Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-1797/2025 11.02.2026 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏSİ Bakı İnzibati Məhkəməsi, hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinə qarşı "xxxx" MMC üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilməklə əmtəə nişanı üzrə qeydiyyatın ləğv edilməsi tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında, açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı MMC (bundan sonra - iddiaçı) tərəfindən “Ağ süd” təsvirinin əmtəə nişanı kimi qeydiyyata alınması ilə bağlı xx.xx.2023-cü il tarixində Əqli Mülkiyyət Agentliyinə (bundan sonra - cavabdeh) iddia sənədi ilə müraciət edilmişdir. Əmtəə nişanı (2023 00742 nömrəli iddia sənədi) Patent və X2 Mərkəzi tərəfindən xx.xx.2024-cü il tarixli qərara əsasən qeydiyyata alınmışdır. "xxxx" MMC şirkətinin “Ağ süd” əmtəə nişanı üzərində hüquqları isə xx.xx.2023-cü il tarixində qeydə alınmışdır. İddiaçı tərəfindən xx.xx.2023-cü il tarixli şikayətlə Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin sənaye mülkiyyətinin mühafizəsi sahəsində mübahisələrə baxan Apellyasiya şurasına müraciət olunmuş, "xxxx" MMC tərəfindən qeydiyyata alınmış “Ağ Süd” təsviri əmtəə nişanının qeydiyyatının etibarsız sayılaraq ləğv edilməsi xahiş edilmişdir. Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin sənaye mülkiyyətinin mühafizəsi sahəsində mübahisələrə baxan Apellyasiya şurasının 15 mart 2024-cü il tarixli A98/23 saylı qərarı ilə şikayət təmin edilməmişdir. İddia tələbi, tələbin əsaslandırılması və digər prosessual hərəkətlər: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin adına xx.xx.2023-cü il tarixdə 2023 1331 sayla qeydiyyata alınmış “Ağ Süd” təsviri əmtəə nişanının 29-cu sinif (süd, pendir, yağ, qatıq və digər süd məhsulları) əmtəələri, 35 və 39-cu sinif xidmətləri üzrə qeydiyyatının etibarsız sayılaraq ləğv edilməsi haqqında qərar qəbul edəsiniz və qeyd olunan əmtəə nişanı üzrə qeydiyyatın ləğv edilməsi öhdəliyinin Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinə üzərinə qoyulmasını xahiş etmişdir. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad edərək tələbini onunla əsaslandırmışdır ki, İddiaçı MMC tərəfindən uzun müddət ticarət dövriyyəsində istifadə olunan “Ağ süd” təsvirinin əmtəə nişanı kimi qeydiyyata alınması ilə bağlı xx.xx.2023-cü il tarixində Əqli Mülkiyyət Agentliyinə iddia sənədi ilə müraciət edilmişdir. Əmtəə nişanı (2023 00742 nömrəli iddia sənədi) Patent və X2 Mərkəzi tərəfindən qeydiyyata alınmışdır. Eyni zamanda, "xxxx" MMC şirkətinin onlara məxsus əmtəə nişanına oxşar olan “Ağ süd” əmtəə nişanı üzərində hüquqları xx.xx.2023-cü il tarixində qeydə alınmışdır. Qeyd edilir ki, iddiaçıya məxsus ticarət nişanı üzərində cəmiyyətin hüquqları pozulmuş, oxşar nişan üzərində hüquqlar başqa şirkət adına dövlət qeydiyyatına alınmışdır. Belə ki, pərakəndə satış mağazalarından daxil olan məlumatlardan və Əqli Mülkiyyət Agentliyinin 31 may 2023-cü il tarixli məktubundan məlum olmuşdur ki, İddiaçı MMC-dən sonrakı tarixdə təsis olunmuş və şirkətlərindən daha sonra iddia sənədi ilə müraciət etmiş eyni qaydada süd məhsullarının istehsalı və satışı ilə məşğul olan "xxxx" MMC şirkətinin “Ağ süd” əmtəə nişanı Agentlik tərəfindən qeydiyyata alınmışdır. İddiaçı tərəfindən xx.xx.2023-cü il tarixli şikayətlə Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin sənaye mülkiyyətinin mühafizəsi sahəsində mübahisələrə baxan Apellyasiya şurasına müraciət olunmuş, "xxxx" MMC tərəfindən qeydiyyata alınmış “Ağ Süd” təsviri əmtəə nişanının qeydiyyatının etibarsız sayılaraq ləğv edilməsi xahiş edilmişdir. Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin sənaye mülkiyyətinin mühafizəsi sahəsində mübahisələrə baxan Apellyasiya şurasının 15 mart 2024-cü il tarixli A98/23 saylı qərarı ilə şikayət təmin edilməmişdir. Apellyasiya Şurasının qərarı email vasitəsilə xx.xx.2024-cü tarixində təqdim olunmuşdur. Apellyasiya şurası öz qərarında qanunvericilik normalarını yanlış tətbiq etmiş, nəticədə iddiaçının resursları və zəhməti hesabına əldə etdiyi işgüzar nüfuzuna və bazar mövqeyinə ziyan vurmaqla birbaşa hüquqlarına kobud müdaxilə etmişdir. Hesab edirlər ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin adına xx.xx.2023-cü il tarixdə 2023 1331 sayla qeydiyyata alınmış “Ağ Süd” təsviri əmtəə nişanının 29-cu sinif (süd, pendir, yağ, qatıq və digər süd məhsulları) əmtəələri, 35 və 39-cu sinif xidmətləri üzrə qeydiyyatı etibarsız sayılaraq ləğv edilməlidir. İddiaçı bir neçə ildir ki, bir sıra pərakəndə satış mağazaları ilə müqavilə əsasında “Ağ süd” ticarət nişanı ilə süd məhsullarının istehsalı və satışını həyata keçirməklə ticarət fəaliyyəti ilə məşğuldur. İddiaçı MMC xx.xx.2021-ci ildən dövlət qeydiyyatına alınmışdır. Bu tarixdən etibarən “OBA”, “BRAVO” ("xxxx" MMC), “ARAZ”, "xxxx" MMC, “RAHAT MARKET” ("xxxx" MMC), "xxxx" MMC kimi aparıcı pərakəndə satış mağazaları ilə müqavilələr bağlamışdır. Özünü "xxxx" MMC-nin təsisçisi kimi təqdim edən Seymur Məmmədov bir müddət İddiaçı MMC-də çalışmış və daha sonra satış üzrə nümayəndəsi olmuşdur. Seymur Məmmədov İddiaçı MMC ilə müqavilə (şirkətin məhsul satışının təşkili) əsasında əməkdaşlıq etmişdir. S.Məmmədov İddiaçı MMC-yə məxsus “Ağ süd” məhsullarının bazarda tanındığından və şirkətin əməkdaşı olduğu dövrdə əldə etdiyi daxili məlumatlar əsasında şirkətdən ayrıldıqdan sonra yeni şirkət açaraq əmtəə nişanının qeydiyyatını həyata keçirmişdir. Aydındır ki, bu zaman S.Məmmədov və onun təsis etdiyi şirkətin əsas məqsədi məhz iddiaçı tərəfindən bazarda tanınan məhsulun oxşarını yaratmaqla onu təqlid etmək, istehlakçılarda çaşdırıcı təəssürat yaratmaq və nəticədə iddiaçıya ziyan vurmaq olmuşdur. Nəticədə, ilkin dövrlərdə satış fəaliyyətinə cəlb edilən şəxslərdən biri olmaqla bazarda “Ağ süd” ticarət nişanın tanınması və müştərilər tərəfindən bəyənilməsi ilə bağlı kifayət qədər məlumatlı olan bu şəxs daha sonra şirkətdən ayrılaraq məlumatlı olduğu kommersiya sirrlərindən sui-istifadə etmişdir. Beləliklə, haqsız rəqabətə səbəb olan fəaliyyətə yol verərək ticarət nişanı üzərində yeni şirkətinin hüquqlarının qeydiyyatına nail olmuşdur. Seymur Məmmədov İddiaçı MMC-nin “Ağ süd” ticarət nişanından uzun müddət istifadə etdiyini bildiyi halda, bu nişanı qəsdən "xxxx" MMC-nin əmtəə nişanı kimi qeydiyyata aldırmışdır. "xxxx" MMC tərəfindən qeydiyyata alınmış əmtəə nişanı ilə iddiaçıya məxsus əmtəə nişanı tamamilə eynilik təşkil etməsə də, iddiaçının bazarda olan mövqeyini və istehlakçılar arasında yarana biləcək çaşqınlıq nəzərə alınmaqla həmin nişanlar oxşar nişan kimi hesab edilməlidir. Cavabdeh Agentlik tərəfindən mübahisəyə baxılarkən əmtəə nişanlarının oxşarlığı nəzərdən keçirilməmiş, qeyd olunan faktlar nəzərə alınmamışdır. Nəticədə iddiaçının əqli mülkiyyət hüquqları kobud şəkildə pozulmuşdur. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə "xxxx" MMC üçüncü şəxs qismində zəruri cəlb etmə qaydasında məhkəmə icraatına cəlb edilmişdir. Cavabdehin etirazı: Cavabdeh iddiaya yazılı etiraz təqdim etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı MMC xx.xx.2023-cü il tarixdə 2023 00742 nömrəli iddia sənədi üzrə əmtəə nişanını Azərbaycan Respublikasında Əmtəə və Xidmətlərin Beynəlxalq Təsnifatının (bundan sonra - ƏXBT) 39-cu (süd məhsullarının qablaşdırılması, saxlanması və daşınması) xidmətləri üzrə qeydiyyata alınması üçün Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Patent və X2 Mərkəzinə (bundan sonra - Ekspertiza Mərkəzi) müraciət etmiş, Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli əmtəə nişanını qeydiyyata almaqdan imtina edilməsi haqqında Qərarına əsasən əmtəə nişanının qeydiyyata alınmasından imtina edilmişdir. İmtinaya əsas kimi Azərbaycan Respublikası ərazisində daha əvvəl qeydiyyata alınan 2023 1331 qeydiyyat nömrəli əmtəə nişanına oxşar olması göstərilmişdir. "xxxx" MMC adına N 2023 1331 qeydiyyat nömrəli əmtəə nişanı ƏXBT-nin 29-cu sinif (süd, pendir, yağ, qatıq və digər süd məhsulları) əmtəələri, 35-ci sinif (29-cu sinifdə iddia olunan əmtəələrin reklamı və satışı üzrə xidmətlər) və 39-cu sinif (29-cu sinifdə iddia olunan əmtəələrin qablaşdırılması, saxlanması və daşınması) xidmətləri üzrə xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası ərazisində qeydiyyata alınmışdır. Əmtəə nişanının ilkinlik tarixi xx.xx.2023-cü il tarixidir. Əmtəə nişanı xx.xx.2033-cü il tarixinə qədər etibarlıdır. Əmtəə nişanında təsviri hissədən başqa digər elementlər hüquqi mühafizə obyekti deyildir. İddiaçı (ərizəçi) “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında" Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinin birinci hissəsinin “ç” bəndinə istinad edərək N 2023 1331 qeydiyyat nömrəli əmtəə nişanının qeydiyyatını etibarsız edilməsi barədə etirazla Əqli Mülkiyyət Agentliyinin (bundan sonra - Agentlik) sənaye mülkiyyətinin mühafizəsi sahəsində mübahisələrə baxan Apellyasiya şurasına (bundan sonra - Apellyasiya Şurası) müraciət etmişdir. Apellyasiya Şurasının 2024-cü il 15 mart tarixli A98/23 nömrəli Qərarı ilə etiraz təmin edilməmişdir. “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikasının Qanununun 6 “ç” maddəsinin tələbləri baxımından ilk növbədə o hal müəyyən edilməlidir ki, müqayisə edilən əmtəə nişanları qarışdırılacaq dərəcədə oxşardır ya yox. Müqayisə edilən nişanların qarışdırılacaq dərəcədə oxşar olduğunu müəyyən etdikdən sonra onun Qanunun istinad edilən bəndinə əsasən etibarsız hesab edilməsi üçün dəlillər, yəni ilkinlik tarixindən əvvəl Azərbaycan Respublikasında eyni və ya oxşar əmtəələr və ya xidmətlər üzrə başqa şəxs tərəfindən istifadə zamanı istehlakçılar və istehsalçılar arasında fərqlənmə qabiliyyətinə malik olması (tanınmış olması) araşdırıla bilər. əmtəə nişanını təhlil etdikdə müəyyən olunur ki, nişanda ağ fon üzərində göy, tünd göy və mavi rəng çalarlarında təsvir verilmiş, təsvirin aşağı hissəsində ağ rəngdə, qrafik formada “ağ süd” sözləri qeyd edilmişdir. Əmtəə nişanında təsviri hissədən başqa qalan işarələr müstəqil hüquqi mühafizə obyektləri hesab edilməmişdir. Göründüyü kimi "xxxx" MMC-nin “ağ süd” sözlərinə nişandan ayrılıqda istifadəyə dair müstəsna hüququ yoxdur və üçüncü şəxslər tərəfindən həmin sözün istifadəsi məhdudlaşdırıla bilməz. əmtəə nişanı isə qırmızı, ağ, mavi, sarı, yaşıl və qara rəng çalarlarında təsvir verilmiş, təsvirin mərkəzi hissəsində üzərinə şor çəkilmiş çörək təsviri verilmiş, həmin təsvirin yuxarı hissəsində qırmızı fon üzərində ağ rəngdə “ağsüd” sözü qeyd edilmişdir. Belə ki, nişanda müxtəlif rəng çalarlarından və elementlərdən istifadə edilmiş təsvir kompozisiyanın qrafik mərkəzi rolunu oynayır və istehlakçıların diqqətini cəlb edir. Göründüyü kimi müqayisə edilən nişanlarda əsas fərqləndirici element olan təsviri hissə müxtəlif obrazlarda və rənglərdə təqdim edilmişdir. Bu isə həmin nişanların istər, ümumi görünüşlü (müşahidə) təəssüratı, istərsə də rəng və ya rənglərin uzlaşması (kombinasiyası) baxımından qarışdırılacaq dərəcədə oxşar olmadığını deməyə əsas verir. Göstərilən hallar sübut edir ki, iddiaçının “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikasının Qanunun 6-cı maddəsinin birinci hissəsinin (ç) bəndinə və 29-cu maddəsinə istinadı əsassızdır. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) iddia ərizəsini müdafiə edərək təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iddiaya dair yazılı etiraza uyğun izahat verərək, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İPM-in 52-ci maddəsinə əsasən, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Hazırkı iddia ərizəsində iddiaçı qeydiyyatın ləğv edilməsini tələb edir. Məhkəmə hesab edir ki, belə olan halda, iddiaçının hüquqi marağı əmtəə nişanının qeydiyyatının etibarsız hesab edilməsinə yönəlib ki, nəticədə müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum əmtəə nişanının qeydiyyatına xitam verməlidir. Hazırkı iddia məhz öhdəliyin icrası haqqında iddia növünə aiddir. İddia mümkündür. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: İlk öncə qeyd edilməlidir ki, hazırkı iş üzrə iddiaçının hüquqi marağı və məqsədi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin adına xx.xx.2023-cü il tarixdə 2023 1331 sayla qeydiyyata alınmış “Ağ Süd” təsviri əmtəə nişanının 29-cu sinif (süd, pendir, yağ, qatıq və digər süd məhsulları) əmtəələri, 35 və 39-cu sinif xidmətləri üzrə qeydiyyatının etibarsız sayılaraq ləğv edilməsinə və qeyd olunan əmtəə nişanı üzrə qeydiyyatın ləğv edilməsinə nail olmaqdan ibarətdir. İddia tələbinin əsası kimi İddiaçı bir neçə ildir ki, bir sıra pərakəndə satış mağazaları ilə müqavilə əsasında “Ağ süd” ticarət nişanı ilə süd məhsullarının istehsalı və satışını həyata keçirməklə ticarət fəaliyyəti ilə məşğul olması və Seymur Məmmədov İddiaçı MMCnin “Ağ süd” ticarət nişanından uzun müddət istifadə etdiyini bildiyi halda, bu nişanı qəsdən "xxxx" MMC-nin əmtəə nişanı kimi qeydiyyata aldırması göstərilmişdir. Nəzərə alınmalıdır ki, əmtəə nişanının təyinatına uyğun olaraq əsas məqsədi bir sahibkarın əmtəələrini və ya göstərdiyi xidmətləri digər sahibkarın əmtəələrindən və ya göstərdiyi xidmətlərdən fərqləndirməkdən ibarətdir. Əmtəə nişanlarının müqayisəsi aparılarkən orta istehlakçı tərəfindən qavranılma zamanı nişanlar bütöv şəkildə götürülməli, nişanların oxşar olub-olmamasını müəyyən etmək üçün ümumi təsvir bütöv şəkildə nəzərə alınmalıdır. Bununla bağlı məhkəmə Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin sənaye mülkiyyətinin mühafizəsi sahəsində mübahisələrə baxan Apellyasiya şurasının 15 mart 2024-cü il tarixli A98/23 saylı qərarı ilə razılaşır. Belə ki, qərarın əsaslandırma hissəsində qeyd edildiyi kimi "xxxx" MMC-nin “ağ süd” sözlərinə nişandan ayrılıqda istifadəyə dair müstəsna hüququ yoxdur və üçüncü şəxslər tərəfindən həmin sözün istifadəsi məhdudlaşdırıla bilməz. Mübahisələndirilən nişanda “ağ süd” sözü hüquqi mühafizə obyekti olmadığı üçün nişanların müqayisəsi yalnız onların təsviri hissəsi üzrə aparılmalıdır. Belə ki, İddiaçı MMC-yə məxsus əmtəə nişanı qırmızı, ağ, mavi, sarı, yaşıl və qara rəng çalarlarında təsvir verilmiş, təsvirin mərkəzi hissəsində üzərinə şor çəkilmiş çörək təsviri verilmiş, həmin təsvirin yuxarı hissəsində qırmızı fon üzərində ağ rəngdə “ağsüd" sözü qeyd edilmişdir. Belə ki, nişanda müxtəlif rəng çalarlarından və elementlərdən istifadə edilmiş təsvir kompozisiyanın qrafik mərkəzi rolunu oynayır və istehlakçıların diqqətini cəlb edir. Göründüyü kimi müqayisə edilən nişanlarda əsas fərqləndirici element olan təsviri hissə müxtəlif obrazlarda və rənglərdə təqdim edilmişdir. Bu isə həmin nişanların istər ümumi görünüşlü (müşahidə) təəssüratı, istərsə də rəng və ya rənglərin uzlaşması (kombinasiyası) baxımından qarışdırılacaq dərəcədə oxşar olmadığını deməyə əsas verir. “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 1 . Əsas anlayışlar Bu Qanunda istifadə edilən anlayışlar aşağıdakı mənaları daşıyır: əmtəə nişanı — sahibkarın əmtəələrini və ya xidmətlərini digər sahibkarın əmtəələrindən və ya xidmətlərindən fərqləndirən və qrafik təsvir edilən nişan və ya nişanların hər hansı bir uzlaşmasıdır (kombinasiyasıdır); ... Maddə 4 . Əmtəə nişanı kimi qeydə alınan nişanlar Əmtəə nişanı kimi aşağıdakı nişanlar qeydə alına bilər: sözlər, şəxsi adlar, hərflər, rəqəmlər, təsviri elementlər, əmtəələrin forması və ya onların qablaşdırılması, rənglərin və yuxarıda göstərilənlərin hər hansı uzlaşması. Maddə 29. Əmtəə nişanının və coğrafi göstəricinin qeydiyyatının etibarsız sayılması Əmtəə nişanı və coğrafi göstərici bu Qanunun 1-ci maddəsində verilmiş “əmtəə nişanı anlayışına uyğun gəlmirsə və ya 5-ci maddənin tələbləri pozulmaqla qeydə alınmışsa, qeydiyyatın qüvvədə olduğu müddət ərzində, 6-cı maddəsinin birinci və ikinci hissələrində nəzərdə tutulmuş əsaslara görə isə qeydiyyata dair məlumatın rəsmi bülletendə dərc edildiyi tarixdən 5 il ərzində tamamilə və ya qismən etibarsız sayıla bilər. Əmtəə nişanının qeydiyyatı aşağıdakı hallarda etibarsız hesab edilir: əmtəə nişanı qüvvədə olduğu müddətdə, müəyyən növ mallarda ümumi şəkildə istifadə olunan nişanlara çevrildikdə; əmtəə nişanı qüvvədə olduğu müddətdə tam və ya qismən, “Sənaye mülkiyyətinin mühafizəsi üzrə Paris Konvensiyası”nın iştirakçısı olan dövlətlərin hər hansı birində, əmtəə nişanının sahibi ilə bilavasitə və ya dolayı yolla əlaqəsi olan şəxsin, nümayəndənin, agentin adına, Konvensiyanın 6 septies maddəsinin tələbləri pozulmaqla verildikdə. Əmtəə nişanı və ya onun əsas hissəsi geniş tanınmış əmtəə nişanına aid olan əmtəələr və ya xidmətlərlə qarışdırılacaq dərəcədə eyni və ya oxşar olan, başqa şəxsin adına qeydiyyata alınmış geniş tanınmış nişanın oxşatması, tərcüməsi və ya transliterasiyasıdırsa, bu cür əmtəə nişanının qeydiyyatının ləğvinə dair tələb, bu əmtəə nişanı barədə məlumatın dərc olunduğu tarixdən etibarən, qüvvədə olduğu müddət ərzində verilə bilər. Azərbaycan Respublikasında geniş tanınmış əmtəə nişanına hüquq bu Qanunun 7ci maddəsinin tələbləri pozulmaqla verilmişsə, habelə həmin maddədə müəyyən edilən əlamətlərə görə geniş tanınmış əmtəə nişanı qüvvəsini itirmişsə, qüvvədə olduğu müddət ərzində ona qarşı verilmiş etiraz əsasında tamamilə və ya qismən geniş tanınmış kimi etibarsız hesab edilə bilər. Bu maddənin müddəalarına əsaslanaraq istənilən şəxs dövlət rüsumu ödəmək şərti ilə, əmtəə nişanının və ya coğrafi göstəricinin qeydiyyatının və ya coğrafi göstəricinin istifadəsinə dair şəhadətnamənin ləğv edilməsinə dair tələblə və ya geniş tanınmış əmtəə nişanına qarşı verilmiş etirazla bağlı Apellyasiya şurasına müraciət edə bilər. Müraciətə 3 ay ərzində baxılmalıdır. Müraciət edən şəxsin, habelə qeydə alınmış nişan sahibinin Apellyasiya şurasında işə baxılmasında iştirak etmək hüququ vardır. Apellyasiya şurasının qərarından 3 ay ərzində məhkəmə qaydasında şikayət verilə bilər Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli 166 nömrəli qərarı ilə təsdiq edilmiş «Əmtəə nişanlarının qeydə alınması barədə iddia sənədinin verilməsi və ekspertizası Qaydaları»
3. Mühafizə qabiliyyətinin meyarları Əmtəə nişanının təyinatına uyğun olaraq onun əsas məqsədi bir sahibkarın əmtəələrini və ya göstərdiyi xidmətləri digər sahibkarın əmtəələrindən və ya göstərdiyi xidmətlərdən fərqləndirməkdən ibarətdir. Belə ki, əmtəə nişanı fərqlənmə qabiliyyətinə malik olmaqla yanaşı, əmtəənin mənşəyini istehlakçıya bildirməli, müxtəlif istehsalçılar tərəfindən istehsal olunan əmtəələri bir-birindən fərqləndirməlidir. Nişanın fərqlənmə qabiliyyəti şərtsiz qəbul olunan və dəyişməyən faktor deyil. Əmtəə nişanı fərqlənmə qabiliyyətinə malik olmadıqda, onun əmtəə nişanı kimi qeydə alınması, yalnız istifadə prosesində fərqli xüsusiyyətlərə malik olmasından asılı ola bilər. 29.3. Bütün elementləri eyni olan nişanlar eyni hesab edilir. İddia olunan nişan başqa nişanlarla o vaxt qarışdırılacaq dərəcədə uyğun hesab edilir ki, o, aralarında müəyyən fərqli elementlərin olmasına baxmayaraq, həmin nişanlarla eyni təsəvvür yaradır. 29.4. Eynilik və oxşarlıq yoxlanarkən, aşağıdakı hərəkətlər həyata keçirilir: a) eyni və oxşar nişanların məlumat axtarışı aparılır; b) məlumat axtarışı zamanı tapılan nişanın iddia olunan nişanla oxşarlıq dərəcəsi müəyyən edilir; c) iddia edilən əmtəələrin və ya xidmətlərin, qeydə alınmış (iddia edilmiş) eyni və ya oxşar əmtəə nişanının (işarənin) şamil edildiyi əmtəələrlə və ya xidmətlərlə eyniliyi müəyyən edilir. 29.5. Qarışdırılacaq dərəcədə eyni və oxşar olan nişanlar üzrə məlumat axtarışı, Qanunun 6-cı maddəsinə və bu Qaydaların 5-ci bəndinə uyğun olaraq aşağıda göstərilən nişanlar üzrə aparılır: a) Azərbaycan Respublikasında qeydə alınan və ekspertizası aparılan əmtəə nişanına nəzərən, daha əvvəl ilkinliyə malik olan əmtəə nişanları və ya Azərbaycan Respublikasında həmcins əmtəələrə və ya xidmətlərə görə daha əvvəl ilkinliklə başqa şəxsin adına qeydə alınmaq üçün iddia olunan nişanlar. Bu zaman Qanunun 31-ci maddəsinə uyğun qeydiyyatı ləğv olunan əmtəə nişanları və Qanunun 12-ci maddəsinə uyğun olaraq qeydə almaq üçün verilməmiş sayılan iddia sənədləri nəzərə alınmır; b) Qanunun 7-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasında geniş tanınmış əmtəə nişanları; c) əmtəə nişanının ilkinlik tarixindən əvvəl Azərbaycan Respublikasında eyni və ya oxşar əmtəələr, yaxud xidmətlər üzrə başqa şəxsin adına mühafizə olunan və ya geniş tanınmış kimi müəyyən edilən və ya istifadə zamanı istehlakçılar və istehsalçılar arasında fərqlənmə qabiliyyətinə malik olan firma adları (firma adlarının hissələri); əmtəə nişanının ilkinlik tarixindən əvvəl Azərbaycan Respublikasında eyni və ya oxşar əmtəələr və ya xidmətlər üzrə başqa şəxs tərəfindən istifadə zamanı istehlakçılar və istehsalçılar arasında fərqlənmə qabiliyyətinə malik olan (tanınmış olan) əmtəə nişanları;[30] ç) nişanların beynəlxalq qeydiyyatına dair Madrid Sazişinə uyğun olaraq, onların beynəlxalq qeydiyyatı əsasında Azərbaycan Respublikasında mühafizə olunan əmtəə nişanları; d) coğrafi göstəricidən istifadə hüququnu əldə edən şəxsin adına qeydə alınmış əmtəə nişanına mühafizəsiz element kimi daxil olan hallar istisna olmaqla, Qanuna uyğun mühafizə olunan coğrafi göstəricilər; e) qeydə alınmış sertifikat nişanları. 29.6. Sözlərdən ibarət iddia edilən nişanların yoxlanılması 29.6.1. Sözlərdən ibarət olan nişanların (işarələrin) oxşarlığını müəyyən etmək üçün onlar müqayisə edilir: a) sözlərdən ibarət nişanlarla (işarələrlə); b) kompozisiyaya daxil olan sözlərdən ibarət elementlərin kombinasiyalı nişanları (işarələri) ilə. Sözlərdən ibarət nişanların (işarələrin) oxşarlığı səsli (fonetik), qrafik (görünüşlü) və məna ifadəli (semantik) ola bilər: 29.6.2. Səs üzrə (fonetik) oxşarlıq aşağıdakı əlamətlərlə müəyyən edilir: a) müqayisə edilən nişanda (işarədə) yaxın və uyğun səslərin mövcudluğu; b) nişanı (işarəni) təşkil edən səslərin yaxınlığı; c) yaxın səslərin və səs uyğunluğunun (ahəngdarlığın) biri-birinə nəzərən yerləşməsi; ç) uyğun gələn hecaların və onların yerləşməsinin mövcudluğu; d) işarədə olan hecaların miqdarı; e) işarənin tərkibində səs uyğunluğunun (ahəngdarlığın) üst-üstə düşdüyü yer; ə) kar və cingiltili tərkibin yaxınlığı; f) nişanın (işarənin) üst-üstə düşən hissələrinin xarakteri; g) bir nişandan (işarədən) digərinə daxil olma; ğ) vurğu. 29.6.3. Qrafiki (görünüşlü) oxşarlıq aşağıdakı əlamətlər əsasında müəyyən edilir: a) ümumi görünüşlü (müşahidə) təəssüratı; b) şriftin növü; c) hərflərin xarakteri nəzərə alınmaqla qrafiki yazılış (məsələn, çap və ya əllə yazılmış hərflər, böyük və ya sətri hərflər); ç) hərflərin biri-birinə nəzərən yerləşməsi; d) hərflərlə yazılmış sözlərin əlifbası; e) rəng və ya rənglərin uzlaşması (kombinasiyası). 29.6.4. Məna etibarı ilə (semantik) oxşarlıq aşağıdakı əlamətlər əsasında müəyyən edilir: a) nişanda (işarədə) olan anlayış, ideya uyğunluğu, o cümlədən nişanda (işarədə) öz əksini tapan müxtəlif dillərdə olan ifadələrin mənaca üst-üstə düşməsi; b) nişanda (işarədə) olan elementlərdən birinin üzərinə düşən, müstəqil əhəmiyyətə malik məntiqi vurğuların üst-üstə düşməsi; c) nişanda (işarədə) öz əksini tapan məna və ideyaların əkslikləri. 29.6.5. Bu Qaydaların 29.6.1—29.6.4 bəndlərində göstərilənlərin hər biri istər ayrıca və istərsə də müxtəlif quraşmalarda (birləşmələrdə) nəzərə alına bilər. Beləliklə, məhkəmə qeyd edir ki, “Əmtəə nişanlarının qeydə alınması və ekspertizası Qaydaları”nın tələblərinə uyğun olaraq kombinə edilmiş əmtəə nişanlarının oxşarlığı qiymətləndirilərkən nişanın ayrı-ayrı elementləri deyil, onun bütövlükdə yaratdığı ümumi müşahidə təəssüratı və fərqləndirici qabiliyyəti əsas götürülməlidir. “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Qanunun 6-cı maddəsinin (a) yarımbəndinə görə Azərbaycan Respublikasında eyni və ya oxşar əmtəələrə və ya xidmətlərə aid başqa şəxsin adına qeydə əvvəl alınmış və ya qeydə alınmaq üçün iddia edilmiş əmtəə nişanları əmtəə nişanı kimi qeydə alınmır. Hazırkı işdə isə sözügedən Qanunun 6-cı maddəsinin (a) yarımbəndində göstərilən “eynilik” və “qarışdırılacaq dərəcə”nin mövcudluğu müəyyən olunmur. Belə ki, müqayisə edilən nişanlarda əsas fərqləndirici element olan təsviri hissə müxtəlif obrazlarda və rənglərdə təqdim edilmişdir. Bu isə həmin nişanların istər ümumi görünüşlü (müşahidə) təəssüratı, istərsə də rəng və ya rənglərin uzlaşması (kombinasiyası) baxımından qarışdırılacaq dərəcədə oxşar olmadığını deməyə əsas verir. Bu baxımdan qeyd edilənlərin istehlakçılarda eyni istehsalçıya (sahibkara) məxsus xidmətlər olduğu təsəvvürü yarada bilməsinə dair iddiaçının dəlili də əsaslı deyil. Eyni zamanda iddiaçı tərəfindən mübahisələndirilən əmtəə nişanına münasibətdə istehlakçı çaşqınlığının mövcudluğu, bazarda real yanlış assosiasiyaların yarandığı və ya mübahisəli əmtəə nişanının eyni sahibkara məxsus olması barədə səhv təsəvvürlərin formalaşdığını təsdiq edən hər hansı mötəbər və inandırıcı sübutlarlar da məhkəməyə təqdim edilməmişdir. Nəticə etibarilə, iddiaçının tələb etdiyi nəticəyə əsas verən hüquqi əhəmiyyətli faktların mövcudluğu iş materialları ilə təsdiqlənmir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının tələbi əsassızdır və təmin edilməməlidir. İPM-in: 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə,
qərara aldı:
İddia təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim Günel Tanrıverdiyeva