Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-1(112)-1788/2023 09.02.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Məmmədova Sevda Rövşən qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı «ekspertiza təyinatlarının ləğv edilməsi, iddiaçının əliliyi haqqında məlumatların alt informasiya sisteminə və portala yerləşdirilməsi»nə dair iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı «ekspertiza təyinatlarının ləğv edilməsi, iddiaçının əliliyi haqqında məlumatların alt informasiya sisteminə və portala yerləşdirilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 47 – 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi məqsədilə cavabdehə təqdim edilmişdir. Lakin cavabdehin iddiaya qarşı yazılı münasibəti (etirazı) məhkəməyə daxil olmamışdır. İddia ərizəsində bildirilir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi uzun müddət rəqəmsal texniki vasitələrdən istifadə edərək İddiaçı oğuna aid olan vacib əlillik haqqında məlumatları təhrif edərək, bəzi yerlərdə qəsdən natamam şəkildə ifadə edərək, əlilliyin müayinə və davamını özünün kontrol etdiyi rəqəmsal Alt Sistemə və publik olan “e-sosial.az” portalına yerləşdirir. Nazirliyin əməkdaşları xidməti vəzifələrindən istifadə edərək AR CM-in 273-2 maddəsində göstərilən üsullarla kompyuter dələduzluğu iddiaçı üçün əhəmiyyətli olan, onun şərəf və ləyaqətinə ləkə vururlar, iddiaçının ikinci qrup müharibə əlili olduğunu təhrif edirlər. İddiaçı dəfələrlə həm yazılı, həm də elektron vasitələrlə AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etmiş, lakin cavabsız qalmışdır, yayındırıcı məktublar almışdır. Azərbaycan Respublikası Konstitusiyasının, Avropa İnsan Hüquqları Konvensiyasının müvafiq maddələrini rəhbər tutaraq, məhkəmədən 19 iyul 2019-cu il tarixli xxxxxxx0006 nömrəli və 12 fevral 2020-ci il tarixli xxxxxxx0009 nömrəli tibbi ekspertiza təyinatlarının ləğv edilməsi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə iddiaçının əlilliyi haqqında məlumatlar (2006-cı ildən ilbəil “forma 088”-lər, əliliyin müayinələr tarixi 2006-cı ildən ardıcıl olaraq ilbəil, 2006-cı ildən fərdi şəxsi hesablar, 2006-cı ildən aldığı müavinat və təqaüdlər ilbəil) ona məxsus Alt informasiya Sisteminə və e-sosial.az portalına yerləşdirməsi, prokurorluq orqanlarına Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İnformasiya və Texnologiya Departamentinin fəaliyyətinə göstərilən faktlar üzrə prokuror nəzarətinin baş verməsinin tövsiyyə olunması barədə qərar çıxarılması xahiş olunur. İş üzrə məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına iddiaçı gəlmiş, cavabdeh tərəf gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, iş üzrə iclasın cavabdehin iştirakı olmadan keçirilməsini mümkün saydı. Məhkəmə iclasında iştirak edən İddiaçı iş üzrə cavabdehin dəyişdirilməməsində israrlı olduğunu bildirdi və iddia ərizəsində göstərilənləri təsdiqləyərək, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı hazırkı iddiasının təmin olunmasını xahiş etdi. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, İPM-in 2.1-ci maddəsinə əsasən qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. İPM-in 2.2-ci maddəsinə görə anzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: - (2.2.1) şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia); - (2.2.2) inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia); - (2.2.3) inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); - (2.2.4) inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialara (müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia); İPM-in 13-cü maddəsinə görə məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 4.1-ci maddəsinə görə inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. Həmin Qanunun 28.1-ci maddəsinə görə inzibati icraatın başlanılması üçün əsaslar aşağıdakılardır: fiziki və ya hüquqi şəxsin ərizəsi, inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi, inzibati aktdan şikayət verildiyi halda, inzibati şikayət. Azərbaycan Respublikası Prezidentinin 30 iyun 2020-ci il tarixli 1077 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Dövlət Tibbi-Sosial Ekspertiza və X1»nin 1-ci bəndinə görə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi əlilliyin müəyyən edilməsi və əlilliyi olan şəxslərin reabilitasiyası sahəsində fəaliyyət göstərən publik hüquqi şəxsdir. Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərir. Nizamnamənin 3.1-ci bəndinə görə bu Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin vəzifələri aşağıdakılardır: - (3.1.2) müvafiq sahədə tibbi-sosial ekspertiza keçirərək, şəxslərin əlilliyini və reabilitasiya imkanlarını qiymətləndirmək; - (3.1.3) əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin orqanizminin funksiyalarının pozulması faizini, əlilliyin müddəti və səbəbi barədə qərar qəbulunu təmin etmək; - (3.1.21) müvafiq sahədə elektron xidmətləri «Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları»nın təsdiq edilməsi və elektron hökumətlə bağlı bəzi tədbirlər haqqında» Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 sentyabr tarixli 263 nömrəli Fərmanı nəzərə alınmaqla, Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 aprel tarixli 634 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sistemi haqqında» Əsasnaməyə uyğun olaraq təşkil etmək. Qeyd olunmalıdır ki, İddiaçı iddiası aşağıdakılardan ibarətdir: tibbi-ekspertiza təyinatlarının ləğv edilməsi, iddiaçının əlilliyi haqqında məlumatların Alt informasiya Sisteminə və e-sosial.az portalına yerləşdirməsi, prokurorluq orqanlarına Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İnformasiya və Texnologiya Departamentinin fəaliyyətinə göstərilən faktlar üzrə prokuror nəzarətinin baş verməsinin tövsiyyə olunması. Yuxarıda sadalanan normaların tələbləri belə qənaətə gəlməyə əsas verir ki, iddiada göstərilən “tibbi-ekspertiza təyinatlarının ləğv edilməsi” və “iddiaçının əlilliyi haqqında məlumatların Alt informasiya Sisteminə və e-sosial.az portalına yerləşdirməsi” tələbləri üzrə səlahyyətli orqan hazırkı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi deyil, həmin Nazirliyin tabeliyində publik hüquqi şəxs kimi fəaliyyət göstərən Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyidir. Nəzərə alınmalıdır ki, adıçəkilən Agentliyin Nizamnamısinin 3.1.22-ci bəndinə görə daxil olan müraciətlərə «Vətəndaşların müraciətləri haqqında», «İnzibati icraat haqqında» və «İnformasiya əldə etmək haqqında» Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq baxmaq, qanunla müəyyən edilmiş qaydada tədbirlər görmək Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin vəzifəsi kimi təsbit olunmuşdur. Bununla belə nəticə yaranır ki, müvafiq sahədə – əlilliyin müəyyən edilməsi və əlilliyi olan şəxslərin reabilitasiyası sahəsində müraciətlərə baxılması da ayrıca inzibati orqan kimi çıxış edən Dövlət Tibbi-Sosial Ekspertiza və Rebilitasiya Agentliyinin vəzifəsidir. Odur ki, məhkəmə iddiaçının arzuladığı məqsədə çatmaq üzrə daha adekvat icraat aparılması istiqamətində onun Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə məsələlərlə bağlı müraciət etməsi və imtina olunduqdan (və ya 35 gün hərəkətsizlik olunduqdan) sonra, yaxud müvafiq hal üzrə həmin qurumun faktiki xarakterli hərəkətlərini, eləcə də inzibati aktlarını inzibati məhkəmə icraatı qaydasında mübahisələndirməsini məqsədyönlü qiymətləndirir. İPM-in 1.2-ci maddəsinə görə bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) müddəaları tətbiq oluna bilər. MPM-in 265.4-cü maddəsinə görə məhkəmə işə baxarkən, proses iştirakçılarının və ya digər şəxslərin əməllərində cinayətin əlamətlərini aşkara çıxararsa, o, bu barədə xüsusi qərardad çıxarmaqla prokurora xəbər verir. İddia ərizəsində göstərilən “prokurorluq orqanlarına müvafiq tövsiyyənin verilməsi”nə gəldikdə isə, qeyd olunmalıdır ki, ərizədə əks olunmuş bu xüsusat vəsatət xarakterlidir və məhkəmə tərəfindən təmin olunmamışdır. Belə olan halda, məhkəmə hesab edir ki, qaldırılan məsələ ilə bağlı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən hazırkı iddiaçının hansı hüquqlarının pozulduğu və ya onun hüquqlarının pozulması ilə nəticələnən hansı vəzifənin yerinə yetirilmədiyi öz təsdiqini tapmadığından, iddia mümkün sayıla bilməz. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandardığı hallarda mübahisələndirmə, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsaslanaraq və İPM-in 23, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli
Məhkəmə qərarları › İş №e-2-1(112)-1788/2023
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №e-2-1(112)-1788/2023
09.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver