Məhkəmə qərarları › İş №e-2-1(112)-1959/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-1959/2022

20.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-1959/2022 20.04.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, İmanov Sənan Xaliq oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil (Gəncə şəhərində qeydiyyatdadır, “Fides” vəkil bürosunda işləyir), cavabdehin nümayəndəsi X1 (Bakı şəhərində qeydiyyatdadır, ixtisası hüquqşünas, böyük hüquqşünas vəzifəsində işləyir) iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “cavabdeh tərəfindən qəbul edilmiş 15 iyul 2021-ci il tarixli **********131900 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarın ləğv edilməsi” tələbinə dair inzibati işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Bakı İnzibati Məhkəməsində cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia qaldıraraq “cavabdeh tərəfindən qəbul edilmiş 15 iyul 2021-ci il tarixli **********131900 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarın ləğv edilməsi” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı vergi ödəyicisi kimi ********** VÖEN-lə qeydiyyata alınmışdır. Cavabdeh tərəfindən 15 iyul 2021-ci il tarixdə **********131900 nömrəli kameral vergi yoxlaması barədə qərar qəbul edilmişir. Qərar qanunsuz və əsassızdır. İddiaçı pandemiyadan əziyyət çəkmiş müəssisə olduğu üçün yardım edilməsi məqsədilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinə müraciət etmişdir. Bu müraciətə əsasən cavabdeh bildirmişdir ki, koronovirus (COVİD-19) pandemiyasından əziyyət çəkilməyi ilə əlaqədar maliyyə dəstəyi almaq barədəki müraciətə baxılmış və iddiaçıya ayrılmış vəsait ərizəsində onun qeyd etdiyi bankdakı hesabına köçürülmüşdür; muzdlu işçilərə əmək haqqının ödənilməsi məqsədilə müraciət etmiş və müraciəti təmin olunmuş vergi ödəyicilərinin ikinci dəfə müraciət etmələrinə ehtiyac yoxdur, beləki, proqram təminatı bir aydan sonra ayrılmış vəsaitin ikinci hissəsinin sahibkarın hesabına köçürülməsini təmin edəcəkdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi üçüncü dəfə iddiaçının ərizəsinə eyni məzmunlu məktub ilə cavab olaraq bildirmişdir ki, iddiaçının pandemiyadan zərər çəkməsi ilə əlaqədar muzdlu işçilərə əmək haqqının müəyyən hissəsinin ödənilməsi üçün dövlət tərəfindən ayrılmış üçüncü mərhələdə iddiaçıya ayrılmış vəsait qeyd olunan bankdakı hesabına köçürülmüşdür. Eyni zamanda Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi tərəfindən müəssisəyə qeyd olunan məzmunda ünvanlanaraq bildirilmişdir ki, ölkədə koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə insanların həyat və fəaliyyəti üçün zəruri olan iş və xidmət sahələrindən başqa digər istiqamətlər üzrə fəaliyyət müvəqqəti olaraq məhdudlaşdırılmışdır. Pandemiyanın ölkənin biznes mühitinə, məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirini azaltmaq, iqtisadi artımın davam etməsinə dəstək məqsədilə fəaliyyəti müvəqqəti dayandırılmış sahələrdə çalışan muzdlu işçilərə əmək haqqı ödənişləri və fərdi sahibkarlara dəymiş zərərin müəyyən hissəsinin dövlət hesabına qarşılanması üçün nəzərdə tutulan maliyyə dəstəyinin alınması və İqtisadiyyat Nazirliyi tərəfindən müvafiq metodiki göstəriş və müraciət forması hazırlanmışdır. X5 İdarəsində mövcud olan şəxsi elektron kabinetində yaradılmış “Pandemiya ilə bağlı dəstəyi proqramı” bölməsindən elektron formada vergi orqanına göndərə bilər. Müraciətin bütün bölmələr üzrə tam doldurulması zəruridir. Daxil edilmiş məlumatlar vergi orqanının uçot baza məlumatları ilə yoxlanılacaqdır. Uyğunsuzluq aşkar edildikdə bu barədə məlumat ekranda əks olunacaqdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi tərəfindən iddiaçıya ünvanlanmış ərizələrə cavab məktublarına əsasən, İddiaçı MMC Koronovirus (COVİD-19) pandemiyasından zərərçəkmiş müəssisədir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi tərəfindən tərtib edilmiş sözügedən maliyyə dəstəyi almış vergi ödəyicilərinin siyahısı dördüncü mərhələ (dekabr ayı üzrə, 01.04.2021-ci il tarixə olan məlumat) siyahının 130-cu səhifəsinin 6050-ci sıra sayında İddiaçı MMC-nin adı qeyd olunmuşdur. Bu xüsusat da iddiaçının Koronavirus (COVİD-19) pandemiyasından zərərçəkmiş müəssisə olduğunu sübut edir. Cavabdehin 14 iyul 2021-ci il tarixli **********604100 saylı qərarda qeyd olunur ki, idxal faktiki dəyər, e-qaimə faktura və e-alış aktı bazasına əsasən alınmış mallar, o cümlədən Vergi Məcəlləsinin 139-cu maddəsinə əsasən malın dəyərində əks etdirilməli xərclər (beynəlxalq daşıma (ÖMV və e-qf məlumatlarına əsasən), yükün saxlanılması, boşaldılması, anbara təhvil vermə, terminal, yük-gömrük broker, YGB tərtibatı və digər xərclər) ilə təqdim edilmiş mənfəət vergisi bəyannaməsinin 1 nömrəli əlavəsində ehtiyatlar (mallar) üzrə mədaxil göstəricilərindən 198.790,71 manat fərqlənmişdir ki, bu da bəyannamənin bölməsində mallar, xammal və materiallar kodlu sətirlərində göstərilən xərclərin şişirdilməsi kimi qiymətləndirilmişdir. Araşdırma zamanı 2020-ci ilin sonuna MMCnin mal qalığı 880.254,73 manat olaraq müəyyən edilmişdir. Vergi Məcəllənin 224.1.2 və 222.5-ci maddələrinin tələbləri nəzərə alınmaqla hesablama aparılır.” Bu qərarın nəticəsində iddiaçıya 7.941,78 manat məbləğində vergi borcu hesablanmışdır. Həmin qərardan bir gün sonra 15 iyul 2021-cü il tarixdə mübahisələndirilən **********131900 nömrəli qərar qəbul olunaraq, cavabdeh inzibati orqan tərəfindən iddiaçıya 136.925,69 manat məbləğində vergi borcu hesablanmışdır. Bir gün keçdikdən sonra hansı hala görə cavabdeh vergi orqanı bu qanaətə gəlməsi aydın deyil. İddiaçı 15 iyul 2021-cü il tarixli **********131900 nömrəli qərarı ilə razi deyil, qanunsuz və əsassız olduğuna görə ləğv edilməsini xahiş edir. Cаvаbdеh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada verilmiş məhkəmə sərəncamına əsasən iddiaya dair etirazını təqdim edərək bildirmişdir ki, Vergi Məcəlləsinin 23.1.-ci, 37-ci maddələrinin müddəalarına əsasən vergi ödəyicisi tərəfindən təqdim edilmiş 2020-ci ilin mənfəət vergisinin bəyannaməsi üzrə kameral vergi yoxlaması həyata keçirilmişdir. İddiaçı tərəfindən 2020-ci il ərzində aparılmış idxal əməliyyatları zamanı malların faktiki qiymətləri ilə statistik qiymətləri arasında 328.279,64 manat fərq yaranmışdır ki, bu da xərclərin (mal, xammal, amortizasiya və s.) şişirdilməsi kimi qiymətləndirilmişdir. Həmin kənarlaşma ilə əlaqədar vergi ödəyicisinə 07.04.2021-ci il tarixli **********832900 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin tələb edilməsi haqqında” uyğunsuzluq məktubu göndərilmiş və məktubda qeyd olnan müddətdə kənarlaşma aradan qaldırılmaqla dəqiqləşmiş vergi bəyannaməsinin, əsaslandırılmış yazılı izahatın və zəruri olan sənədlərin vergi orqanına təqdim edilməsi tələb edilmişdir. Lakin vergi ödəyicisi tərəfindən kənarlaşmalar aradan qadırılmaqla dəqiqləşmiş vergi bəyannaməsi və zəruri sənədlər təqdim edilmədiyinə görə Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddəsinə əsasən vergi yoxlaması ilə 2020-ci il üçün mənfəət vergisi bəyannaməsi üzrə 7.941,78 manat əlavə vergi məbləği hesablanmış və bu barədə 14.07.2021-ci il tarixli **********604100 nömrəli qərar göndərilmişdir. İddiaçı 2020-ci il Mənfəət vergi bəyannaməsinin 1 nömrəli əlavəsində 2.589.677,62 manat ehtiyatların daxil olması göstərmişdir, lakin araşdırma zamanı məlum olmuşdur ki, iddiaçı YGB və E-QF ilə faktiki dəyəri 2.264.471,38 manat olan mallar əldə etmişdir, (2.191.488,18 manat + 73.012,70 manat mal). Odur ki, faktiki-statistik kənarlaşma yaranmış və kameral yoxlama zamanı bu kənarlaşma aradan qaldırılmışdır. Bundan başqa, Koronavirus pandemiyası ilə əlaqədar güzəşt Vergi Məcəlləsinin 222.4-cü maddəsinə əsasən 222.5-ci maddədə nəzərdə tutulan şəxslərin yalnız həmin fəaliyyət üzrə əməliyyatlarına tətbiq edilir. Uçot məlumatlarına əsasən iddiaçının bir neçə fəaliyyət növündə fəaliyyət göstərməsinə baxmayaraq, tərəfindən təqdim edilmiş 2020-ci il üçün mənfəət vergi bəyannaməsində Vergi Məcəlləsinin 222.5-ci maddəsinə əsasən pandemiyadan əziyyət çəkənlər kateqoriyasına aid olmayan fəaliyyət növləri də daxil olmaqla, vergi ödəyicisinin əldə etdiyi ümumi mənfəət məbləğinə 75 faiz vergi azadolması (güzəşt) tətbiq edilmişdir. Qeyd olunan kənarlaşma ilə əlaqədar vergi ödəyicisinə 04.06.2021-ci il tarixli **********998400 nömrəli uyğunsuzluq məktubu göndərilmiş və məktubda qeyd olunan müddətdə kənarlaşma aradan qaldırılmaqla dəqiqləşmiş vergi bəyannaməsinin, əsaslandırılmış yazılı izahatın və zəruri olan sənədlərin (məlumatların) vergi orqanına təqdim edilməsi tələb edilmişdir. Lakin vergi ödəyicisi tərəfindən kənarlaşmalar aradan qaldırılmaqla dəqiqləşmiş vergi bəyannaməsi və zəruri sənədlər təqdim edilmədiyinə görə Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən kameral vergi yoxlaması ilə 2020-ci il üçün mənfəət vergisi bəyannaməsi üzrə 136.925,69 manat əlavə vergi məbləği hesablanmış və bu barədə 15.07.2021-ci il tarixli Qərar göndərilmişdir. Belə ki, iddiaçınin fəaliyyəti sahəsi “ixtisaslaşdırılmamış mağazalarda sair məhsulların pərakəndə satışı” ilə bağlı olmağına baxmayaraq E-QF topdan satış fəaliyyəti ilə bağlı olmuşdur və bu səbəbdən Vergi Məcəlləsinin 222.5-ci maddəsində nəzərdə tutulan istiqamətləri üzrə fəaliyyət göstərən ödəyicilərinin siyahısına aid edilməmiş və 75% güzəşt hüququ ödəyiciyə şamil edilməmişdir. İddiaçı iddia ərizəsində kameral vergi yoxlama müddətinin ötürülməsi dəlili ilə əlaqədar bildirir ki, iddiaçı 01.06.2021-ci il tarixdə 2020-ci ilin mənfəət vergi bəyannaməsi təqdim etdikdən sonra cavabdeh tərəfindən 14 və 15 iyul 2021-ci il tarixlərdə kameral vergi yoxlaması aparmaqla müddəti ötürməmişdir. Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.1. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia); Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən aşağıdakı inzibati aktlar mübahisələndirmə haqqında iddianın predmeti ola bilər: 32.2.1. barəsində məhkəməyə şikayət verilməmiş inzibati akt; 32.2.2. barəsində şikayət verildiyi hallarda, şikayət instansiyasının qərarı ilə dəyişdirilmiş inzibati akt (şikayət instansiyası tərəfindən qərar qəbul edildikdən sonrakı formada ilkin inzibati akt); 32.2.3. şikayət instansiyası tərəfindən şikayətə baxma qaydasında qəbul edilmiş və ilk dəfə olaraq üçüncü şəxs üçün öhdəlik yaradan qərar (inzibati akt). Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia müddəti buraxılmamışdır, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İddiaçının vəkili Vəkil iddia tələbində göstərilən məzmunda çıxış edərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişlər. Cavabdehin nümayəndəsi X2 iddia tələbinə etirazda göstərilən məzmunda çıxış edərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçının vəkilini, cavabdehin nümayəndəsini dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan: İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin İddiaçı MMC-yə ünvanladığı “2020-ci il üçün təqdim edilmiş mənfəət (gəlir) vergisi bəyannaməsi üzrə fəaliyyət növləri üzrə gəlir və xərclərin bölgüsü barədə” uyğunsuzluq məktubuna əsasən iddiaçıya bildirilmişdir ki, Vergi Məcəlləsinin 37.3-cü maddəsinə görə kameral yoxlama aparmaq üçün vergi ödəyicisindən təqdim olunmuş bəyannamə ilə bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisindən əlavə məlumat, sənəd və izahat tələb edir. Koronavirus pandemiyası ilə əlaqədar güzəşt Vergi Məcəlləsinin 222.4-cü maddəsinə əsasən 222.5-ci maddədə nəzərdə tutulan şəxslərin yalnız həmin fəaliyyət üzrə əməliyyatlarına tətbiq edilir. Uçot məlumatlarına əsasən iddiaçının bir neçə fəaliyyət növündə fəaliyyət göstərməsinə baxmayaraq, iddiaçı tərəfindən təqdim edilmiş 2020-ci il üçün mənfəət vergisi bəyannaməsində Vergi Məcəlləsinin 222.5-ci maddəsinə əsasən pandemiyasından əziyyət çəkənlər kateqoriyasına aid olmayan fəaliyyət növləri də daxil olmaqla, vergi ödəyicisinin əldə etdiyi ümumi mənfəət (gəlir) məbləğinə 75 faiz vergi azadolması (güzəşt) tətbiq edilmişdir. İddiaçının hər bir fəaliyyəti üzrə əlavə edilmiş məlumat forması üzrə gəlir və xərclərin bölgüsü, həmçinin həmin bölgü üzrə təsdiqedici sənədlərin (müqavilələr, bank çıxarışları, online kassa məlumatları və zəruri hesab etdiyi digər sənədlər) 5 iş günü müddətində vergi orqanına təqdim edilməsinə zərurətin yaranması, göstərilən müddət ərzində məlumatlar təqdim edilmədiyi halda, Vergi Məcəlləsinin 37, 67 bə 83-cü maddələrinin müddəalarına əsasən vergi orqanının vergi öhdəliklərin yenidən hesablamaq hüququ olması bildirilmişdir. İddiaçıya vergi qanunvericiliyinin tətbiqi və inzibatçılığı ilə bağlı əlavə məlumat almaq üçün cavabdein çağrı mərkəzinə (195) və Vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edilməsi haqqında məlumat verilmişdir. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin İddiaçı MMC-yə ünvanladığı “2020-ci il üçün təqdim edilmiş mənfəət (gəlir) vergisi bəyannaməsi üzrə yaranmış uyğunsuzluqlar barədə” məktubuna əsasən, iddiaçı tərəfindən 31.03.2021-ci il tarixdə təqdim edilmiş 2020-ci il üçün mənfəət vergisi bəyannaməsi əsasında aparılan araşdırma ilə əlaqədar 2020-ci il ərzində aparılmış idxal əməliyyatları zamanı malların faktiki qiymətləri ilə statistik qiymətləri arasında 328.279,64 manat fərqin xərclərin (mal, xammal, ammortizasiya və s.) şişirdilməsi kimi qiymətləndirilməsi nəticəsində məlumaltarın araşdırmaya 5 (beş) iş günü müddətinə təqdim edilməsi xahiş olunmuşdur. İddiaçıya vergi qanunvericiliyinin tətbiqi və inzibatçılığı ilə bağlı əlavə məlumat almaq üçün cavabdein çağrı mərkəzinə (195) və Vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edilməsi də bildirilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi tərəfindən tərtib edilmiş Koronovirus (COVİD-19) pandemiyasından zərər çəkməsi ilə əlaqədar muzdlu işçilərə əmək haqqının müəyyən hissəsinin ödənilməsi üçün dövlətdən maliyyə dəstəyi almış vergi ödəyicilərinin siyahısı - İV mərhələ (dekabr ayı üzrə, 01.04.2021-ci il tarixə olan məlumat) siyahısına əsasən, həmin siyahının 6050-ci sıra sayında İddiaçı MMC-nin adı qeyd olunmuşdur. İnternet Vergi İdarəsində “Kommersiya qurumlarının dövlət reyestri məlumatları haqqında” çıxarışın surətinə əsasən iddiaçı 06.05.2019-cu ildə dövlət qeydiyyatına alınmış hüquqi şəxsdir, ********** nömrəli VÖEN-ə malikdir, qanuni təmsilçisi X3r, nizamnamə kapitalı 10.00 AZN-dir. İddiaçı tərəfindən əlavə sübut qismində Əmək haqlarının ödənilməsi üçün maliyyə dəstəyi proqramı ilə bağlı pandemiyadan zərər çəkmiş sahələrin iqtisadi fəaliyyət növlərinin təsnifatı təsvir olunan siyahı təqdim olunmuşdur. Cavabdeh tərəfindən məhkəməyə Vergi ödəyiciləri tərəfindən satılmış və alınmış mal, iş və xidmətlər barədə məlumatları özündə əks etdirən siyahılar, 15 iyul 2021-ci il tarixli **********131900 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərar, kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında məktubların surətləri təqdim olunmuşdur. İqtisadiyyat Nazirliyinin iddiaçıya ünvanlanan “Koronovirus (COVİD-19)” pandemiyası ilə bağlı maliyyə dəsttəyi almaq barədə müraciətə baxılması haqqında” bildirişinə əsasən, Koronovirus (COVİD-19) pandemiyasından əziyyət çəkilməyi ilə əlaqədar maliyyə dəstəyi almaq barədəki müraciətə baxılmış və iddiaçıya ayrılmış vəsait ərizəsində onun qeyd etdiyi bankdakı hesabına köçürülmüşdür. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin iddiaçıya ünvanlanan “Koronovirus (COVİD-19) pandemiyasından zərər çəkmiş sahibkarlıq subyektlərinə maliyyə dəstəyinin göstərilməsi haqqında” məktuba əsasən, müraciətin İnternet Vergi İdarəsində mövcud olan şəxsi elektron kabinetində yaradılmış “Pandemiya ilə bağlı maliyyə dəstəyi proqramı” bölməsindən elektron formada vergi orqanına göndərilə bilməsi haqqında məlumat verilmişdir. Müraciətin bütün bölmələr üzrə tam doldurulması zəruridir. Daxil olunmuş məlumatlar vergi orqanının uçot baza məlumatları ilə yoxlanılacaqdır. Uyğunsuzluq aşkar edildikdə bu barədə məlumat ekranda əks olunacaqdır.Cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 14 iyul 2021-ci il tarixli **********604100 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarına əsasən, idxal faktiki dəyər, e-qaimə faktura və e-alış aktı bazasına əsasən alınmış mallar, o cümlədən Vergi Məcəlləsinin 139-cu maddəsinə əsasən malın dəyərində əks etdirilməli xərclər (beynəlxalq daşıma (ÖMV və e-qf məlumatlarına əsasən), yükün saxlanılması, boşaldılması, anbara təhvil vermə, terminal, yük-gömrük broker, YGB tərtibatı və digər xərclər) ilə təqdim edilmiş mənfəət vergisi bəyannaməsinin 1 nömrəli əlavəsində ehtiyatlar (mallar) üzrə mədaxil göstəricilərindən 198.790,71 manat fərqlənmişdir ki, bu da bəyannamənin bölməsində mallar, xammal və materiallar kodlu sətirlərində göstərilən xərclərin şişirdilməsi kimi qiymətləndirilmişdir. Araşdırma zamanı 2020-ci ilin sonuna MMCnin mal qalığı 880.254,73 manat olaraq müəyyən edilmişdir. Vergi Məcəlləsinin 224.1.2 və 222.5-ci maddələrinin tələbləri nəzərə alınmaqla hesablama aparılır. Kameral yoxlama nəticəsində İddiaçı MMC-yə 7.941,78 manat məbləğində vergi borcu hesablanmışdır. İddiaçı tərəfindən mübahisələndirilən cavabdehin qəbul etdiyi 15 iyul 2021-ci il tarixli **********131900 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarına əsasən, 2020-ci ilin mənfəət vergisinin bəyannaməsi üzrə həyata keçirilmiş kameral vergi yoxlaması zamanı İddiaçı MMC-nin baza iqtisadi göstəricilərini araşdırarkən (əvvəlki dövr bəyannamə məlumatları ilə müqayisə, təqdim edilmiş e-qaimə məlumat, obyektlər, yerləşdiyi ünvan, fəaliyyət, əldə edilmiş e-qaimə məlumat, idxal, bank hesabından çıxarışlar, digər uçot-baza məlumatları) Vergi Məcəlləsinin 224.1.2 və 222.5-ci maddələrinə əsasən pandemiyadan əziyyət çəkənlər üçün güzəşt əldə etmə hüququnun olmadığı müəyyən edildiyindən, tətbiq edilmiş güzəşt məbləği silinməklə hesablama aparılmış, nəticədə 2020-ci il üçün mənfəət vergisi üzrə 136.925.69 manat əlavə vergi məbləği hesablanmışdır. Məhkəmə iddiaçının iddiası ilə bağlı aşağıda göstərilənləri qeyd edir: Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır, 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın, İİİ hissəsinə əsasən hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır, İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. “İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 1.1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 67.3-cü maddəsinə əsasən qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Həmin Qanunun 71.1-ci maddəsinə əsasən maraqlı şəxslər hüquqlarını və ya qanunla qorunan maraqlarını müdafiə etmək məqsədilə inzibati aktdan və ya inzibati aktın qəbul edilməsindən imtinadan şikayət vermək hüququna malikdirlər. Həmin Qanunun 72.1-ci maddəsinə əsasən inzibati aktdan şikayət inzibati qaydada və ya məhkəmə qaydasında verilə bilər. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 62.1-ci maddəsinə əsasən hər bir vergi ödəyicisinin və ya başqa vəzifəli şəxsin vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət etmək hüququ vardır. Həmin Məcəllənin 62.2-ci maddəsinə əsasən vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət qanunla müəyyən edilmiş qaydada yuxarı vergi orqanına (yuxarı vəzifəli şəxsə) və (və ya) məhkəməyə verilir. Şikayətin yuxarı vergi orqanına (yuxarı vəzifəli şəxsə) verilməsi həmin şikayətin eyni zamanda və ya sonradan məhkəməyə verilməsini istisna etmir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 23.1-ci maddəsinə əsasən vergi orqanlarının hüquqları aşağıdakılardır: 23.1.1. bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək. Həmin Məcəllənin 36.1-ci maddəsinə əsasən vergi orqanları tərəfindən keçirilən yoxlamalar kameral və ya səyyar ola bilər. Həmin Məcəllənin 37.1-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. Həmin Məcəllənin 36.2-ci maddəsinə uyğun olaraq, vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. İşdə olan sənədlərdən göründüyü kimi, qanuniliyinin və əsaslılığının mübahisələndirildiyi qərar ilə iddiaçının üzərinə Vergi Məcəllənin 224.1.2 və 222.5-ci maddələrinə əsasən pandemiyadan əziyyət çəkənlər üçün tətbiq edilmiş güzəşt məbləğinin silinməsi nəticəsində 2020-ci il üçün mənfəət vergisi üzrə əlavə vergi məbləğinin ödənilməsi öhdəliyi qoyulmuşdur. Vergi Məcəllənin 222.1-ci maddəsinə əsasən bu fəslin müddəaları bu Məcəllənin 222.5-ci maddəsində nəzərdə tutulan fəaliyyəti həyata keçirən vergi ödəyicilərinin, habelə sadələşdirilmiş verginin ödəyicisi olan mikro sahibkarlıq subyektlərinin apardıqları əməliyyatlara tətbiq edilən vergi dərəcələrini, vergi güzəştlərini və azadolmaları, vergilərin ödənilməsi müddətlərini, vergi rejiminin seçilməsi ilə bağlı məsələləri tənzimləyir. Həmin Məcəllənin 222.2-ci maddəsinə əsasən bu fəslin müddəaları 2020-ci il yanvarın 1-dən bir il müddətinə tətbiq edilir. Bu maddə ilə müəyyən edilən müddət bitdikdən sonra vergi ödəyicisinin fəaliyyəti üzrə vergi öhdəlikləri, vergi ödəyicisinin hüquq və vəzifələri, vergi ödəyicisinin apardığı əməliyyatlara tətbiq edilən vergi dərəcələri, vergi güzəştləri və azadolmaları, vergilərin ödənilməsi müddətləri bu Məcəllə ilə müəyyən edilmiş qaydada həyata keçirilir. Həmin Məcəllənin 222.4-cü maddəsinə əsasən, bu fəslin müddəaları bu Məcəllənin 222.5-ci maddəsində nəzərdə tutulan şəxslərin yalnız həmin fəaliyyət üzrə əməliyyatlarına tətbiq edilir. Həmin Məcəllənin 222.5-ci maddəsinə uyğun olaraq, bu fəslin müddəaları aşağıdakı fəaliyyəti həyata keçirən şəxslərə şamil edilir: 222.5.1. avtomobil nəqliyyatı vasitələri ilə ölkədaxili (şəhərlərarası və rayonlararası, şəhərdaxili və rayondaxili) sərnişin daşımaları (o cümlədən taksi ilə) fəaliyyəti; 222.5.2. yerləşmə vasitələri hesab edilən mehmanxana (hotel) və mehmanxana tipli digər obyektlərin fəaliyyəti; 222.5.3. turoperator və turagent fəaliyyəti; 222.5.4. sifarişlər üzrə malların, o cümlədən yeməklərin, ərzaq və qeyri-ərzaq mallarının satıcılardan alıcılara daşınması və (və ya) çatdırılması fəaliyyəti; 222.5.5. ictimai iaşə fəaliyyəti; 222.5.6. sərgilərin təşkili, səhnə, istirahət və əyləncə (oyun), kinoteatr, teatr, muzey və konsert zallarının fəaliyyəti; 222.5.7. idman-sağlamlıq obyektlərinin fəaliyyəti; 222.5.8. hazırlıq (tədris) və ixtisasartırma kurslarının, məktəbdənkənar təhsil müəssisələrinin, psixoloji mərkəzlərinin fəaliyyəti; 222.5.9. koronavirus pandemiyasının yayılması ilə bağlı əhalinin sağlamlığının və təhlükəsizliyinin təmin edilməsi məqsədilə fəaliyyəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı ilə tam və ya qismən məhdudlaşdırılan fəaliyyət sahələri (dövlətə məxsus olan hüquqi şəxslər, büdcə təşkilatları, dövlət büdcəsindən və büdcədənkənar dövlət fondlarından maliyyələşən digər dövlət orqanları (qurumları) istisna olmaqla). Həmin Məcəllənin 224.1-ci maddəsinə əsasən bu Məcəllənin 222.5-ci maddəsində göstərilən fəaliyyəti həyata keçirən şəxslərə aşağıdakı vergi növləri üzrə güzəşt və azadolmalar tətbiq edilir: 224.1.2. əldə edilən mənfəətin (gəlirin) 75 faizi. İşin faktiki hallarına və məhkəməyə təqdim edilmiş sənədlərə görə iddiaçı pandemiya ilə bağlı işçilərə əmək haqqı ödənilməsi üçün dövlət tərəfindən maliyyə dəstəyi göstərilən müəssisə olmaqla barəsində müvəqqəti vergi rejiminin müddəalarının tətbiq olunmalı olduğu hüquqi şəxsdir, Vergi Məcəlləsinin 222.5-ci maddəsinə əsasən, fəaliyyəti güzəşt tətbiq edilən fəaliyyət növü olduğu üçün iddiaçının Vergi Məcəlləsinin 224.1.2.-ci maddəsinə əsasən, 75 faiz güzəşt tətbiq etmək hüququ olmuşdur. İddiaçı da qanunvericiliklə həmin hüququndan istifadə etməklə mənfəət bəyannaməsini tətbiq etməsinə baxmayaraq cavabdeh iddiaçının azadolma hüququnu nəzərə almadan ona kameral qaydada əlavə mənfəət vergisi hesablamışdır ki, bununla da Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 222-224-cü maddələrinin tələblərini və yuxarıda istinad edilən digər normalarını pozmuşdur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2-ci maddəsinə görə qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 3.1-ci maddəsinə əsasən vergilər haqqında qanunvericilik vergitutmanın ümumi, bərabər və ədalətli olmasına əsaslanmalıdır. Həmin Məcəllənin 3.11-ci maddəsinə əsasən, Vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları, vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə yuxarıda göstərilən bütün hallara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı və qanunauyğun olduğu üçün təmin edilməli, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 15 iyul 2021-ci il tarixli **********131900 nömrəli qərarı ləğv edilməlidir. Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 110.1-ci mаddəsinə əsаsən, prоsеssuаl хərclər ödənilmiş tələblərə münаsib оlаrаq işdə iştirаk еdən şəхslərə аid еdilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə – tərəflər dövlət rüsumu ödəməkdən azad olunurlar. Məhkəmə Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 2, 32, 68, 69, 85 və 110-cu mаddələrini rəhbər tutаrаq QƏRARA ALDİ: İddia tələbi təmin edilsin. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 15 iyul 2021-ci il tarixli **********131900 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarı ləğv edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Miminat Hacıbəyova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar