Məhkəmə qərarları › İş №e-2-1(112)-1913/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-1913/2023

27.07.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-1913/2023 27.07.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Məmmədova Sevda Rövşən qızının katibliyi iddiaçının nümayəndəsi (vəkili) Vəkil, cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı «iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi»nə dair iddia tələbi üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun (bundan sonra – DSMF) Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı «güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi» tələbini irəli sürərək tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsində bildirilir ki, İddiaçı güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialına müraciət etmişdir. Həmin müraciətin nəticəsi barədə 30 iyun 2022-ci il tarixli rəsmi cavab məktubu təqdim edilərək iddiaçının 01 yanvar 2006-cı il tarixinədək ümumi iş stajı 20 ildən az (19 il 10 ay 09 gün) xx.xx.1985-xx.xx.1988-ci il, xx.xx.1988-xx.xx.1991-ci il,xx.xx.1991-xx.xx.1992-ci il, xx.xx.1992-xx.xx.1995-ci il və xx.xx.1985-xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər ərzində təşkil edir. Bu səbəbdən də iddiaçıya güzəştli şərtlərlə pensiya təyin edilməsindən imtina edilmişdir. Belə ki, iddiaçının 1 yanvar 2006-cı il tarixədək ümumi iş stajı 20 il 4 ay 19 gün və həmin əmək stajının 16 il əmək şəraiti xüsusi zərərli iş təşkil edir. İddiaçı 1 sentyabr 1985-ci ildən 27 iyun 1988-ci il tarixədək (2 il, 9 ay, 26 gün) orta texniki peşə məktəbinin əyani şöbəsini bitirmiş. 1 iyul 1988-ci il tarixdən 1 noyabr 1988-ci il tarixədək (4 ay) Azərbaycan Qaz Təmir Tikinti İdarəsində fəhlə işləmiş, 10 noyabr 1988-ci il tarixdən 25 oktyabr 1991-ci il tarixədək (2 il 11 ay 15 gün) SSRİ SQ həqiqi hərbi xidmət keçmiş, hərbi xidmət dövrünün 6 ay müddətini Fars körfəzində döyüş əməliyyatlarında iştirak etmiş, 16 dekabr 1991-ci il tarixdən 1 mart 1992-ci il tarixədək (1 il, 2 ay, 6 gün) Azərbaycan Respublikası Ticarət Nazirliyinin Gülüstan sarayında barmen köməkçisi işləmiş, 3 aprel 1992-ci il tarixdən 13 iyun 1995-ci il tarixədək (3 il, 1 ay, 13 gün), X11 Donanmasında dalğıc işləmiş, 31 iyul 1995-ci il tarixdən 1 yanvar 2006-cı il tarixədək (10 il, 3 ay) Azərbaycan Xəzər Dəniz X5 Donanmasında dalğıc vəzifəsində işləmişdir. İddiaçının 1 yanvar 2006-cı il tarixədək ümumilikdə 20 (iyimi) ildən artıq əmək stajı vardır. Həmin əmək stajının 10 ildən artıq əmək şəraiti xüsusi zərərli və ağır olan işlər təşkil edir və işləmişdir. Bundan başqa qeyd olunmalıdır ki, iddiaçı hərbi xitdmətinin 6 ay müddətini Fars körfəzində döyüş əməliyyatları dövründə döyüşən ordunun tərkibində xidmət etmişdir. 6 ay müddəti ikiqat ölçüdə hesablanmışdır. Azərbaycan Republikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Suraxanı Rayonu İdarəsinin 21 yanvar 2022-ci il tarixli 31 nömrəli arayışından görünür ki, iddiaçı 10 noyabr 1988-ci il tarixdən 25 oktyabr 1991-ci il tarixədək SSRİ SQ-də həqiqi hərbi xidmət keçmişdir. 1991-ci ilin yanvar ayından iyul ayınadək hərbi xidmətini Fars körfəzi zonasında keçmişdir. Göründüyü kimi, iddiaçının 17 mart 2022-ci il tarixdə 52 yaşı olduğundan, ümumi 20 il 04 ay 19 gün əmək stajının 10 ildən artıq güzəştli şərtlərlə əmək şəraiti zərərli və ağır olan işlər təşkil edir. Azərbaycan Respublikası “X9” QSC-nin X11 Donanmasının 11 fevral 2022-ci il tarixli arayışından göründüyü kimi, iddiaçı müxtəlif idarələrdə dalğıc vəzifəsində işləmişdir. Dalğıclıq təcrübəsi başladığı vaxtdan su altında yüksək atmosfer təzyiqi şəraitində iş müddəti 0637 nömrəli əmrlə dalğıc X6 əsasən 1 yanvar 2006-cı il tarixədək 4384 saat 15 dəqiqə təşkil edir. İşlədiyi peşələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü tarixli 320 nömrəli qərarının 1 nömrəli Siyahısı ilə təsdiq edilmiş «Əmək şəraiti xüsusi ilə zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstərilənlərin 1 nömrəli Siyahısı»nın 13-cü bölmə kod 12100000 – 11465 sualtı işlərlə məşğul olan dalğıclar və başqa işçilər, o cümlədən, yüksək atmosfer təzyiqi şəraitində, il ərzində 275 saatdan az olmayaraq (ay ərzində 25 saatdan) və yaxud dalğıclıq təcrübəsinə başladığı vaxtdan su altında iş müddəti 2.750 saat və çox olanlar güzəştli şərtlərlə pensiya təyin etmək hüququ verən peşələrdəndir. DSMF Xüsusi Şərtlərlə Təyinat Mərkəz Filialına iddiaçı ərizə ilə müraciət edərək əmək pensiyasının 52 yaşdan yarandığını nəzərə alaraq hesablanmasını və ödənilməsini xahiş etmişdir. Cavabdeh əsassız olaraq imtina verərək bildirmişdir ki, güzəştli şərtlərlə əmək pensiyası almasına əmək stajın olmadığından imtina verilmişdir. Göstərilənləri və Azərbaycan Respublikasının Konstitusiyasına, «Əmək pensiyaları haqqında» Qanunun 9-cu, 23-cü maddələrinə, İPM-in müddəalarına əsaslanaraq, məhkəmədən iddiaçıya 17 mart 2022-ci il tarixdə 52 yaşın tamam olduğu vaxtdan güzəştli şərtlərlə əmək pensiyanın təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması xahiş olunur. DSMF Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının İPM-in 47-ci maddəsinə müvafiq olaraq iddia ilə bağlı məhkəməyə ünvanlanmış 30 sentyabr 2022-ci il tarixli məktubunda – yazılı etirazında bildirilir ki, İddiaçı iddia tələbi əsassızdır və təmin edilməməlidir. İddiaçının təqdim etdiyi 22 avqust 1988-ci il tarixli əmək kitabçası və güzəştli arayışı araşdırılaraq ümumi iş stajının 20 ildən az olması səbəbilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinin mümkün olmadığı bildirilmişdir. «Əmək pensiyaları haqqında» Qanunun 1.0.2-ci maddəsinə görə sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. «Əmək pensiyaları haqqında» Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asdı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş «Vətəndaşların pensiya təminatı haqqında» Qanunun 13-cü maddəsinin “a" bəndinə uyğun olaraq, 20 il ümumi iş stajı olan və bu stajın azı 10 ilini Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq olunmuş 1 nömrəli siyahı üzrə müəyyən edilmiş zərərli və ağır işlərdə çalışan 52 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. «Əmək pensiyaları haqqında» Qanunun 9.1-ci maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı»nın Ümumi peşələr bölməsinin (XXİİİ) 12100000 – 11465 kodu üzrə sualtı işlərlə məşğul olan dalğıclar və başqa işçilər, o cümlədən, yüksək atmosfer təzyiqi şəraitində, il ərzində 275 saatdan az olmayaraq(ay ərzində 25 saatdan) və yaxud dalğıclıq təcrübəsinə başladığı vaxtdan su altında iş müddəti 2750 saat və çox olanlar nəzərdə tutulmuşdur. İddiaçının mərkəzi filiala təqdim etdiyi “Azərbaycan X9" QSCnin 11 fevral 2022-ci il tarixli SB03/02-77 nömrəli arayışında 30 aprel 1992-ci il tarixdən hal-hazırki tarixədək müxtəlif idarələrdə dalğıc vəzifəsində işlədiyi qeyd olunmuşdur və su altında yüksək atmosfer təzyiqi şəraitində iş müddəti 0637 nömrəli X6 əsasən 1 yanvar 2006-cı ilədək 4384 saat 15 dəqiqə təşkil edir. İddiaçının təqdim etdiyi sənədlərin surətlərinə 1 yanvar 2006-cı il tarixədək ümumi iş stajı 19 il 10 ay 9 gün (xx.xx.1985xx.xx.1988-ci il, xx.xx.1988-xx.xx.1988-ci il, xx.xx.1988-xx.xx.1991-ci il, xx.xx.1991- 01,03.1992-ci il, xx.xx.1992-xx.xx.1995-ci il və xx.xx.1995-xx.xx.2005-cı il tarixləri arasındakı dövrlər) təşkil edir və və bu qanunvericiliklə tələb edilən müddətdən (20 il) azdır. Məhz bu səbəblərə görə də iddiaçıya qanunvericiliyin tələbləri baxımından güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün olmamışdır. Göstərilənlərə əsaslanaraq, məhkəmədən iddianın təmin edilməməsi xahiş olunur. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) Vəkil iddia ərizəsində göstərilənləri təsdiqlədi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 iddiaya qarşı məhkəməyə təqdim edilmiş iddiaya qarşı yazılı etirazda göstərilənləri təsdiqlədi və iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. O, əlavə olaraq bildirdi ki, «Əmək pensiyaları haqqında» Qanunun 24.0.1-ci maddəsinə görə döyüş əməliyyatları dövründə döyüşən ordunun tərkibində xidmət və muzdla iş dövrü, eləcə də müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq müddəti (müvafiq icra hakimiyyəti orqanının qərarı əsasında) ikiqat ölçüdə götürülə bilər. Hazırki iş üzrə müvafiq icra hakimiyyəti orqanının qərarı olmadığı üçün iddiaçının hərbi xidmət dövründə xidmətinin ikiqat ölçüdə nəzərə alınması mümkün deyildir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan Azərbaycan Qaz Təmir Tikinti idarəsinin arayışında İddiaçı (xx xxxx 1970-ci il tarixdə doğulmuş) əmək fəaliyyəti ilə bağlı aşağıdakılar qeyd olunur, iddiaçı: - 01 iyul 1988-ci il tarixdən 01 noyabr 1988-ci il tarixədək Azərbaycan Qaz Təmir Tikinti İdarəsində 2-ci dərəcəli fəhlə vəzifəsində; 16 dekabr 1991-ci il tarixdən 01 mart 1992-ci il tarixədək Azərbaycan Respublikası Ticarət Nazirliyi Sevinc sarayında “Gülistan” barmenon köməkçisi vəzifəsində; xx.xx.1995-ci il tarixdən 31 may 2008-ci il tarixədək Xəzər HQXİ STT xidmətində 3-cü dərəcəli dalğıc kimi; 02 iyun 2008-ci il tarixdən 30 aprel 2014-cü il tarixədək Azərbaycan Dövlət X9ndə dalğıc kimi; 01 may 2014-cü il tarixdən halhazıradək Azərbaycan Dövlət X9ndə dalğıc kimi işləyir. İş materiallarında olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Suraxanı rayon İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 31 №-li arayışın surətindən görünür ki, İddiaçı xx.xx.1988-ci il tarixdən xx.xx.1991-ci il tarixədək SSRİ SQ-də həqiqi hərbi xidmət keçmişdir.1991-ci ilin yanvar ayından iyul ayınadək hərbi xidmətin Fars körfəsi zonasında keçmişdir. İş materiallarında olan “Azərbaycan X9” QSC X11 Donanması tərəfindən verilmiş 11 fevral 2022-ci il tarixli SB 03/2-77 nömrəli arayışın surətindən görünür ki, İddiaçı xx.xx.1992-ci il tarixdən hal-hazıradək müxtəlif idarələrdə dalğıc vəzifəsində çalışır. Onun dalğıc təcrübəsi başladığı vaxtdan su altında yüksək atmosfer təzyiqi şəraitində iş müddəti 0637 nömrəli dalğıc kitabçasına əsasən xx.xx.2006-cı il tarixədək 4.384 saat 15 dəqiqə təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikası Təhsil Nazirliyi Peşə Təhsil üzrə Dövlət Agentliyi tərəfindən verilmiş 17 may 2022-ci il tarixli Q-285/25 nömrəli arayışın surətindən görünür ki, iddiaçı (İddiaçı) xx.xx.1985-ci il tarixində 60 nömrəli X10 Məktəbinin “Radiolektron aparatları və cihazları quraşdırıcısı” ixtisasına qəbul olmuş və xx.xx.1988-ci il tarixində həmin ixtisası əyani formasında bitirmişdir. İşin faktiki hallarından göründüyü kimi İddiaçı 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu onun müraciətinin təmin edilməsindən imitna etmişdir. İmtina onunla əsaslandırılmışdır ki, iddiaçının 1 yanvar 2006-cı il tarixədək ümumi iş stajı 20 ildən az təşkil edir. İddiaçı hesab edir ki, cavabdehin imtinası əsassızdır və onun qanunla yaranmış pensiya hüquqlarının pozulmasına səbəb olur. Məhkəmə cavabdehin imtinasının əsaslı olub-olmaması istiqamətində qiymətləndirmənin aparılması üçün aşağıdaki qanunvericiliyin müddəalarına istinad edir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İİİ hissəsinə əsasən hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. «İnzibati icraat haqqında» Qanunun 15-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 17-ci maddəsinə görə fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 19-cu maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. «Əmək pensiyaları haqqında» Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Həmin Qanunun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Həmin Qanunun 37.7-ci maddəsinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir. «Vətəndaşların pensiya təminatı haqqında» Qanunun 13-cü maddəsinin “a” bəndinə əsasən yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər – istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə kişilər 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdir. Qeyd olunan Qanuna Azərbaycan Respublikasının 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Qanunu ilə edilmiş dəyişikliyə əsasən həmin maddədə (13-cü maddədə) nəzərdə tutulan yaş hədləri 1997-ci ilin avqust ayının 1-dən başlayaraq 2000-ci ilin avqust ayının 1dək hər il 6 ay artırılır. Həmin Qanunun 67-ci maddəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. İş stajına bunlardan başqa aşağıdakılar daxil edilir: “v” hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti, “ğ” ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 Qərarı ilə “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” təsdiq edilmiş və müəyyən edilmişdir ki, «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununa uyğun olaraq, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli, xüsusilə ağır olan və eləcə də zərərli və ağır işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahıları iş yerlərinin attestasiyası nəzərə alınmaqla tətbiq olunur. Qərarla təsdiqlənmiş 1 nömrəli Siyahının “XXİİİ. Ümumi peşələr” bölməsinə 12100000 – 11465 kodu ilə müəyyən edilən “Sualtı işlərlə məşğul olan dalğıclar və başqa işçilər, o cümlədən, yüksək atmosfer təzyiqi şəraitində, il ərzində 275 saatdan az olmayaraq (ay ərzində 25 saatdan) və yaxud dalğıclıq təcrübəsinə başladığı vaxtdan su altında iş müddəti 2750 saat və çox olanlar” peşəsi də daxil edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 22 yanvar 1999-cu il tarixli 1-2 nömrəli qərarı ilə təsdiq edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyində 15 fevral 1999-cu ü tarixdə 144 nömrəli şəhadətnamə ilə dövlət qeydiyyatına alınmış “Azərbaycan Respublikası neft sənayesinə aid olan qulluqçu vəzifələrinin Vahid X2”na (hissə 6) əlavəsinə nəzər yetirdikdə məlum olur ki, dalğıc mütəxəssisi İdarənin bütün növ sualtı-texniki dalğıc işlərinə, X3 (DDK) işinə metodiki və texniki rəhbərlik edir, sualtı-texniki vasitələrin istismara buraxılmasında idarədə müəyyən edilmiş qaydaya və istismar təlimatına riayət edilməsini təmin edir, sualtı-texniki vasitələrin və texniki sənədlərin (təlimatların) respublikada qüvvədə olan qanunvericiliyə, dünya standartlarına uyğun olaraq hazırlanması, istehsalatda tətbiqi və yoxlanmasını təşkil edir. Sualtı işlərin aparılması zamanı baş verən qəzaların, bədbəxt hadisələrin, peşə xəstəliklərinin araşdırılmasında iştirak edərək, onların səbəblərinin təhlili və aşkar olunmuş nöqsanların ləğvi üzrə operativ tədbirlərin həyata keçirilməsini təmin edir. Hətta, həmin vəzifə “İşçilərə həftə ərzində 36 saatdan çox olmayan, qısaldılmış iş vaxtı müəyyən edilən yüksək həssaslıq, həyəcan, zehni, fiziki və əsəb gərginliyi, habelə insanın səhhətinə mənfi təsir göstərən digər amillər olan əmək şəraitli iş yerləri üzrə iş vaxtının konkret müddəti göstərilməklə peşələrin, vəzifələrin” Siyahısında da nəzərdə tutulmuşdur. Məhkəmə ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, iddiaçının işlədiyi dalğıc vəzifəsi həm “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 №-li Siyahısı”nda, həmçinin də “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda dalğıcın dalğıclıq təcrübəsinə başladığı vaxtdan su altında iş müddəti 2.750 saatdan və ya ay ərzində 25 saatdan çox olması şərti ilə güzəştli şərtlərlə pensiya hüququ verən vəzifələrə aid edilmişdir. Nəzərə alınmalıdır ki, iddiaçının güzəştli iş stajı ilə bağlı şərtin ödənilməsi barədə tərəflər arasında mübahisə açılmamışdır. Mübahisəli məsələ yalnız iddiaçının xx.xx.2006-cı il tarixədək ümumi iş stajının ödənilməməsi ilə bağlıdır. Məhkəmə iddiaçının ümumi iş stajına münüasibətdə qeyd edir ki, məhkəmə icraatı zamanı təqdim olunmuş diplomda, hərbi biletdə və əmək kitabçasında əks olunan dövrlər (xx.xx.1985-xx.xx.1988; xx.xx.1988-xx.xx.1991; xx.xx.1991-xx.xx.1992; xx.xx.1992xx.xx.1995; xx.xx.1995-xx.xx.2006) nəzərə alındıqda iddiaçının xx.xx.2006-cı il tarixədək ümumi iş stajının 20 ildən az olduğu (19 il 10 ay 18 gün) müəyyən olunur. Lakin nəzərə alınmalıdır ki, iddiaçı 1991-ci ilin yanvar ayından iyul ayınadək hərbi xidmətin Fars körfəsi zonasında keçirdiyindən, həmin dövr ikiqat ölçüdə onun ümumi iş stajına daxil edilməlidir ki, bu hal öz növbəliyində də ümumi iş stajının 20 ildən çox təşkil etməsinə səbəb olacaqdır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük, miqrasiya, fövqəladə hallar və vergi orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında» 23 noyabr 1992-ci il tarixli 631 nömrəli qərarının 2-ci bəndinin 1 may 1997-ci il tarixədək qüvvədə olan redaksiya üzrə tələblərinə görə zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına daxili işlər və ədliyyə orqanlarının rəis və sıravi heyətinə mənsub pensiya hüququna malik şəxslərə pensiya təyin olunması üçün aşağıdakılar uzun müddət xidmətə güzəştli şərtlərlə aid edilsin: - a) xidmətin bir ayı iki ay sayılmaqla Azərbaycan Respublikasında onun suverenliyinin, ərazi bütövlüyünün və müstəqilliyinin qorunması ilə bağlı hərbi əməliyyatlar dövrlərində Silahlı Qüvvələrdə, sərhəd qoşunlarında, daxili işlər, milli təhlükəsizlik orqanlarında və digər əsgəri birləşmələrində xidmət müddəti; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 may 1997-ci il tarixli 33 nömrəli qərarı ilə ilə 2-ci bəndin “b” bəndi çıxarılmışdır. Göründüyü kimi, 01 may 1997-ci il tarixədək qüvvədə olan qanunvericilik normaları zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuların Azərbaycan Respublikasında onun suverenliyinin, ərazi bütövlüyünün və müstəqilliyinin qorunması ilə bağlı hərbi əməliyyatlar dövrlərində Silahlı Qüvvələrdə, sərhəd qoşunlarında, daxili işlər, milli təhlükəsizlik orqanlarında və digər əsgəri birləşmələrində xidmət dövrünü 1 ayının 2 ay sayılmasını nəzərdə tutmuşdur. 01 may 1997-ci il tarixdən sonrakı dövrdə müvafiq qanunvericilikdən müvafiq müddəa çıxarılmışdır. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinin tələblərinə görə fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Belə olan halda, məhkəmə hesab edir ki, iddiaçı müddətdən artıq həqiqi hərbi qulluqçu kimi 1991-ci ilin yanvar ayından iyul ayınadək hərbi xidmətini Fars körfəsində keçirdiyindən və bu hal aidiyyəti qurumunun arayışı ilə təsdiq olunduğundan, həmin dövr ikiqar ölçüdə hesablanmalı və həmin qaydada hesablanma ilə onun 25 il sığorta stajı toplanmış olur. Həmçinin qeyd olunmalıdır ki, iddiaçının əmək kitabçasındakı, habelə hərbi bilet və diplomdakı qeydlərin həqiqətə uyğun olmadığı inzibati orqan tərəfindən sübuta yetirilmədiyindən, onlar mötəbər hesab olunur. Həmin iş illərinin ümumi sığorta stajına daxil olunmasına əsas verir. Belə olan halda, məhkəmə cavabdehin iddiaçının 2006-cı ilin yanvar ayının 1-dək ümumi iş stajının 20 ildən az olması barədə mövqeyi ilə razılaşmır. İnzibati orqan imtinasında həmin halı əsas gətirməklə ərizəçinin (iddiaçının) qaldırdığı məsələnin həllindən imtina olunması «İnzibati icraat haqqında» Qanunun 15, 17, 24, 58.1-ci maddələrinin tələblərinə ziddir. Belə olan halda, İddiaçı 1 yanvar 2006-cı il tarixədək güzəştli şərtlərlə pensiya hüququ verən 20 ildən artıq ümumi, o cümlədən 10 ildən artıq əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş stajına malik olduğundan, onun «Əmək pensiyaları haqqında» Qanunun 9.8-ci maddəsinə və «Vətəndaşların pensiya təminatı haqqında» Qanunun 13cü maddəsinin “a” bəndinə uyğun olaraq 52 yaşı tamam olduğu vaxt güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranır. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasından inzibati orqanın imtinası qanuna zidd və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. İPM-in 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilərək, İddiaçı 17 mart 2022-ci il tarixdən, yəni 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməsi öhdəliyi cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat İdarəsinin üzərinə qoyulmalıdır. Göstərilənlərə əsasən və İPM-in 23.1, 58.7, 69, 75, 78 – 79, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. İddiaçı 17 mart 2022-ci il tarixdən, yəni 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməsi öhdəliyi cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar