Məhkəmə qərarları › İş №e-2-1(112)-1837/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-1837/2025

21.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-1837/2025 21.01.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi İbazadə Aytən Əhəd qızının katibliyi, iddiaçının vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə qərarın ləğvi” iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İ. Mübahisəli hüququn qısa xülasəsi

1. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı məhkəməyə müraciət edərək, Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024-cü il tarixli **********591300 nömrəli Qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı Şəhər Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2024-cü il tarixli **********591300 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərarı əsasında fiziki şəxs İddiaçı 2022-ci il üzrə 11346,20 manat həcmində əlavə gəlir vergisi hesablanmışdır. Həmin Qərara əsasən fiziki şəxs tərəfindən sahibkarlıq fəaliyyəti ilə bağlı xərclərinin qəbul olunmadığı əks olunmuşdur. Qeyd olunan yanaşmaya əsas kimi isə vergi ödəyicisinin sahibkarlıq fəaliyyəti ilə bağlı xərclərini təsdiq edən sənədlərin (elektron qaiməfakturalar) olmadığı əsas götürülmüşdür. Bundan başqa, vergi ödəyicisi tərəfindən təqdim olunmuş 2022-ci ilin gəlir vergisi bəyannaməsi vergi orqanı tərəfindən qəbul olunmayaraq, vergi orqanı tərəfindən bildirilmişdir ki, uçot-baza məlumatlarına əsasən fərdi sahibkar tərəfindən 2022-ci il ərzində, ümumilikdə 58387,00 manat dəyərində elektron qaimə-fakturaların təqdim edildiyi, 2022-ci il ərzində bank hesabına satılmış mallarla bağlı 58387,00 manat vəsait mədaxil edildiyi, malların (işlərin, xidmətlərin) alınması ilə bağlı elektron qaimə-faktura və elektron alış aktlarının əldə edilmədiyi, idxal-ixrac əməliyyatlarının aparılmadığı, yəni təsdiqedici sənədlərlə alınmayan malların satıldığı müəyyən edilmişdir. Göründüyü vergi orqanı hazırkı mübahisə predmeti olan Qərarı onunla əsaslandırmışdır ki, vergi ödəyicisi sahibkarlıq fəaliyyəti həyata keçirən zaman təqdim etdiyi malların əldə edilməsi ilə bağlı hər hansı sənəd təqdim etməmişdir. Bu baxımdan, vergi ödəyicisinin təqdim etdiyi malların ümumi dəyəri gəlir hesab olunmaqla 20 % dərəcə ilə gəlir vergisi hesablanmışdır. İddiaçı hesab edir ki, vergi orqanının yanaşması tamamilə əsassızdır. Belə ki, vergi ödəyicisi tullantı daş materiallarının sonradan emalı fəaliyyəti ilə məşğul olmuşdur və bununla bağlı da heç bir xərc sənədi əldə edə bilməmişdir. Bundan başqa vergi orqanı tərəfindən vergilər hesablanarkən qanunun normasına deyil, subyektiv “məqsədəmüvafiqlik” prinsipinə üstünlük verilmişdir. Çünki, vergi ödəyicisi tərəfindən təqdim edilmiş 58387,00 manat məbləğin tam olaraq gəlir kimi qəbul edilməsi, heç bir xərcin çəkiləməməsinin iddia olunması və 11346,20 manat gəlir vergisi hesablanmasının heç bir iqtisadi əsası yoxdur, vergitutmanın ümumi, bərabər və ədalətli olması prinsipinə ziddir. Vergi orqanı faktiki olaraq qəbul edir ki, iddiaçı satılan malların alınmasına faktiki xərc çəkməmişdir və bu kimi halda ümumi gəlir Vergi Məcəlləsinin 67-ci maddəsinə uyğun olaraq vergiyə cəlb olunan gəlir kimi müəyyən edilməlidir. Vergi Məcəlləsinin 67-ci maddəsinə uyğun olaraq göstərilən xərclərin müəyyən olunması üçün ən münasib üsul isə xx.xx.2024-cü il tarixədək qüvvədə olan Vergi Məcəlləsinin 67.14-cü maddəsinə əsasən xərclərin şərti rentabellik norması ilə hesablanmasıdır. xx.xx.2024-cü il tarixədək qüvvədə olan (xx.xx.2023-cü il tarixli 1033 saylı Qanun) Vergi Məcəlləsinin 67.14-cü maddəsinə əsasən bu Məcəllənin 67.1-ci maddəsində göstərilən hallarda vergi ödəyicisinin gəlirlərini və ya xərclərini müəyyən etmək mümkün olduqda mənfəət (gəlir) vergisi bu Məcəllənin 83.9-cu maddəsinə əsasən hesablanır. Həmin Məcəllənin 83.9-cu maddəsinə əsasən vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda, həmin mənfəət (gəlir) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydalar əsasında hesablanırdı. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 55 saylı Qərarına əsasən vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda şərti rentabellik norması tətbiq edilirdi. Həmin Qərara əsasən isə vergi ödəyicisinin xərclərini müəyyən etmək mümkün olmadıqda, əldə etdiyi gəlir məbləğinin təxminən 3.3 %-i gəlir vergisi kimi qəbul edilirdi. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 53.4-cü maddəsinə əsasən vergi qanunvericiliyinin pozulması halları nəzərdən keçirildikdə, onun bilərəkdən və ya ehtiyatsızlıq nəticəsində törədilməsi, inzibati məsuliyyətin tətbiq edilməsi üçün təqsirkar şəxsin müəyyən yaşa çatması, yüngülləşdirici və ya ağırlaşdırıcı hallar və bu Məcəllə, habelə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müddəaları müəyyən edilməlidir. Sadalanan normalardan göründüyü kimi vergi orqanı özü qeyd olunanları tətbiq edərək vergiyə cəlb olunan gəliri müəyyən etməli olduğu halda, bunu yerinə yetirmədiyi üçün iddiaçı könüllü şəkildə şərti rentabellik normasına uyğun bəyannamə təqdim edərək, gəlir vergisi məbləğini hesablamışdır. Vergi orqanı isə həmin bəyannaməni təsdiq etmək əvəzinə, yenidən xalis gəlir məbləğini gəlir vergisinə cəlb etmiş və “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərar qəbul edərək, əlavə olaraq 11346,20 manat gəlir vergi hesablamışdır. Halbuki, fiziki formaya malik malın alınmasına xərc çəkilmədən satışını başqa cür həyata keçirmək imkansızdır. Vergi orqanı əgər xərcləri qəbul etmirsə, demək ki gəliri də qəbul etməməlidir, yox əgər gəlir qəbul olunursa, demək ki onun formalaşmasında xərc iştirak edib. Çünki, gəliri formalaşdıran əmtəə maldır, xidmət və ya iş deyil. Vergi Məcəlləsinin 36.2-ci maddəsinə əsasən vergi yoxlamaları keçirildikdə vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar.

3. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilən yazılı etirazda qeyd olunmuşdur ki, araşdırma zamanı uçot-baza məlumatlarına əsasən vergi ödəyicisi tərəfindən 2022-ci il ərzində 58381.00 manat dəyərində elektron qaimə faktura təqdim edilməsinə baxmayaraq gəlir vergisi bəyannaməsinin “Ümumi gəlirdən çıxılmalar” sətrində 43785,8 manat güzəşt məbləğinin qeyd edilməsi, eləcə də təsdiqedici sənədləri ilə birgə ətraflı izahın təqdim edilməməsi vergidən yayınma halı kimi qiymətləndirilərək kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Yaranmış kənarlaşmalar ilə bağlı vergi ödəyicisinə xx.xx.2023-cü il tarixli **********252300 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” uyğunsuzluq məktubu göndərilmişdir. Qeyd olunanlarla əlaqədar, vergi ödəyicisi tərəfindən cari (dəqiqləşdirilmiş) gəlir vergisi bəyannaməsi, əsaslandırılmış izahat və araşdırmaya zəruri hesab olunan müvafiq təsdiqedici sənədlər vergi orqanına təqdim edilmədiyinə görə Vergi Məcəlləsinin 37-ci, 67ci, 83-cü maddələrinə əsasən, kameral vergi yoxlaması ilə 2022-ci il üçün gəlir vergisi bəyannaməsi üzrə 11706.20 manat əlavə vergi məbləği hesablanmış, bu barədə vergi ödəyicisinə xx.xx.2023-cü il tarixli **********765500 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərar göndərilmişdir. Daha sonra iddiaçı tərəfindən təqdim edilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə kameral vergi yoxlaması aparılaraq xx.xx.2024-cü il tarixli **********591300 saylı qərar qəbul edilmişdir. İddia ərizəsində qeyd olunmuşdur ki, vergi ödəyicisi tərəfindən təqdim olunmuş 2022-ci ilin gəlir vergisi bəyannaməsi vergi orqanı tərəfindən qəbul olunmayaraq, vergi orqanı tərəfindən bildirilmişdir ki, uçot-baza məlumatlarına əsasən fərdi sahibkar tərəfindən 2022ci il ərzində, ümumilikdə 58387,00 manat dəyərində elektron qaimə-fakturaların təqdim edildiyi, 2022-ci il ərzində bank hesabına satılmış mallarla bağlı 58387,00 manat vəsait mədaxil edildiyi, malların (işlərin, xidmətlərin) alınması ilə bağlı elektron qaimə-faktura və elektron alış aktlarının əldə edilmədiyi, idxal-ixrac əməliyyatlarının aparılmadığı, yəni təsdiqedici sənədlərlə alınmayan malların satıldığı müəyyən edilmişdir. Eləcə də qeyd edilir ki, iddiaçı satılan malların alınmasına faktiki xərc çəkməmişdir və bu kimi halda ümumi gəlir Vergi Məcəlləsinin 67-ci maddəsinə uyğun olaraq vergiyə cəlb olunan gəlir kimi müəyyən edilməlidir. Vergi Məcəlləsinin 67-ci maddəsinə uyğun olaraq göstərilən xərclərin müəyyən olunması üçün ən münasib üsul isə xx.xx.2024-cü il tarixədək qüvvədə olan Vergi Məcəlləsinin 67.14-cü maddəsinə əsasən xərclərin şərti rentabellik norması ilə hesablanmasıdır. İddiaçı qanunvericiliyin qeyd olunan normasını təhlil edərkən yanlış nəticəyə gəlmiş, belə ki, Vergi Məcəlləsinin 67-ci maddəsinə müvafiq olaraq vergi orqanının vergiləri hesablamaq hüququnu cavabdehin vəzifəsi olduğunu qeyd etmişdir. Halbuki, Vergi Məcəlləsinin 37.4-cü maddəsində açıq şəkildə qeyd olunmuşdur ki, kameral yoxlama aparmaq üçün vergi bəyannaməsi, sənədlər və məlumatlar üzrlü əsas olmadan təqdim edilmədikdə, vergi orqanının bu Məcəllənin 67-ci maddəsinə müvafiq olaraq vergiləri hesablamaq hüququ vardır. Nəzərə almaq lazımdır ki, vergi orqanlarının ödənilməli olan verginin məbləğini əlaqəli məlumatlardan (habelə analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin vergi orqanında olan məlumatlarından) istifadə etməklə hesablamaq hüququ, onun həmin məlumatlara münasibətdə seçim hüququnu deyil, həmin məlumatlardan istifadə etməklə hesablama aparmaq hüququnu nəzərdə tutur. Başqa sözlə, vergi orqanı hesablamanı həmin məlumatlardan istifadə etməklə aparmaq haqqına malikdir. Lakin vergi orqanı bu haqqından hər bir halda istifadə etməyə borclu deyildir. Göründüyü kimi, iddiaçı hüquqdan sui istifadə etməyə çalışmışdır. Başqa sözlə desək iddiaçı bəyannaməsində qəsdən sənədlərlə təsdiq edilməyən xərclər əks etdirmişdir ki, yekunda ona verginin şərti rentabellik metodu ilə hesablamasını iddia etsin.

4. “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023cü il tarixli, **********591300 nömrəli Qərara əsasən gəlir vergisi üzrə 2022-ci il bəyannamə və hesabat dövründə təqdim edilmiş bəyannamə, hesabat üzrə hesablanmış vergi və ya sığorta haqqı 2.836,55 manat, vergi orqanı tərəfindən aparılmış kameral yoxlama nəticəsində müəyyən edilmiş vergi və ya sığorta haqqı 11.346,20 manat, əlavə hesablanmış vergi və ya sığorta haqqı məbləği 8.509,65 manat müəyyən edilmişdir.

5. Məhkəmənın hazırlıq icraatı üzrə iclasında, eləcə də şifahi məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclası) iştirak edən iddiaçının nümayəndəsi (vəkili) iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etdi.

6. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə şifahi məhkəmə baxışı iclasında onun iştirakı olmadan baxılmasını və məhkəmə qərarı qəbul edilməsini mümkün hesab etmişdir.

İİ. İddianın növü və mümkünlüyü

7. İPM-in 2.2.1-ci maddəsinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

8. Mübahisələndirilən qərar texniki xəta kimi xx.xx.2023-cü il tarixli göstərilsə də, iddiaçı iddia ərizəsində xx.xx.2024-cü il tarixli qərarı mübahisələndirir, cavabdeh isə qərarın xx.xx.2024cü il tarixli olmasını qəbul etmişdir. Belə ki, iddiaya dair etirazda xx.xx.2024-cü il tarixli qərara münasibət bildirilmiş, işdə olan uyğunsuzluq məktubu isə xx.xx.2024-cü il tarixlidir.

9. Bununla yanaşı iş materiallarında olan şəxsi hesab vərəqəsindən görünür ki, xx.xx.2024cü il tarixdə azalma göstərilsə də, həmin məbləğ daha sonra bərpa edilmişdir.

10. Mübahisələndirilən akt iddiaçıya münasibətdə hüquqi nəticə yaradır.

11. İddiaçı xx.xx.2024-cü il tarixində iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

12. İPM-in 32.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər.

13. İddia mümkündür.

İİİ. Məhkəmənin mövqeyi

14. İddiaçının 2022-ci il üzrə (hesabat dövrü üzrə) təqdim etdiyi bəyannaməyə əsasən malların təqdim edilməsi (işlərin görülməsi, xidmətlərin göstərilməsi) üzrə 8.509,65 manat əlavə vergi məbləği (gəlir vergisi) hesablanmışdır.

15. Mübahisənin yaranmasının səbəbi iddiaçı tərəfindən təqdim edilmiş dəqiqləşdirilmiş gəlir vergisi bəyannaməsində 1200-cü bənddə əks olunan malın dəyərinin (58.381,00 manat) cavabdeh tərəfindən hesabat dövründə gəlirlərin əldə edilməsi ilə bağlı xərclər kimi nəzərə alınmamasıdır ki, bu da kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Belə ki, Vergi orqanı 51.800,00 manat məbləğində xərcin vergi orqanına təqdim edilmiş vergi hesabatında əks olunmasına baxmayaraq həmin xərcin Vergi Məcəlləsi ilə müəyyən edilən təsdiqedici sənədləri olmadığını bildirmişdir.

16. Həmin əməliyyatlar Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 265 nömrəli qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”na uyğun olaraq vergi orqanı tərəfindən əmtəəsiz əməliyyatlar hesab edilərək nəzərə alınmamış, lakin vergi ödəyicisi tərəfindən təsdiqedici sənədlərlə almadıqları malların satılması halının mövcud olması haqqında ətraflı məlumat müəyyən edilməmiş və cavabdeh tərəfindən konkret olaraq iddiaçıya münasibətdə həmin halın müəyyən edilməsinə dair sübutlar təqdim edilməmişdir.

17. Vergi Məcəlləsinin: 13.2.81. əmtəəsiz əməliyyat – vergi nəzarəti tədbiri zamanı aşkarlanan, başqa əməliyyatı pərdələmək məqsədilə aparılan və faktiki olaraq mallar, işlər və xidmətlər təqdim edilmədən mənfəət əldə etmək məqsədilə rəsmiləşdirilən əməliyyatlardır. 13.2.82. riskli vergi ödəyicisi – müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir.

18. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”na əsasən: 1.4. Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə uyğun olaraq riskli vergi ödəyicisi olması barədə qərar çıxarılmış vergi ödəyicilərinə dair məlumat vergi ödəyiciləri tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi portalında elektron qaimə-faktura sistemi vasitəsilə aparılan əməliyyatlar zamanı xəbərdarlıq xarakterli bildirişlərdə əks olunur. 2.1. Aşağıdakı meyarlardan ən azı birinə cavab verən vergi ödəyicisi riskli vergi ödəyicisi hesab olunur: 2.1.8. beşdən çox hüquqi şəxsin icra orqanının rəhbəri olan fiziki şəxslər və onların icra orqanının rəhbəri olduğu hüquqi şəxslər. 3.1. Vergi ödəyicisinin apardığı aşağıdakı əməliyyatlar riskli əməliyyat hesab olunur: 3.1.1. vergi ödəyicilərinin təqdim etdiyi elektron qaimə-fakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərildiyi aşkar edildikdə; 3.1.2. vergi ödəyicilərinin aldığı və ya idxal etdiyi malların həcmindən artıq həcmdə mallar təqdim etməsi halı aşkar edildikdə (artıq həcmdə təqdim edilmiş mallara münasibətdə).

19. Məhkəmə nəzərə alır ki, cavabdeh əməliyyatı əmtəəsiz hesab edərək iddiaçının 51.800,00 manat həcmində xərcini bəyannamədən silsə də, həmin hissəyə mütənasib olan gəlir hissəsini bəyannamədə saxlamışdır və bu da, həmin yanaşma ilə ziddiyyət təşkil edir. Əgər əməliyyat əmtəəsizdirsə, onda gəlirin də formalaşmadığı nəzərə alınmalıdır.

20. Məhkəmə qeyd edir ki, əməliyyatın əmtəəsiz hesab olunması şəxsin riskli vergi ödəyicisi qrupunda olub-olmamasından asılı deyildir. Belə ki, iddiaçı riskli vergi ödəyicisi qrupunda olan şəxslə də alqı-satqı əməliyyatı apara bilər və bu zaman həmin əməliyyatın da real olması istisna edilə bilməz. Başqa sözlə, vergi orqanı tərəfindən əməliyyatın əmtəəsiz və ya riskli hesab olunması üçün şəxsin yalnız həmin qrupda olması yetərli deyil, bunun üçün həm də əməliyyatın faktiki olaraq əmtəəsiz və ya riskli olduğu sübuta yetirilməlidir. Hazırkı iş üzrə cavabdeh əməliyyatın əmtəəsiz olduğuna dair məhkəməyə hər hansı sübut təqdim etməmişdir.

21. Beləliklə, məhkəmə qeyd edir ki, iddiaçının aldığı və ya idxal etdiyi malların həcmindən artıq həcmdə mallar təqdim etməsi halı aşkar edilməmiş, yəni iddiaçının riskli əməliyyat aparması müəyyən edilməmişdir. Aparılmış əməliyyatların əmtəəsiz kimi qiymətləndirilməsi ehtimallara əsaslanmaqla iddiaçının qanunla qorunan hüquqlarının pozulması ilə nəticələnmişdir.

22. Məhkəmə eyni zamanda qeyd edir ki, Vergi Məcəlləsinin 109.9-cu maddəsinə görə, əmtəəsiz əməliyyatlar çərçivəsində əldə edilmiş sənədlər gəlirdən çıxılan xərcləri təsdiq edən sənəd hesab edilmir və təqdim edilən malların (işlərin, xidmətlərin) dəyəri bu Məcəllənin 14-cü, 14-1-ci və 67-ci maddələri nəzərə alınmaqla gəlirdən çıxılır. Göründüyü kimi, qanunverici hətta əməliyyatın əmtəəsiz olduğu halda belə gəlirdən çəkilən xərclərin çıxılması qaydasını müəyyən etmişdir. Buna baxmayaraq, cavabdeh hazırkı mübahisəyə münasibətdə əməliyyatı əsassız olaraq əmtəəsiz hesab etsə də, bu yanaşmasına uyğun normanı tətbiq etməmiş, gəlirdən çıxılmalı məbləği bazar qiyməti və əlaqəli məlumatlar əsasında müəyyən etməmişdir.

23. Cavabdeh hesab edir ki, vergi ödəyicisi riskli vergi ödəyicisi hesab olunduğundan Vergi Məcəllləsinin 106.1.20-ci maddəsində nəzərdə tutulan 75 faiz güzəşt hüququ onun barəsində tətbiq oluna bilməz. Lakin məhkəmə riskli vergi ödəyicisi hesab olunan şəxsin Vergi Məcəllləsinin 106.1.20-ci maddəsində nəzərdə tutulan 75 faiz güzəşt hüququnun tətbiqini istisna edən qanuni müddəa olduğunu müəyyən etmir. Belə ki, ödəyicinin riskli vergi ödəyicisi hesab olunması qeyd-şərtsiz olaraq gəlirlərin və xərclərin uçotunu aparmayan mikro sahibkar olması barədə qənaətə gəlməyə əsas ola bilməz. Hazırda isə iddiaçıya münasibətdə məhz həmin yanaşma tətbiq olunmuşdur.

24. 05 dekabr 2023-cü il tarixli 1033-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 106.1.20-ci maddə yeni redaksiyada verilmişdir. əvvəlki redaksiyada deyilirdi: 106.1.20. bu Məcəllə ilə müəyyən olunmuş qaydada gəlirlərin və xərclərin uçotunu aparan mikro sahibkarlıq subyekti olan hüquqi şəxslərin sahibkarlıq fəaliyyətindən əldə etdikləri mənfəətin 75 faizi;

25. Belə ki, mübahisələndirilən qərar qəbul edilən zaman qüvvədə olan dispozisiya şətinə uyğun olaraq gəlirlərin və xərclərin uçotunu aparan mikro sahibkarın həmin hüququ nəzərdə tutulmuşdur. İddiaçının gəlirlərin və xərclərin uçotunu aparmayan mikro sahibkar olması isə iş materialları ilə müəyyən edilmir. Belə ki, iddiaçı əldə etdiyi gəliri təsdiq edən sənədləri təqdim etmiş, gəlirin əldə edilməsi ilə bağlı xərclərini təsdiq edə bilmədiyindən şərti rentabellik normasına əsaslanaraq bəyannaməsini təqdim etmişdir.

26. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: Maddə 16. Hüququn tətbiqindən imtinanın qadağan olunması 16.1. Fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. 16.2. Hüquq normasının tətbiqi inzibati orqanın diskresion səlahiyyətlərinə aid olduğu hallarda, maraqlı şəxs diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsini tələb etməkdə haqlıdır.

27. Beləliklə, məhkəmə hesab edir ki, “İnzibati icraat haqqında” qanunun məqsədləri baxımından hüququn tətbiqindən imtina qadağandır və vergi ödəyicisinin mənafeyini təmin edən normanın tətbiqindən imtina oluna bilməz.

28. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçının xərclərini müəyyən etmək mümkün olmadığı üçün vergi ödəyicisinin fəaliyyəti ilə əlaqədar mənfəətinin müəyyən olunması üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarxili 55 nömrəli qərarı ilə təsdiq edilmiş Vergi ödəyicisinin əldə ediyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydalarına istinad etmək hüququndan imtina edilə bilməz.

29. İPM-in 14.1-cü maddəsinə əsasən, mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir.Vergi Məcəlləsinin 53.3-cü maddəsinin müvafiq hissələrinə əsasən: Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur.

30. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməmişdir.

31. Vergi Məcəlləsinin 94.0-cı maddəsinə əsasən verginin hesablandığının səhv olduğunu sübut etmək vəzifəsi bu Məcəllə ilə müəyyən edilmiş hallarda: 94.0.1. vergi ödəyicisinin hesablamalarının səhv olduğunu vergi orqanının; 94.0.2. vergi orqanının hesablamalarının səhv olduğunu vergi ödəyicisinin üzərinə düşür.

32. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.

33. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

34. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia tələbi təmin edilsin. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024-cü il tarixli **********591300 nömrəli qərarı ləğv edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Ləman Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar