Məhkəmə qərarları › İş №e-2-1(112)-1958/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-1958/2022

02.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-1958/2022 02.02.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi, Əsgərzadə Qələmzər Nizami qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X16 üzrə Baş İdarəsinə qarşı “vergi ödəyicisi kimi uçotun ləğv edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X16 üzrə Baş İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək onun vergi ödəyicisi kimi uçotunun ləğv edilməsi öhdəliyinin cavabdeh Dövlət Vergi Xidmətinin X16 üzrə Baş İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, X16 üzrə Baş İdarəsi tərəfindən İddiaçı bildiriş göndərilərək, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 33.4-cü maddəsinin tələblərinə riayət etmədiyi və həmin Məcəllənin 16.1.2-ci maddəsində nəzərdə tutulmuş vəzifələrin yerinə yetirilmədiyi, bu səbəbdən VM-in 33-cü maddəsinə uyğun olaraq vergi uçotuna alındığı bildirilmişdir. İddiaçı vergi ödəyicisi kimi qanunsuz qeydiyyatının ləğv edilməsi barədə ərizə ilə cavabdeh inzibati orqana müraciət etmiş, cavabdehin 17.06.2021-ci il tarixli **********299300 saylı məktubu ilə ərizənin təmin edilməsindən imtina edilmişdir. Hesab edir ki, imtina qanunsuzdur və onun vergi ödəyicisi kimi qeydiyyatının ləğv edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Vergi ödəyicisi olmadığı üçün VM-də vergi ödəyiciləri üçün müəyyənləşdirilmiş vəzifələr ona şamil olunmur. Onun vergi ödəyicisi kimi uçota alınmağı üçün heç bir əsas mövcud deyil və uçota alınmaqla bağlı onun tərəfindən ərizə təqdim edilməmişdir. Beləliklə, onun uçota alınmağı ilə bağlı cavabdeh orqanın hərəkətləri vergi qanunvericiliyinə ziddir. Lakin bildirişin mətnindən də göründüyü kimi iddiaçının vergi ödəyicisi kimi uçota alınmalı olduğu cavabdeh inzibati orqan tərəfindən əsaslandırılmamış, bununla bağlı inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcud olduğu göstərilməmişdir. İmtina məktubunun göndərilməsinə dair zərfin üzərindəki ştempeldən görünür ki, zərf iddiaçıya 14.07.2021-ci il tarxdə təqdim edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, İddiaçı iddia ərizəsində vergi uçotuna alınması üçün heç bir əsasın olmadığını qeyd etmişdir. Bildirilir ki, vergi orqanı tərəfindən aparılmış araşdırma zamanı bir sıra fiziki şəxslərin, o cümlədən İddiaçı (FİN xxxxxxx) X5 Eyniləşdirmə Nömrəsindən (GÖÖEN) istifadə etməklə kommersiya məqsədli mallar (müvafiq olaraq minik və yük avtomobilləri, yarım yedək və yəhərli dartıcı) idxal etdiyi, lakin İddiaçı vergi orqanında uçotda olmadığı müəyyən edilmişdir. Qeyd edilənlərlə əlaqədar olaraq, fiziki şəxs İddiaçı vergi orqanında uçotda olduğu ünvana poçt vasitəsilə 27.06.2019-cu il tarixli **********991700 nömrəli “Vergi ödəyicisinin uçota alınması barədə” bildiriş göndərilmiş və fiziki şəxsin 5 (beş) gün müddətində vergi orqanında uçota alınması üçün müvafiq ərizə ilə olduğu və ya yaşadığı yer üzrə vergi orqanına müraciət etməsi tövsiyə olunmuşdur. Kommersiya məqsədli gömrük əməliyyatları (müvafiq olaraq avtomobil, ehtiyat hissələri və istifadə olunmuş yəhərli dartıcı, yarımqoşqular) aparan həmin fiziki şəxsə vergi orqanına uçota alınması ilə bağlı bildiriş göndərilməsinə baxmayaraq, müəyyən edilmiş müddətdə uçota alınma ilə bağlı vergi orqanına müraciət edilmədiyindən, Vergi Məcəlləsinin tələblərinə əsasən İddiaçı 03.07.2019-cu il tarixdə ********** qeydiyyat (VÖEN) nömrəsi ilə uçota alınmışdır. Vergi Məcəlləsinin 33.3-cü maddəsinə əsasən sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxslər vergi ödəməsi vəzifəsini şərtləndirən halların olub-olmamasından asılı olmayaraq onlar vergi orqanında vergi ödəyicisi kimi uçota alınır. Həmin Məcəllənin 33.5-ci maddəsinə əsasən isə bu halda vergi orqanı 5 gün müddətində fərdi sahibkara onun vergi uçotuna alınması barədə məlumat verir. Qeyd edilənlər nəzərə alınaraq vergi orqanı tərəfindən İddiaçı vergi uçotuna alınması barədə 10.07.2019-cu il tarixli **********283800 nömrəli bildiriş göndərilmişdir. Eyni zamanda iddiaçı tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət olunan zaman iddianın mümkünlük şərtlərinə əməl olunmamışdır. Məlum olduğu kimi Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10.04.2015-ci il tarixli 5 nömrəli Qərarında qeyd edilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Eyni zamanda adıçəkilən Plenum Qərarının 9-cu bəndində qeyd edilmişdir ki, məhkəmələr tərəfindən İnzibati-Prosessual Məcəllədə nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Bildirilir ki, iddiaçının irəli sürdüyü tələb məcburetmə haqqında iddia növünə aiddir. İnzibati Prosessual Məcəllənin 33-cü maddəsinin tələblərinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 33.1ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. İnzibati Prosessual Məcəllənin 35.1-ci maddəsinə əsasən həmin Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İnzibati Prosessual Məcəllənin 38.2-ci maddəsinə əsasən məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. Beləliklə, qanunvericiliyin yuxarıda qeyd edilən normalarından da aydın olduğu kimi məcburetmə haqqında iddia iddiaçı arzuladığı inzibati aktı cavabdehin imtina etdiyi və ya cavabdehin hərəkətsizliyi səbəbindən qəbul edilmədiyi hallarda irəli sürülə bilər. Həmçinin məcburetmə haqqında iddianın irəli sürülməsi ilə bağlı xüsusi mümkünlük şərti onun müddəti ilə bağlıdır. Bir halda imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim ediliyi vaxtdan 30 gün müddətində, digər halda isə müraciətin edildiyi və ya şikayətin verildiyi vaxtdan 35 gün keçəndən sonra qərar qəbul edilmədiyi hallarda iddiaçının iddia qaldırmaq hüququ nəzərdə tutulmuşdur. Lakin indiki halda iddiaçı tərəfindən müvafiq formalı ərizə ilə vergi orqanına müraciət edilməmişdir. İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Yuxarıda göstərilənlərə əsasən vergi orqanının hüquq və vəzifələrini icra edərək iddia ərizəsinə münasibət bildirilməklə sadalanan faktlara və hüquq normalarına əsaslanaraq iddiaçının iddia tələbləri əsassız olduğu üçün iddianın rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilir. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X13 iddiaya etiraz edərək tələbin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş gömrük bəyannamələrindən çıxarışda qeyd edilmişdir: 1) Vergi ödəyicisi İddiaçı (VÖEN **********) 13.09.2018-ci il tarixli, **********078 nömrəli bəyannamə əsasında 1 ədəd ********** kodlu LAND ROVER RANGE ROVER (ili: 2010, müh.həcmi: 3628 sm3, şassi/ban no: SALLMAM74AA323148) minik avtomobilini qiyməti 30600 manat, idxal rüsumu 7401,12, ƏDV 8384, aksiz 8424, digər rüsum və vergilər 180 olmaqla Böyük Britaniyadan idxal etmişdir. 2) Vergi ödəyicisi İddiaçı (VÖEN **********) 09.03.2018-ci il tarixli, **********356 nömrəli bəyannamə əsasında 1 ədəd ********** kodlu LAND ROVER RANGE ROVER SPORT (ili: 2012, müh.həcmi: 2993 sm3, şassi/ban no: SALLSAAG6CA749728) minik avtomobilini qiyməti 35700 manat, idxal rüsumu 6105,72, ƏDV 8155, aksiz 3379, digər rüsum və vergilər 150 olmaqla Böyük Britaniyadan idxal etmişdir. 3) Vergi ödəyicisi İddiaçı (VÖEN **********) 19.03.2018-ci il tarixli, **********980 nömrəli bəyannamə əsasında 1 ədəd ********** kodlu LAND ROVER RANGE ROVER SPORT (ili: 2012, müh.həcmi: 2993 sm3, şassi/ban no: SALLSAAG6CA75427) minik avtomobilini qiyməti 35700 manat, idxal rüsumu 6105,72, ƏDV 8155, aksiz 3379, digər rüsum və vergilər 150 olmaqla Böyük Britaniyadan idxal etmişdir. 4) Vergi ödəyicisi İddiaçı (VÖEN **********) 19.03.2018-ci il tarixli, **********984 nömrəli bəyannamə əsasında 1 ədəd ********** kodlu LAND ROVER DİSCOVERY (ili: 2014, müh.həcmi: 2993 sm3, şassi/ban no: SALLAAAG6FA752791) minik avtomobilini qiyməti 45900 manat, idxal rüsumu 6105,72, ƏDV 9991, aksiz 3379, digər rüsum və vergilər 150 olmaqla Böyük Britaniyadan idxal etmişdir. 5) Vergi ödəyicisi İddiaçı (VÖEN **********) 06.06.2018-ci il tarixli, **********970 nömrəli bəyannamə əsasında 1 ədəd ********** kodlu LAND ROVER DİSCOVERY (ili: 2014, müh.həcmi: 2993 sm3, şassi/ban no: SALLAAAG6EA724305) minik avtomobilini qiyməti 45900 manat, idxal rüsumu 6105,72, ƏDV 9991, aksiz 3379, digər rüsum və vergilər 150 olmaqla Böyük Britaniyadan idxal etmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 02.12.2021-ci il tarixli, 1000-170/170-24/018644 nömrəli məktubu ilə Dövlət Gömrük Komitəsinin məlumat bazasına əsasən İddiaçı (GÖÖEN: ********** FİN: xxxxxxx) tərəfindən 2018-ci ildə idxal olunmuş minik avtomobilləri haqqında məlumatı və həmin avtomobillərin gömrük rəsmiləşdirilməsi üçün təqdim olunmuş gömrük bəyannamələrinin və müşayiət sənədlərinin elektron surətləri təqdim edilmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X22 İdarəsinin 10.12.2021-ci il tarixli, 016-144902-1221 məktubu ilə cədvəldə göstərilən 5 ədəd nəqliyyat vasitəsinin qeydiyyat hərəkətlərinin aparılmasına əsas olmuş sənədlərin surəti və qeydiyyat hərəkətləri barədə məlumatların kompüter çıxarışı göndərilmişdir. Həmin sənədlərdən görünür ki: - 1. LAND ROVER DİSCOVERY (B/ili: 2015, rəngi: qara metallik, Ban: SALLAAAG6EA724305) minik avtomobili 594303 ABGİ nömrəli gömrük vəsiqəsi əsasında İddiaçı adına qeydiyyata alınmış və 99NK435 nömrə nişanı, 06.06.2018-ci il tarixli, AD252683 nömrəli şəhadətnamə verilmişdir. 02.07.2018-ci il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsinə əsasən satıcı İddiaçı ona məxsus olan LAND ROVER DİSCOVERY markalı minik avtomobilini (dövlət qeydiyyat nişanı 99NK435, buraxılış ili 2015, Ban nömrəsi SALLAAAG6EA724305) alıcı X2. Daha sonra həmin LAND ROVER DİSCOVERY (B/ili: 2015, rəngi: qara metallik, Ban: SALLAAAG6EA724305) minik avtomobili alqı-satqı müqaviləsi əsasında X8 adına qeydiyyata alınmış və 99EK100 nömrə nişanı, 02.07.2018-ci il tarixli, AD282743 nömrəli şəhadətnamə verilmişdir. - 2. RANGE ROVER (B/ili: 2011, rəngi: qara metallik, Ban: SALLMAM74AA323148) minik avtomobili 601410 AMBGİ nömrəli gömrük vəsiqəsi əsasında İddiaçı adına qeydiyyata alınmış və 99RF204 nömrə nişanı, 13.09.2018-ci il tarixli, AD299084 nömrəli şəhadətnamə verilmişdir. 27.03.2019-cu il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsinə əsasən satıcı İddiaçı ona məxsus olan RANGE ROVER markalı minik avtomobilini (dövlət qeydiyyat nişanı 99RF204, buraxılış ili 2011, Ban nömrəsi SALLMAM74AA323148) alıcı X3. Daha sonra həmin RANGE ROVER (B/ili: 2011, rəngi: qara metallik, Ban: SALLMAM74AA323148) minik avtomobili alqı-satqı müqaviləsi əsasında X9 adına qeydiyyata alınmış və 10ZV357 nömrə nişanı, 27.03.2019-cu il tarixli, AD468432 nömrəli şəhadətnamə verilmişdir. - 3. LAND ROVER RANGE ROVER (B/ili: 2013, rəngi: qara metallik, Ban: SALLSAAG6CA754271) minik avtomobili 591193 ANGİ nömrəli gömrük vəsiqəsi əsasında İddiaçı adına qeydiyyata alınmış və 99MZ382 nömrə nişanı, 19.03.2018-ci il tarixli, AD163096 nömrəli şəhadətnamə verilmişdir. 24.04.2018-ci il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsinə əsasən satıcı İddiaçı ona məxsus olan LAND ROVER RANGE ROVER markalı minik avtomobilini (dövlət qeydiyyat nişanı 99MZ382, buraxılış ili 2013, Ban nömrəsi SALLSAAG6CA754271) alıcı X1. Daha sonra həmin LAND ROVER RANGE ROVER (B/ili: 2013, rəngi: qara metallik, Ban: SALLSAAG6CA754271) minik avtomobili alqı-satqı müqaviləsi əsasında X6 adına qeydiyyata alınmış və 10UF100 nömrə nişanı, 24.04.2018-ci il tarixli, AD242379 nömrəli şəhadətnamə verilmişdir. - 4. RANGE ROVER SPORT (B/ili: 2013, rəngi: qara metallik, Ban: SALLSAAG6CA749728) minik avtomobili 590768 ANGİ nömrəli gömrük vəsiqəsi əsasında İddiaçı adına qeydiyyata alınmış və 99NB192 nömrə nişanı, 05.04.2018-ci il tarixli, AD239264 nömrəli şəhadətnamə verilmişdir. 06.08.2018-ci il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsinə əsasən satıcı İddiaçı ona məxsus olan RANGE ROVER SPORT markalı minik avtomobilini (dövlət qeydiyyat nişanı 99NB192, buraxılış ili 2013, Ban nömrəsi SALLSAAG6CA749728) alıcı X4. Daha sonra həmin RANGE ROVER SPORT (B/ili: 2013, rəngi: qara metallik, Ban: SALLSAAG6CA749728) minik avtomobili alqı-satqı müqaviləsi əsasında X12 adına qeydiyyata alınmış və 90SE100 nömrə nişanı, 06.08.2018-ci il tarixli, AD289486 nömrəli şəhadətnamə verilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X16 üzrə Baş İdarəsinin iddiaçıya ünvanladığı 17.06.2021-ci il tarixli, **********299300 nömrəli müraciətə baxılması barədə məktubunda bildirilmişdir ki, vergi uçotunun ləğvi barədə müraciətinizə Bakı şəhəri X16 üzrə Baş İdarəsində baxılmışdir. Bildirilir ki, fiziki şəxsin vergi uçotundan çıxarılması üçün “Fiziki şəxsin vergi uçotundan çıxarılması haqqında” ərizəni internet Vergi İdarəsi (www.e-taxes.gov.az) portalı üzərindən elektron və ya şəxsən (şəxsiyyət vəsiqəsi təqdim edilməklə) və ya səlahiyyətli nümayəndəniz vasitəsilə (səlahiyyəti təsdiq edən müvafiq sənəd təqdim edilməklə) kağız formada vergi ödəyicilərinə xidmət mərkəzlərinə, yaxud poçt vasitəsi ilə vergi orqanına təqdim etməyiniz tövsiyə olunur. Əlavə məlumat almaq üçün Dövlət Vergi Xidmətinin internet saytına (www.taxes.qov.az), Çağrı Mərkəzinə (195) və ya əvvəlcədən onlayn növbəyə yazılmaqla vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz. Beləliklə, işin sadalanan hallarından görünür ki, vergi orqanının araşdırmasına əsasən İddiaçı X5 Eyniləşdirmə Nömrəsindən (GÖÖEN) istifadə etməklə kommersiya məqsədli mallar (müvafiq olaraq minik və avtomobilləri) idxal etdiyi, lakin H.S.Nəsirovun vergi orqanında uçotda olmadığı müəyyən edilmiş, bundan sonra vergi orqanı tərəfindən fiziki şəxs İddiaçı vergi orqanında uçotda olduğu ünvana poçt vasitəsilə 27.06.2019-cu il tarixli **********991700 nömrəli “Vergi ödəyicisinin uçota alınması barədə” bildiriş göndərilmiş və fiziki şəxsin 5 (beş) gün müddətində vergi orqanında uçota alınması üçün müvafiq ərizə ilə olduğu və ya yaşadığı yer üzrə vergi orqanına müraciət etməsi tövsiyə olunmuşdur. İddiaçı müəyyən edilmiş müddətdə uçota alınma ilə bağlı vergi orqanına müraciət etmədiyindən 03.07.2019-cu il tarixdə ********** qeydiyyat (VÖEN) nömrəsi ilə uçota alınmış, bu barədə ona vergi uçotuna alınması barədə 10.07.2019-cu il tarixli **********283800 nömrəli bildiriş göndərilmişdir. İddiaçı vergi uçotunun ləğv edilməsi ilə bağlı cavabdeh orqana müraciət etmiş, vergi orqanı iddiaçının müraciətinə cavab olaraq iddiaçının “Fiziki şəxslərin vergi uçotundan çıxarılması haqqında” ərizəni vergi orqanına təqdim etməsini tövsiyə edərək müraciətin təminindən bilavasitə imtina etmişdir. Hazırkı iş üzrə iddiaçı vergi ödəyicisi kimi uçotunun ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını mübahisələndirir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Məhkəmə iddianın mümkünlüyünü yoxlayarkən cavabdehin iddiaya etirazda qeyd etdiyi iddianın mümkün sayılmaması əsasına qiymət verilməsini zəruri hesab edir. Belə ki, vergi orqanının mövqeyinə əsasən məcburetmə haqqında iddia iddiaçı arzuladığı inzibati aktı cavabdehin imtina etdiyi və ya cavabdehin hərəkətsizliyi səbəbindən qəbul edilmədiyi hallarda irəli sürə bilər. Həmçinin məcburetmə haqqında iddianın irəli sürülməsi ilə bağlı xüsusi mümkünlük şərti onun müddəti ilə bağlıdır. Bir halda imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim ediliyi vaxtdan 30 gün müddətində, digər halda isə müraciətin edildiyi və ya şikayətin verildiyi vaxtdan 35 gün keçəndən sonra qərar qəbul edilmədiyi hallarda iddiaçının iddia qaldırmaq hüququ nəzərdə tutulmuşdur. Lakin indiki halda iddiaçı tərəfindən müvafiq formalı ərizə ilə vergi orqanına müraciət edilməmişdir. Məhkəmə cavabdehin mövqeyi ilə aşağıdakılara əsasən razılaşmır. Belə ki, X19 Reyestrinə 02.06.2015-ci il tarixdə daxil edilmiş **********3100 qediyyat nömrəli Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 3 may 2019-cu il tarixli **********006200 nömrəli qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslərin uçota alınması, yenidən uçota alınması və uçotdan çıxarılması Qaydaları”nın 1.1-ci bəndinə görə Qaydalar “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2012-ci il 21 dekabr tarixli 509-İVQD nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 29.12.2012-ci il tarixli 802 nömrəli Fərmanının 3.1-ci bəndinin icrasını təmin etmək məqsədi ilə, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin, “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun 13.2-ci maddəsinin və “Ailə kəndli təsərrüfatı haqqında” Azərbaycan Respublikasının Qanununun tələbləri rəhbər tutulmaqla hazırlanmışdır. Bu Qaydaların məqsədi fiziki şəxslərin uçota alınması, yenidən uçota alınması və uçotdan çıxarılması qaydalarını və bu prosesdə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərini müəyyən etməkdir. Həmin Qaydaların 4.2-ci bəndinə görə fiziki şəxsin uçotdan çıxarılması ilə bağlı proseslərə vergi orqanına daxil olmuş aşağıdakı məlumatlar əsasında başlanılır: 4.2.1. bu Qaydaların 4.1.1-4.1.3-cü yarımbəndlərində nəzərdə tutulan hallarda - fiziki şəxsin və ya onun səlahiyyətli nümayəndəsinin Dövlət Vergi Xidməti tərəfindən təsdiq edilmiş “Fiziki şəxsin uçotdan çıxarılması haqqında ərizə” formasında müraciəti əsasında (torpaq mülkiyyətçilərinə münasibətdə torpağa mülkiyyət hüququnun özgəninkiləşdirilməsini təsdiq edən sənəd, ailə kəndli təsərrüfatının başçısına münasibətdə isə bələdiyyə tərəfindən verilmiş müvafiq sənəd əlavə edilir). Hazırkı işin hallarından müəyyən edilir ki, iddiaçı vergi uçotuna vergi orqanının təşəbbüsü ilə alınmışdır. Vergi uçotuna alınmaq üçün iddiaçı yuxarıda adıçəkilən Qaydalara müvafiq ərizə ilə vergi orqanına müraciət etmədiyindən, vergi uçotundan çıxarma ilə bağlı da eyni qaydada “Fiziki şəxsin uçotdan çıxarılması haqqında ərizə” formasında müraciət etməsi tələb olunmamalıdır. Dolayısı ilə vergi uçotunun ləğv edilməsi üçün cavabdehin tələb etdiyi formada yazılı ərizə ilə vergi orqanına müraciət edilməsinin tələb edilməsi əsassızdır. İnzibati Prosessual Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9-cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Vergi uçotunun ləğv edilməsi ilə bağlı iddia öz hüquqi təbiətinə görə öhdəliyin icrası haqqında iddia növünə uyğundur. Öhdəliyin icrası haqqında iddia növünə münasibətdə iddianın xüsusi mümkünlük şərti iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə cavabdeh orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir. Beləliklə, iddianın ümumi və xüsusi mümkünlük şərtləri ödənilir. İddia mahiyyəti üzrə isə əsassız iddiadır. Belə ki, cavabdeh gömrük rəsmiləşmələri ilə bağlı məlumata istinadən iddiaçının sahibkarlıq məqsədli malları ölkəyə idxal etdiyini, iddiaçının sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu halda vergi ödəyicisi qismində uçota alınma üçün müraciət etmədiyini nəzərə alaraq onu vergi ödəyicisi qismində uçota almışdır. İddiaçının iddiasına görə onun vergi ödəyicisi kimi uçota alınması üçün Vergi Məcəlləsinin uçota alınmanı tənzimləyən 33.4-cü maddəsində nəzərdə tutulmuş heç bir hal mövcud olmadığından onun tərəfindən belə bir ərizə təqdim edilməmişdir. Eyni zamanda iddiaçının uçota alınması ilə bağlı cavabdeh orqanın hərəkətləri vergi qanunvericiliyinə ziddir. Hazırkı iş üzrə müəyyənləşdirilməli olan hallar: - iddiaçının vergi ödəyicisi qismində uçota alınması üçün vergi orqanına müraciət etmək öhdəliyi yaranmışdırmı; - vergi orqanının iddiaçını vergi uçotuna alması vergi qanunvericiliyinə uyğundurmu. Məhkəmə qeyd olunan halları aşağıdakı normalar əsasında qiymətləndirir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: -13.2.37-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyəti - şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların təqdim edilməsindən, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətidir. -32.1-ci maddəsinə əsasən vergi orqanları vergilərin tam və vaxtında yığılmasını təmin etmək məqsədi ilə vergi nəzarətini həyata keçirirlər. Vergi nəzarəti vergi ödəyicilərinin və vergitutma obyektlərinin uçotuna, habelə vergi qanunvericiliyinə riayət olunmasına vahid nəzarət sistemidir. -32.4-cü maddəsinə görə vergi orqanları vergi nəzarətini vergi ödəyicilərinin və vergitutma obyektlərinin uçotunu aparmaqla, uçot və hesabat məlumatlarını yoxlamaqla, əlaqəli məlumatları təhlil etməklə, vergi ödəyiciləri və digər şəxslər arasında sorğu aparmaqla, gəlir əldə etmək üçün istifadə olunan binalara (ərazilərə) baxış keçirməklə, yaxud həmin obyektlərin fəaliyyəti barədə məlumat toplamaqla və bu Məcəllə ilə müəyyən edilmiş digər formalarda həyata keçirirlər. -33.1-ci maddəsinə görə vergi nəzarətinin həyata keçirilməsini təmin etmək məqsədi ilə vergi ödəyicisi olan hüquqi şəxslər olduqları (dövlət qeydiyyatı haqqında sənədlərdə qeyd olunmuş hüquqi ünvan), vergiyə cəlb olunan gəliri Azərbaycan mənbəyindən olan və bu gəlirdən ödəmə yerində vergi tutulmayan qeyri-rezidentlər Azərbaycan mənbəyindən gəlirin alındığı yer üzrə, fərdi sahibkarlar və bu Məcəllənin müddəalarına uyğun olaraq bəyannamə verməli olan rezident fiziki şəxslər yaşadıqları, xüsusi notariuslar isə fəaliyyət göstərdiyi yer üzrə vergi orqanlarında uçota alınır. -33.3-cü maddəsinə görə hüquqi şəxsin və sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxsin (bundan sonra - fərdi sahibkar) bu Məcəllə ilə vergi ödəməsi vəzifəsini şərtləndirən halların olub-olmamasından asılı olmayaraq onlar vergi orqanında vergi ödəyicisi kimi uçota alınır. -33.4-cü maddəsinə əsasən vergi orqanlarında uçota alınmaq üçün vergi ödəyiciləri tərəfindən (kommersiya hüquqi şəxsləri, publik hüquqi şəxslər, habelə xarici kommersiya hüquqi şəxsinin nümayəndəlik və filialları istisna olmaqla) onların olduğu və ya yaşadığı yer üzrə vergi orqanına ərizə verilir. -33.5-ci maddəsinə əsasən bu Məcəllənin 33.3-cü maddəsində nəzərdə tutulmuş halda vergi orqanı 5 gün müddətində fərdi sahibkara onun vergi uçotuna alınması barədə məlumat verir. -34.1-ci maddəsinə əsasən vergi orqanında uçota alınmaq üçün vergi ödəyicisi (kommersiya hüquqi şəxsləri, publik hüquqi şəxslər, habelə xarici kommersiya hüquqi şəxsinin nümayəndəlik və filialları istisna olmaqla) tərəfindən ərizə verilir. Vergi ödəyicisi olan fərdi sahibkar uçota alınması üçün ərizə ilə birgə onun şəxsiyyətini təsdiq edən sənədin surətini təqdim edir. Uçota alınmaq üçün ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunur. Vergi orqanları tərəfindən fiziki şəxslərin vergi uçotuna alınması elektron və (və ya) kağız formatda aparılır. Onların uçota alınması, yenidən uçota alınması və uçotdan çıxarılması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. -34.2-ci maddəsinə görə vergi orqanı vergi ödəyicisinin uçota alınmasını vergi uçotuna alınması haqqında ərizə və bu maddədə göstərilən digər sənədlər daxil olduğu gündən sonrakı 1 gün müddətində (fiziki şəxslərin elektron formatda vergi uçotuna alınması istisna olmaqla) həyata keçirir və həmin müddətdə də vergi ödəyicisinə müvafiq şəhadətnaməni elektron formada göndərir. Fiziki şəxslərin elektron formatda vergi uçotuna alınması dərhal həyata keçirilir və müvafiq şəhadətnamə onlar üçün ayrıca yaradılmış elektron ünvana real vaxt rejimində göndərilir. Şəhadətnamə vergi ödəyicisinin uçotda olmasını təsdiq edən əsas sənəd olmaqla, vergi ödəyicisinə bir dəfə verilir və onda saxlanılır. “Fiziki şəxslərin uçota alınması, yenidən uçota alınması və uçotdan çıxarılması Qaydaları”nın: -2.1-ci bəndinə görə vergi orqanında uçota alınan şəxslər uçota dair ərizəni aşağıda göstərilən müddətdə təqdim etməlidirlər: 2.1.1. Hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslər sahibkarlıq fəaliyyətinə başladığı günədək; 2.1.2. Ödəmə mənbəyində vergiyə cəlb olunması nəzərdə tutulmayan (tutulması mümkün olmayan) gəlirləri olan və ya royaltidən gəliri olan fiziki şəxslər, yaxud Azərbaycan Respublikasının hüdudlarından kənarda gəlir əldə edən rezident fiziki şəxslər gəlir əldə etmək hüququ yarandığı gündən gec olmayaraq; 2.1.3. Ailə kəndli təsərrüfatları qanunvericiliklə müəyyən olunmuş qaydada uçota alındıqdan sonra - bir ay müddətində; 2.1.4. Torpaq mülkiyyətçiləri torpağa mülkiyyət hüququnu təsdiq edən sənədi aldıqdan sonra - bir ay müddətində. -2.2-ci bəndinə görə fiziki şəxsin uçota alınması, yenidən uçota alınması, uçotdan çıxarılması, habelə uçot məlumatlarında dəyişiklik edilməsi barədə təqdim edilən ərizələrin forması və onların doldurulma qaydaları, fiziki şəxslərin vergi orqanında uçota alınmasını təsdiq edən şəhadətnamənin forması Dövlət Vergi Xidməti tərəfindən müəyyən edilir. -2.3-cü bəndinə görə vergi orqanında uçota alınmaq üçün fiziki şəxs və ya onun səlahiyyətli nümayəndəsi tərəfindən vergi orqanına “Fiziki şəxsin uçotu haqqında ərizə” verilir. -2.6-cı bəndinə əsasən kağız daşıyıcısında ərizələrin təqdim edilməsi bilavasitə aidiyyəti orqana gəlməklə və ya poçt vasitəsilə həyata keçirilir. Poçt vasitəsilə daxil olmuş və qeydiyyata alınmış ərizələrin düzgünlüyünün yoxlanılması, orada qeyd edilən məlumatların (rekvizitlərin) proqram təminatına tam şəkildə işlənilməsi vergi orqanı tərəfindən həyata keçirilir. -2.6-1-ci bəndinə əsasən bilavasitə aidiyyəti orqana müraciət edildikdə rəqəmsal əl imzası avadanlığı vasitəsilə imzalanaraq elektron daşıyıcıda tərtib edilməklə də ərizələrin təqdim edilməsi həyata keçirilir. -2.9-cu bəndinə əsasən Vergi Məcəlləsinin 33.5-ci maddəsinə əsasən həmin Məcəllənin 33.3-cü maddəsində nəzərdə tutulmuş halda vergi uçotuna alınmış fiziki şəxsə 5 gün ərzində bu barədə vergi orqanı tərəfindən məlumat verilir. Sadalanan normaların tələblərindən müəyyən olunur ki, vergi orqanlarının vergi nəzarətini həyata keçirmə formlarından birincisi vergi ödəyicilərini uçota almaqdır. Fiziki şəxslərə münasibətdə uçota alınmanın əsas şərti həmin şəxslərin fərdi sahibkar və gəlirin əldə edilməsi ilə bağlı bəyannamə verməli olan rezident olmasıdır. Qanunvericiliyin sadalanan normalarının təhlilində vergi uçotuna alınmanın iki qaydasının mövcudluğu müəyyən olunur. Fiziki şəxsin vergi uçotuna alınmasının birinci qaydası vergi orqanına uçota alınma barədə ərizə ilə müraciət edilməsidir. Fiziki şəxs məhz sahibkarlıq fəaliyyətinə başladığı günədək vergi uçotuna alınma barədə vergi orqanına ərizə təqdim etməlidir. Vergi Məcəlləsinin 33.4, 34.1 və 34.2-ci maddələri, eləcə də Qaydaların 2.1, 2.2, 2.3, 2.6-cı bəndləri bilavasitə ərizə əsasında vergi uçotuna alınmanın qaydalarını müəyyən edir. Sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxsin ərizəsi əsasında vergi uçotuna alınma 2 qaydada - kağız və elektron formatda aparılır. - Kağız formatda aparıldığı halda ərizə və ona əlavə edilmiş sənədlər daxil olduğu gündən sonrakı 1 gün müddətində vergi uçotuna alınma həyata keçirilir və həmin 1 gün müddətində vergi orqanı tərəfindən vergi ödəyicisinə müvafiq şəhadətnamə göndərilir. - Fiziki şəxslərin elektron formatda vergi uçotuna alınması isə elektron qaydada, dərhal həyata keçirilir və ona müvafiq şəhadətnamə real vaxt rejimində göndərilir. Göründüyü kimi ərizə əsasında vergi uçotuna alınmanın konkret olaraq qaydası və müddətləri bilavasitə qanunvericilikdə nəzərdə tutulmuşdur. Bununla yanaşı qeyd edilməlidir ki, vergi qanunvericiliyi vergi ödəyicisi qismində uçota alınmanı yalnız fiziki şəxsin ərizəsi əsasında qeydiyyata alınma forması ilə məhdudlaşdırmır. Belə ki, Vergi Məcəlləsinin 33.3, 33.5-ci maddələrinin, Qaydaların 2.9-cu bəndinin təhlili onu deməyə əsas verir ki, vergi ödəyicisi qismində uçota alınmanın ikinci qaydası mövcuddur və bu ərizə verilmədən, yəni sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxsin vergi orqanının öz təşəbbüsü ilə qeydiyyata alınmasıdır. Belə ki, Vergi Məcəlləsinin 33.5-ci maddəsi vergi orqanının 5 gün müddətində fərdi sahibkara onun vergi uçotuna alınması barədə məlumat verilməsini nəzərdə tutur. Həmin norma blanket xarakterli norma olmaqla bilavasitə Məcəllənin 33.3-cü maddəsinə göndəriş edir. Məcəllənin 33.3-cü maddəsi isə fərdi sahibkarın vergi ödəməsi vəzifəsini şərtləndirən halların olub-olmamasından asılı olmayaraq vergi ödəyicisi kimi uçota alınmanı nəzərdə tutur. Başqa sözlə, hər iki maddənin birgə təhlili ilə müəyyən olunur ki, sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslər hər bir halda vergi uçotuna alınmalıdır və bu barədə onlara 5 gün müddətində məlumat verilməlidir. Əks halda, vergi uçotuna alınma barədə məlumatın vergi ödəyicisinə 5 gün müddətində göndərilməsi ilə bağlı 33.5-ci maddəsinin Vergi Məcəlləsində saxlanılmasının hansı hüquqi zərurətdən irəli gəldiyinin izahı mümkün olmazdı. Yuxarıda da qeyd edildiyi kimi ərizə əsasında vergi uçotuna alınma ilə bağlı 1 günlük müddət və ya real vaxt rejimi nəzərdə tutulmuşdur ki, həmin müddətlər çərçivəsində vergi ödəyicisinə uçota alınma haqqında şəhadətnamə göndərilir, bununla da fiziki şəxs artıq vergi ödəyicisi qismində uçota alındığı barədə məlumatlandırılır. Şəhadətnamə verildikdən sonra vergi ödəyicisinə uçota alınma haqqında yenidən müstəqil şəkildə hər hansı məlumatın (bildiriş və s.) göndərilməsinə zərurət qalmır. Deməli, Məcəllənin 33.5-ci maddəsində nəzərdə tutulan uçota alınma haqqında məlumatın 5 gün müddətində göndərilməsi ilə bağlı tələb vergi orqanının öz təşəbbüsü ilə vergi uçotuna alınma üçün nəzərdə tutulmuş müddətdir. Başqa sözlə, vergi uçotuna alınmanın ikinci qaydasına görə sahibkarlıq fəaliyyətinə başladığı günədək ərizə verməmiş, lakin sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslər vergi orqanı tərəfindən vergi nəzarətinin həyata keçirilməsi məqsədilə məcburi qaydada uçota alınırlar. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə görə inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Eyni Qanunun 16.1-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. Qeyd edilənlərə əsasən məhkəmə bu nəticəyə gəlir ki, fiziki şəxsin vergi ödəyicisi olmadığı halda, onun cavabdeh tərəfindən vergi nəzarətinin həyata keçirilməsi məqsədilə məcburi qaydada uçota alınması yolveriləndir və vergi qanunvericiliyinin tələblərinə, inzibati icraat qanunvericiliyinin prinsiplərinə zidd deyildir. İş materiallarına əlavə edilmiş gömrük rəsmiləşmələri, eləcə də idxal olunmuş avtomobillərlə bağlı təqdim edilmiş dövlət qeydiyyat məlumatlarından müəyyən olunur ki, İddiaçı 2018-ci ildə mart, iyun, sentyabr aylarında 05 ədəd LAND ROVER RANGE ROVER, LAND ROVER DİSCOVERY, LAND ROVER RANGE ROVER SPORT markalı minik avtomobillərini respublika ərazisində sərbəst dövriyyə üçün idxal etmişdir. İdxal olunan avtomobillər İddiaçı adına gömrük rəsmiləşməsindən keçdikdən sonra sonuncu tərəfindən qısa zaman ərzində müxtəlif fiziki şəxslərə alqı-satqı müqaviləsi əsasında satılmışdır. Vergi Məcəlləsinin: -13.2.17-ci maddəsinə əsasən əsas vəsaitlər - istifadə müddəti bir ildən çox olan və dəyəri 500 manatdan çox olan, bu Məcəllənin 114-cü maddəsinə uyğun olaraq amortizasiya edilməli olan maddi aktivlərdir. -13.2.16-cı maddəsinə görə Azərbaycan mənbəyindən gəlir: 13.2.16.3. Azərbaycan Respublikasında malların təqdim edilməsindən, iş görülməsindən və xidmət göstərilməsindən gəlirdir. 13.2.16.5. Azərbaycan Respublikasındakı sahibkarlıq fəaliyyəti ilə əlaqədar gəlir: bu Məcəllənin 114.7-ci maddəsinə uyğun olaraq gəlirə daxil edilmiş əsas vəsaitlərin təqdim edilməsindən gəlirdir. -114.7-ci maddəsinə görə əsas vəsaitlərin (vəsaitin) təqdim edilməsindən əldə olunan məbləğ həmin əsas vəsaitlərin (vəsaitin) qalıq dəyərindən artıqdırsa, yaranmış fərq gəlirə daxil edilir. -99.2-ci maddəsinə görə sahibkarlıq fəaliyyətindən gəlirə o cümlədən aşağıdakılar aiddir: 99.2.1. sahibkarlıq fəaliyyəti məqsədləri üçün istifadə olunan aktivlərin təqdim edilməsindən gəlir; 99.2.2. sahibkarlıq fəaliyyətinin məhdudlaşdırılmasına və ya müəssisənin bağlanmasına razılıq verilməsinə görə alınan gəlir; 99.2.3. əsas vəsaitlərin təqdim edilməsindən alınan və bu Məcəllənin 114.7-ci maddəsinə uyğun olaraq gəlirə daxil edilən məbləğlər; 99.2.4. bu Məcəllənin 141-ci maddəsinə uyğun olaraq gəlirdən çıxılan kompensasiya edilən məbləğlərdən və ya ehtiyatların azalmasından gəlir. Fiziki şəxs istehlak məqsədi ilə ərzaq, nəqliyyat vasitəsi və ya daşınmaz əmlak əldə etdikdə və yaxud yığım vasitəsi kimi qiymətli metal aldıqda gəlir əldə etmir, lakin əldə etdiyi əsas vəsaiti, daşınar və daşınmaz əmlakı təqdim edərək gəlir əldə etməsi artıq sahibkarlıq fəaliyyəti kimi dəyərləndirilir ki, buna müvafiq olaraq sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs üçün vergi orqanlarında uçota durmaq (VÖEN almaq) öhdəliyi yaranmış olur. Hazırkı iş üzrə iddiaçının eyni vaxtlara təsadüf edən, bir istehlakçının tələbatına uyğun olmayan 5 ədəd eyni (və ya oxşar) markalı avtomobilləri idxal etməsi, idxal etdikdən qısa zaman ərzində həmin avtomobilləri əvəzli qaydada alqı-satqı müqaviləsi əsasında özgəninkiləşdirməsi gəlir əldə edilməsi ilə nəticələnən sahibkarlıq fəaliyyəti kimi qiymətləndirildiyindən hesab edilir ki, iddiaçının vergi ödəyicisi qismində uçota alınması ilə bağlı cavabdehin hərəkətləri yuxarıda qeyd olunan qanunvericilik normalarının izahlı təhlilinə əsasən qanunazidd deyildir və bu əsasdan vergi uçota alınma ləğv edilə bilməz. İnzibati Prosessual Məcəllənin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsassız olmaqla təmin edilməməlidir. İnzibati Prosessual Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X16 üzrə Baş İdarəsinə qarşı “vergi ödəyicisi kimi uçotun ləğv edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar