Məhkəmə qərarları › İş №e-2-1(112)-2031/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-2031/2025

20.11.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-2031/2025 20.11.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X4 İdris oğlunun sədrliyi, X3 oğlunun katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “İddiaçı təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının yenidən hesablanması barədə cavabdehin 3-17-1/3-3-3556/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsi” tələbinə dair işə açıq, şifahi məhkəmə iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının yenidən hesablanmasına dair 06 mart 2024-cü il tarixli qərarın ləğv edilməsi, pensiyanın yenidən hesablanaraq artıq tutulmuş məbləğin geri qaytarılması və ödənilməli məbləğlərin ödənilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddia ərizəsinin əsaslarına görə, Salahova (Novruzova) Gülnarə Ağahüseyn qızı xx xxxx 1959-cu il tarixdə anadan olmuşdur. Əmək şəraiti zərərli olan işlərdə işlədiyindən 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ əldə etmişdir. Lakin ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası 16 aprel 2013-cü il tarixdə təyin edilmişdir. Təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyası 363,86 manata endirilmişdir. Təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının yenidən hesablanaraq pensiyanın düzgün ödənilməsinə dair cavabdeh inzibati orqana müraciət etmişdir. Cavabdeh inzibati orqanın 27 may 2024-cü il tarixli və 12 iyun 2024-cü il tarixli eyni məzmunlu məktubları ilə bildirilmişdir ki, Fondun Nərimanov rayon şöbəsi tərəfındən 16 aprel 2013-cü il tarixində güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Vaxtilə əmək pensiyası təyinatı aparılarkən əsas götürülmüş halların pensıya qanunvericiliyinin tələblərinə uyğunluğu araşdırılıb. «Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun (bundan sonra qanunun) 9.1-ci maddəsinin xx.xx.2017-ci il tarixinədək qüvvədə olan redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətiın xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli va ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərın müvafiq icra hakimiyyətı orqanı tərəfındən təsdiq olunan siyahısı üzrə) qadınlar 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitali əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verərəsə əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Fondun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının 06 mart 20024-cü il tarixli əmək pensiyasının yenidən hesablanması haqqında qərarı ilə təyin edilmiş güzəştli şərtlərlə əmək pensiyasının məbləğinın aşağı salınması və artıq ödənilmiş əmək pensyasının geri alınması qərara alınmışdır. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının 06 mart 2024-cü il tarixli əmək pensiyasının yenidən hesablanması haqqında qərarı qanunsuz və əsassızdır. Belə ki, Salahova (Novruzova) Gülnarə Ağahüseyn qızı xx xxxx 1959-cu il tarixdə anadan olmuşdur. Sosial sığorta stajını əhatə edən dövrlər aşağıdakı kimi olmuşdur: 01 dekabr 1976-cı il tarixdən – 16 avqust 1978-ci il tarixədək Nəsimi rayon qaz təsərrüfatında nəzarətçi vəzifəsində işləmişdir. 01 sentyabr 1978-ci il tarixdən – 31 iyul 1984-cü il tarixədək N.Nərimanov adına Azərbaycan Tibb İnstitutunun sanitariya-gigeniya fakultəsində təhsil almışdır. 25 fevral 1985-ci il tarixdə toksikologiya şöbəsinə kiçik elmi işçi vəzifəsinə qəbul olunmuşdur. 25 aprel 1985-ci il tarixdə ştat dəyişikliyi ilə əlaqədar olaraq elmi araşdırmalar və perspektiv planlaşdırma laboratoriyasına keçirilmişdir. 22 noyabr 1985-ci il tarixdə elmi araşdırmalar və perspektiv planlaşdırma laboratoriyasına elmi əməkdaş vəzifəsinə təsdiq olunmuşdur. 03 oktyabr 1988-ci il tarixdə gigeniya problemlərinin öyrənilməsi şöbəsinə kiçik elmi işçi vəzifəsinə keçirilmişdir. 9 dekabr 1988ci il tarixdə həmin vəzifədən azad edilmişdir. 10 dekabr 1988-ci il tarixdə Diaqnoztika Mərkəzində kliniki diaqnostika laboratoriyasında həkim vəzifəsinə qəbul edilmişdir. 16 may 1989-cu il tarixdə həkim-bakteroloq vəzifəsinə keçirilmişdir. Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin xx.xx.2007-ci il tarixli, 73 saylı sərəncamına əsasən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyində olan Respublikası Diaqnostika Mərkəzi "xxxx" Açıq Səhmdar Cəmiyyətinə çevrilmişdir. 01 mart 2008-ci il tarixdə "xxxx"ndə həkim-bakteroloq vəzifəsindən azad edilmişdir. 16 aprel 2008ci il tarixdə Respublika Taun Əleyhinə Stansiyada bakteroloji laborotoriyada həkimbakterioloq vəzifəsinə təyin edilmişdir. 02 sentyabr 2013-cü il tarixdə mikrobioloji laborotoriyasına həkim-mikrobioloq vəzifəsinə keçirilmişdir. 01 dekabr 2015-ci il tarixdə mikrobioloji laboratoriyasına həkim-mikrobioloq vəzifəsinə keçirilmişdir. Göstərilənlərə əsasən, cavabdeh inzibati orqanın Əmək pensiayaları haqqında Qanunun 9.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş siyahıda nəzərdə tutulan işlərdə çalışmış səxslərin güzəstli iş stajına hər hansı dövrün ikiqat daxil edilməsinin qanunvericilikdə müəyyən olunmamasına, cüzam və taun əleyhinə stansiyalarda iş müddətinin ikiqat ölçüdə hesablanaraq yalnız ümumi iş stajına daxil edilməsinə və bununla da güzəştli sərtlərlə yaşa görə pensiya hüququnun xx.xx.2013-cü il tarixindən deyil, xx.xx.2018-ci il tarixindən yaranmasına və göstərilən səbəbdən də, xx.xx.2013-xx.xx.2024-cü il tarixləri arasındakı dövr ərzində artıq pul vəsaitinin ödənilməsinə dair dəlilləri əsassızdır. Cavabdeh 19 avqust 2024-cü il tarixli, 3-17-1/2-198480/2024 nömrəli məktubuna əlavə olunmuş etirazında qeyd etmişdir ki, iddiaçıya Fondun Nərimanov rayon şöbəsi tərəfindən 16 aprel 2013-cü il tarixində güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçıya vaxtilə əmək pensiyası təyinatı aparılarkən əsas götürülmüş halların pensiya qanunvericiliyinin tələblərinə uyğunluğu araşdırılıb. Araşdırma zamanı iddiaçıya vaxtilə əmək pensiyası təyin edilərkən təqdim etdiyi sənədlərdə onun xx.xx.2008xx.xx.2018-ci il tarixləri arasındakı dövrlər ərzində Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin S.İmaməliyev adına Respublika Taun Əleyhinə Stansiyasında həkimmikrobioloq vəzifəsində işlədiyi qeyd olunub. Göründüyü kimi, xx.xx.2013-cü il tarixinədək iddiaçının güzəştli iş stajı 10 ildən az (4 il 9 ay (xx.xx.2008-xx.xx.2011-ci il, xx.xx.2011xx.xx.2012-ci il, xx.xx.2012-xx.xx.2013-cü il tarixləri arasındakı dövrlər)) təşkil edir. Eyni zamanda, qanunvericiliklə tələb olunan 10 il güzəştli iş stajının xx.xx.2018-ci il tarixində tamamlandığı müəyyən edilib. Buna görə də iddiaçının güzəştli şərtlərlə yaşa görə pensiya hüququ xx.xx.2013-cü il tarixindən deyil, xx.xx.2018-ci il tarixindən yaranıb. Göstərilən səbəbdən də iddiaçıya xx.xx.2013-xx.xx.2024-cü il tarixləri arasındakı dövr ərzində artıq pul vəsaitinin ödənildiyi müəyyən edilib. Qanunun 39.1-ci maddəsinin 1 yanvar 2023-cü il tarixindən qüvvədə olan redaksiyasına əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Qeyd olunanlara əsasən, iddiaçıya son üç il üzrə 4032,54 manat artıq pul vəsaiti ödənildiyi müəyyən edilib. Həmin artıq ödənilmiş 4032,54 manat pul vəsaiti cari ilin mart ayından etibarən hissə-hissə (36,39 manat) iddiaçının əmək pensiyasından tutularaq büdcəyə bərpa edilir. 1 yanvar 2006-cı il tarixindən bugünədək iddiaçıya münasibətdə ödənilməli olan məcburi dövlət sosial sığorta haqları fərdi hesabının sığorta hissəsində 2011-ci ilin noyabr, 2012-ci ilin sentyabr, oktyabr, 2014-cü ilin avqust, 2015-ci ilin avqust və 2017-ci ilin noyabr ayları üzrə (ümumilikdə 6 ay) öz əksini tapmadığı müəyyən edilib. Qanunvericilikdə məcburi dövlət sosial sığorta haqları ödənilməyən dövrlər əmək pensiyası təyin edilərkən iş stajına aid edilmədiyi üçün (Qanunun 21.2-ci maddəsində qeyd edilənlər istisna olmaqla) yuxarıda qeyd edilən ayları onun iş stajına daxil etmək mümkün olmadığından yuxarıda qeyd olunan işləmədiyi aylar iş stajına əlavə edilməyib. İddaçının əmək pensiyası qanunvericiliyin tələblərinə uyğun qaydada hesablanaraq hazırda 363,86 manat təşkil edir. Cavabdeh yuxarıda qeyd olunanlara əsasən etiraz məktubunda iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2031/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə iddia “İddiaçı təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının yenidən hesablanması barədə cavabdehin 3-17-1/3-3-3556/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsi” kimi icraata qəbul edilmişdir. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - “İPM”) 62.3-cü maddəsinə əsasən hazırkı işə iddiaçının iştirakı olmadan, tam, obyektiv və hərtərəfli baxılmasını mümkün hesab etmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişlərində tərəflər məhkəmə baxışı iclasına gəlmədikləri halda da onların iştirakı olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişlər. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi cavabdehin etiraz məktubunun məzmununa uyğun izahat vermiş və iddianın rədd olunması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iddia ərizəsinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. Hazırkı iddia, növünə görə mübahisələndirmə haqqında iddialara aiddir. Bu növ iddialarla bağlı mübahisələr üzrə məhkəmə qərarı, öhdəliyin icrası və məcburetmə haqqında iddialardan fərqli olaraq, mübahisəli hüquq münasibətinin yarandığı vaxt qüvvədə olan maddi hüquq normalarına uyğun çıxarılmalıdır. Bu məqsədlə, inzibati aktın qanuniliyi iki mərhələdə yoxlanılır: 1) formal-hüquqi baxımdan; 2) maddi-hüquqi baxımdan. İnzibati akt qanunda əksini tapan şərtlərə uyğun gəlmirsə, qanuna zidd sayılır. İnzibati aktın qanuni hesab edilməsi üçün aşağıdakı şərtlərin mövcudluğu zəruridir: 1. inzibati aktın səlahiyyətli orqan tərəfindən qəbul edilməsi və bu zaman icraat və forma ilə bağlı bütün müddəalara riayət olunması (formal-hüquqi baxımdan qanunilik); 2. inzibati aktın qüvvədə olan hüquqa uyğun olması. İnzibati orqanın əsaslandığı səlahiyyətverici normanın dispozisiya şərtləri konkret halda mövcud olmalı və inzibati aktın nəticəsi həmin normada nəzərdə tutulan nəticə ilə üst-üstə düşməlidir (maddi-hüquqi baxımdan qanunilik). Mübahisələndirilən 3-17-1/3-3-3556/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarın daha əvvəl iddiaçıya təqdim edilməsini təsdiq edən hər hansı sübut cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir. İş materiallarına əsasən iddiaçı cavabdeh tərəfindən onun müraciətinə əsasən verilmiş imtina məktubunu aldıqdan sonra məhz həmin imtina məktubu əsasında məhkəməyə iddia ərizəsi ilə müraciət etmişdir ki, həmin məktubdan cavabdeh tərəfindən mübahisələndirilən qərarın qəbul edilməsinə dair məlumatın iddiaçıya təqdim edilmədiyi aşkar edilir. İddiaçıya məhkəmə icraatı gedişatında müvafiq qərar təqdim edilmiş və onun tərəfindən məhkəmənin hüquqi yardımı əsasında iddia tələbinə müvafiq dəqiqləşmə təqdim edilmişdir. Odur ki, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən prosessual müddətlərə əməl edilməklə iddia qaldırılmışdır. İş materiallarında olan: X2 İttifaqı Azəbaycan Respublikası Komitəsinin 97 nömrəli, xx.xx.2002-ci il tarixli məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 saylı qərarı ilə güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı təsdiq edilmişdir. Həmin qərara əlavə edilmiş 2 saylı siyahının XX1Y bölməsinin 22600000-1754 şifrinə əsasən tauna qarşı idaərələrdə məşğul olan bütün işçilə güzəştli şərtlərlə pensiya hüququna malikdirlər. Cavabdeh tərəfindən iddiaçı barəsində “təyinat tarixindən yenidən hesablanmaartıq vermə -taunda işlədiyi dövr güzəştli staja 2 qat hesablandı-hüququ güzəştli stajın tamamlandığı tarixə xx.xx.2018-ci ilə çəkildi” səbəbindən “Əmək pensiyasının yenidən hesablanması haqqında” 07.-3.2-24-cü il tarixli, 3-17-1/3-3556/2024 nömrəli qərar qəbul edilmiş, yenidən hesablanmış pensiya məbləği 363,86 manat müəyyənləşdirilmişdir. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 27 may 2024-cü il tarixli, 3-17-1/2-S- 123622/2024 nömrəli məktubla bildirilmişdir ki, araşdırma zamanı vaxtı ilə əmək pensiyası təyin edilərkən təqdim edilən sənədlərdə xx.xx.2008-xx.xx.2018-ci il tarixləri arasındakı dövrlər ərzində Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin S.İmaməliyev adına Respublika Taun Əleyhinə Stansiyasında həkim-mikrobioloq vəzifəsində işlədiyi qeyd olunub. Göründüyü kimi, xx.xx.2013-cü il tarixinədək güzəştli iş stajı 10 ildən az (4 il 9 ay (xx.xx.2008-xx.xx.2011-ci il, xx.xx.2011-xx.xx.2012-ci il, xx.xx.2012-xx.xx.2013-cü il tarixləri arasındakı dövrlər)) təşkil edir. Eyni zamanda, qanunvericiliklə tələb olunan 10 il güzəştli iş stajı xx.xx.2018-cı il tarixində tamamlandığı müəyyən edilib. Buna görə də güzəştli şərtlərlə yaşa görə pensiya hüququ xx.xx.2013-cü il tarixindən deyil, xx.xx.2018-ci il tarixindən yaranıb. Göstərilən səbəbdən də, xx.xx.2013-xx.xx.2024-cü il tarixləri arasındakı dövr ərzində artıq pul vəsaitinin ödənildiyi müəyyən edilib. Qanunun 39.1-ci maddəsinin 1 yanvar 2023-cü il tarixindən qüvvədə olan redaksiyasına əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Qeyd olunanlara əsasən, son üç il üzrə 4032,54 manat artıq pul vəsaiti ödənildiyi müəyyən edilib. Həmin artıq ödənilmiş 4032,54 manat pul vəsaiti cari ilin mart ayından etibarən hissə-hissə (36,39 manat) əmək pensiyasından tutularaq büdcəyə bərpa edilir. 1 yanvar 2006-cı il tarixindən bugünədək münasibətdə ödənilməli olan məcburi dövlət sosial sığorta haqlarının fərdi hesabın sığorta hissəsində 2011-ci ilin noyabr, 2012-ci ilin sentyabr, oktyabr, 2014-cü ilin avqust, 2015-ci ilin avqust və 2017-ci ilin noyabr ayları üzrə (ümumilikdə 6 ay) öz əksini tapmadığı müəyyən edilib. Qanunvericilikdə məcburi dövlət sosial sığorta haqları ödənilməyən dövrlər əmək pensiyası təyin edilərkən iş stajına aid edilmədiyi üçün (Qanunun 21.2-ci maddəsində qeyd edilənlər istisna olmaqla) yuxarda qeyd edilən ayları iş stajına daxil etmək mümkün olmadığından yuxarıda qeyd olunan işləmədiyi aylar iş stajına əlavə edilməyib. Əmək pensiyası qnunvericiliyin tələblərinə uyğun qaydada hesablanaraq hazırda 363,86 manat təşkil edir. Cavabdehin məhkəmə sorğusuna 26 sentyabr 3-17-1/”-229933/2025 nömrəli cavab məktubunda qeyd edilmişdir ki, İddiaçı pensiya işinə dair sənədlərdə onun xx.xx.2008xx.xx.2018-ci il tarixləri arasındakı dövr ərzində Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin S.İmaməliyev adına Respublika Taun Əleyhinə Stansiyasında həkimmikrobioloq vəzifəsində işlədiyi qeyd olunub. İddiaçı fərdi hesabının sığorta hissəsində 2011-ci ilin noyabr, 2012-ci ilin sentyabr və oktyabr, 2014-cü ilin avqust, 2015-ci ilin avqsut ayı və 2017-ci ilin noyabr ayları üzrə pensiya sığorta kapitalı qeydə alınmadığı üçün həmin ayların (ümumilikdə 6 ay) onun iş stajına daxil edilməsi mümkün deyil. Qeyd olunanları nəzərə alaraq, İddiaçı 10 il güzəştli iş stajı 16 oktyabr 2018- ci il tarixində tamam olduğundan ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası həmin tarixdən təyin edilib. İddiaçının pensiya təyinatı alt sistemindən çıxarışa əsasən, iddiaçının pensiyandan hər ay 36,39 manat olmaqla ümumi 764,19 manat məbləğində pul tutulmuşdur. Həmçinin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdeh tərəfindən əvəzləşdirilmənin aparılması daxil olmaqla iddiaçıya ödənilən pensiya məbləğindən 884,12 manat pul tutulmuşdur. Məhkəmə hesab edir ki, işin yuxarıda qeyd olunan faktiki hallarına aşağıdakı qanunvericilik normalarının tətbiqi baxımından hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının: 12-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 1.1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. 1.2-ci maddəsinə əsasən bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. 2.0.1-ci maddəsinə görə inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs; 2.0.2-ci maddəsinə görə inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; 21.1-ci maddəsinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. 21.2-ci maddəsinə əsasən qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. 62.1-ci maddəsinə görə İnzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. 67.1-ci maddəsinə görə İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.3-cü maddəsinə əsasən qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. 67.4-cü maddəsinə görə qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. 67.5-ci maddəsinə əsasən maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa görə bu Qanun Azərbaycan Respublikasında vətəndaşların əmək pensiyası hüquqlarının yaranmasının əsaslarını, bu hüquqların həyata keçirilməsi qaydalarını və əmək pensiyası təminatı sistemini müəyyən edir. “Əmək pensiyaları haqqında” Qanunun 39.1-ci maddəsi aşkar olaraq tələb edir ki, artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. Həmin Qanunun 39.2-ci maddəsinə görə bu Qanunun 39.1-ci maddəsində göstərilmiş əsaslarla əmək pensiyasından və əmək pensiyasına əlavədən tutulan məbləğ, başqa əsaslara görə tutulan məbləğlər nəzərə alınmadan, hər ay əmək pensiyaçısına ödənilməli olan məbləğin 10 faizindən az, 20 faizindən artıq ola bilməz (bu Qanunun 39.3cü maddəsi nəzərə alınmaqla). Əmək pensiyasından və əmək pensiyasına əlavədən tutulan məbləğ əmək pensiyaçısına ödənilməli olan məbləğin 10 faizindən az olduqda (bu Qanunun 39.3-cü maddəsi nəzərə alınmaqla) tam məbləğdə tutulur. Göründüyü kimi, qanunverici artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləğinin tutulması barədə qərarın (inzibati aktın) qəbulunu əmək pensiyaçısının razılığı ilə şərtləndirir, lakin razılığı olmadığı halda məhkəmə qaydasında tutulur. Hazırkı halda, belə razılıq olmadığından, iddiaçı hazırkı məzmunda inzibati orqanın artıq ödənilmiş əmək pensiyası məbləğinin tutulması haqqında cavabdehin müvafiq qərarının ləğv edilməsi ilə bağlı məhkəməyə müraciət etmişdir. Bununla bağlı, ”İnzibati mübahisələrə dair işlər üzrə məhkəmə qərarlarının icrasının təmin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 19 noyabr 2021-ci il tarixli Plenumunun qərarında qeyd edilmişdir ki, “... Ayrı-ayrı müstəsna hallarda dövlət, bələdiyyə və ya ümumi hüququn başqa subyektləri publik hüquq sahəsinə aid müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək üçün məhkəmə qərarının qəbul edilməsini tələb edə bilərlər. Məhkəmələr nəzərə almalıdırlar ki, dövlət, bələdiyyə və ya ümumi hüququn başqa subyektləri tərəfindən belə bir tələblə məhkəməyə müraciət olunması yalnız qanunvericilikdə birbaşa təsbit olunmuş müstəsna hallarda yolveriləndir. Məhkəmələrin dövlətin, bələdiyyənin və ya ümumi hüququn başqa subyektin xeyrinə baxacağı işlər həm pul tələblərinin ödənilməsinə dair, həm də borclunu müəyyən hərəkətlər etməyə, müəyyən hərəkətlərə dözməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddialar ola bilər. Məsələn, “Əmək pensiyaları haqqında” Qanunun 39.1-ci maddəsinə əsasən qaldırılmış iddiada məhkəmə cavabdehdən dövlətin xeyrinə artıq ödənilmiş pensiya ilə əlaqədar müəyyən pul məbləğinin tutulmasına dair qərar çıxara bilər... Beləliklə, İPM-in 118-ci maddəsində təsbit edilmiş dövlətin, bələdiyyənin və ya ümumi hüququn başqa subyektlərinin xeyrinə icra sözügedən subyektlərin xeyrinə çıxarılmış həm pul tələblərinin icra edilməsi ilə bağlı olan, həm də borclunu müəyyən hərəkətlər etməyə, müəyyən hərəkətlərə dözməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən məhkəmə qərarlarının icrasına dair məsələlərin tənzimlənməsinə yönəlmişdir. Dövlətin, bələdiyyənin və ya ümumi hüququn başqa subyektlərinin xeyrinə icra həyata keçirilməli olduğu hallarda İPM-in 118.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi qismində işə baxan hakim və ya məhkəmə icra orqanı sayılır. İPM-in 118.3- 118.5-ci maddələrinə görə hakim icranın və ya ayrı-ayrı icra hərəkətlərinin həyata keçirilməsi məqsədilə, icra orqanı qismində müvafiq inzibati orqanı və ya məhkəmə icraçısını cəlb edə bilər. İcra ilə bağlı borcluya tətbiq edilməli olan mümkün məcburi icra tədbirləri yalnız hakim tərəfindən müəyyən edilir. Hakim icranın məcburi qaydada həyata keçirilməsinə nəzarət etməlidir. Pul tələblərinin icra edilməli olduğu hallarda icra orqanı qismində çıxış edən hakim İPM-in 79.2-ci və 118-ci, “İnzibati icraat haqqında” Qanunun 82-ci və “İcra haqqında” Qanunun 8-ci maddələrinə əsasən əvvəlcə məhkəmənin qanuni qüvvəyə minmiş qərarını borcluya göndərərək xəbərdarlığın alındığı (elan olunduğu) gündən sonrakı 10 (on) gün müddətində könüllü icranı təmin etmək barədə xəbərdarlıq etməlidir. Xəbərdarlıq müddəti ərzində borclu könüllü olaraq ödəməni həyata keçirmədikdə məhkəmə tərəfindən icra sənədi qanunla nəzərdə tutulmuş qaydada icraya yönəldilməklə müvafiq İcra qurumuna göndərilməlidir. İcra sənədi qanunvericiliyin tələblərinə uyğun verilmişdirsə, icra məmuru icra sənədini məhkəmədən qəbul etməli, icraata başlamalı və pul tələblərinin ödənilməsini təmin etməklə bağlı “İcra haqqında” Qanunda nəzərdə tutulmuş qaydada icra hərəkətlərini həyata keçirməlidir. Bundan sonra isə icra məmuru həyata keçirdiyi icra hərəkətləri və icranın vəziyyəti barədə icra sənədini vermiş məhkəməyə məlumat təqdim etməlidir. İcra məmurunun belə məlumat vermək borcu, o cümlədən məhkəmənin icranın lazımi qaydada həyata keçirilməsinə nəzarət etmək vəzifəsi “İcra haqqında” Qanunun 26-cı və İPM-in 118.5-ci maddələrinin müddəalarından irəli gəlir. Həmin normalara görə icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Hakim icranın məcburi qaydada həyata keçirilməsinə nəzarət etməlidir...” Yuxarıda istinad olunan normalardan göründüyü kimi, qanunverici artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləğinin tutulması barədə qərarın (inzibati aktın) qəbulunu əmək pensiyaçısının razılığı ilə şərtləndirir, belə razılıq olmadığı halda isə məhkəmə qaydasında tutulur. Digər tərəfdən isə iddiaçıya münasibətdə inzibati icraat aparılmış, cavabdeh tərəfindən hazırda mübahisələndirilən qərar qəbul edilmiş, qərarın 14-cü qrafasında xx.xx.2013-xx.xx.2024-cü il tarixləri arasındakı dövrə münasibətdə artıq ödəmə müəyyən edilmiş və faktiki olaraq pul vəsaitinin tutulması qərara alınmış, əvəzləşdirmə və tutma aparılmış, lakin nə inzibati icraatın aparılmasına münasibətdə iddiaçıya məlumat verilməmiş, nə də ki, sözügedən vəsaitin tutulmasına onun razılığı və ya məhkəmə qərarı olmadan iddiaçıdan tutulmalar həyata keçirilmişdir. Yəni cavabdeh inzibati orqan tərəfindən “İnzibati icraat haqqında” Qanunun yuxarıda qeyd olunan tələbləri nəzərə alınmamış, iddiaçı artıq ödənilmiş məbləğin geri qaytarılması ilə bağlı icraat barədə məlumatlandırılmamış, icraat bilavasitə onun məlumatı və iştirakı olmadan aparılaraq barəsində əliverişsiz inzibati akt qəbul edilmişdir. Bundan başqa Məhkəmə diqqətə çatdırır ki, “İnzibati icraat haqqında” Qanunun 67.12-ci maddədə təsbit olunmuş müddətlə bağlı məhdudiyyətə görə inzibati orqan şəxsə pensiya təyin olunması barədə əvvəllər qəbul etdiyi qərarın ləğv olunması, yaxud dəyişdirilməsi barədə qərar qəbul etmək üçün yuxarıda qeyd olunduğu kimi, “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun inzibati icraat aparmalıdır. Yalnız apardığı inzibati icraat çərçivəsində həmin Qanunun 67.12-ci maddəsində olan şərtlər mövcud olduğu halda (inzibati aktın ləğv olunmasına səbəb olan hal(lar)ın mövcud olması, həmin hal(lar)ın inzibati orqana məlum olmasından 1 (bir) il müddətin keçməmiş olması) əvvəllər qəbul etdiyi qərarın tam, yaxud qismən ləğv olunması və ya dəyişdirilməsi barədə əsaslandırılmış qərar qəbul edə bilər. Cavabdeh inzibati orqan qərar qəbul edərkən “İnzibati icraat haqqında” Qanunun 67.12-ci maddəsinin tələbinə əməl etməmiş, hansı hallara görə iddiaçı barəsində qəbul etdiyi qərarın qanunsuz olmasını və həmin halların məhz qərarı qəbul edərkən 1 (bir) il müddətində ona məlum olmasını bildirməmiş, həmin normanın pozuntusunun baş vermədiyini əsaslandırmamış, bunun əvəzinə ondan artıq ödəmə altında pul vəsaitinin tutulması məqsədilə yenidən pensiya məbləğinin hesablanması barədə qərar qəbul etmişdir. Odur ki, göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialının 3-17-1/3-3-3556/2024 nömrəli, xx.xx.2024-cü il tarixli əmək pensiyasının yenidən hesablanması haqqında qərarı ləğv olunmalıdır. Beləliklə, məhkəmə araşdırması ilə sabit olur ki, iddiaçının tələbinin əsaslılığı işin faktiki halları və qanunvericiliyin tələbləri baxımından öz təsdiqini tapır. Qanunla cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmur, cavabdehin qərarı qanuna zidd olmuş və iddiaçının hüquqlarını pozmuş, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 32.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən, məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Qərara aldı: İddia təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının 3-17-1/3-3-3556/2024 nömrəli, xx.xx.2024-cü tarixli “Əmək pensiyasının yenidən hesablanması haqqında” qərarı ləğv edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar təqdim olunduğu gündən 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir X6

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar