Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-1840/2025 19.02.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Cəfərova Yasəmən Fərman qızının katibliyi, iddiaçının nümayəndəsi, vəkil Nümayəndə, cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “torpaq sahəsinin plan-ölçü sxeminin (yerləşmə cizgisinin) verilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı (bundan sonra – iddiaçı) Bakı şəhəri Cavabdehnə (bundan sonra – cavabdeh) qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Bakı şəhəri Cavabdeh başçısının 28 noyabr 2000-ci il tarixli, 1080 nömrəli sərəncamı ilə iddiaçıya ayrılmış 600 kv.metr torpaq sahəsinin plan-ölçü sxeminin (yerləşmə cizgisinin) verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək iddia ərizəsinin cavabdeh bölməsində əsl cavabdehin Bakı şəhəri Cavabdeh olması nəzərə alınaraq, Bakı şəhəri Cavabdeh Başçısının 28 noyabr 2000-ci il tarixli, 1080 nömrəli sərəncamı ilə iddiaçıya ayrılmış 600 kv.metr torpaq sahəsinin yerləşmə cizgisinin (ayrıc aktının) verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Cavabdeh başçısının 28 noyabr 2000-ci il tarixli, 1080 nömrəli sərəncamı ilə Qaradağ rayon İHB-nın 28 iyun 2000ci il tarixli, 601 saylı sərəncamına əsasən Bayramova Gülşən Vaqif qızına fərdi yaşayış evinin tikintisi üçün Lökbatan qəsəbəsindən ayrılmış 600 kv.m torpaq sahəsi etibarsız hesab edilmiş, bu torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün iddiaçıya verilmişdir. Həmin sərəncam əsasında ayrılmış torpaq sahəsinin plan-ölçü sxemi (yerləşmə cizgisi) vaxtilə iddiaçıya verilməmişdir. Hazırda torpağa dair sənədləşdirmə işləri aparmaq niyyəti olduğundan, plan-ölçü sxeminin olması zəruridir. İddiaçı cavabdehə həmin torpaq sahəsinin plan-ölçü sxeminin (yerləşmə cizgisinin) verilməsi ilə bağlı müraciət etmiş, lakin cavabdeh formal əsaslarla imtina etmişdir. Cavabdehin imtinasını qanunsuz və əsassız hesab edən iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Cavabdeh tərəfindən iddia ərizəsinə dair yazılı münasibətdə göstərilmişdir ki, iddia tələbi qanunsuz və əsassız olduğundan mümkün sayılmamalıdır. Azərbaycan Respublikası "Yerli icra hakimiyyətləri” haqqında Əsasnamənin tələblərində torpaq sahələri üzrə yerləşmə cizgisi yerli icra hakimiyyəti orqanları tərəfindən verilmir. Belə ki, hazırkı qanunvericiliyin tələbi ilə bu yerləşmə cizgisi artıq, texniki pasport şəklində İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilir və bununla bağlı vəzifə öhdəliyi daşıyır. Azərbaycan Respublikasının 25 iyun 1999-cu il tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.1999-cu il tarixli, 176 nömrəli Fərmanına əsasən həmin Məcəllənin 65-ci maddəsinin 5-ci bəndində nəzərdə tutulmuş, “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətləri Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1999-cu il 7 il iyun tarixli, 94 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yerquruluşu işlərinin aparılması qaydaları haqqında Əsasnamə”nin 2-ci bəndinin tələblərinə əsasən yerquruluşu işləri Respublikanın ərazisində torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin sifarişi ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən həyata keçirilir. İddiaçıya verilmiş sərəncam həmin qanunvericiliyin qüvvədə olduğu vaxtda deyildir. Hazırda baza məlumatları da yalnız AR İN yanında ƏMDK DƏDKR publik hüquqi şəxsində olmasından koordinatları müəyyən etmək qeyri-mümkündür və qanunvericiliklə hazırda bununla bağlı yüklülük həmin orqanın üzərindədir. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia ərizəsi ilə oxşar məzmunlu izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi məhkəmə iclasında yazılı etirazla oxşar məzmunlu izahat verərək, iddianın mümkünsüz hesab edilməsini məhkəmədən xahiş etdi. İş üzrə məhkəmə tərəfindən aşağıdakı sübutlar tədqiq edilmişdir. İşdən görünür ki, iddiaçı xx.xx.1972-ci ildə anadan olmuşdur. O, ünvan 1 ünvanında qeydiyyatdadır. Cavabdehin xx.xx.2024-cü il tarixli imtina məktubunda göstərilmişdir ki, torpaq ayrılması üçün sahə seçildikdə həmin sahənin istifadəyə və icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edilənə qədər onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilir. Bu isə verilmiş sərəncamın qüvvəyə minməsi üçün əsas hesab olunur. Sözügedən torpaq sahəsi ayrılarkən həmin zaman qüvvədə olan qanunvericilik aktlarına əsasən yerləşmə cizgisi yer quruluşu orqanları tərəfindən yerdə (naturada) sahənin hüdudları müəyyən edilməklə müvafiq sənədlər rəsmiləşdirilib verilmişdir. Rayon və şəhər icra hakimiyyəti orqanlarının sənədləri üçün saxlanılma müddəti 5 ildir. Siyahıda saxlanma müddəti daimi göstərilmiş sənədlər “Milli arxiv fondu haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddətlərdən sonra dövlət arxivinə təhvil verilir. Rayon icra hakimiyyətinin başçısı (Qaradağ rayonu XDS İK) tərəfindən 2000-ci il tarixində imzalanmış sərəncamlar (qərarlar) və onlara aid digər sənədlər Azərbaycan Milli Arxiv İdarəsinin Bakı filialına təhvil verildiyindən iddiaçıya sözügedən quruma müraciət edilməsi tövsiyə olunmuşdur. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının 13 mart 2024-cü il tarixli məktubu ilə Cavabdeh Başçısının xx.xx.2000-ci il tarixli, 1080 saylı sərəncamının təsdiq edilmiş ksero surəti məhkəməyə təqdim edilmişdir. Cavabdeh Başçısının xx.xx.2000-ci il tarixli, 1080 saylı Sərəncamına əsasən Qaradağ rayon İHB-nın 28 iyun 2000-ci il tarixli, 601 saylı sərəncamına əsasən Bayramova Gülşən Vaqif qızına fərdi yaşayış evinin tikintisi üçün Lökbatan qəsəbəsindən ayrılmış 600 kv.m torpaq sahəsi etibarsız hesab edilmiş, bu torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün iddiaçıya verilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli məktubla təqdim etdiyi mütəxəssis rəyində göstərilmişdir ki, göstərilən torpaq sahəsi sənəd üzrə 0,06 ha olsa da, faktiki olaraq 0,071 ha təşkil edir. Sahənin sərhədləri iki-üç cərgə hündürlükdə mişar daşları düzülməklə ayrılmışdır. Torpaq sahəsi üzərində tikili yoxdur. Göstərilən torpaq sahəsinin koordinatlarını əks etdirən sxem rəyə əlavə olunmuşdur. Vahid elektron kadastr baza məlumatlarına əsasən sahə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin neft-qaz əməliyyatlarının aparılması üçün istifadəsində olan “Kontrakt sahəsi”nin hüdudları daxilində yerləşir. (Ə.C.Əmirov adına NQÇİ). Sahə “Yaşayış məntəqələrinin torpaqları” kateqoriyasına aid olmaqla dövlət mülkiyyəti torpağıdır. Sahəyə digər fiziki şəxs müraciəti qeydə alınmamışdır. Məhkəmə tərəflərin nümayəndələrinin izahatlarını dinləyib, iş üzrə sübutları tədqiq edərək aşağıdakı nəticəyə gəlir. İddianın mümkünlüyü: İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli Qərarının 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Göründüyü kimi iddiaçı hazırkı iddia tələbində istifadəsində olan torpaq sahəsinə dair yerləşmə sxeminin verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsini xahiş edir. Həmin iddia mahiyyətcə öhdəliyin icrası haqqında iddiadır. Cavabdeh iddiaya cavab verməli olan inzibati orqandır. Cavabdehin imtina məktubundan da görünür ki, iddiaçı iddia ərizəsində göstərilən tələblə cavabdehə müraciət etmiş və ona imtina cavabı verilmişdir. Bu səbəbdən iddiaçının hazırkı tələbi mümkün hesab edilmişdir. İddianın mahiyyəti üzrə məhkəmənin mövqeyi: İşdən göründüyü kimi iddiaçıya onun istifadəsində olan torpaq sahəsi Cavabdeh tərəfindən xx.xx.2000-ci ildə ayrılmışdır. Bu səbəbdən mübahisəyə həmin dövrdə qüvvədə olan qanunvericilik tətbiq edilməlidir. Yeni Torpaq Məcəlləsi qəbul edilənədək qüvvədə olmuş Azərbaycan Respublikasının xx.xx.1991-ci il tarixli Torpaq Məcəlləsində göstərilmişdir ki, Azərbaycan Respublikasında torpaq xalq deputatları Sovetlərinin ixtiyarındadır və onlar torpaq barəsində öz səlahiyyətləri dairəsində sərəncam verirlər. Xalq deputatları Sovetləri qanunla müəyyən edilmiş hallarda torpaq sahələrini bu Məcəllənin 20-ci maddəsinin 3-cü bəndində nəzərdə tutulmuş torpaq sahələri istisna olmaqla, vətəndaşların, kolxozların, sovxozların və digər dövlət, kooperativ, ictimai kənd təsərrüfatı müəssisələrinin, idarələrinin və təşkilatlarının eləcə də digər hüquqi şəxslərin xüsusi mülkiyyətinə, sahibliyinə, istifadəsinə və icarəsinə verirlər. Xalq deputatları Sovetləri onlara aid ərazidə torpağın verilməsinə və geri alınmasına dair müəyyən səlahiyyətlərini müvafiq icra orqanına verə bilərlər. Torpaq məsələlərinə baxmaq və onlara dair qərar hazırlamaq üçün xalq deputatları Soveti torpaq komissiyası yaradır (7). Torpaq Azərbaycan Respublikasında daimi yaşayan Azərbaycan Respublikası vətəndaşlarının xüsusi mülkiyyətinə yerli icra hakimiyyəti orqanlarının vəsatətlərinə əsasən rayon, şəhər xalq deputatları Sovetlərinin qərarı ilə aşağıdakı məqsədlər üçün verilir: 1) fərdi yaşayış evi və köməkçi tikililərin inşası, habelə şəxsi yardımçı kənd təsərrüfatı (həyətyanı sahə) üçün — həmin ərazidə daimi yaşayanlara;2) əmtəəlik kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə kəndli (fermer) və digər təsərrüfat fəaliyyəti üçün; 3) şəhər (qəsəbə) hüdudunda fərdi və kollektiv bağ təsərrüfatı və fərdi qaraj tikintisi üçün; 4) sahibkarlıq fəaliyyəti ilə əlaqədar tikintilər üçün; 5) ənənəvi xalq sənətləri ilə məşğul olmaq üçün (10). Azərbaycan Respublikası Prezidentinin xx.xx.1999-cu il tarixli 138 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”də göstərilmişdir ki, yerli icra hakimiyyəti orqanları müvafiq ərazidə yaşayış məntəqələrinin torpaq-təsərrüfat quruluşunun hazırlanmasını və həyata keçirilməsini təşkil edir (3.16.2.). “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən şəhər inzibati ərazi vahidlərində dövlət torpaq kadastrının aparılmasını təmin edir (3.16.3.). Azərbaycan Respublikasının 2006-cı il 8 dekabr tarixli 195-İİİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrinin aparılması və onlara şəhadətnamənin verilməsi haqqında Əsasnamə”yə və Azərbaycan Respublikasının 2009-cu il 29 dekabr tarixli 936- İİİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Bələdiyyələrin Dövlət reyestrinin aparılması və onlara şəhadətnamənin verilməsi haqqında Əsasnamə”yə uyğun olaraq, ərazi vahidlərinin Dövlət reyestrinin və bələdiyyələrin Dövlət reyestrinin formalaşdırılmasında, habelə ərazi vahidlərinin və bələdiyyələrin xəritələrinin hazırlanmasında iştirak edir (3.16.4.). Qüvvədə olan Azərbaycan Respublikasının Torpaq Məcəlləsində göstərilmişdir ki, yerquruluşu - torpaq münasibətlərinin nizama salınması və torpaqdan səmərəli istifadə olunması məsələlərinin həlli üzrə dövlətin müvafiq hüquqi, iqtisadi və texniki tədbirlər sistemidir (43.1). Yerquruluşu torpaqların istifadəsində mövcud uyğunsuzluqların və çatışmazlıqların aradan qaldırılması məqsədilə torpaq sahələrinin dəqiqləşdirilməsi və qaydaya salınması layihələrinin tərtib edilməsi, yerdə (naturada) ayrılması, qanunvericiliklə müəyyən edilmiş formada sənədlərin tərtibini ehtiva edir (43.3). Yerquruluşu müvafiq icra hakimiyyəti orqanlarının qərarı, bələdiyyələrin təşəbbüsü və ya torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin sifarişi ilə aparılır (43.4). Torpaq sahəsinin yerquruluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritədir (65.1). Torpaq ayrılması üçün sahə seçildikdə həmin sahənin istifadəyə və icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edilənə qədər onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilir (65.2). Torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir (65.5). Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır (68). Yuxarıda qeyd edilən hüquq normalarının məzmunudan görünür ki, hazırkı iş üzrə cavabdeh dövlət mülkiyyətində olmaqla onun idarəçiliyində olan və ayrı-ayrı fiziki və hüquqi şəxslərə ayrılmış torpaq sahələrinə dair yerləşmə sxeminin tərtib edilməsində məsuldur. İşdən göründüyü kimi iddiaçının yerləşmə sxeminin verilməsini xahiş etdiyi torpaq sahəsi Cavabdeh Başçısının xx.xx.2000-ci il tarixli Sərəncamı ilə iddiaçıya ayrılmışdır. İddiaçı həmin torpaq sahəsinə dair yerləşmə sxeminin verilməsi ilə bağlı cavabdehə müraciət etsə də, cavabdeh tələbdən imtina etmişdir. Digər əsasa gəldikdə isə qeyd edilməlidir ki, “İnzibati icraat haqqında” Qanunda göstərilmişdir ki, qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inamdır (2.0.8.). İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur (13.1.). İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır (13.2.). Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur (13.3.). İnzibati orqanların bu Qanunun 13.3-cü maddəsində nəzərdə tutulmuş vədləri və ya bəyanatları yalnız yazılı formada olduqda etibarlı təminat sayılır və şəxsin etimad hüququnun əsasını təşkil edir. Bu Qanunun 63-cü və 67-69-cu maddələri də təminatlara şamil olunur (13.4.). Fiziki və ya hüquqi şəxslərin etimadı qanunsuz hərəkətlərə əsaslana bilməz (13.5.). Göründüyü kimi torpaq sahəsi iddiaçıya qanuni əsaslarla ayrılmışdır. Belə olan halda sonradan torpaq sahəsinin balanssaxlayıcısının dəyişilməsi iddiaçının həmin torpaq sahəsi üzərində hüquqlarının dəyişdirilməsinə və ya xitamına səsəb ola bilməz. Eyni zamanda qeyd edilməlidir ki, hazırkı iddiada iddiaçı ona ayrılmış torpaq sahəsinin yerləşmə sxeminin verilməsini xahiş edir. Yəni, iş üzrə verilmiş mütəxəssis rəyində həmin torpaq sahəsinin Dövlət Neft Şirkətinin istifadəsində olan ərazidə yerləşdiyi qeyd edilsə də, bu tələbin təmin edilməsindən imtina üçün əsas deyildir. İddiaçı yerləşmə sxemi əldə etdikdən sonra həmin torpaq sahsinə dair mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün müraciət edərsə, bu halda qeyd olunan məsələ ətraflı araşdırma tələb edə bilər. İddiaçının hazırkı iddia tələbi isə əsaslı olduğundan təmin edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Bakı şəhəri Cavabdeh başçısının 28 noyabr 2000-ci il tarixli, 1080 nömrəli sərəncamı ilə İddiaçı ayrılmış 600 kv.metr torpaq sahəsinin yerləşmə cizgisinin verilməsi öhdəliyi cavabdeh Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyətinin üzərinə qoyulsun. Qərardan onun rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №e-2-1(112)-1840/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-1840/2025
19.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver