Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-19518/2025 03.03.2026 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi İbazadə Aytən Əhəd qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X4rşı “çıxarışın verilməsi” haqqında iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, 29) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı məhkəmədə iddia qaldıraraq, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 2935A məhəllədə inşa olunmuş yüksəkmərtəbəli, çoxmənzilli yaşayış və ofis binasının 2-ci blok, 1-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 61.00 kv.m. olan 1 otaqlı, 90A nömrəli mənzilin üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bununla bağlı çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə müvafiq qərar qəbul edilməsini xahiş etmişdir.
2. Məhkəmənin qərardadı ilə iddiaçının ərizəsinə əsasən iddia tələbi “Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 2935A məhəllədə inşa olunmuş yüksəkmərtəbəli, çoxmənzilli yaşayış və ofis binasının 2-ci blok, 1-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 59,40 kv.m. olan 1 otaqlı, 90A nömrəli mənzilin üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bununla bağlı çıxarışın verilməsi” kimi dəyişdirilmişdir.
3. Tələb onunla əsaslandırılmışdır ki, Bakı şəhəri İcra Hakimiyyəti Başçısının “Özünəməxsus ərazidə ofis və yaşayış binasının, istehsalat və istirahət zonasının layihələndirilməsi haqqında” xx.xx.2005-ci il tarixli 267 saylı Sərəncamına əsasən Bakı şəhəri, Xətai rayonu, Gəncə prospektindəki, 2935 A saylı məhəllədə yerləşən avtodayanacağın tutduğu 0,2 ha torpaq sahəsində yaşayış binasının tikintisinin layihələndirilməsinə "xxxx" MMC-yə icazə verilmişdir. Binanın MMC tərəfindən 2006-cı ildə layihələndirilmiş Eskiz Layihəsi Bakı şəhəri İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsində xx.xx.2006-cı il tarixdə, 18/04-574 nömrə ilə təsdiq edilmişdir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 X1 Ekspertiza Baş İdarəsi tərəfindən 02 fevral 2007-ci il tarixli, 7383 nömrəli rəyinə əsasən "xxxx" MMC-yə Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 2935A ünvanında yaşayış binasının inşasına icazə verilmiş, həmin rəyə əsasən bina zirzəmi, kürsülü, 12 mərtəbə+texniki mərtəbədən ibarət olmalıdır. "xxxx" MMC-yə məxsus olan Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 2935 A ünvanda inşa olunan yüksəkmərtəbəli, çoxmənzilli ofis və yaşayış binasına dair həmin MMC ilə "xxxx" MMC arasında xx.xx.2005ci il tarixli Birgə təsərrüfat fəaliyyəti haqqında müqavilə bağlanmış və bina inşa edilmişdir. Mənzilin mövcud vəziyyətdə üzərində "xxxx" MMC ilə İddiaçı arasında çoxmənzilli yaşayış və ofis binasının 2-ci blok, 1-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 61,00 kv.m. olan 1 otaqlı, 90A nömrəli mənzilə dair xx.xx.2021-ci il tarixli A-048/2021 saylı müqavilə bağlanmış, mənzilin pay dəyərinin İddiaçı tərəfindən tam ödənilməsi barədə xx.xx.2021-ci il tarixli A048/2021 saylı Maliyyə arayışı verilmişdir. Beləliklə, həmin mənzilə iddiaçının sahiblik və istifadə hüququ yaranmış, yəni mülkiyyət hüququnun qeydə alınması üçün hüquqi əsas yaranmışdır. Belə ki, həmin mənzil hal-hazırda iddiaçının sahiblik və istifadəsindədir. Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 2935A ünvanında yerləşən həmin yaşayış binası həmin ünvanda yaradılmış "xxxx" mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti xx.xx.2017-ci il tarixdə Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınmışdır və həmin bina hazırda "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti (MMMC) tərəfindən idarə olunur. Bina bütün kommunal xətlərlə, o cümlədən işıq, qaz, su, kanalizasiya, internet ilə təchiz olunmuş və sakinlər 15 ildən artıqdır ki, həmin binada yaşayır. O cümlədən "xxxx" MMMC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli yaşayış yeri haqqında arayışdan görünür ki, İddiaçı həmin mənzildə yaşayır. Belə ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 Agentliyi tərəfindən 18 mart 2019-cu il tarixdə təsdiq edilmiş həmin Agentliyin nəzdində yaradılmış Təhlil Qrupunun 18 mart 2019-cu il tarixli, 974 nömrəli rəyindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 2935A ünvanında "xxxx" MMC tərəfindən inşa olunmuş 2 girişli 16 mərtəbəli yaşayış binasının təyinatı dəyişdirilməmək şərti ilə binaya qazın verilməsi baxımından konstruksiyaları möhkəmlik və dayanıqlıq tələblərini ödədiyi göstərilmişdir. Həmçinin həmin rəyin “Nəticə” hissəsində qeyd edilmişdir ki, “Binanın layihə sənədlərinə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 X1 Ekspertiza Baş İdarəsi tərəfindən binanın mövcud vəziyyəti nəzərə alınmaqla müsbət rəyin alınması zəruri hesab edilir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 Agentliyinin nəzdində yaradılmış Təhlil Qrupunun18 mart 2019-cu il tarixli, 974 saylı iclasında binanın yükdaşıyan konstruksiyalarının möhkəmlik və dayanıqlığı binaya qazın verilməsi baxımından istismara yararlı olması barədə qərar qəbul edilmişdir. İddiaçı həmin mənzilə dair pay haqqını – mənzilin dəyərini tam ödədiyindən, onun həmin mənzil üzərində sahiblik və istifadə hüququ olması əsası ilə müvafiq mənzilə dair hüquqlarının qeydiyyata alınması üçün cavabdeh inzibati orqana xx.xx.2025-ci il tarixli ərizə ilə müraciət etmiş, həmin müraciətə DƏDKR PHŞ-nin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli məktubu ilə imtina cavabı verilmişdir. Həmin imtina onunla əsaslandırılmışdır ki: “- ...Aparılan araşdırma zamanı qeyd olunan ünvanda yerləşən yaşayış binasının istismarına icazə sənədinin 1 saylı Bakı Ərazi İdarəsinə təqdim edilmədiyi müəyyən edilmişdir. - ...tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismara icazə təqdim olunmalıdır”. Həmin imtinanı qanunsuz və əsassız hesab edir. Əvvəla ona görə ki, həmin imtina əsaslandırılmamışdır. Belə ki, ən azı ona görə ki, iş üzrə cavabdeh tərəfindən həmin binada yerləşən çoxsaylı mənzillərə dair 2012-ci ildən başlayaraq digər sakinlərin mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və həmin şəxslərə mülkiyyət hüququna dair çıxarışlar verilmişdir və həmin şəxslərin mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması məhz məhkəmə qərarları, o cümlədən inzibati məhkəmələr yaranana qədər Xətai rayon Məhkəməsinin, bundan sonra isə Bakı İnzibati Məhkəməsinin qanuni qüvvəyə minmiş qətnamə və qərarları əsasında təmin edilmişdir (bu barədə məhkəmə aktlarının bir qismi məlumat üçün təqdim edilir). Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinə əsasən, hamı qanun və məhkəmə qarşısında bərabərdir. Bu prinsip həm qanunvericilik səviyyəsində, həm də inzibati fəaliyyət zamanı tətbiq edilməlidir. Eyni binada, eyni hüquqi və faktiki şəraitdə yaşayan şəxslərdən yalnız bir qisminə çıxarış verilməsi, digərlərinə isə imtina edilməsi Konstitusiyanın 25-ci maddəsinə və hüququn bərabərlik prinsipinə ziddir. Eyni binada yaşayan digər şəxslərə məhkəmə qərarları əsasında çıxarış verilmişsə, bu artıq qanunla qadağan olunmayan və hüquqi presedentlə qəbul edilən haldır. Məhkəmə qərarları normativ hüquqi akt olmasa da, praktiki hüququn tətbiqi sahəsində əsas göstəricidir. Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) qərarlarında təsbit edildiyi kimi, şəxslərin qanuni gözləntilərinə hörmət edilməlidir. Əgər eyni binada eyni faktiki və hüquqi vəziyyətdə olan digər şəxslər çıxarış alıblarsa, vətəndaş da mülkiyyət hüququnun qeydiyyata alınması istiqamətində eyni gözləntiyə sahibdir (“D.H. and Others v. the Czech Republic” işində AİHM göstərmişdir ki,eyni vəziyyətdə olan şəxslərə fərqli yanaşma – bərabərlik prinsipinin pozulmasıdır və dövlət bunu əsaslandırmalıdır. ..."X3 Ltd v. İreland" işində AİHM bildirmişdir ki,eyni şəraitdə olan şəxslər eyni hüquqi nəticə gözləyə bilər və dövlət bu gözləntiləri pozmamalıdır). İnzibati orqanların inzibati praktikası həm də onların özlərinin müstəqil olaraq formalaşdırdığı, yaxud məhkəmə qərarları əsasında formalaşmış hüquq tətbiqi praktikası kimi fərqləndirilə bilər. Əgər hər hansı məsələ üzrə mübahisə məhkəmə çəkişməsi nəticəsində həll edilmişsə, eyni faktiki hallara və hüquqi əsaslara söykənən sonrakı mübahisələrdə inzibati orqan özünün praktikasını həmin qərarın məzmununa uyğunlaşdırmaqla formalaşdırmağa borcludur. Nəzərə alınmalıdır ki, inzibati orqanın məhkəmə qərarına əsaslanan inzibati (hüquq tətbiqi) praktikasının dəyişdirilməsi üçün ya həmin məhkəmə qərarı hüquqi qüvvəsini itirməli və ya sonradan həmin məsələyə münasibətdə yeni məhkəmə təcrübəsi formalaşmalı, yaxud da məhkəmə qərarının əsasında duran maddi-hüquqi əsaslar dəyişməlidir. İşin həqiqi hallarından göründüyü kimi, eyni hüquqmüəyyənedici sənədlər əsasında müxtəlif nömrəli mənzillər üzərində mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bununla bağlı daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilməsinə baxmayaraq, iddiaçının həmin sənədlər əsasında eyni yaşayış binasının müvafiq mənzili üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarışın verilməsi barədə müraciətinin təmin edilməsindən imtina edilmiş, nəticədə etimad hüququnun qorunması və bərabərlik prinsipinin tələbləri pozulmuşdur. Hesab edir ki, əgər eyni *istismarına icazəsi olmayan* binada yaşayan digər vətəndaşlara münasibətdə mülkiyyət hüququ tanınıbsa, vətəndaşın analoji vəziyyətdə olan tələbini rədd etmək bərabərlik prinsipinin və hüquqi ardıcıllığın pozulması deməkdir və bu, məhkəmə müdaxiləsini tələb edən haldır. Beləliklə, mübahisəli yaşayış sahəsinin qanuni əsaslarla iddiaçının mülkiyyətinə (istifadə və sahiblik hüququ ilə) verilməsi barədə mötəbər sübutların olmasına və həmin sənədlərin yaşayış sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınmasına əsas verdiyinə baxmayaraq, cavabdeh əsassız olaraq yaşayış sahəsinə mülkiyyət hüququnun qeydə alınmasından imtina etmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 15.1-ci maddəsinə əsasən, qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 15.2-ci maddəsinə görə, qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Tikintisi başa çatmış obyektlərə mövcud qanunvericiliyə uyğun olaraq istismara qəbul aktının verilməsi tikintiyə dövlət nəzarətinin təkmilləşdirilməsi ilə əlaqədar başlanılmışdır. Qeyd edilən bina isə həmin dövrdən əvvəl inşa edildiyindən onun tikintisinə dövlət nəzarəti mövcud qanunvericiliyə uyğun həyata keçirilməmiş, həmin bina istismara icazə alınmadan sakinlər tərəfindən istismar olunur. Hazırda binanın müvafiq tikinti norma və qaydalarına əsasən inşa olunmaması və ya istismara icazə sənədi mövcud olmadığına görə sökülməsi ilə bağlı hər hansı inzibati icraat aparılmır və ya aidiyyəti dövlət orqanı tərəfindən qaldırılmış iddia yoxdur. Belə olan təqdirdə mübahisəli mənzilin yerləşdiyi ünvan 6 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasının tikintiyə icazə sənədinin cavabdeh inzibati orqana təqdim edilməməsi iddiaçının mülkiyyət hüququnun pozulması və ya məhdudlaşdırılması üçün ağlabatan əsas olaraq qəbul edilməməlidir. İddiaçı binanın sifarişçisi olmamış, odur ki, istismara icazə sənədlərinin təqdim edilməsi iddiaçı tərəfindən təmin oluna bilməz. Beləliklə, eyni mühüm faktiki hallara, hüquqmüəyyənedici sənədlərə malik olmasına baxmayaraq, cavabdeh inzibati orqan əsassız olaraq iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir. Bununla da inzibati orqan öz praktikasında vətəndaşlara münasibətdə bərabər davranmamışdır. Mövcud qanunvericilik (“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi) daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyatına əsasların dairəsini konkret müəyyən edir. Hesab edir ki, hazırkı işin halları üzrə iddiaçının qanunla müəyyən olunmuş qaydada əldə etdiyi mənzilə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından (“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən) imtina edilməsinə qanuni əsaslar mövcud deyildir. Ona görə də hesab edir ki, iddiaçı hazırkı iddiası ilə məhkəməyə müraciət etməkdə haqlıdır, cavabdehin imtinası qanuna zidd olmaqla iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Həmçinin hesab edir ki, “İnzibati icraat haqqında” Qanunun 12.2-ci maddəsi inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağan edir, eyni zamanda həmin binada yerləşən çoxsaylı mənzillərə dair digər sakinlərin mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı nəzərə alınaraq, bu hal “İnzibati icraat haqqında” Qanunun 18-ci maddəsində nəzərdə tutulan “çoxun azı ehtiva etməsi” prinsipinə əsas verir. Göründüyü kimi, cavabdehin imtinası qanunsuz olmqla yanaşı, həmin imtina nəticəsində iddiaçı ayrıseçkiliyə məruz qalmışdır?! Bu hal isə qəbuledilməzdir. Bununla yanaşı, yuxarıda tələb olunan bütün sənədlərin (tikinti obyektinin istismara icazəsi istisna olmaqla) tərəfimizdən Məhkəməyə təqdim edilir. Beləliklə, yuxarıda qeyd edilənlərdən göründüyü kimi, cavabdehin imtinası qanunsuzdur. Ona görə də, iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalır.
4. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanan daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə bildirişdə qeyd olunmuşdur ki, aparılan araşdırma zamanı qeyd olunan ünvanda yerləşən yaşayış binasının istismarına icazə sənədinin 1 saylı Bakı Ərazi İdarəsinə təqdim edilmədiyi müəyyən edilmişdir.
5. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilən yazılı etirazda qeyd olunmuşdur ki, qeyd olunan ünvanda yerləşən yaşayış binasının istismarına icazə sənədinin 1 saylı Bakı Ərazi İdarəsinə təqdim edilmədiyi müəyyən edilmişdir. İdarənin mütəxəssisləri tərəfindən müvafiq daşınmaz əmlaka texniki baxış zamanı məlum olmuşdur ki, mənzilin faktiki ölçüsü 59,40 kv.m təşkil edir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.9.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı daşınmaz əmlak üzərində hüquq əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri hesab edilir. Həmin Qanunun 8.0.10.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən sonra (2013-cü il yanvarın 1-dən sonra) tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə təqdim olunmalıdır. "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 9.1.3-cü maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub olmamasının müəyyən edilməsi yolu ilə aparılır. “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yer qurluşu haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinə əsasən dövlət torpaq kadastrının məlumatları dövlət orqanlarının, bələdiyyələrin və məhkəmələrin qərar qəbul etməsi üçün əsasdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Yuxarıda qeyd olunanları nəzərə alaraq Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsini rəhbər tutaraq iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş edilir.
6. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş Bakı şəhəri İcra Hakimiyyəti Başçısının “Özünəməxsus ərazidə ofis və yaşayış binasının, istehsalat və istirahət zonasının layihələndirilməsi haqqında” xx.xx.2005-ci il tarixli 267 saylı Sərəncamına əsasən Bakı şəhəri, Xətai rayonu, Gəncə prospektindəki, 2935 A saylı məhəllədə yerləşən avtodayanacağın tutduğu 0,2 ha torpaq sahəsində yaşayış binasının tikintisinin layihələndirilməsinə "xxxx" MMC-yə icazə verilmişdir.
7. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2005-ci il tarixli Birgə təsərrüfat fəaliyyəti haqqında müqaviləyə əsasən tərəflər "xxxx" MMC və "xxxx" MMC olmaqla Bakı şəhər İH-nin başçısının 267 saylı, 12.10,2005-ci il tarixli sərəncamı ilə Bakı şəhəri, Xətai rayonu, Gəncə prospektindəki 2935 “A” saylı məhəllədə 0.2 ha torpaq sahəsində 2 bloklu yaşayış binasının layihələndirilməsi və tikintisi ilə əlaqədar birgə fəaliyyət öhdəliklərinin yerinə yetirilməsini öz öhdəsinə götürmüşdürlər.
8. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş Eskiz Layihəsinə əsasən Bakı şəhəri İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsində layihə xx.xx.2006-cı il tarixdə, 18/04-574 nömrə ilə təsdiq edilmişdir.
9. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 X1 Ekspertiza Baş İdarəsi tərəfindən 02 fevral 2007-ci il tarixli, 7383 nömrəli rəyinə əsasən "xxxx" MMC-yə Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 2935A ünvanında yaşayış binasının inşasına icazə verilmiş, həmin rəyə əsasən bina zirzəmi, kürsülü, 12 mərtəbə+texniki mərtəbədən ibarət olmalıdır.
10. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş "xxxx" MMC-nin tərtib etdiyi 16 noyabr 2005cı il tarixli müqaviləyə əsasən İcraçı "xxxx" MMC-in Gəncə pr. 2935A ünvanda inşa etdiyi mövcud olan 16 - mərtəbəli ofis və yaşayış binasının 0.000 səviyyəsindən 2-ci blok, 1-ci mərtəbəsindən 2-otaqlı, 90A №-li mənzili almaq üçün Payçı İddiaçı müraciət etmiş və tərəflər arasında bu müqavilə bağlanmışdır. "xxxx" MMC - in Gəncə pr. 2935 A ünvanda inşa etdiyi mövcud olan 16 mərtəbəli ofis və yaşayış binasında 2-otaqlı, 61,00 kv.m. təşkil edir. "xxxx" MMC-in inşa etdiyi ofis və yaşayış binasından alacağı 2 - otalı, 61,00 kv.m. olan mənzilin dəyərini payçı tam ödəməyi öhdəsinə götürmüşdür.
11. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş "xxxx" MMC-nin tərtib etdiyi 10 noyabr 2021ci il tarixli A-048/2021 saylı maliyyə arayışına əsasən Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 2935 A məhəllədə inşa olunmuş yüksəkmərtəbəli, çoxmənzilli yaşayış və ofis binasının 2-ci blok ,0,000 səviyyəsindən başlayan 1-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 61,00 kv.m.olan 2 otaqlı, 90A №-li mənzilin müqavilə dəyəri "xxxx" MMC-yə və "xxxx" MMC-yə İddiaçı tərəfindən tam ödənilib.
12. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş "xxxx" MMMC-nin xx.xx.2025-ci il tarixli arayışında qeyd edilmişdir ki, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 2935A məhəllədə inşa olunmuş yüksəkmərtəbəli, çoxmənzilli yaşayış binasının 2-ci blok,1-ci mərtəbə,61 kv.m sahəsi olan, 2-otaqlı, 90A №-li mənzildə, ailəsi ilə birlikdə qeydiyyatsız yaşayırlar.
13. Məhkəmə sorğusu əsasən Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin 16 dekabr 2025ci il tarixli 3-35/2-8413/2025 saylı məktubu ilə bildirilmişdir ki, Komitənin arxivində mövcud olan müvafiq sənədlərə baxış nəticəsində qeyd edilən istismara icazə sənədi aşkar edilməmişdir.
14. Məhkəmənin sorğusuna əsasən cavabdeh tərəfindən 3-21-3-30/2-3599/2026 saylı 21 yanvar 2026-cı il tarixli məktubu ilə Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 2935A məhəllə ünvanında yerləşən mənzillərə dair məlumat və sənəd surətləri təqdim edilmişdir.
15. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili iddia tələbinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi.
16. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə şifahi məhkəmə baxışı iclasında onun iştirakı olmadan baxılmasını və məhkəmə qərarı qəbul edilməsini mümkün hesab etmişdir.
II. İddianın növü və mümkünlüyü
17. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli №4 Qərarının 17-ci bəndinə əsasən, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz.
18. İddia tələbi daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsidir, iddiaçının yekun məqsədi mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla çıxarışın verilməsi olduğundan iddianın növü öhdəliyin icrasına dair iddiadır.
19. “İnzibati icraat haqqında” Qanunun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur.
20. İddia mümkündür.
III. Məhkəmənin mövqeyi
21. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1-ci maddəsində və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə əsasən müəyyən edilir.
22. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun: 8.0-cı maddəsinə əsasən, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə;
23. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139-1.1.6. Mənzil tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklənəzərdə tutulmuş pay haqqı tam ödənildikdə) Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasdır.
24. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: 112.1-ci maddəsinə əsasən mənzil-tikinti kooperativinin üzvü pay haqqını tam ödədikdə, yaşayış sahəsinə mülkiyyət hüququ əldə edir. 113.1-ci maddəsinə əsasən mənzil-tikinti kooperativinə üzv qəbul edilmiş fiziki və ya hüquqi şəxsə mənzil-tikinti kooperativi binasında ödənilən pay haqqının miqdarına müvafiq olaraq mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı əsasında yaşayış (qeyri- yaşayış) sahəsi verilir. Mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qeyd olunan qərarı həmin kooperativə yeni üzv qəbul edildikdə mənzil-tikinti kooperativinə üzvlüyə qəbul edilmə haqqında qərarla birlikdə qəbul edilir və həmin qərarda mənzil-tikinti kooperativi binasının ünvanı, verilən sahənin (mənzilin və ya qeyri-yaşayış sahəsinin) dəqiq ölçüləri, mərtəbə göstərilməklə binada yerləşməsi və digər mövcud göstəriciləri göstərilməli, həmçinin verilən sahənin (mənzilin və ya qeyri-yaşayış sahəsinin) plan-cizgisi bu qərara əlavə olunmalıdır. 113.2-ci maddəsinə əsasən Bu Məcəllənin 113.1-ci maddəsində göstərilən qərar mənziltikinti kooperativi binalarının yaşayış sahələrinə köçmə üçün, nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə isə daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüquqlarının qeydə alınması üçün əsasdır.
25. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarında göstərilmişdir ki, “Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatı nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər bir fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir.”
26. İddia ərizəsinin məzmunundan görünür ki, İddiaçı Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V” yaşayış sahəsi, 13M saylı evin 138 saylı mənzili üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, bu barədə dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.
27. Məhkəmə iş materiallarını araşdıraraq müəyyən edir ki, - "xxxx" MMC-nin tərtib etdiyi 16 noyabr 2005-cı il tarixli müqaviləyə əsasən İcraçı "xxxx" MMC-in Gəncə pr. 2935A ünvanda inşa etdiyi mövcud olan 16 - mərtəbəli ofis və yaşayış binasının 0.000 səviyyəsindən 2-ci blok, 1- ci mərtəbəsindən 2-otaqlı, 90A №-li mənzili almaq üçün Payçı İddiaçı müraciət etmiş və bu müqavilə bağlanmış, "xxxx" MMC in Gəncə pr. 2935 A ünvanda inşa etdiyi mövcud olan 16 mərtəbəli ofis və yaşayış binasında 2-otaqlı, 61,00 kv.m. mənzilin dəyərini Payçı tam ödəməyi öhdəsinə götürmüşdür. - "xxxx" MMC-nin tərtib etdiyi 10 noyabr 2021-ci il tarixli A-048/2021 saylı maliyyə arayışına əsasən Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 2935 A məhəllədə inşa olunmuş yüksəkmərtəbəli, çoxmənzilli yaşayış və ofis binasının 2-ci blok, 0,000 səviyyəsindən başlayan 1-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 61,00 kv.m.olan 2 otaqlı, 90A №-li mənzilin müqavilə dəyəri "xxxx" MMC-yə və AENT-E MMC-yə İddiaçı tərəfindən tam ödənilib. - "xxxx" MMMC-nin xx.xx.2025-ci il tarixli arayışında qeyd edilmişdir ki, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 2935A məhəllədə inşa olunmuş yüksəkmərtəbəli, çoxmənzilli yaşayış binasının 2-ci blok,1-ci mərtəbə,61 kv.m sahəsi olan, 2-otaqlı, 90A №li mənzildə, ailəsi ilə birlikdə qeydiyyatsız yaşayırlar.
28. Cavabdeh orqan imtinanın dəlili olaraq qeyd etmişdir ki, qeyd olunan ünvanda yerləşən yaşayış binasının istismarına icazə sənədinin 1 saylı Bakı Ərazi İdarəsinə təqdim edilmədiyi müəyyən edilmişdir. İdarənin mütəxəssisləri tərəfindən müvafiq daşınmaz əmlaka texniki baxış zamanı məlum olmuşdur ki, mənzilin faktiki ölçüsü 59,40 kv.m təşkil edir.
29. Məhkəmə bununla bağlı müəyyən edir ki, Bakı şəhəri İcra Hakimiyyəti Başçısının “Özünəməxsus ərazidə ofis və yaşayış binasının, istehsalat və istirahət zonasının layihələndirilməsi haqqında” xx.xx.2005-ci il tarixli 267 saylı Sərəncamına əsasən Bakı şəhəri, Xətai rayonu, Gəncə prospektindəki, 2935 A saylı məhəllədə yerləşən avtodayanacağın tutduğu 0,2 ha torpaq sahəsində yaşayış binasının tikintisinin layihələndirilməsinə "xxxx" MMC-yə icazə verilmişdir. "xxxx" MMC və "xxxx" MMC arasında xx.xx.2005-ci il tarixli Birgə təsərrüfat fəaliyyəti haqqında müqavilə bağlanmaqla Bakı Şəhər İH-nin başçısının 267 saylı, xx.xx.2005-ci il tarixli sərəncamı ilə Bakı şəhəri, Xətai rayonu, Gəncə prospektindəki 2935 “A” saylı məhəllədə 0.2 ha torpaq sahəsində 2 bloklu yaşayış binasının layihələndirilməsi və tikintisi ilə əlaqədar birgə fəaliyyət öhdəliklərinin yerinə yetirilməsini tərəflər öz öhdəsinə götürmüşdürlər. Sözügedən binaya dair 2006-cı ildə eskiz layihə tərtib edilərək Bakı şəhəri İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsində xx.xx.2006-cı il tarixdə, 18/04-574 nömrə ilə təsdiq edilmişdir. "xxxx" MMC-yə Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 2935A ünvanında yaşayış binasının inşasına icazə verilməsinə dair Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 X1 Ekspertiza Baş İdarəsi tərəfindən 02 fevral 2007-ci il tarixli, 7383 nömrəli rəy verilmiş, həmin rəyə əsasən bina zirzəmi, kürsülü, 12 mərtəbə+texniki mərtəbədən ibarət olmalı olduğu göstərilmişdir.
30. Məhkəmə qeyd edilənləri məcmu halında qiymətləndirərək qeyd edir ki, iddiaçıda mövcud olan sənədlər ona daşənmaz əmlak üzrə mülkiyyət hüququnun tanınmasına əsas verir. Belə ki, Qanunun 8.0.9 ve 8.0.9.2. maddələlərinə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: çoxmənzılli binalara, qeyri-yalayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, mıvafidicra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə bərədə qərarı, istismara qəbul aktı daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin məhdudlaşdırılmasının əsası hesab edilmişdir.
31. Məhkəmə nəzərə alır ki, "xxxx" MMC-nin 10 noyabr 2021-ci il tarixli A-048/2021 saylı maliyyə arayışına əsasən müəyyən olunur ki, mübahisə predmeti olan əmlak - Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 2935 A məhəllədə inşa olunmuş yüksəkmərtəbəli, çoxmənzilli yaşayış və ofis binasının 2-ci blok, 0,000 səviyyəsindən başlayan 1-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 61,00 kv.m.olan 2 otaqlı, 90A saylı mənzil İddiaçı adına keçirilmişdir. Mənzilin ümumi dəyəri onun tərəfindən "xxxx" MMC və "xxxx" MMC-yə tam ödənilmişdir. Beləliklə İddiaçı Cəmiyyətə heç bir borcu yoxdur.
32. Cavabdehin digər dəlili ondan ibarətdir ki, mənzilin sənəd üzrə ümumi ölçüsü 61.00 kv.m göstərilsə də, baxış keçirilən zaman mənzilin faktiki ölçüsünün 59,40 kv.m olduğu müəyyən edilmişdir. Məhkəmə bununla bağlı qeyd edir ki, iddiaçı iddia tələbini dəqiqləşdirərək, məhz faktiki istifadəsində olan ümumi sahəsi 59,40 kv.m olan 90A nömrəli mənzilin üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi xahiş etmişdir.
33. Həmçinin nəzərə almaq lazımdır ki, iş materiallarına əlavə edilmiş oxşar işlər üzrə eyni faktiki və hüquqi əsasa istinad olunan və Bakı İnzibati Məhkəməsində baxılan iş üzrə iddiaçının iddiasının təmin olunmasına dair qərardan cavabdeh İdarə tərəfindən şikayət verilməmiş, məhkəmə qərarı icra edilərək hüquqmüəyyənedici sənəd verilmişdir.
34. Beləliklə, yuxarıda göstərilmiş işin hallarından və tətbiq edilmiş maddi hüquq normalarından göründüyü kimi, hüququn qeydə alınmasından imtina üçün qanunvericilikdə nəzərdə tutulan əsasların hər hansı biri mövcud olmadığından və hüququn qeydə alınması üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 11-ci maddəsinin tələbləri təmin edildiyindən, iddiaçının sözügedən mənzilə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün əsas olmuşdur.
35. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsindən: Xidmətin vəzifələri: 3.0.18. daşınmaz əmlakın dövlət reyestrini aparmaq, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüquqlarının qeydiyyatını həyata keçirmək;
36. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdehin imtinası əsassızdır və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Bu baxımdan məhkəmə hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir.
37. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.
38. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
39. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.
40. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə əsasən konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir.
41. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində inzibati orqanın imtinası və ya hərəkətsizliyindən yaranır) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPM-in 73.1-ci maddəsi tətbiq oluna bilər.
42. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ:
İddia təmin edilsin. Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 2935A məhəllədə inşa olunmuş yüksəkmərtəbəli, çoxmənzilli yaşayış və ofis binasının 2-ci blok, 1-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 59,40 kv.m. olan 1 otaqlı, 90A nömrəli mənzil üzərində İddiaçı xüsusi mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi vəzifəsi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim Ləman Musayeva