Məhkəmə qərarları › İş №e-2-1(112)-1995/2024

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №e-2-1(112)-1995/2024

04.03.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-1(112)-1995/2024 04.03.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Məmmədova Sevda Rövşən qızının katibliyi inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxsin nümayəndəsi X3 iştirakı ilə İddiaçı cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinə qarşı (inzibati məhkəmə icraatına "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti cəlb olunmaqla) «sərəncamın iddiaçının mülkiyyətində olan qeyri-yaşayış sahəsinə aid hissədə ləğv edilməsi» tələbinə dair iddiası üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı cavabdeh Bakı ŞİH-ə qarşı «sərəncamın iddiaçının mülkiyyətində olan qeyriyaşayış sahəsinə aid hissədə ləğv edilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsində bildirilir ki, ünvan 1 ünvanda yerləşən sahəsi 174 kv.m olan qeyriyaşayış sahəsi İddiaçı Yaşar oğlunun mülkiyyətindədir. İddiaçı həmin qeyri-yaşayış sahəsindən və zirzəmidən “Stomotoloji klinika” kimi fəaliyyət göstərilməsi üçün təxminən 1.000.000 manat məbləğində pul vəsaiti xərcləyərək təmir etdirmiş və xüsusi tibbi avadanlıqlar almışdır. Hazırda həmin qeyri-yaşayış sahəsində “Stomotoloji klinika” kimi vətəndaşlara xidmət göstərir. "xxxx" MMC göstərilən ünvanda ona (iddiaçıya) heç bir məlumat verilmədən və razılığı alınmadan söküntü işlərini aparmağa başlamışdır. MMC tərəfindən onun mülkiyyət hüququ pozularaq, obyektin elektrik xəttləri kəsilmiş və nəticədə tibb avadanlıqları sıradan çıxmış, eləcə də yuxarı qonşu köçürülərək oradan su xəttinin açıq saxlanılması nəticəsində təmirə ziyan vurulmuşdur. Sonradan iddiaçıya məlum olmuşdur ki, Bakı ŞİH başçısının 18 dekabr 2020-ci il tarixli 274 nömrəli sərəncamı ilə Bakı şəhəri, Nəsimi rayonu, Mirəsədulla Mirqasımov, Xan Şuşinski, İmran Qasımov və Mustafa bəy Topçubaşov küçələrinin kəsişməsində, yer quruluşu planında göstərilən koordinatlar daxilində yerləşən 1,55 ha torpaq sahəsinin həmin ərazidə qeydə alınmış daşınmaz əmlakların istifadəçiləri (mülkiyyətçiləri) ilə mülki münasibətlərin müvafiq qanunvericiliyin tələblərinə uyğun "xxxx" MMC tərəfindən tənzimlənməsi şərtilə yeni yaşayış binalarının tikintisi üçün "xxxx" MMC-nin icarə əsasında icarəsinə verilməsi qərara alınmışdır. Həmin sərəncamla söküntüsü nəzərdə tutulmuş binalardan birində iddiaçının mülkiyyətində olan qeyri-yaşayış sahəsi yerləşdiyi məhkəmənin diqqətə çatdırılaraq, qeyd olunur ki, həmin sərəncam onun hüquqlarına bir başa toxunsa da, rəsmi qaydada ona təqdim edilməmişdir. Halbuki, qanunvericiliyin tələbinə əsasən hazırkı inzibati akt qəbul edilən zaman söküntüsü nəzərdə tutulan binaların sakinlərin iştirakı təmin edilməli və belə bir sərəncamın qəbulu üçün yaranmış zərurət əsaslandırılmalı idi. Hazırda "xxxx" MMC tərəfindən sərəncamda göstərilən ərazidə tikinti işlərinə heç bir razılıq alınmadan söküntü işləri aparılır. İddiaçının mülkiyyətində olan qeyri-yaşayış sahəsindən başqa binanın bütün mənzilləri sökülmüşdür. Halbuki, mübahisələndirilən sərəncamın 2.4-cü bəndində tikinti işlərinə başlamazdan əvvəl obyektin tikinti layihəsinə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Tikintidə X2 X1 Ekspertiza Baş İdarəsinin müsbət rəyinin, tikinti işlərinə başlanılması üçün əsas olan obyektin tikintisinə Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən icazənin alınmasının təmin edilməsi nəzərdə tutulur. Beləliklə, hazırki iş üzrə inzibati orqan tərəfindən mübahisələndirilən sərəncam qəbul edilərkən baxmayaraq ki, birbaşa onun mülkiyyət hüququna toxunur, iddiaçı həmin inzibati icraata cəlb edilməmiş, dinlənilməmişdir. Bununla da, cavabdeh inzibati orqan tərəfindən «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə riayət olunmamışdır. İş materiallarına əlavə edilmiş sübutlardan görünür ki, heç bir qanuni əsas olmadan "xxxx" MMC tərəfindən ərazidə söküntü işləri dayanmadan davam edir və müvafiq səlahiyyətli orqanlar buna nəzarət etmir. Göstərilənlərə və «İnzibati icraat haqqında» Qanunun 2.0.2, 36.3, 59, 67, 68-ci maddələrinə, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 75, 76-cı maddələrinə, «Şəhərsalma fəaliyyəti sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında» Azərbaycan Respublikası Prezidentinin 1 avqust 2018-ci il tarixli 226 nömrəli Fərmanının 4.7-1.2.1-ci bəndinə, İPMin 14.1, 58.7, 70.1-ci maddələrinə əsaslanaraq, Bakı ŞİH-in 18 dekabr 2020-ci il tarixli 274 nömrəli sərəncamının İddiaçı xüsusi mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən qeyriyaşayış sahəsinə aid hissədə ləğv edilməsi barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq, işin hazırlıq icraatına başlanmış və məhkəmənin 29 noyabr 2023-cü il tarixli qərardadı ilə "xxxx" MMC inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmuşdur. İş üzə məhkəmə iclası təyin edilmiş və bu barədə tərəflərə və üçüncü şəxsə məlumat verilmişdir. Məhkəmə iclasına üçüncü şəxsin nümayəndəsi gəlmiş, tərəflər gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, iclasın tərəflərin iştirakı olmadan keçirilməsini mümkün saydı. Məhkəmə iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi X4 bildirdi ki, İddiaçı Bakı Kommersiya Məhkəməsində "xxxx" MMC-yə qarşı müvəqqəti təminat tədbiri barədə ərizə ilə müraciət etmiş və məhkəmənin qərardadı ilə ərizə təmin edilməmişdir. Həmin qərardadda Bakı ŞİH-in 18 dekabr 2020-ci il tarixli 274 nömrəli sərəncamına istinad olunmuşdur. İddiaçı mübahisənin uğursuz olması səbəbindən həmin qərardadı mübahisələndirilməmiş və mülki iddiamı qaldırmamışdır. Bununla da məlum olur ki, sözügedən sərəncam üzrə iddia müddəti buraxılmışdır. İddianın mümkün sayılmaması xahiş olunur. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, «İnzibati icraat haqqında» Qanunun 2.0.1-ci maddəsinə görə inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.2-ci maddəsinə görə inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. İPM-in 2.2.1-ci maddəsinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatında baxılır. İPM-in 24.1-ci maddəsinə görə bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. İPM-in 24.4-cü maddəsinə görə təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. İPM-in 32.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. İPM-in 38.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Məhkəmə vurğulayır ki, hazırkı iş üzrə iddiaçı bir tələbdən ibarət iddia qaldırmaqla cavabdeh inzibati orqana qarşı “mübahisələndirmə haqqında” iddia ilə çıxış edir. Bu qəbildən olan iddialarda isə, mövcud qanunvericilik iddia müddətini nəzərdə tutur və həmin müddət kriteriyasına riayət olunmaması mümkünlük şərtinin mövcud olmaması nəticəsini yaradır. Mübahisə predmet olan sərəncam 18 dekabr 2020-ci il tarixdə qəbul olunmuşdur, lakin hazırkı iddiaçı bu sərəncam barədə ən azı 1 iyul 2022-ci il tarixdən əvvəlki dövrdə məlumatlı olduğu halda, sərəncamın mübahisələndirilməsi harədə hazırkı iddianı 10 avqust 2023-cü il tarixdə qaldırmışdır. Nəzərə alınmalıdır ki, hazırkı İddiaçı müvafiq söküntü işlərinin aparılmasının "xxxx" MMC-yə qadağan olunması ilə bağlı müvəqqəti təminat tədbirinin tətbiq olunması haqqında ərizəsi Bakı Kommersiya Məhkəməsinin 1 iyul 2022-ci il tarixli qərardadı ilə təmin edilməmiş və qərardadın əsaslandırılmasında hazırkı mübahisənin predmeti olan 18 dekabr 2020-ci il tarixli sərəncama istinad olunmuşdur. Beləliklə hazırkı məhkəmə icraatında müəyyən edilir ki, İddiaçı Bakı ŞİH-in 18 dekabr 2020-ci il tarixli 274 nömrəli sərəncamını bu inzibati akt ona məlum olduğu (elan edildiyi) vaxtdan 1 ildən artıq vaxt keçdikdən sonra, yəni qanunla müəyyənləşdirilmiş iddia müddəti buraxılmaqla mübahisələndirir. İddia müddətinin bərpası ilə bağlı məhkəmə qeyd edir ki, iddiaçı tərəfin tələbini əsaslandırmaq üçün təqdim etdiyi əsaslardan prosessual müddətin buraxılmasının səbəblərinin üzürlü sayılması üzrə dəlillər təqdim olunmamış kimi qiymətləndirilir. Belə olan halda, iddia müddəti 1 ildən artıq vaxt buraxıldığından, məhkəmə buraxılmış prosessual müddətin bərpası barədə ərizə təqdim olunmasını iddiaçıya tövsiyə edilməsini də məqsədəuyğun saymır. Nəzərə alınmalıdır ki, İPM-in 24.4-cü maddəsində sadalanan “istisna” hallarının mövcudluğu barədə iddiaçının dəlili olmadığından, mübahisənin halları üzrə buraxılmış iddia müddətinin bərpası barədə ərizənin verilməsi də mümkün deyil. Mübahisə predmeti olan 18 dekabr 2020-ci il tarixli sərəncamın qanunla müəyyən edilmiş vaxtlarda mübahisələndirilməməsi, təkcə cavabdeh inzibati orqan üçün deyil, üçüncü şəxs üçün də əlavə nəticələr yaranmasına şərait yaratmış olar. Müvafiq vaxtda mübahisənin qaldırılması isə, başqa şəxslər qarşısında öhdəliklərin genişlənməməsinə səbəb ola bilər. Bununla da, məhkəmə hazırkı iddianın mümkün sayılmaması qənaətinə gəlir. İPM-in 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və İPM-in 23, 35, 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar