Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-1823/2025 08.04.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı nümayəndəsi (vəkili) Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” haqqında iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanında yerləşən 600.0 kv.m torpaq sahəsinin və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinin xüsusi mülkiyyət hüququ əsasında adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq reyestrdən çıxarışın verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqişəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə olunması barədə qərar qəbul edilməsi xahiş etmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən 600,0 kv.m torpaq sahəsi Səbail Rayon İcra Hakimiyyətinin xx.xx.1995-ci il tarixli 610 nömrəli sərəncamı ilə İddiaçı ayrılmışdır. Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən xx.xx.2007-ci il tarixdə 1412№ ilə uçota alınmış və A № 007213 nömrəli Torpaq sahəsinin planı və ölçüsü tərtib edilərək verilmişdir. Həmin torpaq sahəsində iddiaçı tərəfindən fərdi yaşayış evi inşa edilmiş və həmin fərdi yaşayış evinin memarlıq planlaşdırma həlli ərizəyə əlavə olunmuşdur. İddiaçı bildirir ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 2-ci yaşayış massivi,ev 219 ünvanında yerləşən Bakı şəhəri həmin fərdi yaşayış evinin tikintisi başa çatdırılmış və bu barədə Səbail Rayon İcra Hakimiyyətinə məlumat verilmişdir. Hətta 2011-ci il tarixdə bu barədə akt da tərtib edilmişdir və aktla müəyyən olunmuşdur ki, tikinti zamanı əlavə torpaq sahəsi zəbt olunmamış, tikiliyə aid heç bir mübahisəli məsələ yoxdur, mühəndis kommunikasiyaları (elektrik, qaz, su, kanalizasiya və s.) xətlərinin mühafizə zonasında altında və üzərində yerləşmir. Həmin fərdi yaşayış yerinin memarlıq planlaşdırma həlli də müvafiq lisenziyası olan "xxxx" MMC tərəfindən təsdiq olunmuşdur. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə ünvan 1 ünvanında yerləşən 600.0 kv.m torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı xx.xx.2024-cü il tarixdə poçt vasitəsilə rəsmi müraciət olunmuşdur. Lakin cavabdeh orqan bu günə qədər iddiaçıya heç bir cavab verməmişdir.
3. Cavabdeh tərəfindən məhkəməyə təqdim olunmuş yazılı etirazda qeyd olunmuşdur ki, , iddiaçı X2 “ünvan 1 ünvanında yerləşən 600.0 kv.m torpaq sahəsinin və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinin xüsusi mülkiyyət hüququ əsasında İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 Saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması”na dair iddia tələbi etirazla qarşılanır. İddiaçı iddia tələbində qeyd olunanlar ilə bağlı xx.xx.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli ərizə ilə İdarəyə müraciət etmiş və xx.xx.2024-cü il tarixli, **********638 xaricolma nömrəli məktubla cavab verilmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılan araşdırma zamanı məlum olmuşdur ki, elektron kadastr məlumatına əsasən torpaq sahəsinin bir hissəsi (34 kv.m) yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasında yerləşir. Bundan əlavə idarənin mütəxəssisləri tərəfindən ünvana keçirilən texniki baxış zamanı torpaq sahəsinin 10 metrlik məsafəsindən 700 mm-lik yüksək təzyiqli qaz xəttinin keçdiyi məlum olmuşdur. Elektrik şəbəkələrinin mühafizə zonalarının ölçüləri və həmin ərazilərdə təsərrüfat işlərinin aparılmasına dair tələblər” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 16 may tarixli, 261 nömrəli qərarı ilə tənzimlənir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Yuxarıda qeyd olunanları nəzərə alaraq Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsini rəhbər tutaraq iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilir.
4. Səbail rayon İcra Hakimiyyətinin Başçısının “Fərdi evlər tikintisi üçün Badamdar qəsəbəsində torpaq sahəsinin ayrılması barədə” xx.xx.1995-ci il tarixli, 610 nömrəli Sərəncamına əsasən Badamdar qəsəbəsində fərdi evin tikintisi üçün hər birinə 600 (altı yüz) kv.m olmaqla aşağıdakı vətəndaşlara torpaq sahəsi ayrılmışdır: İddiaçı...
5. Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən xx.xx.2007-ci il tarixdə tərtib olunmuş “Torpaq sahəsinin planı və ölçüsü” sənədinə əsasən Səbail rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1995-ci il tarixli 610 saylı Sərəncamı ilə Səbail rayonu, Badamdar qəsəbəsi, 11 yaşayış massivi 219 saylı fərdi yaşayış evi tikintisi üçün 600 kv.m torpaq sahəsi İddiaçı ayrılmışdır.
6. "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli Arayışda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Nazirləı Kabinetinin 2005-ci il 10 iyun tarixli, 103 nömrəli Qərarı ilə təsdiq edilmiş “Gərginliyi 1000 voltdən yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi Qaydalan”nın 5a saylı bəndinə əsasən ona məxsus, ünvan 1 ünvanında aşağıda qeyd olunan koordinatlarda yerləşən fərdi yaşayış evi və torpaq sahəsi 6 kV-luq elektrik şəbəkəsinin mühafizə zonasında yerləşir.
1. X:399384.54, Y:4467496.85
2. X:399392.76, Y:4467466.90
3. X:399372.59, Y:4467460.17
4. X:399364.88, Y:4467485.99
7. Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən xx.xx.2024-cü il tarixli müayinə (baxış) Aktında qeyd olunmuşdur ki, torpaq sahəsi hər tərəfdən daş hasarla sərhədlənibdir. Torpaq sahəsinin üzərində 2 mərtəbəli yaşayış evi və köməkçi sahələr vardır. Torpaq sahəsinin hasarından 18.5 metr aralı məsafədə 110 kv-yüksək gərginlikli elektrik xətti keçir. Digər tərəf hasardan (artıq sahədən) 10.0 metr və (kadastr planına əsasən 16.0 metr aralı məsafədə 700 mm-lik diametrli yüksək təzyiqli qaz xətti keçir. Yerləşmə cizgisi təqdim edilməyibdir. Fərdi ev təqdim edilən layihəyə uyğundur.
8. Səbail rayon İcra Hakimiyyəti tərəfindən tərtib edilmişdir Aktda qeyd olunmuşdur ki, Badamdar qəsəbəsi, 2-ci yaşayış massivi, döngə 219 ünvanında Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin 007213 21 iyun 2007-ci il tarixli Torpaq Sahəsinin planı və ölçüsü sənədi ilə vətəndaş İddiaçı mülkiyyətinə verilmiş torpaq sahəsində inşa edilmiş fərdi evə baxış keçirilib aşağıdakılar müəyyən edilmişdir: Fərdi ev təsdiq edilmiş layihə əsasında inşaat sanitar və yanğından mühafizə qaydalarına uyğun olaraq inşa olunub başa çatdırılmışdır. Tikinti zamanı əlavə torpaq sahəsi zəbt olunmamış, tikiliyə aid heç bir mübahisəli məsələ yoxdur, mühəndis kommunikasiyaları (elektrik, qaz, su kanalizasiyası və s.) xətlərinin mühafizə zonasında - altında və ya üzərində yerləşmir.
9. Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 2-ci yaşayış massivi, 219 ünvanında yerləşən torpaq sahəsində mövcud fərdi yaşayış evinə dair "xxxx" MMC tərəfindən tərtib olunmuş layihə iş materiallarına əlavə olunmuşdur.
10. Şifahi məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclasında) iştirak edən iddiaçının nümayəndəsi (vəkili) iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi.
II. İddianın növü və mümkünlüyü
11. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli №4 Qərarının 17-ci bəndinə əsasən, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz.
12. “İnzibati icraat haqqında” Qanunun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur.
13. İddianın növü öhdəliyin icrasına dair iddiadır.
14. İddia mümkündür.
III. Məhkəmənin mövqeyi
15. İddia ərizəsinin məzmunundan aydın olur ki, İddiaçı ünvan 6 ünvanında yerləşən 600 kv.m torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evi üzərində mülkiyyət hüquqlarını qeydiyyata almağı tələb edir.
16. X4 Presedent hüququna əsasən, məhkəmə tərəfindən dəfələrlə qeyd edilmişdir ki, “mülkiyyət” ifadəsi qanunvericinin verdiyi anlayışla məhdudlaşmır, avtonom anlayışa malikdir.
17. “Əmlak”a “mövcud əmlak” və ya aktiv, o cümlədən ərizəçinin əmlak hüquqlarından istifadəni təmin etmək üçün ən azı “qanuni gözləntisi” olan iddialar ola bilər. Səmərəli şəkildə icrası mümkün olmayan əmlakı tanıtmağa ümid, eləcə də şərtin icra edilməməsi nəticəsində uzanan şərti iddia 1 saylı Protokolun 1-ci maddəsi baxımından “əmlak” hesab edilə bilməz (Lixtenşteyn kralı Hans-Adam İİ Almaniyaya qarşı; Gratzinger and Gratzingerova Çexiyaya qarşı).
18. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” (Saghinadze və başqaları Gürcüstana qarşı 27.5.2010 tarixli qərar [İİ Bölmə] ərizə № 18768/05).
19. Məhkəmənin presedent hüququna əsasən “əsaslı mübahisə” və ya “tutarlı iddia”nın mövcudluğu P(1)-1-lə mühafizə olunan “qanuni gözlənti”ni müəyyən etmək üçün meyar deyil. Məhkəmə nəzərə alır ki, iddianın mahiyyətində əmlak marağı olduqda “aktiv” kimi o zaman qiymətləndirilə bilər ki, milli hüquqda kifayət qədər əsası olsun, məsələn, yerli məhkəmənin presedent hüququna əsasən təsdiq edilmiş olsun (Kopecky v. Slovakia, Vilho Eskelinen and others v. Finland).
20. Milli qanunvericiliyin şərhi və tətbiqi barədə mübahisə olduqda və ərizəçinin təqdimatları yerli məhkəmələr tərəfindən rədd edildikdə, “qanuni gözlənti”nin yaranmasından söz gedə bilməz (X1 qarşı, § 65; Kopecky Slovakiyaya qarşı, § 50).
21. X7 Konvensiyasının 1 saylı Protokolun 1-ci maddəsi üç fərqli qayda nəzərdə tutur: birinci qayda, birinci bəndin birinci cümləsində nəzərdə tutulmuşdur, ümumi xarakterə malikdir və mülkiyyətdən maneəsiz şəkildə istifadə prinsipini müəyyən edir; ikinci qayda, birinci bəndin ikinci cümləsində nəzərdə tutulmuşdur, mülkiyyətdən məhrum etməni və onun şərtlərini əhatə edir; üçüncü qayda, ikinci bənddə nəzərdə tutulmuşdur, Dövlətlərin, digər məsələlərlə yanaşı, mülkiyyətdən ictimai marağa uyğun şəkildə istifadə olunmasına nəzarət etmək hüququnu tanıyır. Bu qaydalar bir-birilə əlaqəlidir: ikinci və üçüncü qaydalar mülkiyyətdən maneəsiz istifadə hüququna müdaxilənin konkret nümunələri ilə bağlıdırlar və birinci qaydada nəzərdə tutulan prinsip əsasında təhlil edilməlidirlər.
22. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanunun 11.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı üçün təqdim edilən sənədlərə tələblər üzrə hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır.
23. “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23-cü maddəsinə əsasən idarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir.
24. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1-ci maddəsində və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə əsasən müəyyən edilir.
25. Mülki Məcəllənin 139-1-ci maddəsinə əsasən: 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 139-1.1.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 139-1.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 139-1.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 139-1.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 139-1.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; 139-1.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı
26. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununa əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri əsas hesab olunur. 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; 12.1. daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir.
15. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2.hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3.hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4.daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5.daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6.bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.
27. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır.
28. Məhkəmə iş materiallarını araşdıraraq ünvan 6 ünvanında yerləşən torpaq sahəsinə münasibətdə müəyyən edir: - Bakı şəhəri Səbail rayon İcra Hakimiyyətinin Başçısının “Fərdi evlər tikintisi üçün Badamdar qəsəbəsində torpaq sahəsinin ayrılması barədə” xx.xx.1995-ci il tarixli, 610 nömrəli Sərəncamına əsasən Badamdar qəsəbəsində fərdi evin tikintisi üçün İddiaçı 600 (altı yüz) kv.m torpaq sahəsi ayrılmışdır. - Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən xx.xx.2007-ci il tarixdə tərtib olunmuş “Torpaq sahəsinin planı və ölçüsü” sənədinə əsasən Səbail rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1995-ci il tarixli 610 saylı Sərəncamı ilə Səbail rayonu, Badamdar qəsəbəsi, 11 yaşayış massivi 219 saylı fərdi yaşayış evi tikintisi üçün 600 kv.m torpaq sahəsi İddiaçı ayrılmışdır.
29. Odur ki, məhkəmə hesab edir ki, Bakı Şəhər Səbail rayon İcra Hakimiyyətinin Başçısının xx.xx.1995-ci il tarixli, 610 nömrəli Sərəncamı Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən tərtib olunmuş torpaq sahəsinin planı və ölçüsü sənədi ilə tamamlanmaqla iddiaçının torpaq sahəsinə mülkiyyət hüququnu təsdiq edən prima facie (ilkin) sübutu təşkil edir. Məhkəmənin qeyd edilən qənaəti X7 Məhkəməsinin presedent hüququna əsaslanır (bax: Sarqsyan Azərbaycana qarşı iş (40167/06 nömrəli ərizə üzrə xx.xx.2015-ci il tarixli qərar § 188).
30. Cavabdeh imtinanın əsası olaraq qeyd etmişdir ki, elektron kadastr məlumatına əsasən torpaq sahəsinin bir hissəsi (34 kv.m) yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasında yerləşir. Bundan əlavə idarənin mütəxəssisləri tərəfindən ünvana keçirilən texniki baxış zamanı torpaq sahəsinin 10 metrlik məsafəsindən 700 mm-lik yüksək təzyiqli qaz xəttinin keçdiyi məlum olmuşdur.
31. Məhkəmə bununla bağlı qeyd edir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanından:
2. Müəyyən edilsin ki, bu Fərmanın 1-ci hissəsi ilə təsdiq olunan Siyahıda nəzərdə tutulmuş sənədlər müvafiq əmlaka hüququn əmələ gəldiyi anda həmin əmlak magistral boru kəmərlərinin, yüksək gərginlikli elektrik şəbəkələrinin, nəqliyyat infrastrukturu obyektlərinin və suların mühafizə zonalarında, neft və qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərinin istifadəsində olan torpaq sahələrində yerləşmədiyi hallarda daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas hesab edilir.
32. Məhkəmə nəzərə alır ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8.0.1-ci maddəsində qeyd edilən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar müvafiq Fərmanın 1-ci hissəsində qeyd edilən sənədlər siyahısında nəzərdə tutulmamışdır.
33. Məhkəmə iş materiallarını araşdıraraq ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evinə münasibətdə müəyyən edir ki, İddiaçı Bakı şəhəri Səbail rayon İcra Hakimiyyətinin Başçısının Sərəncamı ilə ona ayrılmış ünvan 6 ünvanında yerləşən torpaq sahəsi üzərində fərdi yaşayış evi inşa etdikdən sonra "xxxx" MMC tərəfindən evin layihəsini tərtib etdirmiş, evin tikintisi ilə bağlı icra hakimiyyəti orqanına məlumat vermiş və Səbail rayon İcra Hakimiyyəti tərəfindən istismara qəbul Aktı tərtib edilmişdir. Belə müvafiq Aktda qeyd olunmuşdur ki, Badamdar qəsəbəsi, 2-ci yaşayış massivi, döngə 219 ünvanında Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin 007213 21 iyun 2007ci il tarixli Torpaq Sahəsinin planı və ölçüsü sənədi ilə vətəndaş İddiaçı mülkiyyətinə verilmiş torpaq sahəsində inşa edilmiş fərdi evə baxış keçirimişdir. Fərdi ev təsdiq edilmiş layihə əsasında inşaat sanitar və yanğından mühafizə qaydalarına uyğun olaraq inşa olunub başa çatdırılmışdır. Tikinti zamanı əlavə torpaq sahəsi zəbt olunmamış, tikiliyə aid heç bir mübahisəli məsələ yoxdur, mühəndis kommunikasiyaları (elektrik, qaz, su kanalizasiyası və s.) xətlərinin mühafizə zonasında - altında və ya üzərində yerləşmir.
34. Məhkəmə qeyd edir ki, cavabdeh inzibati orqanın məlumatlandırma icraatı qaydasında inşa edilmiş fərdi yaşayış evinə dair hüquqların qeydiyyatının aparılması zamanı araşdırma predmeti icra hakimiyyəti orqanları arasında səlahiyyətlər bölgüsü baxımından həmin icraata (məlumatlandırma) riayət edilməsi və inşa edilmiş fərdi yaşayış evinin texniki parametrlərinin (hündürlüyü, aşırımlarının uzunluğu və mərtəbəliliyi) Şəhəsalma və Tikinti Məcəlləsinə tələblərinə uyğunluğunun yoxlanması ilə məhdudlaşır. Hazırki işin hallarında görə məhkəmə müəyyən edir ki, cavabdeh tərəfindən qeyd edilən uyğunsuzluq (məlumatlandırma icraatına riayət edilməməsi və tikilinin texniki parametrləri ilə bağlı normativləri aşma) aşkar edilməmişdir. Belə ki, qeyd edilən ərazidə fərdi yaşayış evinin inşasına etiraz etməyə səlahiyyətli qurum məhz yerli icra hakimiyyəti orqanıdır.
35. Qeyd edilənlərə məcmu halda məhkəmə qiymət verərək hesab edir ki, iddiaçının ona verilmiş torpaq sahəsinə mülkiyyət hüququn tanınması üçün (əvəzsiz olaraq) “qanuni gözləntisi” var.
36. Odur ki, məhkəmə hesab edir ki, cavabdehin imtinası (hərəkətləri) qanuna ziddir və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Əks yanaşma iddiaçının X7 Konvensiyasının 1 saylı Protokolun 1-ci maddəsində nəzərdə tutulan mülkiyyətdən maneəsiz şəkildə istifadə hüququnun (birinci qayda) pozulması hesab oluna bilər.
37. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsindən: Xidmətin vəzifələri: 3.0.23. daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq;
38. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.
39. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
40. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.
41. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia təmin edilsin. Bakı şəhəri Səbail rayon İcra Hakimiyyətinin Başçısının xx.xx.1995-ci il tarixli, 610 nömrəli Sərəncamına əsasən ayrılmış ünvan 6 ünvanında yerləşən 600 kv.metr torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evi üzərində İddiaçı mülkiyyət hüquqlarını daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alaraq çıxarışın verilməsi vəzifəsi cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim Günel Sevdimalıyeva