilər və Azərbaycan Respublikasının ərazisindən kənara gedə bilər. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 16.1.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifələrindəndir. Həmin Məcəllənin 23.1.15-3-cü maddəsinə əsasən, vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək vergi orqanının hüququdur. Həmin Məcəllənin 24.1.2-1-ci maddəsinə əsasən, vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra dərhal həmin məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul etməyə borcludur. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 355-5.1-ci maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliyini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanı fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir. Yuxarıda qeyd edilən normalardan göründüyü kimi, məhdudiyyət tədbirinin vergi ödəyicisi olan fiziki şəxsə, yaxud hüquqi şəxsin icra orqanının rəhbərinə münasibətdə tətbiq edilməsi nəzərdə tutulur. Hazırkı halda da iddiaçıya qoyulmuş məhdudiyyət onun əvvəllər rəhbəri olduğu müəssisənin vergi borcunun ödənilməməsi ilə bağlıdır. Məhkəmə nəzərə alır ki, iddiaçı barəsində məhdudiyyətin tətbiqi VM-in 23.15.1-3-cü maddəsinin digər dispozisiya şərtləri ilə yanaşı, iddiaçının vergi öhdəliyi olan hüquqi şəxsin icra orqanının rəhbəri olması şərtindən irəli gəlmişdir. Lakin işin hallarından göründüyü kimi, qeyd olunan şərt sonradan aradan qalxmışdır. Belə ki, iş materiallarından müəyyən edilir ki, "xxxx" MMC-nin qanuni təmsilçisi (rəhbəri) X3r. Buna baxmayaraq cavabdeh inzibati orqan Vergi Məcəlləsinin 24.0.2-1-ci maddəsindən irəli gələn (vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra dərhal həmin məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul etmək) vəzifəsini icra etməkdən imtina etmiş, imtinanın əsası kimi, iddiaçının ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olan halın aradan qalxmadığına – "xxxx" MMC tərəfindən vergi borcunun ödənilmədiyinə əsaslanmışdır. Məhkəmə qeyd edir ki, yuxarıda istinad edilən normanın məzmununa görə, məhdudiyyətin tətbiqi üçün 1) vergi ödəyicisinin dövlət büdcəsinə vaxtı ötməmiş vergi borcu olmalıdır; 2) vergi borcu vaxtında ödənilməməlidir; 3) hüquqi şəxsə münasibətdə çıxışına məhdudiyyət qoyulacaq şəxs - icra orqanının rəhbəri olmalıdır. Normada nəzərdə tutulan əsaslardan vergi orqanının imtina məktubunda istinad etdiyi şərt – vergi borcunun olması şərti aradan qalxmasa da, məhdudiyyətin tətbiq edilməli olduğu şəxs (hüquqi şəxsin icra orqanının rəhbəri) barədə şərt aradan qalxmışdır. Buna baxmayaraq, vergi orqanının VM-in 23-cü maddəsində göstərilən hüququndan istifadə etməsi, lakin 24-cü maddədəki vəzifələrini yerinə yetirməməsi iddiaçının hüquqlarının pozulması kimi qiymətləndirilməlidir. Belə ki, iddiaçı qanuni təmsilçi olmadığı halda MMC-nin dövlət büdcəsinə olan borcuna görə ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması yolverilməzdir. İPM-in 14.3-cü maddəsinə əsasən, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Beləliklə, məhkəmənin gəldiyi qənaət ondan ibarətdir ki, iddiaçı ölkədən getmək hüququna qoyulmuş məhdudiyyətin aradan götürülməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilmiş, cavabdeh inzibati orqan isə bu şərtləri istisna edən sübutlar təqdim edə bilməmişdir. Odur ki, iddia əsaslı olduğundan təmin edilməli və İddiaçı ölkədən getmək hüququna qoyulmuş müvəqqəti məhdudlaşdırılmanın götürülməsi barədə qərar qəbul edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında X1 Baş İdarəsinin üzərinə qoyulmalıdır. «İnzibati icraat haqqında» Qanunun 17-ci maddəsinə görə fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 24.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən, inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İPM-in: -52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. -58.7-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. -68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. -68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. -73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Şərh edilənlərə əsasən və İPM-in 2, 33.1, 52, 58, 68-69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı ölkədən getmək hüququna qoyulmuş müvəqqəti məhdudlaşdırılmanın götürülməsi barədə qərar qəbul edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X1 Baş İdarəsinin üzərinə qoyulsun. Qərardan tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məlikov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar