Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-1909/2023 14.07.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi ilə, İddiaçı və üçüncü şəxsin nümayəndələrinin iştirakı ilə, İddiaçı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmənin qərardadı ilə X5, X1 Mövlud Həsən oğlu və X2 üçüncü şəxs qismində zəruri cəlb etmə qaydasında cəlb edilmişdir. İddiaçının əsaslandırması: İddia onunla əsaslandırılır ki, məhkəmə qətnaməsi əsasında “A” tikilisindən solda olan boş torpaq sahəsi və ikimərtəbəli evin, onun qarşısındakı sahənin naturada ayrılaraq iddiaçıya verilməsi qət edilmişdir. Lakin, cavabdeh həmin qətnamədə göstərilən hallara əhəmiyyət verməmiş, qətnamənin icrasını həyata keçirməmiş, mülkiyyət hüququna dair sənədi verməmişdir. Cavabdehin etirazı: Etiraz onunla əsaslandırılmışdır ki, icra vərəqəsi ilə cavabdehin üzərinə hər hansı bir öhdəlik qoyulmamışdır. Bundan əlavə, yerli baxış zamanı “B” tikilinsə bitişik “B” və “V” tikililərin üzərində əlavə sahələr və torpaq sahəsində 80 kv.m olan ikimərtəbəli fərdi yaşayış evi inşa edilmişdir. Həmin tikililər və fərdi yaşayış evi qeydiyyatdan keçməmişdir. Bölgü sxem təqdim edilməmişdir. “A”literli tikili bir dam altında yerləşdiyindən və otaqları bir-birindən ortaq divarlarla ayrıldığından bölünə bilməz. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: İddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Faktiki hallar və sübutlar: İş materiallarında olan: Çıxarışdan görünür ki, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi paylı mülkiyyətçilərin xüsusi mülkiyyətindədir və iddiaçı 2/12 hissədə mülkiyyətçi hesab edilir. Binəqədi Rayon Məhkəməsinin qətnaməsindən görünür ki, Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 11 mart 2019-cu il tarixli rəyi də nəzərə alınmalqa “A”tikilisindən solda olan boş torpaq sahəsi və 2 mərtəbəli yaşayış evi, onun qarşısındakı sahə naturada ayrılaraq iddiaçıya verilməlidir. Həmin qətnamədə istinad olunan rəydən görünür ki, faktiki istifadədə olan tikili və həmin tikililərn yerləşdiyi torpaq sahəsinin digərlərindən təcrid olunması texniki cəhətdən mümkündür, həyətyani sahəyə giriş-çıxış ayrıdır. İcra vərəqəsindən görünür ki, həmin qətnamə qanuni qüvvəsini almış və icra olunması qərara alınmışdır. Binəqədi Rayon İcra Şöbəsinin cavabdehə məktubundan görünür ki, qətnamənin faktiki olaraq tam icra edildiyi, tərəflərin faktiki istifadə və sahibliyinə verildiyi, bu barədə akt tərtib edildiyi nəzərə alınmaqla qətnaməyə uyğun müvafiq sənədləşmə işlərinin aparılması təklif edilmişdir. Cavabdehin imtina məktubundan görünür ki, məhkəmə qətnaməsi ilə cavabdehə heç bir öhdəlik qoyulmadığı əsası ilə qətnamənin icrası həyata keçirilməmişdir. Məhkəmə sorğusuna əsasən təqdim edilmiş cavab məktubundan görünür ki, torpaq sahəsinin ölçü və konfiqurasiya fərqləri mövcuddur. Faktiki hasardaxili torpaq sahəsi 590, kv.m dir. Texniki pasportda torpaq sahəsi 550 kv.m qeyd edilsə də, baş planın perimetrik ölçülərinə əsasən torpaq sahəi 530 kv.m təşkil edir. “A” tikilisindən solda torpaq sahəsində yerləşən yeni 2 mərtəbəli tikilinin 10 kv.m hissəsi əlavə torpaq sahəsində yerləşir. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə işin yuxarıda göstərilən faktiki hallarını, o cümlədən tətbiq edilməli olan maddi və prosessual hüquq normalarının tələblərini nəzərə almaqla hesab edir ki, iddia tələbi təmin edilməlidir. Gəlinən nəticə ilə bağlı aşağıdakıların da qeyd edilməsi zəruridir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun: “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd; 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; 8.0.12. 2006-cı il iyulun 6-dan 2009-cu il iyunun 24-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr. Belə ki, adıçəkilən Qanunun Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Göründüyü kimi hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın konkret halları qanunvericiliklə təsbit edilmişdir ki, hazırkı iş üzrə həmin hallar mövcud deyil. Azərbaycan Respublikası Konstitusiyasının M a d d ə 60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. AR MPM-nin: 15.1. Məhkəmə məhkəmə aktlarını qətnamə, qərardad, qərar və əmr formasında qəbul edir. 15.2. Məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. 15.3. Məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. 15.4. Məhkəmə aktları maraqlı şəxslərin mənafelərinə toxunduqda bu aktların məcburiliyi işdə iştirak etməyən maraqlı şəxslərin öz hüquqlarının və qanunla qorunan mənafelərinin müdafiəsi üçün məhkəməyə müraciət etmələri imkanını istisna etmir. “İcra haqqında” Qanunun: 3.1. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. 3.2. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. 4.2. Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda məhkəmə və digər orqanların qərarlarının tələbləri başqa orqanlar, vəzifəli şəxslər, habelə hüquqi və fiziki şəxslər tərəfindən də icra oluna bilər. Qanunvericiliyin tələblərindən də göründüyü kimi istər qanuni qüvvəyə minmiş məhkəmə qərarının daşınmaz əmlakla bağlı hüquqların, eləcə də mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasına əsas hesab edilən sənəd hesab edilməsi baxımından, istərsə də qanuni qüvvəyə minmiş məhkəmə qərarının bütün dövlət orqanları, şəxslər üçün məcburiliyi baxımından hazırkı iddia qanuni və əsaslı hesab edilməlidir. Belə ki, ümumi yurisdiksiyalı rayon məhkəməsinin hazırkı iş üzrə qəbul etdiyi qətnaməsinin qət etdi hissəsi konkretdir. Məhkəmə hesab etmişdir ki, hazırda iddia olunan paylı mülkiyyətdə olan əmlakın göstərilən hissəsi iddiaçının sahibliyinə və istifadəsinə naturada ayrılmaqla verilməlidir. Həmin qətnamə əsasında verilmiş icra vərəqəsi də verilmişdir ki, icra məmuru naturada həmin sahəni ayırmaqla iddiaçının istifadəsinə vermiş, iddiaçı isə rayon məhkəməsində baxılarkən müəyyən edilmiş və ya müəyyən edilməli olan hallara istinad etməklə, faktiki olaraq qətnamənin icrasını həyata keçirməyərək, məhkəmə qətnaməsinin məcburiliyinə “xəyali” forma vermişdir. Halbuki, qanunvericiliyin müddəaları konkretdir və yuxarıda göstərilən normada birbaşa yazılmışdır ki, məhkəmə qərarının məcburiliyi maraqlarına toxunan şəxsin işə qoşulmasını istisna etmir. Cavabdeh isə həmin hüquqdan istifadə etmək, məhkəmə qətnaməsi qəbul edilmiş işə qoşulmaq və etirazda qeyd etdiyi halları həmin məhkəmə işi üzrə dəlil kimi irəli sürmək əvəzinə cavabdehə məhkəmə qətnaməsi ilə heç bir öhdəlik qoyulmadığı kimi bir dəlilə istinad edir ki, həmin dəlilin yuxarıda göstərilən normaların tələbləri ilə uzlaşmadığı aydın görünür. Bu səbəbdən də məhkəmə hesab edir ki, cavabdeh həqiqətən də mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasından imtinaya dair əsaslı dəlillər irəli sürsə belə həmin əsaslı dəlillərin nəzərə alınaraq iddianın təmin edilməməsi qanunilik baxımından qiymətləndirmə zamanı əsaslı olmayacaqdır. Göründüyü kimi hazırkı iş üzrə nə qədər ki məhkəmə qətnaməsi mövcuddur, cavabdehin faktiki əsaslı dəlili, iddianın təminini istisna edən faktiki əsas kimi qiymətləndirilə bilməz. Lakin, məhkəmə hesab edir ki, hazırkı iş üzrə irəli sürülən dəlillər də faktiki olaraq da əsaslı olmamaqla, işin mahiyyətinə təsir etməyən formal dəlillərdir. Belə ki, məhkəmə qətnaməsinin qəbulu əsaslarından biri kimi çıxış edən ekspert rəyində ayrıca-giriş çıxış olması, əmlakın real bölgüsünün texniki cəhətdən aparılması kimi hallara istinad edilsə də, cavabdeh tam əksi mövqeyindədir. Məhkəmə hesab edir ki, cavabdeh bu mövqeyini həmin işə qoşulmaqla irəli sürə bilər. Lakin, məhkəmə qətnaməsində həmin hallara qiymət verilərək ekspert rəyi də nəzərə almaqla bölgünün texniki cəhətdən aparılmasını mümkün saymışdırsa, cavabdeh həmin bölünmə hər bir halda aparmalıdır. Bundan əlavə, cavabdehin digər imtina dəlilləri, iş materiallarından göründüyü kimi ilkin mülkiyyət qeydi ilə əlaqəlidir. Lakin, cavabdeh həmin mülkiyyət qeydini ləğv və ya dəyişdirmədən, halbuki “İnzibati icraat haqqında” Qanun istər inzibati akt, istərsə də inzibati akt sayılmayan qeydi ləğv və dəyişdirmək səlahiyyəti inzibat orqana verir, həmin qeydə əsaslanmaqla məhkəməyə müraciət edildikdən sonra yaranmış faktiki vəziyyətə uyğun olaraq iddiaçının adına yeni qeyd verilməsini əsassız hesab edir. Əlavə olaraq, məhkəmə onu da qeyd edir ki, cavabdehin imtina dəlillərindən bir qismi digər tikililər ilə bağlı olmuşdur ki, məhkəmə hesab edir ki, həmin tikililərə dair qeydiyyat hərəkətlərinin aparılması ümumiyyətlə hazırkı iddianın predmeti deyildir və cavabdeh həmin hallara hazırkı iş üzrə istinad edə bilməz. Belə ki, hazırkı iddianın predmeti məhkəmə qətnaməsində nəzərdə tutulan iddiaçıya ayrılmış sahə ilə bağlıdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 612-ci , 69-cu , 75-ci və 125-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Binəqədi Rayon Məhkəməsinin 2(001)-495/2019 saylı iş üzrə qəbul etdiyi 21 may 2019-cu il tarixli qətnaməsinə əsasən ünvan 2 ünvanda yerləşən paylı mülkiyyətdə olan əmlakın naturada İddiaçı ayrılmış “A” tikilisindən solda olan boş torpaq sahəsi və 2 mərtəbəli yaşayış evi və onun qarşısındakı sahə üzərində daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququnun İddiaçı adına qeydə alınması və həmin daşınmaz əmlaka dair hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim: Orxan Həsənov
Məhkəmə qərarları › İş №e-2-1(112)-1909/2023
Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-1909/2023
14.07.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver