Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-1853/2023 14.12.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Məmmədova Sevda Rövşən qızının katibliyi İddiaçı, cavabdehin nümayəndəsi X2 iştirakı ilə İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «fərdi yaşayış evinin üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması» tələbinə dair iddiası üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən fərdi yaşayış evinin üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması vəzifəsinin cavabdehə həvalə edilməsi tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 47 – 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəıncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi üçün iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim olunmuşdur. İddia ərizəsində bildirilir ki, Bakı şəhəri 7-ci Dövlət Notariat Kontorunda tərtib olunmuş 16 fevral 2007-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən iddiaçı Əliyev X1 Elman Aslan oğlunun mülkiyyətində olan Bakı şəhəri Mərdəkan qəsəbəsində yerləşən 0,06 ha torpaq sahəsini almışdır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən həmin torpaq sahəsinə dair iddiaçının adına 5 aprel 2007-ci il tarixdə ******* nömrəli çıxarış verilmişdir. Bundan sonra iddiaçı 2009-ci ildə həmin torpaq sahəsində kürsülü 1 mərtəbəli, 3 otaq mansardlı yaşayış evi tikdirmişdir. Həmin vaxtdan hal-hazıradək o, ailə üzvləri ilə orada yaşayır. 2010-cu ildən sonra yaşayış evinə bütün kommunal xidmət sahələri, o cümlədən su, qaz, elektrik və telefon xətti (internet daxil olmaqla) çəkilmişdir. Bunu təsdiq edən müvafiq qəzblərin bir qismi ərizəyə əlavə olunur. İddiaçı 2022-ci ilin iyun ayında həmin yaşayış evinə hüququn reyestrdə dövlət qeydiyyatına alınması ilə bağlı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə ərizə təqdim etmişdir. lakin qaldırılan məsələnin müsbət həllindən həmin orqan tərəfindən 1 iyul 2022-ci il tarixdə imtina olunmuşdur. İmtinaya səbəb olaraq fərdi yaşayış evinin qaz kəmərinin mühafizə zonasında yerləşdiyi, həmçinin sənəd üzrə torpaq sahəsinin yerləşməsi ilə faktiki vəziyyəti arasında uyğunsuzluz qeyd olunmuşdur. İddiaçı hesab edir ki, bu imtina səbəbləri qanuna ziddir. Ona görə ki, qaz kəməri maqistral kəmər yox, adi və ərazidə yaşayan vətəndaşlara verilən adi qaz kəməridir (xəttdir), həm də həmin kəmər onun torpağının hasarının kənarından keçməklə 2014-cü ildə çəkilmişdir. Yəni, iddiaçının evinin tikintisindən 8 il sonra çəkilmiş qaz xəttidir. Həmin qaz kəməri küçə ilə çəkilmiş və onun hasarından 1 metr kənarla yol boyunca keçən qaz xəttidir. Həmçinin imtinada qeyd olunan 2-ci səbəbdə əsassızdır. Ona görə ki, iddiaçı və digər qonşular uzun müddətdir ki, qonşuluq şəraitində yaşayırlar, heç bir torpaq mübahisə mövcud deyildir. Bu səbəb də imtina üçün əsas ola bilməz. Göstərilənlərə və Azərbaycan Respublikası Konstitusiyasının 26, 29-cu maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.1-ci maddəsinə, İPM-in 33-cü maddəsinə əsaslanaraq, iddiaçının Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən fərdi yaşayış evinin üzərində hüquqlarının dövlət qeydiyyatına alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. Cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin məhkəməyə təqdim olunmuş iddiaya qarşı yazılı münasibətində (etirazında) bildirilir ki, İddiaçı iddiası etirazla qarşılanır. İddiaçı 2 iyun 2022-ci il tarixdə 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Elektron kadastr məlumatına əsasən fərdi yaşayış evi qaz kəmərinin mühafizə zonasında yerləşir. Həmçinin sənəd üzrə torpaq sahəsinin yerləşməsi ilə faktiki vəziyyət arasında uyğunsuzluq mövcuddur. Bu səbəblərdən ərizənin icrası mümkün olmamış, iddiaçıya 1 iyul 2022-ci il tarixli məktub ünvanlanmışdır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21 iyun 1999-cu il tarixli 103 saylı qərarı ilə təsdiq edilmiş «Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları»nın 2.7-ci bəndinə əsasən boru kəmərlərinin, çəkilmə tərzindən asılı olmayaraq, istismarına normal şərait yaratmaq və zədələnmə hallarının qarşısını almaq məqsədi ilə mühafizə zonası təyin edilir və boru kəmərləri xətti boyunca, onun orta oxundan hər tərəfə şərti xətlərlə 50 m keçən torpaq sahəsi mühafizə zonası üçün ayrılmalıdır. Həmin Qaydaların 2.11-ci bəndinə əsasən boru kəmərlərinin mühafizə zonalarında, onu istismar edən hüquqi və fiziki şəxslər Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və onun yerli orqanlarının yazılı razılığı olmadan hər hansı tikinti və ya quraşdırma işlərinin aparılması qadağandır. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. Qeyd olunanalara əsaslanaraq, iddianın təmin edilməməsi məhkəmədən xahiş olunur. Məhkəmə iclasında iştirak edən İddiaçı bildirdi ki, qaz xəttinin haradan keçməsindən sılı olmayaraq, onun evi 5 il əvvəl tikilmişdir. Məhkəmə icraatında əsaslı olaraq ekspertiza təyin edilmişdir. Ərazidən keçən qaz xətti orta və aşağı təzyiqlidir. Tələb olunan məsafə 5 metr olmalıdır. Ona məxsus ev isə 14 metr məsafədə tikilmişdir. Fərdi yaşayış evi 1 mərtəbəlidir. Evə dair hüququn qeydiyyata alınması və reyestdən çıxarışın verilməsini tələb edir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. O, qeyd etdi ki, imtinanın əsası kimi evin qaz xəttinin mühafizə zonasında yerləşməsi bildirilmişdir. Ekspertiza rəyində orta və aşağı təzyiqli qaz xətləri qeyd olunmuşdur. Ev qaz xəttindən 50 metr kənarda tikilə bilər. Məhkəmə tərəfləri dnləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, «İnzibati icraat haqqında» Qanunun 1-ci maddəsinə görə bu qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 2.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. İPM-in 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) müddəaları tətbiq oluna bilər. İPM-in 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 58.1-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. MPM-in 76-cı maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. İş materiallarından görünür ki, satıcı X5 ilə alıcı İddiaçı arasında Bakı şəhəri, Mərdəkan qəsəbəsində yerləşən 0,06 ha torpaq sahəsinin alqı-satqısı barədə 16 fevral 2007-ci il tarixli AN-İ ******* nömrəli notarial qaydada müqavilə bağlanmışdlr. Müqaviləyə əsasən satıcı mülkiyyətində olan 0,06 ha torpaq sahəsini müvafiq pul vəsaitinin ödənilməsi müqabilində İş materiallarından görünür ki, Bakı şəhəri, Əzizbəyov (indiki Xəzər) rayonu, Mərdıkan qəsəbəsində yerləşən 0,06 ha torpaq sahəsinə İddiaçı mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 5 aprel 2007-ci il tarixdə qeydiyyata alınmışdır və bu barədə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən MH seriyalı ******* nömrəli “Hüquqlarn dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış” verilmişdir. İş materiallarında olan qəbzlərdən görünür ki, İddiaçı tərəfindən Bakı şəhəri, Mərdıkan qəsəbəsində yerləşən fərdi yaşayış evinə elektrik enerjisi sərfiyatı üzrə "xxxx" ASC-yə 2011-ci ildə müvafiq məbləğlərdə pul vəsiati ödənilmişdir. İş materiallarından görünür ki, İddiaçı ilə "xxxx" ASC Bakı Sukanal İdarəsinin Xəzər Rayon Sukanal Departamenti arasında Mərdəkan qəsəbəsində yerləşən fərdi evinə su təchizatı və kanalizasiya xidmətləri göstərilməsi ilə bağlı 1 yanvar 2012-ci il tarixdə müqaviə bağlanmışdır. İş materiallarında olan Azəriqaz İB-nin Bakı Regional Qaz İstismarı İdarəsinin İB-yə göndərilmiş sorğuya cavab olaraq məhkəməyə ünvanlanmış 28 dekabr 2022-ci il tarixli məktubunda bildirilir ki, İddiaçı Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən 0,06 ha torpaq sahəsindən D-108 mm-lik, d-76 mm-lik aşağı təzyiqli və qeyri-yaşayış sahəsinə məxsus D-57 mm-lik aşağı təzyiqli yerüstü qaz xətləri, həmçinin 2013-cü ildə istismara qəbul edilmiş d-159 mm-lik orta təzyiqli qaz xətti keçir. Qaz xəttinin mühafizə zonası pozulur. Məhkəmənin hazırkı iş üzrə 8 may 2023-cü il tarixli qərardadı ilə məhkəmə ekspertizası təyin edilmiş və ekspertiza qarşısında aşağıdakı suallar qoyulmaqla ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir: - (1-ci sual) İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən, sahəsi 0.06 ha olan torpaq sahəsinin daxilindən həmin ərazidəki yerüstü qaz-boru xəttinin keçib-keçməməsinin, habelə torpaq sahəsinin və oradakı fərdi yaşayış evinin həmin xəttin mühafizə zonasına düşüb-düşməməsinin müəyyən edilməsi; - (2-ci sual) İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən, sahəsi 0.06 ha olan torpaq sahəsinin göstəricilərinin və yerinin müəyyən edilməsi. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məhkəməyə ünvanlanmış 12 oktyabr 2023-cü il tarixli məktubu ilə təqdim olunmuş həmin tarixli 10/4282 nömrəli ekspert rəyində aşağıdakılar bildirilir: - (1-ci sual üzrə) naturada təqdim olunan torpaq sahəsi iıə həmin torpaq sahəsinin faktiki olaraq hüdudları xaricində yerləşən qaz xətləri arasındakı məsafələrin 0,12 m və 0,43 m təşkil etdiyini nəzərə alaraq, həmin torpaq sahəsinin 100 kv.m (0,01 ha) hissəsinin orta təzyiqli qaz xəttinin, 41 kv.m hissəsinin isə aşağı təzyiqli qaz xəttinin mühafizə zonasının hüdudları daxilində yerləşdiyi müəyyən olunur. Mübahisə predmeti olan torpaq sahəsinin hüdudları daxilində yerləşən fərdi yaşayış evi ilə qaz xətti arasındakı məsafənin 14 metr təşkil etdiyini nəzərə alaraq həmin fərdi yaşayış evinin yuxarıda qeyd olunan qaz xəttinin mühafizə zonasının hüdudları daxilində yerləşmədiyi müəyyən olunur; - (2-ci sual üzrə) mübahisə ptrdmeti olan torpaq sahəsi 2 tərəfdən yol, 2 tərəfdən isə qonşu sahələrlə əhatə olunmaqla ümumi sahəsinin 0,06 ha təşkil etdiyi müəyyən olunur. İPM-in 8.1.1-ci maddəsinə əsasən daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. İPM-in 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli 4 nömrəli qərarı ilə «Azərbaycan Respublıikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası» təsdiq edilmişdir. Qərara əsasən Bakı şəhərinin Xəzər rayonu Bakı İnzibati Məhkəməsinin ərazi yurisdiksiyasına aid olan ərazi vahididir. Cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən iddiaçının müvafiq müraciətinə baxılaraq qaldlırılan məsələnin həllindən imtina olunduğundan, tərəflər arasında inzibati mübahisə mövcuddur. Məhkəmə iş üzrə iddianın mahiyyəti üzrə baxılmasına imkan verən digər mümkünlük şərtlərinə (iddiaçının subyektiv hüququ, cavabdehin seçilməsi və s.) də qiymət verərək belə nəticəyə gəlir ki, iddia mümkün sayılır. Mübahisənin ərazi aidiyyəti belədir ki, mübahisəyə baxılması üçün İPM-in 8.1.1-cü maddəsinin tələblərinə uyğun olaraq müvafiq daşınmaz əmlakın olduğu yer (Bakı şəhərinin Xəzər rayonu) üzrə inzibati məhkəmə kimi Bakı İnzibati Məhkəməsi səlahiyyətlidir. Mübahisənin mahiyyətinə gəldikdə isə, məhkəmə diqqətə çəkir ki, «İnzibati icraat haqqında» Qanunun 15-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: - (8.0.9) Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair – (8.0.9.1) hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: - (8.0.9.1.2) məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə – torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; Həmin Qanunun 10.2-ci maddəsinə görə qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin planı və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi, dövlət rüsumunun ödənilməsi barədə sənəd. Həmin Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 13.7-ci maddəsinə görə üzərində mülkiyyət hüququ qeydiyyata alınan torpaq sahəsi onda yerləşən daşınmaz əmlakla birgə vahid daşınmaz əmlak obyekti kimi qeydiyyata alınır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21 iyun 1999-cu il tarixli 103 saylı qərarı ilə təsdiq edilmiş «Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları»nın 2.1-ci bəndinə əsasən bu Qaydalar, mədən və mədəndaxili boru kəmərləri və kollektorlar da daxil olmaqla, təbii süni karbohidrogenli qazları, kondensat, sıxılmış karbohidrogenli və mayeləşdirilmiş qazları, digər sıxılmış karbohidrogenləri nəql edən magistral boru kəmərlərinin mühafizəsini təmin edir. Həmin Qaydaların 2.7-ci bəndinə görə boru kəmərlərinin, çəkilmə tərzindən asılı olmayaraq, istismarına normal şərait yaratmaq və zədələnmə hallarının qarşısını almaq məqsədi ilə mühafizə zonası təyin edilir: boru kəmərləri xətti boyunca, onun orta oxundan hər tərəfə şərti xətlərlə 50 m keçən torpaq sahəsi mühafizə zonası üçün ayrılmalıdır. Kənd təsərrüfatı üçün yararlı olan torpaq sahələrindən keçən, boru kəmərləri xətti boyunca onun orta oxundan hər tərəfə şərti xətlərlə 25 metrdən keçən torpaq sahəsi mühafizə zonası üçün ayrılmalıdır; çoxlu sayda qarışıq boru kəmərləri boyunca, kənar kəmərlərin orta oxundan hər tərəfə, şərti xətlərlə 50 metrdən keçən torpaq sahəsi mühafizə zonası üçün ayrılmalıdır. Kənd təsərrüfatı üçün ayrılmış torpaq sahələrindən keçən çoxsaylı qarışıq boru kəmərləri xətti boyunca, onun kənar kəmərinin orta oxundan hər tərəfə, şərti xətlərlə 25 metrdən keçən torpaq sahəsi mühafizə zonası üçün ayrılmalıdır; boru kəmərlərinin sualtı keçidləri xətti boyunca su səthindən onun dibinə qədər olan məkanda, paralel müstəvilər arasında, kənar xəttin orta oxundan hər tərəfə 100 m mühafizə zonası ayrılır; kondensatın saxlanması, qazdan ayrılması üçün tutumların, neft və neft məhsullarının, kondensatlarının, sıxılmış qarışıqların qəza vəziyyətində axıdılması üçün torpaq anbarlarının əhatəsində göstərilən obyektlərin ərazisinin sərhədlərindən hər tərəfə 50 m olmaqla qapalı xətlə hüdudlanmış torpaq sahəsi şəklində olmalıdır; baş və aralıq sorulub vurulma və doldurma nasos stansiyalarının, çən parklarının, kompressor və qazpaylayıcı stansiyaların, qaz məsrəflərinin ölçüldüyü qovşaqların, doldurma və qəbuletmə körpülərinin, yeraltı qazsaxlama stansiyalarının neft və neft məhsullarının qızdırılması məntəqələrinin əhatəsində göstərilən obyektlərin sərhədlərindən hər tərəfə 100 m olmaqla qapalı xətlə hüdudlanmış torpaq sahəsi şəklində olmalıdır. Həmin Qaydaların 3.3-cü bəndinə görə qazın yüksək təzyiqli şəhər magistral qaz kəmərindən orta və aşağı təzyiqli paylaşdırıcı qaz kəmərlərinə və orta təzyiqli qaz kəmərlərindən aşağı təzyiqli qaz kəmərlərinə verilməsi, qaz tənzimləyici məntəqələr (QTM), yaxud qaz tənzimləyici qurğular (QTQ) vasitəsilə həyata keçirilir. Qanunvericiliyin tələbindən də göründüyü kimi daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş hüquq müəyyənedici sənədlər təqdim edilməlidir. Nəzərə alınmalıdır ki, qanunvericilik 2013-cü il yanvarın 1-dək və həmin tarixdən sonra inşa edilmiş tikililərə münasibətdə şəxsin mülkiyyət hüquqlarının qeydiyyatının aparılması üçün sənədlərin əhatə dairəsini fərqləndirmiş, 2013-cü il yanvarın 1-dək məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evləri üzərində hüquqların qeydiyyatı üçün yalnız torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənədi (reyestrdən çıxarış və ya qeydiyyat vəsiqəsi) nəzərdə tutmuşdur. İddiaçıya məxsus tikiliyə münasibətdə məhkəmə qeyd edir ki, onun fərdi yaşayış evi satusunda, bir mərtəbəli və hündürlüyünün 12 mertdən az olması işin mübahisə olunmayan hallarına aiddir. Həmçinin iddiaçı həmin fərdi evin 2013-cü ilin 1 yanvar tarixindən, yəni Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək inşa edildiyini də iddia edir. Məhkəmə icraatında cavabdeh inzibati orqan bu xüsusatı təkzib etmir və iddiaçının təqdim etdiyi kommunal xidmətlərə (elektrik enerjisi sərfiyyatına görə) dair ödəniş qəbzləri və müqavilə (su təcnifaztı və kanalizasiya xidmətləri ilə bağlı) də evin tikilməsinin 2013-cü ildən əvvəlki dövr təsadüf etməsini təsdiqləyir. Bundan başqa, qeyd olunmalıdır ki, məhkəmə icraatında 8 may 2023-cü il tarixli məhkəmə qərardadı ilə Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzindən 12 oktyabr 2023-cü il tarixli 10/4283 nömrəli rəy alınmışdır. Rəydə Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən və iddiaçının mülkiyyətidə olan 0,06 ha torpaq sahəsində inşa edilmiş torpaq sahəsindən keçən qaz xəttinin “magistral” xətt olmadığı və tikilinin oradan keçən orta və aşağı təzyiqli qaz xəttinin mühafizə zonasında yerləşmədiyi göstərolmişdir. Hazırkı məhkəmə icraatında Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzindən alınmış həmin ekspertiza rəyi ilə razılaşmamaqla bağlı hər hansı xüsusat müəyyən etməmişdir. Odur ki, ekspert rəyi mötəbər sübut qismində qəbul edilir. Rəy qoyulan məsələlər üzrə tam əhatəli və əsaslandırılmış qiymətləndirilir. Nəzərə alınmalıdır ki, MPM-in 103.2-ci maddəsinə görə ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə və ya qərardadda əsaslandırılmalıdır. Məhkəmə vurğulayır ki, iddiaçının müvafiq fərdi yaşayış evinə münasibətdə gözlənilən mülkiyyət hüquqları yaranmışdır ki, bu hüquqlar müvafiq olaraq fərdi yaşayış evinin 1 yanvar 2013cü il tarixdən əvvəlki dövrdə tikilməsi və evin yerləşdiyi torpaq sahəsinin təyinatı (kateqoriyası) “yaşayış məntəqələri torpaqları”, məqsədli istifadə növü “yaşayış” oamaqla iddiaçının mülkiyyəti kimi 5 aprel 2007-ci ildə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə yaranmışdır. Belə olan halda məhkəmənin qənaətinə görə Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən mülkiyyətində olan 0,06 ha torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinə İddiaçı mülkiyyət hüququ yarandığından, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8.0.9.1.2 və 10-cu maddələrinə əsasən onun həmin daşınmaz əmlaka hüquqları qeydiyyata alınmalı və bu barədə reyestrdən çıxarış verilməlidir. Odur ki, cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin imtinası qanuna zidd sayılmalı və iddiaçının mülkiyyətçi kimi hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilərək İddiaçı Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində mülkiyyətində olan 0,06 ha torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyi cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 52, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. İddiaçı Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində mülkiyyətində olan 0,06 ha torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyi cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər. Hakim Rüstəm Kərimli
Məhkəmə qərarları › İş №e-2-1(112)-1853/2023
Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-1853/2023
14.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver