Məhkəmə qərarları › İş №e-2-1(112)-1994/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-1994/2024

23.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-1994/2024 23.12.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, X1, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğvi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) məhkəmə iclasından kənar qaydada baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək xx.xx.2023-cü il tarixli **********901300 nömrəli “Vergilərin sosial sığorta və işsizlik siğortası haqlarının hesablanması barədə" qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırımışdır ki, cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixli **********901300 nömrəli “Vergilərin sosial siğorta və işsizlik siğortası haqlarının hesablanması barədə” Qərar qəbul olunaraq müəssisəyə 2021-ci il üzrə əlavə 121362,84 manat məbləğində mənfəət vergisi hesablanmışdır. Belə ki, tərəfimizdən 3 may 2023-cü il tarixdə 2021-ci il üzrə dəqiqləşdirilmiş mənfəət vergisi bəyannaməsi təqdim edilmiş, həmin bəyannamənin yoxlanılması ilə əlaqədar cavabdeh tərəfindən xx.xx.2023-ci il tarixli **********921700 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” məktub göndərilmişdir. Uyğunsuzluq məktubunda təqdim edilmiş bəyannamənin 1 nömrəli əlavəsinin 1.1 kodlu (əsas vəsaitlərin dəyəri) və 1.3 kodlu (ehtiyatlar) sətrlərinin “Dövr ərzində daxil olmuşdur” sütunundakı göstəricilərin cəmi (1224925,45 manat) bəyannamənin aid olduğu ilin müvafiq dövründə tərəfinizdən idxal edilmiş, elektron-qaimə fakturalar və alış aktları əsasında alınmış mallar (işlər, xidmətlər) barədə vergi orqanının məlumat bazasında olan (734597,87 manat) məbləğdən -490327,58 manat fərqli olduğu üçün kənarlaşma yarandığı qeyd olunmuşdur. Sözügedən uyğunsuzluq məktubuna cavab olaraq tərəfimizdən xx.xx.2023-cü il tarixli məktubla cavabehə müraciət olunmuş yarabnmış uyğunsuzluğun səbəbləri barədə izah verilmişdir. Belə ki, məktubda 2021 -ci il ərzində ümumilikdə 1224925,45 manat məbləğində mallar alındığı (495631,46 manat mal idxal edilmiş və 729330,82 manat məbləğində elektron qaimə fakturalar əsasında mallar alınmışdır) qeyd olunmuş və malların alınmasına dair müvafiq təsdiqedici sənədlər (elektron qaimə-fakturalar, yük gömrük bəyannamələri, invoyslar) məktuba qoşma edilmişdir. Buna baxmayaraq aşkar olunmuş uyğunsuzluğa verilmiş izah və təqdim edilmiş təsdiqedici sənədlər nəzərə alınmamış və xx.xx.2023-cü il tarixli **********901300 nömrəli “Vergilərin sosial siğorta və işsizlik siğortası haqlarının hesablanması barədə” Qərar qəbul olunaraq müəssisəyə 2021-ci il üzrə əlavə 121362,84 manat məbləğində mənfəət vergisi hesablanmışdır. Vergi Məcəlləsinin 96.1-cı maddəsinə əsasən rezidentlərin gəlirləri üzrə vergitutma obyekti vergi ili üçün rezidentlərin bütün gəliri ilə həmin dövr üçün bu Məcəllə ilə müəyyənləşdirilən gəlirdən çıxılan məbləğ arasındakı fərqdən ibarət olan vergiyə cəlb edilən gəlirdir. Həmin Məcəllənin 104.1-ci maddəsinə əsasən rezident müəssisə üçün vergitutma obyekti onun mənfəətidir. Vergi ödəyicisinin bütün gəlirləri, o cümlədən onun Azərbaycan Respublikasının hüdudlarından kənarda daimi nümayəndəlikləri vasitəsilə əldə etdiyi gəlirləri, Azərbaycan Respublikasının hüdudlarından kənarda əldə etdiyi dividend, faiz, royalti (vergidən azad edilən gəlirdən başqa) ilə bu Məcəllənin X fəslində göstərilən, gəlirdən çıxılan xərc (vergidən azad edilən gəlirlər üzrə çəkilən xərclərdən başqa) arasındakı fərq mənfəətdir. Həmin Məcəllənin 108.1. Bu fəsilə uyğun olaraq gəlirdən çıxılmayan xərclərdən başqa, gəlirin əldə edilməsi ilə bağlı olan bütün xərclər, həmçinin qanunla nəzərdə tutulmuş icbari ödənişlər gəlirdən çıxılır. “Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi Qaydalarının” 1.2-ci bəndinə əsasən Elektron qaimə-faktura bu Qaydalara uyğun olaraq tərtib edilən və elektron formada hazırlanaraq vergi orqanında uçotda olan şəxslərə göndərilən və ya malların təsərrüfatdaxili yerdəyişməsinin rəsmiləşdirilməsini təsdiq edən ilkin uçot sənədidir. Qanunvericiliyin tələbinə əsasən elektron qaimə-fakturalar, yük gömrük bəyannamələri və invoyslar xərci təsdiq edən sənədlər olduğundan onların xərc kimi nəzərə alınmaması yol verilməzdir. Eləcə də, cavabdehin hesablaması xx.xx.2023-ci il tarixli **********921700 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” məktuba da uyğun olmamışdır. Sözügedən məktubda 490327,58 manat məbləğində malların məlumat bazasında olmadığı qeyd olunsa da, əlavə hesablama daha böyük məbləğə münasibətdə aparılmışdır. Belə ki, 490327,58 manat məbləğində xərcin təsdiq edilməməsi 98065,51 manat əlavə verginin hesablanmasına səbəb ola biləcəyi halda vergi orqanı ümümilikdə 121362,84 manat əlavə vergi məbləği hesablamışdır. xx.xx.2023-cü il tarixli **********901300 nömrəli “Vergilərin sosial siğorta və işsizlik siğortası haqlarının hesablanması barədə” Qərar qanunvericiliyin tələbərinə uyğun tərtib olunmamış, əsaslandırılmamış və qərarın “Bəyannamə və hesabatda göstərilən məbləğə düzəliş edilməsinin səbəbi və müvafiq təsdiqedici sənədlər barədə məlumat” hissəsində anlaşılmayan ifadələrdən istifadə olunmuşdur. Halbuki, “İnzibati icraat haqqında” Qanunun 61.1-cı maddəsinə əsasən yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. Həmin Qanunun 61.2-ci maddəsinə əsasən əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. Göstərilən səbəblərdən xx.xx.2023-cü il tarixli **********901300 nömrəli “Vergilərin sosial siğorta və işsizlik siğortası haqlarının hesablanması barədə” Qərar ləğv edilməlidir. İddiaçı xx.xx.2024-cü il tarixdə iddia tələbinə dəqiqləşmə verərək cavabdehin xx.xx.2024-cü il tarıxli **********700500 nömrəli qərarın ləğv edilməsinə dair qərar qəbul edilməsini etmiş, məhkəmənin eyni tarixli qərardadı ilə iddia tələbi dəqiqləşdirilmiş şəkildə icraata qəbul edilmişdir. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, uçot-baza məlumatlarına əsasən İddiaçı MMC-nin xx.xx.2019-cü il tarixdən vergi ödəyicisi kimi dövlət qeydiyyatına, xx.xx.2019-cü il tarixdən isə ƏDV məqsədləri üçün qeydiyyata alındığı və əsas fəaliyyətinin poçt və ya internet ilə sifariş vasitəsilə alınan bütün malların pərakəndə satışından ibarət olduğu müəyyən edilmişdir. Mübahisələndirilən qərarın qəbul edilməsi üçün əsas olmuş kameral vergi yoxlaması ilə bağlı bildirilir ki, vergi orqanında aparılan araşdırma zamanı İddiaçı MMC tərəfindən 2021 - ci il ərzində vergi ödəyiciləri ilə aparılmış 323 888,89 manat məbləğində qarşılıqlı əməliyyatlar zamanı alınmış malların və ya xidmətlərin həcminin və çeşidinin vergi orqanının uçot-baza məlumatlarında olan iqtisadi göstəriciləri ilə uzlaşmadığı aşkar edilmişdir. Bu hal əmtəsiz əməliyyat kimi qiymətləndirilmiş və kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Eyni zamanda, 2021-ci il ərzində vergi ödəyicisi tərəfindən aparılmış idxal əməliyyatları zamanı malların faktiki qiymətləri ilə statistik qiymətləri arasında 96 357 manat fərq yaranmışdır ki, bu da xərclərin şişirdilməsi kimi qiymətləndirilmişdir. Qeyd olunan kənarlaşmalar ilə bağlı vergi ödəyicisinə uyğunsuzluq məktubu göndərilməsinə baxmayaraq vergi ödəyicisi tərəfindən uyğunsuzluq məktubunda qeyd edilən təsdiqedici sənədlər təqdim edilmədiyi üçün Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən 2021 -ci ilin mənfəət vergisi bəyannaməsi üzrə 159 047,89 manat əlavə vergi məbləği hesablanmışdır. Kameral vergi yoxlamasının nəticəsi üzrə qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022ci il tarixli **********800200 nömrəli qərar vergi ödəyicisinə göndərilmişdir. xx.xx.2023-cü il tarixdə İddiaçı MMC tərəfindən 2021-ci il üçün yenidən dəqiqləşdirilmiş mənfəət vergisi bəyannaməsi təqdim edilməsinə baxmayaraq kənarlaşmalar aradan qaldırılmamışdır. Bununla əlaqədar kameral vergi yoxlamasının nəticəsi üzrə qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli **********901300 nömrəli qərar vergi ödəyicisinə göndərilmişdir. İnzibati iş məhkəmənin icraatında olduğu dövrdə İddiaçı MMC tərəfindən xx.xx.2023-cü il tarixdə yenidən 2021-ci ilin üçün dəqiqləşdirilmiş mənfəət vergisi bəyannaməsi təqdim edilmişdir. Qeyd olunan kənarlaşma ilə əlaqədar vergi ödəyicisinə “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” xx.xx.2023-cü il tarixli **********545600 nömrəli məktub göndərilmişdir. Vergi ödəyicisi tərəfindən uyğunsuzluq məktubunda qeyd edilən təsdiqedici sənədlər və izahat təqdim edilmədiyi üçün Vergi Məcəlləsinin 37-ci, 67ci və 83-cü maddələrinə əsasən 2021-ci ilin mənfəət vergisi bəyannaməsi üzrə 143 142,08 manat əlavə vergi məbləği hesablanmış və kameral vergi yoxlamasının nəticəsi üzrə qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024-cü il tarixli **********700500 nömrəli qərar vergi ödəyicisinə göndərilmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmədən iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı tərəf iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etiraz edərək tələbin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. İş materiallarına əlavə olunmuş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə 10 iyul 2023-cü il, **********901300 nömrəli qərarına əsasən 2021-ci il mənfəət vergisi üzrə təqdim edilmiş bəyənnamə, hesabat üzrə vergi ödəyicisi tərəfindən hesablanmış vergi və ya sığorta haqqı 47.545,30 manat, vergi orqanı tərəfindən aparılmış kameral yoxlama nəticəsində müəyyən edilmiş vergi və ya sığorta haqqı 168.908,14 məbləğ manat, əlavə hesablanmış vergi və ya sığorta məbləğı 121.362,84 manat təşkil edir. İş materiallarına əlavə olunmuş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə 14 mart 2024-cü il, **********700500 nömrəli qərarına əsasən 2021-ci il mənfəət vergisi üzrə təqdim edilmiş bəyannamə, hesabat üzrə vergi ödəyicisi tərəfindən hesablanmış vergi və ya sığorta haqqı 25.766,06 məbləğ manat, vergi orqanı tərəfindən aparılmış kameral yoxlama nəticəsində müəyyən edilmiş vergi və ya sığorta haqqı 168.908,14 məbləğ manat, Əlavə hesablanmış vergi və ya sığorta məbləğı 143.142,08 məbləğ manat təşkil edir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin 2.2.1-ci maddəsinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Mübahisələndirmə haqqında iddiaya münasibətdə xüsusi mümkünlük şərti iddia müddətinə riayət edilməsidir. İddiaçı xx.xx.2024-cü il tarixli qərarı xx.xx.2023-cü il tarixdə iddia ərizəsi məhkəməyə təqdim edildikdən sonra mübahisələndirildiyindən həmin qərara münasibətdə də 30 günlük iddia müddətini ötürülməmişdir. İddianın mahiyyətinə gəlincə məhkəmə hesab edir ki, iddia əsaslıdır. İşin hallarından müəyyən olunur ki, mübahisələndirilən “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 14 mart 2024-cü il tarixli **********700500 nömrəli qərarına əsasən iddiaçıya 2021-ci il üzrə vergi orqanı tərəfindən aparılmış kameral yoxlama nəticəsində müəyyən edilmiş vergi və ya sığorta haqqı 168.908,14 manat, əlavə hesablanmış vergi və ya sığorta haqqı 143.142,08 manat təşkil etmişdir. İddiaçı tərəfindən təqdim olunan 2021-ci il üzrə mənfəət vergisi bəyannaməsində ümumi gəlir 926.067,85 manat, xərclər 797.237,57 manat, vergiyə cəlb olunan mənfəət 128.830,28 manat, ödənilməli mənfəət vergisinin məbləği isə 25.766,06 manat göstərildiyi halda vergi orqanı tərəfindən təqdim olunan 2021-ci il üzrə mənfəət vergisi bəyannaməsində (kameral yoxlama ilə) iddiaçının ümumi gəliri 1.490.312,31 manat, xərclər 649.129,09 manat, vergiyə cəlb olunan mənfəət 844.540,72 manat, ödənilməli mənfəət vergisinin məbləği 168.908,14 manat göstərilmişdir. Cavabdeh iddiaya etrazında İddiaçı tərəfindən 2021-ci il ərzində vergi ödəyiciləri ilə aparılmış 323 888,89 manat məbləğində qarşılıqlı əməliyyatlar zamanı alınmış malların və ya xidmətlərin həcminin və çeşidinin vergi orqanının uçot-baza məlumatlarında olan iqtisadi göstəriciləri ilə uzlaşmadığı aşkar edilmədiyi və bu halın əmtəəsiz əməliyyat kimi qiymətləndirildiyi və kənarlaşmaların yaramasına səbəb olduğu bildirilmişdir. Eyni zamanda 2021-ci il ərzində vergi ödəyicisi tərəfindən aparılmış idxal əməliyyatları zamanı malların faktiki qiymətləri ilə statistik qiymətləri arasında 96 357 manat fərq yarandığı qeyd olunmuşdur. Lakin etirazda qeyd edilən məbləğlərin cəmi (323 888,89 + 96 357) kameral yoxlama nəticəsində müəyyən edilmiş 168,908.14 manat məbləğində mənfəət vergisi üçün əsas olan gəlirin məbləğindən əskik olduğu müəyyən olunur. Bununla əlaqədar məhkəmə sorğusu ilə cavabdehdən vergi orqanı tərəfindən təqdim edilmiş 2021-ci il üzrə mənfət vergisi bəyannaməsində iddiaçı tərəfindən təqdim olunmuş bəyannamədə göstərilənlərdən fərqli göstəricilərin – iddiaçının gəlirinin artırılaraq 1,490,312.31 manat, xərclərinin azaldılaraq 649,129.09 manat kimi qeyd olunmasının əsasları barədə məlumat, gəlirin artmasını təsdiq edən hal və sənədlərin və nəticədə kameral yoxlama nəticəsində müəyyən edilmiş 168,908.14 manat mənfəət vergisinin (əlavə hesablanmış 143.142,08 manat vergi) hesablanmasına əsas olmuş əməliyyatlar (kassa əməliyyatı və s.), onları təsdiq edən sənədlərin (cədvəl formasında əsaslandırılmış şəkildə göstərilməklə) 10 gün müddətində məhkəməyə təqdim edilməsi tələb edilmişdir. Cavabdeh xx.xx.2024-cü il tarixli sorğuya cavabında qeyd etmişdir ki, Vergi ödəyicisi tərəfindən xx.xx.2022-ci il tarixiində təqdim edilmiş bəyannamədə aparılmış araşdırma zamanı faktiki-statistik fərq (yəni ki, süni şəkiləd ehtiyyat daxilolmasını şişirdərək dövrün sonuna mal qalığını artırma halı) və fərdi sahibkar X5 (VÖEN: **********) əldə etdiyi EBAW seriyalı 466538 nömrəli riskli olduğu və təqdim edilmiş mənfəət vergisi bəyannaməsində xərc sənədi kimi istifadə edildiyi müəyyən edilmişdir. Aşkar edilmiş kənarlaşmalarla əlaqədar bağlı ödəyiciyə xx.xx.2022-ci il tarixində **********703300 nömrəli uyğunsuzluq məktubu göndərilmişdir, lakin vergi ödəyicisi tərəfindən uyğunsuzluq məktubunda qeyd edilən təsdiqedici sənədlər təqdim edilmədiyi üçün Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən 2021-ci il üzrə mənfəət vergisi bəyannaməsi üzrə 159047.89 manat əlavə vergi məbləği hesablanaraq, xx.xx.2022-ci il tarixli**********800200 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərar qəbul olunmuş və vergi ödəyicisinə göndərilmişdir. Daha sonra, Cəmiyyət tərəfindən xx.xx.2023 və xx.xx.2023-cü il tarixlərində müxtəlif dəyişikliklər edilməklə vergi məbləği azaldılaraq dəqiqləşmiş mənfəət vergisi bəyannaməsi təqdim edilmişdir. Qeyd edilənlərlə bağlı vergi ödəyicisinə xx.xx.2023-cü il tarixində **********063400 nömrəli və xx.xx.2024-cü il tarixində **********155500 nömrəli uyğunsuzluq məktubu göndərilmişdir, lakin vergi ödəyicisi tərəfindən uyğunsuzluq məktubunda qeyd edilən təsdiqedici sənədlər təqdim edilmədiyi üçün hesablanmış vergi məbləği bərpa edilərək xx.xx.2023-cü il tarixində **********901300 nömrəli və xx.xx.2024cü il tarixində **********700500 nömrəli nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərar qəbul olunmuş və vergi ödəyicisinə göndərilmişdir Göründüyü kimi cavabdeh məhkəmə sorğusu ilə də kameral yoxlama zamanı iddiaçının gəlirinin artırılaraq, xərclərinin isə azaldılaraq 649,129.09 manat kimi qeyd olunmasının əsasları barədə əsaslandırılmış cavab təqdim etməmişdir. Cavabdehin təqdim etdiyi cavab məktuuna əsasən müəyyən olunur ki, iddiaçı ilkin olaraq 2021-ci il mənfəət vergisi üzrə bəyannamə təqdim edərkən ümumi gəliri 1493,669.81 manat, gəlirdən çıxılan xərci 1.255,943,31 manat olmasına dair göstərici ilə təqdim etdiyini, lakin sonradan iddiaçı tərəfindən eyni dövr vergi ilə bağlı vergi məbləğini azaldaraq bəyannamələr təqdim etdiyindən və bununla əlaqədar uyğunsuzluq məktubları göndərilərək ilkin bəyan edilmiş məbləği təsdiq edən sənədləri təqdim etmədiyi üçün cavabdeh tərəfindən hesablanmış məbləğin bərpa edildiyi müəyyən olunur. Halbuki, işin hallarından da müəyyən olunur ki, iddiaçı 2021-ci il mənfəət vergisi üzrə bir neçə dəfə dəqiqləşdirilmiş bəyannamələr təqdim etmiş və iddiaçı üçün hüquqi nəticə yaradan məhz sonuncu tarixdə-xx.xx.2023-cü il tarixdə verilmiş bəyannamə və həmin bəyannamə üzrə kameral qərarla hesablanmış vergi məbləğidir. Başqa sözlə, iddiaçının eyni dövr vergi ilə bağlı dəqiqləşdirilmiş bir neçə dəfə bəyannamələr təqdim etmək hüququ qanunla məhdudlaşdırılmadığı kimi vergi ödəyicisinin hər dəqiqləşmə zamanı özünün gəlir və xərcini yenidən müəyyən edərək yeni hesabladığı mənfəət vergisini bəyan etmək hüququ da məhdudlaşmır. İddiaçı üçün sonuncu uyğunsuzluq məktubu və təqdim etdiyi mənfəət vergisi bəyannaməsi üzrə vergi ödəyicisi həm vergi orqanına, həm də məhkəməyə 2021-ci il ərzində müəssisə tərəfindən 495 631.46 (414 653.35 AZN - invoys deyeri, 80 978.11 AZN - gömrük xərcləri) manatlıq mal idxal edildiyi və 729 330.82 manatlıq mal elektron qaimə faktura ilə alındığı (cəmi mal alışı 1 224 962.28 AZN) bildirilmişdir. İddiaçı 2021-ci il üzrə mənfəət vergisi bəyannaməsinin 1 N-li Əlavəsində 1.3.2 kodlu “Mallar” bölməsində xaricdən aldığı malların maya dəyəri (İnvoice dəyəri+ Gömrük rüsumi+Gömrük əlavəsi+ əvəzləşdirilməyən vergilər) bu şəkildə uçota alınmış, ticarət əlavəsi çıxılmaqla satılmış malların maya dəyəri 1 207 104.57 manat təşkil etdiyini bəyan etmişdir. İddiaçı 2021-ci il ərzində müəssisə tərəfindən alınan malların elektron qaimələri, invoyslar və yük gömrük bəyannamələrini təqdim etmişdir. Bunun əksinə olaraq cavadeh iddiaçıya əlavə verginin hesablanmasına əsas olan faktiki və hüquqi əsaslandımanı təqdim etməmiş, vergi ödəyicisinin bəyan etdiyindən fərqli dövriyyə, gəlir və xərcinin olduğunu sübut edə bilməmişdir. Vergi Məcəlləsinin aşağıdakı maddələrinə əsasən: -3.9. Vergilər haqqında qanunvericilik elə tərzdə formalaşdırılmalıdır ki, hər kəs hansı vergiləri, hansı qaydada, nə vaxt və hansı məbləğdə ödəməli olduğunu dəqiq bilsin. -3.11. Vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları, vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. -16.1. Vergi ödəyicisinin aşağıdakı vəzifələri vardır: 16.1.3. qanunvericiliklə nəzərdə tutulmuş qaydada gəlirlərinin (xərclərinin), o cümlədən vergidən azad edilən gəlirlərinin (xərclərinin) və vergitutma obyektlərinin uçotunu aparmaq; -16.1.7. qanunvericiliklə müəyyən edilmiş müddətdə mühasibat uçotu sənədlərini və vergilərin hesablanması və ödənilməsi üçün zəruri olan digər sənədlərin, habelə alınan gəliri (hüquqi şəxslər üçün çəkilən xərcləri də) və ödənilən (tutulan) vergiləri təsdiq edən sənədlərin saxlanılmasını təmin etmək; -71.2. Vergi ödəyiciləri bu Məcəllənin 71.1-ci maddəsində göstərilən uçot sənədlərini qanunvericiliklə müəyyən edilmiş qaydada aparmağa borcludurlar. -23.1. Vergi orqanlarının hüquqları aşağıdakılardır: 23.1.1. bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək 24.1. Vergi orqanları borcludur: 24.1.1. vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə; vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə; 24.1.1-2. “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hallarda mühasibat uçotu sahəsində dövlət nəzarətini həyata keçirməyə; 24.1.2. vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə və müdafiə etməyə; -37.3. Kameral yoxlama aparmaq üçün vergi ödəyicisi tərəfindən təqdim olunmuş bəyannamə və cari vergi ödəmələrinin hesablanması haqqında arayışla bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisi tərəfindən əlavə məlumat, sənəd və izahat tələb edir. -108.1. Bu fəsilə uyğun olaraq gəlirdən çıxılmayan xərclərdən başqa, gəlirin əldə edilməsi ilə bağlı olan bütün xərclər, həmçinin qanunla nəzərdə tutulmuş icbari ödənişlər gəlirdən çıxılır. -139.2. Əmtəə-material ehtiyatlarının uçotunu apararkən vergi ödəyicisi istehsal etdiyi, yaxud satın aldığı malların istehsal xərclərinə və ya satınalma qiymətlərinə əsasən müəyyənləşdirilən dəyərini uçotda əks etdirməyə borcludur. Vergi ödəyicisi bu malların saxlanmasına və nəql olunmasına çəkilən xərcləri də onların dəyərinə daxil etməlidir. Sadalanan normalardan görünür ki, gəlirin əldə edilməsi ilə bağlı olan bütün xərclər, həmçinin qanunla nəzərdə tutulmuş icbari ödənişlər gəlirdən çıxılır. Gəlirdən çıxılan xərclər qanunla müəyyən edilmiş qaydada rəsmiləşdirilməlidir. Gəlirlərin və xərclərin, vergi obyektlərinin uçotunu aparmaq, bu barədə gəlir və xərc sənədlərini mühasibat uçotu qaydalarına uyğun tənzimləmək ilk öncə vergi ödəyicisinin vəzifəsidir. Qanunvericilik vergi ödəyicisinin qeyd edilən vəzifələrinə qarşılıq olaraq isə vergi orqanının vergilərin düzgün hesablanması, vergi qanunvericiliyinə tam və dəqiq riayət edilməsinin təmin edilməsi kimi vəzifə müəyyən etmiş, eyni zamanda vergi ödəyicisinin vergilərin tam və vaxtında ödənilməsinə nəzarət edərkən vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə və müdafiə etməyi də həvalə etmişdir. VM-in 94.0-cı maddəsinə görə verginin hesablandığının səhv olduğunu sübut etmək vəzifəsi bu Məcəllə ilə müəyyən edilmiş hallarda: -94.0.1. vergi ödəyicisinin hesablamalarının səhv olduğunu vergi orqanının; - 94.0.2. vergi orqanının hesablamalarının səhv olduğunu vergi ödəyicisinin üzərinə düşür. İnzibati Prosessual Məcəllənin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. İnzibati Prosessual Məcəllənin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. “İnzibati icraat haqqında” Qanunun aşağıdakı maddələrinə əsasən: - 16.1. Fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. -16.2. Hüquq normasının tətbiqi inzibati orqanın diskresion səlahiyyətlərinə aid olduğu hallarda, maraqlı şəxs diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsini tələb etməkdə haqlıdır. -67.1 inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. -67.2 qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. -67.3 qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Beləliklə, göstərilənlərə əsasən müəyyən olunur ki, cavabdeh orqanın mübahisələndirilən qərarı maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilən qanunsuz əlverişsiz inzibati akt olduğundan ləğv edilməlidir. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdeh Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2024-cü il tarixli **********700500 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarı ləğv edilməlidir. İnzibati Prosessual Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia tələbi təmin edilsin. Cavabdeh Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2024-cü il tarixli **********700500 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarı ləğv edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar