Məhkəmə qərarları › İş №e-2-1(112)-1944/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-1944/2025

03.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-1944/2025 03.10.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qənbərova Səlma İsgəndər qızının sədrliyi, İddiaçının nümayəndəsi Vəkil1, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (üçüncü şəxs Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti, habelə “X3 Kompani S.A” Şirkəti) qarşı “torpaq sahəsinə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi” tələbinə dair iddiası üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı xx.xx.2024-cü il tarixli ərizə ilə cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət edərək, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi ərazisində yerləşən torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir. Cavabdeh xx.xx.2024-cü il tarixli məktublarla iddiaçının ərizəsini təmin etməkdən imtina etmiş və bildirmişdir ki, təqdim olunmuş yerləşmə cizgisində dəqiq istinadlar, istinad məsafələri qeyd edilməmiş, cizgidəki sahə ilə faktiki göstərilən sahə arasında ciddi perimetrik ölçü və konfiqurasiya fərqləri olduğundan sənədin həmin sahəyə aid olmasını müəyyənləşdirmək mümkün olmamışdır. Elektron kadastr məlumatına əsasən faktiki göstərilən torpaq sahəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazidə yerləşir. Cavabdehin imtinasını qanunsuz hesab edən iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin hərəkətsizliyinin qanunsuz hesab edilməklə, Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1999-cu il tarixli, 2466 saylı sərəncamı əsasında ona ayrılmış 600 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti, habelə “X3 Kompani S.A” Şirkəti üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. İİ. Tərəflərin əsaslandırması: İddia tələbi bununla əsaslandırılmışdır ki, Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti başçısının 14 dekabr 1999-cu il tarixli, 2466 saylı sərəncamına əsasən İddiaçı fərdi yaşayış evi tikmək üçün Yeni Suraxanı qəsəbəsi, Çaparidze küçəsinin axırında 600 (altı yüz) kv.m torpaq sahəsi ayrılması, ayrılmış torpaq sahəsində fərdi yaşayış evinin tikintisinə icazə verilməsi və digər məsələlər barədə sərəncam verilmişdir. Torpaq sahəsi həmin vaxtdan iddiaçının istifadəsindədir. Torpaq sahəsi ilə bağlı hər hansı bir mübahisə olmamış, iddiaçıya qarşı hər hansı bir iddia qaldırılmamışdır. Müvafiq sənədləri toplayaraq torpaq sahəsinə çıxarış alınması cavabdehə müraciət etmişdir. Lakin cavabdeh İdarə tərəfindən çıxarış verilməsindən imtina edilərək əsas gətirmişdir ki, təqdim olunmuş yerləşmə cizgisində dəqiq istinadlar, istinad məsafələri qeyd edilməmiş, cizgidəki sahə ilə faktiki göstərilən sahə arasında ciddi perimetrik ölçü və konfiqurasiya fərqləri olduğundan sənədin həmin sahəyə aid olmasını müəyyənləşdirmək mümkün olmamışdır. Elektron Kadastr məlumatına əsasən faktiki göstərilən torpaq sahəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazidə yerləşir. İddia olunan torpağın sahəsi elektron kadastr məlumat bazasına əsasən yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid ərazidə yerləşir. Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinin başçısının xx.xx.1999-cu il tarixli, 2466 saylı sərəncamı ilə iddiaçının istifadəsinə ayrılmış torpaq sahəsinin coğrafi yerləşmə mövqeyini müəyyənləşdirməyə imkan verən dəqiq istinad və məsafələr qeyd olunan cizgidə əks olunmuş, bununla da torpaq sahəsinin hüquqi statusu (təyinatı), konfiqurasiyası, koordinatlarının sənəd üzrə və faktiki naturada yerləşmə vəziyyəti müəyyən edilmişdir. İddia olunan torpaq sahəsi elektron kadastr məlumat bazasına əsasən dövlət mülkiyyətinə aid ərazidə yerləşir. Göstərilən sənədlər cavabdeh inzibati orqana təqdim edilməsinə baxmayaraq, cavabdeh iddiaçının ərizəsi əsasında inzibati icraat başlamaq əvəzinə heç bir araşdırma aparmadan ərizəni təmin etməmiş, iddiaçı tərəfindən riayət edilməli olan prosedur qaydaları sadalamamışdır. Daha sonra Torpaq sahəsinin Dövlət Neft şirkətinə aid olan ərazidə yerləşdiyi qeyd olunmuşdur. Aradan keçən 25 il ərzində Dövlət Neft Şirkəti bu ərazi ilə bağlı hər hansı bir tələb irəli sürməmiş, torpaq sahəsini mübahisələndirməmişdir. Torpaq sahəsi icra hakimiyyəti tərəfində Dövlət torpaqlarının hüdudlarında qanununa uyğun ayrılmışdır. Cavabdeh “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə məhkəməyə təqdim etdiyi iddiaya yazılı etirazında imtina məktubunda qeyd edilənlərə istinad etmiş və bildirmişdir ki, təqdim olunmuş yerləşmə cizgisində dəqiq istinadlar, istinad məsafələri qeyd edilməmiş, cizgidəki sahə ilə faktiki göstərilən sahə arasında ciddi perimetrik ölçü və konfiqurasiya fərqləri olduğundan sənədin həmin sahəyə aid olmasını müəyyənləşdirmək mümkün olmamışdır. Elektron kadastr məlumatına əsasən faktiki göstərilən torpaq sahəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazidə yerləşir. Əlavə olaraq, təqdim olunmuş sərəncam xx.xx.1999-cu il tarixli olsa da, etibarnamədə xx.xx.1999-cu il tarixli sərəncamla bağlı səlahiyyətlərin ötürülməsi nəzərdə tutulmuşdur. İdarənin mütəxəssisləri tərəfindən ünvana keçirilən yerli baxış zamanı torpaq sahəsinin faktiki ölçüsünün 623 kv.m olduğu məlum olmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddianı müdafiə edərək onun təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi etiraza uyğun çıxış edərək iddianın təmin olunmamasını xahiş etdi. İİİ. Məhkəmənin mövqeyi Məhkəmə tərəflərin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9-cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Hazırkı iddia torpaq sahəsinə mülkiyyət hüququnun qeydə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulmasından ibarətdir ki, bu iddia öhdəliyin icrası haqqında iddia növünə uyğun iddiadır. Öhdəliyin icrası haqqında iddia növünə münasibətdə iddianın xüsusi mümkünlük şərti iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə cavabdeh orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir. İddia həm də əsaslıdır. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən: - Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1999-cu il tarixli, 2466 nömrəli sərəncamından görünür ki, vət.İddiaçı fərdi yaşayış evi tikmək üçün Yeni Suraxanı qəsəbəsi, Çaparıdze küçəsinin axırında 600 kv.m torpaq sahəsi ayrılmışdır. -xx.xx.1999-cu il tarixli aktdan görünür ki, iddiaçıya ayrılmış 600 kv.metr torpaq sahəsinin ölçülərinin naturada ifadəsi ilə pay bölgüsü aparılmış və daimi nişanlar qoyulmuşdur. -Yeni Suraxanı qəsəbə üzrə nümayəndəliyinin 182 nömrəli, xx.xx.2002-ci il tarixli arayışdan görünür ki, Suraxanı rayon İcra Hakimiyyəti tərəfindən xx.xx.1999-cu ildə 2466 nömrəli sərəncamına əsasən vətəndaş İddiaçı ayrılmış torpaq sahəsində tikilmiş tikintinin ünvana Yeni ünvan 1yətini əks etdirən xx.xx.2024-cü il tarixli müayinə aktından görünür ki, torpaq sahəsi mişar daşı ilə hasarlanmışdır. 1 tərəf yol və 1 hissə yol, 1 hissə və 4 tərəf qonşudur. Yaşayış evi, həyət tikilisi mövcuddur. Göstərilən torpaq sahəsi 23.0 kv.m artıqdır. Təqdim edilmiş yerləşmə sxemi ilə faktik göstərilən sahənin perimetrik və konfiqurasiya fərqləri mövcuddur. - Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, **********78 nömrəli sorğuya cavab məktubundan görünür ki, idarənin mütəxəssisləri tərəfindən ünvana baxış keçirilmişdir. Baxış zamanı məlum olmuşdur ki, torpaq sahəsi dörd tərəfdən mişar daşla hasarlanmışdır. Üzərində birmərtəbəli yaşayış evi mövcuddur. Faktiki sahəsi 620.0 kv.m təşkil edir. Vahid elektron kadastr baza məlumatlarına əsasən torpaq sahəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazidə yerləşir. - SOCAR-ın xx.xx.2024-cü il tarixli sorğuya cavab məktubundan görünür ki, fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi uzun illər ərzində neft-qaz əməliyyatlarının aparılması məqsədilə SOCAR-ın daimi istifadəsində olmuş və daha sonra Azərbaycan Respublikasının 20 sentyabr 2005-ci il tarixli, 997-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş“ Azərbaycan Respublikasında Suraxanı neft yatağının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Sazişə əsasən “X3 Kompani S.A” Şirkətinin istifadəsinə verilmiş ərazilərin hüdudları, eləcə 1122 nömrəli ləğv olunmuş quyunun 20 metrlik məsafəsində mühafizə zonası daxilində yerləşir. - Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 3-16- 16/2-10/1145/2025 nömrəli ekspert rəyindən görünür ki, vahid elektron kadastr baza məlumatına əsasən təqdim edilmiş cizgidə dəqiq istinad, istinad məsafələri qeyd edilmədiyindən sənədin göstərilən sahəyə aid olmasını müəyyənləşdirmək mümkün olmamışdır. Vahid elektron kadastr baza məlumatlarına əsasən göstərilən sahə “Azərbaycan Respublikasında Suraxanı neft yatağının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti, Rafi Oyl EfZel və ARDNŞ-nin Ortaq Neft Şirkəti arasında Sazişin qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi barədə 20 sentyabr 2005-ci il tarixli, 997-İİQ nömrəli Qanunu ilə təsdiq olunmuş Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin daimi istifadəsinə verilmiş ərazisidir (Suraxanı Oil). Vahid elektron kadastr baza məlumatlarına əsasən sahə “yaşayış məntəqələrinin torpaqları” kateqoriyasına aiddir. İddiaçı hazırda Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1999cu il tarixli, 2466 nömrəli sərəncamına istinad edərək, istifadəsindəki 600 kv.m sahəsinə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını xahiş edir. Məhkəmə qeyd edir ki, "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 25-ci maddəsinə görə 2001-ci il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarının bələdiyyələrin ehtiyat fondundan yaşayış evi, həyətyanı və bağ sahələri üçün Azərbaycan Respublikası vətəndaşlarına qanunvericiliyə uyğun olaraq verdiyi torpaq sahələri barədə bələdiyyələr tərəfindən həmin torpaq sahələrinin geri qaytarılmasına dair iddialar qəbul edilə bilməz. Bu Qanunun 19-cu maddəsinin ikinci hissəsinin birinci cümləsində nəzərdə tutulmuş səlahiyyətləri bələdiyyələr 2001-ci il yanvarın 1-dən etibarən həyata keçirir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun: -2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. - 8.0-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2004-cü il tarixli 113 nömrəli Fərmanına əsasən Qanunun 8.0.1-ci maddəsində müəyyən edilmiş "icra hakimiyyəti orqanları"nın səlahiyyətlərini Azərbaycan Respublikasının müvafiq mərkəzi və yerli icra hakimiyyəti orqanları həyata keçirir. Göründüyü kimi, qanunverici daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsi əsaslarını müəyyən etmiş, yerli icra hakimiyyəti orqanlarının aktlarını bu əsaslardan birinə aid etmişdir, hansı ki, iddiaçı bu əsası – ona torpaq sahəsi ayrılması haqqında Suraxanı Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1999-cu il tarixli 2466 saylı sərəncamını cavabdehə təqdim etmişdir. Buna görə də məhkəmə hesab edir ki, iddiaçıya ayrılmış həmin torpaq sahəsi ilə bağlı hüquqlarının qeydə alınmasını tələb etməkdə haqlı olmuşdur. İşdən görünür ki, cavabdeh iddiaçının tələbini təmin etməkdən imtina edərkən: 1.təqdim olunmuş yerləşmə cizgisində dəqiq istinadlar, istinad məsafələri qeyd edilməməsi, cizgidəki sahə ilə faktiki göstərilən sahə arasında ciddi perimetrik ölçü və konfiqurasiya fərqləri olduğundan sənədin həmin sahəyə aid olmasını müəyyənləşdirməyin mümkün olmamasına;

2. faktiki göstərilən torpaq sahəsinin Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazidə yerləşməsinə;

3. torpaq sahəsinin faktiki ölçüsünün 623 kv.m olduğuna istinad etmişdir. Məhkəmə cavabdehin bu dəlillərini qəbul etməyərək, aşağıdakılara görə hesab edir ki, əsassızdır. Belə ki, işdən görünür ki, mübahisəli torpaq sahəsi xx.xx.1999-cü il tarixli aktla iddiaçıya təhvil verilmiş, bu zaman torpaq sahəsinin ölçüsü və Suraxanı Maşınqayırma zavodunun yanında yerləşməsini əks etdirən cizgi tərtib edilmiş, 2002-ci ildə isə Sabir küçəsi 32 ünvanı verilmişdir. Göründüyü kimi, iddiaçıya ayrılmış torpaq sahəsinin rekvizitləri artıq 2002-ci ildən tam bəlli olmuşdur. Torpaq sahəsinin 20 sentyabr 2005-ci il tarixli, 997-İİQ nömrəli Qanunu ilə təsdiq olunmuş Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin daimi istifadəsinə verilmiş ərazi olmasına gəldikdə, işdən görünür ki, iddiaçıya torpaq sahəsi daha əvvəl, xx.xx.1999-cu ildə ayrılmış, həmçinin torpaq sahəsinin yerləşdiyi torpağın təyinatı yaşayış məntəqələrinin torpağı olmaqla, yaşayış evlərinin əhatəsində yerləşmiş, qonşuluğunda yerləşən sahələrə hüquqlar cavabdeh tərəfindən artıq qeydə alınmışdır. Belə olan halda, iddiaçının “İnzibati icraat haqqında” Qanunun 12 və 13-cü maddələrində təsbit edilən prinsiplər əsas götürülməklə, mübahisəli torpaq sahəsinə mülkiyyət hüququnun qeydə alınmasını tələb etmək hüququ mövcuddur. Çünki cavabdeh mövcud inzibati praktikasını yeni praktika ilə dəyişdirməsi, yaxud eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi səbəblərini əsaslandıran hər hansı bir sübut təqdim etməmişdir. Məhkəmə qeyd edir ki, iddiaçıya ayrılmış torpaq sahəsi fərdi yaşayış evinin tikintisi məsqədilə ayrılmış torpaq olmaqla, həmin dövrdə torpaq sahəsini ayırma səlahiyyətinə malik qurum tərəfindən ayrılmışdır. Qanunvericiliyin həmin sənədi hüququların dövlət qeydiyyatı üçün əsas kimi nəzərdə tutması isə iddiaçıda mülkiyyət hüququna “qanuni gözlənti” yaratmışdır. Belə ki, “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir”. Yuxarıda qeyd olunduğu kimi, iddiaçının əsaslandığı belə bir hüquqi akt mövcud olmuşdur. Bundan başqa, işdən görünür ki, Suraxanı rayon İcra Hakimiyyəti Başçısının İddiaçı torpaq sahəsinin ayrılması barədə sərəncamı ləğv olunmamışdır və hazırda qüvvədədir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının 9 fevral 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2016-cı il tarixli Qərarında “Daşınmaz əmlakın dövlət reyestri haqqında” AR Qanununun 10.2-ci maddəsi şərh edilərək, göstərilmişdir ki, “… Qanunun 10.2.1-ci maddəsində vurğulanır ki, hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir. Bu normanın mətninə və məzmununa görə, Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı biri təqdim olunduqda, qeydiyyat orqanı əlavə olaraq digər əsaslardan (sənədlərdən) başqasının da təqdim olunmasını tələb etməyə haqlı deyil.” Göründüyü kimi, qanunvericiliyin tələbi ondan ibarətdir ki, daşınmaz əmlakla bağlı mülkiyyət hüquqların dövlət qeydiyyatına alınması üçün normativ-hüquqi aktlarla nəzərdə tutulan əsaslardan biri qeydiyyat orqanına mütləq təqdim olunmalıdır. İşin yuxarıda istinad olunan hallarından isə müəyyən olunur ki, iddiaçı bu əsası cavabdehə təqdim etmişdir. Buna görə də məhkəmə hesab edir ki, iddiaçının tələbi əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq,

qərara aldı:

İddia təmin olunsun. İddiaçı Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1999-cu il tarixli, 2466 saylı sərəncamı əsasında ayrılmış Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsində yerləşən 600 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Səlma Qənbərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar