Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-1822/2025 13.03.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ iddiаçı İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğvi və qaytarılacaq ƏDV-nin yekun məbləği barədə məlumatın müvəkkil banka göndərilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Hakim Ağalarov Həmid Azər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Şirinova Lamiyə Fehruz qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, iddiаçı İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğvi və qaytarılacaq ƏDV-nin yekun məbləği barədə məlumatın müvəkkil banka göndərilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 13 mart 2025-ci il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin 13 iyun 2024-cü il tarixli **********144200 nömrəli “Yaşayış və qeyri yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılmasından imtina edilməsi haqqında” qərarının ləğv olunması və ƏDV-nin İddiaçı qaytarılmasının təmin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili xx.xx.2024-cü il tarixdə məhkəmə iclasında iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehin 13 iyun 2024-cü il tarixli **********144200 nömrəli “Yaşayış və qeyri yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılmasından imtina edilməsi haqqında” qərarının ləğv olunması və "xxxx" MMC ilə İddiaçı arasında xx.xx.2022-ci il tarixdə bağlanmış Polo 7-107 nömrəli alqısatqı müqaviləsiniə əsasən Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində yerləşən “X9 and Residence” adlı istirahət kompleksinin ərazisində Polo Residences çoxmənzilli yaşayış kompleksinin 7-ci binasında yerləşən 7-107 nömrəli mənzilə görə iddiaçıya qaytarılacaq olan ƏDV-nin yekun məbləği barədə məlumatın müvəkkil banka ötürülməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə, iddiaçının verdiyi iddianın dəyişdirilməsi barədə ərizə qeyd edilən məzmunda icraata qəbul edilmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı "xxxx" MMC ilə xx.xx.2022-ci il tarixli Polo 7-107 nömrəli alqı-satqı müqaviləsini bağlayaraq Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində yerləşən “X9 and Residences” adlı istirahət kompleksinin ərazisində Polo Residences çoxmənzilli yaşayış kompleksinin 7-ci binasında yerləşən 7- 107 nömrəli mənzili almışdır. Mənzilə dair ödənişlər nağdsız qaydada POS-terminal vasitəsilə hissə-hissə həyata keçirilmişdir. Ödənişləri iddiaçının etibarnamə üzrə səlahiyyətli nümayəndəsi olan onun anası X4 tərəfindən həyata keçirilirdi. Ödənişləri etməyə başlamamışdan qabaq iddiaçı ƏDV-nin qaytarılması üçün ödənişlərin POSterminal ilə aparılması mümkün olub-olmamasını dəqiqləşdirmək üçün vergi orqanlarına müarciət etmişdir. Vergi orqanı tərəfindən məlumat verildi ki, POS-terminal ilə ödənişlərin aparılması mümkündür və məbləğ tam ödənildikdən sonra ƏDV-nin qaytarılması mümkün olacaqdır. Ümumi olaraq iddiaçı tərəfindən "xxxx" MMC-yə nağdsız qaydada ƏDV daxil 93.177 ABŞ dolları (163.404 manat) köçürülmüşdür. "xxxx" MMC tərəfindən iddiaçıya sözügedən mənzilə dair ödənişlərin tam olaraq həyata keçirilməsi və borcun olmaması barədə 01 aprel 2024-cü il tarixdə arayış təqdim olunmuşdur. Mənzilə görə məbləğ tam ödənildikdən sonra iddiaçı nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması ilə bağlı xx.xx.2024-cü il tarixli **********979600 nömrəli elektron ərizə ilə (bütün sənədləri əlavə edərək) cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə (bundan sonra “Cavabdeh” adlandırılacaq) müraciət etmişdir. Cavabdeh xx.xx.2024-cü il tarixli **********888800 nömrəli məktubla iddiaçıya müraciət edərək, mənzilin tam dəyərinin nağdsız qaydada ödənilməsini təsdiq edən sənədlərin təqdim etməsini xahiş etmişdir. İddiaçı bu məktuba cavab olaraq xx.xx.2024-cü il tarixdə yenidən cavabdehə ödəniş sənədlərini göndərmişdir. Cavabdeh 13 iyun 2024-cü il tarixli **********144200 nömrəli “Yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılmasından imtina edilməsi haqqında” Qərarı ilə (həmin Qərar xx.xx.2024cü il tarixdə elektron kabinetində yerləşdirilmişdir) iddiaçının ƏDV-nin geri qaytarılması ilə bağlı ərizəsini təmin etməmişdir. Hesab edirik ki, bu Qərar əsassız olduğundan ləğv olunmalı, iddiaçının ƏDV-nin qaytarılması ilə bağlı ərizəsi isə təmin olunmalıdır. Cavabdehin etirazı: Cavabdeh etirazla məhkəməyə müraciət edərək, bildirmişdir ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi aşağıda qeyd olunan səbəblərə görə hesab edir ki, iddia tələbi “Yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılmasından imtina edilməsi haqqında” xx.xx.2024cü il tarixli, **********144200 nömrəli qərarın ləğv edilməsi əlavə dəyər vergisinin geri qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması hissədə isə mümkün sayılmamalıdır. İddia tələbinin “Yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılmasından imtina edilməsi haqqında” xx.xx.2024-cü il tarixli, **********144200 nömrəli qərarın ləğv edilməsi hissəsi ilə bağlı aşağıdakılar qeyd edilir: Azərbaycan Respublikası Prezidentinin xx.xx.2022-ci il tarixli 1693 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri- yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydasfna əsasən həmin qaydalar Vergi Məcəlləsinin 165.6-cı maddəsinə uyğun olaraq, fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması şərtlərini və qaydasını tənzimləyir (1.1-ci bənd).Fərman ilə təsdiq edilmiş “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası”nın 5.1.2-ci bəndinə əsasən alıcı yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərini (ƏDV-siz) nağdsız qaydada satıcının bank hesabına, ƏDV məbləğini isə satıcının ƏDV depozit hesabına ödəməlidir. İddiaçı Yusif qızı əlavə dəyər vergisinin qaytarılması üçün xx.xx.2024-cü il tarixli elektron ərizə ilə müraciət etmişdir. Təqdim edilmiş elektron ərizənin araşdırılması zamanı müqavilə üzrə mənzilin tam dəyərinin (cəmi 165.000,0 manat) nağdsız qaydada ödənilməsini təsdiq edən sənədlərin və alqı-satqı müqaviləsinin təqdim edilmədiyi müəyyən edilmiş və sənədlərdə çatışmazlıqlarla bağlı xx.xx.2024-cü il tarixli 2**********888800 nömrəli bildiriş alıcının portalda yaratdığı elektron kabinetə göndərilmişdir. Lakin aparılan təkrar araşdırma zamanı ödəniş sənədlərində ödənişin İddiaçı Yusif qızı tərəfinizdən aparılmadığı (ödənişi aparan şəxsin soyad, ad və ata adının fərqli olduğu- X2 ) müəyyən edilmiş və sənədlərdə uyğunsuzluqla bağlı xx.xx.2024-cü il tarixli **********888800 nömrəli bildiriş alıcının portalda yaratdığı elektron kabinetə göndərilmişdir. Lakin, İddiaçı Yusif qızı tərəfindən son bildirişin alındığı tarixdən 10 (on) iş günü müddətində uyğunsuzluqlar aradan qaldırılmamışdır. Göstərilən səbəbdən “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası”nın 5.1ci bəndində nəzərdə tutulan sənədlərin düzgünlüyünün yoxlanılması mümkün olmamışdır. Qanunvericiliyin qeyd olunan normalarına istinad edərək bildirilir ki, İddiaçı Yusif qızının müraciəti üzrə aparılmış araşdırmanın nəticəsi üzrə “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 58-ci və 61-ci maddələrinə əsasən “Yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılmasından imtina edilməsi haqqında” xx.xx.2024-cü il tarixli **********144200 nömrəli qərar qəbul edilmişdir. İnzibati prosessual qanunvericiliyə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Göründüyü kimi, faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi cavabdehin üzərində olduğundan, cavabdeh “Yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılmasından imtina edilməsi haqqında” xx.xx.2024-cü il tarixli **********144200 nömrəli qərarı qəbul edən zaman işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki hallar hərtərəfli, tam və obyektiv araşdırılmış və qanuni inzibati akt qəbul edilmişdir. Yuxarıda qeyd olunanlara əsaslanaraq bildiri ki, “Yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılmasından imtina edilməsi haqqında” xx.xx.2024- cü il tarixli **********144200 nömrəli qərar qanuni və əsaslıdır. Odur ki, iddia ərizəsində göstərilənlər qərarın ləğv edilməsi üçün əsas ola bilməz. Bundan əlavə, iddia tələbinin 8,823 manat əlavə dəyər vergisinin geri qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması hissə münasibətdə bildirilir ki, operatorun vəzifəsi alıcıya qaytarılacaq ƏDV-nin yekun məbləği barədə məlumatın müvəkkil banka ötürülməsindən ibarətdir. Odur ki, idida tələbi “8,823 manat əlavə dəyər vergisinin geri qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” hissəsində mümkün sayılmamalıdır. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi iddia ərizəsinə etiraz edərək, etirazın dəlillərinə uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Hazırkı iddia tələbi qərarın ləğv edilməsi və məlumatın müvəkkil banka göndərilməsi barədədir. Zahiri olaraq mübahisələndirmə kimi görünsə də, işin hallarından müəyyən olunur ki, iddiaçının hüquqi marağı və məqsədi əldə etdiyi yaşayış sahəsinə görə nağdsız qaydada satıcının bank hesabına ödədiyi ƏDV məbləğinin ona qaytarılması barədə cavabdeh tərəfindən qərarın (əlverişli inzibati aktın) qəbul edilməsinə nail olmaqdan ibarətdir. Mübahisələndirilən qərarın ləğvi ilə iddiaçının bu məqsədinə çatması mümkün deyil. İddiaçı məqsədinə yalnız məcburetmə haqqında iddia vasitəsi ilə nail ola bilər. Belə ki, cavabdehin üzərinə iddiaçıya müvafiq ƏDV məbləğinin qaytarılması barədə qərarın (əlverişli inzibati aktın) qəbul edilməsi öhdəliyi məhkəmənin həmin iddia üzrə yalnız pozitiv qərarı vasitəsi ilə qoyula bilər. Bu baxımdan hazırkı iddia məcburetmə haqqında iddia kimi qiymətləndirilməlidir. Bu zaman həm də nəzərə almaq lazımdır ki, məcburetmə haqqında iddia, eyni zamanda, cavabdeh tərəfindən qəbul edilmiş imtina qərarının da ləğvini ehtiva edir və bunun müstəqil tələb kimi xüsusi vurğulanmasına ehtiyac yoxdur. Odur ki, iddiaçı məcburetmə növündə iddia irəli sürmüşdür. (Ali Məhkəmənin İnzibati kollegiyasının 2-1(102)-2259/2024 nömrəli qərarı) İPM-in 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsindən imtina olunması nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı İPM-in 38-ci maddəsinin tələbləri baxımından iddia qaldırmaq müddətinə əməl etmiş və əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Faktiki hallar və sübutlar: İşin faktiki hallarından görünür ki, İddiaçı "xxxx" MMC ilə xx.xx.2022-ci il tarixli Polo 7- 107 nömrəli alqı-satqı müqaviləsini bağlayaraq Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində yerləşən “X9 and Residences” adlı istirahət kompleksinin ərazisində Polo Residences çoxmənzilli yaşayış kompleksinin 7-ci binasında yerləşən 7-107 nömrəli mənzili almışdır. Müqavilədə mənzilin dəyərinin 96120 ABŞ dollarının manat ekvivalenti olduğu qeyd edilmişdir. İş materiallarına "xxxx" MMC-nin möhürü ilə təsdiq edilmiş 15 ödəniş qəbzi, eyni zamanda "xxxx" ASC-nin ödəniş kartı üzrə çıxarışları əlavə edilmişdir. Bank çıxarışlarında müştəri kimi X3 qeyd edilmişdir. İddiaçının nağdsız qaydada alınmış qeyri-yaşayış sahəsinə görə ödənilmiş ƏDV-nin qaytarılması üçün cavabdehə etdiyi müraciət məlumatlarda uyğunsuzluğun olması əsas gətirilərək təmin edilməmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 25 may tarixli 1693 nömrəli Fərmanı ilə təsdiq edilmiş, “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası” (bundan sonra “Qaydalar”): 2.0.4. operator – ƏDV-nin qaytarılması şərtilə alıcılara təqdim edilən yaşayış və qeyri-yaşayış sahələri üzrə elektron qaimə-fakturanın tərtib edilməsinə, həmin elektron qaimə-faktura barədə məlumatların aidiyyəti üzrə ötürülməsinə imkan verən proqram təminatının, portalın və vahid elektron məlumat bazasının fəaliyyətini təşkil və idarə edən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (bundan sonra – Dövlət Vergi Xidməti); 2.0.6. müvəkkil bank – ƏDV-nin qaytarılması məqsədilə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və Azərbaycan Respublikasının Mərkəzi Bankı ilə razılaşdırmaqla Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən müəyyən edilən bank və ya banklar; 5.1. Alıcı yaşayış və qeyri-yaşayış sahələrinin dəyərini satıcıya nağdsız qaydada tam şəkildə ödədikdən sonra 90 (doxsan) gündən gec olmayaraq, ƏDV-nin qaytarılması məqsədilə portalda qeydiyyatdan keçərək elektron kabinetini yaradır, elektron kabinet vasitəsilə müraciətini və aşağıdakı sənədləri skan edərək portala göndərir: 5.1.1. yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi ilə bağlı sənədin surəti; 5.1.2. alınmış yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərinin (ƏDV-siz) nağdsız qaydada satıcının bank hesabına, ƏDV məbləğinin isə satıcının ƏDV depozit hesabına ödənildiyini təsdiq edən və aşağıdakı məlumatların dəqiq göstərildiyi bank ödəniş sənədi:
1. ödənişi aparan alıcının soyadı, adı və atasının adı;
2. ödənişi qəbul edən satıcının adı, VÖEN-i və bank hesabının nömrəsi;
3. ödənişin təyinatı. 5.2. Bu Qaydanın 5.1.2-ci yarımbəndinin 3-cü abzasında qeyd edilən ödənişin təyinatı hissəsində aşağıdakı məlumatlar göstərilir: 5.2.1. elektron qaimə-fakturanın tarixi, seriyası və nömrəsi; 5.2.2. ödənişin növü (tam ödəniş, ilkin ödəniş və ya aylıq ödəniş). 5.5. Elektron qaimə-faktura və bu Qaydanın 5.1-ci bəndində qeyd olunmuş sənədlərdə göstərilən məlumatlar operator tərəfindən yoxlanıldıqdan sonra dərhal risk qiymətləndirilməsi aparılır və risk qiymətləndirilməsinin nəticələri əsasında, təqdim edilmiş sənədlər bu Qayda ilə müəyyən edilmiş tələblərə cavab verdikdə, operator alıcıya qaytarılacaq ƏDV-nin yekun məbləği barədə məlumatı həmin gün müvəkkil banka ötürür. Bu barədə alıcının portalda yaratdığı elektron kabinetə məlumat göndərilir. 5.6. Operator tərəfindən aparılmış risk qiymətləndirilməsinin nəticələri üzrə ƏDV-nin geri qaytarılmasından imtina edildikdə, bu barədə əsaslandırılmış inzibati akt qəbul edilir və inzibati akt 2 (iki) iş günü müddətində alıcının portalda yaratdığı elektron kabinetə göndərilir. Alıcı ƏDV-nin geri qaytarılmasından imtinadan inzibati qaydada və məhkəməyə şikayət verə bilər.
6. Keçid müddəası 6.1. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 165.6-cı maddəsinin qüvvəyə mindiyi 2020-ci il yanvarın 1-dən bu Qayda qüvvəyə mindiyi tarixədək bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən yaşayış və qeyri-yaşayış sahələrini əldə etmiş və ödənişi tam həyata keçirmiş, habelə əldə edilmiş yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənişləri davam etdirən alıcılara ödənilmiş ƏDV-nin 30 faizi (bu Qayda qüvvəyə mindiyi tarixədək ƏDV məbləğinin satıcının bank hesabına və ya ƏDV depozit hesabına ödənilməsindən asılı olmayaraq) aşağıdakı tələblər nəzərə alınmaqla qaytarılır: 6.1.1. ödənişi tam həyata keçirmiş alıcılar bu Qayda qüvvəyə mindiyi tarixdən, ödənişləri davam etdirən alıcılar isə ödəniş tam başa çatdıqdan sonra 90 gün müddətində satıcının uçotda olduğu vergi orqanına müraciət etdikdə; 6.1.2. bu Qaydanın 5.1.1-ci yarımbəndində nəzərdə tutulmuş sənədlə yanaşı, alıcı tərəfindən yaşayış və qeyri-yaşayış sahələrinin dəyərinin nağdsız qaydada satıcının bank hesabına ödənildiyini təsdiq edən sənədlər satıcının uçotda olduğu vergi orqanına təqdim edildikdə. 6.2. Bu Qaydanın 6.1-ci bəndində nəzərdə tutulmuş hallar üzrə alıcıların müraciətləri vergi orqanı tərəfindən bu Qaydanın tələblərinə uyğun olaraq araşdırılır və risklər müəyyən edilmədiyi halda, ƏDV-nin alıcının bank hesabına köçürülməsi barədə məlumat portal vasitəsilə deyil, fərdi qaydada müvəkkil banka göndərilir. Bu barədə alıcıya məlumat verilir.
Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsi: 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
Məhkəmənin mövqeyi: Vergi Məcəlləsinin 2020-ci il yanvarın 1-dən qüvvəyə minmiş 165.6-ci maddəsi fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin qaytarılmasına dair yeni tənzimləmələr gətirmişdir. Bununla yanaşı, qanun, qaytarılmanın şərtlərinə və qaydasına dair müvafiq icra hakimiyyəti orqanı tərəfindən əlavə normativ tənzimləmələr aparılmalı olduğunu təsbit etmişdir. Bundan sonra həmin normativ tənzimləmələrin həyata keçirilməsi məqsədilə “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyriyaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 25 may tarixli 1693 nömrəli Fərmanı ilə təsdiq edilmişdir. Sözügedən Qaydanın 6-cı bəndi keçid müddəaları nəzərdə tutmuşdur. Keçid müddəaları Vergi Məcəlləsinin 165.6-cı maddəsinin qüvvəyə mindiyi 2020-ci il 01 yanvar tarixdən Qaydanın qüvvəyə mindiyi 2022-ci il 25 may tarixədək olan dövrə ərzində yaranmış münasibətləri tənzimləmiş, Qaydanın zaman etibarilə qanunun qüvvəyə minməsindən xeyli müddət sonra qüvvəyə minməsinin şəxslərə münasibətdə yarada biləcəyi əlverişsiz vəziyyətləri onların maraqlarını nəzərə almaqla nizamlamağa yönəlmişdir. Keçid müddəalarına görə Vergi Məcəlləsinin 165.6-cı maddəsinin qüvvəyə mindiyi 2020-ci il yanvarın 1-dən Fərmanla təsdiq edilmiş Qaydanın qüvvəyə mindiyi 25 may 2022-ci il tarixədək bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən yaşayış və qeyriyaşayış sahələrini əldə etmiş və ödənişi tam həyata keçirmiş, habelə əldə edilmiş yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənişləri davam etdirən alıcılara ödənilmiş ƏDV-nin 30 faizinin Qaydanın qüvvəyə mindiyi tarixədək ƏDV məbləğinin satıcının bank hesabına və ya ƏDV depozit hesabına ödənilməsindən asılı olmayaraq qaytarılması qaydası müəyyən edilmişdir. Beləliklə, hazırkı iş üzrə aydınlaşdırılmalı olan əsas məqamlardan biri mübahisənin keçid normalarının təsiri altına düşüb-düşmədiyi ilə bağlı məsələdir. Keçid normalarının təsiri altına düşə bilməsi üçün yaşayış və qeyri-yaşayış sahələri Qaydanın qüvvəyə mindiyi 25 may 2022-ci il tarixədək əldə edilmiş olmalıdır. Əldə edilmə dedikdə isə 2020-ci il yanvarın 1-dən 2022-ci il mayın 25-dək yaşayış və qeyri-yaşayış sahələrinə dair qanunvericiliklə müəyyən edilmiş qaydada müqavilələrin bağlanılması nəzərdə tutulur. Həmin tarixlər arasında müqavilə bağlamaqla və ödəniş etməklə sahə əldə etmiş şəxslərdən ƏDV məbləğinin satıcının ƏDV depozit hesabına ödənilməsi tələb olunmur. Hazırkı iş üzrə iddiaçı yaşayış sahəsini Qaydanın qüvvəyə mindiyi 25 may 2022-ci il tarixdən sonra müqavilə bağlamaqla əldə etmişdir. Həmin tarixdən etibarən 90 gün müddətində satıcının uçotda olduğu vergi orqanına müraciət etmək hüququ yaranmışdır. Həmin tarixdən iddiaçının ƏDV məbləğini satıcının ƏDV depozit hesabına ödəməsi imkanı mövcud olması işin mübahisəsiz halıdır. İddiaçı belə imkanın mövcudluğu halında belə heç bir ƏDV məbləğini satıcının ƏDV depozit hesabına ödəməmişdir. Belə olan halda, Qaydanın 5.1.2-ci bəndi tətbiq olunmalıdır. Bundan başqa qeyd edilir ki, Qaydaların müvafiq bəndində bəhs olunan “nağdsız qaydada tam” ödənilməsi ifadəsi, yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənişin birmənalı olaraq tamamının nağdsız ödənilməsini ehtiva edir. Lakin iş materiallarından müəyyən olunur ki, "xxxx" MMC-nin möhürü ilə təsdiq edilmiş 15 ödəniş qəbzində qeyd edilmiş məbləğlərin cəmi 93477 ABŞ dollardır. Müqavilədə isə məbləğin 96120 ABŞ dolları olması qeyd edilmişdir. Eyni zamanda, ödəniş qəbzləri ilə "xxxx" ASC-nin ödəniş kartı üzrə çıxarışları arasında tarix və məbləğ fərqləri mvcuddur. Misal üçün: xx.xx.2023-cü il tarixli, 9 nömrəli ödəniş qəbzində məbləğ 10000 AZN qeyd edilsə də, xx.xx.2024-cü il tarixli bank çıxarışında ödənişin xx.xx.2023-cü il tarixdə edildiyi və məbləğin 9000 AZN olduğu görünür. Bank çıxarışları üzrə göstərilmiş ödənişlərin bəzilərinin göndərildiyi ünvan "xxxx" MMC olduğu görünsə də, bəzi ödənişlərin ünvanlandığı hesabın kimə məxsus olduğu aydın olmur. Məhkəmə, qeyd edilən uyğunsuzluqları nəzərə alaraq yuxarıda sadalanan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddiaçının müraciətinə cavabdeh inzibati orqan tərəfindən qanunvericiliyə uyğun qaydada baxılmış, verilmiş imtina məktubu nəticəsində iddiaçının hüquqları və qanunla qorunan maraqları pozulmamış və onların həyata keçirilməsinə maneə yaradılmamışdır. Məhkəmə hesab edir ki, imtina qanuni və əsaslı olduğundan hazırkı iddia tələbi təmin oluna bilməz. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək, hesab edir ki, iddia təmin edilməməlidir.
NƏTİCƏVİ HİSSƏ
Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı :
İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğvi və qaytarılacaq ƏDV-nin yekun məbləği barədə məlumatın müvəkkil banka göndərilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim Həmid Ağalarov