Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-1961/2024 03.09.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinə qarşı “ekstradisiya üçün sorğunun verilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Ağalarov Həmid Azər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Şirinova Lamiyə Fehruz qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinə qarşı “ekstradisiya üçün sorğunun verilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 03 sentyabr 2024-cü il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cəzasının qalan hissəsinin Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin tabeliyində olan cəzaçəkmə müəssisələrində çəkilməsi üçün Rusiya Federasiyasından Azərbaycan Respublikasına verilməsi üçün müvafiq qərarın qəbul edilməsi üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinə müraciət etmiş, lakin cavabdeh bunun məqsədəmüvafiq hesab edilməməsini əsas gətirərək, iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı cəzasının qalan hissəsinin Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin tabeliyində olan cəzaçəkmə müəssisələrində çəkilməsi üçün Rusiya Federasiyasından Azərbaycan Respublikasına verilməsi üçün müvafiq qərarın qəbul edilməsi və bununla əlaqədar icraata başlaması öhdəliyinin cavabdehə həvalə edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili xx.xx.2023-cü il tarixdə məhkəməyə ərizə təqdim edərək cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Nazirliyini əsl cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidməti ilə əvəz edilməsi məsələsinə baxılmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə, ərizə təmin edilmiş və cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi əsl cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidməti ilə əvəz edilmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Azərbaycan vətəndaşıdır. Ali təhsil almaq üçün Rusiya Federasiyasının Lipetsk şəhərində fəaliyyət göstərən universitetə daxil olaraq həmin ölkədə yaşamağa və oxumağa başlamışdır. Hadisələrin təsadüfi axırı zəminində təqsirsiz olaraq cinayətin iştirakçısı qismində Rusiya Federasiyası hüquqmühafizə orqanları tərəfindən cinayət məsuliyyətinə cəlb edilmişdir. Rusiya Federasiyası Tver şəhər Moskva Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmünə əsasən RF Cinayət Məcəlləsinin 30-cu maddəsinin 3-cü hissəsi və CM-in 4-cü hissəsinin “q” bəndi ilə təqsirli bilinərək 9 il müddətinə azadlıqdan məhrumetmə cəzasına və 50000 rus rublu məbləğində cərimə cəzasına məhkum edilərək, xx.xx.2019-cu ildən hal-hazıradək həmin ölkənin Lipetsk vilayəti üzrə RFF Rusiya FCİXİ 6 saylı İM-də 4 ildən artıqdır ki cəzasını çəkir. İddiaçı bir neçə dəfə Rusiya Federasiyası Ədliyyə Nazirliyinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə müraciət edərək cəzasının qalan hissəsini Azərbaycan Respublikasının Cəzaçəkmə müəssisələrinin birində çəkmək üçün onun vətəndaşı olduğu ölkəyə ekstradisiya edilməsini xahiş etmişdir. Rusiya Federasiyası Ədliyyə Nazirliyinin məhkumun Azərbaycan Respublikasına ekstradisiyası ilə bağlı ölkəmizin analoji nazirliyinə ünvanladığı sorğuya xx/xx-4156, xx.xx.2021-ci il tarixli cavab olaraq bunlar göstərilib: “Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Rusiya Federasiyasının Ədliyyə Nazirliyinə öz hörmətini bəyan edir və bildirir ki, məhkum İddiaçı Azərbaycan Respublikasına təhvil verilməsi məsələsinə baxılmışdır. Nəticədə müəyyən edilmişdir ki, məhkum İddiaçı təhvil verilməsi Azərbaycan Respublikasının maraqlarına zərbə vura bilər.Yuxarıda göstərilənlərə və xx.xx.1998-ci il tarixli “Azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş məhkumların cəzalarının qalan hissəsinin çəkilməsi üçün təhvil verilməsi haqqında” Moskva Konvensiyasının 6-cı maddəsinin tələblərinə əsasən məhkum İddiaçı cəzasının qalan hissəsini çəkmək üçün Azərbaycan Respublikasına verilə bilməz ”. Həmin cavabla əlaqədar məhkumun Bakı şəhərində yaşayan anası 2021 və 2022-ci illərdə də dəfələrlə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinə müraciət etmişdir. Məhkumun anasının axırıncı müraciətinə adıçəkilən qurumun xx.xx.2022-ci il tarixli cavab məktubunda bunlar göstərilmişdir: “Qeyd olunan məsələ Penitensiar xidmətdə araşdırılmış və məhkum İddiaçı Azərbaycan Respublikasına qəbul edilməsi məqsədəmüvafiq hesab edilməmişdir.” Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xx.xx.2022-ci il tarixli cavab məktubunda məhkum İddiaçı Azərbaycan Respublikasına qəbul edilməsinin hansı əsasa görə məqsədəmüvafiq hesab olunmaması barədə həmin xidmətə ünvanladığı sorğuya xx.xx.2022-ci il tarixli, № 17/4 13588 saylı cavab məktubunda bu məzmunda cavab verilib:“Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müəyyən müddətə azadlıqdan məhrumetmə növündə cəzaya məhkum olunmuş şəxslərin cəzasının qalan hissəsini vətəndaşı olduğu ölkədə çəkmək üçün həmin dövlətə verilməsi “Azadlıqdan məhrum etməyə məhkum olunmuşların cəzanın qalan hissəsini çəkmək üçün təhvil verilməsi haqqında” 1998-ci il 6 mart tarixli Moskva Konvensiyası ilə tənzimlənir. Bildirilir ki, qeyd olunan konvensiya və Ədliyyə Nazirliyi Kollegiyasının xx.xx.2017-ci il tarixli 3-N nömrəli qərarı ilə təsdiq edilmiş “Azadlıqdan məhrum etməyə məhkum olunmuşların cəzanın qalan hissəsini çəkilməsi üçün Azərbaycan Respublikasına qəbul edilməsi ilə bağlı icraat Qaydaları”na əsasən müraciətdə göstərilən məsələyə baxılmış və məhkum İddiaçı ölkəyə qəbul edilməsi məqsədə müvafiq hesab edilməmişdir”. Cavabdehin axırıncı məktubundan əvvəl Rusiya Federasiyasının Ədliyyə Nazirliyi də iddiaçının cəzasının qalan hissəsini çəkmək üçün Azərabyacan Respublikasına göndərilməsinin mümkünlüyü barədə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə ünvanladığı məktubuna da bu şəkildə cavab verilib:“Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Rusiya Federasiyasının Ədliyyə Nazirliyinə öz hörmətini bildirir və bildirir ki, məhkum İddiaçı Azərbaycan Respublikasına təhvil verilməsi məsələsinə baxılıb. Nəticədə müəyyən edilib ki, məhkum İddiaçı təhvil verilməsi Azərbaycan Respublikasının mənafeyinə xələl gətirə bilər”. Göründüyü kimi, Ədliyyə Nazirliyinin Penitensiar Xidməti məhkumun Azərbaycan Respublikasına ekstradisya edilməsinə qərəzli şəkildə mane olur və bununla bağlı üzərinə düşən öhdəlikləri icra etmir, müvafiq hüquqi prosedur başlamır. İddiaçı Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin məhkumun cəzasının qalan hissəsini çəkmək üçün Azərbaycan Respublikasına qəbul edilməsinin məqsədəmüvafiq hesab edilməməsi barədə xx.xx.2022ci il tarixli №-li 17/4 13588 məktubunda göstərilənlərin əsassız və qanunsuz hesab edilərək onun cəzasının qalan hissəsinin çəkilməsi üçün Azərbaycan Respublikasına köçürülməsinə (ekstradisiyası) dair hüquqi prosedura başlaması üçün Ədliyyə Nazirliyinin üzərinə müvafiq öhdəliyin qoyulması barədə aidiyyatı üzrə Bakı İnzibati Məhkəməsinə verdiyi iddia həmin məhkəmənin 2-1(112)-10985/2022 saylı, xx.xx.2022-ci i il tarixli qərardadı ilə mümkün sayılmamışdır. Məhkəmə öz qərardadını belə əsaslandırıb: “Məhkəmə qeyd edir ki, iddiaçı hazırda cavabdehin cinayət-prosessual fəaliyyəti ilə bağlı hərəkətlərini, daha dəqiq ifadə olunsa iddiaçının cəzasının qalan hissəsinin çəkilməsi üçün Azərbaycan Respublikasına veriməsi ilə bağlı müvafiq hərəkətlərin edilməsindən imtinasını mübahisələndirdiyindən və iddiaçının arzuladığı hərəkət inzibati icraat çərçivəsindsə deyil, cinayət-prosessual fəaliyyət üzrə qəbul olunduğundan, hazıkı iddiaya inzibati məhkəmə icraatı qaydasında baxıla bilməz. Odur ki, məhkəmənin qənaətinə görə iddia mümkün sayılmamalıdır”. İddiaçı vəkili Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadında göstərilənləri nəzərə alaraq Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin məhkumun cəzasının qalan hissəsini çəkmək üçün Azərbaycan Respublikasına qəbul edilməsinin məqsədəmüvafiq hesab edilməməsi barədə xx.xx.2022-ci il tarixli №-li 17/4 13588 məktubunda göstərilənlərin əsassız və qanunsuz hesab edilərək adıçəkilən qurumun hərəkətindən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikası vətəndaşı, məhkum İddiaçı cəzasının qalan hissəsini Azərbaycan Respublikası Penitensiar Xidmətinin tabeliyində olan Cəzaçəkmə Müəssisələrində çəkilməsi üçün Rusiya Federasiyasından Azərbaycan Respublikasına verilməsi üçün müvaviq qərarın qəbul edilməsi və bununla əlaqədar icraata başlanılması haqqında qərar qəbul edilməsi xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi xx.xx.2022-ci il tarixli, 7(006)-186/2022 saylı qərarı ilə ərizə geri qaytarılmışdır. Rayon Məhkəməsi həmin qərarını Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 519.1-ci maddəsinə istinad edərək belə əsaslandırıb: “Göstərilənlərə əsasən hesab edirəm ki, hökmün və ya məhkəmənin digər yekunqərarının icrası ilə əlaqədar ərizədə qeyd olunan məsələyə baxılmadığından məhkum İddiaçı vəkili Vəkil məhkumun cəzasının qalan hissəsinin çəkilməsi üçün Azərbaycan Respublikasına qəbul edilməsinin məqsədəmüvafiq hesab edilməməsi haqqında Azərbaycan Respublikası Ədliyyə NazirliyiPenitensiar Xidmətinin xx.xx.2022-ci il tarixli, № 17/4 13588 saylı qərarından verdiyi şikayət ərizəsi geri qaytarılmalıdır”. Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2022-ci il tarixli 7(103)-466/2022 saylı qərarı ilə sonuncu məhkəmənin qərarı isə Azərbaycan Respublikası Ali Məhkəməsinin CK-nın xx.xx.2023-cü il tarixli, 7(102)-36/2023 saylı qərarı ilə apellyasiya instansiya məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Göründüyü kimi, həm Rayon məhkəməsi, həm də Rayon Məhkəməsinin qərarını qüvvədə saxlayan apellyasiya və kassasiya instansiyaları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 519.1-ci maddəsinə istinad edərək həmin maddədə hökmün icrası qaydasında məhkumun ekstradisiyasının nəzərdə tutulmadığını qeyd edərək İddiaçı müraciətini geri qaytarmışlar. Tərəfindən Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinə etdiyi sonuncu müraciət adıçəkilən qurumun xx.xx.2023-cü il tarixli, 3-16-17/4/2-7585 saylı məktubu ilə belə cavablandırılıb: “Bildirilir ki, qeyd edilən məsələ Penitensiar Xidmətdə araşdırılmış və Ü. Quluzadənin Azərbaycan Respublikasına qəbul edilməsi məqsədəmüvafiq hesab edilməmişdir”. Cavabdehin etirazı: Cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidməti iddiaya dair etirazla məhkəməyə müraciət edərək bildirmişdir ki, məhkəmə hökmündən görünür ki, məhkum İddiaçı digər şəxslə birlikdə 8,79 qram narkotik vasitə hesab edilən metalefedronu əldə etməyə cəhd etmiş və həmin gün polis əməkdaşları tərəfindən tutulmuşdur. Məhkum İddiaçı barəsində təqdim olunmuş xasiyyətnamədə sonuncu mənfi xarakterizə edilmiş, cəza çəkdiyi müddətdə barəsində 5 dəfə tənbeh tədbirlərinin tətbiq edildiyi göstərilmişdir. Eyni zamanda müəyyən edilmişdir ki, İddiaçı xx.xx.2019-cu il tarixdən cəzanın çəkilmə qaydalarını qərəzli surətdə pozan məhkum kimi profilaktiki qeydiyyata götürülməklə ciddi saxlama rejiminə keçirilmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Kollegiyasının 15 fevral 2017-ci il tarixli 3-N nömrəli qərarı ilə təsdiq edilmiş “Azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslərin cəzanın qalan hissəsinin çəkilməsi üçün Azərbaycan Respublikasına qəbul edilməsi ilə bağlı icraat Qaydaları”nın 3.3-cü bəndinə əsasən məhkum İddiaçı Azərbaycan Respublikasına qəbul edilməsi ilə bağlı müvafiq sorğular göndərilmiş və digər zəruri tədbirlər görülmüşdür. Müraciətə baxılaraq 9 (doqquz) il müddətinə azadlıqdan məhrum edilmiş İddiaçı Azərbaycan Respublikasına qəbul edilməsi məqsədəmüvafiq hesab edilməmişdir. Azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş şəxslərin cəzanın qalan hissəsinin çəkilməsi üçün Azərbaycan Respublikasına gətirilməsi “Məhkum olunmuş şəxslərin verilməsi haqqında” xx.xx.1983-cü il tarixli Avropa Konvensiyasına, “Azadlıqdan məhrumetməyə məhkum olunmuşların cəzanın qalan hissəsini çəkmək üçün təhvil verilməsi haqqında” xx.xx.1998-ci il tarixli Moskva Konvensiyasına və bir sıra ikitərəfli beynəlxalq müqavilələrə əsaslanaraq həyata keçirilir. “Məhkum olunmuş şəxslərin verilməsi haqqında” xx.xx.1983-cü il tarixli Avropa Konvensiyasının 3-cü maddəsinə, “Azadlıqdan məhrumetməyə məhkum olunmuşların cəzanın qalan hissəsini çəkmək üçün təhvil verilməsi haqqında” xx.xx.1998-ci il tarixli Moskva Konvensiyasının 5-ci maddəsinə əsasən məhkum olunmuş şəxslərin cəzanın qalan hissəsinin çəkilməsi üçün verilməsinin əsas şərtlərindən biri hər iki dövlətin buna razılığın verilməsidir. “Məhkum olunmuş şəxslərin verilməsi haqqında” Avropa Konvensiyasına Azərbaycan Respublikasının qoşulması barədə” 2000-ci il 12 dekabr tarixli Qanuna və “Azadlıqdan məhrum etməyə məhkum olunmuşların cəzanın qalan hissəsini çəkmək üçün təhvil verilməsi haqqında Konvensiya” üzrə səlahiyyətli orqanın təyin edilməsi barədə” ölkə Prezidentinin 2005-ci il 19 aprel tarixli Sərəncamına, habelə beynəlxalq müqavilələrə uyğun olaraq həmin müqavilələrin Azərbaycan Respublikası tərəfindən həyata keçirilməsi məqsədi ilə səlahiyyətli orqan - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi müəyyən edilmişdir. “Azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş şəxslərin cəzanın qalan hissəsinin çəkilməsi üçün Azərbaycan Respublikasına qəbul edilməsi ilə bağlı icraat Qaydaları” (bundan sonra Qaydalar) Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Kollegiyasının 15 fevral 2017-ci il tarixli 3-N nömrəli qərarı ilə təsdiq edilmişdir. Qaydaların 1.4-cü bəndinə əsasən məhkum olunmuş şəxslərin cəzanın qalan hissəsinin çəkilməsi üçün Azərbaycan Respublikasına qəbul edilməsinə dair işlər ilə əlaqədar vətəndaşların qəbulu nazirlik üzrə müəyyən olunmuş qaydaya uyğun olaraq Nazirliyin Penitensiar xidməti tərəfindən həyata keçirilir. Rusiya Federasiyasında azadlıqdan məhrum etmə növündə cəza çəkən İddiaçı cəzasının qalan hissəsini çəkmək üçün ölkəmizə gətirilməsi barədə müraciəti əsasında beynəlxalq müqavilələrə və “Azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslərin cəzanın qalan hissəsinin çəkilməsi üçün Azərbaycan Respublikasına qəbul edilməsi ilə bağlı icraat Qavdaları”na uyğun olaraq icraat başlanılmışdır. Belə ki, beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş sənədlər (məhkumun şəxsi işi, xasiyyətnaməsi, hökm və s.) toplanılmışdır. Qaydaların 3.3-cü bəndinə əsasən məhkum İddiaçı Azərbaycan Respublikasına gətiriməsi ilə əlaqədar müvafiq sorğular (Azərbaycan Respublikasının Daxili İslər Nazirliyinə, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinə və Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətinə, Dövlət Miqrasiya Xidmətinə) göndərilmişdir. Sorğulara müvafiq rəylər daxil olmuş. Daxili İslər Nazirliyi İddiaçı ölkəyə qəbul edilməsini məqsədəmüvafiq hesab etməmişdir. Həmçinin Ədliyyə Nazirliyinin Cəzaların İcrasına Nəzarət üzrə müfəttişliyindən daxil olmuş arayışda məhkum İddiaçı ölkəyə qəbul edilməsinin məqsədəmüvafiq hesab edilmədiyi qeyd olunmuşdur. Qaydaların 3.5-ci bəndinə uyğun olaraq müraciət edilmiş orqanların məsələyə dair müvafiq cavab məktubları daxil olduqdan sonra Penitensiar xidmət tərəfindən azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslərin cəzanın qalan hissəsinin çəkilməsi üçün Azərbaycan Respublikasına qəbul edilməsinin məqsədəuyğunluğu barədə rəy hazırlanır. Belə ki, məhkum İddiaçı şəxsiyyəti, törətdiyi cinayət əməlinin xüsusatları və müvafiq dövlət qurumlarının rəyi nəzərə alınaraq cəzanın qalan hissəsini çəkmək üçün Azərbaycan Respublikasına ölkəyə qəbul edilməsi məqsədəmüvafiq hesab edilməmişdir. Azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş şəxslərin cəzanın qalan hissəsinin çəkilməsi üçün Azərbaycan Respublikasına qəbul edilməsi (müsbət və va mənfi rəyin verilməsi) Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Penitensiar xidmətin diskresion səlahiyyətlərinə aiddir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 2.0.7-ci maddəsinə uyğun olaraq diskresion səlahiyyətlər - qanunla inzibati orqana və ya vəzifəli şəxsə mümkün qanunauyğun qərarlardan birini seçmək hüququnun verilməsidir. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia ərizəsinə etiraz edərək, etirazın dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Faktiki hallar və sübutlar: İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Ədliyyə Nazirliyinin Cəzaların İcrasına Nəzarət üzrə müfəttişliyinin arayışından görünür ki, məhkum İddiaçı ölkəyə qəbul edilməsinin məqsədəmüvafiq hesab edilməmişdir. İşin faktiki hallarından görünür ki, iddiaçı Rusiya Federasiyası Tver şəhər Moskva Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmünə əsasən RF Cinayət Məcəlləsinin 30cu maddəsinin 3-cü hissəsi və CM-in 4-cü hissəsinin “q” bəndi ilə təqsirli bilinərək 9 il müddətinə azadlıqdan məhrumetmə cəzasına və 50000 rus rublu məbləğində cərimə cəzasına məhkum edilmişdir. O, cəzasının qalan hissəsinin Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin tabeliyində olan cəzaçəkmə müəssisələrində çəkilməsi üçün Rusiya Federasiyasından Azərbaycan Respublikasına verilməsi üçün müvafiq qərarın qəbul edilməsi üçün dəfələrlə cavabdehə müraciət etmişdir. Cavabdeh tərəfindən Azərbaycan Respublikasının Daxili İslər Nazirliyinə, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinə və Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətinə, Dövlət Miqrasiya Xidmətinə sorğular göndərilmişdir. Sorğulara müvafiq rəylər daxil olmuş, onlara əsasən iddiaçının ölkəyə qəbul edilməsi məqsədəmüvafiq hesab edilməmişdir. Tətbiq edilən hüquq: “Məhkum olunmuş şəxslərin verilməsi haqqında” 1983-cü il 21 mart tarixli Avropa Konvensiyası: Bir Tərəfin ərazisində cəza çəkən şəxs, ona verilmiş cəzanı çəkmək üçün bu Konvensiyanın müddəalarına uyğun olaraq başqa bir Tərəfin ərazisinə köçürülə bilər. Bu məqsədlə, o, hökm çıxaran dövlətə və ya idarə edən dövlətə bu Konvensiyaya əsasən köçürülməsində maraqlı olduğunu bildirə bilər. Məhkum edilmiş şəxs bu Konvensiyaya əsasən yalnız aşağıdakılara əsasən köçürülə bilər: “f” bəndi - hökm çıxaran və icra edən Dövlətlər köçürməyə razı olduqda. Köçürmə tələbləri və cavablar yazılı şəkildə həyata keçirilir. Tələblər sorğu edən Dövlətin Ədliyyə Nazirliyi tərəfindən X3 Nazirliyinə göndərilir. Cavablar eyni kanallar vasitəsilə çatdırılır. Hər hansı bir Tərəf, Avropa Şurasının Baş Katibinə ünvanlanan bəyannamə ilə, digər rabitə kanallarından istifadə edəcəyini göstərir. Sorğu alan Dövlət dərhal tələb olunan köçürməni qəbul edib-etməməsi barədə sorğu edən Dövlətə məlumat verəcəkdir. “Azadlıqdan məhrum etməyə məhkum olunmuşların cəzanın qalan hissəsini çəkmək üçün təhvil verilməsi haqqında” 1998-ci il 06 mart tarixli Moskva Konvensiyası: Bir məhkumun köçürülməsi üçün tələb həm hökm çıxaran dövlətdən, həm də idarə edən Dövlətdən gələ bilər. Məhkumun özü, yaxın qohumları, qanuni nümayəndəsi və vəkili məhkumun köçürülməsi tələbi ilə Razılığa gələn Tərəflərin səlahiyyətli orqanlarına müraciət edə bilər. Məhkumun köçürülməsi aşağıdakı şərtlər daxilində həyata keçirilə bilər : - şəxsin həbs cəzasına məhkum edilməsi barədə məhkəmə hökmü qanuni qüvvəyə minmiş olduqda; - bu Konvensiyanın 4-cü maddəsinin 2-ci hissəsində göstərilən şəxslər tərəfindən köçürmə müraciəti olduqda; - məhkumun yazılı razılığı varsa və ya məhkum yaşına, fiziki və ya mənəvi vəziyyətinə görə iradəsini sərbəst ifadə edə bilmirsə, bu halda qanuni nümayəndəsinin razılığı varsa; - şəxs qəbul və ötürülməni həyata keçirən Razılığa gələn tərəflərin qanunlarına görə azadlıqdan məhrumetmə ilə cəzalandırılan cinayətlərə görə məhkum edilmişdirsə; - köçürmə tələbinin qəbulu zamanı çəkilməmiş həbs müddəti ən azı altı aydırsa; - hökm çıxaran dövlətlə idarə edən dövlət arasında məhkumun köçürülməsi və qəbulu barədə razılaşma mövcuddursa. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Kollegiyasının 15 fevral 2017-ci il tarixli 3-N nömrəli Qərarı ilə təsdiq edilmiş “Azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslərin cəzanın qalan hissəsinin çəkilməsi üçün Azərbaycan Respublikasına qəbul edilməsi ilə bağlı icraat Qaydaları”: 1.1. Bu Qaydalar azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslərin cəzanın qalan hissəsinin çəkilməsi üçün Azərbaycan Respublikasına qəbul edilməsi barədə müraciətlərin qəbulunu və bununla bağlı həyata keçirilən sənədləşmə prosedurlarını müəyyən edir. 1.2. Azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslərin cəzanın qalan hissəsinin çəkilməsi üçün Azərbaycan Respublikasına qəbul edilməsi “Məhkum olunmuş şəxslərin verilməsi haqqında” 1983-cü il 21 mart tarixli Avropa Konvensiyasına, “Azadlıqdan məhrum etməyə məhkum olunmuşların cəzanın qalan hissəsini çəkmək üçün təhvil verilməsi haqqında” 1998-ci il 6 mart tarixli Moskva Konvensiyasına və bir sıra dövlətlərlə bağlanmış ikitərəfli müqavilələrə (bundan sonra – beynəlxalq müqavilələr) əsasən həyata keçirilir. 1.3. “Məhkum olunmuş şəxslərin verilməsi haqqında” Avropa Konvensiyasına Azərbaycan Respublikasının qoşulması barədə” 2000-ci il 12 dekabr tarixli Qanuna və “Azadlıqdan məhrum etməyə məhkum olunmuşların cəzanın qalan hissəsini çəkmək üçün təhvil verilməsi haqqında Konvensiya” üzrə səlahiyyətli orqanın təyin edilməsi barədə” ölkə Prezidentinin 2005-ci il 19 aprel tarixli Sərəncamına, habelə beynəlxalq müqavilələrə uyğun olaraq həmin müqavilələrin Azərbaycan Respublikası tərəfindən həyata keçirilməsi məqsədi ilə səlahiyyətli orqan - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi (bundan sonra – Nazirlik) müəyyən edilmişdir. 1.4. Məhkum olunmuş şəxslərin cəzanın qalan hissəsinin çəkilməsi üçün Azərbaycan Respublikasına qəbul edilməsinə dair işlər ilə əlaqədar vətəndaşların qəbulu nazirlik üzrə müəyyən olunmuş qaydaya uyğun olaraq Nazirliyin Penitensiar xidməti (bundan sonra - Penitensiar xidmət) tərəfindən həyata keçirilir. 2.1. Beynəlxalq müqavilələrə uyğun olaraq, məhkum olunmuş şəxslərin cəzanın qalan hissəsinin çəkilməsi üçün Azərbaycan Respublikasına qəbul edilməsi ilə bağlı icraat məhkumun özünün, yaxın qohumunun, qanuni nümayəndəsinin və ya vəkilinin, habelə hökmü çıxaran dövlətin müraciəti əsasında başlanır. 3.1. Müraciət bu Qaydaların 2.2 və 2.3-cü bəndlərinə uyğun təqdim edildikdən sonra Penitensiar xidmət İdarə vasitəsi ilə hökmün çıxarıldığı dövlətə məhkum barədə beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş sənədlərin istənilməsi ilə bağlı sorğu göndərir. Sorğu nəticəsində əldə olunmuş sənədlər İdarə tərəfindən dərhal Penitensiar xidmətə təqdim olunur. 3.2. Hökmü çıxaran dövlətdən daxil olmuş müraciət bu Qaydaların 2.4-cü bəndinə uyğun təqdim edildikdən dərhal sonra həmin müraciət və ona əlavə edilmiş sənədlər mahiyyəti üzrə baxılması üçün İdarə tərəfindən Penitensiar xidmətə göndərilir. 3.3. Penitensiar xidmət hökmü çıxaran dövlətdən daxil olmuş müraciəti və ya sorğu əsasında əldə edilən sənədləri aldığı gündən 3 iş günü müddətində məhkum olunmuş şəxslərin Azərbaycan Respublikasına qəbul edilməsi məsələsinə münasibət bildirməsi üçün aşağıdakı qurumlara göndərir: 3.3.1. məhkumluğu barədə məlumatın alınması, Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxs olması faktının təsdiq edilməsi (yalnız 1992-ci il yanvarın 1-dək Azərbaycan Respublikasında daimi yaşamaq üçün icazə almış vətəndaşlığı olmayan şəxslərə və onların “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək doğulmuş uşaqlarına münasibətdə), habelə məhkumun gətirilməsinin ictimai qaydanın və ictimai təhlükəsizliyin təmin edilməsinə ziyan vurub-vurmayacağı məsələsinə münasibət bildirməsi üçün Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə; 3.3.2. şəxsin Azərbaycan Respublikasına qəbul edilməsinin Azərbaycan Respublikasının suverenliyinə, təhlükəsizliyinə və ya başqa mühüm maraqlarına ziyan vurub-vurmayacağı məsələsinə münasibət bildirməsi üçün Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinə və Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətinə; 3.3.3. məhkumun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi və Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxs olması faktının təsdiq edilməsi üçün Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə. 3.4. İdarə Cəzaların icrasına nəzarət üzrə müfəttişliyinin təkliflərini nəzərə alaraq sənədlərin müvafiq konvensiyaların tələblərinə uyğunluğuna dair rəyini Penitensiar xidmətə göndərir. 3.5. Müraciət edilmiş orqanların məsələyə dair müvafiq cavab məktubları daxil olduqdan sonra Penitensiar xidmət tərəfindən azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslərin cəzanın qalan hissəsinin çəkilməsi üçün Azərbaycan Respublikasına qəbul edilməsinin məqsədəuyğunluğu barədə rəy hazırlanır. 3.6. Rəy Penitensiar xidmətin əməliyyat-rejim üzrə rəis müavini tərəfindən imzalanır və Nazir müavini - Penitensiar xidmətin rəisi tərəfindən təsdiq edilir. 3.7. Məhkum olunmuş şəxslərin Azərbaycan Respublikasına qəbul edilməsi barədə müsbət rəy olduqda zəmanət məktubu hazırlanaraq İdarə tərəfindən viza verilir və Nazir müavini - Penitensiar Xidmətin rəisi tərəfindən imzalanır. 3.8. Zəmanət məktubuna aşağıdakı sənədlər əlavə edilir: 3.8.1. Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş məhkumun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətini və ya Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti və ya Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən verilmiş məhkumun Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxs olmasını təsdiq edən sənəd; 3.8.2. Məhkumun azadlıqdan məhrum edilməsinə əsas olan əməlin cinayət olduğunu göstərən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin, habelə Cəzaların İcrası Məcəlləsinin və digər aidiyyəti qanunvericilik aktlarının maddələrinin mətni. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Kollegiyasının “31” oktyabr 2019cu il tarixli “21-N” nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar xidməti haqqında Əsasnamə: Bənd 1. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar xidməti Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin baş idarə səlahiyyətli müstəqil struktur qurumudur. Penitensiar xidmət öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, BMT-nin Məhbuslarla davranışın minimal standart qaydalarını (X4), BMTnin Məhbuslarla rəftarın əsas prinsiplərini, X2 və Azərbaycan Respublikasının tərəfdar çıxdığı digər beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının Cəzaların İcrası və Cinayət-Prosessual məcəllələrini, “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının Qanununu, “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqların təmin edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununu, Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi haqqında Əsasnamə” ni, Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarını, həmçinin Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Kollegiyasının qərarlarını, Nazirlik üzrə əmr və sərəncamları, habelə bu Əsasnaməni rəhbər tutur. Penitensiar xidmət fəaliyyətini insan və vətəndaş hüquqları və azadlıqlarına hörmət, qanunçuluq və humanizm prinsipləri əsasında həyata keçirir. Bənd 3.1.10. Bu Əsasnamə və digər hüquqi aktlar ilə müəyyən edilmiş səlahiyyətlər daxilində azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslərin cəzanın qalan hissəsinin çəkilməsi üçün Azərbaycan Respublikasına qəbul edilməsi, Azərbaycan Respublikasında cəza çəkən əcnəbi vətəndaşların mənsub olduqları ölkələrə verilməsi ilə bağlı tədbirlər görmək xidmətin vəzifəsi kimi göstərilmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasını Qanunu: Maddə 2.0.7. Diskresion səlahiyyətlər - qanunla inzibati orqana və ya vəzifəli şəxsə mümkün qanunauyğun qərarlardan birini seçmək hüququnun verilməsidir. Maddə 14.1. İnzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. 14.2. Diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. 14.3. Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. Maddə 16.2. Hüquq normasının tətbiqi inzibati orqanın diskresion səlahiyyətlərinə aid olduğu hallarda, maraqlı şəxs diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsini tələb etməkdə haqlıdır. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsi: 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmənin mövqeyi: İddiaçı cəzasının qalan hissəsinin Azərbaycan Respublikasında çəkilməsi üçün gətirilməsini xahiş etmiş və cavabdeh inzibati orqan tərəfindən iddiaçının müraciəti ilə bağlı müvafiq inzibati icraat aparılmışdır. Nəticədə müəyyən edilmişdir ki, iddiaçı cəza çəkdiyi müəssisənin rəhbərliyi tərəfindən təqdim edilmiş xasiyyətnamədə mənfi xarakterizə olunmuş, cəza çəkdiyi müddətdə barəsində 5 dəfə tənbeh tədbirlərinin tətbiq edildiyi göstərilmişdir. Eyni zamanda müəyyən edilmişdir ki, İddiaçı xx.xx.2019-cu il tarixdən cəzanın çəkilmə qaydalarını qərəzli surətdə pozan məhkum kimi profilaktiki qeydiyyata götürülməklə ciddi saxlama rejiminə keçirilmişdir. Cavabdeh tərəfindən məhkumun şəxsiyyəti, törətdiyi cinayət əməlinin xüsusatları, eyni zamanda gətirildiyi təqdirdə penitensiar müəssisələrin əməliyyat şəraitinə mənfi təsir göstərə biləcəyi nəzərə alınaraq Azərbaycan Respublikasına qəbul edilməsi məqsədəmüvafiq hesab edilməmişdir. Məhkəmə qeyd edir ki, yuxarıda sadalanan qanunvericiliyin tələbi baxımından, diskresion səlahiyyətlər inzibati orqanın öz mülahizəsinə görə tətbiq edə biləcəyi səlahiyyətlərdir və qanunla inzibati orqana və ya vəzifəli şəxsə mümkün qanunauyğun qərarlardan birini seçmək hüququnun verilməsi deməkdir. Lakin aydındır ki, inzibati orqan özünün diskresion səlahiyyətini özbaşına və hüdudsuz istifadə edə bilməz. Bu səlahiyyət heç bir halda inzibati orqana əsaslandırılmamış şəkildə hər hansı qanuni meyarlara söykənmədən öz mülahizəsinə uyğun davranmaq imkanının verilməsi kimi də qiymətləndirilə bilməz. Belə yanaşma hüquqi dövlət prinsipi ilə ziddiyyət yaratmış olardı. Hər bir inzibati orqan özünün malik olduğu diskresion səlahiyyətləri qanun güddüyü məqsəd naminə və səlahiyyətlərin qanunla müəyyən edilmiş hüdudları daxilində həyata keçirməlidir. Diskresion səlahiyyətlər həddində hərəkət edən inzibati orqanın fəaliyyətinin məhkəmə tərəfindən yoxlanılması da məhz bu meyarlara əsaslanmaqla inzibati orqanın hərəkətlərinə qiymət verilməsini ehtiva edir. Hazırkı iş üzrə də aidiyyəti mərkəzi icra hakimiyyəti orqanı tərəfindən cavabdehə ünvanlanmış rəydə iddiaçının ictimai qaydanın və ictimai təhlükəsizliyin təmin edilməsinə, o cümlədən dövlətin başqa mühüm maraqlarına təhdid yaratması barədə mövqe nümayiş etdirilmişdir ki, bu sahədə xüsusi bilik və təcrübəyə malik aidiyyəti şəxslər tərəfindən aparılan qiymətləndirmə cavabdeh inzibati orqan tərəfindən nəzərə alınmalıdır ki, cavabdeh də müraciəti təmin etməməklə həmin halı əsaslı olaraq nəzərə almışdır. Mübahisənin məhkəmə araşdırması zamanı müəyyən olunduğu kimi, inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair öhdəliyin icrası haqqında hazırkı iddia üzrə sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi cavabdehin imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə təqdim edilmiş sənədlərlə sübuta yetirilir. Cavabdehə qanunvericiliklə verilmiş səlahiyyətlərin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmuş, cavabdehin imtinası diskresion səlahiyyətlər həddində qanunazidd olmamaqla iddiaçının hüquqlarını pozmamışdır. Cavabdehin imtinası mövcud inzibati praktikaya uyğun olmaqla, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək, hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinə qarşı “ekstradisiya üçün sorğunun verilməsi” tələbinə dair iddiası təmin edilməməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinə qarşı “ekstradisiya üçün sorğunun verilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Həmid Ağalarov
Məhkəmə qərarları › İş №e-2-1(112)-1961/2024
Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-1961/2024
03.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver