Məhkəmə qərarları › İş №e-2-1(112)-1906/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-1906/2023

04.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-1906/2023 04.05.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı «güzəştli şərtlərlə pensiyanın təyin edilməsi» tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, İddiaçının nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı «güzəştli şərtlərlə pensiyanın təyin edilməsi» tələbinə dair inzibati işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: 1.İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, xx.xx.1975-ci ildən hal-hazıradək tarixlərində işlədiyi illəri sığorta stajına daxil edilməsini, 57 yaşı tamam olduğu tarixdən yəni xx.xx.2015-ci il tarixindən güzəştli şərtlərlə pensiyanın təyin olunmasını, həmin tarixdən qətnamə qanuni qüvvəyə minənədək ödənilməmiş pensiya məbləğinin hesablanmasını və İddiaçı birdəfəlik verilməsini öhdəliyinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsində bildirilmişdir ki, İddiaçı xx.xx.1975 ildən hal-hazıradək əmək fəaliyyəti ilə məşğuldur. Belə ki, o İddiaçı çalışdığı iş yerləri və həmin iş yerlərində çalışma müddətləri əmək kitbaçasında qeyd edilmişdir. İddiaçı xx.xx.2006-ci il tarixədək əmək şəraiti ağır və zərərli olan işlərdəki iş stajı 20 il 11 ay 27 gün, bu günədək əmək şəraiti ağır və zərərli olan işlərdəki iş stajı isə 31 il 11 ay 8 gün təşkil edir.İşlədiyi peşələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli “güzəştli şənlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəriciləri’’ barədə 12 saylı qərarın 21.4- cü bəndində və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 saylı qərarına əsasən güzəştli şənlərlə pensiya hüququ verən peşələrin siyahısında (2290000b-24441-iş icraçıları) göstərilmişdir. Vətəndaşların Pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunun 13-cü maddəsinin “a” bəndinə əsasən əmək şəraiti zərərli və ağır olan işlərdə çalışan işçilər- istehsalatın, vəzifələrin, peşələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə kişilər 57 yaşa və ən azı 25 il iş stajı olduqda bu müddətin ən azı 12 il, 6 ayını həmin işlərdə çalışarlarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. Əmək kitabçasından və iş yerindən arayışlardan da göründüyü kimi xx.xx.2006-cı ilədək X1 umumi iş stajı 31 il, 11 ay, 8 gün, güzəştli iş stajı isə 31 il, 11 ay, 8 gün təşkil etmişdir. xx.xx.2022-ci il tarixində pensiyanın ləyini üçün DSMF-nin Xüsusi Şərtlərlə Təyinat İdarəsinə müraciət etsək də, pensiyanın təyinindən imtina olunmuşdur. Belə ki, DSMF-nin Xüsusi Şərtlərlə Təyinat İdarəsi tərəfindən təqdim olunmuş imtina məktubunda güzəştli iş stajı 12 il 6 aydan az olduğu göstərilmişdir. Stajın 11 il 21 gün olduğu qeyd olunmuşdur. Cavabdeh qurumun imtinası əsassız və qanunvericiliyin tələblərinə ziddir. İmtina məktubu xx.xx.2022-ci il tarixində cavabdehin ünvanına rəsmi şəkildə əldə etmişdir. xx.xx.2023-cü il tarixli məhkəmə iclasında iddiaçı tərəfin “İddiaçı 57 yaşı tamam olduğu tarixdən, yəni xx.xx.2015-ci il tarixindən güzəştli şərtlərlə pensiyanın təyin edilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına üzərinə qoyulması barədə qərar qəbul edilməsi”nə dair iddia tələbinin dəqiqləşdirilməsi ərizəsi icraata qəbul edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən qanuna müvafiq prosessual hərəkətlər edilərək işin şifahi məhkəmə baxışı iclası xx.xx.2023-cü il tarixə təyin edilmiş və bu barədə tərəflərə lazımi qaydada məlumat verilmişdir. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri Şifahi məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) iddia tələbini müdafiə edərək və iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, iddianı müdafiə etdiyini və iddianın təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Şifahi məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada xəbərdar olunmuş cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və iştirak etməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Cavabdeh inzibati orqan tərəfindən iddiaya dair yazılı etiraz təqdim edilmişdir. Etirazda qeyd edilmişdir ki, “X2” Azərbaycan Respublikası Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə görə, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir.İddiaçının Mərkəzi filiala təqdim etdiyi sənədlərindən göründüyü kimi, onun güzəştli iş stajı tələb olunuan 12 il 06 aydan az olmaqla cəmi 11 il 21 gün (xx.xx.2011- xx.xx.2022) təşkil edir.

3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

İş materialları məhkəməyə təqdim edilmişdir. Həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişdir. - xx.xx.1958-cü il təvəllüdlü İddiaçı AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surəti; - cavabdeh inzibati orqanın xx.xx.2022-ci il tarixli imtina məktubu; - iddiaçıya məxsus KB 015763 nömrəli Diplomun surəti; - iddiaçıya məxsus HЗ ******* nömrəli Hərbi biletin surəti; - İddiaçıa məxsus ИТ-İ seriyalı ******* nömrəli əmək kitabşasının notarial qaydada tərcümə və təstiq edilmiş surəti; - "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli AN-79 nömrəli və AN-80 nömrəli arayışları; - Cavabdeh tərəfində məhkəmənin sorğusuna cavab olaraq təqdim edilmiş xx.xx.2023-cü il tarixli məktub; - cavabdeh inzibati orqan tərəfindən məhkəmənin sorğusuna cavab olaraq təqdim edilmiş inzibati icraat materiallarının surəti.

ƏSASLANDİRMA HİSSƏSİ:

4. İddianın növü və mümkünlüyü

Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və cavabdeh inzibati orqanın səlahiyyətinin birdən çox məhkəmənin yurisdiksiyasına aid olduğunu və iddiaçının ünvanını (ünvan 1 ki, işə ərazi aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir.

5. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

Məhkəmə tərəfin izahatını dinləyərək, sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia mahiyyəti baxımından əsaslı olduğundan təmin edilməlidir. “X2” Azərbaycan Respublikası Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. (1 iyul 2017-ci ilə qədər qüvvədə olan redaksiyada) “X2” Azərbaycan Respublikasının Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. ... Həmin Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə bu Qanuna uyğun olaraq təyin edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1.20-ci yarımbəndinə əsasən yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti – bu Qaydanın 4.1.1-ci yarımbəndinə əsasən nəzərdə tutulmuş sənədlərə və şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin forması bu Qaydaya 2 nömrəli Əlavə ilə müəyyən edilmiş arayışın təqdim edilməsi tələb olunur. Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə iddiaçının tələbi 57 yaşı tamam olduğu vaxtdan, yəni xx.xx.2015-ci il tarixindən güzəştli şərtlərlə əmək pensiyasının təyin olunması vəzifəsinin cavabdehin üzərinə qoyulmasıdır. İddiaçı ərizə ilə cavabdeh inzibati orqana müraciət edərək ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Cavabdeh inzibati orqan xx.xx.2022-ci il tarixli imtina məktubunda bildirmişdir ki, İddiaçı sənədlərində qeyd olunanlara əsasən onun güzəştli iş stajı 12 il 6 aydan az (11 il 21 gün (xx.xx.2011-xx.xx.2022-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir. Həmçinin, sonradan məhkəmə icraatında iddia tələbinə qarşı yazılı etiraz ərizəsində imtinanın dəlilləri təkrarlanmışdır. Aşağıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehin imtinası əsassızdır və iddiaçının hüquqlarını pozur: Belə ki, qanunvericiliyin müddəalarının mübahisəyə tətbiqi göstərir ki, iddiaçının 57 yaşdan əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yaranması üçün 3 şərtə birlikdə əməl olunmalıdır:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş 2 nömrəli Siyahıda nəzərdə tutulan peşələrdə iş stajı minimum 12 il 6 ay olmalı;

2. 12 il 6 ay xüsusi (müvafiq arayışla təsdiq edilən) və 25 il ümumi iş stajı xx.xx.2006-cı il tarixədək mövcud olmalı;

3. 57 yaşı tamam olmalıdır. İlk öncə qeyd edilməlidir ki, iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiya hüququ yarandığı dövrdə qüvvədə olan qanunvericilik normasının tələbinə görə, iddiaçıya 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyinatının aparılması üçün o, 57 yaşını tamamlayanda azı 25 il ümumi və azı 12 il 6 ay güzəştli iş stajını toplamalı idi. Məhkəmə qeyd edir ki, iddiaçının 57 yaşa çatması mübahisəli deyil. Belə ki, iş materiallarında olan İddiaçı məxsus AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsindən məlum olur ki, iddiaçı xx.xx.1958-ci il tarixdə doğulmuşdur. xx.xx.2015-ci il tarixdə iddiaçının 57 yaşı tamam olmuşdur. Həmçinin, məhkəmə qeyd edir ki, iddiaçının 25 ildən çox ümumi iş stajına malik olması işin mübahisələndirilməyən halıdır və iddiaçının 25 ildən artıq ümumi iş stajına malik olması işdə olan sənədlərlə də sübuta yetirilir. İş materiallarına əlavə edilmiş iddiaçının iş stajını təsdiq edən ИТ-İ seriyalı ******* nömrəli əmək kitabçasının surətinə əsasən iddiaçı: - xx.xx.1975-xx.xx.1976-cı il tarixləri arasında yol təmirçisi (08 ay 29 gün); - xx.xx.1978-xx.xx.1979-cu il tarixləri arasında yol təmirçisi (01 il 02 ay 30 gün); - xx.xx.1979-xx.xx.1982-ci il tarixləri arasında defektoskopla işləyən araba operatoru (03 il 02 ay 24 gün); - xx.xx.1982-xx.xx.1984-cü il tarixləri arasında rəngsaz (01 il 07 ay); - 03.07.1984-xx.xx.1989-cu il tarixləri arasında rəngsaz, anbardar, daha sonra isə tikinti mühəndisi (05 il 01 ay 12 gün); - xx.xx.1989-xx.xx.1996-cı il tarixləri arasında iş icraçısı (06 il 07 ay 10 gün); - xx.xx.1996-xx.xx.1998-ci il tarixləri arasında Monqolustan Respublikasına işləməyə göndərilmişdir (ezamiyyətə) (02 il 05 gün); - xx.xx.1998-xx.xx.2006-cı il tarixləri arasında iş icraçısı (08 il 07 ay 11 gün), (xx.xx.2006-cı il tarixədək 07 il 09 ay 02 gün); - xx.xx.2011-ci il tarixdən hal-hazıradək (xx.xx.2015-ci il tarixədək 03 il 09 ay 26 gün) "xxxx" MMC-də iş icraçısı peşəsində işləyir. Göründüyü kimi iddiaçının əmək kitabçasında qeyd edilən xx.xx.2006-cı il tarixədək əmək stajı 27 il 06 ay 21 gün (xx.xx.2015-ci il tarixədək 32 il 02 ay 25 gün) təşkil edir. İş materiallarına əlavə edilmiş xx.xx.2008-ci il tarixli hərbi biletin surətindən görünür ki, iddiaçının xx.xx.1976-cı il tarixdən xx.xx.1978-ci il tarixədək həqiqi hərbi xidmət dövrü 01 il 11 ay 29 gün təşkil etmişdir. İş materiallarına əlavə edilmiş Diplomun surətindən görünür ki, iddiaçı 1975-1984cü illərdə Azərbaycan Politexnik İnstitutunda təhsil almışdır. Məhkəmə iddiaçının təhsil dövrü ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, iddiaçının xx.xx.1975-xx.xx.1976-cı il tarixləri arasında işlədiyi, xx.xx.1976- xx.xx.1978-ci il tarixləri arasında həqiqi hərbi xidmətdə olduğu, xx.xx.1978-xx.xx.1984-cü il tarixləri arasında işlədiyi dövlər iddiaçının ümumi iş stajına hesablandığından və təhsil dövrü qeyd edilən dövləri əhatə etdiyindən, iddiaçının təhsil dövrü onun ümumi iş stajına təkrar olaraq əlavə edilməməlidir. Pensiya hüququ bu hüququn yarandığı vaxt qüvvədə olan qanunvericiliklə tənzimlənsə də, hərbi xidmət müddətinin və təhsil müddətinin əmək stajına daxil edilməsi məsələsi hərbi xidmət keçdiyi və təhsil aldığı vaxt qüvvədə olan qanunvericiliklə tənzimlənməlidir. Hüquq münasibətlərinin yarandığı dövrdə qüvvədə olmuş xx.xx.1992-ci il tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunun 67-ci maddəsinin 1-ci bəndinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin Qanunun 67-ci maddəsinin 3-cü bəndinin “v” yarımbəndinə əsasən iş stajına bunlardan başqa hərbi (alternativ) xidmət müddəti də daxil edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 87-ci maddəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında — işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. İddiaçının pensiya təyin olunması üçün mübahisələndirilən stajı qazandığı dövrdə qüvvədə olmuş "Vətəndaşların pensiya təminatı haqqında" Qanunun 69-cu maddəsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 saylı qərarı ilə təsdiq edilmiş «Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə»nin 3-cü bəndi iş stajını sübut edən əsas sənədin əmək kitabçası olduğunu təsbit edirdi. Əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçalarına yalnız o halda zərurət yaranırdı ki, əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmasın. Bundan başqa, adı çəkilən Əsasnamədə əmək kitabçasında olan məlumatların mütləq başqa sənədlərlə təsdiq olunması, əks halda əmək kitabçasının sübut kimi qəbul edilməməsi barədə göstəriş yoxdur. Əsasnamənin 25-ci bəndində tələb olunur ki, əmək kitabçasında olan qeydlər, həmin əmək kitabçasının doldurulma gününə qüvvədə olan idarə, müəssisə və təşkilatlarda əmək kitabçalarının doldurulma qaydaları barədə təlimatın tələblərinə müvafiq olaraq aparılmalıdır. Yuxarıdakı qanunvericilik aktlarından göründüyü kimi, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 12-ci maddəsinə əsasən: 12.1. Hamı qanun və inzibati orqan qarşısında bərabərdir. 12.2. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. 12.3. İnzibati orqan tərəfindən fərqli mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə eyni cür qərarların qəbul edilməsi qadağandır. 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Göründüyü kimi, iddiaçının əmək kitabçasında qeyd edilən iş stajı (27 il 06 ay 21 gün), hərbi xidmət dövrü (01 il 11 ay 29 gün) nəzərə alınmaqla, xx.xx.2006-cı il tarixədək 25 ildən çox (29 il 6 ay 19 gün) ümumi iş stajı mövcud olmuşdur. Eyni zamanda məhkəmə qeyd edir ki, hazırkı halda mübahisəli hal iddiaçının güzəştli iş stajına malik olmasıdır. İddiaçının güzəştli iş stajına münasibətdə məhkəmə qeyd edir ki, İddiaçı xx.xx.1989-xx.xx.2006-cı il tarixləri arasında Tikinti Nazirliyinin 8 nömrəli Trestinin 85 nömrəli tikinti idarəsində iş icraçısı vəzifəsində işləmiş və bu onun əmək kitabçasında, həmçinin "xxxx" MMC tərəfindən təqdim edilmiş AN-80 nömrəli xx.xx.2022-ci il tarixli arayışında öz əksini tapmışdır. İş materiallarında olan "xxxx" MMC tərəfindən təqdim edilmiş AN-80 nömrəli xx.xx.2022-ci il tarixli arayışında göstərilmişdir ki, İddiaçı xx.xx.2006-cı il tarixədək əmək şəraiti ağır və zərərli olan işlərdəki iş stajı 20 il 11 ay 27 gün, bu günədək əmək şəraiti ağır və zərərli olan işlərdəki iş stajı isə 31 il 11 ay 8 gün təşkil edir. İş materiallarında olan "xxxx" MMC tərəfindən təqdim edilmiş AN-79 nömrəli xx.xx.2022-ci il tarixli arayışında göstərilmişdir ki, Azərbaycan Respublikasının əmək pensiyaları qanunvericiliyinə uyğun olaraq, güzəştli şərtlə yaşa görə pensiya hüququ verən iş icraçısı vəzifəsində “ANTİK" MMC xx.xx.2011 -ci il, 04 nömrəli əmrilə işə qəbul olunub və hal-hazırda işləyir. İşlədiyi vəzifə üzrə sosial sığorta (və va iş) stajı 31 il, 11 ay, 8 gün təşkil edir. İşlədiyi vəzifənin güzəştli pensiya hüququna əsas olan xüsusiyyətləri: XXVll. Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri: 2290000b-24441 - iş icraçıları ibarət olmaqla. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahının 29 bəndində / b (yarımbəndində) və (və ya) vəzifə kodunda müəyyən edilmiş sahənin və vəzifənin xüsusiyyətləri ilə eynidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə (xx.xx.2007-ci il tarixədək qüvvədə olmuş) təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nda XXVİİ fəslin (Bina, qurğu və digər obyektlərin inşaası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri) “2290000b—24441” kodunda “iş icraçıları” güzəştli pensiya hüququna malik göstəricilər kimi təsbit olunmuşdur. İşin araşdırılmış hallarına görə, iddiaçı xx.xx.1989-xx.xx.2006-cı il tarixləri arasında güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən peşələrdə işlədiyi müddət əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yaranması üçün tələb olunan 12 il 6 aylıq müddətdən artıqdır (16 il 04 ay 17 gün). Göründüyü kimi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 Qərarı ilə “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nda iddiaçının işlədiyi peşə göstərilmişdir. Beləliklə də iddiaçı xx.xx.2006cı il tarixinədək 12 il 6 aydan artıq güzəştli iş stajı olduğu müəyyən olunur. Məhkəmə, cavabdeh inzibati orqan tərəfindən xx.xx.1989-xx.xx.2006-cı il tarixləri arasında güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən peşələrdə işlədiyi müddət dövrün iddiaçının iş stajına hesablanmaması üçün hər hansı sübut təqdim etməməsini nəzərə alaraq hesab edir ki, həmin dövr iddiaçının iş stajına hesablanmalıdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 87-ci maddəsinin 1-ci hissəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. “X2” Qanunun qüvvəyə mindiyi günədək iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Bundan başqa “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Beləliklə, iddiaçıya 57 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi üçün zəruri olan şərtlərin (57 yaş, azı 25 il ümumi iş stajı və 12 il 6 ay xüsusi iş stajının tamamlanması) ödənilməsi işin məhkəmə araşdırması ilə sübuta yetirilmişdir. İddiaçıya 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün xx.xx.2006-cı il tarixinədək 25 ildən az olmayan ümumi, 12 il 6 aydan az olmayan xüsusi (güzəştli) stajı tam olaraq tamamlanmışdır. Beləliklə, sübutetmə yükü üzərinə düşən tərəf kimi cavabdeh inzibati orqan iddiaçıya pensiya təyin edilməsini istisna edən faktiki halların mövcudluğunu sübut edə bilməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, xx.xx.2006-cı ilədək iddaçının 25 il ümumi stajı, 12 il 6 ay güzəştli iş stajı mövcud olduğundan və iddiaçı tələb olunan yaş həddinə çatdığından cavabdehin imtina və etirazında göstərilən dəlilləri əsassızdır. İPM-nin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. “X2” Azərbaycan Respublikası Qanununun 31.1-ci maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. 2019-cu il yanvarın 1dən etibarən əmək pensiyaları bu Qanunun 22-1-ci maddəsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən avtomatlaşdırılmış qaydada təyin edilir. Həmin Qanunun 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. Həmin Qanunun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. “X2” Qanunun 32.1-1-ci və 37.7-ci maddələrinə əsasən, keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği əmək pensiyası təyin olunmuş şəxsə onu almaq hüququ yarandığı gündən, lakin həmin Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün hesablanmaqla ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənildiyindən, keçmiş dövr üzrə hesablanmış fərq məbləğinin ən çoxu üç il üçün hesablanması nəzərdə tutulduğu göstərilmişdir. “X2” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tətbiqinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 8 oktyabr 2020-ci il tarixli Qərardadının 75 və 76-cı bəndlərinə görə 2017-ci il 10 mart tarixli 543-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə gətirilmiş yenilik ondan ibarət olmuşdur ki, xx.xx.2017-ci il tarixə qədər qüvvədə olan müddəalara görə keçmiş dövr üçün alınmamış pensiya məbləğinin ödənilməsində müddət məhdudiyyəti tətbiq edilmədiyi halda (bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla), xx.xx.2017- ci il tarixdən sonra keçmiş dövr üçün alınmamış pensiya məbləğinin ödənilməsi müraciət edilən tarixdən əvvəlki ən çoxu 3 (üç) illə məhdudlaşdırılmışdır. Sözügedən qanun normasının qəbul edilməsi ilə əmək pensiyaçılarının hüquqi vəziyyətlərinə təsir edən yeni məzmunda normativ tənzimləmələr həyata keçirilmişdir. Bu yeni normanın əmək pensiyası hüquqları 2017-ci il 01 iyul tarixdən sonra yaranan şəxslərə münasibətdə tətbiq ediləcəyi ilə bağlı şübhə yoxdur. Lakin, həmin tarixədək hüquqlarının yaranmasına baxmayaraq pensiyanın təyin edilməsi və ya yenidən hesablanması üçün qanunvericilikdə dəyişiklik edilənədək müraciət etməmiş, başqa sözlə, hüquqlarını reallaşdırmamış şəxslərin hüquqlarının həyata keçirilməsinə münasibətdə bu normanın tətbiq edilməsinin mümkünlüyü məsələsinə aydınlıq gətirilməlidir. Bunun üçün isə ilk növbədə dövlətin sosial təminat hüququ sahəsində qanunvericilik tənzimləmələri həyata keçirərkən nəzərə almalı olduğu prinsiplərə diqqət yetirilməlidir. Kollegiya nəticədə qərara almışdır ki, “X2” Qanunun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 2017-ci il 1 iyul tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir. Qanunvericiliyin, o cümlədən Qərardadın tələblərindən göründüyü kimi müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə müddəası pensiya hüququ 2017-ci il 1 iyul tarixədək yaranmış olsa belə, əmək pensiyasının yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir. “X2” Azərbaycan Respublikası Qanununun bəzi müddəalarının tətbiqi ilə bağlı R.Hacıyevin və R.Axundovun şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 20 noyabr 2020-ci il və 14 oktyabr 2020-ci il tarixli qərarlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 23 sentyabr 2021-ci il tarixli qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, “Həmçinin qeyd edilməlidir ki, Ali Məhkəmənin İnzibati Kollegiyası adıçəkilən (8 oktyabr 2020-ci il tarixli) qərardadında “X2” Qanunun 32.1-1-ci maddəsi ilə bağlı göstərmişdir ki, yeni tənzimləmələri nəzərdə tutan qanun 2017-ci il 10 mart tarixində qəbul edilmiş, 2017-ci il may ayının 3-də mətbuatda dərc edilmiş, 2017-ci il 1 iyul tarixindən etibarən isə qüvvəyə minmişdir. Yəni faktiki keçid dövrü nəzərdə tutan yeni tənzimləmələr hüququ əvvəlki normalar əsasında yaranmış şəxslərin hüquqlarının həyata keçirilməsini təmin etmək üçün real vaxt və imkanlar nəzərdə tutmuşdur. Bu kateqoriya şəxslər qanunun qüvvəyə mindiyi günədək müraciət etməklə özlərinin hüquqlarının əvvəlki normanın müəyyən etdiyi qaydada həyata keçirilməsinə nail ola bilərdilər. Məhz buna görə də, Kollegiya hesab etmişdir ki, yeni tənzimləmələrin əmək pensiyaçılarının hüquqlarına təsirini minimuma endirmək üçün faktiki imkan və işlək mexanizmlər mövcud olmuşdur. Bunu nəzərə alaraq Ali Məhkəmənin İnzibati Kollegiyası belə nəticəyə gəlmişdir ki, “X2” Qanunun 32.1-1-ci maddəsinin birinci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 2017-ci il 1 iyul tarixinədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, iddiaçının hazırkı tələblə xx.xx.2022ci il tarixdə cavabdeh inzibati orqana müraciət etməsi iş materialları ilə öz təsdiqini tapdığından, təyin ediləcək pensiya məbləğinin əvvəlki dövr (əvvəlki 3 il) üçün ödənilməlidir. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı 57 yaşı tamam olduğu tarixdən, yəni xx.xx.2015-ci il tarixindən güzəştli şərtlərlə pensiyanın təyin edilməsi öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmaıdır.

NƏTİCƏVİ HİSSƏ:

Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 75 və 85.1 maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı 57 yaşı tamam olduğu tarixdən, yəni xx.xx.2015-ci il tarixindən güzəştli şərtlərlə pensiyanın təyin edilməsi öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər.

Hakim Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar