Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-2067/2025 21.01.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X5 Sabir oğlunun sədrliyi, məhkəmə iclasının katibi Zeynalova Leyla Afiq qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə və cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq, şifahi məhkəmə iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi Təsviri hissə: İddiaçı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024-cü il tarixli **********577000 nömrəli qərarın ləğv edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddia ərizəsinin əsaslarına görə, inzibati orqan Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən "xxxx" MMC-yə qarşı əsassız olaraq “Vergilərin,sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” **********577000 nömrəli qərar qəbul edilərək, 29.100,14 manat əsasız vergi və sığorta ödənişi hesablanmışdır. Qəbul edilmiş qərar Azərbaycan Respublikasının qanunvericiliyinə və Vergi Məcəlləsinə uygun gəlmir. Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulan hər hansı qanunun maddələri ilə tənzinlənmir. İnzibati orqanın Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş **********577000 nömrəli qərar, qərarı qəbul etmiş inzibati orqan tərəfindən qanunun müddəaları əsaslandırılmaqla sübuta yetirilməlidir. İddiaçı MMC-yə İnovasiya və X3 tərəfindən Pirallahı Yüksək Texnologiyalar Parkından kənar proqram təminatının hazırlanması və inkişafı sahəsində fəaliyyətinə icazə verilmişdir. Qeyd olunan icazə xx.xx.2023-cü il tarixli 3-27-104 /09/3-1-1220/2023 nömrəli qeydiyyat şəhadətnaməsi ilə rəsmiləşdirilmişdir. Qanunvericiliyin tələbinə əsasən icazə alındıqdan sonra İddiaçı MMC 2023-cü ilin hesabat ilindən başlayaraq 10 ilmüddətinə mənfəət vergisində azad edilir. İddiaçı MMC xx.xx.2023-cü il tarixində hüquqlar əldə etmişdir və bu hüquqlar 2023-cü ilin hesabat ilini, bundan sonra 2032 ildə daxil olmaqla əhatə edir. Cavabdeh xx.xx.2024-cü il tarixli 3-21-2-3/2-100164/2024 nömrəli məktubuna əlavə olunmuş etirazında qeyd etmişdir ki, "xxxx" MMC tərəfindən xx.xx.2024-cü il tarixli **********577000 nömrəli qərarın ləğvi üçün xx.xx.2024-cü il tarixli (AVİS qeydiyyatı: xx.xx.2024-cü il tarixli **********027200, **********456300 nömrəli), xx.xx.2024-cü il tarixli (AVİS qeydiyyatı: xx.xx.2024-cü il tarixli **********188500 nömrəli), xx.xx.2024-cü il tarixli (AVİS qeydiyyatı: xx.xx.2024-cü il tarixli **********572400 nömrəli) və xx.xx.2024-cü il tarixli (AVİS qeydiyyatı: xx.xx.2024-cü il tarixli **********936300 nömrəli) inzibati şikayətlərlə Dövlət Vergi Xidmətinə müraciət edilmiş, “İnzibati şikayətin təmin edilməməsi haqqında” xx.xx.2024- cü il tarixli **********458600 saylı qərarla “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024-cü il tarixli **********577000 nömrəli Qərar dəyişdirilmədən saxlanılmışdır. Uçot-baza məlumatına əsasən Cəmiyyətin xx.xx.2017-ci il tarixdən vergi ödəyicisi kimi qeydiyyata alındığı, xx.xx.2019-cu il tarixdən ƏDV məqsədləri üçün qeydiyyata alındığı və əsas fəaliyyətinin “sistem proqram təminatının (təkmilləşdirilməsi və dəyişikliklərin və düzəlişlərin maneəsiz daxil edilməsi də daxil olmaqla), tətbiqi proqram təminatının (təkmilləşdirilməsi və dəyişikliklərin və düzəlişlərin maneəsiz daxil edilməsi də daxil olmaqla), məlumat bazalarının, web-səhifələrinin yaradılması və işləməsi üçün lazımi kompüter kodu strukturunun hazırlanması və (və ya) yazılması”ndan ibarət olduğu müəyyən edilmişdir. Kameral vergi yoxlaması ilə aparılan araşdırma zamanı Cəmiyyət tərəfindən 2023cü il üzrə təqdim edilmiş mənfəət vergisi bəyannaməsinin araşdırılması zamanı ümumi gəlirlərin Vergi Məcəlləsinin 106.1.13-cü maddəsi üzrə güzəşt tətbiq edilərək azadolma kimi bəyan edilməsinə baxmayaraq, uçot-baza məlumatlarına əsasən “Texnologiya, Sənaye Parkları və məhəllələri”nin rezidentlik hüququnun xx.xx.2023-cü il tarixindən əldə edildiyi müəyyən edilmişdir. Qeyd edilən kənarlaşma ilə əlaqədar fərdi sahibkara “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında məktub” xx.xx.2024-cü il tarixli **********710800 nömrəli uyğunsuzluq məktubu göndərilmiş, lakin vergi ödəyicisi tərəfindən qeyd edilən uyğunsuzluq məktublarına əsaslandırılmış yazılı izahat və qeyd edilən kənarlaşma aradan qaldırılmaqla dəqiqləşdirilmiş bəyannamə təqdim edilmədiyi üçün Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən, 2023-cü il üzrə təqdim edilmiş mənfəət vergisi bəyannaməsi üzrə 29.100,14 manat vergi məbləği hesablanmış və xx.xx.2024-cü il tarixli **********577000 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərar qəbul olunaraq vergi ödəyicisinə göndərilmişdir. Araşdırma zamanı Cəmiyyətin 2023-cü il ərzində “Paşa Bank” açıq səhmdar cəmiyyətinə (VÖEN: **********) 73.100,00 manat, “X4” açıq səhmdar cəmiyyətinə (VÖEN: **********) 138.625,00 manat olmaqla, ümumilikdə 19 vergi ödəyicisinə 484.953,98 manat dəyərində elektron qaimə-faktura ilə iş və xidmətlər (WSS Docs CAL (istifadəçi lisenziyası), CRM müştəri uçot sisteminin quraşdırılması, ESD sisteminin lisenziyaları (istifadəçi üçün), elektron arxivin sazlanılması və s.) təqdim etdiyi, qeyd edilən elektron qaimə-fakturaların 100.755,00 manat hissəsinin Cəmiyyətin texnologiyalar parkının rezidenti kimi qeydiyyata alındığı xx.xx.2023-cü il tarixdən sonra təqdim edildiyi və aparılan kameral vergi yoxlaması zamanı qeyd edilən halın nəzərə alınaraq 100.755,00 manat məbləğin mənfəət vergisi bəyannaməsinin 219.4-cü yəni, “Gəlirlər üzrə azadolmalar və güzəştlər” sətrində qeyd olunduğu müəyyən olunmuşdur. Bundan başqa araşdırma zamanı Cəmiyyətin “Arteast Group” məhdud məsuliyyətli cəmiyyətindən (VÖEN: **********) 27.515,00 manat, “Bee Smart” məhdud məsuliyyətli cəmiyyətindən (VÖEN: **********) 90.000,00 manat olmaqla, ümumilikdə 20 vergi ödəyicisindən 149.659,10 manat dəyərində elektron qaimə-faktura ilə mal, iş və xidmətlər (sifarişçinin istəyinə uyğun olaraq, illik infoqrafikanın yaradılması, elektron sənəd dövriyyəsi sisteminin tətbiqi üzrə texniki konsultasiya xidmətləri, iphone 13, 256 gb, göy və s.) aldığı, elektron alış aktı ilə mallar əldə etmədiyi və yük gömrük bəyannamələri məlumatlarına əsasən idxal və ya ixracının olmadığı müəyyən olunmuşdur. Vergi Məcəlləsinin 106.1.13-cü maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən yaradılan sənaye, yaxud texnologiyalar parklarının rezidenti olan hüquqi şəxslərin sənaye və texnologiyalar parkındakı fəaliyyətdən əldə etdikləri gəlir qanunvericiliyə uyğun olaraq sənaye və texnologiyalar parkında qeydiyyata alındıqları hesabat ilindən başlayaraq 10 il müddətinə mənfəət vergisindən azaddır. Bu maddədə nəzərdə tutulan güzəşt texnologiyalar parkının rezidenti kimi texnologiyalar parkından kənar sistem inteqrasiyası, proqram təminatının hazırlanması və inkişaf etdirilməsi fəaliyyətini həyata keçirən hüquqi şəxslərin həmin fəaliyyətdən (o cümlədən həmin fəaliyyətin həyata keçirilməsindən irəli gələrək alıcılara göstərilən təkmilləşmə, texniki dəstək və təlim xidmətləri) əldə etdikləri gəlirə münasibətdə də tətbiq edilir. Belə ki, texnologiyalar parkının rezidenti olan şəxslər üçün Vergi Məcəlləsində nəzərdə tutulan müvafiq vergi güzəşti həmin şəxslərin rezident kimi texnologiyalar parkında göstərdiyi fəaliyyətdən, habelə texnologiyalar parkından kənar sistem inteqrasiyası, proqram təminatının hazırlanması və inkişaf etdirilməsi fəaliyyətindən əldə etdiyi gəlirlərə münasibətdə tətbiq edilir. Texnologiyalar parkının rezidentliyi əldə edilənədək (geri tarixə) vergi ödəyicilərinin fəaliyyəti üzrə gəlirlərinə sözügedən güzəştin tətbiq edilməsi Vergi Məcəlləsində nəzərdə tutulmamışdır. Vergi Məcəlləsinin 106.1.13-cü maddəsinnin tələbinə görə hər hansı şəxsin göstərilən əsasla vergidən azad olunması üçün aşağıdakı şərtlər bilikdə ödənilməlidir:
1. hüquqi şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) yaratdığı sənaye, yaxud texnologiyalar parklarının rezidenti olmalıdır;
2. azad olunan gəlir hüquqi şəxslərin sənaye və texnologiyalar parkındakı fəaliyyətdən əldə etdikləri gəlirlərə aid olmalıdır (bu zaman güzəşt texnologiyalar parkının rezidenti kimi texnologiyalar parkından kənar sistem inteqrasiyası, proqram təminatının hazırlanması və inkişaf etdirilməsi fəaliyyətini həyata keçirən hüquqi şəxslərin həmin fəaliyyətdən (o cümlədən həmin fəaliyyətin həyata keçirilməsindən irəli gələrək alıcılara göstərilən təkmilləşmə, texniki dəstək və təlim xidmətləri) əldə etdikləri gəlirə münasibətdə fərq qoyulmadan tətbiq edilir);
3. azadolma qanunvericiliyə uyğun olaraq sənaye və texnologiyalar parkında qeydiyyata alındıqları hesabat ilindən başlayaraq - 10 il müddətinə müəyyən edilir ərizəçinin əvvəldən mövcud olan hüquqi şəxs qismində xx.xx.2023-cü il tarixdə sadəcə rezident kimi qeydiyyatı aparılmış, ərizəçi həmin tarixdə yaradılmamış, yenidən təşkil olunmamışdır. Kameral vergi yoxlaması zamanı iddiaçının xx.xx.2024-cü il tarixdən etibarən, yəni rezident kimi qeydiyyata alındığı tarixdən sonra əldə etdiyi gəlirlərə münasibətdə maddənin tələblərində göstərilən güzəşt və azadolunma tətbiq edilmiş, yalnız 01 yanvar tarixdən 04 oktyabr tarixinədək onun həyata keçirmiş olduğu əməliyyatlara münasibətdə mənfəət vergisi hesablanmışdır. İddiaçı 2017-ci ildən etibarən fəaliyyət göstərən müəssisədir. Buna əsasən Cəmiyyət tərəfindən xx.xx.2023-cü il tarixdən sonra əldə edilmiş gəlirlərə münasibətdə Vergi Məcəlləsinin 106.1.13-cü maddəsində nəzərdə tutulan vergi güzəştləri tətbiq edilir. Cavabdeh yuxarıda qeyd olunanlara əsasən etiraz məktubunda iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi cavabdehin etiraz məktubunun məzmununa uyğun izahat vermiş və iddianın rədd olunması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Əsaslandırma hissəsi:
İddiaçının iddiası mübahisələndirmə haqqında iddia (İPM-in 2.2.1 və 32.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı mübahisələndirdiyi xx.xx.2024-cü il tarixli qərarı aldıqdan sonra ilk növbədə yuxarı inzibati orqana şikayət vermiş, daha sonra isə qanunvericiliklə nəzərdə tutulmuş müddəti buraxmadan xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciəti daxil olmuşdur. Beləliklə, o, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsinə əsasən tələb edilən 30 gün müddəti ötürməmişdir. Məhkəmə iş materiallarında olan aşağıda sadalanan sənədlərə istinad edir və həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil edir. İş materiallarında olan: xx.xx.2023-cü il tarixli, 3-27-104/09/3-1-1220/2023 №-li qeydiyyat şəhadətnaməsindən görünür ki, İddiaçı MMC-yə (VÖEN:**********) Pirallahı Yüksək Texnologiyalar Parkından kənar proqram təminatının hazırlanması və inkişafı fəaliyyətinə icazə verilmişdir. Qeydiyyat nömrəsi **********7-dir. Əsas qismində İnnovasiya və X2 xx.xx.2023-cü il tarixli 4 nömrəli qərarı çıxış etmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi İnnovasiya və X3 tərəfindən xx.xx.2024-cü il tarixli cavab məktubunda bildirilmişdir ki, "DO İ.T.” Məhdud Məsuliyyətli Cəmiyyəti 4 oktyabr 2023-cü il tarixindən etibarən “Pirallahı Yüksək Texnologiyalar Parkı”ndan kənar proqram təminatının hazırlanması və inkişafı sahəsində fəaliyyət göstərmək üçün qeydiyyata alınmışdır. “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024-cü il tarixli, **********577000 nömrəli qərar ilə kameral yoxlama nəticəsində iddiaçıya 2023-cü ilin mənfəət vergisi üzrə 29.100,14 manat vergi hesablanmışdır. Qərarın qəbul edilməsinin əsas kimi qeyd olunmuşdur ki, “... tərəfinizdən 2023-cü il üzrə təqdim edilmiş mənfəət vergisi bəyannaməsinin araşdırılması zamanı ümumi gəlirlərinizin Vergi Məcəlləsinin 106.1.13-cü maddəsi üzrə güzəşt tətbiq edilərək azadolma kimi bəyan edilməsinə baxmayaraq, uçot-baza məlumatlarına əsasən “Texnologiya. Sənaye Parkları və məhəllələri”nin rezidentlik hüququnun xx.xx.2023-cü il tarixindən əldə edildiyi müəyyən edilmişdir.” “İnzibati şikayətin təmin edilməməsi haqqında” 30 iyul 2024-cü il tarixli, **********458600 nömrəli qərarı ilə İddiaçı MMC-nin kameral vergi yoxlaması ilə hesablanmış vergi məbləğinin azaldılması barədə xx.xx.2024-cü, xx.xx.2024-cü, xx.xx.2024-cü və xx.xx.2024-cü il tarixli inzibati şikayətləri təmin edilməmiş, Dövlət Vergi Xidmətinin Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması” barədə xx.xx.2024-cü il tarixli, **********577000 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə işin faktiki hallarına aşağıda göstərilən qanunvericilik normalarının tərbiqi baxımından hüquqi qiymət verərək iddia tələbinin əsassız olduğunu hesab edir. Azərbaycan Respublikasının Konstitusiyasının 73.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin: 1.4-cü maddəsinə əsasən bu Məcəllənin vergitutmanın ümumi əsasları, vergilərin ödənilməsi qaydaları (ödənilməsi mənbələri istisna olmaqla), vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələri, vergi nəzarətinin forma və metodları, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydaları ilə bağlı müddəaları məcburi dövlət sosial sığorta haqqı, icbari tibbi sığorta haqqı və işsizlikdən sığorta haqqına münasibətdə də tətbiq olunur. 37.1. Kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. 37.2. Kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışın təqdim edildiyi tarixdən mənfəət və gəlir vergisi bəyannaməsinə (ödəmə mənbəyində tutulan gəlirlər üzrə və xüsusi notariusun gəlir vergisi bəyannaməsi istisna olmaqla) münasibətdə 60 iş günü müddətində, digər bəyannamələrə, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışlara münasibətdə isə 30 iş günü müddətində keçirilir. Xaricdən əldə olunan gəlirlər üzrə xarici dövlətlərin səlahiyyətli orqanlarından müvafiq məlumatlar daxil olduğu halda kameral vergi yoxlaması bu Məcəllənin 85.4-cü maddəsində göstərilən dövr üzrə məlumatlar daxil olduğu tarixdən 90 iş günü müddətində keçirilir. Bu müddət başa çatdıqdan sonra bu maddənin birinci və ikinci cümləsində nəzərdə tutulmuş bəyannamə, cari vergi ödəmələrinin hesablanması haqqında arayış və ya xaricdən əldə olunan məlumatlar, habelə bu Məcəllənin 37.2-1-ci maddəsində göstərilən bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz. 103.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında rezident və qeyri-rezident müəssisələr, habelə sahibkarlıq fəaliyyətindən gəlir əldə edən qeyri-kommersiya təşkilatları mənfəət vergisinin ödəyiciləridir. 104.1-ci maddəsinə əsasən rezident müəssisə üçün vergitutma obyekti onun mənfəətidir. Vergi ödəyicisinin bütün gəlirləri, o cümlədən onun Azərbaycan Respublikasının hüdudlarından kənarda daimi nümayəndəlikləri vasitəsilə əldə etdiyi gəlirləri, Azərbaycan Respublikasının hüdudlarından kənarda əldə etdiyi dividend, faiz, royalti (vergidən azad edilən gəlirdən başqa) ilə bu Məcəllənin X fəslində göstərilən, gəlirdən çıxılan xərc (vergidən azad edilən gəlirlər üzrə çəkilən xərclərdən başqa) arasındakı fərq mənfəətdir Maddə 106. Mənfəət vergisindən azadolmalar və güzəştlər. 106.1.13-cü maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) yaratdığı sənaye, yaxud texnologiyalar parklarının rezidenti olan hüquqi şəxslərin sənaye və texnologiyalar parkındakı fəaliyyətdən əldə etdikləri gəlir qanunvericiliyə uyğun olaraq sənaye və texnologiyalar parkında qeydiyyata alındıqları hesabat ilindən başlayaraq - 10 il müddətinə. Bu maddədə nəzərdə tutulan güzəşt texnologiyalar parkının rezidenti kimi texnologiyalar parkından kənar sistem inteqrasiyası, proqram təminatının hazırlanması və inkişaf etdirilməsi fəaliyyətini həyata keçirən hüquqi şəxslərin həmin fəaliyyətdən (o cümlədən həmin fəaliyyətin həyata keçirilməsindən irəli gələrək alıcılara göstərilən təkmilləşmə, texniki dəstək və təlim xidmətləri) əldə etdikləri gəlirə münasibətdə də tətbiq edilir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 67.1-ci maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.3-cü maddəsinə əsasən qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 15 may tarixli 168 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Texnologiyalar parkı haqqında” Nümunəvi Əsasnamənin: 1.2.4-ci yarımbəndinə əsasən texnoparkın rezidenti – “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanunu və bu Əsasnamə ilə müəyyən edilmiş qaydada texnoparkın qeydiyyat şəhadətnaməsini alıb, texnoparkda və ya texnoparkdan kənar fəaliyyət göstərən hüquqi şəxs və ya hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxsdir. 9-1.3-cü yarımbəndinə əsasən sistem inteqrasiyası və (və ya) proqram təminatının hazırlanması və inkişafı sahələrində fəaliyyət göstərmək üçün hüquqi və fiziki şəxslər vergi orqanında qeydiyyata (uçota) alındıqdan sonra Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə müraciət edərək texnologiyalar parkının rezidenti olaraq qeydiyyatdan keçməli və texnoparkın qeydiyyat şəhadətnaməsini almalıdırlar. 9-1.4-cü yarımbəndinə əsasən hüquqi və fiziki şəxslərin sistem inteqrasiyası və (və ya) proqram təminatının hazırlanması və inkişafı sahələrində fəaliyyət göstərmək üçün qeydiyyatı ilə bağlı qərarın qəbul edilməsi üzrə icraat “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. Məhkəmə bildirir ki, innovasiya məhsulunun və yüksək texnologiyaların hazırlanması, işlənilməsi və ya təkmilləşdirilməsi məqsədi ilə elmi tədqiqatların və təcrübəkonstruktor işlərinin aparılması, proqram təminatlarının hazırlanması, inkişaf etdirilməsi, onların nəticələrinin sənaye, xidmət və digər sahələrdə tətbiqi (kommersiyalaşdırılması) üçün zəruri infrastrukturu, maddi-texniki bazası və idarəetmə qurumları olan ərazi texnologiyalar parkı adlandırılır. Qeyd olunmalıdır ki, bu sahədə fəaliyyət göstərmək üçün şəxslərin qeydiyyatı həyata keçirilir ki, bunun üçün ilk növbədə hüquqi və fiziki şəxslər vergi orqanında qeydiyyata (uçota) alınmalı, daha sonra Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə müraciət edərək texnologiyalar parkının rezidenti olaraq qeydiyyatdan keçməlidirlər, son olaraq isə qeydiyyat şəhadətnamələri ilə təmin olunmalıdırlar. Bu statusu almış şəxslər Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən olunmuş güzəştlərə malikdirlər. Bundan başqa Məhkəmə bildirir ki, vergi qanunvericiliyində nəzərdə tutulan güzəşt və azadolmaların tətbiqi üçün hüququn yaranması anının müəyyən edilməsi zəruri şərtdir. Hüququn yaranması anı isə müvafiq hüquqi faktın, hərəkətin baş verməsi və ya qeydiyyatın aparılması ilə formalaşır və konkret hüquqi nəticələr doğurur. Vergi Məcəlləsinin 106.1.13-cü maddəsinin dispozitiv norması sənaye və texnologiyalar parklarının rezidentlərinə mənfəət vergisindən azadolma hüququ versə də, bu hüquq yalnız müvafiq rezidentlik statusunun rəsmiləşdirildiyi andan etibarən meydana çıxır və onun retrospektiv tətbiq edilməsi qanunvericiliyin mahiyyətinə ziddir. Məhkəmə işin halları üzrə müəyyən etmişdir ki, iddiaçının texnologiyalar parkının rezidenti kimi qeydiyyata alınması xx.xx.2023-cü il tarixində baş vermiş və məhz həmin andan etibarən onun bu statusdan irəli gələn vergi güzəştlərindən faydalanmaq hüququ yaranmışdır. Qeyd olunan tarixədək iddiaçının bu statusa malik olmaması səbəbilə onun tərəfindən əldə edilmiş gəlirlərə münasibətdə cavabdeh tərəfindən mənfəət vergisinin hesablanması qanunvericiliyin tələblərinə tam uyğun olmuşdur. Məhkəmə həmçinin qeyd edir ki, vergi münasibətləri çərçivəsində güzəşt və imtiyazların tətbiqi hüquqi subyektlər üçün yalnız müvafiq hüquqi faktın baş verdiyi andan hüquqi nəticələr doğurur. Hüququn yaranmadığı dövrədək əldə edilmiş gəlirlərə münasibətdə isə hər hansı güzəştin tətbiq edilməsi mümkün deyil və hüquqi əsasdan məhrumdur. Sadə şəkildə ifadə etsək, iddiaçı xx.xx.2017-ci il tarixdən vergi ödəyicisi kimi, xx.xx.2019-cu il tarixdən ƏDV məqsədləri üçün qeydiyyata alınmaqla və əsas fəaliyyəti “sistem proqram təminatının (təkmilləşdirilməsi və dəyişikliklərin və düzəlişlərin maneəsiz daxil edilməsi də daxil olmaqla), tətbiqi proqram təminatının (təkmilləşdirilməsi və dəyişikliklərin və düzəlişlərin maneəsiz daxil edilməsi də daxil olmaqla), məlumat bazalarının, web-səhifələrinin yaradılması və işləməsi üçün lazımi kompüter kodu strukturunun hazırlanması və (və ya) yazılması”ndan ibarət olmaqla fəaliyyətə başlamışdır. Onun əsas fəaliyyət sahəsi 2017-ci ildən etibarən “sistem proqram təminatının, məlumat bazalarının hazırlanması və yazılması” istiqamətini əhatə etsə də, onun texnologiyalar parkının rezidenti kimi fəaliyyəti yalnız xx.xx.2023-cü il tarixdən başlamışdır. İş materialları ilə təsdiq olunur ki, iddiaçı bu tarixədək texnoparkın rezidenti kimi hər hansı təsərrüfat əməliyyatları aparmamış, onun həmin tarixədək qeydiyyatı olmamış və müvafiq vergi güzəştlərindən yararlanmaq üçün əsas verən hüquqi statusa malik olmamışdır. Odur ki, iddiaçının hesabat dövrü, hesabat ili kimi anlayışları qarşılıqlı şəkildə şərh etməklə güzəştlərin onun tərəfindən rezident kimi qeydiyyata alındığı dövrə qədər əldə edilmiş gəlirlərə tətbiq edilməsinə nail olmağa çalışması və bu yolla vergi ödəliklərindən azad edilməsini tələb etməsi əsassızdır. Beləliklə, məhkəmə işin hallarının qanunvericilik normaları ilə qarşılıqlı təhlili nəticəsində bu qənaətə gəlir ki, iddiaçının texnologiyalar parkının rezidenti kimi rəsmi qeydə alınmadığı dövrdə əldə etdiyi gəlirlərə münasibətdə mənfəət vergisinin hesablanması və tutulması vergi orqanının qanuni və əsaslı fəaliyyətindən irəli gəlmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının tələbin təmin edilməsi vergi qanunvericiliyinin istinad olunan normalarının pozulmasına gətirib çıxaracağından, iddiaçının hazırkı iddia tələbinin qanuni əsası yoxdur və bu səbəbdən iddia təmin edilməməlidir. İPM-in: 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır; 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir; 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır; 68.1-ci maddəsinin tələbinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.
Nəticəvi hissə:
Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024-cü il tarixli **********577000 nömrəli qərarının ləğv edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
X6.