Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-1879/2025 07.10.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı X8 üçüncü şəxs qismində cəlb edilməklə “daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın ləğv edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Ağalarov Həmid Azər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Şirinova Lamiyə Fehruz qızının katibliyi, cavabdehin nümayəndəsi X7, üçüncü şəxsin nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı, X8 üçüncü şəxs qismində cəlb edilməklə “daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın ləğv edilməsi” tələbinədair iddiası üzrə inzibati işə 07 oktyabr 2025-ci il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Əmlak Məsələri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən X4 adına verilmiş Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, 4619 saylı bağ sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2021-ci il tarixli ********** nömrəli çıxarışın ləğv edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə, X8 üçüncü şəxs qismində (zəruri cəlbetmə) inzibati məhkəmə icraatına cəlb edilmişdir. İddiaçının nümayəndəsi və vəkili xx.xx.2024-cü il tarixdə iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, X4 Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, 4619 saylı bağ sahəsi üzərində hüquqlarının dövlət qeydiyyatının ləğv edilməsi və həmin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2021-ci il tarixli, ********** nömrəli çıxarışın ləğv edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə, iddiaçı tərəfin verdiyi iddianın dəyişdirilməsi barədə ərizə qeyd edilən məzmunda icraata qəbul edilsin. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı Şəhər İcra Hakimiyyəti başçısının 13 sentyabr 1996-cı il tarixli, 1248 saylı “Bağ sahələrinin ayrılması və ada keçirilməsi barədə” sərəncamına əsasən, Ləhic bağlar sahəsindəki 4620a №-li bağ 48 №-li BTK tərkibində İddiaçı ayrılmışdır. Ləhic bağlar sahəsində 48 №-li BTK nəzdində 0,12 hektar torpaq sahəsi olan 4620a №-li bağın ayrılması barədə 26 nömrəli order təqdim edilmişdir. İddiaçı cavabdehə ərizə ilə müraciət edərək ona ayrılmış Ləhic bağlar sahəsində 48 №-li BTK nəzdində 0,12 hektar torpaq sahəsi olan 4620a №-li bağ sahəsi üzərində onun mülkiyyət hüququnun qeydiyyata alınmasını və mülkiyyət hüquqlarının qeydiyyata alınması barədə dövlət reyestrindən çıxarışın təqdim edilməsini xahiş etmişdir. Cavabdeh bildirmişdir ki, “Tərəfinizdən təqdim edilən orderin nüsxəsi idarənin arxivində aşkar edilməmişdir. Bundan əlavə, tərəfinizdən göstərilə torpaq sahəsi digər fiziki şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.” İddiaçı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, 4620a №-li bağ sahəsi üzərində onun mülkiyyət hüququnun qeydiyyata alınması və mülkiyyət hüquqlarının qeydiyyata alınması barədə dövlət reyestrindən çıxarışın təqdim edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İşə baxılarkən Bakı İnzibati Məhkəməsi torpaq sahəsinin X4 adına **********41 reyestr nömrəsi ilə dövlət qeydiyyatına alınmasına əsas olmuş sənədlərin məhkəməyə təqdim edilməsi ilə bağlı cavabdehə sorğu vermişdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən sorğu icra edilmiş, X4 adına **********41 reyestr nömrəsi ilə dövlət qeydiyyatına alınmış Bakı şəhəri, Sabunçu Rayonu, Ləhiş bağ sahəsi, 4619 saylı bağ sahəsinə dair sənədlərin təsdiq edilmiş surətləri məhkəməyə təqdim edilmişdir. Sənədlər arasında olan X4 Bakı şəhəri X5 ünvanlandığı ərizəsində qeyd olunmuşdur ki, “1989-cu ilin fevralında Ləhic ərazisində mənə 4632a nömrəli 44 saylı orderlə 0,12 ha torpaq (bağ) sahəsi verildi. Sonralar Kürdəxanı qəsəbəsinin bir neçə sakininin narazılığı üçün bağ sahəsinin hasara alınmasını dayandırdım. Narazılığın qarşısının alınması məqsədilə X3 rəsmi nümayəndəsi Mamed müəllim və başqalarının iştirakı ilə kənd sakinləri ilə görüş keçirdik. Belə razılığa gəldik ki, sənədlə mənə məxsus olan bağ sahəsinin əvəzində yanındakı boş torpaq sahəsi mənə verilsin.” Bakı şəhəri X3 Ləhiş ərazisi üzrə böyük mühəndis və sahə mühəndislərinin iştirakı ilə tərtib olunmuş 24 iyul 2006-cı il tarixli aktda qeyd olunur ki, “X8 ərizə ilə müraciət edərək bildirir ki, ona Ləhiş ərazisində 4632a saylı 0,12 hektarlıq bağ sahəsi verilib. Orada abadlıq işləri aparmaq istərkən Kürdəxanı qəsəbəsinin bir neçə sakininin ata-baba yeri olduğunu bildirmişlər. 4632a saylı bağın əvəzində ona mübahisəsiz 4619 saylı bağ sahəsi təklif etmişlər, o isə bununla razılaşmışdır. Ərizə əsasında yerində olduq və müəyyənləşdirdik ki, ona göstərilən bağın №-si 4619-dur idarənin boş bağlar balansındadır, heç bir tikintisi yoxdur. A.C.İsgəndərov mübahisədən uzaqlaşmaq məqsədi ilə idarə rəisinin razılığından sonra onun bağ sənədinə 4632a əvəzində 0,12 hektar sahəsi olan 4619 №-si yazılmasını komissiya üzvləri məqsədəuyğun hesab edirlər.” Ləhiş Bağlar sahəsində yerləşən 48 №-i X2 Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1996-cı il tarixli 1248 saylı sərəncamı ilə yaradılmışdır, həmin kooperativin üzvlərinə, o cümlədən İddiaçı həmin sərəncamla 4620a nömrəli bağ sahəsi ayrılmışdır. Beləliklə, iddiaçıya 4620a nömrəli bağ Bakı Şəhər İcra Hakimiyyəti başçısının sərəncamı ilə ayrılmışdır. Həmin sərəncam verilən tarixə kimi qeyd edilən torpaq sahəsi dövlət torpağı olmuşdur və heç bir kooperativə ayrılmamışdır. 4632a saylı bağ sahəsi də Ləhic bağlar sahəsində 48 №-li X1 nəzdində olmuşdur. Həmin bağ sahəsinin 4619 saylı bağ sahəsi ilə əvəz edilərək X6 verilməsi barədə 48 №-li BTK-nin ümumi yığıncağının iclasının protokolu və qərarı mövcud deyildir. Bu qanunsuz əməliyyat mühəndislərin tərtib etdikləri aktla rəsmiləşdirilmişdir. Birliyin işçiləri 4632a saylı bağ sahəsini 4619 saylı bağ sahəsi ilə əvəz etmələri qanunsuz olmuşdur. Bundan başqa, Birliyin işçiləri nəzərə almamışdılar ki, onların 4619 saylı bağ sahəsi kimi qeyd etdikləri sahə əslində 4620a saylı bağ sahəsi kimi rəsmiləşdirilmişdir. Cavabdehin etirazı: Cavabdeh 1 saylı Bakı Ərazi İdarəsi iddiaya dair etirazla məhkəmə müraciət edərək bildirmişdir ki, qeyd edilən torpaq sahəsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.3 və 2.4-cü maddələrinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər və hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 4619 saylı torpaq sahəsi Bakı Şəhər İcra Hakimiyyətinin Bağlar Təsərrüfatının İnkişafı və İstismarı Birliyi tərəfindən verilmiş 44 saylı order əsasında X4 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Halhazırda mülkiyyətindədir. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmiş iddiaçı tərəf məhkəmə iclasında iştirak etməmişdir. Daha əvvəlki məhkəmə iclaslarında iddiaçının nümayəndəsi və vəkilinin iştirak etdiyini nəzərə alaraq, Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə iddiaçı tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və üçüncü şəxsin nümayəndəsi və vəkili iddia ərizəsinə etiraz edərək, etirazın dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Faktiki hallar və sübutlar: İşin faktiki hallarından görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 4619 saylı torpaq sahəsi Bakı Şəhər İcra Hakimiyyətinin Bağlar Təsərrüfatının İnkişafı və İstismarı Birliyi tərəfindən verilmiş 44 saylı order əsasında X4 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Həmçinin, Dövlət Arxivinin Bakı Filialının xx.xx.2024-cü il tarixli məktubunda göstərilmişdir ki, üçüncü şəxsin adına olan orderin verilməsinə əsas olmuş Bakı Şəhər XDS İK-nin (indiki Bakı ŞİH) xx.xx.1989-cu il tarixli, 1/12 saylı qərarın alavə edilmiş 48 saylı Ləiş BTK üzvlərinin siyahısında X8 barədə məlumat mövcuddur. İddiaçıya 4620a nörməli torpaq sahəsinin ayrılmasına dair 26 saylı order təqdim edilmişdir. Həmin orderin nüsxəsi arxiv saxlayıcısı olan cavabdeh orqanda aşkar edilməmişdir. Cavabdeh tərəfindən təqdim edilmiş sxematik xəritədə 4620a nömrəli bağ sahəsi göstərilməmişdir. Bundan əlavə, digər inzibati iş üzrə keçirilmiş eksperizanın nəticələrinə dair tərtib edilmiş xx.xx.2023-cü il tarixli rəydən görünür ki, ... 48 nömrəli BTK-nın sxemində 4620a saylı bağ nömrəsi göstərilmədiyindən iddia olunan sahənin 4620 saylı bağ sahəsinə aid olub-olmamasını dəqiqləşdirmək mümkün olmamışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13. Mülkiyyət I.Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. ... Maddə 29. Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. ... “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. 2.3. Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. 2.4. Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Maddə 3. Daşınmaz əmlaka hüquqların qeydiyyatı haqqında qanunvericilik 3.1. Daşınmaz əmlaka hüquqların qeydiyyatı haqqında qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, Mülki Məcəlləsindən, bu qanundan və digər normativhüquqi aktlardan ibarətdir. ... Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: ... 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; ... Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. ... “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 9. Vətəndaşların qanuni istifadəsindəki torpaqların özəlləşdirilməsi Vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Maddə 10. Vətəndaşların qanuni istifadəsindəki torpaqların özəlləşdirilməsi qaydası Həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Kollektiv bağlar özəlləşdirilərkən torpaq sahəsi bağçılığın hər üzvünün mülkiyyətinə verilir. Dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların torpaqları hər bir icarəçinin, kooperativ bağların torpaqları hər bir kooperativ üzvünün mülkiyyətinə verilir. Bağ sahələrinin torpaqları özəlləşdirilərkən onların üzərindəki tikililər, ağaclar və digər obyektlər əvəzsiz olaraq bağ sahiblərinin xüsusi mülkiyyətinə keçir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar; 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər; 15.1. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; 16.1. Fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarında göstərilmişdir ki, “Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatı nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər bir fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir.” “Yerli İcra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 22 may 2007-ci il tarixli sərəncamı ilə yerli İcra hakimiyyəti orqanlarının, o cümlədən Bakı şəhəri İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, onların yalnız arxivlərinin Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsi qərara alınmışdır. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsi: 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır Məhkəmənin mövqeyi: Qanunvericiliyin tələbindən də göründüyü kimi, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməlidir. “Yerli İcra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 22 may 2007-ci il tarixli sərəncamı ilə yerli İcra hakimiyyəti orqanlarının, o cümlədən Bakı şəhəri İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, onların yalnız arxivlərinin Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsi qərara alınmışdır. Yuxarıda göstərilən qanunvericiliyin tələbindən göründüyü kimi, bağ sahəsinə hüququn qeydə alınması üçün ya müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqaviləsi, sərəncam və orderdən hər hansı biri, ya da kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış mövcud olmalıdır. İlk növbədə qeyd edilməlidir ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 4619 saylı torpaq sahəsi Bakı Şəhər İcra Hakimiyyətinin Bağlar Təsərrüfatının İnkişafı və İstismarı Birliyi tərəfindən verilmiş 44 saylı order əsasında X4 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Hansı ki, həmin order özlüyündə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün hüquqmüəyyənedici sənəddir. Həmçinin, Dövlət Arxivinin Bakı Filialının xx.xx.2024-cü il tarixli məktubunda göstərilmişdir ki, üçüncü şəxsin adına olan orderin verilməsinə əsas olmuş Bakı Şəhər XDS İK-nin (indiki Bakı ŞİH) xx.xx.1989-cu il tarixli, 1/12 saylı qərarın alavə edilmiş 48 saylı Ləiş BTK üzvlərinin siyahısında X8 barədə məlumat mövcuddur. Yəni hüququn qeydiyyata alınmasında cavabdeh tərəfindən hər hansı qanunsuzluğa yol verilməmişdir. Bundan əlavə, digər inzibati iş üzrə keçirilmiş eksperizanın nəticələrinə dair tərtib edilmiş xx.xx.2023-cü il tarixli rəydən görünür ki, ... 48 nömrəli BTK-nın sxemində 4620a saylı bağ nömrəsi göstərilmədiyindən iddia olunan sahənin 4620 saylı bağ sahəsinə aid olub-olmamasını dəqiqləşdirmək mümkün olmamışdır. Göründüyü kimi, iddiaçıya ayrılmış 4620a nömrəli torpaq sahəsinin hazırkı iş üzrə iddia olunan sahə olması belə təsdiqini tapmır. Məhkəmə, yuxarıda sadalanan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddiaçının müraciətinə cavabdeh 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən qanunvericiliyə uyğun qaydada baxılmış, verilmiş imtina məktubu nəticəsində iddiaçının hüquqları və qanunla qorunan maraqları pozulmamış və onların həyata keçirilməsinə maneə yaradılmamışdır. Məhkəmə hesab edir ki, imtina qanuni və əsaslı olduğundan hazırkı iddia tələbi təmin oluna bilməz. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq, məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı, X8 üçüncü şəxs qismində cəlb edilməklə “daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın ləğv edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Həmid Ağalarov
Məhkəmə qərarları › İş №e-2-1(112)-1879/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-1879/2025
07.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver