Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-1845/2025 19.06.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Cəfərova Yasəmən Fərman qızının katibliyi, iddiaçının nümayəndəsi X1, iddiaçının vəkili Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (3-cü şəxs: X5) qarşı “torpaq sahəsinə çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı (bundan sonra - iddiaçı) Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü massivdə yerləşən 600 kv.metr sahəsi olan torpaq sahəsi üzərində iddiaçının hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və çıxarışın verilməsi vəzifəsinin cavabdehı həvalə edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə X5 (bundan sonra – üçüncü şəxs) 3-cü şəxs qismində adi cəlbetmə qaydasında hazırkı məhkəmə icraatına cəlb edilmişdir. İddiaçı daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Səbail rayon Bələdiyyəsi ilə onun arasında olan alqı-satqı müqaviləsi əsasında ona verilmiş və istifadəsində olan 600 kv.metr torpaq sahəsinə dair çıxarışın verilməsini xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Səbail rayonu Badamdar qəsəbəsi 3-cü massivdə yerləşən 600 kv.m. sahəsi olan torpaq sahəsi Bakı şəhəri Səbail rayon Bələdiyyəsinin sərəncamına əsasən əlavə edilmiş cizgi əsasında alqı-satqı qaydasında iddiaçının adına sənədləşdirilmişdir. Bununla bağlı iddiaçı ilə Səbail rayon Bələdiyyəsi arasında alqı-satqı aktı tərtib edilmişdir. Alqı-satqı aktında göstərilən məbləğdə pul ödənişi iddiaçı tərəfindən Səbail Bələdiyyəsinə ödənilmişdir. O vaxtdan torpaq sahəsi faktiki olaraq iddiaçının istifadəsinə verilmiş, iddiaçı hazırkı dövrədək torpaq sahəsini istifadə və idarə edir və torpaq üzrə bütün vergiləri ödəyir. Torpaq sahəsinin üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və çıxarışın verilməsi üçün cavabdehə müraciət etdikdə, cavabdeh hüquqlarının qeydə alınmasından imtina etmişdir. İmtinanın əsasları ilə razılaşmayan iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Cavabdeh tərəfindən iddia ərizəsinə dair yazılı etiraz təqdim edilmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü massivdə yerləşən torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair xx.xx.2021-ci il tarixli ********** nömrəli ərizə ilə İdarəyə müraciət etmiş və xx.xx.2021-ci il tarixli, **********60 xaricolma nömrəli məktubla cavab verilmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılan araşdırma zamanı məlum olmuşdur ki, torpaq sahəsinə dair Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli fərmanının həmin dövrdə qüvvədə olan bəndinə əsasən ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən torpaqların alqı-satqısına dair akt təsdiq edilməmişdir. Həmçinin torpaq sahəsinin yerləşməsini müəyyən etməyə imkan verən sənəddə (yerləşmə cizgisi) bələdiyyə qərarına istinad edilməmişdir. Göstərilən sahəyə ********** nömrəsi ilə X2 müraciəti daxil olmuşdur. Sahə dövlət mülkiyyətindədir və faktiki ölçüsü 668 kv.m təşkil edir. Torpaq sahəsinə dair təqdim ilkin cizgidə istinad, istinad məsafəsi qeyd edilmədiyindən sənədin göstərilən sahəyə aid olub-olmamasını müəyyənləşdirmək mümkün olmamışdır. Sahədə mərzçəkmə işləri aparılmamışdır. İdarənin mütəxəssisləri tərəfindən ünvana yerli baxış keçirilən zaman məlum olmuşdur ki, torpaq sahəsi digər vətəndaşlar tərəfindən hasarlanaraq hər birində bir mərtəbəli tikili olan sahələrin bir hissəsini təşkil edir. Təqdim edilən sərəncamda ünvan Badamdar qəsəbəsi 3cü yaşayış massivi qeyd olunsa da, faktiki göstərilən sahə Salyan şossesi 32-dir və iddiaçının əvvəlki müraciətləri zamanı torpaq sahəsini fərqli göstərmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(112)-2664/2023 nömrəli qərarı ilə iddiaçı X2 iddia tələbi təmin edilmiş, Bakı şəhəri Səbail rayonu, Səbail Bələdiyyəsinin 30 dekabr 2004-cü il tarixli, 1296 saylı sərəncamına əsasən Səbail şossesi, 32 ünvanında yerləşən 200 kv. metr torpaq sahəsinə mülkiyyət hüququnun mərhum X4 məxsusluğu barədə arayışın (çıxarış) verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi qərara alınmışdır. İdarə tərəfindən Bakı İnzibati Məhkəməsinə müvafiq məhkəmə qərarına dair yeni açılmış hallarla bağlı icraatın təzələnməsi haqqında ərizə və məhkəmə qərarının icrasının dayandırılması barədə vəsatət ünvanlanmışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 764/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü massivdə yerləşən 600 kv.m sahəsi olan torpaq sahəsi üzərində iddiaçının hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və çıxarışın verilməsinə dair iddia tələbinin təmin edilməməsi qərara alınmışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 764/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə ərizənin təmin edilməsi, hazırkı inzibati mübahisəyə dair iş üzrə icraata X3 üçüncü şəxs qismində zəruri cəlb etmə qaydasında cəlb edilməsi, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-764/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarının ləğv edilməsi, hazırkı işə mahiyyəti üzrə baxılmasının təzələnməsi qərara alınmışdır. Daha sonra Bakı İnzibati Məhkəməsinin 2-1(112)-197/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılması barədə ərizənin təmin edilməsi, hazırkı iş üzrə verilmiş iddia geri götürülmüş sayılması və inzibati iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Göründüyü kimi Bakı inzibati Məhkəməsi ilkin olaraq iddia tələbinə mahiyyəti üzrə baxaraq təmin edilməməsini qərara almışdır. Cavabdehə və üçüncü şəxsə şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında təmsil edilməmişlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin və üçüncü şəxsin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçının vəkili və onun nümayəndəsi məhkəmə iclasında iddia ərizəsini müdafiə etdilər və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdilər. İş üzrə məhkəmə tərəfindən aşağıdakı sübutlar tədqiq edilmişdir. Bakı şəhəri Səbail bələdiyyəsi sədrinin 21 iyul 2004-cü il tarixli, 125 nömrəli sərəncamı ilə Səbail rayonu, Badamdar, 3-cü massivdə yerləşən Bələdiyyə ərazisinə məxsus 600 kv.metr torpaq sahəsi əlavə olunmuş cizgi əsasında alqı-satqı qaydasında iddiaçının adına sənədləşdirilməsi qərara alınmış, tərəflər arasında torpaqların alqısatqısına dair akt tərtib edilmişdir. Sərəncama torpaq sahəsinin planı əlavə edilmişdir. 13 yanvar 2006-cı il tarixli 169171 saylı Kassa mədaxil orderinin qəbzindən görünür ki, iddiaçı tərəfindən torpaq sahəsi üçün müəyyən edilmiş məbləğ ödənilmişdir. Dövlət Arxivinin Bakı Filialının məhkəmə sorğusuna xx.xx.2024-cü il tarixli cavab məktubunda göstərilmişdir ki, Səbail Bələdiyyəsinin arxiv sənədləri Dövlət Arxivinin Bakı filialına təhvil verilməmişdir. Səbail Bələdiyyəsinin 31 oktyabr 2024-cü il tarixli cavab məktubunda göstərilmişdir ki, Səbail Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 125 nömrəli qərarı və ona əsas olan sənədlər Bələdiyyənin hazırkı arxiv məlumat bazasında aşkar edilməmişdir. Cavabdehin xx.xx.2024-cü il tarixli cavab məktubunda göstərilmişdir ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü massivdə yerləşən 600 kv.metr torpaq sahəsinin iddiaçının adına qeydiyyata alınması barədə məlumat aşkar edilməmişdir. Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən xx.xx.2024-cü il tarixli müayinə (baxış) aktına əsasən Bakı şəhəri, Səbail rayonu ünvanında yerləşən torpaq sahəsinin hüquqmüəyyənedici sənəd üzrə ölçüsü 600 kv.metr, faktiki 600 kv.metr təşkil etmişdir. Torpaq sahəsinin fiziki sərhədləri dörd tərəfdən də şərti olaraq göstərilmişdir. Tikili yoxdur. Torpaq sahəsi digər vətəndaşlar tərəfindən 3-4 mişar daşı hündürlükdə hasarlanaraq (bir hissəsi uçmuş, sökülmüş) hər birində bir mərtəbəli tikili olan sahələrin bir hissəsində yerləşir. Torpaq sahəsinin yerləşmə sxemində dəqiq istinadlar qeyd olunmayıb. Sərəncamda ünvan Badamdar qəsəbəsi 3-cü yaşayış massivi qeyd olunduğu halda faktiki göstərilən sahə ünvanları salyan şossesi 32-dir. Əvvəlki müraciətlər zamanı ərizəçi torpaq sahəsini digər formada göstərmişdir. Faktiki göstərilən sahənin koordinatları tərtib olunaraq baxılması üçün akta əlavə edilmişdir. Cavabdehin 28 aprel 2025-ci il tarixli məktubla təqdim etdiyi mütəxəssis rəyində göstərilmişdir ki, şərti sərhədlərlə göstərilən torpaq sahəsi sənəd üzrə və faktiki olaraq 600 kv.m təşkil edir. Sahə üzərində tikili yoxdur. Ünvana yerli baxış keçirilən zaman məlum olmuşdur ki, torpaq sahəsi digər vətəndaşlar tərəfindən hasarlanaraq hər birində bir mərtəbəli tikili olan sahələrin bir hissəsini təşkil edir. Təqdim edilən sərəncamda ünvan Badamdar qəsəbəsi 3-cü yaşayış massivi qeyd olunsa da, faktiki göstərilən sahə Salyan şossesi, 32-dir və iddiaçının əvvəlki müraciətləri zamanı torpaq sahəsini fərqli göstərmişdir. Faktiki olaraq göstərilən torpaq sahəsinin koordinatları əlavə olunmuşdur. Vahid elektron kadastr baza məlumatına əsasən təqdim edilmiş cizgidə istinad, istinad məsafələri qeyd olunmadığından sənədin göstərilən sahəyə aid olmasını müəyyənləşdirmək mümkün olmamışdır. Sahədə mərzçəkmə işləri (hasarlama) aparılmamışdır. Sözügedən torpaq sahəsi Dövlət mülkiyyəti torpağıdır. Cavabdehin iddiaçının müraciətinə dair imtinası etirazla oxşar məzmunda əsaslandırılmışdır. Məhkəmə iddiaçının izahatını dinləyib, iş üzrə sübutları tədqiq edərək aşağıdakı nəticəyə gəlir. İddianın mümkünlüyü: İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli Qərarının 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Göründüyü kimi iddiaçı hazırkı iddia tələbində torpaq sahəsinə dair çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsini xahiş edir. Həmin iddia mahiyyətcə öhdəliyin icrası haqqında iddiadır. Cavabdeh iddiaya cavab verməli olan inzibati orqandır. Cavabdehin iddiaya etirazından da görünür ki, iddiaçı iddia ərizəsində göstərilən tələblə cavabdehə müraciət etmiş və ona imtina cavabı verilmişdir. Bu səbəbdən iddiaçının hazırkı tələbi mümkün hesab edilmişdir. İddianın mahiyyəti üzrə məhkəmənin mövqeyi: Azərbaycan Respublikası Mülki Məcəlləsində (bundan sonra – Mülki Məcəllə) göstərilmişdir ki, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır (139.1.). Qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsasdır (139-1.1.1). Azərbaycan Respublikasının Torpaq Məcəlləsində (bundan sonra – Torpaq Məcəlləsi) göstərilmişdir ki, hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları: müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən olunmuş digər yollarla yaranır (55). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununda göstərilmişdir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır (2.1.). Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır (2.2.). Qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsasdır (8.0.1.). İşdən göründüyü kimi iddiaçı Bakı şəhəri Səbail bələdiyyəsinin 21 iyul 2004-cü il tarixli, 125 nömrəli ona torpaq sahəsinin ayrılması barədə sərəncamına əsaslanaraq həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması üçün cavabdehə müraciət etmişdir. Cavabeh isə imtina edərək bildirmişdir ki, torpaq sahəsinə dair ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən torpaqların alqı-satqısına dair akt təsdiq edilməmişdir. Həmçinin torpaq sahəsinin yerləşməsini müəyyən etməyə imkan verən sənəddə (yerləşmə cizgisi) bələdiyyə qərarına istinad edilməmişdir. Göstərilən sahəyə X2 müraciəti daxil olmuşdur. Sahə dövlət mülkiyyətindədir və faktiki ölçüsü 668 kv.m təşkil edir. Torpaq sahəsinə dair təqdim ilkin cizgidə istinad, istinad məsafəsi qeyd edilmədiyindən sənədin göstərilən sahəyə aid olub-olmamasını müəyyənləşdirmək mümkün olmamışdır. Sahədə mərzçəkmə işləri aparılmamışdır. İdarənin mütəxəssisləri tərəfindən ünvana yerli baxış keçirilən zaman məlum olmuşdur ki, torpaq sahəsi digər vətəndaşlar tərəfindən hasarlanaraq hər birində bir mərtəbəli tikili olan sahələrin bir hissəsini təşkil edir. Təqdim edilən sərəncamda ünvan Badamdar qəsəbəsi 3-cü yaşayış massivi qeyd olunsa da, faktiki göstərilən sahə Salyan şossesi, 32-dir və iddiaçının əvvəlki müraciətləri zamanı torpaq sahəsini fərqli göstərmişdir. Azərbaycan Respublikasının Konstitusiyasında göstərilmişdir ki, bələdiyyə mülkiyyətinə sahiblik, ondan istifadə və onun barəsində sərəncam məsələsi bələdiyyələrin iclaslarında həll edilir (144.İ. 6). Bələdiyyənin iclaslarında baxılan məsələlərə dair qərarlar qəbul edilir (145.İ). Bələdiyyənin qərarları bələdiyyə üzvlərinin sadə səs çoxluğu ilə qəbul edilir (145. İİ.). “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununda göstərilmişdir ki, qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və onlar barədə sərəncam vermək bələdiyyələrin səalhiyyətlərinə aiddir (4.0.1). Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur (6.2). Öncə qeyd edilməlidir ki, Səbail Bələdiyyəsinin sədri tərəfindən iddiaçıya torpaq sahəsi ayrılması haqqında verilmiş 21 iyul 2004-cü il tarixli, 125 nömrəli sərəncamının həqiqiliyinin müəyyən edilməsi üçün məhkəmə tərəfindən müvafiq sorğular verilmişdir. Məhkəmə sorğusuna cavab olaraq Dövlət Arxivinin Bakı Filialının xx.xx.2024-cü il tarixli cavab məktubunda göstərilmişdir ki, Səbail Bələdiyyəsinin arxiv sənədləri Dövlət Arxivinin Bakı filialına təhvil verilməmişdir. Səbail Bələdiyyəsinin məhkəmə sorğusuna cavab olaraq 31 oktyabr 2024-cü il tarixli cavab məktubunda göstərilmişdir ki, Səbail Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 125 nömrəli qərarı və ona əsas olan sənədlər Bələdiyyənin hazırkı arxiv məlumat bazasında aşkar edilməmişdir. Göründüyü kimi Səbail Bələdiyyəsinin sədri tərəfindən iddiaçıya torpaq sahəsi ayrılması haqqında verilmiş 21 iyul 2004-cü il tarixli, 125 nömrəli sərəncamının arxiv nüsxəsi nə Dövlət Arxivinin Bakı Filialında, nə də Səbail Bələdiyyəsinin arxivində aşkar edilməmişdir. Bu isə həmin sərəncamın mötəbərliyini şübhə altına alınmasına səbəb olur. Eyni zamanda həmin torpaq sahəsinin iddiaçıya ayrılması “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq olaraq bələdiyyənin kollegiyal formada keçirilmiş iclasının nəticəsi olaraq qəbul edilmiş bələdiyyə qərarı əsasında deyil, yalnız bələdiyyə sədrinin sərəncamı əssında həyata keçirilmişdir. Eyni zamanda Səbail Bələdiyyəsinin sədri tərəfindən iddiaçıya torpaq sahəsi ayrılması haqqında verilmiş 21 iyul 2004-cü il tarixli, 125 nömrəli sərəncamda iddiaçıya ayrılan torpaq sahəsinin ünvanı “Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü massiv” kimi göstərilmişdir. Cavabdeh tərəfindən verilmiş mütəxəssis rəyində isə iddiaçı tərəfindən faktiki göstərilən torpaq sahəsinin ünvanı “Salyan şossesi 32” kimi göstərilmişdir. Yəni, iddiaçıya torpaq ayrılması barədə sənəddə göstərilən ünvanla iddiaçı tərəfindən göstərilən sahə fərqli ünvanlardır və iddiaçı ona ayrılmayan sahəyə iddia edir. Məhkəmə tərəfindən iddiaçının göstərdiyi torpaq sahəsi ilə qonşuluqda yerləşən torpaq sahələrinə dair verilmiş çıxarışlar və onlar əsasında duran hüquq müəyyənedici sənədlərin məhkəməyə göndərilməsi cavabdehdən xahiş edilmişdir. Məhkəməyə göndərilmiş sənədlərdən görünür ki, iddiaçının iddia etdiyi torpaq sahəsi ilə qonşuluqda yerləşən bir neçə torpaq sahəsinə dair bələdiyyə sənədi əsasında vətəndaşların mülkiyyət hüququ qeydə alınmışdır. Lakin, bütün hüquq müəyyənedici sənədlərdə torpaq sahəsinin yerləşmə ünvanı kimi Salyan şossesi, 32 ünvanı göstərilmişdir. Göründüyü kimi göstərilən hallar iddianın rədd edilməsi üçün əsas olmuş və kifayət etmişdir. Belə ki, iddiaçıya torpaq sahəsi ayrılması qanunvericiliyin tələblərinə uyğun aparılmamışdır. İddiaçıya torpaq sahəsi ayrılması barədə sərəncamın arxiv nüsxəsi mövcud deyildir və iddiaçı ona sənədlə ayrılmayan torpaq sahəsinə dair mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını xahiş edir. Qeyd olunmalıdır ki, hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün müəyyən olunmuş hallar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində sadalanmışdır və həmin hallar aşağıdakılardan ibarətdir: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericilklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Göründüyü kimi, cavabdeh inzibati orqanın imtinası əsaslı olmuş və iddiaçının hüquqlarını pozmamışdır. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək hesab edir ki, Səbail rayon Bələdiyyəsi ilə onun arasında olan alqı-satqı müqaviləsi əsasında ona verilmiş və istifadəsində olan 600 kv.metr torpaq sahəsinə dair çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə tələbi təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinə çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddiası təmin edilməsin. Qərardan onun rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №e-2-1(112)-1845/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-1845/2025
19.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver