Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-1(112)-19295/2025 13.02.2026 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra struktur dəyişikliyi ilə əlaqədar Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi) qarşı (üçüncü şəxs: X3) “çıxarışın ləğv edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Təbriz küçəsi 29) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra struktur dəyişikliyi ilə əlaqədar Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək X2 Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivi ərazisində 0,1177 ha ibarət olan 5832 nömrəli bağ sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması barədə çıxarışın ləğv edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin qərardadı ilə hazırki iş üzrə X2 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi zəruri cəlbetmə qərara alınmışdır. Məhkəmə iddia ərizəsini və digər sənədləri nəzərdən keçirərək, hesab edir ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə gəldiyi nəticə ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. İş materiallarında olan: Bağın icarəyə verilməsi haqqında müqavilədən görünür ki, Bakı şəhəri, Ləhiş bağ massivi ərazisində yerləşən sahəsi 0,12 ha olan 5832 nömrəli bağ sahəsi iddiaçının icarəsinə verilmişdir. Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.1992-ci il tarixli sərəncamı əsasında 25 nömrəli Ləhiş Bağlar Tikinti X1 5832 saylı, 0,12 ha bağ sahəsinin ayrılmasına dair order verilmişdir. Seriya RX № ******* nömrəli çıxarışdan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, 5832 nömrəli bağ sahəsi üzərində X5 mülkiyyət hüquqları xx.xx.2019-cu il tarixdə qeydə alınmışdır. İmtina məktubundan görünür ki, iddiaçının müraciətinə baxılmış və aidiyyəti üzrə məhkəməyə müraciət olunması tövsiyə olunmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarının:
17. Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülki-hüquqi və ya inzibati-hüquqi tələb olmasından asılıdır. İddia tələblərinin hüquqi təbiətini müəyyənləşdirərkən isə mübahisənin mahiyyəti təhlil edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlərə və (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verilməlidir. Əgər qeydiyyat mülki-hüquqi əqdlərin (alqı-satqı, bağışlama, vərəsəlik şəhadətnaməsi və s.) əsasında aparılmışdırsa, bu halda, daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat onun aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlər mübahisələndirilməklə həyata keçirilməli və belə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat inzibati akt əsasında aparıldıqda və iddianın faktiki əsasını bu aktın qanunsuzluğu təşkil etdikdə iddiaçı əvvəlcə özünün hüquqi marağına uyğun olaraq müvafiq aktı qəbul etmiş orqana qarşı iddia qaldırmaqla inzibati məhkəmə icraatı qaydasında həmin inzibati aktı mübahisələndirməlidir. Belə iddia uğurlu olarsa, daha sonra qeydiyyatı aparmış orqana müraciət edilməklə reyestrdəki qeydin dəyişdirilməsi tələb oluna və müvafiq olaraq qeydiyyat orqanının hərəkətindən narazı qalınan halda isə inzibati məhkəməyə müraciət edilə bilər. Konkret mübahisənin hallarından asılı olaraq bəzən inzibati aktın və mülki-hüquqi əqdin hər ikisi reyestrdəki qeydiyyatın aparılması üçün birgə hüquqi əsas təşkil edirlər. Bu kimi hallarda iddiaçının hüquqi marağı və iddia tələblərinin hüquqi təbiəti nəzərə alınmaqla inzibati aktın mübahisələndirilməsinə inzibati məhkəmə icraatı qaydasında, mülki-hüquqi əqdin mübahisələndirilməsinə isə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat hər hansı mülki-hüquqi əqdə və ya inzibati akta əsaslanmadan aparılmışdırsa, bu hal, inzibati orqanın ümumi (publik) hüquqdan irəli gələn səlahiyyətlərinin icrası çərçivəsində həyata keçirilən faktiki xarakterli fəaliyyətin nəticəsidir. Bu qaydada aparılmış qeydiyyatın mübahisələndirilməsi zamanı inzibati orqanın publik hüquqdan irəli gələn vəzifə və səlahiyyətlərinin qanuni və əsaslı olaraq həyata keçirilibkeçirilmədiyinə qiymət verilməli olduğu üçün həmin mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat mülki-hüquqi əqdə və yaxud inzibati akta əsaslansa da, iddiaçı həmin hüquq müəyyənedici sənədləri deyil, onlardan irəli gələn qeydiyyatın özünün inzibati orqan tərəfindən düzgün aparılmadığını mübahisələndirdiyi hallarda da işə inzibati məhkəmələrdə baxılmalıdır. Məhkəmə ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, iddiaçı hazırkı iddia tələbi ilə üçüncü şəxsin adına aparılmış dövlət qeydiyyatı əsasında verilmiş çıxarışı mübahisələndirməklə həmin qeydiyyatın ləğvinə nail olmağa çalışır. İş materiallarından müəyyən olunur ki, üçüncü şəxsin mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasının əsasında Bakı Şəhər İcra Hakimiyyətinin sərəncamı və həmin sərəncama əsasən tərtib edilmiş order dayanır. Bu baxımdan nəzərə alınmalıdır ki, iddiaçı arzuladığı hüquqi nəticəyə nail olmaq üçün ilk növbədə mübahisələndirilən çıxarışın verilməsinə hüquqi əsas təşkil etmiş sənədi mübahisələndirməlidir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarı ilə müəyyən edilmişdir ki, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat inzibati akt əsasında həyata keçirildiyi və iddianın faktiki əsasını həmin aktın qanunsuzluğu təşkil etdiyi hallarda, iddiaçı ilk növbədə öz hüquqi maraqlarına uyğun olaraq müvafiq inzibati aktı qəbul etmiş orqana qarşı inzibati məhkəmə icraatı qaydasında iddia qaldırmaqla həmin inzibati aktı mübahisələndirməlidir. Belə iddia təmin olunduğu halda, sonrakı mərhələdə qeydiyyatı aparmış orqana müraciət edilməklə daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydin dəyişdirilməsi və ya ləğvi tələb oluna bilər. Qeydiyyat orqanının hərəkətlərindən narazılıq yarandığı halda isə inzibati məhkəmə icraatı qaydasında müvafiq məhkəməyə müraciət etmək mümkündür. Göstərilən Plenum qərarının məzmunundan da aydın olur ki, mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması ilə bağlı çıxarışın verilməsinə əsas olmuş hüquq müəyyənedici sənəd qüvvədən düşmədiyi və ya ləğv edilmədiyi halda, reyestrdə aparılmış qeydin ləğvi məsələsi hüquqi baxımdan müzakirə predmeti ola bilməz. Həmin qərar eyni zamanda mübahisənin hüquqi təbiətini də müəyyənləşdirərək göstərir ki, mülkiyyət hüququnun dövlət qeydiyyatı mülki-hüquqi əqd əsasında aparıldığı hallarda daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat onun aparılmasına əsas olmuş hüquq müəyyənedici sənədlərin mülki məhkəmə icraatı qaydasında mübahisələndirilməsini tələb edir. Qeydiyyat inzibati akt əsasında həyata keçirildikdə isə ilk növbədə həmin inzibati aktın inzibati məhkəmə icraatı qaydasında mübahisələndirilməsi zəruridir. Hazırkı iş üzrə isə müəyyən olunur ki, iddiaçı üçüncü şəxsin adına aparılmış dövlət qeydiyyatına əsas təşkil edən sərəncamı mübahisələndirməmişdir. Sözügedən sərəncam ləğv edilməmiş, dəyişdirilməmiş və ya geri çağırılmamış, nəticə etibarilə öz hüquqi qüvvəsini saxlamışdır. Belə olan halda, qeyd olunan inzibati akt hüquqi qüvvəsini saxladığı müddətdə üçüncü şəxsin adına aparılmış qeydiyyatın ləğv edilməsi, eləcə də həmin qeydiyyatın əsaslı olub-olmamasına hüquqi qiymət verilməsi mümkün deyildir. Bundan əlavə, iddiaçı sözügedən sərəncamın özünü deyil, həmin sərəncam əsasında verilmiş orderi inzibati məhkəmə icraatı qaydasında mübahisələndirmişdir. Lakin Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-3863/2024 nömrəli qərardadı ilə həmin iddia mümkün sayılmamışdır. Həmin qərardadda da xüsusi olaraq qeyd edilmişdir ki, iddiaçı ilk növbədə Bakı Şəhər İcra Hakimiyyətinin sərəncamını mübahisələndirməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçı mübahisələndirilən çıxarışın verilməsinə hüquqi əsas təşkil etmiş sərəncamı mübahisələndirmədiyindən, hazırkı iddia mümkünlük şərtlərinə cavab vermir. Həmçinin qeyd edilməlidir ki, “Məhkəmə və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 79-1-ci maddəsinə görə vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır. Göründüyü kimi hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin formalaşdırılması təkcə Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə deyil, eyni zamanda məhkəmə kollegiyalarının fərdi işlər üzrə qərarları vasitəsi ilə də həyata keçirilir. Ali Məhkəmənin 2-1(102)-1254/2022 saylı 14 iyul 2022-ci il tarixli qərarından da görünür ki, məhkəmə ilkin hüquqmüəyyənedici sənəd ləğv edilmədən çıxarışın ləğv edilməsi ilə bağlı iddianın mümkünsüz iddia olması qənaətinə gəlmişdir. Həmin qərarda qeyd edilmişdir ki, mübahisəli zirzəmi sahəsinin üçüncü şəxslərin adına dövlət qeydiyyatına alınmasının əsasında duran ilkin sənəd Yasamal Rayon İcra Hakimiyyəti Başçısının 373 nömrəli, 19 aprel 1999-cu il tarixli sərəncamı olmuşdur. Belə olan halda, qeydiyyatın aparılmasına və texniki pasportların verilməsinə əsas təşkil etmiş Yasamal Rayon İcra Hakimiyyəti Başçısının 373 nömrəli 19 aprel 1999- cu il tarixli sərəncamı mübahisələndirilmədən birbaşa qeydiyyatın və texniki pasportların ləğvinə dair qaldırılmış iddiaya iddiaçının hüquqi marağı mövcud deyildir. Çünki həmin hüquqmüəyyənedici sənəd qüvvədə olduğu halda qeydiyyatın və texniki pasportların ləğvini tələb etmək əhəmiyyətsiz olmaqla yanaşı, buna dair ayrıca məhkəmə prosesinin aparılmasını da lüzumsuz edir. Həmçinin, Ali Məhkəmənin 2-1(102)-758/2021 saylı xx.xx.2021-ci il tarixli qərarından da görünür ki, məhkəmə ilkin hüquqmüəyyənedici sənəd ləğv edilmədən çıxarışın ləğv edilməsi ilə bağlı iddianın mümkünsüz iddia olması qənaətinə gəlmişdir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə izah edir ki, iddiaçı hazırki iddia tələbində nəzərdə tutulmuş öhdəliyin həvalə edilməsi (çıxarışın ləğv edilməsi) ilə bağlı cavabdeh inzibati orqana müraciət etdiyi təqdirdə, onun eyni tələblə (çıxarışın verilməsinə əsas olan sənəd inzibati akt ləğv olunduğu halda) inzibati məhkəməyə müraciət etmək hüququ istisna edilmir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı: İddia mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim:Həsənov Orxan