Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-1957/2025 21.01.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X1 Sabir oğlunun sədrliyi, Zeynalova Leyla Afiq qızının katibliyi ilə, iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Cavabdeh qarşı “siyahıya alınmış əmlakın müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə satılması” tələbinə dair işə məhkəmənin binasında açıq, şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin xx.xx.2024 tarixə qeyd olunan borc məbləğindən dövlət büdcəsinə 3.919,14 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 15000 manat məbləğində siyahıya alınmış əmlakının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə satılması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddianın əsaslarına görə, vergi ödəyicisi olan Cavabdeh (VÖEN **********) Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə vergi öhdəliklərini yerinə yetirmədiyi üçün onun dövlət büdcəsinə borcu yaranmışdır. Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinə ödənilməsi məqsədi ilə ona bildiriş verilmişdir. Lakin cavabdehə borc məbləğinin ödənilməsi üçün bildiriş verilməsinə baxmayaraq yaranmış borc məbləği yenə də ödənilməmişdir. Ona görə də Vergi Məcəlləsinin 89.1-ci maddəsinə əsasən, vergi öhdəliklərinin yerinə yetirilməsini təmin etmək üsulu kimi vergi orqanı vergi ödəyicisinin əmlakının siyahıya alınması barədə xx.xx.2024 tarixli Qərar çıxarmışdır. Qərar əsasında vergi ödəyicisinin xx.xx.2024 tarixə yaranan 3919,14 manat borcuna görə 15000 manat məbləğində əmlakı siyahıya alınmış və bu barədə xx/xx/2024 tarixli **********3 saylı Protokol tərtib edilmişdir. Protokola siyahıya alınmış əmlakın siyahısı əlavə edilmişdir. Əmlak siyahıya alındıqdan sonra 30 gün müddətində borc dövlət büdcəsinə ödənilmədiyi halda siyahıya alınmış əmlakın satılması üçün məhkəmədə iddia qaldırılacağı barədə Vergi Məcəlləsinin 70.2-ci maddəsinin tələblərinə uyğun olaraq cavabdehə xx.xx.2024 tarixli xəbərdarlıq məktubu göndərilmişdir. Cavabdehin xx.xx.2024 tarixə yuxarıda qeyd olunan borc məbləğindən dövlət büdcəsinə 3919,14 manat ödənilməmiş borcu qalmışdır. Məhkəmənin xx.xx.2024-cü il tarixli, e-2-1(112)-11567/2024 nömrəli sərəncamı cavabdehə ünvanlanmış və iddia ərizəsində qeyd olunanlarla bağlı yazılı münasibət (etiraz) bildirməsi təklif olunmuş, lakin cavabdeh tərəfindən münasibət bildirilməmişdir. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçının nümayəndəsi və cavabdeh məhkəmə iclasında iştirak etməmiş və iştirak etməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - “İPM”) 62.3-cü maddəsinə əsasən hazırkı işə tərəflərin iştirakı olmadan, tam, obyektiv və hərtərəfli baxılmasını mümkün hesab etmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişlərində tərəflər məhkəmə baxışı iclasına gəlmədikləri halda da onların iştirakı olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişlər. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İPM-in 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Hazırkı iddia öhdəliyin icrası haqqında olmaqla mümkün iddiadır. Məhkəmə aşağıdakı hallara görə iddianı əsassız hesab edir. İddiaçı tərəfindən “Əmlakın siyahıya alınması haqqında” xx.xx.2024-cü il tarixli **********3 nömrəli qərar qəbul edilmişdir. “Əmlakın siyahıya alınması haqqında” xx.xx.2024-cü il tarixli **********3 nömrəli protokoldan görünür ki, cavabdehə məxsus 1 ədəd qiyməti 15.000 manat olan Mercedes E 270 minik markalı, 99ZZ112 dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi iddiaçı tərəfindən siyahıya alınmışdır. “ “Vergi ödəyicisinin siyahıya alınmış əmlakına qoyulmuş məhdudiyyətlərin pozulmasına görə məsuliyyət daşıması” barədə xx.xx.2024-cü il tarixli, **********775700 nömrəli xəbərdarlıqdan görünür ki, Vergi Məcəlləsinin 89-cu maddəsinə əsasən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2024-cü il tarixli, **********3 nömrəli qərarına əsasən cavabdehin xx.xx.2024-cü il tarixində 15.000 manat dəyərində əmlakının siyahıya alındığı bildirilmiş, borcun ödənilmədiyi təqdirdə məhkəməyə müraciət olunacığı barədə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X3 İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-13-16/2-123552/2024 nömrəli sorğuya cavab məktubuna əsasən DİN Baş X3 İdarəsi Qeydiyyat-İmtahan İdarəsinin kompüter uçot bazasının məlumatlarına əsasən **- ZZ-*** dövlət qeydiyyat nişanı “Mercedes” markalı nəqliyyat vasitəsinə təhkim edilməmiş və Cavabdeh adına qeydiyyata alınmamışdır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin (bundan sonra VM) 1.4-cü maddəsinə əsasən bu Məcəllənin vergitutmanın ümumi əsasları, vergilərin ödənilməsi qaydaları (ödənilməsi mənbələri istisna olmaqla), vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələri, vergi nəzarətinin forma və metodları, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydaları ilə bağlı müddəaları məcburi dövlət sosial sığorta haqqı, icbari tibbi sığorta haqqı və işsizlikdən sığorta haqqına münasibətdə də tətbiq olunur. Həmin Məcəllənin 16.1.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək - vergi ödəyicisinin vəzifəsidir. Həmin Məcəllənin 89.1-ci maddəsinə əsasən, vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə yaranmış vergi borclarının, habelə həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi onun əmlakı siyahıya alına bilər. VM-nin 90.1-ci maddəsinə əsasən, vergi ödəyicisinin əmlakı siyahıya alındıqdan sonra 30 gün müddətində vergi öhdəliyi yerinə yetirilmədikdə, vergi orqanı vergilər, faizlər və maliyyə sanksiyaları üzrə dövlət büdcəsinə yaranmış borclarının ödənilməsinin təmin olunması məqsədi ilə siyahıya alınmış əmlakın zəruri və kifayət olan həcmdə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə, habelə dəyəri 5000 manatdan artıq olmayan daşınar əmlakların isə ticarət şəbəkələrində satılması haqqında qərar qəbul olunması üçün məhkəməyə müraciət edə bilər. “Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2000-ci il tarilxi 393 nömrəli Fərmanının 1.1-ci bəndinə əsasən Azərbaycan Respublikası Vergi Məcəlləsinin 23.1.15-1-ci maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir. 1.40-1-ci bəndinə görə həmin Məcəllənin 23.1.15-1-ci, 90.1-ci maddələrində, 90.3-cü maddəsinin birinci hissəsində və 90.3.2-ci maddəsinin birinci və ikinci cümlələrində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi nəzərdə tutulur. İş materiallarından da göründüyü kimi iddiaçı cavabdehin vergi borcunun olduğunu iddia etmiş, vergi borcunun təmin edilməsi məqsədi ilə isə “Mercedes E 270 minik markalı, 99ZZ112 dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi”ndən ibarət əmlakı siyahıya almışdır. Halbuki, iddiaçı həmin dövlət qeydiyyat nişanlı əmlakın mövcud olmadığını və cavabdehin adına qeydiyyata alınmadığını nəzərə almamışdır. Bununla bağlı Məhkəmə bildirir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.2-ci maddəsinə əsasən daşınar əmlaka hüquqlar yalnız qanunvericilikdə nəzərdə tutulan hallarda dövlət qeydiyyatına alınmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 15 mart tarixli 39 nömrəli qərarı ilə təsdiq edilmiş “Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında Əsasnamə”nin 1.3. Dövlət qeydiyyatı nəqliyyat vasitələrinin konstruksiyasının, texniki vəziyyətinin və avadanlığının qəbul olunmuş təhlükəsizlik qaydalarına uyğun olması, nəqliyyat vasitələrinin istifadə olunması və ya çıxdaş edilməsi zamanı uçot göstəricilərində dəyişiklik aparılması, nəqliyyat vasitələrinin hərbi mükəlləfiyyətinin müəyyən olunması, nəqliyyat vasitələrinin sahibləri tərəfindən rüsumların, yol hərəkəti, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalara görə tətbiq edilmiş inzibati cərimələrin ödənilməsi, eləcə də nəqliyyat vasitələrinin mərkəzləşdirilmiş şəkildə və regionlar üzrə uçota alınması, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasının və sərnişin daşımaları xidmətini həyata keçirən avtonəqliyyat vasitələri ilə daşınan sərnişinlərin (şəhərdaxili və ya qəsəbədaxili daşınan sərnişinlər istisna olmaqla) fərdi qəza sığortasının təmin edilməsi, həmçinin cinayətkarlığa və digər hüquqpozmalara qarşı mübarizə aparılması məqsədi ilə həyata keçirilir. Nəqliyyat vasitəsinin qeydiyyatı sahibinin (hüquqi və ya fiziki şəxslərin) adına, kollektiv mülkiyyətdə olan nəqliyyat vasitələri isə yalnız bir şəxsin adına aparılır. Qeydiyyat üzrə daimi uçota alınan nəqliyyat vasitəsinin dövlət qeydiyyat şəhadətnaməsi və dövlət qeydiyyat nişanları (avtomobillərə iki ədəd, motosikl, traktor və qoşqulara bir ədəd) verilir. Qeyd: Xüsusi xidmət və əməliyyat orqanlarının istifadəsi üçün nəqliyyat vasitələrinə qeydiyyat zamanı verilmiş dövlət qeydiyyat nişanlarından başqa Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi rəhbərliyinin icazəsi ilə əlavə dövlət qeydiyyat nişanları verilə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 20 dekabr tarixli 345 nömrəli qərarı ilə təsdiq edilmiş “Nəqliyyat vasitələrinə rəqəmlərin və hərflərin kombinasiyası üzrə dövlət qeydiyyat nişanlarının verilmə” Qaydasının 1.2-ci maddəsinə əsasən avtonəqliyyat vasitələrinə dövlət qeydiyyat nişanı nəqliyyat vasitəsinin dövlət qeydiyyatına alınması zamanı verilir. Nəqliyyat vasitəsinin sahibi dövlət qeydiyyatı zamanı verilmiş dövlət qeydiyyatı nişanının rəqəm və hərf kombinasiyasının dəyişdirilməsi üçün müraciət edə bilər. Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması işlərinin aparılması barədə Təlimatın 2.13-cü bəndinə əsasən nəqliyyat vasitəsinin dövlət qeydiyyatından keçirilməsi, dövlət qeydiyyat nişanlarının və qeydiyyat şəhadətnaməsinin verilməsi barədə qeydiyyat hərəkətlərinin aparılması reyestrində (Təlimata 5 nömrəli əlavə müvafiq yazılar qeyd olunur. Qeydiyyat hərəkətlərinin növləri üzrə ayrıca reyestrlər aparılır. Mövcud qanunvericilik aktlarının və normativ hüquqi tənzimləyici sənədlərin imperativ tələblərindən irəli gələrək, daşınar əmlaka hüquqlar yalnız qanunvericiliklə müəyyən edilmiş hallarda dövlət qeydiyyatına alınır. Belə hüquqlardan biri də nəqliyyat vasitələrinin mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması mexanizmi ilə həyata keçirilir. Bu prosedur Azərbaycan Respublikasının müvafiq qanunvericiliyində və normativhüquqi aktlarında nəzərdə tutulmuş qaydalar əsasında icra olunur və hüquq sahibi kimi çıxış edən fiziki və ya hüquqi şəxsə dövlət qeydiyyat şəhadətnaməsi və fərdi dövlət qeydiyyat nişanı təqdim edilməklə rəsmiləşdirilir. Eyni zamanda, bu qeydiyyat hərəkətləri aidiyyəti dövlət reyestrində müvafiq qaydada əks olunur. Yalnız bu hüquqi tələblər yerinə yetirildikdən sonra şəxsin nəqliyyat vasitəsinə dair tam hüquqlu mülkiyyətçi statusu tanına bilər. Məhkəmə qeyd edir, iddiaçı tərəfindən əmlakın siyahıya alınması barədə qərar qəbul edilən zaman siyahıya alınmış əmlakın, istər siyahıya alınan zaman istərsə də, məhkəmədə iddia qaldırılan zaman cavabdehin mülkiyyətində olmadığı iş materiallarında olan sənədlərlə öz təsdiqini tapmışdır. Belə ki, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X3 İdarəsi DİN Baş X3 İdarəsi Qeydiyyat-İmtahan İdarəsinin kompüter uçot bazasının məlumatlarına əsaslanaraq **-ZZ-*** dövlət qeydiyyat nişanının “Mercedes” markalı nəqliyyat vasitəsinə təhkim edilmədiyinə və Cavabdeh adına qeydiyyata alınmadığını təsdiq etmişdir. Bundan irəli gələrək, məhkəmə belə qənaətə gəlir ki, hazırkı mübahisənin predmeti məhz borc üzrə tələbin daşınar əmlaka yönəldilməsi və onun satış yolu ilə icrasına yönəlməsindən ibarətdir. Lakin iş materiallarında öz təsdiqini tapdığı kimi, mübahisəli əmlakın cavabdehin mülkiyyət hüququnda qeydə alınmadığı ilə yanaşı, ümumiyyətlə mövcud olmaması halı (həmin dövlət qeydiyyat nişanı təhkim olunmamışdır) faktı aidiyyəti dövlət qurumu tərəfindən rəsmi təsdiqləndiyindən, sözügedən əmlakın icra tədbirləri çərçivəsində realizasiyası hüquqi baxımdan qeyri-mümkündür. Xüsusilə nəzərə alınmalıdır ki, Elektron Məhkəmə İnformasiya Sisteminin inteqrasiya olunmuş məlumat bazasında “Mercedes Benz E270” markalı avtonəqliyyat vasitəsinin cavabdehə məxsus olduğu barədə məlumatlar qeydə alınsa da, həmin nəqliyyat vasitəsinə təhkim olunmuş dövlət qeydiyyat nömrəsinin fərqli olduğu və ən əsası, bu nəqliyyat vasitəsinin müvafiq siyahıyaalma prosedurundan keçmədiyi aşkar edilmişdir. Belə olan halda, tələbin həmin əmlaka yönəldilməsi hüquqi cəhətdən əsassız hesab edilir. Göstərilənlərə əsasən Məhkəmə hesab edir ki, iddiaçının tələbinin əsası olmamışdır. Həmçinin qeyd edilməlidir ki, “Məhkəmə və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 79-1-ci maddəsinə görə vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır. Göründüyü kimi hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin formalaşdırılması təkcə Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə deyil, eyni zamanda məhkəmə kollegiyalarının fərdi işlər üzrə qərarları vasitəsi ilə də həyata keçirilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-2213/2024 saylı iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qərarında qeyd olunmuşdur ki, “hazırkı halda, söhbət borc üzrə tələbin daşınmaz əmlaka, onun satılması yolu ilə yönəldilməsindən getdiyindən, həmin əmlakın isə (onun hansı tarixdə özgəninkiləşdirilməsindən asılı olmayaraq) halhazırda digər şəxsin mülkiyyətində olduğundan və əmlakın özgəninkiləşdirilməsinə dair müqavilənin etibarsız hesab edildiyinə dair qanuni qüvvəyə minmiş məhkəmə aktı olmadığından, şikayətin həmin dəlilləri vəziyyəti iddiaçının xeyrinə dəyişmir.” Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-3237/2024 saylı iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qərardadında qeyd olunmuşdur ki, “Məhkəmə kollegiyası hesab edir ki, şikayətin əsaslandırılmamış hesab edilməsi üçün yuxarıda sadalanan hər üç şərt (vahid məhkəmə təcrübəsi mövcud və aydın olmalı, kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilməli və təcrübə tərəflər üçün əlçatan və bəlli olmalıdır) mövcuddur. Belə ki, kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda (Bununla bağlı bax: Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-2213/2024 nömrəli, xx.xx.2024-cü il tarixli və 2-1(102)-1970/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərarları) formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, söhbət borc üzrə tələbin əmlaka, onun satılması yolu ilə yönəldilməsindən getdiyindən, həmin əmlakın isə (onun hansı tarixdə özgəninkiləşdirilməsindən asılı olmayaraq) halhazırda digər şəxsin mülkiyyətində olduğundan və əmlakın özgəninkiləşdirilməsinə dair müqavilənin etibarsız hesab edildiyinə dair qanuni qüvvəyə minmiş məhkəmə aktı olmadığından, şikayətin həmin dəlilləri vəziyyəti iddiaçının xeyrinə dəyişmir” Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-2895/2024 saylı iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qərardadında qeyd olunmuşdur ki, “Belə ki, kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda və Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “İnzibati məhkəmə icraatında kassasiya şikayətinin mümkünlüyünə dair” 2023-cü il 06 noyabr tarixli Qərardadına istinad olunmaqla qəbul edilmiş qərardadlarda (xx.xx.2024-cü il tarixli 2- 1(102)-3237/2024 nömrəli) formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, Azərbaycan Respublikası Vergilər Nazirliyinin xx.xx.2020-ci il tarixli **********043600 nömrəli əmri ilə təsdiq edilmiş “Vergilər, işsizlikdən sığorta, icbari tibbi sığorta və məcburi dövlət sosial sığorta haqları, faizlər və maliyyə sanksiyaları üzrə yaranmış borcların alınmasına dair” Qaydalarının 6.10.5-ci bəndinə əsasən, siyahıya alma tədbiri ilə bağlı borclu vergi ödəyicisinin obyektinə getməzdən əvvəl, siyahıya alınması üçün vergi ödəyicisinə məxsus daşınar və daşınmaz əmlaklar müəyyən edilir. Daşınar əmlakların operativ şəkildə müəyyən edilməsi məqsədilə vergi ödəyicisi barədə əlaqəli məlumatlar, hesabatlar, bəyannamə və keçirilmiş səyyar vergi yoxlaması məlumatları, dövlət orqanları və digər şəxslərdən əldə edilmiş məlumatlar, habelə digər mənbəyi bəlli məlumatlar əsas götürülür və bunun üçün vergi orqanında vergi ödəyicisinin mülkiyyətində olan əmlakları barədə məlumatlardan (lakin bunlarla məhdudlaşmayan) istifadə edilir. Daşınmaz nəqliyyat vasitəsi siyahıya alındıqda ona dair mülkiyyət hüququnu təsdiq edən sənədlər, tikilidə tikintiyə icazə verilməsi barədə sənədlər siyahıya almaya dair materiallara əlavə edilməlidir. Hazırkı iş üzrə isə siyahıya alınmış əmlakın – nəqliyyat vasitəsinin vergi ödəyicisinin mülkiyyətində olduğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşsə də, iddiaçı siyahıya almanı həyata keçirərkən 2020-ci il 14 fevral tarixli Qaydaların 6.19-cu bəndində nəzərdə tutulmuş sənədləri əldə etməmiş və həmin sənədləri sübut qismində məhkəməyə təqdim etməmişdir. Eyni zamanda, işin apellyasiya baxışı zamanı apellyasiya instansiyası məhkəməsi tərəfindən bu məsələ ilə bağlı araşdırma aparılmış və Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş məlumatla müəyyən edilmişdir ki, cavabdehin mülkiyyətində nəqliyyat vasitəsi yoxdur. Beləliklə, mübahisəli məsələyə münasibətdə hüququn tətbiqinə dair vahid məhkəmə təcrübəsi mövcud və aydındır, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilmişdir. Məhkəmə təcrübəsini müəyyən edən qərarlar Ali Məhkəmənin internet saytında yerləşdirildiyinə, həmçinin sözügedən hüquqi mövqe çoxsaylı məhkəmə mübahisələri üzrə çıxarılmış qərarlarda davamlı təkrarlandığına görə, kassasiya şikayəti verən iddiaçı üçün əlçatan və bəlli olmuşdur.” Məhkəmə yuxarı instansiya məhkəməsinin məhkəmə qərarlarında nümayiş etdirdiyi mövqeyini nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən siyahıya alınan əmlak cavabdehin mülkiyyətində olmadığından (mövcud olmaması əsası ilə), cavabdehin vergi borcuna görə həmin əmlakın satılması qeyri-mümkündür. Odur ki, hazırki iddia tələbi təmin olunmamalıdır. İPM-nin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən, məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə- vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81 və 85-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: qərara aldı: İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Cavabdeh qarşı “siyahıya alınmış əmlakın müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə satılması” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar təqdim olunduğu gündən 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. X2
Məhkəmə qərarları › İş №e-2-1(112)-1957/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-1957/2025
21.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver