Məhkəmə qərarları › İş №e-2-1(112)-1784/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-1784/2025

26.02.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-1784/2025 26.02.2026 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi İbazadə Aytən Əhəd qızının katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi və vəkili Vəkil1, üçüncü şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vəkili və nümayəndəsi Vəkil3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı (üçüncü şəxslər X7, X5 və Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) “fərdi yaşayış evinin sökülmüş “A” tikilisinə münasibətdə köhnə qeydiyyatın ləğvi və sərəncam əsasında inşa edilmiş tikiliyə yeni çıxarışın verilməsi” haqqında iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, 29) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh orqanın imtinasının qanunsuz hesab edilməsi, Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Şəhər şossesi, 4-cü döngədə sökülmüş 22 saylı fərdi yaşayış evinin köhnə qeydiyyatının ləğv edilməsi və Sərəncam əsasında inşa edilmiş “A” tikilisi barədə ona ayrıca ünvan və yeni çıxarış verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Məhkəmənin qərardadı ilə iş üzrə X7, X5 və Azərbaycan Respublikası Dövlət Neft Şirkəti üçüncü şəxs qismində zəruri cəlbetmə qaydasında işə cəlb edilmişdirlər.

3. Məhkəmənin qərardadı ilə iddiaçının vəkilinin ərizəsi əsasında iddia tələbi “Bakı şəhəri, Sabunçu rayonu, Şəhər şossesi, 4-cü döngədə 22 saylı fərdi yaşayış evinin sökülmüş “A” tikilisinə münasibətdə (0,022709 ha torpaq sahəsi üzərində olan tikiliyə) köhnə qeydiyyatın ləğvi və sərəncam əsasında inşa edilmiş tikiliyə yeni çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi dəyişdirilmişdir.

4. Tələb onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Əmlak Məsələlələri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2012-ci il qeydiyyat tarixli çıxarışına əsasən Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Şəhər şossesi,4-cü döngədə yerləşən 22 saylı fərdi yaşayış evinin “A” tikilisi iddiaçının, “B” tikilisi 2-ci mərtəbə X3, “B” tikilisi 1-ci mərtəbə isə X2 mülkiyyətindədir. İddiaçının müraciəti əsasında Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyətinin Başçısı “Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Şəhər şossesi küçəsi, 4-cü döngədə yerləşən İddiaçı məxsus 22 saylı fərdi yaşayış evinin “A” tikilisinin yenidən qurulmasına dair” 14 iyun 2014-cü il tarixli 214 nömrəli Sərəncam vermişdir. Həmin Sərəncamla “Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Şəhər şossesi küçəsi, 4-cü döngədə yerləşən İddiaçı məxsus 22 saylı fərdi yaşayış evinin “A” tikilisinin təqdim olunmuş layihə əsasında yenidən qurulmasına razılıq verilməsi və evinin yenidən qurma layihəsinin təsdiq edilməsi Qərara alınmışdır. Qeyd edilənləri nəzərə alaraq Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Şəhər şossesi, 4-cü döngədə sökülmüş 22 saylı fərdi yaşayış evinin qeydiyyatının ləğv edilməsi və Sərəncam əsasında inşa edilmiş “A” tikilisi barədə ona yeni çıxarış və ünvan verilməsi barədə cavabdeh orqana ərizə ilə müraciət etdi. Cavabdeh orqan xx.xx.2024-cü il tarixli məktubla imtina vermişdir. İmtina məktubu xx.xx.2024-cü il tarixdə məktubla onun ünvanına göndərilmişdir. İmtina məktubunda onun bu məsələ ilə bağlı bu ilin fevral və may aylarındakı müraciətinə cavab verildiyi bildirilmişdir. Hesab edir ki, cavabdeh orqanın imtinası qanunsuz və əsassız olmaqla bəhanələrdən başqa bir şey deyildir. Cavabdehin ona məxsus yaşayış evinin köhnə qeydiyyatının ləğv edilməsi və xüsusi mülkiyyət hüquqi əsasında adına yeni Çıxarış və ünvanın verilməsindən imtina etməsi onun bir vətəndaş kimi konstitusiya və qanunlarında təsbit olunmuş hüquqlarını pozur. Odur ki hesab edir ki, cavabdehin hərəkətləri qanunsuz hesab olunmalı, qanuni istifadəsində yaşayış evi barədə iddia tələbinin yerinə yetirilməsi vəzifəsi məhkəmə qaydasında cavabdehə həvalə olunmalıdır.

5. Cavabdehin iddia tələbinə dair yazılı etirazı onunla əsaslandırımışdır ki, elektron kadastr məlumatına əsasən torpaq sahəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş kontrakt ərazidə yerləşməklə, yaxınlığından neft kəməri keçir. Həmçinin texniki pasportla faktiki torpaq sahəsi arasında perimetrik ölçü və konfiqurasiya fərqi mövcuddur. İdarənin mütəxəssisləri tərəfindən texniki baxış və inventarlaşdırma işləri aparılan zaman daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmiş fərdi yaşayış evinin söküldüyü müəyyən edilmiş, lakin sökülmüş fərdi yaşayış evinin qeydiyyatının ləğvinə dair ərizə təqdim edilməmişdir. Bundan əlavə qeyd olunan fərdi yaşayış evi paylı mülkiyyət hüququ ilə daşınmaz əmalkın dövlət reyestrində qeydiyyata alındığından digər payçıların notariat qaydasında təsdiq edilmiş razılıq ərizələri təqdim edilməmişdir. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 6.2-ci maddəsinə və Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 46-cı maddəsinə əsasən dövlət obyektlərinin - dağmədən sənayesinin, təsdiq edilmiş faydalı qazıntı yataqlarının, vahid energetika sisteminin, magistral boru kəmərlərinin, nəqliyyat, rabitə və müdafiə obyektlərinin, dövlət sərhəd zolaqlarının, mühüm meliorasiya və su təsərrüfatı obyektlərinin yerləşdiyi torpaqlar dövlətin müstəsna mülkiyyətinə aid olan torpaqlardır. Neft kəmərinin mühafizəsi qaydaları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 noyabr 2004-cü il tarixli, 167 nömrəli qərarı ilə tənzimlənir. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinə əsasən məhv olunmuş daşınmaz əmlakın qeydiyyatının ləğvi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 150-ci maddəsinə uyğun olaraq aparılır. Daşınmaz əmlak üzərində mülkiyyət hüququ yüklü deyildirsə və bu cür əmlak mülkiyyətçinin iradəsi ilə sökülüb tam məhv edilmişdirsə, onun ərizəsi əsasında qeydiyyat orqanı mülkiyyət hüququnun qeydiyyatını ləğv edir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 215.5-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşyaya dair sərəncam verilməsi əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsini rəhbər tutaraq məhkəmədən iddia tələbinin rədd edilməsi xahiş edilir.

6. Üçüncü şəxs X2 iddiaya etirazı onunla əsaslandırılmışdır ki, İddiaçı tərəfindən verilmiş iddia tələbi qanunsuz və əsassızdır. Paylı mülkiyyət hüququnun pozulmuşdur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 215.5-ci maddəsinə görə: “Paylı mülkiyyətdə olan əşya üzərində sərəncam əşyanın bütün mülkiyyətçilərinin razılığı ilə həyata keçirilir.” Daşınmaz əmlak çıxarışına əsasən (xx.xx.2012 və xx.xx.2024 tarixli çıxarışlar) “A” tikilisi İddiaçı, “B” tikilisinin 2-ci mərtəbəsi Şəkərov Azərə, “B” tikilisinin 1-ci mərtəbəsi isə Samir Şəkərova məxsusdur. İddiaçı yalnız öz adından çıxış edir, lakin digər payçıların notariat qaydasında razılığı təqdim edilməmişdir. Bu səbəbdən iddia qanuna ziddir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 18-ci maddəsi: “Məhv olunmuş daşınmaz əmlakın qeydiyyatının ləğvi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 150-ci maddəsinə uyğun olaraq aparılır. Daşınmaz əmlak üzərində mülkiyyət hüququ yüklü deyildirsə və bu cür əmlak mülkiyyətçinin iradəsi ilə sökülüb tam məhv edilmişdirsə, onun ərizəsi əsasında qeydiyyat orqanı mülkiyyət hüququnun qeydiyyatını ləğv edir.” Halbuki, Samir Şəkərovun mülkiyyətində olan “B” tikilisi sökülməmişdir. Ona görə də iddiaçının “köhnə qeydiyyatın ləğvi” tələbi əsassızdır. Dövlət mülkiyyətində olan torpaq və məhdudiyyətlər “Torpaq islahatı haqqında” Qanunun 6.2-ci maddəsi: “Dövlət obyektlərinin – dağ-mədən sənayesinin, təsdiq edilmiş faydalı qazıntı yataqlarının, vahid energetika sisteminin, magistral boru kəmərlərinin, nəqliyyat, rabitə və müdafiə obyektlərinin, dövlət sərhəd zolaqlarının, mühüm meliorasiya və su təsərrüfatı obyektlərinin yerləşdiyi torpaqlar dövlətin müstəsna mülkiyyətinə aid olan torpaqlardır.” Torpaq Məcəlləsinin 46-cı maddəsi də eyni qaydanı təsdiqləyir. Əmlak Məsələləri Dövlət Xidmətinin rəsmi məktublarında göstərilib ki, torpaq sahəsi SOCAR kontrakt ərazisində yerləşir və yaxınlığından neft kəməri keçir . Nazirlər Kabinetinin xx.xx.2004 tarixli 167 nömrəli qərarı ilə təsdiq olunmuş “Neft kəmərlərinin mühafizəsi qaydaları”na əsasən, belə ərazilərdə əlavə tikinti və fərdi mülkiyyət hüququnun rəsmiləşdirilməsi qadağandır. İmtinada iddiaçının 2024-cü ildə verdiyi ərizələrdə sənədlərin surət olması, digər payçıların razılığının olmaması və torpağın dövlət mülkiyyətində olması göstərilmişdir . Bu səbəbdən imtina qanuni əsaslara söykənir. Yuxarıda göstərilənlərə əsasən, İddiaçı iddiasının əsassız hesab edilərək tam şəkildə rədd edilməsi xahiş edilir.

7. Üçüncü şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin etirazı onunla əsaslandırılmışdır ki, təqdim olunan ortofoto və koordinatlar əsasında müvafiq araşdırma aparılmışdır. Müəyyən olunmuşdur ki, həmin koordinatlarda yerləşən 551 m2 torpaq sahəsi uzun illər ərzində neft-qaz əməliyyatlarının aparılması məqsədilə SOCAR-ın daimi istifadəsində olmuş və daha sonra, Azərbaycan Respublikasının 06 may 2011-ci il tarixli 105-İVQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında Balaxanı- Sabunçu-Ramana və Kürdəxanı neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Sazişə əsasən “X1” LTD Şirkətinin istifadəsinə verilmiş kontrakt sahəsinə daxil edilmişdir. Həmçinin müəyyən olunmuşdur ki, həmin koordinatlarda yerləşən torpaq sahəsi 41206 saylı ləğv olunmuş neft-qaz quyusunun 28 metrlik məsafəsində, 41113 saylı ləğv olunmuş neft-qaz quyusunun 36 metrlik məsafəsində, 41196 saylı ləğv olunmuş neft-qaz quyusunun isə 42 metrlik məsafəsində, həmçinin digər bir çox ləğv olunmuş neft-qaz quyularının müxtəlif məsafələrdə mühafizə zonası daxilində yerləşir. Eyni zamanda, həmin koordinatlarda yerləşən torpaq sahəsi SOCAR-ın “Neft Kəmərləri” İdarəsinin istismarında olan “Sabunçu-Böyükşor D219x8mm (Balaxanı ağır)” D-530 mm-lik magistral neft kəmərlərinin 42 metrlik məsafəsində və “Sabunçu-Böyükşor D219x8mm (Balaxanı yüngül)” D-530 mm-lik magistral neft kəmərlərinin 43 metrlik məsafəsində mühafizə zonası daxilində yerləşir. Məlum olduğu kimi, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 11-ci maddəsinə əsasən torpaq sahələrindən məhdudiyyətli istifadə rejimi müəyyən edilmişdir ki, həmin rejim torpaq sahəsindən onun məqsədli təyinatı üzrə istifadəsini nəzərdə tutur. Həmin Məcəllənin 22-ci maddəsinin 1-ci hissəsinə əsasən “sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlarda” sənaye, rabitə, nəqliyyat və digər bu kimi obyektlərin yerləşdirilməsinə icazə verilir. Torpaq Məcəlləsinin 22-ci maddəsinin 5-ci hissəsinə əsasən, sənaye təyinatlı torpaqların istifadəsi qaydaları Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq aktına əsasən həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli 42 nömrəli qərarı ilə təsdiq edilmiş “Sənaye, nəqliyyat, rabitə və digər təyinatlı torpaqların istifadəsi” Qaydalarının 2-ci bəndinə əsasən sənaye obyektlərinin yerləşdirilməsi (tikinti, yenidənqurma, genişləndirmə işlərinin aparılması) və fəaliyyəti üçün qanunvericiliklə müəyyən edilmiş qaydada ayrılan və əldə edilən torpaq sahələri sənaye təyinatlı torpaqlar sayılır. Göründüyü kimi sənaye təyinatlı torpaqlarda yalnız sənaye obyektlərinin yerləşdirilməsi (tikinti, yenidənqurma, genişləndirmə işlərinin aparılması) və fəaliyyəti nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 22-ci maddəsinin 2-ci hissəsinə əsasən, əhalinin təhlükəsizliyinin təmin olunması, sənaye, nəqliyyat, rabitə, mühafizə və digər təyinatlı obyektlərin istismarına lazımi şərait yaradılması üçün onların ətrafında xüsusi (qoruyucu, sanitariya və s.) hüquqi rejimli mühafizə zonaları yaradılır. Belə xüsusi hüquqi rejimli mühafizə zonaları müvafiq normativhüquqi aktlarla tənzimlənir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Təhlükə potensiallı təbiət və texnogen xarakterli hadisələrin baş vermə ehtimalının yüksək olduğu zonalarda mühafizə tədbirlərinin növləri və onların tətbiqi halları”nın təsdiq edilməsi haqqında xx.xx.2017-ci il tarixli 31 nömrəli Qərarının 3.3-cü bəndinə əsasən, əhalinin sağlamlığını, ətraf mühiti və əmlakı dənizdə və quruda neft-qaz əməliyyatları zamanı yarana biləcək qəzalardan mühafizə etmək üçün neftqazçıxarma sənayesi obyektləri ətrafında xüsusi mühafizə zonaları müəyyən edilmişdir. Qərara əsasən, ləğv olunmuş quyuların mühafizə zonası şəxsi tikililərə qədər minimum 75 metr müəyyən olunmuşdur. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının xx.xx.1996-cı il tarixli Qanununun 6-cı maddəsinə əsasən, “Dövlət obyektlərinin - dağ-mədən sənayesinin, təsdiq edilmiş faydalı qazıntı yataqlarının, vahid energetika sisteminin, magistral boru kəmərlərinin, nəqliyyat, rabitə və müdafiə obyektlərinin, dövlət sərhəd zolaqlarının, mühüm meliorasiya və su təsərrüfatı obyektlərinin yerləşdiyi torpaqlar; dövlət müəssisə idarə və təşkilatların daimi istifadəsində olan və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş torpaqlar dövlət mülkiyyətində saxlanılan torpaqlardır. Göstərilən torpaqlar dövlətin müstəsna mülkiyyətindədir, onlar qanunvericilikdə müəyyən olunmuş qaydada istifadəyə və icarəyə verilə bilər.” Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 48-ci maddəsinin 4-cü hissəsinə əsasən, torpaq mülkiyyətçisinə, istifadəçisinə və icarəçisinə torpaq sahəsi həmin sahə üçün müəyyən edilmiş məqsədli təyinatına və hüquqi statusuna uyğun olaraq verilir. Həmin Məcəllənin 86-cı maddəsinin 2-ci hissəsinin tələbinə görə, dövlət torpaqları alqısatqı obyekti ola bilməz. “Texniki təhlükəsizlik haqqında” Azərbaycan Respublikasının xx.xx.1999-cu il tarixli Qanununa və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 94 nömrəli qərarına əsasən, neft-qaz hasilatı sənayesi əhaliyə və ətraf mühitə təhlükə yarada biləcək potensial təhlükəli obyektlər kateqoriyasına aid edilmişdir. Hesab edir ki, iş üzrə cavabdehin torpaq sahəsi üzərində mülkiyyət hüquqlarını qeydiyyata almaqdan imtinası əsaslı olmuşdur.

8. ƏMDX DƏDKR publik hüquqi şəxsinin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışının surətindən görünür ki, Bakı Şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Şəhər Şossesi küçəsi, 4-cü döngə, ev 22 (Yeni qaydalarla: AZ 1034, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin “B" tikilisi olan 2-ci mərtəbəsi X3 adına ********** qeydiyyat nömrəsi ilə xx.xx.2012-ci il tarixdə, "B" tikilisi olan 1-ci mərtəbəsi X2 adına ********** qeydiyyat nömrəsi ilə xx.xx.2024-cü il tarxidə, "A" tikilisi İddiaçı adına ********** qeydiyyat nömrəsi ilə xx.xx.2012-ci il tarixdə paylı mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır.

9. Cavabdehin məhkəməyə ünvanlandığı xx.xx.2024-cü il tarixli məktubunda bildirilmişdir ki, vahid elektron kadastr baza məlumatlarına əsasən sahə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin kontrakt ərazisidir (Balaxanı Əməliyyat Şirkəti). Torpaq sahəsinin bir hissəsi neft kəmərinin mühafizə zolağında yerləşir. Eyni zamanda sahədən 42 metr məsafədə ləğv olunmuş neft quyusunun baza məlumatı var. Texniki pasportla müqayisədə perimetrik ölçü və qismən konfiqurasiya fərqi mövcuddur. Qeyd olunanlarla yanaşı, İddiaçı Əli qızının adına **********099 nömrəli kadastr planının baza məlumatı var.

10. Məhkəmənin sorğusuna əsasən Dövlət Arxivinin Bakı Filialının 29 iyul 2024-cü il tarixli 3-48-2F/2-1565/2024 saylı məktubu ilə Sabunçu rayon İH-nin arxiv fondu üzrə xx.xx.2016-cı il tarixli, 214 saylı sərəncamının və ona əlavə edilmiş sənədlərin təsdiq edilmiş surətləri təqdim edilmişdir.

11. Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyətinin Başçısının «Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Şəhər Şossesi küçəsi, 4-cü döngədə yerləşən İddiaçı məxsus 22 saylı fərdi yaşayış evinin «A» tikilisinin yenidən qurulmasına dair» 14 iyun 2016-cı il tarixli 214 nömrəli Sərəncamına əsasən qərara alınmışdır:

1. Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Şəhər Şossesi küçəsi, 4-cü döngədə yerləşən 22 saylı fərdi yaşayış evin «A» tikilisinin təqdim olunmuş layihə əsasında yenidən qurulmasına razılıq verilsin.

2. Evinin yenidən qurma layihəsi təsdiq edilsin.

12. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş "xxxx" MMC tərəfindən tərtib edilən fərdi yaşayış evinin layihəsinə əsasən, Bakı Şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Şəhər Şossesi küçəsi, 4-cü döngə, ev 22 (Yeni qaydalarla: AZ 1034, ünvan 1 ünvanında yerləşən və İddiaçı aid fərdi yaşayış evinin layihəsi tərtib edilmişdir.

13. Şifahi məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclasında) iştirak edən iddiaçı və vəkili iddia tələbinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdilər.

14. Şifahi məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclasında) iştirak edən üçüncü şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vəkili və nümayəndəsi etirazın məzmununa uyğun izahat verməklə iddia tələbinin təmin olunmamasını xahiş etdi.

15. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh və digər üçüncü şəxslər məhkəmə iclasına gəlməmişdirlər. Məhkəmə işə şifahi məhkəmə baxışı iclasında onların iştirakı olmadan baxılmasını və məhkəmə qərarı qəbul edilməsini mümkün hesab etmişdir.

II. İddianın növü və mümkünlüyü

16. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli №4 Qərarının 17-ci bəndinə əsasən, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz.

17. “İnzibati icraat haqqında” Qanunun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur.

18. İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

19. “Torpaq sahəsinin planı və ölçüsü”nün təsvirinin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanının 2-ci bəndinə əsasən “Torpaq sahəsinin planı və ölçüsü”nün təsviri təsdiq edilmişdir.

20. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır.

21. İddia mümkündür.

III.Məhkəmənin mövqeyi

22. Azərbaycan Respublikası Mülki Məcəllləsinin: Maddə 213. Ümumi mülkiyyət anlayışı və onun əmələ gəlməsi əsasları 213.1. İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. 213.2. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Maddə 220. Paylı mülkiyyətdə olan əşyanın bölünməsi və ondan payın ayrılması 220.1. Paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. 220.2. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Maddə 221. Ümumi paylı mülkiyyət hüquqlarına xitam verilməsi Ümumi paylı mülkiyyət hüquqlarına fiziki bölgü, öz istəyi ilə satış və ya hərracdan satış və satış pulunun bölünməsi və ya bütün əşyanın bir və ya bir neçə iştirakçının adına qeydə alınması və qalan iştirakçılara əvəz verilməsi ilə xitam verilir. Əgər iştirakçılar hüquqa xitam verilməsi növünə dair razılığa gəlməsələr, əşya məhkəmənin qərarı ilə fiziki bölünür, bu, əşyanın dəyəri əhəmiyyətli dərəcədə azalmadan mümkün olmadıqda isə açıq hərracdan və ya iştirakçılar üçün hərracdan satılır. Fiziki bölgü bərabər olmayan payların əvəzinin pulla ödənilməsi ilə birləşdirilə bilər.

23. Məhkəmə iş materiallarını araşdıraraq müəyyən edir ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən, Bakı Şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Şəhər Şossesi küçəsi, 4-cü döngə, ev 22 (Yeni qaydalarla: AZ 1034, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin “B" tikilisi olan 2-ci mərtəbəsi X3 adına ********** qeydiyyat nömrəsi ilə xx.xx.2012-ci il tarixdə, "B" tikilisi olan 1-ci mərtəbəsi X2 adına ********** qeydiyyat nömrəsi ilə xx.xx.2024-cü il tarxidə, "A" tikilisi İddiaçı adına ********** qeydiyyat nömrəsi ilə xx.xx.2012-ci il tarixdə paylı mülkiyyət hüququ üzrə qeydə alınmışdır. Eyni zamanda həmin ünvanda yerləşən fərdi yaşayış evinə dair texniki pasport tərtib olunmuşdur. Daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda və evə dair tərtib olunmuş texniki pasportda “A” və “B” tikililərin mülkiyyətçilərinin torpaq sahəsi üzərində yalnız istifadə hüquqları qeydə alınmış, tikililərə dair payları dəqiq və aydın müəyyən edilmişdir (X7 – B" tikilisinin 2-ci mərtəbəsi; X5 – "B" tikilisinin 1-ci mərtəbəsi; İddiaçı – "A" tikilisi).

24. Məhkəmə qeyd edir ki, Bakı Şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Şəhər Şossesi küçəsi, 4-cü döngə, ev 22 (Yeni qaydalarla: AZ 1034, ünvan 1 ünvanında yerləşən 0.027090 ha torpaq sahəsi dovlət mülkiyyətindədir, iddiaçı və digər mülkiyyətçilərin mülkiyyət hüququ ilə yüklü edilmiş fərdi yaşayış evi ayrı tikililərdən ibarətdir, iddiaçı da məhz mülkiyyətində olan və yenidən qurulmuş “A” tikilisinə dair çıxarışın verilməsini xahiş edir. Qeyd edilənlərə əsasən mülkiyyət hüquqları qeydə alınmamış torpaq sahəsi üzərində “B” tikilisindən ayrıca təcrid olunmuş şəkildə inşa edilən “A” tikilisinə dair çıxarışın verilməsi üçün bölgü sxeminin aparılması və mülkiyyətçilərin razılığının alınmasının tələb edilməsinin qanuni əsasları yoxdur və ayrıca təcrid olunmuş “A” tikilisinə dair mülkiyyət hüquqlarının qeydə alınmasını zəruri edən hüquqmüəyyənedici sənədlərin mövcudluğuna (etibarlılığına) qiymət verilməlidir.

25. Belə ki, Mülki Məcəllənin 139-1-ci maddəsinə əsasən: 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 139-1.1.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 139-1.1.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd;

26. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd

27. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin: 80.1. Mülkiyyətində, icarəsində və ya istifadəsində olan torpaq sahəsində təyinatı üzrə yerüstü mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 metrdən (binanın hündürlüyü “0” səviyyəsindən, yəni birinci yerüstü mərtəbənin döşəməsinin üst hissəsindən sonuncu mərtəbənin örtüyünün alt hissəsinədək (çardaqaltı döşəmənin alt hissəsi) və aşırımlarının uzunluğu 6 metrdən çox olmayan fərdi yaşayış evlərinin, habelə bu Məcəllənin 79.2-ci maddəsində nəzərdə tutulan tikinti obyektlərinin tikintisi ilə bağlı məlumatlandırma icraatı həyata keçirilir və onların tikintisi üçün tikinti layihəsinin yalnız zirzəmilərin, mərtəbələrin, dam örtüklərinin planlarından, kəsiklərdən və fasadlardan ibarət memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinin hazırlanması tələb olunur. 80.2. Barəsində məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektlərinin tikintisinə icazənin alınması tələb olunmur.

28. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, -iddiaçı tərəfindən paylı mülkiyyətində olan fərdi yaşayış evi ünvanında “A” tikilisinin sökülüb yenidən qurulması həyata keçirilmişdir. -inşa edilmiş ayrıca “A” tikilisinin layihəsi "xxxx" MMC tərəfindən tərtib edilmişdir. -Sabunçu Rayon İcra Hakimiyyətinin Başçısının 14 iyun 2016-cı il tarixli 214 nömrəli Sərəncamı ilə Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Şəhər Şossesi küçəsi, 4-cü döngədə yerləşən 22 saylı fərdi yaşayış evin «A» tikilisinin təqdim olunmuş layihə əsasında yenidən qurulmasına razılıq verilmiş və evinin yenidən qurma layihəsi təsdiq edilmişdir.

29. Məhkəmə nəzərə alır ki, Sabunçu Rayon İcra Hakimiyyətinin inşa edilmiş fərdi yaşayış evinin mövcud vəziyyətdə layihəsinin təsdiq edilməsi Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 80.1-ci maddəsinin dispozisiya şərtinə əsasən məlumatlandırma icraatının şərtlərinə uyğundur.

30. Belə olan təqdirdə məhkəmə hesab edir ki, fərdi yaşayış evi Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə əsasən məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektidir və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0.10.2-ci maddəsinin tələblərinə uyğun olaraq tikinti barədə Sabunçu rayon İcra Hakimiyyətinə məlumat verilmişdir.

31. Beləliklə, iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək məhkəmə hesab edir ki, iddiaçının qeyd edilən fərdi yaşayış evinə mülkiyyət hüququnun tanınması üçün “qanuni gözləntisi” var. Cavabdehin imtinası (hərəkətləri) qanuni hesab edilə bilməz və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir.

32. Cavabdehin imtinasının digər dəlili torpaq sahəsinin Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş kontrakt ərazidə yerləşməsi və yaxınlığından neft kəmərinin keçməsi ilə bağlıdır. Həmin dəlili də məhkəmə əsassız hesab edir. Belə ki, qeyd edilməlidir ki, fərdi yaşayış evinin ilkin qaydada cavabdeh tərəfindən daşınmaz əmlakın dövlət reyestrində qeydə alınan zaman həmin hallar nəzərə alınmışdır.

33. “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23-cü maddəsinə əsasən idarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir.

34. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.

35. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

36. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.

37. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ:

İddia təmin edilsin. Bakı şəhəri, Sabunçu rayonu, Şəhər şossesi, 4-cü döngədə 22 saylı fərdi yaşayış evinin sökülmüş “A” tikilisinə münasibətdə (0,022709 ha torpaq sahəsi üzərində olan tikiliyə) köhnə qeydiyyatın ləğvi və sərəncam əsasında inşa edilmiş tikiliyə yeni çıxarışın İddiaçı verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim Ləman Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar