Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-1996/2025 02.05.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Cəfərova Yasəmən Fərman qızının katibliyi ilə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X2 və Uçotunun Təşkili Baş İdarəsinə (3-cü şəxs: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X3 İdarəsi) qarşı “qərarların ləğv edilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı MMC (bundan sonra – iddiaçı) Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X2 və Uçotunun Təşkili Baş İdarəsinə (bundan sonra - cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” xx.xx.2023-cü il tarixli, **********33915000 saylı və “vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” **********057100 saylı qərarların qanunsuz hesab edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” xx.xx.2023-cü il tarixli, **********915000 saylı və “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli, **********057100 saylı qərarların ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, ərizə icraat qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-11668/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X3 İdarəsi (bundan sonra – üçüncü şəxs) iş üzrə adi cəlbetmə qaydasında 3-cü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının riskli vergi ödəyicisi olması barədə müqavilə tərəfləri olan alıcıların məlumatı əsasında müəyyən olmuşdur ki, alıcılar etaxes.gov.az portalından istifadə edib əməliyyatlar həyata keçirərkən, iddiaçının riskli vergi ödəyicisi olması barədə xəbərdarlıq ekranda göstərilməkdədir. Bu səbəbdən maliyyə əməliyyatları aparılmasında məhdudiyyətlər yaranmışdır. İddiaçı sahibkarlıq fəaliyyəti ilə məşğul olmaqla hər zaman vergi öhdəliklərini yerinə yetirən şirkət olmuşdur. Onun barəsində öncələrdən hər hansı vergi borcu, vergi qanunvericiliyinin pozulması, riskli vergi ödəyicisi olması barədə qərar qəbul edilməmişdir. Riskli vergi ödəyicilərinin siyahısı yoxlanarkən məlum olmuşdur ki, iddiaçı barəsində riskli vergi ödəyicisi kimi xx.xx.2023-cü il tarixli, **********915000 saylı və “Vergilərin, sosial sığorta və işsilik sığortası haqlarının hesablanması barədə” **********057100 saylı qərarlar qəbul edilmişdir. Qərara əsasən, ƏDV sub-uçot hesabı üzrə mədaxil-məxaric əməliyyatları, elektron qaimə-faktura üzrə əldə edilmiş və təqdim edilmiş mallar (görülmüş işlər, göstərilmiş xidmətlər), idxal-ixrac əməliyyatları, mövcud uçot baza məlumatları və digər mənbəyi bəlli olan məlumatlar üzrə aparılmış araşdırma nəticəsində uyğunsuzluq olduğu müəyyən edilmişdir. “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” xx.xx.2023-cü il tarixli, **********915000 saylı və “Vergilərin, sosial sığorta və işsilik sığortası haqlarının hesablanması barədə” **********057100 saylı qərarlar əsassız və qanunsuzdur. Belə ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X3 İdarəsinin Qeydiyyat-İmtahan İdarəsinin qaiməsindən də göründüyü kimi iddiaçı tərəfindən təkrar istifadəsi qadağan edilmiş mexaniki kəsmə üsulla doğranmış qeydiyyat nişanlarının (alüminum qırıntıları) əritmə sobasında əridərək ləğvini həyata keçirməli idi. xx.xx.2021-ci il tarixli, 01 saylı müqavilə əsasında mal aldığı sifarişçi olan üçüncü şəxs “dövlət hakimiyyəti, yerli özünüidarəetmə orqanları və büdcə təşkilatları” qrupuna aiddir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 16.1.11-6.2-ci maddəsinə əsasən həmin şəxslərin elektron qaimə-faktura təqdim etmək öhdəliyi yoxdur. Malların təqdim edilməsinin malsatan tərəfindən elektron qaimə-faktura ilə təsdiq edilməsinin mümkünsüzlüyü səbəbindən həmin malların alqı-satqısı hər iki tərəfdən imzalanmış qaimə (akt) vasitəsi ilə rəsmiləşdirilmişdir. Eləcə də, iddiaçı tərəfindən əldə edilən mallar malsatana məxsus ərazidə iddiaçı tərəfindən heç bir emala məruz qoyulmadan toplanıb, çeşidlənib nəqliyyat vasitəsinə yüklənərək birbaşa alıcının (üçüncü tərəfin) anbarına boşaldıldığı və hansısa zaman müddətində saxlanma zərurətinin olmaması baxımından cəmiyyətin fəaliyyətinin xüsusiyyəti obyekt tələb etməmiş və bu səbəbdən hansısa təsərrüfat obyekti (subyekti) tərəfindən fəaliyyətə cəlb edilməmiş və vergi orqanında qeydiyyata qoyulmamışdır. İddiaçı tərəfindən müvafiq qərarın qanunsuz hesab edilməsi barədə vergi orqanına dəfələrlə şikayətlər ünvanlanmış, mübahisəli halların aydınlaşdırılmasına dair görüş tələbi ilə elektron müraciətlər ünvanlansa da, bugünədək müraciətləri cavabsız olaraq qalmaqdadır. İşin hallarından da göründüyü kimi hər iki qurum dövlət orqanıdır. Göründüyü kimi, sənədlərin və ya zəruri məlumatların X1 Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkündür. Buna baxmayaraq vergi orqanı hərəkətsizlik nümayiş etdirərək işin obyektiv və hərtərəfli araşdırılması üçün lazımi sənədləri əldə etməmişdir. Bunun nəticəsində iddiaçı barədə qanunsuz və əsassız qərar qəbul edilmişdir. Əgər vergi orqanı onlar üçün əlçatan olduğu təqdirdə müvafiq sənədləri digər dövlət orqanından əldə edə bilmə imkanına baxmayaraq, bu fəaliyyəti icra etməməsi hal-hazırda iddiaçının riskli vergi ödəyicisi hesab olunması ilə nəticələnmişdir. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz məhkəməyə təqdim edilmişdir. Etirazda göstərilmişdir ki, hazırda mübahisə predmetini təşkil edən qərarlar vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi və bununla əlaqədar ona hesablanmış kameral vergi məbləği ilə bağlıdır. Belə ki, araşdırma zamanı uçot-baza məlumatlarına əsasən iddiaçı tərəfindən xx.xx.2022-xx.xx.2022-ci il tarixlərdə cəmi 57,3 min manat dəyərində təqdim edilmiş qaimə- fakturalar üzrə “İstifadəyə yararsız aluminium tullantılarının təhvili, Qara metal tullantıları və qırıntıları; yenidən əridilmək üçün qara metalların külçələri (şixta külçələri): - aşqarlanmış poladların tullantıları və qırıntıları: - korroziyaya davamlı poladın: — digərinin və s." qeyd olunduğu müəyyən edilsə də həmin mallar (iş, xidmət) elektron qaimə faktura üzrə vergi ödəyicisinin alışında, idxalında müəyyən edilməmişdir. Eyni zamanda vergi ödəyicisinin təsərrüfat subyektinin (obyekt) qeydə alınmadığı müəyyən edilmişdir. Qeyd olunanlarla bağlı iddiaçıya xx.xx.2023-cü il tarixli **********829600 nömrəli "Riskli əməliyyatların araşdırılması barədə" bildiriş göndərilmişdir. Qeyd edilənlərə əsasən iddiaçı riskli vergi ödəyicisi hesab edilərək barəsində “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” xx.xx.2023-cü il tarixli, **********915000 nömrəli qərar qəbul edilmişdir. Təhlil zamanı iddiaçının əsas fəaliyyət növünün obyekt tələb edən fəaliyyət sahəsi olmasına baxmayaq, iddiaçı tərəfindən təsərrüfat subyektinin (obyektinin) vergi orqanında qeydiyyata qoyulmadığı, riskli əməliyyatların aradan qaldırılmadığı (riskli elektron qaimə-fakturaların ləğv edilmədiyi) və təqdim edilmiş elektron qaimə-fakturalara görə əldə edilmiş vəsaitin bank hesabı vasitəsilə geri qaytarıldığını əks etdirən sənədlərin təqdim edilmədiyi aşkar edilmişdir. Odur ki, iddiaçının riskli vergi ödəyicisi siyahısından çıxarılması mümkün olmamışdır. İddiaçı tərəfindən 2022-ci ilin mənfəət vergisi bəyannaməsi təqdim edilərkən bəyannamədə göstərilən məbləğlər vergi orqanının məlumat bazasında olan məlumatlardan fərqli qeyd olunmuşdur. Belə ki, 2022-ci il üzrə iddiaçı tərəfindən 57321 manat dəyərində elektron qaimə-fakturaların təqdim olunmasına, iddiaçının bank hesablarına sahibkarlıq fəaliyyəti təyinatı ilə 62004,71 manat vəsaitin mədaxil olmasına, həmçinin onlayn kassa əməliyyatları üzrə 0 manat vəsaitin mədaxil edilməsinə, müvafiq il üzrə ümumilikdə 13926,09 manat xərclərin çəkilməsinə baxmayaraq iddiaçı tərəfindən təqdim edilmiş 2022-ci il üzrə mənfəət vergisi bəyannaməsində məlumatların yuxarıda qeyd olunanlardan fərqli təqdim edilməsi kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Qeyd edilənlərlə əlaqədar vergi ödəyicisinə "Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında" xx.xx.2023-cü il tarixli **********124300 nömrəli, xx.xx.2023-cü il tarixli **********686100 nömrəli, xx.xx.2023-cü il tarixli **********862100 nömrəli məktub göndərilmiş, həmin dövr üçün dəqiqləşdirilmiş mənfəət vergisi bəyannaməsini vergi orqanına təqdim etməklə yaranmış kənarlaşmanın aradan qaldırılması tələb olunmuşdur. Müəyyən edilmiş kənarlaşma barədə vergi ödəyicisi tərəfindən vergi bəyannaməsi təqdim edilmədiyindən 2022-ci ilin mənfəət vergisi üzrə 9615,72 manat ((62004,71-13926,09)*20%) vergi məbləği hesablanmış, aparılmış hesablama ilə bağlı iddiaçı barəsində “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli **********057100 nömrəli qərar qəbul edilərək elektron kabinetinə göndərilmişdir. İddiaçı tərəfindən qeyd olunan qərarın ləğv edilməsi ilə bağlı iddianın qaldırılması üçün qanunvericilikdə müəyyən edilmiş prosessual müddət ötürülmüşdür. Belə ki, vergi orqanı tərəfindən qəbul edilmiş “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” xx.xx.2023-cü il tarixli, **********915000 nömrəli qərarı xx.xx.2023-cü il tarixdə vergi ödəyicisinin elektron kabinetinə göndərilmiş və xx.xx.2023-cü il tarixdə saat 11:04:49-da, “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli **********057100 nömrəli qərarı xx.xx.2023-cü il tarixdə vergi ödəyicisinin elektron kabinetinə göndərilmiş və xx.xx.2023-cü il tarixdə saat 15:43:43- də vergi ödəyicisi tərəfindən oxunmuşdur. Göstərilənlərə əsasən iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Üçüncü şəxs tərəfindən iddia ərizəsinə dair yazılı münasibət məhkəməyə təqdim edilməmişdir. Tərəflərə və üçüncü şəxsə şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında təmsil edilməmişlər. İddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək iclasın iştirakı olmadan keçirilərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 62.3-cü maddəsinə əsasən işə iştirakı tərəflərin və üçüncü şəxsin içtirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş üzrə məhkəmə tərəfindən aşağıdakı sübutlar tədqiq edilmişdir. Cavabdeh tərəfindən qəbul edilmiş “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” xx.xx.2023-cü il tarixli, **********99915000 saylı qərarla iddiaçı riskli vergi ödəyicisi hesab edilmiş və riskli vergi ödəyiciləri siyahısına salınmışdır. Cavabdehin xx.xx.2023-cü il tarixli, **********057100 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərara əsasən iddiaçıya 9615,72 manat əlavə vergi borcu hesablanmışdır. Qərar onunla əsaslandırılmışdır ki, təqdim olunan bəyannamənin “Xammal və materiallar'’ (221.3-cü), “Malın dəyəri" (221,4-cü), "Enerji xərcləri" (221.7-ci), “Qaz xərcləri" (221.8-ci), “Yanacaq xərcləri” (221.9-cu), “Su və kanalizasiya xərcləri” (221.10-cu), “Rabitə xərcləri” (221.11 -ci), "Mühafizə xərcləri" (221.12-ci), ‘Reklam xərcləri” (221.14-cü), "Biləvasitə malların təqdim edilməsi (işlərin görülməsi, xidmətlərin göstərilməsi) ilə bağlı sair xərclər" (221.15-ci), Elmi tədqiqat, layihə axtarış və təcrübə konstruktor işlərinə çəkilən xərclər” (226-cı), Nəqliyyat xərcləri (229-cu) və “Digər xərclər” (232-ci) sətirlərində göstərilmiş xərclərin cəmi məbləği ilə (47515.60 manat), tərəfinizdən əvvəlki il üzrə təqdim edilmiş "Mənfəət vergisinin bəyannaməsi’nin (və ya “Sadələşdirilmiş verginin bəyannaməsinin") 1 №-li Əlavəsinin “Hesabat dövrünün sonuna" sütununda əks etdirilmiş mal-material qalığının məbləği (0 manat) (+) cari il ərzində əldə edilmiş e-qaimə-fakturaların və alış aktlarının məbləği (784.60 manat) (+) cari il ərzində əldə edilmiş YGB məlumatlarına əsasən alınmış mal-materialların ( 0.00 manat) məbləği (+) bəyannamənin aid olduğu ilin müvafiq rübləri üzrə təqdim edilmiş "Ödəmə mənbəyində tutulan vergi bəyannamələri"nin 1608.1-ci (Riskin sığortası və ya təkrar sığorta ilə bağlı ödənişlər) (+) 1608.2-ci (Beynəlxalq rabitə xidməti ödəmələri) (+) 1608.3cü (Beynəlxalq daşımalar üzrə ödəmələr) + 1608.4-cü (Muzdlu işlə əlaqədar alınan gəlirlər istisna olmaqla, işlərin görülməsindən və xidmətlərin göstərilməsindən əldə olunan gəlirlər) sətirlərinin (0 manat) cəmi məbləğindən (784.60 manat) bəyannamənin 1 №-li Əlavəsinin “Hesabat dövrünün sonuna” sütununda əks etdirilmiş mal-material qalığının məbləğinin (0.00 manat) çıxılması nəticəsində yaranan (784.60 manat) məbləğin müqayisəsi nəticəsində 46731.00 manat məbləğində sənədlərlə təsdiq edilməyən gəlirdən çıxılan xərclər müəyyən edilmişdir. Təqdim edilmiş bəyannamənin İ nömrəli Əlavəsinin 1.1 kodlu (Əsas vəsaitlərinin dəyəri) və 1.3 kodlu (Ehtiyatlar) sətirlərinin “Dövr ərzində daxil olmuşdur” sütunundakı göstəricilərin cəmi (57321.00 manat) bəyannamənin aid olduğu ilin müvafiq dövründə tərəfinizdən idxal edilmiş, elektron-qaimə fakturalar və alış aktları əsasında alınmış mallar (işlər, xidmətlər) barədə vergi orqanının məlumat bazasında olan (5.00 manat) məbləğdən -57316.00 manat fərqli olduğu üçün kənarlaşma yaranmışdır. Müvafiq dövr üzrə təsdiqedici sənədlər təqdim edilmədiyi üçün hesablanmış kameral vergi məbləği bərpa edilir. İddiaçı ilə DİN-in Baş X3 İdarəsi arasında Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis idarəsinin QİŞ-ə təhvil verilmiş, təkrar istifadəsi qadağan edildiyi üçün müxaniki üsulla doğranmış qeydiyyat nişanlarının (alüminium qırıntalarının) əritmə sobasında əridərək ləğv edilməsi haqqında xx.xx.2021-ci il tarixli, 01 saylı müqavilə bağlanmışdır. Müqaviləyə əsasən sifarişçi (üçüncü şəxs) ləğv edilmək üçün hazırlanmış xammal (alüminium qırıntıları) xüsusi bağlamalara qablaşdırılmış halda iddiaçıya təhvil verir. 15/Q-166 nömrəli, xx.xx.2022-ci il tarixli qaimədən görünür ki, DİN-in Baş X3 İdarəsinin Qeydiyyat-imtahan idarəsi tərəfindən 10 705,20 manat məbləğində mal iddiaçıya təhvil verilmişdir. 15/Q-017 nömrəli, xx.xx.2022-ci il tarixli qaimədən görünür ki, DİN-in Baş X3 İdarəsinin Qeydiyyat-imtahan idarəsi tərəfindən 17 305,20 manat məbləğində mal iddiaçıya təhvil verilmişdir. 15/Q-337 nömrəli, xx.xx.2022-ci il tarixli qaimədən görünür ki, DİN-in Baş X3 İdarəsinin Qeydiyyat-imtahan idarəsi tərəfindən 10 137,60 manat məbləğində mal iddiaçıya təhvil verilmişdir. 15/Q-040 nömrəli, xx.xx.2022-ci il tarixli qaimədən görünür ki, DİN-in Baş X3 İdarəsinin Qeydiyyat-imtahan idarəsi tərəfindən 8 558,00 manat məbləğində mal iddiaçıya təhvil verilmişdir. 631379 nömrəli, xx.xx.2022-ci il tarixli e-qaiməyə əsasən iddiaçı tərəfindən "Alumeks” MMC-yə 12 441, 6 manat dəyərində metal tullantıları təhvil vermişdir. 160588 nömrəli xx.xx.2022-ci il tarixli e-qaiməyə əsasən iddiaçı tərəfindən "Alumeks” MMC-yə 21 238, 2 manat dəyərində metal tullantıları təhvil vermişdir. 987498 nömrəli xx.xx.2022-ci il tarixli e-qaiməyə əsasən iddiaçı tərəfindən "Alumeks” MMC-yə 10 503 manat dəyərində metal tullantıları təhvil vermişdir. 982417 nömrəli xx.xx.2022-ci il tarixli e-qaiməyə əsasən iddiaçı tərəfindən "Alumeks” MMC-yə 13 138,2 manat dəyərində metal tullantıları təhvil vermişdir. Üçüncü şəxsin məhkəmə sorğusuna xx.xx.2025-ci il tarixli cavab məktubunda göstərilmişdir ki, DİN-in Baş X3 İdarəsinə bilavasitə tabe olan Qeydiyyat-imtahan idarəsi və iddiaçı arasında xx.xx.2021-ci il tarixli, 01 nömrəli müqavilə mövcud olmuşdur. Müqavilə üzrə tərtib edilmiş qaimələrin surətləri məhkəməyə təqdim edilmişdir. İddianın mümkünlüyü: İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli Qərarının 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Göründüyü kimi iddiaçı hazırkı iddia tələbində cavabdehin “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” xx.xx.2023-cü il tarixli, **********33915000 saylı və “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023cü il tarixli, **********057100 saylı qərarlarının ləğv edilməsini xahiş edir. Həmin qərarla iddiaçıya əlavə vergi məbləği hesablanmış və iddiaçının hüquqları məhdudlaşdırılmışdır. Bu səbəbdən iddia mahiyyətcə mübahisələndirmə barədə iddiadır. İddiaçı xx.xx.2024-cü il tarixində məhkəməyə müraciət etsə də, həmin qərarların elektron formada imzalanmış surətlərinin (QR kodla) iddiaçı tərəfindən alınması iş materialları ilə təsdiq edilmir. Bu səbəbdən iddiaçının hazırkı tələbi mümkün hesab edilmişdir. İddianın mahiyyəti üzrə məhkəmənin mövqeyi: Azərbaycan Respublikasının Vergi Məcəlləsində (bundan sonra – Vergi Məcəlləsi) göstərilmişdir ki, Azərbaycan Respublikasında rezident və qeyri-rezident müəssisələr, habelə sahibkarlıq fəaliyyətindən gəlir əldə edən qeyri-kommersiya təşkilatları mənfəət vergisinin ödəyiciləridir (103.1.). Fiziki şəxs olmayan hər hansı xarici şəxs bu Məcəllənin 137-ci maddəsinə uyğun olaraq birgə sahibkarlıq fəaliyyətinin obyekti kimi baxılmalı olmadığını sübut etməyincə, bu fəsilin məqsədləri üçün ona müəssisə kimi baxılır (103.2.). Rezident müəssisə üçün vergitutma obyekti onun mənfəətidir. Vergi ödəyicisinin bütün gəlirləri, o cümlədən onun Azərbaycan Respublikasının hüdudlarından kənarda daimi nümayəndəlikləri vasitəsilə əldə etdiyi gəlirləri, Azərbaycan Respublikasının hüdudlarından kənarda əldə etdiyi dividend, faiz, royalti (vergidən azad edilən gəlirdən başqa) ilə bu Məcəllənin X fəslində göstərilən, gəlirdən çıxılan xərc (vergidən azad edilən gəlirlər üzrə çəkilən xərclərdən başqa) arasındakı fərq mənfəətdir (104.1.). Müəssisələrin mənfəətindən 20 faiz dərəcəsi ilə vergi tutulur (105.1.). İşin müəyyən edilmiş hallarından görünür ki, cavabdeh tərəfindən iddiaçı barəsində qəbul edilmiş xx.xx.2023-cü il tarixli, **********33915000 saylı qərarla iddiaçı riskli vergi ödəyicisi hesab edilməklə riskli vergi ödəyiciləri siyahısına daxil edilmiş, xx.xx.2023-cü il tarixli, **********057100 saylı qərarla isə iddiaçıya 9615,72 manat əlavə mənfətt vergisi hesablanmışdır. xx.xx.2023-cü il tarixli qərarın əsas ondan ibarət olmuşdur ki, iddiaçı tərəfindən xx.xx.2022-xx.xx.2022-ci il tarixlərdə cəmi 57,3 min manat dəyərində təqdim edilmiş qaimə- fakturalar üzrə metal tullantıları təhvil verilsə də, həmin mallar (iş, xidmət) elektron qaimə faktura üzrə iddiaçının alışında, idxalında müəyyən edilməmişdir. Eyni zamanda vergi ödəyicisinin təsərrüfat subyektinin (obyekt) qeydə alınmadığı müəyyən edilmişdir. xx.xx.2023-cü il tarixli qərarın əsası ondan ibarət olmuşdur ki, 2022-ci il üzrə iddiaçı tərəfindən 57321 manat dəyərində elektron qaimə-fakturaların təqdim olunmasına, iddiaçının bank hesablarına sahibkarlıq fəaliyyəti təyinatı ilə 62004,71 manat vəsaitin mədaxil olmasına, həmçinin onlayn kassa əməliyyatları üzrə 0 manat vəsaitin mədaxil edilməsinə, müvafiq il üzrə ümumilikdə 13926,09 manat xərclərin çəkilməsinə baxmayaraq, iddiaçı tərəfindən təqdim edilmiş 2022-ci il üzrə mənfəət vergisi bəyannaməsində məlumatların yuxarıda qeyd olunanlardan fərqli təqdim edilməsi 57316 manat kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Müvafiq dövr üzrə təsdiqedici sənədlər təqdim edilmədiyi üçün hesablanmış kameral vergi məbləği bərpa edilmişdir. Vergi Məcəlləsində göstərilmişdir ki, bu fəsilə uyğun olaraq gəlirdən çıxılmayan xərclərdən başqa, gəlirin əldə edilməsi ilə bağlı olan bütün xərclər, həmçinin qanunla nəzərdə tutulmuş icbari ödənişlər gəlirdən çıxılır. Gəlirdən çıxılan xərclər qanunla müəyyən edilmiş qaydada rəsmiləşdirilməlidir. Qanunla müəyyən edilmiş qaydada rəsmiləşdirilməyən xərclərin gəlirdən çıxılmasına yol verilmir (108.1. ). Əmtəəsiz əməliyyatlar çərçivəsində əldə edilmiş sənədlər gəlirdən çıxılan xərcləri təsdiq edən sənəd hesab edilmir (109.9.). Vergi Məcəlləsinə əsasən riskli vergi ödəyicisi – müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi risk meyarlarına cavab verən şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsi və həmin siyahıdan çıxarılması qaydasını və şərtlərini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. Vergi ödəyicisinin riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsi və həmin siyahıdan çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir(13.2.82.). Cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixli qərarın qəbul edildiyi vaxt qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli, 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nda (bundan sonra - Meyarlar) göstərilmişdir ki, bu Meyarlar Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə uyğun olaraq hazırlanmışdır və riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyarlarını müəyyən edir (1.1). Aşağıdakı meyarlardan ən azı birinə cavab verən vergi ödəyicisi riskli vergi ödəyicisi hesab olunur: bu Meyarların 3-cü hissəsində nəzərdə tutulan riskli əməliyyatları aparan şəxs olduqda; aparılmış vergi nəzarət tədbirləri çərçivəsində vergi ödəyicisinin əmtəəsiz əməliyyatlar aparması aşkar edildikdə; idxalatçının, istehsalçının və ya idxalatçı olmayan ticarət fəaliyyəti həyata keçirən şəxsin vergi orqanında qeydiyyatda olan anbarı (o cümlədən icarəyə götürdüyü anbarı) və ya digər təsərrüfat subyekti (obyekti) olmadıqda və yaxud qeydiyyatda olan anbarın və ya digər təsərrüfat subyektinin (obyektinin) sahəsi ilə idxal və ya əldə edilən malların həcmi uyğunluq təşkil etmədikdə (digər şəxslər üçün sifariş əsasında gətirilən və bilavasitə sifarişçilərə təhvil verilən (sifarişçi vergi ödəyicisi olduqda VÖEN-i, fiziki şəxs olduqda adı, soyadı, atasının adı və FİN-i) mallar və hər bir sifarişçi üzrə sifarişin məbləği barədə məlumatların vergi orqanına təqdim edildiyi hallar istisna olmaqla); vergi ödəyicisi tərəfindən əldə edilmiş və fəaliyyət növünə (fəaliyyət növlərinə) uyğun olmayan malların (vergi ödəyicisi tərəfindən öz təsərrüfat fəaliyyətində istifadə edilməsi üçün əldə etdiyi ofis ləvazimatları, inventar və digər bu kimi aktivlər istisna olmaqla) vergi nəzarəti zamanı sənədləşdirilmədən təqdim edilməsi aşkar edildikdə; vergi ödəyicisinin satış məqsədləri üçün son 6 ay üzrə (vergi ödəyicisinin malların mövsümi xarakterindən asılı olaraq, habelə əvvəlcədən sifariş edilən və müqavilədə (razılaşmada) müəyyən edilən müddətdə təhvil verilməsi nəzərdə tutulan hallar istisna olmaqla) idxal etdiyi və ya əldə etdiyi malların həcmi onun müvafiq dövr üzrə dövriyyəsindən azı 3 dəfə artıq olduqda; bu Meyarların 2.1.1-2.1.5-ci yarımbəndləri ilə müəyyən edilmiş riskli vergi ödəyicisi olan fiziki şəxsin icra orqanının rəhbəri və ya təsisçisi olduğu hüquqi şəxs; bu Meyarların 2.1.1-2.1.5-ci yarımbəndləri ilə müəyyən edilmiş riskli vergi ödəyicisi olan hüquqi şəxsin icra orqanının rəhbərinin və ya təsisçisinin təsis etdiyi və ya icra orqanının rəhbəri olduğu hüquqi şəxs; beşdən çox hüquqi şəxsin icra orqanının rəhbəri olan fiziki şəxslər və onların icra orqanının rəhbəri olduğu hüquqi şəxslər (2.1.). Göründüyü kimi cavabdeh “Meyarlar”ın –ci və üçüncü bəndlərinə istinad etmiş, təqdim edilmiş malların iddiaçının alışda müəyyən edilmədiyinə (mallarla bağlı elektron qaimənin mövcud olmaması) və iddiaçının təsərrüfat subyektinin olmamasına əsaslanmışdır. Vergi Məcəlləsinin 16.1.11-6-ci maddəsinə. əsasən aşağıdakı şəxslər istisna olmaqla, digər şəxslər tərəfindən vergi ödəyicis i kimi uçotda olan şəxslərə mal, iş və xidmətlərlə bağlı bu Məcəllədə nəzərdə tutulmuş qaydada elektron qaimə-faktura göndərmək vergi ödəyicisinin vəzifələrinə aid edilmişdir: 16.1.11-6.1. ödəniş xidməti təchizatçıları tərəfindən müştərilərin hesabları üzrə xidmətlərin göstərilməsi; 16.1.11-6.2. dövlət hakimiyyəti, yerli özünüidarəetmə orqanları və büdcə təşkilatları tərəfindən işlərin və xidmətlərin təqdim edilməsi; 16.1.11-6.3. notariuslar tərəfindən (notariat hərəkətlərinin aparılmasına və notariat hərəkətləri ilə əlaqədar) xidmətlərin göstərilməsi; 16.1.11-6.4. lotereya biletlərinin, idman mərc oyunları biletlərinin və elektron mərc oyunu biletlərinin satışı, habelə lotereya biletlərinin agent qaydasında satışı ilə bağlı xidmətlərin göstərilməsi; 16.1.11-6.5. Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına vəkillər və vəkil qurumları tərəfindən edilən ödənişlər üzrə. Göründüyü kimi dövlət hakimiyyəti, yerli özünüidarəetmə orqanları və büdcə təşkilatları işlərin və xidmətlərin təqdim edilməsinə görə elektron qaimə təqdim etməkdən azaddırlar. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı aralarında bağlanmış müqaviləyə əsasən sıradan çıxarılaraq doğanmış yol nişanlarını metal tullantı kimi üçüncü şəxsdən almışdır. Bu üçüncü şəxsin məhkəmə sorğusuna cavab məktubu və onun tərəfindən təqdim edilmiş yazılı qaimələrlə də təsdiq edir. Həmçinin iddiaçı həmin metal tullantılarını "Alumeks” MMC-yə təqdim etmişdir. Lakin, cavabdeh iddiaçının satışında həmin malların mövcud olduğu halda, alışında müəyyən edilməməsinə əsaslanaraq iddiaçının riskli vergi ödəyicisi siyahısına salınması barədə qərar aəbul etmişdir. Lakin, həmin malların iddiaçının alışında real olaraq mövcudluğu iş materialları ilə müəyyən edilir. Eyni zamanda iddiaçı tərəfindən həmin mallarl bağlı ödənilən məbləğlər cavabdeh tərəfindən onun xərc sənədi kimi nəzərə alınmamış, bu səbəbdən verilən bəyannamə ilə təqdim edilmiş elektron qaimələr və digər sənədlər arasında uyğunsuzluq yaranması səbəbindən iddiaçıya kameral qaydada vergi borcu hesablanmışdır. Lakin, iddiaçının alınan mallarla bağlı üçüncü şəxsə 46706 manat ödəniş edildiyi, lakin bunun cavabeh tərəfindən xərc sənədi kimi nəzərə alınmadığı müəyyən edilmişdir. İddiaçının təsərrüfat subyektinin olmaması ilə bağlı qeyd edilməlidir ki, iddiaçı malların yenidən işlənməsi, yaxud saxlanması ilə deyil, onların çatdırılması ilə məşğul olmuş və üçüncü şəxsdən əldə etdiyi malları "xxxx" MMC-yə təhvil vermişdir. Bu işdə olan elektron qaimələrlə də təsdiq edilir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia təmin olunmalı, cavabdehin “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” xx.xx.2023-cü il tarixli, **********33915000 saylı və “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli, **********057100 saylı qərarları ləğv edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X2 və Uçotunun Təşkili Baş İdarəsi tərəfindən qəbul edilmiş “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” xx.xx.2023-cü il tarixli, **********915000 saylı və “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli, **********057100 saylı qərarları ləğv edilsin. Qərardan onun rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №e-2-1(112)-1996/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-1996/2025
02.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver