Məhkəmə qərarları › İş №e-2-1(112)-1783/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-1783/2024

16.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-1783/2024 16.08.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “qərarların ləğv edilməsi, müvafiq əlillik dərəcəsinin təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənov İlkin Mürşüd oğlunun katibliyi, iddiaçı nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “qərarların ləğv edilməsi, müvafiq əlillik dərəcəsinin təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə inzibati işə 16 avqust 2024-cü il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: xx.xx.1966-cı il təvəllüdlü İddiaçı (bundan sonra – iddiaçı) xx.xx.2003-cü il tarixdən 1 il müddətinə, “Keçirilmiş QKB travmasının qalıq əlamətləri.travmadan sonrakı ensefalopatiya. mülayim dərəcədə nəzərə çarpan vegetativ damar pozulmaları ilə” diaqnozu ilə üçüncü dərəcə əlillik təyin edilmişdir. İddiaçıya xx.xx.2011-ci il tarixdən 1 il müddətinə, “Keçirilmiş QKB travmasının qalıq əlamətləri.travmadan sonrakı ensefalopatiya.mülayim dərəcədə nəzərə çarpan vegetativ damar pozulmaları ilə” diaqnozu ikinci dərəcə əlillik təyin edilmişdir. İddiaçıya xx.xx.2014-cü il tarixdə 1 il müddətinə eyni diaqnoz ilə ikinci dərəcəli əlillik təyin edilmişdir. İddiaçıya xx.xx.2015-ci il tarixdən 1 il müddətinə, “KKBT davamlı qalıq əlamətləri. Postravmatik ensefalopatiya. Kəskin təzahür edən asteno-nevrotik sindrom.tea-tea təkrarlanan vegetativ damar paroksizmləri ilə Hipertoniya xəst.İİ mər”” diaqnozu ilə ikinci dərəcə əlillik təyin edilmişdir. İddiaçıya xx.xx.2016-cı il tarixdən 5 il müddətinə eyni diaqnoz ilə ikinci dərəcə əlillik təyin edilmişdir. İddiaçıya Tibbi-Sosial Ekspert Komissiyasının xx.xx.2021-cü il tarixli qərarı ilə Diaqnoz əlillik əlaməti təyin etməməsi səbəbindən əlillik təyin edilməsindən imtina edilmişdir. İddia tələbi və iddiaçının əsaslandırması, cavabdehin etirazları və digər prosessual hərəkətlər: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin 16 iyul 2021-ci il tarixli, xxxxxxx0008 saylı və 25 iyun 2024-cü il tarixli 3-17-4/3-3-4586/2024 saylı qərarlarının ləğv edilməsi və iddiaçıya 06 iyul 2021-ci ildən müddətsiz 2-ci dərəcəli əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir (İddia tələbi dəqiqləşdirilmişdir). İşin yuxarıda qeyd edilən hallarına istinadən tələb onunla əsaslandırılmışdır ki, hərbi xidmətlərdə aldığı xəsarətlərlə bağlı müxtəlif vaxtlarda müalicə və müayinə olunsa da, heç bir nəticəsi olmamış, toplanmış sənədlər əsasında 5 saylı Tibbi Sosial Ekspert komissiyası tərəfindən xx.xx.2003-cü ildə ona əllik dərəcəsi verilmişdir. Ondan sonrakı müddətdə hər il Komissiya tərəfindən müayinə olunmuş, onun ikinci dərəcəli əlilliyi təyin edilmiş, sonuncu dəfə isə xx.xx.2016-cı ildə ona 5 il müddətinə əlillik təyin edilmiş, bu müddət bitdikdən sonrakı müddətdə təkrarən Komissiyaya müraciət etsə də, xx.xx.2021-ci ildə ona imtina edilmiş, eləcə də 2022 və 2023-cü illərdə dəfələrlə müraciət etsə də, hər dəfə bir bəhanə ilə ona imtina edilmiş, əsas kimi müalicə və müayinələrin davam etdirilməli olmasına istinad edilmişdir. Hesab edir ki, cavabdehin imtinası və iddiaçının müraciətləri ilə bağlı hərəkətsizliyi qanunsuz və əsassız olmaqla onun hüquqlarını məhdudlaşdırır. Belə ki, 1992-1997-ci illərdə döyüşlərdə aldığı müxtəlif dərəcəli bədən xəsarətləri nəticəsində 2003-cü ildə əlillik təyin edilmiş və hər il mütəmadi müayinələrə cəlb edilmiş şəxsin birdənbirə məhz 2021-ci ilin sonlarında sağalması ağlabatan deyil və gülünc imtinadır. Halbuki məhz müharibə dövründə gedən döyüşlərdə aldığı xəsarətlərdən xəstəlik tapmış, hazırki vəziyyətdə isə bu xəstəliklər daha da şiddətlənmişdir. Buna baxmayaraq cavabdeh inzibati orqan hər dəfə bir bəhanə ilə ona və onun kimi bir çox şəxslərə əlillik təyin etməkdən imtina edir, bunu müxtəlif bəhanələrlə izah etməyə çalışırlar. Bundan əlavə, Mərkəzi Hərbi Poliklinikanın verdiyi xx.xx.2003-cü il tarixli məktubundan müəyyən olunur ki, N saylı hərbi hissənin sabiq əsgəri İddiaçı Mərkəzi Hərbi Poliklinikanın hərbi həkim komissiyası tərəfindən xx.xx.1992-ci ildə keçirilmiş qapalı kəllə beyin travması nəticəsində mülayim vegetativ-damar pozulması nəticəsində diaqnozu ilə SSRİ MN-nin o vaxt qüvvədə olmuş 1987-ci il tarixli 260 saylı əmrinin İ qrafasının 12-ci maddəsinə əsasən tibbi şəhadətləndirilmiş və xəstəliyə görə 60 gün müddətində 07.10- xx.xx.1992-ci ildək məzuniyyətə ehtiyacı var, travma “Azərbaycan Respublikasının müdafiəsində alınmışdır” rəyi 1704 saylı 12 formalı tibbi arayış verilmişdir. AR Müdafiə Nazirliyi Baş Klinik Hospitalın xx.xx.2021-ci il tarixli 9559 saylı arayışından müəyyən olunur ki, N saylı hərbi hissənin sabiq əsgəri İddiaçı həqiqətən xx.xx.1992-ci ildən Baş Klinik Hospitalda stasionar müalicə və müayinə olunmuşdur. Cavabdeh iddiaya yazılı etirazını məhkəməyə təqdim edərək iddia tələbinin mümkün sayılmaması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçının əlillik vəziyyətinə Bakı 30 nömrəli Ambulatoriyasının xx.xx.2021-ci il tarixli göndərişi əsasında baxılmış və Diaqnozun mətni: Sinirlərin bədənin bir neçə nahiyələrinin prosesə cəlb olunması ilə müştərək travmaları, Keçirilmiş kəllə-beyin travmasının qalıq əlamətləri (1992-ci il). Digər neqativ pozğunluqlar, Kəskin təzahür edən asteno-nevrotik sindromla vegetativ damar paroksizmaları ilə.Kəllədaxili travmaların nəticələri, Posttravmatik ensefalopatiya.Üçlü sinirin zədələnməsi, Üçlü sinirin zədələnməsi. Digər kəllə sinirlərinin zədələnmələri, Digər kəllə-beyin sinirlərinin zədələnməsi. Essensial [birincili] hipertenziya, Hipertoniya xəstəliyi İİ mərhələ; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar verilirr.” səbəbi ilə imtina verilmişdir. Göründüyü kimi, İddiaçı əlillik vəziyyətinə xx.xx.2021-ci il tarixli göndəriş əsasında baxıldıqdan sonra xx.xx.2021-ci il tarixdə verilən əlillik təyinatından imtina qərarından iddiaçının 30 gün müddətində məhkəməyə şikayət vermək hüququ olmasına baxmayaraq, o iddia müddətini ötürməklə məhkəməyə şikayət etmişdir. Tərəflərin iştirakı və izahatları: İddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Cavabdehin nümayəndəsi iddia tələbinə etirazı müdafiə edərək rədd edilməsi barədə qərar qəbil edilməsini xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Hazırki iddianın növü məcburetmə haqqında iddiadır. İPM-in 2.1 və 2.2.2-ci maddələrinə görə inzibati məhkəmə icraatında inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) baxılır. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımi qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. Məhkəmə iddiaçı tərəfindən iddianın mümkünlüyü ilə bağlı etirazına dair bildirir ki, əvvəla iddiaçıya əlillik təyin edilməsindən imtina barədə cavabdehin xx.xx.2021-ci il tarixli qararın iddiaçıya hansı tarixdə verilməsinə dair cavabdeh hər hansı sübut təqdim etməmişdir. Məhkəmə qeyd edir ki, prosessual müddətin ötürülməsi qənaətinə gəlmək üçün ilk öncə müddətin axımının başlanması anını müəyyən etmək lazımdır. Cavabdeh isə həmin qərarı iddiaçıya hansı tarixdə təqdim edilməsinə dair hər hansı sübut təqdim edə bilmir. Oxşar iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2- 1(102)-2121/2023 nömrəli iş üzrə, xx.xx.2023-cü iİ tarixli qərarında məhkəmə kollegiyası qeyd etmişdir ki, “…məhkəmə kollegiyası qeyd edir ki, qeyd olunan arayışda iddiaçının xx.xx.2020-ci il tarixdə müayinə olunduğu bildirilsə də, həmin sənədin rəsmi qaydada iddiaçıya hansı tarixdə təqdim edilməsi ilə bağlı iş materiallarında sübut yoxdur. İddiaçı isə belə nəticədən məlumatlı olmadığını və ona müddətsiz ikinci dərəcəli əlillik təyin edildiyini gözlədiyini bildirmişdir. Bundan başqa, iddiaçı ona müddətsiz ikinci dərəcəli əlillik təyin edilməsi ilə bağlı xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli ərizələrlə cavabdeh inzibati orqana müraciət etmiş, sonuncu müraciəti xx.xx.2022-ci il tarixdə cavabdeh inzibati orqana rəsmi qaydada çatdırılmasına baxmayaraq, cavabdeh hərəkətsizlik göstərərək iddiaçının müraciətinə münasibət bildirməmiş, bu səbəbdən iddiaçı hazırki iddia tələbi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət etmişdir. Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsinin istinad etdiyi arayışın iddiaçıya hansı tarixdə rəsmi qaydada təqdim edilməsi ilə bağlı iş materiallarında sübut olmadığından, iddiaçı rəsmi qaydada cavabdeh inzibati orqana ərizə ilə müraciət etdiyindən, lakin cavabdeh hərəkətsizlik göstərdiyindən və iddiaçı müddət ötürmədən iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyindən məhkəmə kollegiyası hesab edir ki, hazırki iddia mümkün iddiadır və apellyasiya instansiyası məhkəməsi tərəfindən iddiaya mahiyyəti üzrə baxılaraq müvafiq qərar qəbul edilməlidir”. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: İşin mübahisələndirilməyən hallarına əsasən iddiaçıya ilk dəfə xx.xx.2003-cü il tarixdə əlillik təyinatı aparılmışdır. İddiaçıya xx.xx.2003-cü il tarixdə “Keçirilmiş QKB travmasının qalıq əlamətləri.travmadan sonrakı ensefalopatiya. mülayim dərəcədə nəzərə çarpan vegetativ damar pozulmaları ilə” diaqnozu ilə 1 il müddətinə yenidən ikinci dərəcə əlillik təyin edilmişdir. Cavabdeh tərəfindən təqdim edilən iddiaçıya dair əlillik işində olmasa, da iddiaçının təqdim etdiyi illər üzrə Tibbi Sosial Ekspert Komissiyasının arayışlarından müəyyən edilir ki, iddiaçı hər il müayinədən keçərək ona əlillik təyinatı aparılmışdır. Cavabdehin təqdim etdiyi tibbi sənədlərdən müəyyən edilir ki, iddiaçıya xx.xx.2011-ci il tarixdən 1 il müddətinə, “Keçirilmiş QKB travmasının qalıq əlamətləri. travmadan sonrakı ensefalopatiya.mülayim dərəcədə nəzərə çarpan vegetativ damar pozulmaları ilə” diaqnozu ikinci dərəcə əlillik təyin edilmişdir. İddiaçıya xx.xx.2014-cü il tarixdə 1 il müddətinə eyni diaqnoz ilə ikinci dərəcəli əlillik təyin edilmişdir. İddiaçıya xx.xx.2015-ci il tarixdən 1 il müddətinə, “KKBT davamlı qalıq əlamətləri.Postravmatik ensefalopatiya. Kəskin təzahür edən asteno-nevrotik sindrom.teatea təkrarlanan vegetativ damar paroksizmləri ilə Hipertoniya xəst.İİ mər”” diaqnozu ilə ikinci dərəcə əlillik təyin edilmişdir. İddiaçıya xx.xx.2016-cı il tarixdən 5 il müddətinə eyni diaqnoz ilə ikinci dərəcə əlillik təyin edilmişdir. Lakin 6.07.2021-ci ildə göndəriş əsasında cavabdeh iddiaçıya əlillik təyin edilməsindən imtina etmiş, imtinaya əsas kimi iddiaçının Diaqnoz əlillik əlaməti təyin etməməsi göstərilmişdir. İddiaçının əyani müayinəsinin nəticəsində də, ona diaqnozun əlillik təyin edilməsinə əsas verməməsi əsası ilə əlillik təyinatı aparılmamışdır. İddiaçı hazırda cavabdehin hər iki qərarını mübahisələndirir və son göndəriş, yəni 6.07.2021-ci il tarixli göndəriş əsasında ona müvafiq əlillik dərəcəsinin verilməsini xahiş edir. Məhkəmə hesab edir ki, cavabdehin hər iki imtinası əsassızdır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin qiymətləndirilməsi Qaydasına əsasən: 1.6. Əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır (hazırkı redaksiyası: 1.6. Orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır.). 1.8. Əlillik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulan insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri və “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə əsasən müəyyən olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş, “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydaları”: Bənd 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə əsasən hazırlanmışdır və Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə və əcnəbilərə (bundan sonra – şəxs) əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin (bundan sonra – göndəriş) verilməsi ilə bağlı münasibətləri tənzimləyir. 1.5. Göndəriş verilməsi üçün əsas şərtlər aşağıdakılardır: 1.5.1. şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.5.2. şəxsdə bu Qaydaya 1 nömrəli əlavədə qeyd olunan xəstəliklərin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir); 1.5.3. əlillik müddətinin bitməsindən sonra bu Qaydanın 1.5.1-ci və 1.5.2-ci yarımbəndlərində qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi. Məhkəmə cavabdehin imtinası, yəni iddiaçıda olan diqaqnozun əlillik təyinatın əsas verməməsi ilə bağlı qeyd edir ki, hazırkı işin hallarından müəyyən edillir ki, iddiaçının müraciətinə əsasən 6.07.2021-ci il tarixli göndəriş əsasında baxılmış və “Sinirlərin bədənin bir neçə nahiyələrinin prosesə cəlb olunması ilə müştərək travmaları, Keçirilmiş kəll-beyin travmasının qalıq əlamətləri (1992-ci il).Digər neqativ pozğunluqlar. Kəskin təzahür edən asteno-nevrotik sindromla vegetativ damar paroksizmaları ilə. Kəllədaxili travmaların nəticələri, Posttravmatik ensefalopatiya. Üçlü sinirin zədələnməsi, Üçlü sinirin zədələnməsi. Digər kəllə sinirlərinin zədələnmələri, Digər kəllə-beyin sinirlərinin zədələnməsi. Essensial [birincili] hipertenziya, hipertoniya xəstəliyi İİ mərhələ” diaqnozu qoyulmuşdur. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə məhkəmə-tibbi ekpertizası təyin edilərək Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X3 ekspertlərinə tapşırılmışdır. Məhkəməyə təqdim edilmiş T 20/2024 №-li ekspert rəyində qeyd edilmişdir ki, SN-nin “Məhkəmə Tibbi Ekspertizası və X4” X6 müalicə müəssisəsi olmadığından onun hazırda xx.xx.2021-ci il tarixli 2741003AABUV saylı Forma 088 göndərişində qeyd olunan xəstəliklərdən əziyyət çəkib-çəkməməsi barədə konkret fikir söyləmək mümkün deyildir. Lakin iş materiallarında olan tibbi sənədlərə əsasən İddiaçı adına müvafiq tibb müəssisəsində tərtib edilmiş həmin göndərişdə XBT 10 kodu ilə onda qeyd edilmiş “Əsas diaqnoz: T06.2- Sinirlərin bədənin bir neçə nahiyələrinin prosesə cəlb olunması ilə müştərək travmaları. Keçirilmiş kəllə-beyin travmasının qalıq əlamətləri. (1992-ci il); Ağırlaşma: G52-Digər kəllə sinirlərinin zədələnməsi; G50- Üçlü sinirin zədələnməsi. T90.5- Kəllədaxili travmaların nəticələri. Postravmatik ensefalopatiya. F48- Digər neqativ pozğunluqlar. Kəskin təzahür edən asteno-nevrotik sindromla vegetativ damar paroksizmaları ilə. Yanaşı xəstəliklər: İlO-Essensial (birincili) hipertenziya. Hipertoniya xəstəliyi İİ mərhələ” diaqnoz ona stasionarlarda müalicəsi zamanı anamnestik, klinik, laborator-instrumental müayinələrin əsasında müəyyən edildiyindən onun həmin xəstəliklərdən hazırda əziyyət çəkməsini inkar etmək də mümkün deyildir. Diaqnozdakı əsas xəstəlik və ağırlaşmaları Azərbaycan Respublikasının ərazi bütövlüyü ilə əlaqədar gedən döyüşlər zamanı alınmışdır. Əsas diaqnoz xroniki hala keçdiyindən qeyd edilən “Digər kəllə sinirlərinin zədələnməsi; Üçlü sinirin zədələnməsi. Kəllədaxili travmaların nəticələri.Postravmatik ensefalopatiya. Digər neqativ pozğunluqlar. Kəskin təzahür edən asteno-nevrotik sindromla vegetativ damar paroksizmaları ilə” ağırlaşmalarla nəticələnmişdir. İddiaçı xəstəliklərinin tam reablitasiyası müalicə ilə mümkün deyildir. Cavabdehin əyani müayinə nəticəsindən görünür ki, cavabdeh iddiaçının instrumental müayinəsini deyil, əyani müayinəsini apararaq iddiaçıda olan diaqnozun əlillik təyinatına əsas verməməsi qərarına gəlmişdir. Əyani müayinənin nəticələri əsaslandırılmamış, iddiaçının təqdim etdiyi tibbi sənədlərə əsasən onda müşahidə olunan diaqnozların öz təsdiqini tapmadığı bildirilmişdir. Halbuki iddiaçıda olan diaqnozların həqiqətən də olub-olmaması əyani (vizual) müayinə nəticəsində müəyyən edilməsi mümkün deyildir. Belə ki, iddiaçı “Sinirlərin bədənin bir neçə nahiyələrinin prosesə cəlb olunması ilə müştərək travmaları, Keçirilmiş kəll-beyin travmasının qalıq əlamətləri (1992-ci il).Digər neqativ pozğunluqlar. Kəskin təzahür edən asteno-nevrotik sindromla vegetativ damar paroksizmaları ilə. Kəllədaxili travmaların nəticələri, Posttravmatik ensefalopatiya. Üçlü sinirin zədələnməsi, Üçlü sinirin zədələnməsi. Digər kəllə sinirlərinin zədələnmələri, Digər kəllə-beyin sinirlərinin zədələnməsi. Essensial [birincili] hipertenziya, hipertoniya xəstəliyi İİ mərhələ” xəstəliklərindən əziyyət çəkir. Bu xəstəliklərin iddiaçıda olması ekspert rəyi və digər tibbi sənədlərlə müəyyən edilir. Cavabdeh isə, əyani müayinə apararkən belə nəticəyə gəlmişdir ki, “Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı müayinə otağına əsa ilə daxil olmuş, sol diz oynağında ağrı və hərəkət məhdudluğu, damarlarında dartınma hissindən şikayətlənmişdir. Anamnestik məlumatlarında 1996-cı ildə yaralandığını qeyd etmişdir. Müayinə zamanı qarının ön divarında aşağı orta laparotomiyanın çapığı, sol dizində, sol budun yuxarı 1/3-də çapıqlar izlənilmiş, diz oynağında 180-90 dərəcəyə qədər hərəkət həcmi göstərmiş, palpasiyada qarnı yumşaq və ağrısız olmuşdur. Nevroloji statusunda kranial sinirlər tərəfindən ocaqlı patologiya aşkar edilməmiş, vətər və sümüküstü reflekslər canlı alınmış D=S, əzələ gücü və tonus norma daxilində olmuş, yuxarı və aşağı ətraflarda hipotrofiya, atrofiya, parez, iflic aşkarlanmamışdır". Məhkəmə qeyd edir ki, iddiaçıda olan xəstəliklər 1996-cı ildə yaralanma zamanı yaranmış, iddiaçıya ilk dəfə 2003-cü il tarixdə əlillik təyin edilmiş, 2021-ci il tarixə qədər eyni diqanozla əlillik təyinatı davam etdirilmişdir. İş materiallarında olan tibbi sənədlərə və ekspert rəyinə əsasən iddiaçıda olan xəstəliklərin (əsas diqanoz və ağırlaşmaların) hazırda da mövcud olması müəyyən edilir. Lakin cavabdeh həmin sənədləri nəzərə almamasını əsaslandırmamışdır. Ona görə də, cavabdehin iddiaçının xarici görünüşünə əsaslanan formal əyani müayinədən ibarət dəlili, yəni iddiaçıda olan diaqnozun əlillik təyinatı əsas verməməsi barədə dəlili də əsassızıdır. Göründüyü kimi, cavabdehin imtinada istinad etdiyi faktiki hal öz təsdiqini tapmır. İddiaçı 2003-cü il tarixdən 2021-ci ilədək müxtəlif vaxtlarda müxtəlif dövlət tibb müəssisələrində ambulator müalicələrdə olmuş, lakin iddiaçıda olan xəstəliklərin aradan qalxması, onun sağlamlığının bərpa olunması müəyyən edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 1820/2024 nömrəli iş üzrə, xx.xx.2024-cü il tarixli qərarında məhkəmə kollegiyası qeyd etmişdir ki, “...hazırkı mübahisəyə münasibətdə iş üzrə materiallardan iddiaçının əlillik vəziyyətinin həm əvvəlki, həm də sonrakı qiymətləndirilməsi zamanı onun xəstəliyi ilə bağlı diaqnozların eyni olduğu görünür. Cavabdeh eyni diaqnoz əsasında iddiaçıya ən azından 2021-cı il tarixli göndəriş əsasında 5 il müddətinə əlillik təyin etməsinə və hal-hazırda ekspert rəyində və forma 88 arayışında qeyd olunan xəstəliyin iddiaçıda olmasına rəğmən, həmin diaqnoz əsasında 2021-ci il tarixdə təkrar əlilliyin müəyyən olunmasından imtina etmişdir. Nəzərə almaq lazımdır ki, “İnzibati icraat haqqında” Qanunun 13-cü maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Bu baxımdan inzibati orqanlar mövcud inzibati praktikaya bağlıdırlar və həmin praktikaya uyğun davranmağa borcludurlar. Belə olan halda, 2016-cı ildə qoyulmuş diaqnoz əsasında əlilliyin müəyyən edilməsindən sonra həmin diaqnozda müəyyən edilən xəstəliklərin davam etdiyi təqdirdə, təkrar müayinə zamanı cavabdehin mövcud inzibati praktikasına və bununla bağlı onun eyni şərtlər daxilində inzibati orqanın davranışına münasibətdə iddiaçının etimad hüququnun yaxud da qanuni gözləntisinin yarandığı da nəzərə alınmalıdır. Bununla belə, cavabdeh əlillik vəziyyətinin təkrar qiymətləndirilməsi zamanı tətbiq etdiyi fərqli yanaşmanı şərtləndirən və zəruri edən hüquqi və faktiki əsasları açıqlamamış, fərqli yanaşmasını bu baxımdan əsaslandırmamışdır. Həmçinin məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-1038/2023 nömrəli, 2-1(102)-144/2023 nömrəli, və 2-1(102)- 2239/2023 nömrəli qərarlarında da eyni mövqe əks olunmuşdur). Məhkəmə iddia tələbinin müddətsiz əlillik təyin edilməsi hissəsini də əsaslı hesab edir. Belə ki, iddiaçıya əlilliyin müddətsiz təyin edilməsindən imtina olunduğu vaxtda qüvvədə olan “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamə (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmişdir); (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli, 187 nömrəli qərarı ilə ləğv edilmişdir) ..

4. Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması müddətləri 4.1. Birinci dərəcə əlillik və tibbi göstəriş olan xüsusi hallarda ikinci və üçüncü dərəcə əlillik müddətsiz müəyyən edilir. 4.2. İkinci və üçüncü dərəcə əlillik 5 (beş) il müddətinə müəyyən edilir. İkinci dərəcə əlillik fasiləsiz olaraq 10 (on) il, üçüncü dərəcə əlillik fasiləsiz olaraq 15 (on beş) il təyin olunduğu halda əlillik müddətsiz müəyyən edilir. İş ateriallarında olan tibbi sənədlərə əsasən iddiaçıya təyin eidlmiş İİ dərəcə əlilliyin 10 ildən artıq təyin olunması müəyyən edildiyindən iddiaçıya növbəti dəfə təyin ediləcək əlillik müddətsiz təyin olunmalıdır. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, hazırkı iş üzrə iddiaçı arzuladığı inzibati aktın qəbulunu konkret halda zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmiş, cavabdeh inzibati orqan isə iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Qanunvericiliklə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmamış, cavabdehin imtinası qanunauyğun olmamışdır. İmtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır. İPM-in: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır;

NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə,

qərara aldı:

İddia təmin edilsin. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və X1-Sosial Ekspert Komissiyasının İddiaçı əlilliyin təyinindən imtina edilməsinə dair 16 iyul 2021-ci il tarixli, xxxxxxx0008 saylı və 25 iyun 2024-cü il tarixli 3-17-4/3-3-4586/2024 saylı qərarları ləğv edilsin. İddiaçı 06 iyul 2021-ci il tarixli göndəriş əsasında müddətsiz İİ dərəcə (hazırda qüvvvədə olan meyarlara uyğun olaraq orqanizmin funksiyalarının pozulması faizi ilə) əlillik dərəcəsinin təyin olunması öhdəliyi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Bəhlul Cəlalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar