Məhkəmə qərarları › İş №e-2-1(112)-1907/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-1907/2023

14.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-1907/2023 14.04.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, iddiaçılar İddiaçı1 və İddiaçı2 nümayəndəsi və vəkili X4, üçüncü şəxs “İçərişəhər” Dövlət tarix-Memarlıq Qoruğu İdarəsinin nümayəndəsi X8 iştirakları ilə, iddiaçılar İddiaçı1, İddiaçı2, X9 və X2 cavabdeh Bakı şəhəri Səbail rayon Polis İdarəsinə qarşı (üçüncü şəxs “İçərişəhər” Dövlət tarix-Memarlıq Qoruğu İdarəsi) “qeydiyyata alınma” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Bakı şəhəri Səbail rayon Polis İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək İddiaçı1 və ailə üzvləri İddiaçı2, X9, X2 ünvan 2 adla Səbail rayonu, Məmmədyarov küçəsi 13, mənzil 2) ünvanına qeydiyyata alınmaları vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.1998-ci il tarixli, 112 saylı Səbail Rayon İcra Hakimiyyətinin Sərəncamında qeyd olunduğu kimi iddiaçılar ünvan 2 adla Səbail rayonu, Məmmədyarov küçəsi 13, mənzil 2) ünvanında yaşamışlar. Sərəncamın 2ci bəndinə müvafiq olaraq doğulduqları vaxtdan həmin mənzilə pasport qeydiyyatına alınmışlar. İddiaçı1 hərbi qulluqçu olduğundan hərbi xidmətilə əlaqədar sonradan Bakı şəhəri, Səbail rayonu, İ.Əfəndiyev küçəsi 13, mənzil 2 ünvanından xidməti zərurətlə əlaqədar olaraq pasport qeydiyyatdan çıxarılaraq hərbi hissəyə qeydiyyata alınmışdır. İddiaçı1 hal-hazırda ünvan 1 ünvanında qeydiyyatdadır. Hazırda İddiaçı1 və ailə üzvlərinin Bakı şəhəri, Səbail rayonu, İ.Əfəndiyev küçəsi 13, mənzil 2 ünvanına pasport qeydiyyatına alınmaq zərurəti yaranmışdır. Belə ki, İddiaçı1 doğulub-boya başa çatdığı ünvana qeydiyyata bərpa edilməsini və onun ailə üzvlərinin həmin ünvana qeydiyyata alınmasını qanunauyğun hesab edir. İddiaçılar qeyd olunan məsələ ilə bağlı müraciət edərək zəruri sənədləri təqdim etsələr də, cavabdeh qurum iddiaçıların müraciətlərini təmin etməkdən imtina etmişdir. Həmin imtina məktubunda əsasən məhkəməyə müraciət edilməsi də tövsiyə edilmişdir. İddiaçılar cavabdehin imtinası qanunsuz və əsassız hesab edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə “İçərişəhər” Dövlət tarix-Memarlıq Qoruğu İdarəsi iş üzrə üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə və üçüncü şəxsə göndərilmişdir. Sonradan iddiaçılar İddiaçı1 və İddiaçı2 məhkəmənin dəftərxanası vasitəsi ilə övladları X9 ilə X2 qanuni nümayəndəsi (anaları) tərəfindən imzalanmış iddianın dəqiqləşdirilməsi barədə ərizə təqdim etmişlər. Ərizə məhkəmənin müvafiq qərardadı ilə icraata qəbul edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdeh inzibati orqan iddiaya münasibət bildirmədən işə səlahiyyətli nümayəndələrinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin (nümayəndəsinin) iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı ilk öncə qeyd edir ki, irəli sürülmüş iddia öhdəliyin icrası növünə aid olduğundan inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Belə ki, İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İddia tələb olunan mümkünlük şərtlərinə cavab verir. Məhkəmə iclasında iştirak edən iddiaçıların nümayəndəsi və vəkili iddianı müdafiə edərək, onun məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, İddiaçı1 Bakı şəhəri, Səbail rayonu, İ.Əfəndiyev küçəsi 13, mənzil 2 ünvanına ilkin qeydiyyata alınmağı deyil, qeydiyyata bərpa edilməsini tələb edir. Eyni zamanda həmin mənzilin kirayə müqaviləsinin İddiaçı1 atası Aydın Səmədovun adına dəyişdirilməsi haqqında Səbail RİHB-nin 1998-ci il tarixli, xx.xx.1998-ci il tarixli sərəncamı qüvvədədir. Aydın Səmədov həmin mənzildə qeydiyyatdadır və o iddiaçıların mənzilə qeydiyyata alınmasına etiraz etmir. Qeyd olunanlara əsasən, tələbin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs “İçərişəhər” Dövlət tarix-Memarlıq Qoruğu İdarəsinin nümayəndəsi verdiyi izahatında iddia tələbinə etiraz edərək bildirdi ki, iddiaçıların qeydiyyata alınmalarını istədikləri ev qəzalı vəziyyətdə olduğundan yaşamaq yararsızdır. Həmin binada hazırda qeydiyyatda olan və yaşayan şəxs yoxdur. İddiaçıların sözügedən ünvana dair mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmamışdır. Bina “İçərişəhər” Dövlət tarix-Memarlıq Qoruğu İdarəsinin balansındadır. Qeyd olunanlara əsasən, tələbin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: -Cavabdehin xx.xx.2022-ci il tarixli imtina məktubundan görünür ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 ailə üzvləri ilə birlikdə Bakı şəhəri, Səbail rayonu, İ.Əfəndiyev küçəsi 13, mənzil 2 ünvana qeydiyyata alınmaları barədə müraciətləri təmin edilməmiş, onlara məhkəməyə müraciət etmək tövsiyə edilmişdir. -Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş Səbail Rayon İcra Hakimiyyətinin arxiv fondu üzrə xx.xx.1998-ci il tarixli, 112 saylı Sərəncamının təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhəri, Məmmədyarov küçəsi, 13 saylı evin 23 saylı mənzilinin kirayəçisi X3 ölümü ilə əlaqədar olaraq kirayə müqaviləsinə dəyişiklik edilməsi, qeyd edilən mənzilin şəxsi maliyyə hesabının A.N.Səmədovun adına keçirilməsi və A.N.Səmədovun 6 nəfər ailə üzvü ilə ilə (özü, həyat yoldaşı, 2 oğlu, bacısı və bacısı oğlu) Bakı şəhəri, Məmmədyarov küçəsi, 13 saylı evin 23 saylı mənzilinin kirayəçisi sayılması qərara alınmışdır. -AA seriyalı ******* №li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı1 xx.xx.1985-ci il təvəllüdlüdür və Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi, ev 34, mənzil 89-da qeydiyyatdadır. -AA seriyalı ******* №li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı2 xx.xx.1986-cı il təvəllüdlüdür və Naxçıvan MR, Babək rayonu, 43 nömrəli hərbi şəhərcik, bina 33, mənzil 12-də qeydiyyatdadır. -Bakı şəhəri Səbail rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2010-cu il tarixdə verilmiş AZ-İİ № 593478 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1988-ci il təvəllüdlü İddiaçı1 ilə xx.xx.1986-cı il təvəllüdlü İddiaçı2 nikaha daxil olmuşdur. Nikah bağlandıqdan sonra arvada “Səmədova” soyadı verilmişdir. -Bərdə rayon Qeydiyyat Şöbəsi tərəfindən 01 dekabr 2016-cı il tarixdə verilmiş AZ- T№017923 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X9 25 oktyabr 2013-cü il tarixdə Bərdə şəhərində doğulmuşdur. Uşağın atası İddiaçı1 oğlu, anası İddiaçı2dır. -4 saylı Bakı “Asan xidmət” mərkəzi Qeydiyyat Şöbəsi tərəfindən 18 iyun 2015-ci il tarixdə verilmiş AZ-İİİ №563088 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 19 may 2015-ci il tarixdə Bakı şəhərində doğulmuşdur. Uşağın atası İddiaçı1 oğlu, anası İddiaçı2dır. -X15 tərəfindən səlahiyyətli orqanlara təqdim etmək üçün verdiyi xx.xx.2022-ci il tarixli notarial qaydada təsdiq edilmiş ərizədən görünür ki, o, xx.xx.1985-ci il təvəllüdlü İddiaçı1, xx.xx.1986-cı il təvəllüdlü İddiaçı2, xx.xx.2013-cü il təvəllüdlü X5 və xx.xx.2015-ci il təvəllüdlü X2 ünvan 2 ünvan: ünvan 3malarına etiraz etmir. -Bakı Apellyasiya Məhkəməsinin 23 sentyabr 2008-ci il tarixli 2(103)-2126/08 saylı qətnaməsindən görünür ki, Bakı şəhər Səbail Rayon Məhkəməsinin 2-930/2007 saylı iş üzrə xx.xx.2007-ci il tarixli qətnaməsi qismən - X6 və X11 ailə üzvləri ilə birlikdə qeydiyyatda olduqları Bakı şəhəri, Məmmədyarov küçəsi, 13 saylı evin əvəzinə digər abad yaşayış sahəsi də təmin edilməsi vəzifəsinin “İçərişəhər” Dövlət Tarixi-Memarlıq Qoruğu İdarəsinə həvalə olunması hissəsində ləğv edilməsi, iddia tələbinin “İçərişəhər” Dövlət Tarixi-Memarlıq Qoruğu İdarəsinə qarşı hissədə rədd edilməsi, cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinin apellyasiya şikayəti qismən təmin edilərək X1 və X11 ailə üzvləri ilə birlikdə qeydiyyatda olduqları Bakı şəhəri, Məmmədyarov küçəsi, 13 saylı evin əvəzinə digər abad yaşayış sahəsi ilə təmin etmək vəzifəsinin Bakı şəhər İcra Hakimiyyətinə həvalə edilməsi hissəsində dəyişdirilmədən saxlanılması qərara alınmışdır. -xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, ünvan 5 ünvanda yerləşən binanın “İçərişəhər” Dövlət tarix-Memarlıq Qoruğu İdarəsinin balansında olduğu bildirilmişdir. -Bakı şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Departamenti tərəfindən məhkəmənin sorğusuna cavab olaraq verilmiş xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, ünvan 5 ünvanda yerləşən binanın “İçərişəhər” Dövlət tarix-Memarlıq Qoruğu İdarəsinin balansındadır. -“İçərişəhər” Dövlət tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq verilmiş xx.xx.2022-ci il tarixli məktubunda bildirilmişdir ki, ünvan 6 ünvandakı bina “İçərişəhər” Dövlət tarix-Memarlıq Qoruğu ərazisində yerləşir, hazırda qəzalı vəziyyətdə olan bina xüsusi mülkiyyətdə deyil, binanın yan divarı uçmuş və bina qəzalı vəziyyətdə olduğundan yararsız haldadır. -Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq verilmiş xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, ünvan 7 ünvanında yaşayış yeri üzrə qeydiyyatda olan şəxslər müəyyən edilməmişdir. Məhkəmə aşağıda göstərilənlərə əsasən hesab edir ki, cavabdeh Bakı şəhəri Səbail rayon Polis İdarəsinin imtinası qanunazidd olmamışdır. Qeyd edilməlidir ki, Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinin İ hissəsinə əsasən, insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İİ hissəsinə əsasən, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır. Hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun: -1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. -2-ci maddəsinə əsasən, şəxsin yaşayış yeri - tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Şəxsin olduğu yer — onun yaşayış yeri sayılmayan, müvəqqəti yaşadığı mehmanxana, sanatoriya, istirahət evi, pansionat, kempinq, turist bazası, xəstəxana və digər belə ictimai yerlər, habelə yaşayış binası (özünün, qohumunun, tanışının və b.) başa düşülür. On dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. -5-ci maddəsinə əsasən, yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Bu halda vətəndaş yalnız “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də nəzərdə tutulmuş şəxsiyyət vəsiqəsinin verilməsi haqqında ərizə-anketi doldurmalı və vəsiqənin verilməsi üçün tələb olunan sənədlərdən əlavə bu Qanunun 5-ci maddəsinin ikinci hissəsinin 2-ci bəndində göstərilən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənədi də təqdim etməlidir. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi və ya doğum haqqında şəhadətnamə; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. Həmin Qanunun 8-ci maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanları şəxsin yaşayış yeri üzrə qeydiyyata alınmasından aşağıdakı hallarda imtina edir: 1) bu Qanunda göstərilən müvafiq sənədlər təqdim edilmədikdə (bu Qanunun 5-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla); 2) bu Qanunun 4-cü maddəsində müəyyən edilmiş əsaslar üzrə qeydiyyatın məhdudlaşdırılması nəzərdə tutulduğu hallarda; 3) şəxsin qeydiyyata alınacağı halda (Azərbaycan Respublikasının Mənzil Məcəlləsinə əsasən ailə üzvü kimi yaşayış sahəsinə köçürüldüyü hallar istisna olmaqla), həmin yaşayış sahəsində yaşayan şəxslərin hər birinə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 40-cı maddəsində müəyyən edilmiş mənzil normasından az yaşayış sahəsi düşdükdə; 4) şəxsin qeydiyyata alınmaq istədiyi ev (yaşayış sahəsi) uçmaq qorxusu altında olduqda. Məhkəmə sadalanan normaları hazırkı iddia tələbinə dair işin faktiki hallarına tətbiq edərək hesab edir ki, iddia bir neçə əsasa görə təmin edilə bilməz. Belə ki, ilk növbədə qeyd edilməlidir ki, iş materialları və proses iştirakçılarının izahatları ilə müəyyən edildi ki, iddiaçılar qeydiyyata alınmaq istədikləri Bakı şəhəri, Səbail rayonu, İ.Əfəndiyev küçəsi 13, mənzil 2-də (köhnə adla Səbail rayonu, Məmmədyarov küçəsi 13, mənzil 2) yaşamırlar. Ümumiyyətlə iddiaçıların sözügedən mənzildə yaşamamaları işin mübahisəsiz halını təşkil edir. Yuxarıdakı normalardan göründüyü kimi isə qanunvericilik şəxsin yaşadığı və olduğu yer üzrə qeydiyyata alınmalı olduğunu nəzərdə tutur. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli Qərarında da göstərilmişdir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun müddəalarından aydın olur ki, qanunverici hər bir şəxsin yaşadığı və olduğu yerin müəyyən olunması üçün əsas diqqəti şəxsin daimi və ya müvəqqəti yaşamaq üçün seçdiyi ünvan üzrə qanunla müəyyən olunmuş qaydada qeydiyyatdan keçmək zərurətinə yönəldir. Plenum Qərarında həmçinin göstərilmişdir ki, hər bir şəxsin yaşadığı yer üzrə qeydiyyata alınması qanunvericiliyin tələbidir və bu tələb şəxslə dövlət arasındakı qarşılıqlı öhdəliklərin icrasına lazımi şərait yaradılmasına xidmət edir. Bu tələbin icra edilməməsi “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun güddüyü məqsədə zidd olmaqla seçki və sosial təminat hüquqlarının realizəsi, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s. kimi məsələlərdə çətinliklər yarada bilər. Məhz bunun qarşısının alınması məqsədi ilə qanunverici Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 563-cü maddəsində yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında qanunvericiliyin pozulmasını inzibati xəta kimi müəyyən edərək inzibati məsuliyyət nəzərdə tutmuşdur. Digər əsas isə iddiaçıların qeydiyyata alınmaq istədikləri mənzilin yerləşdiyi binanın qəzalı və yaşamaq üçün yararsız vəziyyətdə olması ilə bağlıdır. Belə olan halda, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 8-ci maddəsinin 4-cü hissəsini rəhbər tutaraq məhkəmə hesab edir ki, iddiaçıların həmin mənzilə qeydiyyata alınması yolverilməzdir. Qeyd edilməlidir ki, binanın qəzalı vəziyyətdə olması Bakı Apellyasiya Məhkəməsinin 23 sentyabr 2008-ci il tarixli, 2(103)-2126/08 saylı qətnaməsi ilə də təsdiqini tapmış və X12 ünvan 2 adla Səbail rayonu, Məmmədyarov küçəsi 13, mənzil 2) əvəzinə digər abad yaşayış sahəsi verilməsi müvafiq icra hakimiyyəti orqanına həvalə edilmişdir. Məhkəmə göstərilənləri ümumiləşdirərək belə nəticəyə gəlir ki, iddiaçılar qeydiyyata alınmaq istədikləri Bakı şəhəri, Səbail rayonu, İ.Əfəndiyev küçəsi 13, mənzil 2-də yaşamadıqlarından, eyni zamanda mənzilin yerləşdiyi bina yaşamaq üçün yararsız olduğundan cavabdeh inzibati orqanın iddiaçıların həmin mənzilə qeydiyyata alınması üçün müraciəti qanunazidd sayıla və iddiaçıların hüquqlarını pozan hal kimi qiymətləndirilə bilməz. Odur ki, iddia təmin edilməməlidir. “İnzibati icraat haqqında” Qanunun 11.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 11.2-ci maddəsinə əsasən, inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Həmin Qanunun 17.1-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Eyni Məcəllənin 68.2-ci maddəsində göstərilir ki, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və İPM-in 2, 33.1, 52, 58, 68-69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Qərardan tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məlikov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar