Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-2049/2025 14.02.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, İslamova Minayə Etibar qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X5, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə (üçüncü şəxs X8) qarşı “mənzilə mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınmaqla ayrıca çıxarışın verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək ünvan 1 ünvanında yerləşən mənzilin Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e- 2(010)-74/2024 nömrəli qətnaməsi ilə naturada ayrılmış İddiaçı məxsus hissəsinin ayrıca mənzil kimi qeydiyyata alınması, həmin mənzilin qeydiyyata ayrılmasına dair müvafiq çıxarışın və texniki-pasportun iddiaçıya verilməsi öhdəliyinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 30 noyabr 2013-cü il tarixli AN-İ N20391408 saylı alqı satqı müqaviləsinə əsasən ünvan 3 ünvanında yerləşən mənzili (37.61 m2 hissəsini) satın almışdır. Sonradan həmin mənzil Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində **********06-05101-093005 reyestr nömrəsi ilə qeydiyyata alınmış və İddiaçı 3 (üç) otaqdan (37.61 m2) ibarət pay və cavabdeh X2 2 (iki) otaqdan (30.33 m2) ibarət pay müəyyən olunmuşdur. xx.xx.2021-ci il tarixli Daşınmaz Əmlakın bağışlanması müqaviləsinə əsasən, hədiyyə verən: X4 ünvan 4 ünvanında yerləşən mənzilin tam hissə, 30.3 kv/m,2 otaq hissədə olan qızı olan hədiyyə alan: X7 hədiyyə etmişdir. Hazırda sözügedən mənzil üzrə 3 (üç) otaqdan (37.61 m2) ibarət pay İddiaçı, 2 (iki) otaqdan (30.33 m2) ibarət pay isə X7 aiddir. İddiaçı öz mülkiyyətində olan müvafiq əmlak üzrə paydan istifadə etməkdə çətinlik çəkir Əmlakın digər mülkiyyətçisinin olması onun mülkiyyət hüquqlarını maneəsiz həyata keçirməsini mümkünsüz edir. Belə ki, tərəflər əmlakın istifadə qaydası barədə razılığa gələ bilmirlər, bu da hər iki tərəfin haqlı narazılığına səbəb olur. Onların özlərinə məxsus olan paylar üzərində müstəqil sərəncam verə bilməməsi tərəflərin hüquqlarının pozulmasına, əmlaklarının dəyərinin əmlak bazarında haqsız olaraq aşağı düşməsinə səbəb olur. Qeyd edilənləri nəzərə alaraq, İddiaçı cavabdeh X7 qarşı Suraxanı Rayon Məhkəməsində iddia qaldıraraq, müvafiq əmlakın naturada bölünməsini məhkəmədən xahiş etmişdir. Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(010)-2441/2023 nömrəli qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin Mühəndis-texniki ekspertizası şöbəsinin eksperti Tikinti-texniki obyektlərin tətqiqi üzrə ekspert ixtisası olan, İİİ dərəcəli ədliyyə qulluqçusu X10 tərəfindən verilmiş 06 oktyabr 2023-cü il tarixli, 10/4551 nömrəli ekspertiza rəyinə əsasən, ünvan 5 ünvanında yerləşən mənzil tərəflər arasında faktiki olaraq hər birinin ayrı- ayrılıqda sanitar qovşaq, hamam, mətbəx, yaşayış sahələri və giriş-çıxışları olmaqla bölünmüş vəziyyətdə olduğunu nəzərə alaraq, həmin bölgü qaydasının İnşaat Norma və Qaydaları 2.08.01.89*un 1.1, 2.2, 2.4 bəndlərinin və Məhkəmə Tikinti-X3 Metodunun tələblərinə uyğun olduğu müəyyən edilmişdir. Yekunda Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(010)-74/2024 nömrəli qətnaməsi ilə ünvan 1 ünvanında yerləşən mənzilin İddiaçı məxsus 3 otaq (y/s 37.44 m2) hissəsinin ekspertiza rəyi nəzərə alınmaqla naturada ayrılması qərara alınmışdır. Qeyd edək ki, mənzil yuxarıda göstərilən ölçü vahidləri üzrə, hər birinin ayrıca giriş-çıxış qapısı, mətbəxi, sanitar qovşağı və s olmaqla faktiki olaraq bölünmüş vəziyyətdədir. Hazırda sözügedən mənzil üzrə mülkiyyət hüquqlarını maneəsiz həyata keçirə bilməsi üçün Daşınmaz Əmlakın Dövlət Reyesterində İddiaçı adına qeydə alınmış 3 (üç) otaqdan (37.61 m2) ibarət olan payın ayrıca mənzil kimi qeydə alınaraq, buna dair müvafiq çıxarışın və texniki- pasportun verilməsi zəruridir. Lakin, Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(010)-74/2024 nömrəli icra vərəqəsi icra edilməsi məqsədi ilə Bakı şəhəri Suraxanı Rayon İcra Şöbəsi tərəfindən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə göndərilsə də, icra sənədində onların icra etməsi üçün hər hansı öhdəlik nəzərdə tutulmamasını bəhanə edərək sənədin icrasından imtina edilmiş, əmlakın naturada bölünməsi ilə bağlı ümumi əsaslarla hüquq sahibləri tərəfindən idarəyə müraciət edilməsi halında məsələyə baxılacağı bildirilmişdir.Qeyd edilənləri nəzərə alaraq, xx.xx.2024-cü il tarixində İddiaçı tərəfindən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət edilərək ünvan 1 ünvanında yerləşən mənzilin Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(010)- 74/2024 nömrəli qətnaməsi ilə naturada ayrılmış İddiaçı məxsus 3 otaq (y/s 37.44 m2) hissəsinin ayrıca mənzil kimi qeydiyyata alınmasına, həmin mənzilin qeydiyyata ayrılmasına dair müvafiq çıxarışın və texniki-pasportun verilməsinə köməklik göstərilməsini xahiş etmişdir. Müraciətin ünvanlandığı tarixdən hazırkı tarixədək kifayət qədər uzun müddət keçəsinə baxmayaraq müvafiq inzibati orqan tərəfindən hər hansı hərəkətlilik göstərilməmiş, nəticədə məktub cavabsız qalmışdır. Hesab edir ki, ünvan 1 ünvanında yerləşən mənzilin Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(010)-74/2024 nömrəli qətnaməsi ilə naturada ayrılmış İddiaçı məxsus 3 otaq (y/s 37.44 m2) hissəsinin ayrıca mənzil kimi qeydiyyata alınması, həmin mənzilin qeydiyyata ayrılmasına dair müvafiq çıxarışın və texniki-pasportun iddiaçıya verilməsi öhdəliyinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmasına dair müvafiq məhkəmə qərarının qəbul edilməsi zəruridir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə X8 iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdehin yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(010)-74/2023 saylı icra vərəqəsi ilə bağlı 1 Saylı Bakı Ərazi İdarəsi üzərinə öhdəlik qoyulmamışdır. xx.xx.2024-cü il tarixdə İdarənin mütəxəssisləri tərəfindən keçirilmiş yerli baxış zamanı məlum olmuşdur ki, mənzil 9 mərtəbəli binanın 7-ci mərtəbəsində yerləşir. Mənzil yaşayış sahəsi 37.4 kv.m, ümumi sahəsi 54.39 kv.m olan təcrid olunmuş 3 otaqlı və yaşayış sahəsi 30.5 kv.m, ümumi sahəsi 54.7 kv.m olan təcrid olunmuş 2 otaq şəklində qeydiyyatdan keçmişdir. Təcrid olunmuş 2 otaqlı sahəyə giriş-çıxış sahəsi texniki pasportdakı 10 saylı hamam sahəsi sökülərək yerində yaradılmışdır. Mənzilin əsas giriş çıxışı isə təcrid olunmuş 3 otaqlı sahənin hissəsində qalmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsini rəhbər tutaraq məhkəmədən iddia tələbinin rədd edilməsi xahiş edlmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən işə şifahi məhkəmə baxışı iclasında üçüncü şəxsin iştirakı olmadan baxılmasını və məhkəmə qərarının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. İş materiallarına əlavə edilmiş sənədlərin surətindən görünür ki: -Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 7 ünvanda yerləşən mənzil 2 otaq (2 otaq y/s 30.33 kv.m) hissəsi X1, 3 otaq (y/s 37.61 kv.m) hissəsi isə İddiaçı adına qeydiyyata alınmışdır. -Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(010)- 74/2024 nömrəli qətnaməsinə əsasən iddianın qismən təmin edilməsi, ünvan 1 ünvanında yerləşən mənzilin İddiaçı məxsus 3 otaq(y/s 37.44 kv.m) hissəsi ekspertiza rəyi nəzərə alınmaqla naturada ayrılması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. - Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü İİ tarixli 3-16-16/2-10/4551 saylı rəyindən müəyyən olunur ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, ünvan 4 ünvanında yerləşən mənzilin tərəflər arasında faktiki olaraq hər birinin ayrı ayrılıqda sanitar qovşaq, hamam, mətbəx, yaşayış sahələri və giriş-çıxışları olmaqla bölünmüş vəziyyətdə olduğunu nəzərə alaraq həmin bölgü qaydasının İnşaat Norma və Qaydaları 2.08.01.89-un 1.1, 2.2, 2.4., bəndlərinin və Məhkəmə Tikinti-X3 Metodunun tələblərinə uyğun olduğu müəyyən olunur. Məhkəmənin sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli **********98 nömrəli məktubu ilə ünvan 7 ünvanına dair arxiv sənədlərinin təsdiq edilmiş surəti məhkəməyə təqdim edilmişdir. Həmin sənədlərdən görünür ki: -Daşınmaz əmlakın bağışlanması haqqında xx.xx.2021-ci il tarixli Müqaviləsinə əsasən X4 ünvan 1 ünvanında yerləşən, yaşayış sahəsi 67.91 kv/m olan 5 otaqlı mənzilin paylı mülkiyyət üzrə ona məxsus 30.3 kv/m, 2 otaq hissəni X6 mülkiyyətinə vermişdir. - Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 7 ünvanda yerləşən mənzil 2 otaq (2 otaq y/s 30.33 kv.m) hissəsi X6 adına xx.xx.2022-ci il tarixdə, 3 otaq (y/s 37.61 kv.m) hissəsi isə İddiaçı adına xx.xx.2013-cü il tarixdə qeydiyyata alınmışdır. Məhkəmənin sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli **********78 nömrəli məktubu ilə Bakı şəhəri, Suraxanı rayonu, Q yaşayış sahəsi, ev 13, 13 saylı mənzilə dair müvafiq müayinə aktlarının və texniki pasportların təsdiq edilmiş surəti məhkəməyə təqdim edilmişdir. Həmin sənədlərdən görünür ki: -Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən xx.xx.2013-cü il tarixli müayinə (baxış) aktında qeyd olunur ki, ərizəçi İddiaçı məxsus yaşayış sahəsi hüquqmüəyyənedici sənəd üüzrə 3 otaq -37.61 kv.m-dir, faktiki 3 otaq -37.61 kv.m-dir. Mənzil iki paydan ibarətdir. Ərizəçi ilə digər payçıya məxsus hissələr dəhlizin diaqonal boyu arakəsmə ilə hörülməsi nəticəsində bir birindən faktiki olaraq təcrdi olunmuşdur. Digər payçıya qalan hissədə 10N-li sanitar qovşaöı ləğv edilərək oradan giriş blokuna əlavə qapı açılmışdır. Məhkəmənin sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli 3-21-3-30/2-5263/2025 nömrəli məktubunda bildirilmişdir ki, idarənin mütəxəssisləri tərəfindən ünvana baxış keçirilmişdir. Baxış zamanı məlum olmuşdur ki, mənzilin faktiki yaşayış sahəsi 67.91 kv.m (5 otaq), ümumi sahəsi 109.31 kv.m təşkil edir. Mənzil **********06-05101-093005 reyestr nömrəsi ilə qeydiyyatdan keçmişdir. Qeyd olunanlarla yanaşı, mənzil doqquzmərtəbəli yaşayış binasının 7-ci mərtəbəsində yerləşir. Həmçinin ümumi dəhliz sahəsi arakəsmə divarla 2 hissəyə ayrılaraq payçılara məxsus hissələr bir-birindən təcrid edilmişdir. X2 məxsus sahədə sanitar qovşağı sökülərək dəhlizə əlavə edilmiş və həmin hissədə giriş üçün əlavə qapı açılmışdır. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrıayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. İstinad olunan normalardan müəyyən edildiyi kimi öhdəliyin icrası haqqında iddialarla bağlı mübahisələrə baxılarkən müəyyən edilməli olan xüsusi mümkünlük şərtlərindən biri kimi iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir. İddia mahiyyət üzrə əsaslıdır. “Daşınmaz Əmlakın dövlət reyestri haqqında” Qanunun: -1.0.1-ci maddəsinə əsasən daşınmaz əmlak - üzərində hüquqlar dövlət qeydiyyatına alınmalı olan torpaq sahələri, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlərdir. -2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. -8.0-cı maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları. -12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: -220.1-ci maddəsinə görə paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. -220.2-ci maddəsinə əasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. -220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. -221-ci maddəsinə əsasən ümumi paylı mülkiyyət hüquqlarına fiziki bölgü, öz istəyi ilə satış və ya hərracdan satış və satış pulunun bölünməsi və ya bütün əşyanın bir və ya bir neçə iştirakçının adına qeydə alınması və qalan iştirakçılara əvəz verilməsi ilə xitam verilir. Əgər iştirakçılar hüquqa xitam verilməsi növünə dair razılığa gəlməsələr, əşya məhkəmənin qərarı ilə fiziki bölünür, bu, əşyanın dəyəri əhəmiyyətli dərəcədə azalmadan mümkün olmadıqda isə açıq hərracdan və ya iştirakçılar üçün hərracdan satılır. Fiziki bölgü bərabər olmayan payların əvəzinin pulla ödənilməsi ilə birləşdirilə bilər. Normaların məzmunundan göründüyü kimi ümumi mülkiyyətçilər aralarındakı razılaşmaya əsasən paylı mülkiyyətdə olan əşyanı paylarına uyğun bölə bilərlər. Paylı mülkiyyət hüquqlarına fiziki bölgü, öz istəyi ilə satış və ya hərracdan satış və satış pulunun bölünməsi və ya bütün əşyanın bir və ya bir neçə iştirakçının adına qeydə alınması və qalan iştirakçılara əvəz verilməsi ilə xitam verilə bilər. Bu mümkün olmadıqda əşya məhkəmənin qərarı ilə fiziki bölünür və ya hərracdan satılır. Paylı mülkiyyətçi öz payının ayrılması barədə ümumilikdə qalmaq istəyən digər payçılarla razılığa gələ bilmədikdə isə həmin payın ayrılmasını məhkəmə qaydasında tələb edir. Payın naturada ayrılması texniki cəhətdən mümkün olmalıdır. Bu o deməkdir ki, ümumi mülkiyyətdə olan daşınmaz əşyadan, məsələn fərdi yaşayış evindən paya uyğun həcmdə ayrılan hissə, özünün müstəqil girişi, köməkçi (sanitar qovşağı, mətbəx və s.) və yaşayış sahələri ilə ayrıca əşya vəziyyətinə gəlməlidir. Başqa sözlə, paya uyğun hissə təyinatı üzrə ayrıca yaşayış sahəsi kimi ayrılarsa, müstəqil əşya olaraq daşınmaz əmlakın dövlət reyestrində reyestrdə qeydə alına bilər. Hazırkı işdən müəyyən olunur ki, ünvan 7 ünvanda yerləşən mənzil 2 otaq (2 otaq y/s 30.6 kv.m) hissəsi X6 adına xx.xx.2022-ci il tarixdə, 3 otaq (y/s 37.44 kv.m) hissəsi isə İddiaçı adına xx.xx.2013-cü il tarixdə qeydiyyata alınmışdır. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(010)- 74/2024 nömrəli qətnaməsinə əsasən ünvan 8 ünvanında yerləşən mənzilin natura ilə bölünməsi və İddiaçı müvafiq hissədə payının (3 otaqdan (37,44 kv.m.) ibarət pay) naturada təhvil verilməsi mülki məhkəmə icraatında mübahisələndirilmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin icraatında olmuş mülki iş üzrə payın naturada ayrılmasının mümkünlüyü ilə bağlı məhkəmə tikinti texniki ekspertizası təyin edilmiş, ekspert rəyi ilə ünvan 4 ünvanında yerləşən mənzilin tərəflər arasında faktiki olaraq hər birinin ayrı ayrılıqda sanitar qovşaq, hamam, mətbəx, yaşayış sahələri və girişçıxışları olmaqla bölünmüş vəziyyətdə olduğunu nəzərə alaraq həmin bölgü qaydasının İnşaat Norma və Qaydaları 2.08.01.89-un 1.1, 2.2, 2.4., bəndlərinin və Məhkəmə Tikinti- X3 Metodunun tələblərinə uyğun olduğu müəyyən olunmuşdur. Qeyd edilən ekspert rəyinə əsaslanaraq Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(010)-74/2024 nömrəli qətnaməsi ilə ünvan 1 ünvanında yerləşən mənzilin İddiaçı məxsus 3 otaq(y/s 37.44 kv.m) hissəsi ekspertiza rəyi nəzərə alınmaqla naturada ayrılmasını qət etmişdir. Sözügedən mülki iş üzrə əmlakın digər payçı (hazırkı iş üzrə üçüncü şəxs) qətnamə ilə razılaşmış, mübahisələndirməmişdir. Qətnamə xx.xx.2024-cü il tarixdə qanuni qüvvəyə minmiş və qətnamə üzrə icra vərəqəsi verilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən: İ. Məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. İİ. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. İnzibati Prosessual Məcəllənin 1.2-ci maddəsinə görə bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: -15.1-ci maddəsinə görə məhkəmə məhkəmə aktlarını qətnamə, qərardad, qərar və əmr formasında qəbul edir. -15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. -15.3-cü maddəsinə əsasən məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. -82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. “İcra haqqında” Qanunun aşağıdakı maddələrinə əsasən: -3.1. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. -3.2. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. -6.1. Aşağıdakılar icra sənədləri sayılır: 6.1.1. Məhkəmələr tərəfindən : Azərbaycan Respublikası məhkəmələrinin qərarları;(...). Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinin müddəaları baxımından barışıq sazişi üzrə icra vərəqəsinin verilib-verilməməsi mümkünlüyünün şərh edilməsinə dair” 23 iyun 2011-ci il tarixli Qərardadında göstərilmişdir ki, “(...) Məhkəmə aktlarının məcburiliyi təsbit edilmiş MPM-in 15.2-ci maddəsinə görə məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Məhkəmə məhkəmə aktlarını qətnamə, qərardad, qərar və əmr formasında qəbul edir (MPM-in 15.1-ci maddəsi). «İcra haqqında» Qanunun 6-cı maddəsində icra sənədlərinin siyahısı verilmişdir. Həmin Qanunun 6.1.1-ci maddəsinə görə Azərbaycan Respublikası məhkəmələri tərəfindən çıxarılmış qərarlar icra sənədi sayılır. MPM-in 15.1-ci və Qanunun 6.1.1-ci maddələrinin müqayisəli təhlilindən görünür ki, məhkəmə aktları qətnamə, qərardad, qərar və əmr formasında qəbul edilir. «İcra haqqında» Qanunun icra sənədi kimi qəbul etdiyi Azərbaycan Respublikası məhkəmələrinin qərarları özündə həm məhkəmə qətnaməsini, həm də qərardadı ehtiva edir. Buna görə də barışıq sazişi bağlanmaqla icraatına xitam verilmiş işlər üzrə çıxarılmış və qanuni qüvvəyə minmiş məhkəmə qərardadları digər məhkəmə aktları ilə eyni hüquqi qüvvəyə malik olmaqla MPM-in 15.2-ci maddəsinin tələbinə əsasən Azərbaycan Respublikasının bütün ərazisində məcburi icra olunmalıdır.” Beləliklə, sadalanan normalardan müəyyən olunur ki, daşınmaz əmlaka mülkiyyət hüququnun qeydiyyata alınmasına əsas verən hüquqmüəyyənedici sənədlər arasında adı çəkilən “məhkəmə qərarı” dar mənada yalnız qərar formasında qəbul edilmiş məhkəmə aktını deyil, geniş mənada məhkəmə adından qəbul edilmiş aktları, o cümlədən qanuni qüvvəsini almış və icraya yönəldilmiş qətnaməni də ehtiva edir. Azərbaycan Respublikası məhkəmələrinin çıxardıqları aktlar məcburi hüquqi qüvvəyə malikdir, qətnamə ilə öz həllini tapmış hallar Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün, o cümlədən mülkiyyət hüquqularının daşınmaz əmlakın dövlət reyestrini həyata keçirən inzibati orqan tərəfindən onun üzərinə bilavasitə vəzifənin qoyulmasından asılı olmayaraq səlahiyyəti çərçivəsində icra olunmalıdır. Məhkəmə qeyd edir ki, preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir. Preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Mübahisəli əmlaka dair mülki iş üzrə əldə edilmiş ekspert rəyi, hazırkı halda cavabdehin mütəxəssisləri tərəfindən keçirilmiş yerli müayinə aktı, mənzilin texniki pasportunda mənzilin texniki vəziyyətindən müəyyən olunur ki, ünvan 1 ünvanında yerləşən mənzilin İddiaçı məxsus 3 otaq hissəsinin ümumi sahəsinin hüquqmüəyyənedici sənəd və faktiki vəziyyətdə eyni ölçüdə olduğu, mənzilin iddiaçıya və üçüncü şəxsə məxsus payları ayrı-ayrılıqda giriş-çıxış qapıları olmaqla bir birindən təcrid olunduğu müəyyən olunur. Qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə məhz iddiaçıya məxsus payın naturada ayrılması qət edilmişdir. Həmçinin, cavabdehin mütəxəssisləri tərəfindən keçirilmiş yerli müayinə aktında, mənzilin texniki pasportundan və cavabdehin mütəxəssisləri tərəfindən ünvana keçirilmiş baxışı ilə bağlı məhkəməyə təqdim edilmiş yerli müayinə aktından məlum olmuşdur ki, mənzil ümumi dəhliz sahəsi arakəsmə divarla 2 hissəyə ayrılaraq payçılara məxsus hissələr bir-birindən təcrid edilmiş, yaınız üçüncü şəxsə məxsus sahədə sanitar qovşağı sökülərək dəhlizə əlavə edilmiş və həmin hissədə giriş üçün əlavə qapı açılmışdır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 23.1-ci maddəsinə görə yaşayış sahəsinin yenidən qurulması yaşayış sahəsinin texniki pasportunda dəyişikliklər edilməsini tələb edən yaşayış sahəsində konstruktiv elementlərin (o cümlədən, yaşayış sahəsinin daşıyıcı divar və dirəklər, mərtəbələrarası arakəsmələr, pilləkən meydançaları və pilləkənlərin), çoxmənzilli binada birdən artıq yaşayış və ya qeyri-yaşayış sahəsinə xidmət edən kommunikasiya qurğularının (o cümlədən, lift şaxtası və ya digər şaxtalar, bacalar, sanitar-texniki və digər avadanlıqların) quraşdırılması, əvəz edilməsi və yerinin dəyişdirilməsindən ibarətdir. Həmin Məcəllənin 23.2-ci maddəsinə əsasən yaşayış sahəsinin yenidən planlaşdırılması bu Məcəllənin 23.1-ci maddəsində göstərilənlər istisna olmaqla, yaşayış sahəsinin texniki pasportunda dəyişikliklər edilməsini tələb edən yaşayış sahəsində arakəsmələrin sökülməsi (ləğv edilməsi), yerinin dəyişdirilməsi və ya yenilərinin quraşdırılması, qapı yerlərinin dəyişdirilməsi və yenilərinin quraşdırılması, mənzildəki yardımçı sahələr hesabına otaqların sahəsinin genişləndirilməsi, əlavə mətbəxin və ya sanitar qovşaqların quraşdırılması və ya onların yerinin dəyişdirilməsi kimi yaşayış sahəsinin konfiqurasiyasının dəyişdirilməsindən, habelə istilik sisteminin quraşdırılması və ya yenidən quraşdırılmasından ibarətdir. Göründüyü kimi, iddiaçıya məxsus naturada ayrılış 37.44 kv.m hissədə hər hansı yenidən qurma və ya yenidən planlaşdırma işləri aparılmamışdır. Başqa sözlə, iddiaçıya məxsus hissədə hər hansı yenidən qurma və yenidən planlaşdırma işləri aparılmadığından, həmin hissəyə dair yerli icra hakimiyyəti orqanın müvafiq razılaşdırma barədə qərarının olmasına zərurət yoxdur. Beləliklə, tərəflərin paylarının naturada ayrılması texniki cəhətdən mümkün hesab olunmuş, belə olan halda paya uyğun hissə təyinatı üzrə ayrıca yaşayış sahəsi kimi ayrılmış olduğundan müstəqil əşya olaraq daşınmaz əmlakın dövlət reyestrində qeydə alına bilər. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Hazırkı iş üzrə cavabdehin iddiaçının tələbinə uyğun olaraq daşınmaz əmlakı dövlət reyetsrində qeydə almaqla ayrıca çıxarış, texniki pasport verilməsindən imtina edilməsinə əsas ola biləcək qanunla sadalanan hallar mövcud olmamışdır. İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində İnzibati məhkəmə vasitəsilə verilir. Göstərilənlərə əsasən iddia tələbi təmin edilməli, ünvan 1 ünvanında yerləşən mənzilin Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(010)-74/2024 nömrəli qətnaməsi ilə naturada ayrılmış İddiaçı məxsus 3 otaq (y./s 37.44 kv.m) hissəsinin ayrıca mənzil kimi qeydiyyata alınması, həmin mənzilin qeydiyyata ayrılmasına dair müvafiq çıxarışın və texniki-pasportun iddiaçıya verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52, 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia tələbi təmin edilsin. ünvan 1 ünvanında yerləşən mənzilin Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024cü il tarixli, e-2(010)-74/2024 nömrəli qətnaməsi ilə naturada ayrılmış İddiaçı məxsus 3 otaq (y./s 37.44 kv.m) hissəsinin ayrıca mənzil kimi qeydiyyata alınaraq müvafiq çıxarışın və texniki-pasportun verilməsi öhdəliyi cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova
Məhkəmə qərarları › İş №e-2-1(112)-2049/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-2049/2025
14.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver