Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-2030/2023 08.05.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Məmmədova Sevda Rövşən qızının katibliyi İddiaçı, iddiaçının vəkili Vəkil, cavabdehin nümayəndəsi X2 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialına qarşı «yaşa görə əmək pensiyasının təyin edilməsi» tələbinə dair iddiası üzrə iş materiallarına məhkəmənin binasında (Nəsimi rayonu, Nəcəf bəy Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialına qarşı «yaşa görə əmək pensiyasının təyin edilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsində bildirilir ki, İddiaçı xx xxx 1957-ci il tarixdə doğulmuşdur. 15 may 1976-cl il tarixdən 13 may 1978-ci il tarixədək hərbi xidmətdə olmuş, 1 sentyabr 1979-cu il tarixdən 28 may 1984-cü il tarixədək əyani təhsil almış, daha sonra əmək fəaliyyətinə başlamışdır. İddiaçı 65 yaşının tamam olduğu 24 may 2022-ci il tarixdə ona əmək pensiyasının təyin olunması ilə bağlı cavabdehə müraciət etsə də, cavabdeh tərəfindən həmin məsələnin həllindən imtina olunmuşdur. İmtina məktubunda göstərilmişdir ki, təqdim edilmiş əmək kitabçasına, hərbi bilet və diplomun surətlərinə əsasən sığorta stajı (15 may 1976-cı il tarixdən 13 may 1978-ci il tarixədək hərbi xidmət və 1 sentyabr 1979-cu il tarixdən 28 may 1984-cü il tarixədək əyani təhsil dövrü nəzərə alınmaqla) 19 il 8 ay 15 gün təşkil edir, 1 yanvar 2006-cı il tarixədək onun fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 18 il 3 ay 13 gün sığorta stajına uyğun olaraq 14.868,89 manat, 2 noyabr 2020-ci il tarixdən 1 aprel 2022-ci il tarixədək 1.738,10 manat olmaqla, ümumilikdə 16.606,99 manat təşkil edir ki, bu məbləğ pensiya yaşının tamam olduğu tarixdə qanunvericiliklə tələb olunan 34.560 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (240 manat) az olmayan pensiya təminatına imkan vermir, 1 yanvar 2006-cı il tarixdən 1 iyul 2018-ci il tarixədək onun fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır, ümumi sığorta stajı qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Cavabdehin imtinası əsassız və qanunsuzdur. 1 yanvar 2006-cı il tarixdən xx.xx.2018-ci il tarixinədək fərdi hesabınızın sığorta hissəsində pensiya kapitalı qeydə alınmamasını cavabdeh bildirsə də, bu həqiqəti əks etdirmir. O (iddiaçı), 22 iyun 2006-cı il tarixdən fərdi sahibkar kimi vergi ödəyicisi olaraq dövlət qeydiyyatına alınmışdır və buna görə ona ********** saylı VÖEN verilmişdir, 9 yanvar 2019-cu il tarixdən etibarən vergi uçotundan çıxarılmışdır. Bu barədə vergi orqanına müraciət etmişdir. Sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu dövrdə bütün sosial sığorta haqlarını ödəmişdir. Göstərilənlərə və Azərbaycan Respublikası Konstitusiyasının 58-ci maddəsinə, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 7, 22-1.1-ci maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 dekabr 1996-cı il tarixli 186 nömrəli qərarı ilə təsdiq edilmiş «İşçilərin əmək kitabçasının forması və onun tətbiqi Qaydaları»nın 1.1-ci bəndinə əsaslanaraq, iddiaçıya 65 yaçşı tamam olduğu 24 may 2022-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının iddia ilə bağlı məhkəməyə ünvanlanmış yazılı etirazında bildirilir ki, İddiaçı iddiası əsassızdır və təmin edilməməlidir. O, cavabdeh DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına müraciət edərək, yaşa görə əmək pensiyasının təyin edilməsini tələb etmişdir. Lakin onun təqdim etdiyi sənədlərə əsasən ümumi sığorta stajı qanunla nəzərdə tutulandan (25 il) az olduğundan, müraciətin müsbət həlli mümkün olmamışdır. Belə ki, «Əmək pensiyaları haqqında» Qanunun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası – bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Həmin Qanunun 1.0.2-ci maddəsinə görə sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin Qanunun 7-ci maddəsində 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin “Qeyd” hissəsində göstərilmişdir ki, Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. İddiaçının xx xxx 1957-ci il tarixdə doğulduğu nəzərə alındıqda, 65 yaşının tamam olduğu 24 may 2022-ci il tarixdən, «Əmək pensiyaları haqqında» Qanunun 7-ci maddəsində nəzərdə tutulan digər şərtlərin də ödənildiyi halda əmək pensiyası almaq hüququ vardır. Həmin normada nəzərdə tutulmuş digər şərtlərə bunlardır: 1) şəxsin fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi (sığorta stajından asılı olmayaraq); 2) qeydə alınmış pensiya kapitalı pensiya təminatına imkan vermədikdə, azı 25 il sığorta stajının olması. Lakin İddiaçı oğlunun yaşa görə əmək pensiyası təyin edilməsi üçün müvafiq Filiala verdiyi ərizəsinə və təqdim etdiyi sənədlərə əsasən müəyyən olunmuşdur ki, o, yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan pensiya kapitalına və ya 25 illik sosial sığorta stajına malik deyil. Belə ki, təqdim olunmuş sənədlərə əsasən onun ümumi iş stajı 19 il 8 ay 15 gün təşkil edir. «Əmək pensiyaları haqqında» Qanunun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 sentyabr 1998-ci il tarixli 189 saylı qərarı ilə təsdiq edilmiş «Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında Əsasnamə»nin 3-cü bəndinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş müddət ərzində xeyrinə məcburi dövlət sosial sığorta fəaliyyəti həyata keçirilməyən şəxslərin (qanunvericiliklə müəyyən olunmuş hallar istisna olmaqla) sosial sığorta ödəmələrini (pensiya, müavinət) almaq hüququ yoxdur. Göründüyü kimi, 1 yanvar 2006-cı il tarixdən etibarən işçinin sosial sığorta stajı sığortaolunanın fərdi uçot məlumatları əsasında müəyyən edilir. Yəni qanunda işçinin işlədiyi müddətin sığorta stajı kimi qəbul edilməsi üçün qanunvericiliklə müəyyən edilmiş Qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi məcburi şərt kimi nəzərdə tutulmuşdur. Digər tərəfdən, iddia ərizəsində 22 iyun 2006-cı il tarixdən fərdi sahibkar kimi vergi ödəyicisi olaraq dövlət qeydiyyatına alındığı, sosial sığorta haqları ödədiyi və bu barədə qəbzin mövcud olduğunu bildirmişdir. Sözügedən qəbz inzibati orqana “yaşa görə əmək pensiyasının təyin edilməsi” barədə ərizə ilə müraciət edərkən təqdim olunmamışdır. Göstərilənlərə və «Əmək pensiyaları haqqında» Qanunun 22-1-ci maddəsinə əsaslanaraq, İddiaçı iddiasının təmin edilməməsi məhkəmədən xahiş olunur. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Vəkil iddia ərizəsində göstərilənləri təsdiqlədi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianı müdafiiə etdi və onun təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 iddiaya qarşı məhkəməyə təqdim olunmuş yazılı etirazda göstərilənləri təsdiqlədi və iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Təqaüdlərin və sosial müavinətlərin minimum məbləği qanunla müəyyən edilir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. «Əmək pensiyaları haqqında» Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası – bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıq-ları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən bu Qanuna uyğun olaraq əmək pensiyasının aşağıdakı növləri müəyyən edilir: yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası, ailə başçısını itirməyə görə əmək pensiyası. Həmin Qanunun 30.1-ci maddəsinə əsasən əmək pensiyası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təyin edilir. Həmin Qanunun 30.2-ci maddəsinə əsasən əmək pensiyasını təyin edən orqanın qərarından inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər. İPM-in 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. İş materiallarında olan Azərbaycan Respublikası Vergilər Nazirliyinin Binəqədi rayon Vergilər İdarəsinin İddiaçı ünvanlanmış 17 iyun 2002-ci il tarixli məktubunda bildirilir ki, 17 iyun 2002-ci il tarixdə İddiaçı ********** saylı X1 Nömrəsi (VÖEN) verilmişdir. İş materiallarından görünür ki, İddiaçı adına **********632 SS nömrəli dövlət sosial sığorta şəhadətnaməsi verilmişdir. İş materiallarında olan DSMF Binəqədi rayon şöbəsi tərəfindən verilmiş 27 sentyabr 2007-ci il tarixli CİP seriyalı 176353 nömrəli mədaxil qəbzinin surətindən görünür ki, İddiaçı tərəfindən 20 (iyirmi) manat sosial sığorta haqları üzrə borc ödənilmişdir. İPM-in 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İPM-in 33.2-ci maddəsinə görə bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. İPM-in 33.3-cü maddəsinə görə inzibati akt inzibati orqanın hərəkətsizliyi səbəbindən qəbul edilməmişdirsə, məhkəmə ona inzibati aktın qəbul olunması üçün müəyyən müddət təyin edir. İnzibati orqan inzibati aktın qəbul edilməsi barədə məhkəməyə məlumat verməlidir. Məhkəmənin iş üzrə 17 yanvar 2023-cü il tarixli qərardadı ilə İPM-in 33-cü maddəsinin tələblərinə istinadən İddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi məsələsinə 1 ay müddətində baxılması DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilmişdir. DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının Bakı İnzibati Məhkəməsinə ünvanlanmış 31 mart 2023-cü il tarixli məktubunda bildirilir ki, məhkəmənin 17 yanvar 2023-cü il tarixli qərardadının icrası ilə İddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi məsələsinə yenidən baxılmışdır. Əmək kitabçasına, hərbi biletinə və diplomuna əsasən onun 1 yanvar 2006-cı il tarixədək təhsil və hərbi xidmət dövrləri də nəzərə alınmaqla ümumilikdə 18 il 9 ay 21 gün sığorta stajı hesablanmışdır. “Mərkəzləşdirilmiş elektron informaçiya sistemi”nin Pensiya altsisteminə əsasən adıçəkilən şəxsin fərdi hesabının sığorta hissəsində 2020-ci ilin noyabr ayından 2022-ci ilin avqust ayınadək (1 il 10 ay) 2.457,94 manat pensiya kapitakı qeydə alınmışdır. Ümumi sığorta stajı qanunla nəzərdə tutulandan (25 il) az olduğundan, həmin şəxsə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. İddiaçı 16 avqust 2020-ci il tarixdən avtomatlaşdırılmış qaydada yaşa görə müavinət təyin edilmişdir və ödənilir. İPM-in 33.4-cü maddəsinə əsasən bu Məcəllənin 33.3-cü maddəsinə uyğun olaraq təyin edilmiş müddət bitənədək inzibati orqan tərəfindən inzibati akt qəbul edilmədikdə, məhkəmə həmin müddətin bitdiyi vaxtdan 3 ay ərzində iş üzrə qərar qəbul edir. Məhkəmənin həmin qərarı inzibati aktı əvəz edir. Bu Məcəllənin 73.3-cü maddəsində nəzərdə tutulmuş hallarda məhkəmə öz qərarında inzibati orqana inzibati aktla bağlı müvafiq göstərişlər verməyə haqlıdır. «İnzibati icraat haqqında» Qanununun 15-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 19-cu maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Həmin Qanunun 58.1-ci maddəsinə görə inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. «Əmək pensiyaları haqqında» Qanununun 7-ci maddəsinə görə 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin “qeyd” hissəsində göstərilir ki, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Həmin Qanunun 22-1.1-ci maddəsinə əsasən 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı il yanvarın 1-dək olan sığorta stajı bu Qanunun 22-1.2-ci maddəsinə uyğun olaraq hesablanır. Həmin Qanunun 22-1.2-ci maddəsinə əsasən 2019-cu il yanvarın 1-dən etibarən sağortaolunanın 2006-cı il yanvarın 1-dək olan sığorta stajı, bu Qanunun 22-1.1-ci və 22- 1.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla, aşağıdakı qaydada hesablanır: (22-1.2.1) 2019 – 2025-ci illərdə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana (bu Qanunun 8-ci maddəsinin müddəaları nəzərə alınaraq həmin maddədə göstərilən şəxslər də daxil olmaqla) yaşa görə əmək pensiyası təyin edilərkən onun 2006cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2026-cı ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır. Məhkəmə qeyd edir ki, iddiaçı hazırkı inzibati məhkəmə icraatında 2002-ci ildən vergi ödəyicisi olmasını təsdiqləyən arayış, ona verilmiş sosial sığorta şəhadətnaməsini, eləcə də 2007-ci ildə sosial sığorta haqları üzrə borc ödənişi barədə mədaxil qəbzini təqdim etmişdir. Xüsusilə nəzərə alınmalıdır ki, həmin qəbzin üzərində ciddi hesabat blankı kimi DSMF orqanının adı yazılmış və ödəniş aparan şəxs onu müvafiq təyinatla bəyan etmişdir. «İnzibati icraat haqqında» Qanunun 13.1-ci maddəsinə görə inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Həmin Qanunun 13.2-ci maddəsinə görə yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Həmn Qanunun 13.3-cü maddəsinə görə müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Həmin Qanunun 13.4cü maddəsinə görə inzibati orqanların bu Qanunun 13.3-cü maddəsində nəzərdə tutulmuş vədləri və ya bəyanatları yalnız yazılı formada olduqda etibarlı təminat sayılır və şəxsin etimad hüququnun əsasını təşkil edir. Bu Qanunun 63-cü və 67 – 69-cu maddələri də təminatlara şamil olunur. Həmin Qanunun 13.5-ci maddəsinə görə fiziki və ya hüquqi şəxslərin etimadı qanunsuz hərəkətlərə əsaslana bilməz. Mövcud məhkəmə praktikası və bununla bağlı formalaşmış inzibati praktika ondan ibarətdir ki, əmək pensiyasının təyinatında təqdim etdiyi sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduqda, inzibati orqan həmin xüsusatları mübahisələndirə bilər. Qeyrimötəbərliyi təsdiqləməyən və ərizəçinin arzuladığı qərarla bağlı xeyrinə xidmət edən sübutun qəbul edilməməsi, eləcə də həmin sənədin mötəbərliyini sübut etmək vəzidəsinin ərizəçinin üzərinə qoyulması yolverilən hal deyil və «İnzibati icraat haqqında» Qanunun 13, 15, 19-сu maddələrinin tələblərinə birbaşa ziddir. İddiaçının müraciəti əsasında ona əmək pensiyası təyinatı üzrə inzibati icraatda yuxarıda sözügedən sübutla bağlı araşdırma aparılmaması, yəni ondan hansı sənədlərinin mövcud olmasının öyrənilməməsi də «İnzibati icraat haqqında» Qanunun 21 və 24-cü maddələrinin tələblərinə riayət olunmaması kimi dəyərləndirilir. Odur ki, məhkəmə iddiaçının təqdim etdiyi 20 (iyirmi) manat sosial sığorta haqları üzrə borcun DSMF Binəqədi rayon şöbəsinə ödənilməsini təsdiqləyən 27 sentyabr 2007-ci il tarixli CİP seriyalı 176353 nömrəli mədaxil qəbzini, sosial sığorta şəhadətnaməsini mötəbər sübutlar kimi qəbul edir. Belə olan halda, məhkəmənin qənaətinə görə İddiaçı 2006-cı ilin yanvar ayının 1dən 2018-ci ilin iyul aylnın 1-dək olan dövrdə fərdi hesabının sığorta hissəsinə pensiya kapitalı kimi ödəniş apardığından, «Əmək pensiyaları haqqında» Qanunun 7 və 22-1-ci maddələrinin tələblərinə əsasən 24 may 2022-ci il tarixdən (xx xxx 1957-ci il tarixdə doğulmuşdur) onun yaşa görə əmək pensiyası hüququ yaranır. Qeyd olunanlara əsasən İddiaçı həmin tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsindən DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filalı tərəfindən imtina olunması qanuna zidd və iddiaçının sosial təminat hüququnun pozulmasına səbəb olan hal kimi qiymətləndirilir. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilərək İddiaçı 65 yaşının tamam olduğu 24 may 2022-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulmalıdır. Göstərilənlərə əsasən və İPM-in 23.1, 58.7, 69, 75, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. İddiaçı 65 yaşının tamam olduğu 24 may 2022-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli
Məhkəmə qərarları › İş №e-2-1(112)-2030/2023
Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-2030/2023
08.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver