Məhkəmə qərarları › İş №e-2-1(112)-194/2025

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №e-2-1(112)-194/2025

13.08.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-1(112)-194/2025 13.08.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənov İlkin Mürşüd oğlunun katibliyi, İddiaçının vəkili və nümayəndəsi Vəkil, Cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (X5 üçüncü şəxs qismində cəlb edilməklə) “qeydiyyatın ləğv edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı şəhər Ərazi İdarəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “Bakı Şəhər İcra Hakimiyyəti başçısı X1 İnkişafı və X6 ərazisindəki 3552b nömrəli bağ sahəsinin istifadəyə verilməsinə dair xx.xx.2006-cı il tarixli 38008 saylı icarə müqaviləsi, X8 kitabında xx.xx.2010-cu il tarixdə 20426 nömrə ilə uçota alınmış torpaq sahəsinin planı və ölçüsü sənədi əsasında X2 adına aparılmış xx.xx.2010-cu il tarixli, ********** qeydiyyat nömrəli, **********41 reyestr nömrəli qeydiyyatın ləğv edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Belə ki, Bakı şəhər İcrayə komitəsinin 1990cı il tarixli, 3/78 nömrəli qərarına əsasən Ləhiş bağları sahəsində 172 nömrəli BTK nəzdində 0,12 ha torpaq sahəsi olan 3552 “b” bağ sahəsi mənə ayrılmışdır. Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, 3352b saylı bağ sahəsindəki 0,12 ha torpaq sahəsinin mənə verildiyini təsdiq edən 10 nömrəli orderin notarial qaydada təsdiq olunmuş surəti iddia ərizəsinə əlavə edilmişdir. Mübahisəli torpaq sahəsi onun mülkiyyətində olsa da X5 Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi tərəfindən verilmiş xx.xx.2010-cu il tarixli, ********** qeydiyyat nömrəli, **********41 reyestr nömrəli MA seriyalı, ******* nömrəli çıxarışdan da göründüyü kimi Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, 3352b saylı bağ sahəsindəki 0,12 ha torpaq sahəsinə mülkiyyət hüququ əldə etmişdir. Halbuki mübahisəli torpaq sahəsi iddia ərizəsinə əlavə edilmiş orderdən də göründüyü kimi mənim mülkiyyətimdədir. Bir müddət öncə mübahisəli torpaq sahəsinin Ofeliya Kərimova tərəfindən ələ keçirildiyini, hətta orada tikili inşa edildiyini öyrəndim. Məhz buna görə də. Ofeliya Kərimovaya qarşı iddia tələbi ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət etmiş. Belə ki, mübahisəli torpaq sahəsinin hansı əsasla X2 adma qeydiyyata alınması bizə məlum deyildi. Buna görə də. məhkəmə tərəfindən Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastn və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə sorğu ünvanlanmışdı. Məhkəmə sorğusuna Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastn və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən göndərilən xx.xx.2022-ci il tarixli, **********96 nömrəli cavab məktubunda mübahisəli torpaqa sahəsinin X2 adına qeydiyyata alınmasına əsasın xx.xx.2006-cı il tarixli 38008 saylı icarə müqaviləsinin və X8 kitabında xx.xx.2010cu il tarixdə 20426 nömrə ilə uçota alınmış Torpaq sahəsinin planı və ölçüsü sənədinin olduğu göstərilmişdir. Həmin sənədlərin surəti iddia ərizəsinə əlavə edilir. Qeyd olunan sənədlər elektron məhkəmə kabinetinə xx.xx.2022-ci il tarixdə yüklənmişdir. Belə ki, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslarından biri olan, mənə məxsus müvafiq icra hakimiyyəti orqanlarının nəzdindəki bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair icrayə komitəsinin 1990-cı il tarixli, 3/78 nömrəli qərarına əsasən verilən order olmasına baxmayaraq xx.xx.2006-cı il tarixli, 38008 saylı icarə müqaviləsinin surətindən də göründüyü kimi mübahisəli torpaq sahəsi Ofeliya Kərimovanın istifadəsinə verilmişdir. Ofeliya Kərimova da həmin icarə müqaviləsi, torpaq sahəsinin planı və ölçüsü sənədi əsasında çıxanş əldə etmişdir. Cavabdeh iddia tələbinə yazılı etiraz təqdim edərək iddia tələbinin mümkün hesab edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, “...Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, 3552b saylı bağ sahəsi Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Başçısı X1 İnkişafı və İstismarı Birliyi tərəfindən verilmiş 38008 saylı, xx.xx.2006-cı il tarixli müqavilə və ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş xx.xx.2010-cu il tarixli Torpaq sahəsinin planı və ölçüsü sənədi əsasında xx.xx.2010-cu il tarixdə X3 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır və halhazırda onun mülkiyyətindədir.” Məhkəmə iclasında iddianın mümkünlüyü ilə bağlı məsələlər iddiaçı ilə müzakirəe edildi. İddiaçının nümayəndəsi və vəkili iddianın mümkün hesab edilərək işə mahiyyəti üzrə baxılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi etirazı müdafiə edərək iddia tələbinin mümkün hesab edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Üçüncü şəxs məhkəmə iclasında iştirak etməmiş və səbəbləri barədə hər hansı məlumat verilməmişdir. Məhkəmə iddia ərizəsini və digər sənədləri nəzərdən keçirərək, hesab edir ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərinə əsasən işə üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İddianın mümkünlük şərtlərinin yoxlanılması məsələsi ilə bağlı, məhkəmə “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarında göstərilmiş mövqeyinin nəzərə alınmasını zəruri hesab edir. Qərarda göstərilmişdir ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olubolmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır.” İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə əsasən, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Hazırkı iddia tələbində iddiaçı üçüncü şəxsin adına dövlət reyestrində aparılmış xx.xx.2010-cu il tarixli, ********** qeydiyyat nömrəli, **********41 reyestr nömrəli qeydiyyatın ləğv edilməsi”ni xahiş edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” xx.xx.2015-ci il tarixli 4 nömrəli Qərarının 17-ci bəndində göstərilmişdir ki, “Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülki-hüquqi və ya inzibatihüquqi tələb olmasından asılıdır. İddia tələblərinin hüquqi təbiətini müəyyənləşdirərkən isə mübahisənin mahiyyəti təhlil edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlərə və (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verilməlidir. Əgər qeydiyyat mülki-hüquqi əqdlərin (alqı-satqı, bağışlama, vərəsəlik şəhadətnaməsi və s.) əsasında aparılmışdırsa, bu halda, daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat onun aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlər mübahisələndirilməklə həyata keçirilməli və belə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat inzibati akt əsasında aparıldıqda və iddianın faktiki əsasını bu aktın qanunsuzluğu təşkil etdikdə iddiaçı əvvəlcə özünün hüquqi marağına uyğun olaraq müvafiq aktı qəbul etmiş orqana qarşı iddia qaldırmaqla inzibati məhkəmə icraatı qaydasında həmin inzibati aktı mübahisələndirməlidir. Belə iddia uğurlu olarsa, daha sonra qeydiyyatı aparmış orqana müraciət edilməklə reyestrdəki qeydin dəyişdirilməsi tələb oluna və müvafiq olaraq qeydiyyat orqanının hərəkətindən narazı qalınan halda isə inzibati məhkəməyə müraciət edilə bilər. Plenum qərarındakı hüquqi mövqedən göründüyü kimi, çıxarış inzibati akt hesab edilmir və çıxarışn verilməsinə, başqa sözlə reyestrdə qeydin aparılmasına əsas olmuş hal mübahisələndirilməlidir. Baxılan işdə üçüncü şəxsin adına reyestr qeydinin aparılmasına Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2006-cı il tarixli, 222 nömrəli Sərəncamı əsas olmuşdur ki, iddiaçı başqa məhkəmə icraatında həmin Sərəncamı mübahisələndirir. Plenum qərarında həmçinin qeyd edilmişdir ki, “belə olan halda iddianın faktiki əsasını bu aktın qanunsuzluğu təşkil etdikdə iddiaçı əvvəlcə özünün hüquqi marağına uyğun olaraq müvafiq aktı qəbul etmiş orqana qarşı iddia qaldırmaqla inzibati məhkəmə icraatı qaydasında həmin inzibati aktı mübahisələndirməlidir. Belə iddia uğurlu olarsa, daha sonra qeydiyyatı aparmış orqana müraciət edilməklə reyestrdəki qeydin dəyişdirilməsi tələb oluna və müvafiq olaraq qeydiyyat orqanının hərəkətindən narazı qalınan halda isə inzibati məhkəməyə müraciət edilə bilər”. Yəni iddiaçının Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2006-cı il tarixli, 222 nömrəli Sərəncamını mübahisələndirdiyi iş üzrə icraatda iddiası uğurlu olarsa və mübahisələndirdiyi Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2006-cı il tarixli, 222 nömrəli Sərəncamı ləğv edilərsə və məhkəmə qərarı qanuni qüvvəyə minərsə, iddiaçı həmin hala istinad edərək cavabdehə müraciət etməli, əgər cavabdeh tərəfindən müraciəti təmin olunmazsa hazırkı iddianı verməlidir. Həmin iş yekunlaşmadığından, iddiaçının həmin icraatda iddiasının uğurlu olubolmaması müəyyən edilmədiyindən və ən əsası iddiaçının iddiası uğurlu olduqdan sonra cavabdehə həmin əsasa (fakta) görə müraciəti və cavabdehin həmin müraciıət üzrə imtinası (inzibati icraatı) olmadığından məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Bəhlul Cəlalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar