Məhkəmə qərarları › İş №e-2-1(112)-19087/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-19087/2025

16.02.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-19087/2025 16.02.2026 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi, hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı qərarın ləğv edilməsi tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında, açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı (bundan sonra – iddiaçı) xx.xx.1977-ci il təvəllüdlüdür və ona xx.xx.2015-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən qəbul edilmiş əmək pensiyasının yenidən hesablanması haqqında xx.xx.2025-ci il tarixli 3- 17-1/3-3-22391/2025 nömrəli qərarında qeyd edilmişdir ki, 2274.62 manat pensiya məbləği yenidən hesablanaraq 2455.35 manat təyin edilmişdir. (0-dan + 6 il (xx.xx.2019da işləməyən əmək pensiyaçısı kateqoriyasına keçməyib)); 3-17-1/3-3-62810/2023 №-li Qərar ləğv edilir; xx.xx.2021-dək artıqvermə). İddia tələbi, iddiaçının əsaslandırması və digər prosessual hərəkətlər: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının barəsində “Əmək pensiyaları haqqında” AR Qanununun 37.3.1-ci maddəsinin müddəaları tətbiq edilərkən gözlənilən pensiya ödənişi müddəti aylarının sayının pensiyanın yenidən hesablanma yaşı ilə “Əmək pensiyaları haqqında” AR Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırılmadan pensiyanın yenidən hesablanması və keçmiş dövr ərzində alınmamış pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı xx.xx.2026-cı il tarixdə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2025 tarixli 3-17-1/3-3-22391/2025 nömrəli qərarın ləğv edilməsini, barəsində Əmək pensiyaları haqqında Qanunun 37.3.1-ci maddəsinin müddəaları tətbiq edilərkən gözlənilən pensiya ödənişi müddəti aylarının sayının yenidən hesablanma yaşı ilə Əmək pensiyaları haqqında Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırılmadan pensiyanın yenidən hesablanması öhdəliyinin, "Əmək pensiyaları haqqında Qanunun" tələblərinə uyğun keçmiş dövr ərzində alınmamış pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2026-cı il tarixli qərardadı ilə ərizə icraata qəbul edilmişdir. İşin yuxarıda sadalanan faktiki hallarına istinad edərək iddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası alır, ƏPH Qanunun 9.3-cü maddəsinə əsasən mülki aviasiyadan 2015-ci il tarixdə pensiyaya çıxmışdır. Qeyd edir ki, pensiyaya çıxdıqdan sonra işləməyə davam edir. Hər növbəti altı ildən bir işləyən pensiyaçının pensiyası yenidən hesablanır. 2025-ci il tarixdən hesablanmaqla altı il stajın tamamlanması ilə bağlı müraciəti əsasında pensiyanın yenidən hesablanması icra edilib, lakin cavabdeh qurum qanuna zidd olaraq pensiyanın həmin yenidən hesablanmasını sığorta kapitalını 72 aya bölməklə etməmişdir. Cavabdeh qurum tərəfindən Qanun səhv tətbiq edilir, pensiyaya çıxdıqdan sonra qazandığı kapitalı 72 aya bölməkdən imtina edilir. Bununla qətiyyən razı deyil, narazılığını əsaslandırır. Cavabdeh tərəfindən aparılmış hesablanma qanunaziddir, ona görə ki: Əmək pensiyaları haqqında Qanuna dəyişiklik edən xx.xx.2022 tarixdən qüvvəyə minmiş 530 nömrəli Qanunun 2.2-ci maddəsinə əsasən, Bu Qanunun (530) 1.11-ci maddəsi (45-ci maddənin ikinci cümləsinin qanundan çıxarılması) bu Qanunun qüvvəyə mindiyi günədək təyin edilmiş yaşa görə əmək pensiyalarının yenidən hesablanmasına, eləcə də həmin günədək pensiya hüququ yaranmış şəxslərə yaşa görə əmək pensiyasının təyin edilməsi və yenidən hesablanması hallarına münasibətdə tətbiq edilmir. Cavabdehin etirazları: Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun (bundan sonra - Fond) Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra - Mərkəzi Filial) daxil olmuş müraciətinə aidiyyəti üzrə baxılmışdır. Bildirilir ki, iddiaçıya Fondun keçmiş Xətai rayon şöbəsi tərəfindən xx.xx.2015-ci il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinin xx.xx.2017-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən, xx.xx.2006-cı il tarixinədək olan iş stajının hər tam ilinə 170 manat götürülməklə həmin tarixdən sonrakı dövrə fərdi hesabın sığorta hissəsində toplanan pensiya kapitalının cəmindən və həmin dövrdə baza hissəsi götürülməklə əmək pensiyası hesablanırdı. Bununla əlaqədar olaraq, iddiaçının Mərkəzi Filiala xx.xx.2025-ci il tarixində daxil olmuş müraciətinə əsasən, əmək pensiyası tərəflərindən aşağıdakı qaydada yenidən hesablanmışdır: Pensiya işinə dair sənədlərdə qeyd olunan məlumatlara əsasən, xx.xx.2006-cı il tarixinədək ümumi iş stajı 5 il 7 ay 21 gün təşkil edir. Bununla əlaqədar, xx.xx.2006-cı il tarixinədək iş stajına uyğun olaraq, Qanunun 27-ci maddəsinin tələblərinə əsasən həmin tarixə pensiyanın sığorta hissəsi 6,66 manat (5,64 ilx170 manat:144 ay) hesablanaraq xx.xx.2015-ci il tarixinə indeksləşdirilib 12,36 manat müəyyən edilməklə, üzərinə xx.xx.2006-xx.xx.2015-ci il tarixləri arasındakı işlədiyi dövr üzrə fərdi hesabın sığorta hissəsində qeydə alınmış 81289,44 manat pensiya kapitalına uyğun 564,51 (81289,44:144) manat və 100,00 manat baza hissəsi əlavə edilərək xx.xx.2015-ci il tarixinə əmək pensiyası yenidən hesablanaraq 676,87 (12,36+564,51+100,00) manat (indeksləşdirilməklə xx.xx.2021-ci il tarixinə 1109,17 manat)) məbləğində müəyyən edilmişdir. Qanunun 37.3.1-ci maddəsinə əsasən, işləyən əmək pensiyaçılarına yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir və pensiya təyin olunduqdan, həmçinin bu maddəyə əsasən yenidən hesablandıqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir. Pensiyaçı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və ya əmək pensiyası təyin olunduğu, yaxud bu maddəyə əsasən yenidən hesablandığı gündən sonra 6 il işlədikdə əmək pensiyası avtomatlaşdırılmış qaydada (həmin Qanunun 37.3.2-1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla) yenidən hesablanır. Bu zaman sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya təyin edildikdən, yaxud bu maddəyə əsasən yenidən hesablandıqdan sonra işlədiyi ayların sayı qədər, lakin 72 aydan çox olmamaqla azaldılır. Qanunun 45-ci maddəsinə əsasən, gözlənilən pensiya ödənişi müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Sözügedən maddənin ikinci cümləsinin 29 iyun 2022-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına uyğun olaraq, Qanunun 9-cu maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin olunan şəxslərin əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı (144 ay) güzəştli şərtlə pensiyaya çıxma yaşı ilə Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı (xx.xx.2020-ci il tarixindən etibarən kişilər 65 yaş) arasındakı ayların sayı qədər artırılır. İddiaçıya pensiya təyin edildikdən sonra 6 il işləməyi ilə əlaqədar işləyən əmək pensiyaçısı olduğu dövrdə fərdi hesabın sığorta hissəsində qeydə alınmış 282871,71 manat pensiya kapitalı Qanunun 37.3.1-ci maddəsinin və 45-ci maddəsinin ikinci cümləsininin tələblərinə uyğun qaydada gözlənilən pensiya ödənişi müddətinin aylarının sayına 323 aya ((65 yaş - 44 yaş 1 ay) = 251 ay + (144 ay - 72 ay)) bölünməklə 596,98 (282871,71/323) manat əmək pensiyasının (1109,17 manat) üzərinə əlavə edilərək pensiya məbləği xx.xx.2021-ci il tarixindən yenidən hesablanarq 1706,15 (1109,17 + 596,98) manata (Qanunun 26.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla və indeksləşdirilməklə xx.xx.2025-ci il tarixinə 2455,35 manat) artırılmışdır. Qeyd olunanlara əsasən, İddiaçı keçmiş dövr üzrə ödənilməli olan 4471,75 manat pul vəsaiti müəyyən edilmişdir. Həmin vəsait cari ilin noyabr ayından etibarən hissəhissə (hər ay 101,63 manat) əmək pensiyasının üzərinə əlavə edilməklə müvafiq kart hesabına köçürülür. Konstitusiyada təsbit olunmuş digər hüquqlarla (şəxsi, iqtisadi, siyasi və mədəni) bərabər, sosial hüquqların eyni qaydada qorunmasına və müdafiəsinə təminat verilməsinə baxmayaraq, həmin hüquqların təmin edilməsində və həyata keçirilməsində bir sıra səciyyəvi xüsusiyyətlər mövcuddur. Belə ki, şəxsi və siyasi hüquqlardan fərqli olaraq, sosial hüquqların səmərəli həyata keçirilməsi dövlətin bu hüquqları təmin edə biləcək maliyyə imkanları ilə bağlıdır. Xüsusilə qeyd olunmalıdır ki, qanunverici pensiyaların növlərinin, onların hesablanmasının, pensiyaların təyin və əldə edilməsinin, həmçinin bəzi kateqoriya vətəndaşlara güzəştli şərtlərlə pensiyanın təyin edilməsinin ümumi əsaslarının və qaydalarının tənzimlənməsində müstəqildir (sərbəstdir) (Konstitusiya Məhkəməsi Plenumunun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci və 8.3-cü maddələrinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair" 1 dekabr 2010-cu il tarixli Qərarı). Eyni zamanda, Konstitusiya Məhkəməsi Plenumunun “Hərbi qulluqçuların pensiya təminatı haqqında” və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunlarının bəzi müddəalarının zamana görə tətbiq edilməsi baxımından şərh edilməsinə dair” 27 mart 2014-cü il tarixli Qərarında qeyd edilmişdir ki, qanunverici bu hüquqları tənzimləyərkən geniş mülahizə sərbəstliyinə malikdir. Bu mənada qeyd olunmalıdır ki, pensiyaların növlərinin, onların hesablanmasının, pensiyaların təyin və əldə edilməsinin, həmçinin bəzi kateqoriya vətəndaşlara güzəştli şərtlərlə pensiyanın təyin edilməsinin ümumi əsaslarının və qaydalarının tənzimlənməsində, habelə bu sahədə mövcud qanunvericiliyə dəyişikliklərin edilməsində qanunverici Konstitusiyanın tələblərini nəzərə almaqla mülahizə sərbəstliyinə malikdir. Göründüyü kimi, digər hüquqlardan fərqli olaraq sosial hüquqların səmərəli həyata keçirilməsi dövlətin bu hüquqları təmin edə biləcək maliyyə imkanlarından bilavasitə aslı olduğundan bu sahədə dövlətə (o cümlədən qanunverici orqanına) geniş mülahizə sərbəstliyi verilmişdir. Məhz bu səbəbdəndir ki, sosial təminat sahəsində dəyişikliklə bağlı qanunvericilikdə aktlarında həmin aktların hüquqi qüvvəsini tənzimləyən Keçid müddəaları əlavə olunur. Həmin Keçid müddəalarının nəzərə alınmaması isə onun deklarativ xarakter daşımasına gətirib çıxarar. Eyni zamanda, hər hansı normativ hüquqi aktın bu və ya digər norması tətbiq olunarkən həmin aktın məqsədi, hüquqi funksiyası, habelə həmin sahə üzrə ardıcıl həyata keçirilən dəyişikliklər də mütləq nəzərə alınmalıdır. Bu baxımdan, qanunverici orqan 13 may 2022-ci il tarixli Qanunun 2.2-ci maddəsinin məntiqi davamı olaraq 05 noyabr 2022-ci il tarixli Qanunun 1.13-cü maddəsində Qanunun 45-ci maddəsinə yeni məzmunda ikinci cümlə əlavə etmişdir. Beləliklə, hər iki dəyişiklik dövlətin sosial sahədə siyasətinin maliyyə yükü ilə bağlı olması müddəası ilə uzlaşmaqla Qanunun 45-ci maddəsinin ikinci cümləsinin tətbiq dairəsini müəyyənləşdirir. Beləliklə, yuxarıda qeyd olunanları nəzərə alaraq hesab edirik ki, qanunverici tərəfindən “Əmək pensiyaları haqqında” Qanuna edilən dəyişiklikliyin təsir dairəsi keçid müddəada müəyyənləşdirildiyindən cavabdeh inzibati orqan tərəfindən hüququn aliliyi və hüquqi müəyyənlik prinsipləri rəhbər tutulmaqla Qanunun keçid müddəasının tətbiq edilməsi qanunvericiliyə zidd hal kimi qiymətləndirilə bilməz. Bundan əlavə, iddia tələbi həm də onunla əsaslandırılmışdır ki, Qanunun xx.xx.2022- ci il tarixədək qüvvədə olan 45-ci maddəsinin ikinci cümləsində pensiyanın “yenidən hesablanma” qaydası deyil, “hesablanma” qaydası müəyyən edilmişdir, yəni həmin müddəa pensiyanın yenidən hesablanması hallarına şamil edilə bilməz. Digər tərəfdən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 11 dekabr 2017- ci tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş Qaydalar xx.xx.2022-ci il tarixədək qüvvədə olmamış, 2022-ci ilin aprel ayında ləğv edilmişdir. Göstərilənləri nəzərə alaraq xx.xx.2022-ci il tarixli 175 nömrəli Qaydaların, “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci və 45-ci maddələrinin düzgün tətbiq edilmədiyi qeyd edilmişdir. Bununla bağlı qeyd edirik ki, Qanunun 37.3.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir və pensiya təyin olunduqdan, həmçinin bu maddəyə əsasən yenidən hesablandıqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir. Pensiyaçı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və ya əmək pensiyası təyin olunduğu, yaxud bu maddəyə əsasən yenidən hesablandığı gündən sonra 6 il işlədikdə əmək pensiyası avtomatlaşdırılmış qaydada (bu Qanunun 37.3.2-1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla) yenidən hesablanır. Bu zaman sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya təyin edildikdən, yaxud bu maddəyə əsasən yenidən hesablandıqdan sonra işlədiyi ayların sayı qədər, lakin 72 aydan çox olmamaqla azaldılır. Qanunun xx.xx.2022-ci il tarixədək qüvvədə olan 45-ci maddəsinin ikinci cümləsinə əsasən bu Qanunun 9-cu maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin olunan şəxslərin əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı güzəştli şərtlə pensiyaya çıxma yaşı ilə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırılır. Göstərilənlərə əsasən vurğulanır ki, Qanunun 45-ci maddəsinin ikinci cümləsində qeyd olunan “hesablanma” ifadəsi ümumi məna kəsb etməklə, həm pensiya təyinatı, həm də Qanunun 37.3.1-ci maddəsində qeyd olunmuş pensiyanın yenidən hesablanması zamanı əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasını ifadə edir. Həmçinin, onu da xüsusilə qeyd edirlər ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının xx.xx.2017-ci tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödəriftndsi Qaydalan'nın 5,3~cü bəndinə dair 48-ci misalda Qanunun 37 3 1« maddəsinə əsasən pensiyanın yenidən hesablanması zamanı 45-ci maddənin ikinci cümləsi tətbiq hesablanma aparılmış, yəni gözlənilən pensiya ödənişi müddəti aylarının sayı güzəşt şərtdə pensiyaya çıxma yaşı ilə Qanunun 7-cı maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayiann sayı qədər artırılmışdır. Digər tərəfdən. Qanunun 45-ci maddəsinin adından da göründüyü kimi, maddə ‘Əmək pensiyasının gözlənilən pensiya ödənişi müddətfnin tənzimlənməsi ilə əlaqədar olmaqla, həm emək pensiyasının təyinatı, həm də pensiyanın yenidən hesablanması zamanı gözlənilən pensiya ödənişi müddətinin hesablanması ilə bağlıdır. Beləliklə, Qanunun 9-cu maddəsinə əsasən əmək pensiyası təyin edilən şəxslərə münasibətdə nəinki əmək pensiyasının təyinatı zamanı, həmçinin pensiyanın yenidən hesablanması zamanı Qanunun xx.xx.2022-ci il tarixədək qüvvədə olmuş 45-ci maddəsinin ikinci cümləsinə uyqun olaraq gözlənilən pensiya ödənişi müddəti aylarının sayı artırılmalıdır. Tərəflərin iştirakı və izahatları: İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi iddia ərizəsinə etirazın dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: İPM-in 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İddia mümkündür. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: “Əmək pensiyaları haqqında” Qanundan: 37.3. İşləyən əmək pensiyaçılarına: 37.3.1.yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir və pensiya təyin olunduqdan, həmçinin bu maddəyə əsasən yenidən hesablandıqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir. Pensiyaçı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və ya əmək pensiyası təyin olunduğu, yaxud bu maddəyə əsasən yenidən hesablandığı gündən sonra 6 il işlədikdə əmək pensiyası avtomatlaşdırılmış qaydada (bu Qanunun 37.3.2-1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla) yenidən hesablanır. Bu zaman sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya təyin edildikdən, yaxud bu maddəyə əsasən yenidən hesablandıqdan sonra işlədiyi ayların sayı qədər, lakin 72 aydan çox olmamaqla azaldılır; “Əmək pensiyaları haqqında” Qanunda dəyişiklik edilməsi barədə 10 mart 2017-ci il tarixli 543-VQD nömrəli Qanunu ilə 45-ci maddəyə yeni məzmunda ikinci cümlə əlavə edilmişdir (dəyişiklik xx.xx.2017-ci ildə qüvvəyə minmişdir): Bu Qanunun 9-cu maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin olunan şəxslərin əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı güzəştli şərtlə pensiyaya çıxma yaşı ilə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırılır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə 13 may 2022-ci il tarixli 530-VİQD nömrəli Azərbaycan Respublikasının Qanununun 1.11-ci maddəsinə əsasən 45-ci maddənin ikinci cümləsi çıxarılmışdır. Həmin Qanunun 2-ci maddəsinə (Keçid müddəaları) əsasən: 2.1. Bu Qanunla “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun yeni redaksiyada verilmiş 9.1 – 9.3-cü, 9.6-cı, 9.7-ci və 14.4-cü maddələri əmək pensiyalarının bu Qanunun qüvvəyə mindiyi gündən əvvəlki dövr üçün təyin edilməsi və ya yenidən hesablanması hallarına münasibətdə tətbiq edilmir. 2.2. Bu Qanunun 1.11-ci maddəsi bu Qanunun qüvvəyə mindiyi günədək təyin edilmiş yaşa görə əmək pensiyalarının yenidən hesablanmasına, eləcə də həmin günədək pensiya hüququ yaranmış şəxslərə yaşa görə əmək pensiyasının təyin edilməsi və yenidən hesablanması hallarına münasibətdə tətbiq edilmir. İddiaçı xx.xx.2015-ci il tarixdən pensiyaya çıxmış və pensiyaya çıxdıqdan sonra əmək fəaliyyətini davam etdirən şəxsdir. Yuxarıda qeyd edildiyi kimi iddiaçı barəsində 2025-ci ilin oktyabr ayında cavabdeh tərəfindən iddiaçıya təyin edilmiş pensiyanın fərqli qaydada (əmək pensiyası yenidən hesablanarkən sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı güzəştli şərtlə pensiyaya çıxma yaşı ilə Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırılmaqla) hesablanması həyata keçirilmişdir. Belə ki, müvafiq hesablama nəticəsində sığorta kapitalı daha böyük məbləğə bölünür ki, artımın məbləği azalmış olur. Odur ki, qeyd edilən iddiaçıya münasibətdə əmək pensiyası “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsinə əsasən yenidən hesablanarkən gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyanın yenidən hesablanma yaşı ilə həmin Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırılmaqla hesablanmışdır. Cavabdeh 13 may 2022-ci il tarixli Qanunun 2.2-ci maddəsinə (Keçid müddəlarına) istinadən normanın ləğvinin (45-ci maddənin ikinci cümləsi) həmin günədək pensiya hüququ yaranmış şəxslərə yaşa görə əmək pensiyasının yenidən hesablanması hallarına münasibətdə tətbiq edilmədiyini bildirir. Odur ki, iddiaçı qeyd edilən kateqoriyadan olan şəxs olduğu üçün ona münasibətdə əvvəlki qanunun müddəaları tətbiq olunmalıdır. Bununla bağlı məhkəmə maddi hüquq normasının (keçid müddəalarının) cavabdeh tərəfindən tətbiqinə münasibətdə öz mövqeyini normanı təfsir etməklə bildirməyi zəruri hesab edir. Konstitusiya Məhkəməsi öz qərarlarında qeyd etmişdir ki, Qanunun aydın və proqnozlaşdırıla bilən olması hüquqi dövlətin vacib təzahürlərindən biri olan qanunun ümumiliyini təmin etmək zərurəti ilə uzlaşmalıdır. Nəzərə almaq lazımdır ki, qanunun mətninin mütləq aydınlığı (qanunvericinin bütün mümkün ola biləcək həyati halları qanunda nəzərdə tutması) qeyri-realdır. Bu səbəbdən qanunda ümumi anlayışlardan istifadə edilməsi qaçılmazdır. "Normativ hüquqi aktlar haqqında" Azərbaycan Respublikası Konstitusiya Qanununun 64.9-cu maddəsinə əsasən, qanunda normaların həddindən artıq detallaşdırılması Azərbaycan Respublikasının Konstitusiyası ilə müəyyən edilmiş icra və məhkəmə hakimiyyəti orqanlarının səlahiyyətlərinə müdaxiləyə gətirib çıxarmamalıdır. Hüquqi normaların bəzən qaçılmaz olan natamamlığı və ya qeyri-müəyyənliyi isə məhz məhkəmə təcrübəsi vasitəsilə aradan qaldırılır (Konstitusiya Məhkəməsi Plenumunun R.Cəfərovun şikayəti üzrə 2012-ci il 18 may tarixli Qərarı). Bu zaman məhkəmə təcrübəsində normativ hüquqi aktların müddəaları onların konstitusiya hüquqi mənasına uyğun tətbiq olunmalıdır (Konstitusiya Məhkəməsi Plenumunun “M.Məmmədovun şikayəti əsasında Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55-ci maddəsinin bəzi müddəalarının Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” 2014cü il 29 aprel tarixli Qərarı) Nəzərə alınmalıdır ki, Konstitusiyada təsbit olunmuş hər hansı hüququn, o cümlədən hüquq və azadlıqların inzibati və məhkəmə təminatı hüququnun həyata keçirilməsinin tənzimlənməsi zamanı hüquqi müəyyənlik prinsipinə riayət olunmaması həmin hüququn pozulması ilə nəticələnə bilər (Konstitusiya Məhkəməsi Plenumunun X2 şikayəti üzrə 2017-ci il 26 may tarixli Qərarı). Odur ki, məhkəmə qeyd edilən yanaşmadan çıxış edərək 13 may 2022-ci il tarixli Qanunun 2.2-ci maddəsini (Keçid müddəlarını) konstitusiya hüquqi mənasına, digər normalarla qarşılıqlı əlaqəsinə və tənzimləmə predmetinə uyğun tətbiq edilməli olduğu qənaətindədir. Məhkəmə (təkrarən) qeyd edir ki, Konstitusiyada təsbit olunmuş hər hansı hüququn, o cümlədən hüquq və azadlıqların inzibati və məhkəmə təminatı hüququnun həyata keçirilməsinin tənzimlənməsi zamanı hüquqi müəyyənlik prinsipinə riayət olunmaması həmin hüququn pozulması ilə nəticələnə bilər. İşin hallarından görünür ki, “keçid müddəaları” (ləğv edilmiş 45-ci maddənin ikinci cümləsi) cavabdeh tərəfindən ultraaktiv formada tətbiq olunaraq müvafiq hesablama qaydası iddiaçının əmək pensiyası təyin edildikdən sonra qazandığı sığorta kapitalı əsasında pensiyasının yenidən hesablanması hallarına da şamil edilmişdir. Bununla əlaqədar məhkəmə normanın (qanunun) ultraaktivliyi (normanın yaşanması) ilə bağlı hüquq nəzəriyyəsindən aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə qeyd edir ki, bu anlayış hüquq nəzəriyyəsində və tətbiqində müəyyən qanunların və ya hüquqi normaların ləğv olunmasına baxmayaraq, əvvəlki dövr üçün qüvvədə qalması və tətbiq edilməsi vəziyyətini təsvir edir. Normanın (qanunun) yaşanması (normanın ultraaktivliyi) qanunun geriyə qüvvəsinin (retroaktivliyinin) əksinə olan hüquqi hadisədir. Əksər hallarda, qüvvədən düşmüş qanunun müəyyən norma və müddəalarının ultraaktiv təsiri onu əvəz etmək üçün nəzərdə tutulmuş yeni qanunun normaları ilə müəyyən edilir. “Köhnə” qanunun normalarının ultraaktiv təsirinin tətbiqində məqsəd bu müddəaları tənzimləyən yeni qanun qəbul edilənə qədər hüquq münasibətlərinə daxil olmuş hüquq subyektlərinin hüquq və mənafelərini qorumaqdır və məhz qeyd edilən məqsəd baxımından (həmin vəziyyəti tənzimləyən hüquq münasibətinə daxil olmuş hüquq subyektlərinin hüquq və maraqlarının qorunması) tətbiq və təfsir edilməlidir. Köhnəlmiş normativ aktın normalarının fəaliyyət prinsipi əksər hallarda davam edən hüquq münasibətlərinin tənzimlənməsinə tətbiq edilir. Hüquq normasının ultraaktivliyinin xüsusiyyətləri: - Qüvvədən düşmüş normanın tətbiqi: Hüquqi norma artıq qüvvədən düşsə də, müəyyən hüquqi münasibətləri tənzimləmək üçün istifadə olunur. Bu, adətən, normanın qüvvədə olduğu dövrdə baş vermiş hadisələrə aid olur. - Geri təsir prinsipindən fərqi: Ultraaktivlik, normanın qüvvədə olduğu dövrdə baş vermiş hadisələrə aid edilməsi ilə bağlıdır. Bu, normanın geri təsir etməsi deyil, əksinə, müəyyən dövr üçün normanın tətbiq edilməsinin davamıdır. - Məqsəd: Hüquq normasının ultraaktivliyi hüquqi sabitlik və hüquq münasibətlərinin düzgün tənzimlənməsi məqsədini daşıyır. Bu, keçmiş hüquq münasibətlərini həmin münasibətlər yaranan zaman mövcud olan normalarla tənzimləməyə imkan verir. Hüquq normasının ultraaktivliyi ilə bağlı praktiki əhəmiyyəti keçid dövrlərində hüquqi proseslərin düzgün və ədalətli həll edilməsini təmin edir, eləcə də hüquq normalarının ardıcıllığını və hüquqi münasibətlərin sabitliyini qoruyur. Bu anlayış hüququn tətbiqində əsasən keçmiş hadisələrə baxış zamanı istifadə olunur və hüquqi praktika üçün vacibdir. Məsələn, bu hal “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanun qüvvəyə mindiyi vaxt 9.8-ci maddədə nəzərdə tutulmuşdur. Belə ki, “yeni” qanun özündə ancaq güzəştli şərtlərlə pensiya hüququ verən tam və zərərli əmək stajı olan şəxslərə münasibətdə (“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən) “köhnə” qanunun normalarının ultraaktiv təsirini nəzərdə tutmuşdur. Odur ki, məhkəmə qeyd edir ki, norma ancaq (i) yeni qanunda təsbit edildiyi halda ultraaktiv təsirini saxlaya bilər; (ii) tənzimlədiyi münasibətlərə və faktlara münasibətdə yaşanan (ultraaktiv) ola bilər (yəni tənzimləmədiyi münasibətlərə və faktlara münasibətdə ultraaktiv ola (yaşana) bilməz); (iii) yeni qanun əvvəlki (köhnə) qanuna münasibətdə hüquq subyektləri üçün daha əlverişsiz tənzimləmə şəraiti yaratmış olmalıdır ki, “köhnə” qanunun qüvvədə olduğu dövrdə hüquq münasibətlərinə daxil olmuş (davam edən hüquq münasibətləri baxımından) subyektlərin hüquq və maraqlarını qorumuş olsun. Odur ki, məhkəmə hesab edir ki, “Əmək pensiyaları haqqında” Qanunda dəyişiklik edilməsi barədə xx.xx.2022-ci il tarixli Qanunun 2.2-ci maddəsinə (keçid müddəalarına) əsasən müəyyən edilmiş tənzimləmə (qanunun qüvvəyə mindiyi günədək təyin edilmiş yaşa görə əmək pensiyalarının (əmək pensiyası təyin olunduqdan sonra toplanmış pensiya kapitalı əsasında) yenidən hesablanması hallarına münasibətdə tətbiq edilməməsi) yuxarıda qeyd edilənlər əsasında təfsir və tətbiq edilməlidir. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 45-ci maddəsi Əmək pensiyasının gözlənilən pensiya ödənişi müddəti adlanmaqla xx.xx.2022-ci il tarixli qanunla ləğv olunan ikinci cümləsi (Bu Qanunun 9-cu maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin olunan şəxslərin əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı güzəştli şərtlə pensiyaya çıxma yaşı ilə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırılır) 10 mart 2017-ci il tarixli Qanun ilə əlavə edilmiş və Qanunun 9-cu maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin olunması qaydasını tənzimləyir. Odur ki, 10 mart 2017-ci il tarixli Qanun qüvvədə olduğu müddətdə 9-cu maddəyə əsasən yaşa görə pensiya hüququ yaranmış şəxslərə pensiya məhz qeyd edilən qaydada təyin edilməlidir və normanın (45-ci maddənin ikinci cümləsi) xx.xx.2022-ci il tarixli qanunla ləğv olunması həmin şəxslərə təyin edilmiş yaşa görə əmək pensiyasının yenidən hesablanmasına səbəb olmur. Bu qayda (artıq qeyd edilən qaydada təyin edilmiş yaşa görə əmək pensiyasının yenidən hesablanmasının yolverilməzliyi) keçid müddəalarında nəzərdə tutulmuşdur, lakin məhkəmə hesab edir ki, həmin müddəa keçid müddəalarında nəzərdə tutulmasa belə, hüququn ümumi prinsipləri baxımından (qanunun özündə nəzərdə tutulmuş hallar istisna olmaqla) fərqli qaydanın tətbiqi istisna olunur. O ki qaldı sığorta kapitalı əsasında pensiyanın yenidən hesablanmasına, müvafiq tənzimləmə məhz Qanunun 37.3.1-ci maddəsi ilə tənzimlənir. Belə ki, işləyən əmək pensiyaçılarına münasibətdə pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir. Pensiyaçı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və ya əmək pensiyası təyin olunduğu, yaxud sığorta kapitalı əsasında yenidən hesablandığı gündən sonra 6 il işlədikdə əmək pensiyası avtomatlaşdırılmış qaydada (bu Qanunun 37.3.2-1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla) yenidən hesablanır. Bu zaman sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya təyin edildikdən, yaxud bu maddəyə əsasən yenidən hesablandıqdan sonra işlədiyi ayların sayı qədər, lakin 72 aydan çox olmamaqla azaldılır (37.3.2-1-ci maddə isə Qanunun 20-ci maddəsinə uyğun olaraq əmək pensiyasına qulluq stajına görə əlavə təyin edilmiş şəxslərin pensiyasının yenidən hesablanması üçün müraciəti şərtləndirir). Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-53/2025 saylı iş üzrə qəbul edilmiş 16 yanvar 2025-ci il tarixli Qərarında qeyd edilir ki, ““Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsi əmək pensiyaçılarının pensiya təyinatından sonra işləməyə davam etdikləri halda, onların əlavə hüquqlarının müəyyən edilməsi ilə bağlıdır. Qeyd olunan qanunvericilik normasının məzmunundan da göründüyü kimi, normanın tətbiqi üçün 2 şərt nəzərdə tutulmuşdur - şəxsin işləyən əmək pensiyaçısı olması və pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması. Bundan əlavə, sözügedən normanın tətbiqi nəticəsində pensiyanın yenidən hesablanması üçün də 2 hal müəyyən olunmuşdur şəxslərin işləməyən əmək pensiyaçısı kateqoriyasına keçməsi və ya pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işləməsi. Hazırkı iş üzrə iddiaçı pensiya təyin olunduqdan sonra işləyən əmək pensiyaçısı olduğundan, o cümlədən iş materialları ilə pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə onun pensiya kapitalının toplanması, eləcə də pensiya təyin olunduğu gündən sonra 6 ildən çox işlədiyi müəyyən olunduğundan, iddiaçıya hazırkı norma şamil edilməlidir. İddiaçının pensiya çıxdıqdan sonra işləməsi və onun pensiya kapitalında müvafiq məbləğin toplanması işin mübahisəsiz halıdır və həmin kapital əsasında onun pensiyası “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsinə əsasən yenidən hesablandıqda pensiya məbləği artacaqdır. Bu səbəbdən iddiaçının əmək pensiyası 45-ci maddənin tələbinə əsasən deyil, 37.3.1-ci maddənin tələbinə istinad olunmaqla yenidən hesablanmalıdır.”. Odur ki, ləğv olunmuş 45-ci maddənin ikinci cümləsi pensiyanın təyin edilməsini qaydasını müəyyən etdiyindən həmin normanın ləğvi ilə bağlı keçid müddəaları sığorta kapitalı əsasında pensiyanın yenidən hesablanması şərtlərini müəyyənləşdirə, yəni normanın tənzimləmədiyi münasibətlərin ulktraaktivliyini şərtləndirə bilməz. Çünki ləğv olunmuş 45-ci maddənin ikinci cümləsi qüvvədə olduğu müddətdə pensiyanın yenidən hesablanması qaydasını deyil, məhz (yalnız) pensiyanın təyin edilməsi qaydasını tənzimləyir. Pensiyanın təyin edilməsi və yenidən hesablanması isə fərqli hüquqi hallar və tənzimləmədir. Odur ki, yuxarıda qeyd edildiyi kimi norma tənzimləmədiyi münasibətlərə və faktlara münasibətdə ultraaktiv ola (yaşana) bilməz. Yuxarıda qeyd edildiyi kimi xx.xx.2022-ci il tarixli qanunun 2.2-ci maddəsi ilə təsbit edilmiş keçid müddəaları qeyd edilən qaydada sistemli (digər hüquq normaları ilə əlaqəli olaraq) və məqsədlər baxımından təfsir edildikdə cavabdeh inzibati orqanın hərəkətləri və iddiaçıya münasibətdə təyin edilmiş pensiyanın xx.xx.2025-ci ildə yenidən hesablanması və Qanunun 37.3.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada hesablanmaması, işləyən əmək pensiyasıçısı kimi sığorta kapitalı əsasında pensiyanın yenidən hesablanması zamanı sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayının güzəştli şərtlə pensiyaya çıxma yaşı ilə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırılması qanunsuz olmuşdur. Odur ki, iddiaçının əmək pensiyasının yenidən hesablanması zamanı sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı güzəştli şərtlə pensiyaya çıxma yaşı ilə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırılmasına dair qayda tətbiq edilməməlidir. Hazırki iş üzrə məhkəmənin mövqeyi məhz qeyd edilən qənaətə əsaslanır və cavabdeh tərəfindən iddiaçının əvvəlki məbləğdə pensiyası yenidən hesablanarkən qeyd edilən yanaşma əsas götürülməlidir. Beləliklə məhkəmə hesab edir ki, cavabdeh tərəfindən mümkün formal xətalar aradan qaldırılaraq “Əmək pensiyaları haqqında” Qanunun ləğv edilmiş 45-ci maddəsinin 2-ci cümləsi və həmin normanın ləğvi ilə əlaqədar keçid müddəaları tətbiq edilməklə aparılmış yenidən hesablama ləğv edilməli, iddiaçının müdaxilədən əvvəlki (müvafiq qərarlarla pensiya məbləği azalmamışdan əvvəl) məbləğdə pensiyası bərpa edilməlidir. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının “Əmək pensiyasının yenidən hesablanması haqqında” xx.xx.2025-ci il tarixli 3-17-1/3-3- 22391/2025 nömrəli qərarı ləğv edilsin, İddiaçı barəsində “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsinin müddəaları tətbiq edilərkən gözlənilən pensiya ödənişi müddəti aylarının sayının yenidən hesablanma yaşı ilə “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırılmadan pensiyanın yenidən hesablanması, "Əmək pensiyaları haqqında Qanunun” tələblərinə uyğun keçmiş dövr ərzində alınmamış pensiya məbləğinin ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar