Məhkəmə qərarları › İş №e-2-1(112)-17710/2025

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №e-2-1(112)-17710/2025

15.01.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-1(112)-17710/2025 15.01.2026 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi İbazadə Aytən Əhəd qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X6 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “iddiaçının mərhum atasının pensiyasının yenidən hesablanması və keçmiş dövr ərzində alınmamış pensiya məbləğinin ödənilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, 29) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının X1 barəsində “Əmək pensiyaları haqqında” AR Qanununun 37.3.1-ci maddəsi tətbiq edilərkən gözlənilən pensiya ödənişi müddəti aylarının sayının, pensiyanın yenidən hesablanma yaşı ilə qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırılmadan pensiyanın 2017ci və 2023-cü illər üzrə yenidən hesablanması hərəkətlərinin qanunsuz hesab edilməsi, həmçinin keçmiş dövr ərzində alınmamış pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdeh qurumun üzərinə qoyulması barədə qərar qəbul qəbul edilməsini xahiş etmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, X1 güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almış, “Əmək pensiyaları haqqında” Qanunun 9.3-cü maddəsinə əsasən mülki aviasiya sahəsindən 2006-cı ildə pensiyaya çıxmışdır. Pensiyaya çıxdıqdan sonra əmək fəaliyyətini davam etdirmişdir. Qanunvericiliyə əsasən, işləyən pensiyaçının hər növbəti altı il stajı tamam olduqda pensiyası yenidən hesablanmalıdır. Mərhumun 2017-ci və 2023-cü illər üzrə altı il stajının tamamlanması ilə əlaqədar etdiyi müraciətlər əsasında pensiyasının yenidən hesablanması həyata keçirilmişdir. Lakin cavabdeh qurum tərəfindən bu yenidən hesablanma qanunvericiliyin tələblərinə zidd olaraq, sığorta kapitalının 72 aya bölünməsi tətbiq edilmədən aparılmışdır. Cavabdeh qurum qanunu səhv tətbiq etmiş, mərhumun pensiyaya çıxdıqdan sonra qazandığı sığorta kapitalını 72 aya bölməkdən imtina etmişdir. Bu mövqe ilə razılaşmaq mümkün deyil. Cavabdeh tərəfindən aparılmış hesablanma qanunaziddir. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 45-ci maddəsinə xx.xx.2017-ci il tarixində 543 nömrəli Qanunla ikinci cümlə əlavə edilmişdir və həmin normanın geriyə şamil edilməsi barədə 543 nömrəli Qanunda hər hansı göstəriş mövcud deyil. X1 isə xx.xx.2017-ci il tarixindən əvvəl pensiyaya çıxmışdır. Ona pensiya təyin edilərkən gözlənilən pensiya ödənişi müddəti aylarının sayı 144 ay olaraq müəyyən edilmişdir. 530 nömrəli Qanunun 2.2-ci maddəsinə əsasən, həmin Qanunun 1.11-ci maddəsi (45-ci maddənin ikinci cümləsinin qanundan çıxarılması) bu Qanunun qüvvəyə mindiyi günədək təyin edilmiş yaşa görə əmək pensiyalarının yenidən hesablanmasına, eləcə də həmin günədək pensiya hüququ yaranmış şəxslərə yaşa görə əmək pensiyasının təyin edilməsi və yenidən hesablanması hallarına tətbiq edilmir. Bu isə o deməkdir ki: 530 nömrəli Qanunun qüvvəyə mindiyi günədək təyin edilmiş yaşa görə əmək pensiyalarının yenidən hesablanmasına köhnə 45-ci maddə tətbiq edilməlidir; həmin tarixədək pensiya hüququ yaranmış şəxslərə yaşa görə əmək pensiyası pensiya hüququnun yarandığı tarixdə qüvvədə olan 45-ci maddəyə əsasən təyin edilməlidir; həmin tarixədək pensiya hüququ yaranmış şəxslərin pensiyalarının yenidən hesablanması zamanı da əvvəlki qaydalar tətbiq edilməlidir. Bu baxımdan “144+” ödəniş müddəti ilə pensiyaya çıxmış şəxsin pensiyasının xx.xx.2017–xx.xx.2022-ci illər dövründə 72 aya bölünməsi mümkün deyil. 530 nömrəli Qanunun keçid müddəalarında xx.xx.2022-ci il tarixədək təyin edilmiş yaşa görə əmək pensiyalarının yenidən hesablanmasına həmin tarixdən sonra qanuna edilmiş dəyişikliklərin şamil edilməməsi açıq şəkildə göstərilmişdir. Cavabdehin mövqeyinə əsasən, gələcəkdə yaranmış yenidən hesablanma hüququna ləğv edilmiş normanın tətbiqi nəzərdə tutulursa, bu halda 530 nömrəli Qanunda xx.xx.2022-ci ilədək qazanılmış yenidən hesablanma hüququ ilə bağlı ayrıca göstərişin verilməsi məntiqsiz olardı. xx.xx.2022-ci ilədək pensiyasının yenidən hesablanması hüququ yaranan şəxslər məhz həmin tarixədək pensiya təyin edilmiş şəxslərdir. Cavabdehin mövqeyi bu baxımdan aşkar şəkildə əsassızdır, çünki qanunvericilikdə xx.xx.2022-ci ilədək pensiyaya çıxanların pensiyasının yenidən hesablanması qaydası barədə eyni məzmunlu göstərişin iki dəfə verilməsi nə mümkün, nə də faktiki olaraq mövcuddur. Bununla yanaşı, cavabdehin məsul şəxsləri “144+” ödəniş müddəti ilə pensiyaya çıxmış şəxslərin qazanılmış hüquqlarının saxlanılmalı olduğunu, “144” ödəniş müddəti ilə pensiyaya çıxmış şəxslərə isə bu hüquqların şamil edilməməli olduğunu hesab edirlər ki, bu da qanunvericiliyin prinsiplərinə ziddir. Xüsusilə qeyd edilməlidir ki, cavabdeh inzibati icraat qaydalarını pozaraq, pensiyanın yenidən hesablanması barədə qəbul edilmiş qərarın nömrə və tarixini bildirməkdən, eləcə də mərhum barəsində qəbul edilmiş inzibati aktın təqdim edilməsindən imtina etmişdir.

3. Cavabdeh etirazını onunla əsaslandırılmışdır ki, iddiaçının mərhum atası N.Əhmədov xx.xx.2025-ci il tarixində vəfat etmişdir. Mərhum N.Əhmədovun əmək pensiyası Mərkəzi Filialın xx.xx.2023-cü il tarixli 3-17-1/3-1889/2023 nömrəli qərarı ilə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 37.3.1-ci maddəsinin tələblərinə əsasən yenidən hesablanmışdır. Mərhum iddiaçı bu hesablanma qaydası ilə razılaşmış, narazılığını nə Mərkəzi Filiala bildirmiş, nə də ərizə ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tərəfindən həmin inzibati aktın mübahisəndirilməsi üçün onun prossesual varisliyinin mövcud olması iddianı mümkün edən əsas tələblərdən biridir. Şəxsə prossesual varislik hüququnun verilməsi və həmin hüququn realizə edilməsini tənzimləyən norma Azərbaycan Respublikası Mülki Məcəlləsinin 58-ci maddəsidir. Həmin maddədə qeyd olunmuşdur: “Barəsində mübahisə edilən hüquq münasibətində və ya qətnamə ilə müəyyən edilən hüquq münasibətində tərəflərdən biri sıradan çıxdıqda (şəxs öldükdə, hüquqi şəxs yenidən təşkil edildikdə, tələb güzəşt edildikdə, borc köçürüldükdə və maddi hüquq münasibətlərində şəxslərin dəyişməsinin digər hallarında) məhkəmə həmin tərəfi onun hüquq varisi ilə əvəz etməyə yol verir. Hüquq varisliyi prosesin hər hansı mərhələsində mümkündür." Göründüyü kimi mərhum N.Əhmədov öz əmək pensiyasının yenidən hesablanması barədə narazılığını nə Mərkəzi Filiala bildirmiş, nə də eyni tələblə bağlı məhkəməyə müraciət etmişdir. Bu səbəbdən də iddiaçının prosessual hüquqi varisliyi yaranmamışdır. İddiaçının iddiasının mümkünlüyü ilə bağlı digər məsələ isə onun subyektiv hüququnun olmaması ilə əlaqədardır. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 36.6-cı maddəsində “iştirakçının şəxsiyyəti ilə birbaşa bağlı olan hüquqların hüquqi varislik qaydasında keçməsinə yol verilmir" qeyd olunmuşdur. Mərhumun inzibati orqana müraciəti olsa belə, oğlu İddiaçı həmin inzibatı aktı mübahisənləndirmək üçün subyektiv hüququ qanunvericilik tərəfindən tanınmamışdır Yəni, iddia edilən inzibati icraatın iştirakçısı mərhum N.Əhmədov olduğu halda iştirakçının şəxsiyyəti ilə bağlı olan hüquqlarının oğlu tərəfindən tələb edilməsi üçün subyektiv hüququnun yaranması mümkün deyildir. Beləliklə, inzibati hüquq münasibəti Mərkəzi Filialla mərhum N.Əhmədov arasında yaranmış, davam etmiş və mərhumun ölümü ilə həmin münasibətə xitam verilmişdir.

4. Cavabdehin iddiaçının müraciətinə əsasən məktubunda bildirilmişdir ki, “mərhum atanız X2 Fondun keçmiş Binəqədi rayon şöbəsi tərəfindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilib. Eyni zamanda bildiririk ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 37.3.1-ci maddəsinin xx.xx.2022-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən işləyən əmək pensiyaçılarına yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir və şəxslər işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə, yaxud pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədikdə həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. Sonrakı belə hesablamalar bu maddədə göstərilən şərt nəzərə alınmaqla hər növbəti 6 ildən bir həyata keçirilir. Bununla əlaqədar olaraq, mərhum Nizami Əhmədov 6 il və daha çox işlədiyinə görə əmək pensiyası xx.xx.2017-ci il tarixindən yenidən hesablanaraq 1387,46 manatdan 2851,12 manata (indeksləşdirilərək xx.xx.2022ci il tarixinə 4168,99 manat) artırılıb. Qanunun 45-ci maddəsinə əsasən gözlənilən pensiya ödənişi müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin maddənin xx.xx.2022-ci il tarixinədək qüvvədə olmuş ikinci cümləsinə uyğun olaraq Qanunun 9-cu maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin olunan şəxslərin əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı (144 ay) güzəştli şərtlə pensiyaya çıxma yaşı ilə Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırılır. Azərbaycan Respublikasının xx.xx.2022-ci il tarixindən qüvvəyə minmiş xx.xx.2022-ci il tarixli 530-VİQD nömrəli Qanununun 1.11-ci maddəsinə əsasən “Əmək pensiyaları haqqında” Qanunun 45-ci maddəsinin ikinci cümləsi Qanundan çıxarılıb. Eyni zamanda, Azərbaycan Respublikasının xx.xx.2022-ci il tarixli 530-VİQD nömrəli Qanununun 2.2-ci maddəsinə əsasən, qeyd olunan 1.11-ci maddə Qanunun qüvvəyə mindiyi günədək təyin edilmiş yaşa görə əmək pensiyalarının yenidən hesablanmasına, eləcə də həmin günədək pensiya hüququ yaranmış şəxslərə yaşa görə əmək pensiyasının təyin edilməsi və yenidən hesablanması hallarına münasibətdə tətbiq edilmir. Mərkəzi Filial tərəfindən aparılan araşdırma zamanı, onun xx.xx.2022-ci il tarixindən əvvəl pensiya təyin olunmasına baxmayaraq, mərhum atanız Nizami Əhmədov işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyi xx.xx.2022-ci il tarixindən pensiyası yenidən hesablanarkən, fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı Qanunun 37.3.1-ci maddəsinin və 45-ci maddəsinin ikinci cümləsinin tələblərinə uyğun qaydada gözlənilən pensiya ödənişi müddətinin aylarının sayına 94 aya (65 il-63 il 3 ay=22 ay+(144 ay-72 ay (əmək pensiyaçısı kimi işlədiyi ayların sayı))) bölünməli olduğu halda, səhvən 72 aya bölündüyü müəyyən edilib. Belə ki, 150356,76 manat pensiya kapitalı 94 aya bölünməklə əmək pensiyasının (4168,99 manat) üzərinə 1599,54 (150356,76:94) manat əlavə edilərək pensiya məbləği 5768,53 (4168,99+1599,54) manata (indeksləşdirilərək xx.xx.2025-ci il tarixinə 7378,80 manat) artırılmalı olduğu halda, 150356,88 manat pensiya kapitalı 72 aya bölünməklə 2088,29 (150356,88:72) manat əmək pensiyasının üzərinə əlavə edilərək pensiya məbləği 6257,28 (4168,99+2088,29) manata (indeksləşdirilərək xx.xx.2025-ci il tarixinə 8002,19 manat) artırılaraq mərhum Nizami Əhmədova ödənilib. Qeyd olunanlara əsasən, mərhum Nizami Əhmədova 2569,42 manat artıq pul vəsaiti ödənildiyi müəyyən edilib. Qanunun 39.4-cü maddəsinə əsasən “borc ödənilib qurtarmamış əmək pensiyası və əmək pensiyasına əlavənin verilməsi bu Qanunla müəyyən edilmiş hallarda dayandırılarsa, borcun qalan hissəsi könüllü və ya məhkəmə qaydasında qaytarılır”.

5. Məhkəmə iclasında iştirak edən iddiaçı iddianın təmin edilməsini xahiş etdi.

6. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddianın təmin edilməməsini xahiş etdi.

II. İddianın mümkünlüyü

7. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verilir. Lakin bu hüquq mütləq hüquq deyil və müəyyən qanuni məhdudiyyətlərə (məsələn, iddia müddəti, şikayətin qəbul edilmə şərtinə cavab verməməsi və s), məruz qoyula bilər. Lakin ədalət mühakiməsi hüququ onun mahiyyətinə xələl gətirə biləcək dərəcədə məhdudlaşdırılmamalıdır.

8. Məhkəmə müdafiəsi hüququ bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə ağlabatan müddətdə baxmaq və onlara dair ədalətli qərar qəbul edərək, onların vaxtında icra edilməsi vəzifəsini müəyyən edir. Qeyd olunan hüququn vacibliyinə baxmayaraq, o mütləq deyil. Bu hüququ məhdudlaşdıran tədbirlər Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinin və 71-ci maddəsinin İİ hissəsinin, habelə “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 3-cü maddəsinin müddəaları baxımından legitim məqsədlərə nail olmaq üçün tətbiq edilməli, mütənasiblik meyarına cavab verərək onun əsas mahiyyətinə toxunmamalıdır.

9. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli № 05 qərarı: 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.2. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 4.1. İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. 4.2. Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar... 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır...

9. Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır.

10. Belə olan halda inzibati icraat qaydasında baxılan istənilən iddia inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən, qanunla müəyyən edilən iddia müddətləri daxilində və müvafiq cavabdehlik daşıyan inzibati orqana qarşı qaldırılmalı, hüquq və azadlıqların pozuntusu sübutlar da əlavə olunmaqla əsaslandırmalıdır ki, onun məhkəmə icraatı mümkün sayılsın.

11. Qeyd olunmalıdır ki, subyektiv hüquq hər hansı bir şəxsin qanun, müqavilə və ya inzibati aktla tanınan və digər şəxslərdən müəyyən hərəkətləri etməyi, bu cür hərəkətlərə dözməyi və ya hərəkətsizlik nümayiş etdirməyi tələb etmək imkanıdır. İddiaçı iddia ərizəsində belə tələb hüququna istinad etməlidir. Subyektiv hüquqlara xüsusilə Konstitusiyada təsbit olunmuş əsas hüquqlar, eləcə də qanunlardan irəli gələn subyektiv hüquqlar aiddir. Qanunla qorunan maraqlar, əslində subyektiv hüquqlarla eyniyyət təşkil edir. Məhkəmə müdafiəsi hüququna hüquq və azadlıqları, eləcə də qanunla qorunan maraqları pozulmuş fiziki və hüquqi şəxslər aiddir. Məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsində məqsəd fiziki və ya hüquqi şəxslərin pozulmuş və ya pozulması ehtimal edilən hüquq və azadlıqlarını, habelə qanunla qorunan maraqlarını qorumaq və təmin etməkdən ibarətdir. Deməli, məhkəmə müdafiəsi hüququnun realizə edilməsinin prosessual forması olan məhkəmə icraatının vəzifələri də məhz həmin məqsədə nail olunmasına yönəlmişdir. İddia tələbini irəli sürmüş şəxsin müvafiq subyektiv hüquqlara malik olmaması, onun başqa şəxslərdən tələb etmək və müdafiə olunmaq hüququnu istisna edir.

12. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsi inzibati orqanların qərarlarına və digər inzibati fəaliyyət formalarına qarşı inzibati məhkəmə prosesi qaydasında hüquqi müdafiə sistemini nəzərdə tutur.

13. İddianın mümkünlüyü haqqında müddəaların tələblərinə görə iddiaçı hüquqları pozulduğu halda məhkəməyə şikayət edə bilər. Məhkəmə müdafiəsi hüququna hüquq və azadlıqları, eləcə də qanunla qorunan maraqları pozulmuş fiziki və hüquqi şəxslər aiddir. Məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsində məqsəd fiziki və ya hüquqi şəxslərin pozulmuş və ya pozulması ehtimal edilən hüquq və azadlıqlarını, habelə qanunla qorunan maraqlarını qorumaq və təmin etməkdən ibarətdir. Deməli, məhkəmə müdafiəsi hüququnun realizə edilməsinin prosessual forması olan məhkəmə icraatının vəzifələri də məhz həmin məqsədə nail olunmasına yönəlmişdir.

14. İddia tələbi X1 barəsində “Əmək pensiyaları haqqında” AR Qanununun 37.3.1-ci maddəsi tətbiq edilərkən gözlənilən pensiya ödənişi müddəti aylarının sayının, pensiyanın yenidən hesablanma yaşı ilə qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırılmadan pensiyanın 2017-ci və 2023-cü illər üzrə yenidən hesablanmasına dair cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi, həmçinin keçmiş dövr ərzində alınmamış pensiya məbləğinin ödənilməsindən ibarətdir.

15. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən: 1.1. Bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin (bundan sonra inzibati mübahisələr) məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. 1.2. Bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər.

16. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə əsasən: Maddə 58. Prosessual hüquq varisliyi 58.1. Barəsində mübahisə edilən hüquq münasibətində və ya qətnamə ilə müəyyən edilən hüquq münasibətində tərəflərdən biri sıradan çıxdıqda (şəxs öldükdə, hüquqi şəxs yenidən təşkil edildikdə, tələb güzəşt edildikdə, borc köçürüldükdə və maddi hüquq münasibətlərində şəxslərin dəyişməsinin digər hallarında) məhkəmə həmin tərəfi onun hüquq varisi ilə əvəz etməyə yol verir. Hüquq varisliyi prosesin hər hansı mərhələsində mümkündür.

17. Göründüyü kimi şəxs öldükdə məhkəmə həmin tərəfi onun hüquq varisi ilə əvəz etməyə o halda yol verir ki, barəsində mübahisə edilən hüquq münasibəti və ya qətnamə ilə müəyyən edilən hüquq münasibəti mövcud olmuş olsun. İddiaçının mərhum atası isə əmək pensiyasının Qanunun 37.3.1-ci maddəsi tətbiqi ilə əlaqədar hesablanma qaydası ilə razılaşmış, narazılığını pensiya təyin edən orqana – cavabdehə bildirməmiş, bu barədə ərizə ilə məhkəməyə müraciət etməmişdir.

18. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçı hazırkı iddia ərizəsi ilə ölmüş şəxsin əmək pensiyasının yenidən hesablanmasını xahiş etmişdir ki, bu da məhkəmə tərəfindən iddiaçının belə bir iddia qaldırması üçün subyektiv hüququnun olmaması kimi qiymətləndirilir. Belə ki, əmək pensiyası almaq hüququ şəxslə ayrılmaz surətlə bağlı olan hüquqdur, onun həyatda olmasına bağlıdır, buna görə mirasın tərkibinə daxil edilmir. Hazırkı iddia tələbindən göründüyü kimi, iddiaçı mərhumun pensiya hüquqlarının həyata keçirilməsi ilə bağlı hərəkətləri mübahisələndirir.

19. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun: 36.6. İnzibati icraatda maddi hüququn hüquqi varisliklə bağlı müddəaları tətbiq edilir. İştirakçının şəxsiyyəti ilə birbaşa bağlı olan hüquqların hüquqi varislik qaydasında keçməsinə yol verilmir.

20. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, sosial təminat hüququ (pensiya hüququ) fərdi hüquqdur, kollektiv və ya varislik yolu ilə ötürülən hüquq deyil. Ölmüş şəxs ilə cavabdeh orqan arasında pensiya hüququnun həyata keçirilməsi ilə bağlı hazırkı mübahisə mövcud olmamışdır. Odur ki, həmin hüquqların həyata keçirilməsinə hüquqi varislik qaydasında keçirilməsinə yol verilə bilməz. Beləliklə iddiaçının mərhum atası barəsində cavabdeh tərəfindən aparılmış pensiyanın yenidən hesablanmasına dair hərəkətlərin qanunsuz hesab edilməsi, keçmiş dövr ərzində alınmamış pensiya məbləğinin ödənilməsi ilə bağlı hüquqi müdafiəyə ehtiyacı olmamaqla hüquqi marağı, nəticə etibarilə iddia tələbini irəli sürməyə subyektiv hüququ yoxdur. Ona görə də iddia mümkün sayılmamalıdır.

21. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.

22. Göstərilənlərə əsasən və İPM-in 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Ləman Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar