Məhkəmə qərarları › İş №e-2-1(112)-2069/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-2069/2024

12.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-2069/2024 12.02.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Bağırova Ayla Fuad qızının katibliyi cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı «dövlət icbari şəxsi sığorta ödənişinin veriıməsi»nə dair iddia tələbi üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı «dövlət icbari şəxsi sığorta ödənişinin verilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsində bildirlir ki, iddiaçının əri X7 27 aprel 2022-ci il tarixdə Azerbaycan Respublikası Dövlət Sərhəd Xidmətində hərbi vəzifəsini yerinə yetirərkən odlu silahdan açılmış atəş nəticəsində həlak olmuşdur. Bu barədə 13 fevral 2022-ci il tarixli AZ № 257039 saylı “Ölüm haqqında şəhadətnamə” verilmişdir. Baş vermiş ölüm hadisəsi ilə əlaqədər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə Tərtər Hərbi Prokurorluğu tərəfindən ********* saylı cinayət işi başlanılmış və qeyd olunan cinayət işi üzrə icraata xitam verilməsi barədə 27 aprel 2022-ci il tarixdə qərar qəbul edilmişdir. (Tərtər Hərbi prokurorluğunun 27 aprel 2022-ci il tarixli məktubu). Uzun müddət həmin əsassız qərar mübahisələndirilmişdir. Lakin müsbət nəticə əldə olunmamışdır. X1 ilə iddiaçının rəsmi nikahından onların iki övladı doğulmuşdur: 29 noyabr 2019-ci il təvəllüdlü X4 və 5 aprel 2021-ci il təwəllüdlü X8. İddiaçı uşaqlarının azyaşlı olması ilə əlaqədar işləmir, evdar qadındır. Hazırda iddiaçının ailəsi ağır maddi çətinliklər içərisində yaşayır və dövlət tərəfindən qanuni maddi təminatlardan məhrum olmuşdur. İddiaçı qaldırılan məsələ ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu onun müraciətinin təmin edilməsindən imtina etmişdir. İddiaçı hesab edir ki, cavabdehin imtinası əsassızdır və onun hüquqlarının pozulmasına səbəb olur. Göstərilənlərə əsaslanaraq, İddiaçı hərbi qulluqçularının dövlət icbari sığorta müavinətinin ödənilməsi öhdəliyinin cavabdeh Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. Cavabdehin nümayəndəsinin iddia ilə bağlı məhkəməyə təqdim olunmuş yazılı etirazında aşağıdakılar bildirilir: - İddiaçı iddiası əsassızdır. Belə ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə 14 iyun 2023-cü il tarixdə müraciət edərək, ona dövlət icbari şəxsi sığorta ödənişinin təyin edilməsini xahiş etmişdir. Lakin iddiaçının təqdim etdiyi sənədlərə əsasən, cavabdeh orqan tərəfindən 22 iyun 2023-cü il tarixli 3-17- 1/2-C-143105/2023 nömrəli məktubu ilə dövlət icbari şəxsi sığorta ödənişinin mümkün olmadığı bildirilmişdir. «Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında» Qanunun 4.1-ci maddəsinə əsasən sığortaolunan on bir min (11.000) manat məbləğində sığorta edilir. Sözügedən Qanunun 5-ci maddəsinə əsasən, sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman həlak olduqda, öldükdə və ya xəbərsiz itkin düşdüyünə görə məhkəmə qərarı ilə ölmüş elan edildikdə bu hal sığorta hadisəsi hesab edilir. «Hərbi Qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında» Qanunun 8.1-ci maddəsinə əsasən sığorta ödənişi almaq hüququ olan şəxsə sığorta ödənişinin verilməsindən aşağıdakı hallarda imtina edilir: (8.1.1) sığortaolunanın sığorta hadisəsi ilə birbaşa bağlı olan qəsdən cinayət törətdiyi barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü və ya cinayət təqibini həyata keçirən orqanın müvafiq prosessual qərarı olduqda; (8.1.2) sığortaolunan bu Qanunun 7.1-ci maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq sığorta ödənişinin alınması üçün tələb olunan sənədləri və məlumatları təqdim etmədikdə, yaxud təqdim edilmiş sənədlərin və məlumatların tam və ya düzgün olmadığı müəyyən edildikdə («İnzibati icraat haqqında» Qanunun 30.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla); (8.1.3) baş vermiş hadisə bu Qanunla müəyyən edilmiş sığorta hadisəsi hesab edilmədikdə; (8.1.4) sığorta hadisəsi sığortaolunanın bilavasitə alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə etməsi nəticəsində baş verdikdə; (8.1.5) sığortaolunan özünə qəsd etdikdə və həmin hal məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təsdiq olunduqda. İş materiallarına əsasən İddiaçı mərhum əri X7 3 fevral 2022ci il özünə qəsd etmişdir. Yuxarıda qeyd edilən fakt Tərtər Hərbi Prokurorluğunun 27 aprel 2022-ci il tarixli 22HP2593 nömrəli qərarına əsasən Ceyhun Nabatəlizadənin özünü heç bir kənar təsir olmadan intihar edərək öldürməsi tam sübuta yetirilmiş və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə Tərtər Hərbi Prokurorluğunda istintaqı aparılan ********* nömrəli cinayət isinin icraatına cinayət hadisəsi olmadığından, həmçinin həmin fakt üzrə digər şəxslərin əməllərində cinayət tərkibi olmadığından xitam verilmişdir. Məhz bu səbəblərə görə də X2 Qanunvericiliyin tələbəri baxımından dövlət icbari şəxsi sığorta ödənişinin təyin edilməsi mümkün olmamışdır. Göstərilənləri nəzərə alaraq, İddiaçı iddiasının təmin olunmaması məhkəmədən xahiş edilir. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclas təyin edilmiş və bu barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına cavabdehin nümayəndəsi gəlmiş, iddiaçı tərəf gəlməmişdir. Məhkəmə İPM-in 30.4 və 62.3-cü maddələrinin tələblərini rəhbər tutaraq, işə onun iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə yazılı etirazın məzmununa uyğun izahat verərək iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə cavabdehin nümayəndəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İV hissəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. «Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında» Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 19 aprel tarixli Fərmanında 1997-ci il avqustun 2-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının vərəsələrinə bu Fərmanla müəyyənləşdirilmiş qaydada on bir min manat məbləğində birdəfəlik ödəmə verilməsi nəzərdə tutulmuşdur. Fərmanın 2-ci hissəsinə əsasən, birdəfəlik ödəmə bu Fərmanın 5 və 5-1-ci hissələrində nəzərdə tutulmuş siyahılardakı hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının Mülki Məcəlləyə uyğun olaraq müəyyən edilən vərəsələrinə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən verilir. «Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında» Qanunun 1.1-ci maddəsinə görə hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası Azərbaycan Respublikasının Konstitusiyası, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr, bu Qanun, habelə Azərbaycan Respublikasının digər normativ hüquqi aktları ilə tənzimlənir. Həmin Qanunun 2.1.3-cü maddəsinə əsasən sığortaolunan – barəsində sığorta fəaliyyəti həyata keçirilən Azərbaycan Respublikası Silahlı Qüvvələrində, dövlət təhlükəsizliyi, xarici kəşfiyyat orqanlarında, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərində, habelə hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) hərbi xidmətdə olan şəxslər və toplanışlarda olan hərbi vəzifəlilərdir. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən sığortaolunan on bir min manat məbləğində sığorta edilir. Həmin Qanunun 5-ci maddəsinə əsasən aşağıdakılar sığorta hadisələri hesab edilir və onlara görə sığorta ödənişləri bu Qanunun 4.1-ci maddəsi ilə müəyyən edilmiş sığorta məbləğlərinin müvafiq faiz nisbətlərində verilir: a) sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman həlak olduqda, öldükdə və ya xəbərsiz itkin düşdüyünə görə məhkəmə qərarı ilə ölmüş elan edildikdə – 100 faiz. «Sığorta fəaliyyəti haqqında» Qanunun 1.1.1-ci maddəsində sığorta – sığortalının və ya sığorta olunanın əmlakı, həyatı, sağlamlığı, mülki məsuliyyəti, həmçinin qanunla qadağan olunmayan fəaliyyəti, o cümlədən sahibkarlıq fəaliyyəti ilə əlaqədar olan əmlak mənafelərinin müdafiəsi sahəsində riskin ötürülməsinə və ya bölüşdürülməsinə əsaslanan münasibətlər sistemidir. Həmin Qanunun 1.1.19-cu maddəsinə əsasən sığorta hadisəsi – icbari sığorta üzrə icbari sığorta qanunlarına, könüllü sığorta üzrə sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. Həmin Qanunun 1.1.21-ci maddəsinə əsasən sığorta ödənişi – sığorta hadisəsi baş verdikdə, icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 926.1-ci maddəsinə əsasən sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. Həmin Məcəllənin 928-ci maddəsinə görə şəxsi sığorta üzrə sığorta ödənişi onu almaq hüququ olan şəxsə sosial sığorta, həmçinin icbari və ya könüllü sığortalar üzrə nəzərdə tutulan ödənişlərdən asılı olmayaraq icbari sığorta qanunlarında və ya sığorta müqaviləsində müəyyən olunmuş qaydada ödənilməlidir. Məhkəmə xüsusi ilə qeyd edir ki, «Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında» Qanunda “sığortaolunan” anlayışının izahı verilmiş, sığortaolunan kimi barəsində sığorta fəaliyyəti həyata keçirilən Azərbaycan Respublikası Silahlı Qüvvələrində, dövlət təhlükəsizliyi, xarici kəşfiyyat orqanlarında, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərində, habelə hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) hərbi xidmətdə olan şəxslər və toplanışlarda olan hərbi vəzifəlilərin çıxış etdiyi göstərilmişdir. Həmin şəxslər müəyyən imtiyazlara malikdirlər ki, bunlardan biri də onların on bir min manat məbləğində sığorta olunmasıdır. Ümumiyyətlə, həm «Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında» Qanunun müvafiq maddələrinin, həm də sığorta hüququna dair digər qanunvericilik normalarının təhlili belə nəticəyə gəlməyə imkan verir ki, on bir min manat məbləğində olan birdəfəlik pul vəsaiti icbari sığorta hüquq münasibətləri çərçivəsində ödənilən sığorta ödənişidir. Hazırki işdən də göründüyü kimi İddiaçı mərhum əri Dövlət Sərhəd Xidmətinin N nömrəli hərbi hissənin hərb qulluqçusu olmuş çavuş X5 ölümünü sığorta hadisəsi olduğunu, bu səbəbdən də onun ölümü ilə əlaqədar sığorta ödənişi kimi on bir min manat ödənişin verilməsini tələb etmişdir. Cavabdeh isə iddiaçının tələbini təmin etməmiş və X5 özünə qəsd etməsi səbəbindən həmin hadisəni sığorta hadisəsi kimi nəzərə almamışdır. Məhkəmə cavabdehin imtina əsasının əsaslı olub-olmaması istiqamətində qiymətləndirmənin aparılması üçün yuxarıda adıçəkilən Qanunda sığorta ödənişi almaq hüququ olan şəxsə sığorta ödənişinin verilməsindən imtina hallarının əhatə dairəsinin müəyyən edilməsini zəruri hesab edir. «Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında» Qanunun 8.1-ci maddəsinə görə sığorta ödənişi almaq hüququ olan şəxsə sığorta ödənişinin verilməsindən aşağıdakı hallarda imtina edilir: - (8.1.1) sığortaolunanın sığorta hadisəsi ilə birbaşa bağlı olan qəsdən cinayət törətdiyi barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü və ya cinayət təqibini həyata keçirən orqanın müvafiq prosessual qərarı olduqda; - (8.1.2) sığortaolunan bu Qanunun 7.1-ci maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq sığorta ödənişinin alınması üçün tələb olunan sənədləri və məlumatları təqdim etmədikdə, yaxud təqdim edilmiş sənədlərin və məlumatların tam və ya düzgün olmadığı müəyyən edildikdə («İnzibati icraat haqqında» Qanunun 30.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla); - (8.1.3) baş vermiş hadisə bu Qanunla müəyyən edilmiş sığorta hadisəsi hesab edilmədikdə; - (8.1.4) sığorta hadisəsi sığortaolunanın bilavasitə alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə etməsi nəticəsində baş verdikdə; - (8.1.5) sığortaolunan özünə qəsd etdikdə və həmin hal məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təsdiq olunduqda. Göründüyü kimi qüvvədə olan qanunvericilik sığorta ödənişi almaq hüququ olan şəxsə sığorta ödənişinin verilməsindən imtina əsaslarını konkret müəyyən etmişdir ki, bunlardan biri də məhz sığortaolunan özünə qəsd edərək öldürməsidir. Hazırki işdən isə görünür ki, İddiaçı mərhum əri X7 3 fevral 2022-ci il özünə qəsd etmiş, bu hal Tərtər Hərbi Prokurorluğunun 27 aprel 2022-ci il tarixli 22HP2593 nömrəli qərarına əsasən X3 özünü heç bir kənar təsir olmadan intihar edərək öldürməsi tam sübuta yetirilmiş və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə Tərtər hərbi prokurorluğunda istintaqı aparılan ********* nömrəli cinayət isinin icraatına cinayət hadisəsi olmadığından, həmçinin həmin fakt üzrə digər şəxslərin əməllərində cinayət tərkibi olmadığından xitam verilmişdir. Məhkəmə qeyd edir ki, iddiaçının mərhum əri özünə qəsd edərək vəfat etdiyindən və bu hal mötəbər dəlillər ilə təsdiq olunduğundan, «Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında» Qanunun 8.1-ci maddəsinə əsasən iddiaçıya sığorta ödənişinin verilməsi mümkün deyil. Odur ki, cavabdeh iddiaçının müraciətini təmin etməməkdə haqlı olmuşdur. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı «dövlət icbari şəxsi sığorta ödənişinin verilməsi» tələbinə dair iddiası əsassız olduğundan, təmin edilməməlidir. Göstərilənlərə əsaslanaraq və İPM-in 4.1, 23.1, 52, 69, 75, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı «dövlət icbari şəxsi sığorta ödənişinin verilməsi» tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar