Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-1989/2023 25.05.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “qərarın ləğv edilməsi, pensiyadan tutulmuş ödənişlərin geri qaytarılması” tələbi üzrə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56), şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialın hərəkətlərinin qanunsuz hesab edilməsi, xx.xx.2022-ci il tarixdən etibarən dayandırılmış pensiya ödənişinin bərpa edilməsi barədə qərar qəbul edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1955-ci ildə doğulub. xx.xx.1972-ci il tarixdən xx.xx.1980-ci ilədək müxtəlif peşə sahələrində işləməklə əmək fəaliyyəti ilə məşğul olmuşdur. xx.xx.1980-ci il dəmir-yolu sexində 3-cü dərəcəli qatar tərtibçisi vəzifəsinə qəbul edilmişdir. xx.xx.1984-cü ildə həmin yerdəcə teplovoz maşinisti vəzifəsinə keçirilmişdir. xx.xx.1987-ci ildə öz ərizəsinə əsasən işdən azad edilmişdir. xx.xx.1987-ci ildə teplovozun maşinisti vəzifəsinə işə qəbul edilmişdir. xx.xx.1988-ci ildə öz ərizəsinə əsasən işdən azad edilmişdir. xx.xx.1988-ci ildə yük-daşıyan vəzifəsinə işə qəbul edilmişdir. xx.xx.2000-ci ildə öz ərizəsinə əsasən işdən azad edilmişdir. xx.xx.2000-ci ildə Azərbaycan Dövlət Dəmir X5 İB-yə baqaj təsərrüfatına qatarda yük və baqaj qəbul edən vəzifəsinə işə qəbul edilmişdir. xx.xx.2010-cu ildə öz ərizəsinə əsasən işdən azad edilmişdir. xx.xx.2010-cu ildə ADY QSC-də texniki parka qatar tərtibatçısının köməkçisi vəzifəsinə işə qəbul edilmişdir. xx.xx.2018-ci ildə öz ərizəsinə əsasən işdən azad edilmişdir. xx.xx.2015-ci ildə iddiaçıya DSMF Bakı şəhəri Pirallahı rayon şöbəsi tərəfindən pensiya təyin edilmişdir. Cavabdeh inzibati orqan iddiaçıya pensiya ödənilməsini dayandırmış və mövqeyini belə izah etmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən mütəmadi olaraq aparılan araşdırmalar nəticəsində vətəndaşların pensiya hüquqlarının təsbiti ilə bağlı əsaslı şübhələr yarandıqda, həmçinin əmək pensiyası və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar aşkar edildikdə təyin edilmiş əmək pensiyasının ödənişi “Əmək pensiyaları haqqında” Azərbyacan Respublikası Qanununun 37.8.3-cü maddəsinin tələblərinə uyğun olaraq dayandırılır. Cavabdehin dəlillərinə əsasən araşdırma zamanı vaxtilə iddiaçıya pensiya təyin edilərkən təqdim olunmuş sənədlərdə qeyd olunan məlumatlara əsasən xx.xx.2010xx.xx.2018-ci tarixləri arasındakı dövr ərzində "xxxx" QSC-nin Bakı sərnişin stansiyasında qatar tərtibatçısının köməkçisi vəzifəsində işlədiyi müəyyən olunmuşdur. Göründüyü kimi, idiaçının işlədiyi qatar tərtibatçısının köməkçisi vəzifəsi yuxarıda müvafiq Qərarla təsdiq edilmiş Siyahı üzrə göstərilən vəzifəyə uyğun deyil. Bu səbəbdən də iddiçının güzəştli iş stajı 12 il 6 aydan az (7 il 10 ay 20 gün (xx.xx.1980-xx.xx.1987-ci il və xx.xx.1987xx.xx.1988-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir. Göstərilən uyğunsuzluğa baxmayaraq, iddiaçıya xx.xx.2015-ci il tarixindən Dövlət Sosial Müdafiə Fondunun Pirallahı rayon şöbəsi tərəfindən qanunvericiliyə zidd olaraq 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunduğu aşkar edildiyi bildirmişdir. Qeyd olunanlara əsasən iddiaçıya xx.xx.2015-xx.xx.2022-ci il tarixləri arasındakı dövr ərzində ümumilikdə 24611,52 manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edildiyi, bununla əlaqədar olaraq ona artıq ödənilmiş pul vəsaitini könüllü şəkildə büdcəyə (bank rekvizitləri əlavə olunur) qaytarmaqı xahiş edilmişdir. Əks halda qanunvericiliyin tələblərinə uyğun qaydada tədbirlər görüləcəkdir. İddiaçı bununla razılaşmayaraq hesab edir ki, məktubda qeyd olunanlar əsassız və qanunsuzdur. Belə ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının xx.xx.2017-ci il tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları na əsasən 57 yaşdan pensiya təyin təyin edilməlidir. Qanunverici artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləğinin tutulması barədə qərarın (inzibati aktın) qəbulunu əmək pensiyaçısının razılığı ilə şərtləndirir. Hazırkı halda isə iş materialları ilə cavabdehin əmək pensiyasından tutulmaların aparılmasına dair hər hansı razılıq ərizəsi müəyyən edilmir. Qanunvericilik normaları əmək pensiyasının təyin olunmasını birmənalı olaraq bu barədə aidiyyəti səlahiyyətli orqan kimi DSMF orqanının qərar qəbul etməsi ilə şərtləndirir və həmin qərar “əlverişli inzibati akt” sayılır. Nəzərə alınmalıdır ki, DSMF orqanının bu qəbildən olan əlverişli inzibati aktı ona münasibətdə «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 67.6-cı maddəsində nəzərdə tutulmuş hallar mövcud olmadığından, habelə həmin Qanunun 65.1-cimaddəsində göstərilən inzibati aktlar sırasına daxil olmadığından, eləcə də başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurulmadığından, inzibati aktın ünvanlandığı şəxs kimi əmək pensiyası təyin edilmiş şəxs etimadın qanunla qorunması hüququna malikdir. Belə ki, pensiya təyini və səhv hesablamalarla bağlı cavabdeh orqanın hərəkətlərini, qəbul edilmiş qərar və sərəncamları qanunsuz hesab edilsə belə, həmin hərəkətlər iddiaçı üçün daha artıq ödənişlərin həyata keçirilməsi ilə nəticələndiyindən, yəni onun üçün əlverişli xarakterə malik olduğundan pulun geri qaytarılması əsası da mövcud olmayacaqdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İş icraata daxil olduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi məqsədi ilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə göndərilmişdir. Cavabdeh məhkəməyə təqdim etdiyi yazılı münasibətində iddiaçının tələbinə etiraz edərək bildirmişdir ki, İddiaçı iddiası əsassızdır və təmin edilməməlidir. Belə ki, iş materiallarına əsasən, xx.xx.1955-ci il təvəllüdlü İddiaçı xx.xx.2015-ci il tarixdə (60 yaşında) Dövlət Sosial Müdafiə Fondunun Pirallahı rayon şöbəsi tərəfindən yaşa görə güzəştli şərtlərlə əmək pensiyası təyin edilmişdir. Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialı tərəfindən xx.xx.2022-ci ildə aparılan xidməti yoxlama zamanı iddiaçının pensiya işinə dair sənədləri araşdırılmışdır. Araşdırma nəticəsində onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun olmadığı halda xx.xx.2015-ci il tarixdən xx.xx.2022-ci il tarixədək 24611,52 manat pensiya aldığı müəyyən edilmişdir. Belə ki, İddiaçı xx.xx.1973-cü il tarixli və xx.xx.2000-ci il tarixli əmək kitabçalarına əsasən əmək fəaliyyəti dövrü, o cümlədən, 12.11,1974-cü il tarixdən xx.xx.1978-ci il tarixədək hərbi xidmət dövrü, eyni zamanda əmək kitabçasının surətində qeyd edilən digər dövrlər nəzərə alınmaqla, iddiaçının ümumi sığorta stajı xx.xx.1974-cü il tarixdən xx.xx.1978-ci il tarixədək hərbi xidmət dövrü, eyni zamanda əmək kitabçasının surətində qeyd edilən digər dövrlər nəzərə alınmaqla 01.01,2006-cı il tarixədək 32 il 9 ay 19 gün, xx.xx.2006-cı il tarixdən xx.xx.2010cu il tarixədək 4 il 8 ay, güzəştli iş stajı isə xx.xx.2010-cu il tarixdən xx.xx.2018-ci il tarixədək 7 il 9 ay təşkil edir. Belə ki, 2015-ci ildə qüvvədə olan qanunvericiliyə əsasən iddiaçıya güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün dörd element mövcud olmalıdır: iddiaçının 58 yaşının tamam olması; 25 il ümumi iş stajının mövcud olması; 12 il 6 ay güzəştli iş stajının mövcud olması; fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi. Hazırkı iş üzrə müəyyən olunur ki, iddiaçının 3 mart 2015-ci il tarixdə 60 yaşı tamam olmuş (həmin tarixdə qüvvədə olan qanunvericiliyə görə pensiya yaş həddi kişilər üçün 63 yaşdır), 60 yaşı tamam olduğu tarixə ümumi iş stajı 25 ildən artıqdır. Lakin iddiaçının güzəştli iş stajı 4 il 9 ay (xx.xx.2010-cu il tarixdən xx.xx.2015-ci il tarixədək) təşkil edir. Bu isə qanunvericiliklə tələb olunan müddətdən az olduğu üçün iddiaçının güzəştli şərtlərlə yaşa görə pensiya almaq hüququ yaranmamışdır. İddiaçı xx.xx.2019-cu ildə 233,35 manat məbləğində yaşa görə əmək pensiyası təyin edilmiş, 01.01,2020-ci il tarixdən 272,08 manat, xx.xx.2021-ci il tarixdən 303,10 manat, xx.xx.2022-ci ildən isə 313,40 manat olmuşdur. Fondun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialı tərəfindən iddiaçıya artıq ödənilmiş əmək pensiyasının məbləğinin tutulması haqqında xx.xx.2022-ci il tarixli, **********9 nömrəli qərara əsasən, artıq ödənilmiş 13197,11 manat (əvəzləşdirilmədən sonrakı qalıq borc) bölünməklə iddiaçının aylıq yaşa görə əmək pensiyasından tutuluraq Fondun hesabına bərpa olunmaqdadır. Cavabdeh “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 7-ci və 9.1-ci bəndinə istinad edərək iddia tələbinin rədd olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı sonradan məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək xx.xx.2015-ci il tarixli qərarın ləğv edilməsinə dair xx.xx.2022-ci il tarixli qərarın və artıq ödənilmiş pensiyanın geri qaytarılması haqqında xx.xx.2022-ci il tarixli qərarın ləğv edilməsi, xx.xx.2015-ci il tarixli qərarla təyin edilmiş pensiyanın bərpa edilməsi və əsassız geri alınmış pensiya məbləğinin hesablanaraq ona ödənilməsinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi barədə qərar qəbul edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin 25 may 2023-cü il tarixli qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə icraata qəbul edilmişdir. Cavabdeh iddiaya dair məhkəməyə təqdim etdiyi etiraza əlavədə bildirmişdir ki, iddiaçının tələbi qanuna müvafiq olmadığı üçün rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən mütəmadi olaraq aparılan araşdırmalar nəticəsində vətəndaşların pensiya təsbiti bağlı əsaslı şübhələr yarandıqda, həmçinin əmək pensiyası və əmək pensiyasına əlavələrin verilməsi şərtinə uyğun olmayan hallar aşkar edildikdə təyin edilmiş əmək pensiyasının ödənişi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq dayandırılır. İddiaçıya vaxtilə əmək pensiyası təyinatı apanlarkən əsas götürülmüş halların pensiya qanunvericiliyinin tələblərinə uyğunluğu araşdırılmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.1-ci madddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın nəqliyyat bölməsinin (21) Dəmiryol nəqliyyatı. lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər bəndində qatar tərtibçiləri (21.4) nəzərdə tutulmuşdur. Araşdırma zamanı vaxtilə pensiya təyin edilərkən təqdim olunmuş sənədlərdə qeyd olunan məlumatlara əsasən xx.xx.2010-xx.xx.2018-ci il tarixləri arasındakı dövr ərzində Dəmir Yolları” QSC-nin Bakı sərnişin stansiyasında qatar tərtibatçısının vəzifəsində işlədiyi müəyyən olunmuşdur. Göründüyü kimi, iddiaçının işlədiyi qatar köməkçisi vəzifəsi yuxarıda müvafiq Qərarla təsdiq edilmiş Siyahı üzrə göstərilən vəzifəyə uyğun deyil. Bu səbəbdən də onun güzəştli iş stajı 12 il 6 aydan az (7 il 10 ay 20 gün xx.xx.1980-05 05.1987-ci il və xx.xx.1987-xx.xx.1988-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir. Göstərilən uyğunsuzluğa baxmayaraq, iddiaçıya xx.xx.2015-ci il tarixindən Dövlət Sosial Müdafiə Fondunun Pirallahı rayon şöbəsi tərəfindən qanunvericiliyə zidd olaraq 60 yaşdan güzəştli görə əmək pensiyası təyin olunduğu aşkar edilmişdir. Qeyd olunanlanlara əsasən Dövlət Sosial Müdafiə Fondunun Daxili nəzarət departamenti iddiaçıya xx.xx.2015-xx.xx.2022-ci il tarixləri arasındakı dövr ərzində ümumilikdə 24611,52 manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilmiş və həmin artıq ödənilmiş pul vəsaitinin ödənildiyi müəyyən edilmiş və həmin artıq ödənilmiş pul vəsaitinin büdcəyə qaytarılması Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filiala tapşırılmışdır. Qeyd olunanları nəzərə alaraq alaraq, iddia rədd edilməlidir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddianı müdafiə edərək, iddia ərizəsində və iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizədə göstərilənlərə uyğun məzmunda izahat verdi və tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun məzmunda izahat verərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə ilk öncə qeyd etməyi zəruri hesab edir ki, hazırkı iddia mübahisələndirmə növünə aid iddia olduğundan inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Belə ki, İPM-in 2.2.1-ci maddəsinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 32.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. İddia tələb olunan mümkünlük şərtlərinə cavab verir. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: -Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.20222-ci il tarixli məktubunun surətindən görünür ki, iddiaçının müraciətinə baxılaraq etirazdakı dəlillərə uyğun məzmunda imtina verilmişdir. -AA seriyalı ******* №li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır, xx.xx.1955-ci il təvəllüdlüdür. -xx.xx.1973-cü ildən doldurulmağa başlanılmış, xx.xx.2000-ci ildən doldurulmağa davam etdirilən iddiaçıya məxsus əmək kitabçalarında İddiaçı iş stajı aşağıdakı kimi müəyyən edilmişdir: -xx.xx.1972-ci ildən xx.xx.1980-ci ilədək bir neçə müəssisədə mexanik ; -xx.xx.1980-ci ildən xx.xx.1987-ci ilədək dəmir-yolu sexində qatar tərtibçisi, teplovoz maşinisti; -xx.xx.1987-ci ildən xx.xx.1988-ci ilədək teplovoz maşinisti; -xx.xx.1988-ci ildən xx.xx.1988-ci ilədək yük-daşıyan; -xx.xx.2000-ci ildən xx.xx.2010-cu ilədək Azərbaycan Dövlət Dəmir X3 X2 Təsərrüfatında yük və baqaj qəbul edən; -xx.xx.2010-cu ildən xx.xx.2018-ci ilədək "xxxx" QSC-də texniki parka qatar tərtibatçısının köməkçisi vəzifələrində işləmişdir. Məhkəmənin sorğusu ilə cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən iddiaçının pensiya işi məhkəməyə təqdim edilmişdir. Pensiya işinə əlavə edilmiş sənədlərdən görünür ki: - "xxxx" QSC Bakı Sərnişin Stansiyası tərəfindən iddiaçıya verilmiş 11 iyun 2015-ci il tarixli dəqiqləşdirici arayışdan görünür ki, arayış İddiaçı ondan ötrü verilmişdir ki, o, xx.xx.2010cu il tarixdə Bakı sərnişin stansiyasına qatar tərtibatçısı köməkçisi peşəsinə qəbul edilmişdir (əmr 317, xx.xx.2010) və hal-hazıra kimi qeyd olunan peşədə işləyir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli saylı qərarı iə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın 21.4-cü bölməsi (səhifə 132) “Nəqliyyata”a uyğun olaraq pensiya almaq hüququna malikdir. -AR DSMF-in Pirallahı rayon şöbəsinin xx.xx.2015-ci il tarixli, 123 nömrəli qərarı ilə İddiaçı yaşa görə xx.xx.2015-ci il tarixdən güzəştli şərtlərlə pensiya təyin edilmişdir. -Məhkəmənin sorğusu ilə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən məhkəməyə təqdim edilmiş pensiya işinə əlavə edilmiş sənədlərdən görünür ki, AR Dövlət Sosial Müdafiə Fondunun Xətai rayon şöbəsinin 123 №li, xx.xx.2015-ci il tarixli qərarı ilə iddiaçıya xx.xx.2015-ci il tarixdə DSMF-nun Bakı şəhəri Pirallahı rayon şöbəsi tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. -Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X6 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialın xx.xx.2022ci il tarixli, **********0 nömrəli qərarından görünür ki, Dövlət Sosial Müdafiə Fondunun Pirallahı rayon şöbəsinin əmək pensiyası təyin edən komissiyasının İddiaçı əmək pensiyası təyin edilməsi haqqında xx.xx.2015-ci il tarixli qərarı “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 67.1 və 67.8-ci maddələrinin tələblərinə uyğun qaydada ləğv edilmiş, adıçəkilən şəxsə əmək pensiyasının ödənişi dayandırılmış və ona artıq ödənilmiş pensiyanın məbləği müəyyən edilməsi tapşırılmışdır. Bu qərar barəsində “İnzibati icraat haqqında” AR Qanununun 67.13-cü maddəsinin tələbinə uyğun qaydada iddiaçıya məlumat verilməsi və iddiaçıya artıq ödənilmiş pensiya məbləğinin dövlət büdcəsinə bərpa edilməsi üçün qanunvericiliyin tələblərinə uyğun qaydada tədbirlərin görülməsi təsbit edilmişdir. -DSMF-in Sosial Ödənişlərin Təyinatı üzrə X1 Baba Əli oğluna əmək pensiyasının təyin edilməsi haqqında xx.xx.2022-ci il tarixli, **********9 nömrəli qərarının qeyd hissəsindən görünür ki, İddiaçı 01 may 2022-ci il tarixədək XŞTMF-dan aylıq 486,80 manat məbləğində pensiya aldığı, 03 mart 2019-cu il tarixdən 30 aprel 2022-ci il tarixədək ümumilikdə 10474,21 manat pensiya almalı olduğu halda, XŞTMF-dan 24611,52 manat aldığı, əvəzləşdirmə aparılan zaman ümumilikdə 14137,31 manat artıq vermə aşkarlandığı (14137,31-940,20=13.197,11) vətəndaşın pensiyası yenidən hesablanaraq aylıq 313,40 manat müəyyən edilmişdir. -Arxiv və Sosial Ödəniş İşlərinin İnventarlaşdırılması üzrə Mərkəzi Filial tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X4 sədrinə ünvanladığı xx.xx.2022-ci il tarixli, **********5 saylı xidməti məruzəsindən görünür ki: -Filial tərəfindən pensiya işlərinin inventarlaşdırmasının nəticəsinə dair tərtib olunmuş xidməti məruzələrdə qeyd olunan 383 nöqsanlı pensiya işi üzrə ümumilikdə 1.225.685,13 manat artıq ödənilmiş vəsaitin bərpası ilə bağlı Mərkəzləşdirilimiş informasiya Sisteminin “Pensiya” Alt Sistemindən 305 pensiya işi üzrə ümumilikdə 892.749,98 manat artıq ödənilmiş vəsaitin bərpası üçün Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filial tərəfindən müvafiq qərarlar qəbul edilmiş və ödənilən pensiyaların aylıq məğlərindən tutulmalar aparılır... -Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X6 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialın xx.xx.2022-ci il tarixli, **********1 saylı iddiaçıya ünvanlanmış məktubundan görünür ki, Fondun Sosial Ödənişlərinin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən iddiaçıya artıq ödənilmiş yaş görə əmək pensiyasının məbləğinin tutulması haqqında xx.xx.2022-ci il tarixli **********9 nömrəli qərarın əsasında artıq ödənilmiş 13197,11 manat bölünməklə aylıq əmək pensiyasından tutularaq DSMF-in hesabına bərpa olunduğu bildirilmişdir. Beləliklə, işin faktiki hallarından görünür ki, iddiaçıya 60 yaşdan güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi barədə DSMF-in Pirallahı rayon şöbəsinin xx.xx.2015-ci il tarixli qərarı cavabdehin xx.xx.2022-ci il tarixli, **********0 nömrəli qərarı ilə ləğv edilmiş və ötən illər ərzində artıq ödənilmiş pensiya ödənişinin büdcəyə bərpa edilməsi məqsədilə iddiaçıya Sosial Ödənişlərin Təyinatı Mərkəzi tərəfindən xx.xx.2022-ci il tarixli qərarla ümumi əsaslarla təyin edilmiş yaşa görə əmək pensiyasından tutulmalar aparılmağa başlamışdır. Cavabdehin dəlili ondan ibarətdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın Nəqliyyat bölməsində (21-ci bənd) Dəmiryol nəqliyyatı, lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər bəndində (21.4) qatar tərtibçiləri nəzərdə tutulmuş, iddiaçının xx.xx.2010-xx.xx.2018-ci il tarixləri arasında olan dövr ərzində "xxxx" QSC-nin Bakı sərnişin stansiyasında işləmiş olduğu qatar tərtibatçısının köməkçisi vəzifəsi isə həmin siyahıda güzəştli şərtlərlə pensiya almaq hüququ verən vəzifə kimi göstərilməmişdir. Məhkəmə cavabdehin dəlili ilə əlaqədar bildirir ki, müvafiq sorğu ilə "xxxx" QSC tərəfindən qatar tərtibatçısı və qatar tərtibatçısı köməkçisinin iş qaydası və vəzifə təlimatları məhkəməyə təqdim edilmişdir. Həmin məktubdan görünür ki, qatar tərtibatçısı köməkçisinin vəzifə öhdəlikləri aşağıdakılardır: Stansiya dispetçerindən vaqonların qatara qoşulması və açılması barədə göstəriş alır; Maşinisti, qatar tərtibatçının köməkçisini, yerli idarəetmə postunun növbətçisini, sürət tənzimləyicisini növbənin iş planı və xüsusiyyəti barədə tanış edir; Qatar tərkibinə yanaşarkən vaqonların qoşulu olmasını, vaqonların altında adam və hərəkətə maneə olan əşya olmasını, vaqonda təmir aparılmasını yoxlayır; Manevr zamanı işçiləri elə yerləşdirir ki, hərəkətin təhlükəsizliyim təmin edən siqnalların görünüşü yaxşı təmin edilsin; Qatarların tərkibinin formalaşmasında və yerinin dəyişdirilməsindən sonra vaqonların bir-biri ilə qoşulu olmasını yoxlayır və hüdud dirəkciklərindən vaqonların kənara çıxmamalarına əmin olur; Növbə planının dəqiq və vaxtında yerinə yetirilməsini, qatarların stansiyadan göndərilməsi qrafikini təmin edir; Qatar tərkiblərinin parkdan-parka yer dəyişdirilməsi zamanı tərtibatçı hərəkət istiqamətində birinci vaqonun tamburunda durmalıdır. Məktuba əlavə edilmiş “Tərtibatçı və köməkçisi iş qaydası və vəzifə borcları”ndan görünür ki, növbəyə başlayarkən tərtibatçı aşağıdakıları yerinə yetirməyə borcludur: öz manevr rayonundakı yollarda olan vəziyyətlə tanış olmalıdır və müəyyən etməlidir; park yollarında qatarların olmasına və onların düzgün formalaşdırılmasına, qatarların və vaqonların qoşulmasına və bərkidilməsinə, növbəni təhvil verən tərtibatçılardan qatarlardan hansının formalaşdırılmış, hansının formalaşdırılmamış olmasını, qatarlara qoşulacaq vaqonların harada olmasını öyrənməlidir. Növbə vaxtı tərtibatçı aşağıdakıları etməyə borcludur: manevr dispetçerindən vaqonların qatara qoşulması və açılması barədə göstəriş almalı, maşinisti, tərtibatçının köməkçisini, yerli idarəetmə postunun növbətçisini, surət tənzimləyicisini növbənin iş planı və xüsusiyəti barədə tanış etməli, qatar tərkibinə yanaşarkən vaqonların qoşulu olmasını, vaqonların altında adam və hərəkətə mane olan əşya olmasının, vaqonda təmir aparılmasını yoxlamalıdır. Manevr zamanı işçiləri elə yerləşdirmək lazımdır ki, hərəkətin təhlükəsizliyini təmin edən siqnalların görünüşü yaxşı təmin edilstn. Manevr işləri avtoəyləclərin qoşulu vəziyyətində aparılmalıdır. Qatarlar tərkibinin formalaşdırılmalından və yerinin dəyişdirilməsindən sonra vaqonların bir-biri ilə qoşulu olmasını, qaçmaması üçün bərkidilmiş olmasını yoxlamalı və hüdud dirəkciklərindən vaqonların kənara çıxmamalarına əmin olmalıdır. Növbə planın dəqiq və vaxtında yerinə yetirilməsini, qatarların stansiyadan göndərilməsi qrafikini təmin etməlidir. Qatar tərkiblərinin parkdan-parka yer dəyişdirilməsi zamanı tərtibatçı hərəkət istiqamətində birinci vaqonun tamburunda durmalıdır. Göründüyü kimi İddiaçı xx.xx.2010-xx.xx.2018-ci il tarixləri arasındakı dövrlər ərzində "xxxx" QSC-nin Bakı sərnişin stansiyasında qatar tərtibatçısının köməkçisi vəzifə borclarına əsasən mahiyyət etibarı ilə qatar tərtibatçısı vəzifəsinin tutduğu işlərə uyğun işləri icra etmişdir. Məhkəmə hesab edir ki, iddiaçının işlədiyi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın nəqliyyat bölməsinin (21) Dəmiryol nəqliyyatı, lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər bəndində (21.4) adı çəkilməsə də, lakin əslində köməkşinin əməyi də müvafiq ağır sahədə tətbiq olunduğundan, onların da stajı güzəştli şərlərlə əmək pensiyası almağa imkan verən staj kimi qəbul edilməlidir. İddianın digər hissəsi iddiaçıya artıq ödənilmiş pensiyanın tutulması ilə bağlı cavabdehin xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli qərarları ilə bağlıdır. İddiaçı hesab edir ki, cavabdeh inzibati orqan “İnzibati icraat haqqında” və “Əmək pensiyaları haqqında” Qanunların tələblərinə əməl edilmədən pensiyanın azaldılması və pensiya məbləğindən tutulmalarla bağlı hərəkətlərə yol vermişdır. Məhkəmə hesab edir ki, iddiaçının tələbi aşağıda qeyd olunanlara əsasən qanuni və əsaslıdır. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunundan: -1.1. Bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. -2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; -2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət; -2.0.8. qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inam; -13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. “Əmək pensiyaları haqqında” Qanunun 39.1-ci maddəsinə əsasən artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. Həmin Qanunun 39.2-ci maddəsinə görə bu Qanunun 39.1-ci maddəsində göstərilmiş əsaslarla əmək pensiyasından və əmək pensiyasına əlavədən tutulan məbləğ, başqa əsaslara görə tutulan məbləğlər nəzərə alınmadan, hər ay əmək pensiyaçısına ödənilməli olan məbləğin 10 faizindən az, 20 faizindən artıq ola bilməz (bu Qanunun 39.3-cü maddəsi nəzərə alınmaqla). Əmək pensiyasından və əmək pensiyasına əlavədən tutulan məbləğ əmək pensiyaçısına ödənilməli olan məbləğin 10 faizindən az olduqda (bu Qanunun 39.3-cü maddəsi nəzərə alınmaqla) tam məbləğdə tutulur. Qanunun qeyd edilən müddəalarından görünür ki, artıq ödənilmiş əmək pensiyası və ya əmək pensiyasına əlavə əmək pensiyaçısına hər ay ödənilən əmək pensiyası məbləğindən tutula bilər. Bunun üçün Qanun iki mühüm şərti müəyyən etmişdir: 1.Tutulmanı həyata keçirən orqan əmək pensiyaçısına müraciət etməli, onun razılığını almalıdır. Razılığını aldığı təqdirdə inzibati orqan vəsaitin geri qaytarılması barədə qərar qəbul etməlidir;
2. Əmək pensiyaçısı tutulma barədə razılıq vermədiyi təqdirdə inzibati orqan tutulmanın həyata keçirilməsi üçün məhkəməyə müraciət etməlidir. Göründüyü kimi, “Əmək pensiyaları haqqında” Qanun 39-cu maddəsi inzibati icraatla bağlı xüsusi qaydalar müəyyən edir. Qanunverici artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin tutulması barədə qərarın (inzibati aktın) qəbulunu əmək pensiyaçısının razılığı ilə şərtləndirir. Belə razılıq olmadıqda, tələbin təmini üçün məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsi zəruridir. Hazırkı işin hallarına görə, əmək pensiyaçısı olan iddiaçının cavabdehin hesab etdiyi artıq ödənilmiş pensiya məbləğinin tutulmasına razılığının olması iş materialları ilə müəyyən edilmir. Belə olan halda, artıq ödənilmiş pensiya məbləği qanunun tələbinə görə, yalnız məhkəmə qərarı əsasında tutula bilərdi. Lakin bu barədə də iş materiallarında heç bir sübut yoxdur və cavabdeh də bu barədə heç bir dəlil təqdim edilməmişdir. Məhkəmə qeyd edir ki, mübahisələndirilən inzibati akt həmçinin inzibati icraat haqqında hüquq normalarının pozulması nəticəsində də qəbul edilmiş inzibati aktdır. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 2.0.3-cü maddəsinə əsasən maraqlı şəxs- inzibati aktın qəbul edilməsi və ya müvafiq hərəkətin edilməsi ilə bağlı inzibati orqana müraciət etmiş və ya barəsində inzibati akt qəbul edilmiş və ya müvafiq hərəkət (hərəkətsizlik) edilmiş şəxs və yaxud inzibati orqan tərəfindən qəbul edilməsi nəzərdə tutulan və ya qəbul edilmiş inzibati aktın və ya inzibati orqanın hərəkətinin hüquqlarına və ya qanunla qorunan maraqlarına birbaşa təsir etdiyi və ya təsir edə biləcəyi və öz vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda inzibati orqanın təşəbbüsü ilə inzibati icraata cəlb edilən hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 11.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 17.1-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Həmin Qanunun 21.2-ci maddəsinə əsasən qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. Həmin Qanunun 21.3-cü maddəsinə əsasən inzibati orqan aşağıdakı hallarda maraqlı şəxsləri və ya onların nümayəndələrini dinləməkdən imtina edə bilər: 21.3.1. maraqlı şəxslərin tələblərinin tam təmin olunduğu inzibati aktın qəbul edilməsi nəzərdə tutulduqda; 21.3.2. ictimai və ya dövlət maraqlarına ziyan vura biləcək təhlükənin qarşısının alınması və ya aradan qaldırılması ilə əlaqədar inzibati aktın dərhal qəbul olunması zərurəti yarandıqda; 21.3.3. dinləmənin keçirilməsi inzibati aktın qəbul edilməsi ilə bağlı müddətin buraxılmasına səbəb ola biləcəyi halda; 21.3.4. ümumi xarakterli sərəncamın və ya çoxlu sayda identik məzmunlu inzibati aktların və ya avtomatik qurğular vasitəsilə inzibati aktların qəbul edilməsi nəzərdə tutulduqda; 21.3.5. barəsində müstəqil şəkildə şikayət verilə bilməyən aralıq inzibati aktın qəbul edilməsi nəzərdə tutulduqda; 21.3.6. inzibati aktların məcburi qaydada icrası ilə bağlı tədbirlərin tətbiqi nəzərdə tutulduqda. Həmin Qanunun 23.1-ci maddəsinə əsasən, inzibati orqan ərizə, şikayət və ya vəsatətlərin verilməsində, ərizə, şikayət və ya vəsatətlərdə buraxılmış səhvlərin aşkar edilməsində və onların aradan qaldırılmasında maraqlı şəxsə yardım etməyə, inzibati icraatda iştirak edən şəxsin malik olduğu hüquq və vəzifələri ona izah etməyə borcludur. Həmin Qanunun 24.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Qanunun 28.1.1-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxsin ərizəsi inzibati icraatın başlanılması üçün əsasdır. Həmin Qanunun 28.1.1-ci və 28.1.3-cü maddələrində nəzərdə tutulmuş hallarda inzibati icraat müvafiq olaraq ərizənin və ya şikayətin qeydiyyata alındığı andan başlanır. Göründüyü kimi, qanunvericilikdə inzibati icraatın başlanılması üçün əsaslar, onun aparılması və yekunlaşdırılması qaydası ətraflı nəzərdə tutulmuşdur. Lakin hazırkı mübahisə üzrə cavabdeh inzibati orqan tərəfindən “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun icraat aparılması müəyyən edilməmişdir. Belə ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçı maraqlı şəxs kimi başlanılmış inzibati icraata cəlb edilməli, həmin icraatı iddiaçının dinlənilmə hüququnu təmin etməklə və digər mühüm prinsiplərə riayət etməklə aparmalı, yardım etmə vəzifəsinə də əməl etməklə icraatın sonunda bu barədə müvafiq inzibati akt qəbul etməli idi. Cavabdeh tərəfindən isə bu tələblərə əməl edilməsini təsdiq edən sübutlar məhkəməyə təqdim edilməmişdir. Sözügedən Qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.3-cü maddəsinə əsasən qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. 67.4-cü maddəsinə əsasən qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. 67.5-ci maddəsinə əsasən maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. 67.6-cı maddəsinə əsasən maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. 67.7-ci maddəsinə əsasən bu Qanunun 67.6-cı maddəsində göstərilən hallarda qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Bu zaman maraqlı şəxs xərclənmiş pul vəsaitlərinin və ya istifadə olunmuş əşyanın əvəzini ödəməyə borcludur. Ödəmənin həcmi Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsassız varlanma ilə bağlı müddəalarına uyğun olaraq müəyyən edilir. 67.8-ci maddəsinə əsasən başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vuran qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırmır. 68.1-ci maddəsinə əsasən qanuni əlverişsiz inzibati akt, həmin aktın ləğv olunmasının qanunla birbaşa qadağan edildiyi hallar istisna olmaqla, onu qəbul etmiş orqan tərəfindən tam və ya qismən ləğv oluna bilər. 68.2-ci maddəsinə əsasən qanuni əlverişli inzibati akt yalnız aşağıdakı hallarda ləğv edilə bilər: 68.2.1. inzibati aktın ləğvi qanunla birbaşa nəzərdə tutulduğu halda və ya inzibati aktın özündə bu barədə müvafiq qeyd olduğu halda; 68.2.2. maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya lazımi qaydada və müddətdə istifadə etmədiyi halda; 68.2.3. inzibati aktın qəbulundan sonra yaranmış hüquqi və ya faktiki hallara görə həmin aktın qüvvədə qalması dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi halda; 68.2.4. inzibati aktın qəbulu üçün əsas olmuş hüquq normasının dəyişməsi nəticəsində inzibati orqanın həmin aktı qəbul etməməyə haqlı olduğu və maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya ona münasibətdə inzibati aktla təminat verilmiş öhdəliklər yerinə yetirilmədiyi və ya həmin aktın qüvvədə qalmasının dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi hallarda. 68.3-cü maddəsinə əsasən qanuni inzibati aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırmır. 68.4-cü maddəsinə əsasən qanuni inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Məhkəmə qeyd edir ki, əlverişli inzibati aktın ləğvi və ya dəyişdirilməsi ilə bağlı mübahisənin mahiyyəti üzrə qərar qəbul edərkən, o cümlədən də artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləğinin cavabdehdən geri tələb olunması ilə bağlı hallarda, “İnzibati icraat haqqında” Qanunun 67-ci maddəsinin, xüsusən 67.5-67.13-ci maddələrinin tələblərinin, şəxsin həmin qanunda təsbit edilmiş etimad hüququnun inzibati orqan tərəfindən nəzərə alınıb-alınmadığını müəyyən etməli və ona qiymət verməlidir. Bu zaman həmçinin nəzərə alınmalıdır ki, 67.5-ci maddənin tələbinə görə, şəxsin özünün əlverişli hüquqi mövqeyinə olan etimadı qanunla qorunur. Həmçinin nəzərə almaq lazımdır ki, birdəfəlik və ya mütəmadi pul ödəmələrinin, o cümlədən artıq ödəmənin inzibati orqanın təqsiri üzündən baş verdiyi və şəxsin təqsirli davranışına bağlı olmadığı hallarda, inzibati icraat hüququnun müddəaları baxımından şəxsin əmlak vəziyyəti qorunmağa layiqdir. Bu zaman həmçinin şəxsin ona ödənilmiş pul vəsaitlərini xərclədiyi və buna görə də həmin vəsaiti qaytarmaq iqtidarında olmadığı və ya onu qaytaracağı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda həmin şəxsin etimad hüququnun qanunla qorunduğu da nəzərə alınmalıdır. Başqa cür yanaşma, şəxsin vicdansız və təqsirli davranışına bağlı olmadığı hallarda, sosial təminat sahəsində qanunun düzgün tətəbiqinə məsuliyyət daşıyan inzibati orqanın yanlış hərəkətinin məsuliyyətinin və səhv hesablamanın neqativ hüquqi nəticələrinin yükünün həmin şəxsin üzərinə qoyulması demək olardı. Təzələnmiş icraat nəticəsində qəbul edilən inzibati akt qanunvericiliyin müvafiq maddələrinə istinad edilməklə inzibati orqan tərəfindən əsaslandırılmalıdır. Şəxs inzibati orqanın hansı hallar əsasında inzibati aktı ləğv etdiyini və ya dəyişdirdiyini, bunun səbəblərini və bu zaman istinad olunan hüquq normalarını qərardan aydın görmək imkanına malik olmalıdır. Bunu şəxsin həmin qərardan müdafiə olunmaq və öz müdafiəsini səmərəli şəkildə həyata keçirmək hüququ tələb edir. İnzibati orqanın öz qərarını əsaslandırma vəzifəsi eyni zamanda və həm də səmərəli məhkəmə nəzarətinin həyata keçirilməsi məqsədlərinə xidmət edir. Göstərilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi barədə DSMF-in Pirallahı rayon şöbəsinin xx.xx.2015-ci il tarixli,123 nömrəli qərarının ləğv edilməsinə dair cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2022-ci il tarixli, **********0 nömrəli qərarı və iddiaçıya əmək pensiyasının təyin edilməsi barədə Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2022-ci il tarixli, **********9 nömrəli qərarları ləğv edilməli, xx.xx.2015-ci il tarixli, 123 nömrəli qərarla təyin edilmiş pensiya bərpa edilməklə iddiaçının pensiyasından tutulmuş ödənişlərin hesablanıb geri qaytarılması vəzifəsi cavabdehə həvalə edilməlidir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 70.3. İnzibati aktın ləğv edilməsi ilə yanaşı, iddiaçının hər hansı öhdəliyin (vəzifənin) yerinə yetirilməsini tələb etməyə haqlı olduğu hallarda, məhkəmə həmin icraat zamanı tələb olunan öhdəliyi (vəzifəni) yerinə yetirməyə məcbur etmə haqqında qərar qəbul edə bilər. Şərh edilənlərə əsasən və İPM-in 2, 33.1, 52, 58, 68-69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
İddia təmin edilsin. İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi barədə DSMF-in Pirallahı rayon şöbəsinin xx.xx.2015-ci il tarixli,123 nömrəli qərarının ləğv edilməsinə dair cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2022-ci il tarixli, **********0 nömrəli qərarı və iddiaçıya əmək pensiyasının təyin edilməsi barədə xx.xx.2022-ci il tarixli, **********9 nömrəli qərarı ləğv edilsin, xx.xx.2015-ci il tarixli, 123 nömrəli qərarla təyin edilmiş pensiya bərpa edilməklə iddiaçının pensiyasından tutulmuş ödənişlərin hesablanıb geri qaytarılması vəzifəsi cavabdehə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Tural Məlikov