Məhkəmə qərarları › İş №e-2-1(112)-1821/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-1821/2025

01.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-1821/2025 01.05.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Cəfərova Yasəmən Fərman qızının katibliyi, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Cavabdehnə qarşı “əlilliyin bərpa edilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Əlillik” altsistemində yol verilmiş pozuntunun aradan qaldırıb, müvafiq düzəlişin edilməsi və əlilliyin ləğv edildiyi tarixdən bərpa edilməsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ona 2004-cü il tarixdən hərbi xidmət dövründə ikinci dərəcəli əlillik təyin olunmuş və bununla bağlı həmin vaxtdan əlillik pensiyası almışdır. xx.xx.2014-cü il tarixində isə ona müddətsiz əlillik təyin edilmiş və bu barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən müvafiq arayış verilmişdir. Ona müddətsiz əlillik təyin ediləndən sonra təkrar müayinədən keçməyə zərurət olmamış və bunu ondan tələb edən də olmamışdır. Lakin 2023-cü ilin oktyabr ayında pensiyası kəsilmiş və əlillik dərəcəsi heç bir əsas olmadan ləğv edilmişdir. Cavabdehə müraciət edərək, 2004-cü il tarixdən ona Hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar ikinci dərəcəli əlillik təyin olunması, əlillik dərəcəsinin heç bir əsas olmadan ləğv edilməsini əsas gətirərək, “əlillik” altsistemində yol verilmiş pozuntunun aradan qaldırıb, müvafiq düzəlişin edilməsi və əlilliyinin ləğv edildiyi tarixdən bərpa edilməsini xahiş etmişdir. Cavabdeh tərəfindən müraciəti cavablandırılmamışdır. Cavabdehin yazılı etirazında göstərilmişdir ki, İddiaçı Ədliyyə Nazirliyi Tibbi Baş İdarəsinin Hospitalı tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli göndəriş əsasında diaqnozun mətni: Sol ağ ciyərin keçirilmiş vərəminin böyük qalıq əlamətləri, fibroz və bərkimiş ocaqlar. Xr. obstruktiv bronxit. TÇ-lld. olmaqla səbəbi hərbi xidmət dövrü ilə əlaqədar xx.xx.2014-cü il tarixindən 1 il müddətinə İİ dərəcəli əlillik təyin edilmişdir. Bildirilmişdir ki, 1 il müddəti başa çatdıqdan sonra əlilliyin verilməsi avtomatlaşdırılmış qaydada qüvvədən düşür. Hazırkı iş üzrə yeni göndərişlə müraciət olmadığından vətəndaşın əlillik vəziyyəti qiymətləndirilməmişdir. Vətəndaşa tövsiyə edilmişdir ki, əlilliyinin qiymətləndirilməsi üçün tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya hərbi-həkim komissiyaları tərəfindən tərtib edilən göndərişlə müraciət etsin. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, iddianın təmin edilməməsi barədə müvafiq qərar qəbul edilməsi xahiş olunmuşdur. Tərəflərə şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında təmsil edilməmişlər. İddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasında iştirak edə bilməyəcəyini üzürlü sayıb, baxış iclasını iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 62.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş üzrə məhkəmə tərəfindən aşağıdakı sübutlar tədqiq edilmişdir. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 9 nömrəli Xəzər Tibbi Sosial Ekspert Komissiyası tərəfindən verilmiş 247891 saylı arayışda iddiaçıya xx.xx.2014-cü il tarixli müayinə aktına əsasən müddətsiz 2-ci dərəcəli əlillik təyin edildiyi qeyd edilmişdir. Cavabdeh tərəfindən təqdim edilmiş əlillik alt sistemindən çıxarışda iddiaçıya xx.xx.2014-cü il tarixində 1 il müddətinə ikinci dərəcəli əlillik təyin edildiyi qeyd edilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Cavabdeh məhkəmə sorğusuna 6 dekabr 2024-cü il tarixli cavab məktubunda göstərilmişdir ki, Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əlillik” altsistemindən əldə olunan məlumatlara əsasən iddiaçının əlillik vəziyyəti xx.xx.2014-cü il tarixində qiymətləndirilmiş və hərbi xidmət dövrü ilə əlaqədar səbəbindən bir il müddətinə (xx.xx.2015- ci ilədək) ikinci dərəcə əlillik təyinatı aparılmışdır. Əlillik müddətinin bitdiyi xx.xx.2015-ci il tarixindən sonra “Əlillik” altsistemində vətəndaşa dair göndəriş və ya məlumat mövcud deyildir. İddiaçıya dair 9 nömrəli Xəzər rayon tibbi-sosial ekspert komissiyasının 247891 nömrəli arayışında vətəndaşa xx.xx.2014-cü il tarixindən hərbi xidmət dövrü ilə əlaqədar səbəbilə müddətsiz ikinci dərəcə əlillik təyinatı aparıldığı qeyd edilmişdir. Lakin arxiv protokol məlumatlarında vətəndaşa xx.xx.2014-cü il tarixindən hərbi xidmət dövrü ilə əlaqədar səbəbilə bir il müddətinə ikinci dərəcə əlillik təyinatı aparılmışdır. Bundan irəli gələrək, iddiaçının əlillik vəziyyətinin aydınlaşdırılması məqsədilə əlillik səbəbini təsdiq edən müvafiq sənədlərlə (xidmət keçdiyi qurumun hərbi həkim komissiyasının qərarı və ya şəhadətnaməsi, həmçinin hərbi bilet, TSEK arayışı və s.) birlikdə Agentliyə qəbula gəlməsi tövsiyə edilmişdir. Vətəndaşın əlillik vəziyyətinə dair məlumat və müvafiq sənədlərin təqdim edilməsi ilə əlaqədar Nazirliyin tabeliyində Dövlət Sosial Müdafiə Fondundan əldə edilən məlumatlara əsasən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin müvafiq altsistemlərində və Fondun Arxiv və Sosial Ödəniş İşlərinin Çeşidlənməsi üzrə Mərkəzi Filialında vətəndaş İddiaçı əlilliyə görə əmək pensiyası və ya sosial müavinətin təyin olunması barədə məlumat, eləcə də vətəndaşın adına tərtib olunmuş pensiya və ya müavinət işi aşkar edilməmişdir. İddiaçıya dair tibbi-sosial ekspertiza sənədlərinin surəti məhkəməyə təqdim olunmuşdur. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu X2 Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının məhkəmə sorğusuna 24 fevral 2025-ci il tarixli cavab məktubunda göstərilmişdir ki, iddiaçıya vaxtilə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən əlilliyə görə pensiya təyin edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 22 dekabr tarixli, 499 nömrəli Fərmanının tələblərinə uyğun olaraq, 1 yanvar 2007-ci il tarixindən etibarən hərbi qulluqçular və xüsusi rütbəli şəxslərə əmək pensiyasının təyin edilməsi və ödənilməsi funksiyalarını Dövlət Sosial Müdafiə Fondu həyata keçirdiyindən ona əmək pensiyası həmin tarixdən etibarən Mərkəzi Filial tərəfindən ödənilmişdir. Mərkəzi Filiala daxil olmuş Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2023-cü il tarixli 3-17-4/3- 1-24180/2023 nömrəli məktubunda adıçəkilən şəxsin “hərbi xidmət dövrü ilə əlaqədar” İİ dərəcə əlilliyinin “Əlillik” altsistemində və protokolda xx.xx.2014-xx.xx.2015-ci il tarixləri arasındakı dövr üzrə olduğu qeyd edilmişdir. Lakin pensiya işində mövcud olan müayinə aktında İddiaçı əlilliyi "müddətsiz” olaraq göstərilmişdir. Buna görə də yaranmış uyğunsuzluğun aradan qaldırılması üçün adıçəkilən şəxs Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə dəvət olunmuş, lakin o, müayinəyə getməmişdir. Qeyd olunanlara əsasən, adıçəkilən şəxsə pensiya ödənişi 1 noyabr 2023-cü il tarixindən dayandırılmışdır. Əlavə olaraq, İddiaçı əmək pensiyası ödənişlərini əks etdirən sənədlər ona təqdim edilmişdir. Cavabeh tərəfindən təkrar əlilliyin təyini üzrə müayinə iclaslarının protokol kitabının əsli və müvafiq hissələrin kserosurəti məhkəməyə təqdim edilmişdir. Həmin kitabda iddiaçıya 1 il müddətinə əlillik təyin edilməsi barədə qeyd aparılmışdır. Məhkəmə iş üzrə sübutları tədqiq edərək aşağıdakı nəticəyə gəlir. İddianın mümkünlüyü: İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli Qərarının 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Göründüyü kimi iddiaçı hazırkı iddia tələbində “əlilliyin bərpa edilməsi” öhdəliyinin cavabdehə həvalə edilməsini xahiş edir. Həmin iddia mahiyyətcə öhdəliyin icrası haqqında iddiadır. İddiaçının qeyd edilən tələblə cavabdehə müraciət etdiyi iş materialları ilə təsdiq edilir. Bu səbəbdən məhkəmə hazırkı iddianı mümkün hesab etmişdir. İddianın mahiyyəti üzrə məhkəmənin mövqeyi: Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nda göstərilmişdir ki, bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir (1.1). Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbisosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir (1.2.). TSEK-də əlilliyin müəyyən olunması barədə qərar sadə səs çoxluğu ilə qəbul edilir (1.3.). Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir (1.4.). Şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir (1.7.). İşin müəyyən edilmiş hallarından görünür ki, 2004-cü il tarixdən hərbi xidmət dövründə ikinci dərəcəli əlillik təyin olunmuşdur. Onun əlillik müddəti sonradan artırılmış və sonuncu dəfə 2014-cü ildə əlillik təyin edilmişdir. Lakin, 2023-cü ildə cavabdeh iddiaçıya 2014-cü ildə əslində 1 il müddətinə əlillik təyin edilməsi səbəbindən onun əlillik müddətinin bitdiyi qənaətinə gəlmiş və iddiaçıya əlilliklə bağlı pensiya ödənişləri və sair dayandırılmışdır. İddiaçı isə ona 2014-cü ildə müddətsiz əlillik təyin edildiyini bildirir. Qeyd edilməlidir ki, iddiaçıya sonuncu dəfə əlillik dərəcəsi 2014-cü ildə təyin ediliyi üçün hazırkı mübahisəyə həmin dövrdə qüvvədə olmuş qanunvericilik tətbiq edilməlidir. Hazırda qüvvədən düşmüş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 93 nömrəli, xx.xx.1997-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Tibbi-sosial ekspert komissiyaları haqqında” Əsasnamə”nin 5.1-ci bəndində göstərilmişdir ki, əlillik müddəti “Əlilliyin müəyyən edilməsi meyarlarına dair Əsasnamə” yə uyğun olaraq müəyyən edilir. Əlillik müddətlə müəyyən edildiyi hallarda şəxs növbəti müayinə təyin edilən aydan sonrakı ayın 1-dək əlil hesab olunur. Uşaqlara sağlamlıq imkanlarının məhdudluğu “Uşaqların sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarları”na əsasən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1997-ci il tarixli, 99 nömrəli Qərarı ilə təsdiq edilmiş və xx.xx.2015-ci ilə qədər qüvvədə olmuş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”də göstərilmişdir ki, Birinci dərəcə əlillik və tibbi göstərişolan xüsusi hallarda ikinci və üçüncü dərəcə əlillik müddətsiz müəyyən edilir (4.1.). İkinci və üçüncü dərəcə əlillik 5 (beş) il müddətinə müəyyən edilir.İkinci dərəcə əlillik fasiləsiz olaraq 10 (on) il, üçüncü dərəcə əlillik fasiləsiz olaraq 15 (on beş) il təyin olunduğu halda əlillik müddətsiz müəyyən edilir (4.2.). Əlillik dərəcəsindən asılı olmayaraq Azərbaycan Respublikasının “Əmək pensiyaları haqqında” və “Sosial müavinətlər haqqında” qanunları ilə müəyyən edilmiş yaşa görə əmək pensiyası və yaxud sosial müavinət almaq hüququ verən yaş həddinə çatan şəxslərə əlillik müddət göstərilmədən təyin edilir (4.3.). Bu Əsasnamənin 3.1.1. – 3.1.22-ci bəndlərində göstərilən hallarda 18 yaşadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu 18 yaşından yuxarı olmamaqla 3 (üç) il müddətinə, qalan hallarda isə 18 yaşınadək müəyyən olunur. 18 yaşının tamam olmasına 6 (altı) ay və ondan daha az qalan uşaqların sağlamlıq imkanlarının məhdudluğu 18 yaşınadək müəyyən edilir (4.4.). Göründüyü kimi iddiaçıya sonuncu dəfə əlillik təyin edilərkən qüvvədə olmuş qanunvericiliyə əsasən ikinci dərəcə əlillik fasiləsiz olaraq 10 il təyin edildikdən sonra müddətsiz təyin edilir. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçıya ilk dəfə 2004-cü il tarixində təyin edilmiş əlillik dərəcəsi 2014-cü ilə qədər fasiləsiz olaraq təyin edilmişdir. Belə olan halda həmin dövrdə qüvvədə olmuş qanunvericiliyin tələbinə əsasən iddiaçıya əlillik müddətsiz olaraq təyin edilməli idi. İddiaçıya Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 9 nömrəli Xəzər Tibbi Sosial Ekspert Komissiyası tərəfindən verilmiş 247891 saylı arayışda da ona xx.xx.2014-cü il tarixli müayinə aktına əsasən müddətsiz 2-ci dərəcəli əlillik təyin edildiyi qeyd edilmişdir. Eyni zamanda məhkəmə sorğusu əsasənda Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu X2 Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən iddiaçının pensiya işinin materialları məhkəməyə göndərilmişdir. Həmn iş materiallarında olan sənədlərdən də görünür ki, cavabdeh tərəfindən Dövlət Sosial Müdafiə Fonduna təqdim edilmiş arayışda və digər sənədlərdə iddiaçıya 2014-cü ildə müddətsiz əlillik tyəin edildiyi qeyd edilmiş və bu səbəbdən də iddiaçı 2023-cü ilə qədər əlilliklə bağlı pensiya ödənişlərini almışdır. “İnzibati icraat haqqında” Qanuna əsasən qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inamdır (2.0.8.). İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur (13.1.). İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır (13.2.). Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur (13.3.). İnzibati orqanların bu Qanunun 13.3-cü maddəsində nəzərdə tutulmuş vədləri və ya bəyanatları yalnız yazılı formada olduqda etibarlı təminat sayılır və şəxsin etimad hüququnun əsasını təşkil edir. Bu Qanunun 63-cü və 67-69-cu maddələri də təminatlara şamil olunur (13.4.). Fiziki və ya hüquqi şəxslərin etimadı qanunsuz hərəkətlərə əsaslana bilməz (13.5.). Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir (67.5.). Maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda (67.6.). Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 9 nömrəli Xəzər Tibbi Sosial Ekspert Komissiyası tərəfindən iddiaçıya təqdim edilmiş arayışda iddiaçıya müddətsiz əlillik təyin edildiyi qeyd edilmişdir. Bununla da iddiaçının cavabdeh inzibati orqanının etdiyi hərəkətə etimadı yaranmışdır. Lakin, sonradan cavabdeh arxiv kitabında iddiaçıya 1 il müddətinə əlillik dərəcəsi təyin edilməsinə əsaslanaraq iddiaçının əlillik dərəcəsini ləğv etmişdir. Bu isə qanuni hesab edilə bilməz. Belə ki, həmin dövrdə qüvvədə olmuş qanunvericilikdə də, 10 il fasiləsiz təyin edilən ikinci dərəcəli əlilliyin müddətsiz təyin edildiyi təsbit edilmişdir. Bununla yanaşı qeyd edilməlidir ki, cavabdeh iddiaçıya təyin edilmiş əlillik dərəcəsini ləğv edərkən inzibati akt qəbul etməsə də, faktiki xarakterli hərəkət həyata keçrmişdir. İddiaçı həmin hərəkəti mübahisələndirmək hüququnu özündə saxlamış olsa da, inzibati orqanın əlilliyin dayandırılması ilə bağlı hərəkətlərinin mübahisələndirilmədiyi ötən dövr ərzində həmin hərəkətlərin qanuniliyi şübhə altına alınmamışdır. Bu səbəbdən iddiaçı xx.xx.2024-cü ildə əlilliyin bərpası ilə bağlı cavabdehə müraciət edənə qədər əlillik statusu ilə bağlı təminatlara olan hüququnu itirmişdir. Yəni, iddiaçının əlillik dərəcəsinin dayandırıldığı dövrdən həmin dövrə qədər müddətdə iddiaçının əlilliklə bağlı statusundan və imtiyazlardan istifadə etmək hüququ mövcud deyildir. Bu səbəbdən iddiaçının cavabdeh tərəfindən ləğv edilmiş əlillik dərəcəsinin onun cavabdehə müraciət etdiyi xx.xx.2024-cü il tarixindən bərpa edilməsi öhdəliyi cavabdehə həvalə edilməlidir. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia qismən təmin edilsin. “Əlillik” altsistemində düzəliş edilərək İddiaçı əlillik dərəcəsinin 20 may 2024-cü tarixdən bərpa edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Cavabdeh üzərinə qoyulsun. İddia qalan hissədə təmin edilməsin. Qərardan onun rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar