Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-2066/2024 13.12.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi, İslamova Minayə Etibar qızının katibliyi, Cavabdehin nümayəndəsi X14 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “bağ sahəsinə çıxarışın verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Azərbaycan SSR Bakı şəhər İcrayyə Komitəsinin Bağlar Təsərrüfatının inkişafı və X15 Bağlar sahəsindəki bağlar sahəsindəki 201 saylı kooperativinin 8 saylı 12 mart 1991-ci il tarixli Orderinə əsasən X2 Bakı şəhər İcrayyə Komitəsinin 04 sentyabr 1990-cı il tarixli 6/265 saylı qərarına əsasən Ləhiş bağlarında ümumi sahəsi 0.12 ha olan 4624 A saylı bağ torpaq sahəsinin üzərində hüquqların iddiaçının adına dövlət qeydiyyatına alınaraq, bu barədə çıxarışın və texniki sənədlərin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-ci il tarixli cavab məktubuna əsasən ünvanladığı “Mənzilin üzərində hüquqların iddiaçının adına dövlət qediyyatına alınaraq bu barədə Çıxarışın və texniki sənədlərin verilməsinə dair” ərizəsinə imtina edilmişdir. Cavabdeh imtinasını onunla əsaslandırmışdır ki, xx.xx.2020-ci il tarixli məktubla cavab verildiyi bildirilmişdir. Aşağıdakılara əsasən cavabdehin imtinasını qanunsuz, əsassız və ədalətsizdir. Keçmiş Azərbaycan SSR Bakı şəhər İcrayyə Komitəsinin Bağlar Təsərrüfatının inkişafı və X15 Bağlar sahəsindəki bağlar sahəsindəki 201 saylı kooperativinin 8 saylı 12 mart 1991-ci il tarixli Orderinə əsasən X3 Bakı şəhər İcrayyə Komitəsinin 04 sentyabr 1990-cı il tarixli 6/265 saylı qərarına əsasən Ləhiş bağlarında ümumi sahəsi 0.12 ha olan 4624 A saylı bağ torpaq sahəsi ayrılmışdır. Torpaq sahəsinin dəqiq yerləşmə sxemi və planı həmçinin xəritə təqdim edilmişdir. Əlavə olunmuş Azərbaycan Respubliksı Dövlət Arxivinin Bakı Filialının xx.xx.2020-ci il tarixli O- 231 saylı məktubuna əsasən Bakı şəhər XDS İK-nin (indiki Bakı şəhər İH) arxiv fondu üzrə xx.xx.1990-cı il tarixli, 6/265 saylı qərarından təsdiq edilmiş Arxiş Çıxarışı təqdim olunmuşdur. Hazırda həmin torpaq sahəsinin üzərində mülkiyyət hüquqlarının mənim adıma dövlət qeydiyyatına alınaraq, bu barədə Çıxarışın və texniki sənədlərin verilməsi zərurəti yaranmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdehin yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, iddiaçının İdarəyə müraciəti zamanı göstərilən torpaq sahəsi elektron kadastr baza məlumatlarına əsasən **********04 reyestr nömrəsi ilə X6 adına qeydiyyatdan keçmiş sahə ilə üst-üstə düşür. Həmçinin eyni nömrəli bağ sahəsi **********80 reyestr nömrəsi ilə X12, X5, X4 və X7 adına qeydiyyata alınmışdır. Təqdim edilən order İdarənin arxivində aşkar olunmamışdır. Daha sonra İdarənin mütəxəssisləri tərəfindən xx.xx.2023-cü il tarixdə texniki baxış və inventarlaşdırma işləri aparılan zaman iddiaçı fərqli ərazi göstərmiş və göstərilən torpaq sahəsinin digər şəxslər tərəfindən hasara alınaraq istifadə oldunduğu müəyyən edilmişdir (torpaq sahəsi iddiaçının istifadəsində deyil). Həmçinin ümumi ərazidə hasarlanma bağların bölgüsünə dair sxematik xəritə ilə uyğun aparılmamışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış təqdim edilməlidir. “Yerli İcra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli sərəncamı ilə yerli İcra hakimiyyəti orqanlarının, o cümlədən, Bakı şəhəri İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, ləğv olunan bağ təsərrüfatı idarələrinin arxivlərinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə verilməsini təmin edilməsi və ləğvetmə ilə bağlı digər məsələləri qanunvericiliyə uyğun olaraq həll edilməsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılması qərara alınmışdır. Torpaq islahatı haqqında Azərbaycan Respublikasının qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin və 48.2-ci maddəsini rəhbər tutaraq məhkəmədən iddia tələbinin təmin edilməməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi iddianı müdafiə edərək tələbin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etiraz edərək tələbin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəfin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş Azərbaycan SSR Bakı şəhər İcraiyyə Komitəsinin Bağlar Təsərrüfatının İnkişafı və X15 Bağlar sahəsindəki 201 saylı kooperativinin 8 saylı 12 mart 1991-ci il tarixli Orderinə əsasən iddiaçıya Bakı şəhər İcraiyyə Komitəsinin 04 sentyabr 1990-cı il tarixli 6/265 saylı qərarına əsasən Ləhiş bağlarında ümumi sahəsi 0.12 ha olan 4624a saylı bağ sahəsi ayrılmışdır. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialının xx.xx.2023-cü il tarixli, 3-48-2F/2-06844/2023 nömrəli məktubu ilə təqdim edilmiş Bakı şəhər XDS İK-nin (indiki Bakı şəhər İH) arxiv fondu üzrə xx.xx.1990-cı il tarixli, 6/265 saylı qərarına əlavə edilmiş 201 N-li Ləiş bağ-tikinti kooperativi üzvlərinin siyahısında 8-ci sırada X1 adı qeyd olunmuşdur. Məhkəmənin sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubu ilə 201 saylı BTKnın üzvlərinin siyahısının, bölgü sxeminin, eləcə də Ləhiş bağ massivində yerləşən 4624a saylı bağ sahəsinə dair müvafiq sənədlərin təsdiq edilmiş surətləri məhkəməyə təqdim edilmişdir. Təqdim edilmiş sənədlərdən görünür ki: -201 N-li Ləiş bağ-tikinti kooperativi üzvlərinin siyahısında 8-ci sırada X1 adı qeyd olunmuşdur. -Ləhiş massivində bağ sahələrinin yerləşmə sxemində iddia edilən 4624A nömrəli bağ sahəsi öz əksini tapmışdır. - Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən ******* nömrəli xx.xx.2013-cü il qeydiyyat tarixli çıxarışda qeyd olunur ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, 4624A saylı bağ sahəsi paylı mülkiyyət hüququ üzrə X7 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Çıxarışda digər payçılar kimi X16, X13, X9 qeyd edilmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubu ilə digər şəxsin adına qeydiyyata alınmış Ləhiş bağ massivində yerləşən 4624a saylı bağ sahəsinə dair müvafiq sənədlərin təsdiq edilmiş surətləri məhkəməyə təqdim edilmişdir. Həmin sənədlərdən görünür ki, 4624a saylı bağ sahəsinə X7 mülkiyyət hüquqları Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə əsasında qeydiyyata alınmışdır. Məhkəmənin sorğusuna cavab olaraq təqdim edilmiş xx.xx.2023-cü il tarixli Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktının surətindən görünür ki, xx.xx.2023-cü il tarixdə sahəyə vətəndaş İddiaçı Məşədibaba oğlunun oğlu olduğunu bildirən X8 iştirakı ilə yerli baxış keçirildi. Vətəndaş əvvəlki müraciətində 4623 a saylı qeydiyyatdan keçmiş sahəni səhv olaraq göstərdiyini bildirdi və ona aid sahənin həmin sahə bitişik cənub və ya şimal hissəsində olan sahə olduğunu dedi. Vətəndaş iddia etdiyi sahələri çöldən göstərir, daxil olmaq mümkün olmadı, sahə digər bir vətəndaşlar tərəfindən hasarlanmışdır və cənub hissədəki sahə bir neçə hissəyə ayrılmışdır, sahədə digər vətəndaşlar tərəfindən ev, həyət tikililəri inşa edilmişdir. Şimal hissədəki sahədə hasar daxilindədir, tikilisi yoxdur. Cənub hissədəki sahənin mərkəz koordinatı X-410890; Y-4491798 X-410912 Y-4491805. Şimal hissədəki sahənin mərkəz koordinatı X-410888 Y-491853. Elekton baza məlumatlarına əsasən eyni bağ (4624 a) nömrəsi digər şəxsin adına qeydiyyata alınmışdır. (vətəndaş bildirdiki,qeydiyyatdan keçmiş sahənin onun sahəsinə aidyyatı yoxdur). Məhkəmənin sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli məktubunda göstərilmişdir ki, vizual olaraq hasarın çölündən göstərilən, iddia olunan sahələr digər vətəndaşlar tərəfindən hasarlanmışdır. Cənub hissədəki sahə bir neçə hissəyə ayrılmış, digər vətəndaşlar tərəfindən ev, həyət tikililəri inşa edilmişdir. Şimal hissədə olan sahə hasar daxilindədir və tikilisi yoxdur. İdarənin arxivində qeyd olunan İddiaçı adına Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 4624 “a” saylı bağ sahəsinə dair sənəd aşkar edilməmişdir. Vahid elektron kadastr baza məlumatına əsasən tək koordinatlarla göstərilən ərazinin və tikililərin qeydiyyatı barədə məlumat yoxdur. Ərazidə hasarlanmanın bağların bölgüsünə dair sxematik xəritəyə uyğun aparılmaması səbəbindən araşdırılması mümkün olmamışdır. Məhkəmənin sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli məktubunda göstərilmişdir ki, göstərilən torpaq sahəsi sənəd üzrə 1200.0 kv.m təşkil edir. İddiaçı sözügedən ərazini vizual olaraq hasarın çölündən göstərmişdir. Vahid elektron kadastr baza məlumatlarına əsasən ümumi ərazidə hasarlama sxematik xəritəyə uyğun aparılmayıb. Koordinatlar tam olmadığından bağ sahəsinin dəqiq yerləşməsini araşdırmaq mümkün olmamışdır. Tikililərin qeydiyyatı barədə bazada məlumat yoxdur. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin iddiaçıya ünvanladığı xx.xx.2020-ci il tarixli, **********39 nömrəli daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə bildirişdə qeyd olunmuşdur ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivi ünvanında yerləşən 4624 “a” saylı bağ sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ********** nömrəli, xx.xx.2020-ci il tarixli ərizənizə tərəfimizdən baxılmışdır. Müraciətinizlə əlaqədar olaraq bildiririk ki, göstərilən sahə digər şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmişdir. Bundan əlavə, eyni nömrəli bağ sahəsi də digər şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı daxil edilmiş sənədlərdə gösterilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması ilə aparılır. Yuxarıda qeyd olunanlar nəzərə alınaraq, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən hüquqların qeydiyyatından imtina edilmişdir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrıayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu Qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi əsasında aparılır. İstinad olunan normalardan müəyyən edildiyi kimi öhdəliyin icrası haqqında iddialarla bağlı mübahisələrə baxılarkən müəyyən edilməli olan xüsusi mümkünlük şərtlərindən biri kimi iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir. İddia mahiyyət üzrə əsassızdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0-cı maddəsinə görə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıqyoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış. Məhkəmə qeyd edir ki, iddiaçıya 1990-cı ildə torpaq sahəsi ayrılarkən qüvvədə olan (1971-ci il tarixdən 1991-ci ilədək qüvvədə olmuş) Azərbaycan SSR Torpaq Məcəlləsinin 13-cü maddəsinə əsasən torpaq sahələrinin istifadəyə verilməsi torpaq ayırmaq qaydası ilə həyata keçirilir. Torpaq sahələri Azərbaycan SSR Nazirlər Sovetinin və ya Naxçıvan MSSR Nazirlər Sovetinin qərarı, yaxud da xalq deputatları soveti icraiyyə komitəsinin qərarı əsasında bu Məcəllənin 18, 19 və 20-ci maddələrində nəzərdə tutulmuş qaydada ayrılır. Həmin Məcəllənin 20-ci maddəsinin 2-ci abzasına görə rayon və şəhər (respublika tabeliyində olan şəhər) xalq deputatları sovetlərinin icraiyyə komitələri bu Məcəllənin 70, 94, 95, 128, 131, 137, 143 və 151-ci maddələrinə uyğun surətdə torpaq sahələrini istifadəyə verirlər. Həmin Məcəllənin 22-ci maddəsinə görə torpaq sahələrinin verilməsi haqqındakı qərarlarda və ya qətnamələrdə onların hansı məqsədlər üçün ayrıldığı və torpaqdan istifadənin əsas şərtləri göstərilir. Həmin Məcəllənin 23-cü maddəsinə əsasən torpaq sahəsinin ayrılması o deməkdir ki, naturada (yerində) sahənin hüdudları müəyyən edilir, həmin sahə digər sahələrdən mərzlə və başqa sərhəd nişanları ilə ayrılır. Həmin Məcəllənin 26-cı maddəsinə əsasən verilmiş torpaq sahəsinin naturada (yerində) hüdudları müvafiq yer quruluşu orqanları tərəfindən müəyyən edilməmişsə və torpaqdan istifadə hüququnu təsdiq edən sənəd verilməmişsə həmin sahədən istifadəyə başlamaq qadağandır. Sadalanan normalardan müəyyən olunur ki, torpaqayırma prosesi torpaq sahəsinin şəxsin istifadəsinə verilməsi barədə ilkin torpaqayırma sənədlərinin (qərar, sərəncam və s.) tərtib edilməsi və həmin torpaq sahəsinin naturada yerinin müəyyən edilərək təhvil verilməsini nəzərdə tutur. Və bunun yekunu olaraq daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı torpaqayırma haqqında hüquqmüəyyənedici sənədlərlə yanaşı torpaq sahəsinin yerini müəyyənləşdirməyə imkan verən sənədlər olduğu halda həyata keçirilir. Yəni şəxsin hər hansı bir hüquqmüəyyənedici sənədinin olması özlüyündə hüququn qeydə alınması üçün kifayət deyil. Bunun üçün habelə həmin hüquqmüəyyənedici sənəddə göstərilən daşınmaz əmlak, onun yerini müəyyənləşdirməyə imkan verən sənədlər mövcud olmalı və şəxsin hüququ məhz həmin əmlaka münasibətdə tanınmalıdır. İşdən görünür ki, iddiaçı 4624A saylı bağ sahəsi ilə bağlı müvafiq sənədləri cavabdehə təqdim etsə də, ona ayrılmış torpaq sahəsini mərzləşdirməmiş, hasarlama işləri aparmamış, torpaq sahəsinin naturada sərhədlərini göstərə bilməmişdir. Belə ki, iddiaçının cavabdehə xx.xx.2020-ci il tarixli müraciətində 4624A bağ sahəsinin koordinatlarının müəyyənləşdirilməsi xahiş edilir. İşdə olan iddiaçının iddia etdiyi torpaq sahəsi ilə bağlı cavabdehə olan müraciəti əsasında tərtib edilmiş xx.xx.2020-ci il tarixli Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktının surətindən görünür ki, vətəndaş tərəfindən göstərilən bağ sahəsi mişar daşından olan hasar daxilindədir. Bağ sahəsində bir mərtəbəli natamam bağ evi mövcuddur. Elektron baza məlumatlarına əsasən vətəndaş tərəfindən göstərilən bağ sahəsi 4623a saylı bağ sahəsi digər fiziki şəxsin adına qeydiyyatdan keçmişdir. Həmçinin, arxiv qeydinə əsasən 4624a saylı bağ sahəsi digər fiziki şəxsin adına qeydiyyatdan keçmişdir. Həmçinin, məhkəmənin sorğusunun icrası zamanı mübahisəli bağ sahəsinin müəyyən edilməsi məqsədilə cavabdehin mütəxəssislərinin iştirakı ilə əraziyə baxış keçirilməsi nəticəsində tərtib edilmiş Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktının surətindən görünür ki, vətəndaş əvvəlki müraciətində 4623 a saylı qeydiyyatdan keçmiş sahəni səhv olaraq göstərdiyini bildirdi və ona aid sahənin həmin sahə bitişik cənub və ya şimal hissəsində olan sahə olduğunu dedi. Vətəndaş iddia etdiyi sahələri çöldən göstərir, daxil olmaq mümkün olmadı, sahə digər bir vətəndaşlar tərəfindən hasarlanmışdır və cənub hissədəki sahə bir neçə hissəyə ayrılmışdır, sahədə digər vətəndaşlar tərəfindən ev, həyət tikililəri inşa edilmişdir. Şimal hissədəki sahədə hasar daxilindədir, tikilisi yoxdur. Cənub hissədəki sahənin mərkəz koordinatı X-410890 ; Y-4491798 X-410912 Y-4491805. Şimal hissədəki sahənin mərkəz koordinatı X-410888 Y-491853. Elektron baza məlumatlarına əsasən eyni bağ (4624 a) nömrəsi digər şəxsin adına qeydiyyata alınmışdır. (vətəndaş bildirdiki, qeydiyyatdan keçmiş sahənin onun sahəsinə aidyyatı yoxdur). Göründüyü kimi iddiaçının 4624A nömrəli bağ sahəsinin koordinatlarının müəyyənləşdirilməsinin xahiş etməsi, naturada iddia etdiyi bağ sahəsini hər baxış zamanı fərqli ərazilərdə göstərməsi, əvvəl göstərdiyi bağ sahəsinin səhv olaraq göstərdiyini və sahənin ona aidiyyatının olmadığını bildirməsi iddiaçının faktiki sahibliyində bağ torpaq sahəsinin olmadığı, naturada yerini tanımadığını sübut edir. Beləliklə, işdən müəyyən olunur ki, iddiaçıya bağ sahəsi ayrılsa da, torpaqayırma baş verməmiş, iddiaçı hazırkı tarixədək həmin bağdan istifadə etməmiş, ilk əvvəl ümumiyyətlə bağın harada yerləşdiyi barədə məlumatı olmasa da, sonradan təxminən göstərdiyi torpaq sahəsi isə iddia etdiyi bağın ərazisinə uyğun gəlməməklə digər nömrəli bağ olmaqla başqa şəxslərin istifadəsindədir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 10.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Qanunun 10.2-ci maddəsinə görə qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 5 oktyabr tarixli 319 nömrəli qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün sənədlərin qəbulu, yoxlanılması və verilməsinin prosedur Qaydaları”nın 4.1-ci bəndinə əsasən daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əmlaka dair texniki sənəd mərzçəkmə və inventarlaşdırma işləri hüquqların dövlət qeydiyyatı ilə bağlı verilən ərizəyə əsasən ərazi idarəsinin mərzçəkmə və texniki inventarlaşdırılmasını həyata keçirən şöbəsi tərəfindən ərizələrin qəbul edilməsi ardıcıllığı və icra müddətləri nəzərə alınmaqla ən geci 5 (beş) gün müddətində icra edilir. Həmin Qaydaların 4.2-ci maddəsinə əsasən mərzçəkmə və texniki inventarlaşdırma işlərinin nəticəsində torpaq sahələrinə münasibətdə torpaq sahəsinin planı və ölçüsü, onlar üzərindəki daşınmaz əmlak obyektlərinə münasibətdə texniki pasport, plan-cizgi tərtib edilir, sonra bu sənədlər ərazi idarəsinin qeydiyyat şöbəsinə təqdim olunur. Beləliklə, istinad olunan normalardan görünür ki, torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün ilk əvvəl onun planı və ölçüsü təqdim edilməli, plan ölçünün təqdim edilməsi üçün onun tərtib edilməsi məqsədilə mərzçəkmə və inventarlaşdırma işləri həyata keçirilməlidir. Lakin iddiaçı hazırda hüququnun qeydə alınmasını tələb etdiyi torpaq sahəsini naturada cavabdehə təqdim edə bilmədiyindən həmin sahənin mərzçəkmə və inventarlaşdırma işlərinin həyata keçirilməsi, o cümlədən plan ölçünün tərtib edilməsi mümkün olmamışdır. Beləliklə, iddiaçı qanunvericiliklə tələb olunan bütün sənədləri cavabdehə təqdim etmədiyindən məhkəmə hesab edir ki, cavabdehin imtinası əsaslı olmuşdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. İPM-in 14-cü maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir (maddə 14.1). İnzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür (maddə 14.2). İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür (maddə 14.3). İstinad olunan normanın mənasından aydın olur ki, məhkəmədə iddia qaldıran iddiaçı ən azından ilkin olaraq onun hüquq və azadlıqlarını pozan qanunsuz müdaxilənin olmasını sübuta yetirməyə borcludur. Yalnz belə bir müdaxilənin mövcudluğunu təsdiq edən sübutlar təqdim edildikdən sonra məhkəmə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğuna qiymət verə bilər. Məhkəmə hesab edir ki, daşınmaz əmlakın dövlət reyestrini həyata keçirən orqanın vəzifəsi torpağın naturada yerini taparaq şəxsə təhvil vermək deyil, torpaqayırma barədə hüquqmüəyyənedici sənədlər əsasında torpaqayıran qurum tərəfindən naturada təhvil verilmiş, qanuni istifadədə olan torpaq sahəsinə hüquqların qeydiyyatını aparmaqdır. Hazırkı iş üzrə iddiaçı nə qədər ki, ona ayrıldığını iddia etdiyi torpaq sahəsini naturada cavabdehə təqdim etməmiş, onun mərzləşdirilməsi və inventarlaşdırılmasını aparmamışdır, belə bir halda cavabdehin imtinası iddiaçının hüquq və azadlıqlarının pozulması kimi qiymətləndirilə bilməz. Odur ki, məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçı onun müraciəti üzrə qərar qəbul edildikdən sonra həmin torpaq sahəsi ilə bağlı hüquqlarını təsdiq edən yeni sübutlara (məsələn, torpaq sahəsini naturada mərzləşdirdikdən sonra) əsaslana (istinad edə) bilər və bu iş üzrə qərar iddiaçının “İnzibati icraat haqqında” Qanunun 35-ci maddəsində müəyyən edilmiş qaydada yenidən inzibati orqana müraciət etmək hüququna təsir etmir. Həmin Qanunun 35.1-ci maddəsinin müddəalarına görə, maraqlı şəxs şikayət verilə bilməyən inzibati aktın ləğv olunması və ya dəyişdirilməsi ilə bağlı aşağıdakı hallarda təkrar ərizə ilə inzibati orqana müraciət edə bilər: ... 35.1.2. maraqlı şəxs üçün daha əlverişli inzibati aktın qəbuluna səbəb ola bilən yeni sübutlar aşkar olunduqda. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, qərara aldı: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “bağ sahəsinə çıxarışın verilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova
Məhkəmə qərarları › İş №e-2-1(112)-2066/2024
Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-2066/2024
13.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver