Məhkəmə qərarları › İş №e-2-1(112)-1958/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-1958/2024

22.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-1958/2024 22.10.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1, Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “mənzilin üzərində mülkiyyət hüququnun qeydiyyata alınması, çıxarışın verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Nəsimi Rayon İcra Hakimiyyəti başçısının Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsindəki 137 saylı evin 100 saylı qəzalı mənzilinin sökülüb yenidən tikilməsinə icazə verilməsi barədə” xx.xx.1996-ci il tarixli 744 saylı Sərəncamına əsasən yenidən eskiz layihəyə uyğun tikilmiş Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsindəki 137 saylı evin 100 saylı mənzilə mülkiyyət hüququnun qeydə alınaraq həmin əmlaka mülkiyyət hüququna dair çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsindəki 137 saylı evin 100 saylı mənzili Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti başçısının aparatının Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən 22 avqust 1995-ci il tarixdə, 13617 saylı qeydiyyat vəsiqəsinə əsasən iddiaçının xüsusi mülkiyyətindədir. Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsindəki 137 saylı evin 100 saylı mənzil qəzalı vəziyyətdə olduğundan sökülüb yenidən rekonstruksiya olunması üçün 1996-ci ildə iddiaçı tərəfindən Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsinə ərizə ilə müraciət edilmiş, müraciətə 18/03-8/278 saylı, 29 mart 1996-ci il tarixli məktubla cavab verilərək Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsindəki 137 saylı evin 100 saylı mənzilinin sökülüb yenidən rekonstruksiya olunmasına etiraz edilmədiyi bildirilmişdir. Eyni zamanda Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən Nəsimi rayon İcra Hakimiyyətinə Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsindəki 137 saylı evin 100 saylı mənzilin qəzalı vəziyyətdə olması ilə əlaqədar sökülüb yenidən tikilməsinə dair 28/03-8/278 saylı, xx.xx.1996-ci il tarixli razılıq daxil olmuşdur. Bakı Şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsi yeni tikiləcək 2 mərtəbəli yeni mənzilin layihəsini 18/03/278 nömrəli xx.xx.1996-ci il tarixdə razılaşdıraraq təsdiq etmişdir. Nəsimi rayon İcra Hakimiyyəti başçısının “qəzalı evin yenidən tikilməsinə icazə verilməsi barədə” xx.xx.1996ci il tarixli 744 saylı Sərəncamına əsasən Memarlıq və Şəhərsalma Baş İdarəsinin xx.xx.1996-cı il tarixli məktubu əsas götürülərək Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsindəki 137 saylı evin 100 saylı mənzilin qəzalı olması ilə əlaqədar sökülüb yeni təsdiq edilmiş layihəyə əsasən 2 mərtəbəli mənzilin tikintisinə icazə verilmiş, tikintinin layihəyə uyğun aparılması iddiaçıya tapşırılmışdır. İddiaçı 2 mərtəbəli evin tikintisini layihə əsasında həyata keçirib tamamlamış və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanuna müvafiq olaraq evin xüsusi mülkiyyətdə olmasına dair sənədləri, tikintinin aparılmasına icazə verilməsinə dair sərəncamı, layihə sənədlərini təqdim edərək yenidən tikilmiş Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsindəki 137 saylı evin 100 saylı mənzili üzərində xüsusi mülkiyyət hüququnun qeydə alınması xahiş edilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələrəri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri rüblik hüquqi şəxsin1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli **********52 saylı və xx.xx.2023-cü il tarixli 3-21-3-30/2-Ə-0928- 8/2023-**********50 saylı məktubları ilə iddiaçının xüsusi mülkiyyətinin qeydiyyata alınmasından imtina edilmiş, daşınmaz əmlak üzərində hüquqların əldə edilməsini təsdiq edən hüquqməyyənedici sənədlərin təqdim edilmədiyini, əmlaka texniki baxış keçirmək və inventarlaşdırma işlərinin aparılması üçün İdarənin mütəxəssislərinə şərait yaradılmadığı imtinanın əsası kimi qeyd olunmuşdur. Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti başçısının aparatının Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən 22 avqust 1995-ci il tarixdə, 13617 saylı qeydiyyat vəsiqəsinə əsasən Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsindəki 137 saylı evin 100 saylı mənzilinin İddiaçı xüsusi mülkiyyətində olması öz təsdiqini tapmışdır. Nəsimi rayon İcra Hakimiyətinin xx.xx.1996-ci il tarixli 744 saylı Sərəncamından da görünür ki, qəzalı vəziyyətdə olan Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsindəki 137 saylı evin 100 saylı mənzilin sökülüb yenidən təsdiq olunmuş layihəyə uyğun tikintisinə icazə verilmişdir. Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsindəki 137 saylı evin 100 saylı mənzilinin eskiz layihəsindən də görünür ki, qəzalı vəziyyətdə olan Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsindəki 137 saylı evin 100 saylı mənzilin sökülüb yenidən tikintisinə dair eskiz layihəsi qanunvericiliyə uyğun olaraq təsdiq edilmiş və Bakı şəhər Memarlıq və Şəhərsalma İdarəsi ilə razılaşdırılmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına daxil olduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə və üçüncü şəxsə göndərilmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş yazılı münasibətdə iddiaya etiraz edilərək bildirilmişdir ki, sərəncamın icrası ilə əlaqədar aparılan araşdırma zamanı məlum olmuşdur ki, qeyd edilən fərdi yaşayış evi mənzil kimi qeydiyyata alınmışdır. Bundan əlavə, təqdim edilən sənədlərə əsasən sökülmüş mənzilin yerində inşa edilmiş fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nda nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Göstərilənlərə əsasən iddianın təmin edilməməsi xahiş edilmişdir. Məhkəmə iddia tələbi ilə bağlı ilk öncə qeyd edir ki, iddia ərizəsi ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası növündə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İddia tələb olunan mümkünlük şərtlərinə cavab verir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddianı müdafiə edərək, iddia ərizəsində göstərilənlərə uyğun məzmunda izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun məzmunda izahat verərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin nümayəndələrinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli, **********52 saylı məktubdan görünür ki, iddiaçının ünvan 2 ünvanda inşa edilmiş yaşayış sahəsi üzərində hüquqlarının dövlət reyestrində qeydiyyata alınması barədə müraciətinə baxılaraq etirazdakı dəlillərə uyğun məzmunda imtina cavabı verilmişdir. -Bakı şəhər İcra Hakimiyyəti başçısının aparatı Dövlət Tikinti və Arxitektura Komitəsi Baş X1 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin xx.xx.1995-ci il tarixli qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Nizami küçəsi, 137 ünvanda yerləşən 100 nömrəli mənzil İddiaçı adına mülkiyyət hüququ ilə qeydiyyata alınmışdır. - Bakı şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsinin Nəsimi rayon İcra Hakimiyyəti Başçısına ünvanladığı 18/03-8/278 saylı, 29 mart 1996-ci il tarixli məktubunin məzmununa əsasən: “Memarlıq və Şəhərsalma Baş İdarəsinə Nizami küçəsi, 137, 100 nömrəli mənzildə yaşayan İddiaçı müraciət edərək, yaşadığı evin qəzalı vəziyyətdə olduğunu nəzərə alaraq, söküb yenidən rekonstruksiya olunmasına icazə verilməsini xahiş etmişdir. Memarlıq və şəhərsalma baş idarəsi vətəndaş İddiaçı evinin sökülüb, yenidən rekonstruksiya olunmasına etiraz etmir. Sənədləşmə müvafiq qaydada rayon icra hakimiyyəti tərəfindən aparılmalıdır. Yaşayış evinin eskiz layihəsi baxılmaq üçün Memarlıq və şəhərsalma idarəsinə təqdim edilməlidir. -Nəsimi Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1996-cı il tarixli, 744 nömrəli Sərəncamının surətindən görünür ki, Memarlıq və Şəhərsalma Baş İdarəsinin 18/03-8/278 saylı, 29 mart 1996-ci il tarixli məktubu əsas götürülərək Nizami 137, 100 nömrəli mənzilin sakini İddiaçı mənzilinin qəzalı olması ilə əlaqədar sökülüb, yeni təsdiq edilmiş layihəyə əsasən iki mərtəbəli tikilməsinə icazə verilmişdir. -Eskiz layihəsinə əsasən ünvan 4 ünvanda ikimərtəbəli fərdi yaşayış evinin layihəsi tərtib edilmişdir. Müvafiq sorğu əsasında cavabdeh qeydiyyat orqanı tərəfindən ünvan 5 ünvanının arxiv qovluğunda olan sənədlər məhkəməyə təqdim edilmişdir. Həmin sənədlərə əlavə olunmuş: -Nəsimi rayon İcra Hakimiyyəti başçısının 2040/28 nömrəli, xx.xx.1993-cü il tarixli Sərəncamından görünür ki, Azərbaycan Respublikası ərazisində mənzilləriin özəlləşdirilməsi haqqında xx.xx.1993-cü il tarixli qərarına əsasən Nizami küçəsi, 137 nömrəli evin, 2 otaqlı, ümumi sahəsi 36,88 kv.m, yaşayış sahəsi 22,0 kv.m oaln məhdud şəxsi kommunal şəraitli 100 nömrəli mənzili X2 şəxsi mülkiyyət hüququ ilə verilmişdir. -Bakı şəhəri 3-cü Dövlət notariat kontorunda xx.xx.1995-ci il tarixdə təsdiq edilmiş 208162 qeydiyyat nömrəli müqavilədən görünür ki, X3 ünvan 6 ünvanda yerləşən ümumi sahəsi 36,88 kv.metr sahədən ibarət 100 nömrəli mənzili İddiaçı satmışdır. Beləliklə, işin faktiki hallarından görünür ki, Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti başçısının 2040/28 nömrəli xx.xx.1993-cü il tarixli Sərəncamına əsasən dövlət mənzil fonduna daxil olan ünvan 6 nömrəli evin 100 nömrəli mənzil X2 şəxsi mülkiyyət hüququ ilə verilmiş, X3 həmin mənzili özəlləşdirərək xx.xx.1995-ci il tarixdə notarial qaydada təsdiq edilmiş alqı-satqı müqaviləsinə əsasən İddiaçı satmışdır. Bakı Şəhər İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən qeyd olunan mənzil üzərində iddiaçının mülkiyyət hüququ qeydiyyata alınaraq ona xx.xx.1995-ci il tarixdə qeydiyyat vəsiqəsi verilmişdir. Sonradan iddiaçı sözügedən mənzili Nəsimi Rayon İcra Hakimiyəti başçısının “qəzalı evin yenidən tikilməsinə icazə verilməsi barədə” xx.xx.1996-ci il tarixli 744 saylı Sərəncama, tikilinin eskiz layihəsinə və iddia ərizəsində qeyd etdiyi digər sənədlərə istinad edərək sökmüş, yerində iki mərtəbəli yaşayış sahəsi tikmişdir. Hazırkı iddia tələbi üzrə məqsədi həmin yaşayış sahəsinin daşınmaz əmlakın dövlət reyestrində mənzil kimi adına mülkiyyət hüququ ilə qeydiyyata alınması və buna dair müvafiq çıxarış verilməsidir. Bununla bağlı cavabdehə müraciəti təmin edilməmişdir. Cavabdehin dəlili ondan ibarətdir ki, sökülmüş mənzilin yerində inşa edilmiş fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinə dair qanunda nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Hazırda iddiaçı cavabdehin imtinasını məhkəmə qaydasında mübahisələndirir. Məhkəmə aşağıda göstərilənlərə əsasən hesab edir ki, cavabdehin imtinası əsaslı olmuşdur. Belə ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsindən: -12.2. Yaşayış sahəsi dedikdə - Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlak hesab edilən və vətəndaşların daimi yaşaması üçün yararlı olan (müəyyən edilmiş sanitariya və texniki norma və qaydalara, qanunvericiliyin digər tələblərinə (bundan sonra – tələblərə) cavab verən) ayrıca sahə başa düşülür. -12.3. Sahənin yaşayış sahəsi hesab edilməsi qaydası və onun cavab verməli olduğu tələblər bu Məcəlləyə və digər qanunvericilik aktlarına uyğun olaraq müəyyən edilir. -13.1. Yaşayış sahələrinə aşağıdakılar aiddir: 13.1.1. yaşayış evi, yaşayış evinin hissəsi; 13.1.2. mənzil, mənzilin hissəsi; 13.1.3. otaq; 13.1.4. bu Məcəllənin 13.5-ci maddəsində nəzərdə tutulmuş yerləşmə vasitələri. -13.2. Otaqlardan, habelə yaşama ilə əlaqədar məişət və digər ehtiyacların ödənilməsi üçün nəzərdə tutulmuş yardımçı sahələrdən ibarət fərdi müəyyən edilmiş ev yaşayış evi hesab edilir. -13.3. Bir və ya bir neçə otaqdan, habelə yaşama ilə əlaqədar məişət və digər ehtiyacların ödənilməsi üçün nəzərdə tutulmuş yardımçı sahələrdən ibarət, çoxmənzilli binanın ümumi istifadədə olan sahələrinə birbaşa daxil olmaq imkanını təmin edən strukturca ayrıca sahəsi mənzil hesab edilir. Mənzil qanunvericiliyindən göründüyü kimi, yaşayış sahələrinin xüsusiyyətləri baxımından növləri fərqləndirilir. Məhkəmə qeyd edir ki, hazırkı tələbə iddia ərizəsində göstərildiyi kimi mülkiyyət hüququ üzrə iddiaçıya məxsus olmuş əvvəlki mənzilin yerində yeni ölçülərdə inşa edilmiş yaşayış sahəsi üzərində iddiaçının hüquqlarının qeydiyyatı kimi deyil, yeni yaranmış daşınmaz əmlakın qeydiyyatı kimi baxılmalıdır. Belə olan halda, mübahisə predmeti olan daşınmaz əmlakın mənzil kimi qeydiyyata alınması tələbinin əsaslılığının yoxlanılması üçün ilk növbədə bu yaşayış sahəsinin “mənzil” anlayışına cavab-verib-verməməsi araşdırılmalıdır. İşin mübahisəsiz halları və iddiaçının nümayəndə-vəkili tərəfindən məhkəməyə təqdim edilmiş mübahisəli yaşayış sahəsinin fotoşəkillərinə baxış keçirilməklə müəyyən edilmişdir ki, sözügedən daşınmaz əmlak hər hansı çoxmənzilli binanın tərkibində yerləşmir və bir və ya bir neçə otaqdan, habelə yaşama ilə əlaqədar məişət və digər ehtiyacların ödənilməsi üçün nəzərdə tutulmuş yardımçı sahələrdən ibarət, çoxmənzilli binanın ümumi istifadədə olan sahələrinə birbaşa daxil olmaq imkanını təmin edən strukturuna görə ayrıca sahə olmamaqla, mənzil xüsusiyyətlərinə cavab vermir. Qeyd olunan yaşayış sahəsi ayrıca həyətyanı sahəyə, ayrıca giriş-çıxışdan ibarət fərdi müəyyən edilmiş ev xüsusiyyətlərinə uyğun gəlir. Mövcud əmlak qanunvericiliyində isə yaşayış evlərinə dair hüquqların müvafiq reyestrdə qeydiyyata alınması üçün tələb olunan əsasların dairəsi konkret müəyyən edilmişdir. Belə ki, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanunundan: 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd; Həmin Qanunun 10.2-ci maddəsinə əsasən qeydiyyat orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri əlavə olunur. Həmin Qanunun 11.1-ci maddəsinə əsasən, hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Göründüyü kimi istər Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindiyi 2013-cü il yanvarın 1-dək, istərsə də həmin tarixdən sonra inşa edilən yaşayış evləri üçün torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd təqdim edilməsi imperativ qaydada müəyyən edilmişdir. Lakin iddiaçı ünvan 7 ünvanda inşa etdirdiyi yaşayış evinin yerləşdiyi torpaq sahəsinə dair qanunda nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədləri nə inzibati orqana, nə də məhkəməyə təqdim edə bilməmişdir. Həmçinin sözügedən ünvanın arxiv əsaslarında sökülmüş mənzilə dair hüquqmüəyyənedici sənədlərdə onun yerləşdiyi torpaq sahəsi, ölçüləri barədə heç bir qeyd aparılmamış, o cümlədən mənzilin əvvəlki mülkiyyətçisinin və iddiaçının adına səlahiyyətli qurum tərəfindən yaşayış evinin tikintisi üçün torpaq sahəsi ayrılması barədə sənəd müəyyən edilməmiş, iddiaçı tərəfindən də belə bir sənədin mövcudluğu bildirilməmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda, bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. İPM-in 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. İddia öhdəliyin icrası növünə aid olduğundan qeyd olunan iddialar üzrə həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh imtinasını zəruri edən şərtlərin mövcudluğunu sübut etsə də, iddiaçı məhkəməyə bunun əksini təsdiq edən hər hansı sübutu təqdim etməmişdir. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, iddiaçı ünvan 7 ünvanda yerləşən daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması üçün hüquqmüəyyənedici sənədləri təqdim edə bilmədiyindən cavabdeh inzibati orqanın imtinası qanunazidd sayılmamalı, iddia əsassız olduğundan təmin edilməməlidir. “İnzibati icraat haqqında” Qanunun 11.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 11.2-ci maddəsinə əsasən, inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Həmin Qanunun 17.1-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. İPM-in 58.7-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh olunanlara əsasən və İPM-in 2, 33, 52, 45, 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilməsin. Qərardan tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məlikov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar