Məhkəmə qərarları › İş №e-2-1(112)-2075/2024

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №e-2-1(112)-2075/2024

29.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-1(112)-2075/2024 29.02.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, Qurbanlı Elnur Qurban oğlunun katibliyi, iddiaçının nümayəndəsi X9 iştirakı ilə, iddiaçı İddiaçı cavabdeh Bakı şəhər Xəzər rayon İcra Hakimiyyəti başçısının Buzovna Qəsəbəsi üzrə Nümayəndəliyinə qarşı “Buzovna qəsəbə nümayəndəliyinin xx.xx.2014-cü il tarixli arayışının ləğv edilməsi və iddiaçının adının qeyd olunduğu yeni forma 7 arayışının verilməsi” tələbinə dair iddianın inzibati məhkəmə icratının mümkünlüyü məsələsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhər Xəzər rayon İcra Hakimiyyəti başçısının Buzovna Qəsəbəsi üzrə Nümayəndəliyinə qarşı “Buzovna qəsəbə nümayəndəliyinin xx.xx.2014-cü il tarixli arayışının ləğv edilməsi və iddiaçının adının qeyd olunduğu yeni forma 7 arayışının verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sonradan iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsini məhkəməyə təqdim edərək “Buzovna qəsəbə nümayəndəliyinin xx.xx.2014 tarixli arayışının qanunsuz sayılmasının və ləğv edilməsi barədə qərar qəbul edilməsi”ni xahiş etmişdir. Məhkəmənin 29 fevral 2024-cü il tarixli qərardadı ilə, iddianın dəqiqləşdirilməsi barədə iddiaçının nümayəndəsinin ərizəsi məhkəmə icraatına qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1974-cü ildə Buzovna qəsəbəsində Ruhulla Axundov küçəsi, döngə 10, ev 6 ünvanında yaşamışdır. Həmin ev iddiaçının atasına məxsus olmuşdur. İddiaçı ailə həyatı qurduqdan sonra həmin evdən ayrılmışdır. Lakin xx.xx.2022-ci il tarixinə kimi həmin evdə qeydiyyatda olmuşdur. İddiaçının qardaşı X3 iddia ərizəsi əsasında Xəzər rayon Məhkəməsinin 2(003)-994/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi əsasında iddiaçının xəbəri olmadan həmin evdən qeydiyyatdan çıxarılmışdır. Vəkil sorğusu əsasında əldə edilmiş notariat işindən görünür ki, Ağababa Rəhimov xx.xx.2021-ci il tarixdə 25 saylı Notariat Ofisindən qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almışdır. Ədliyyə Nazirliyinin 3-16-5/2-R-34/2- 6/26 nömrəli, xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Xəzər rayon İcra Hakimiyyəti Başçısının Buzovna qəsəbə inzibati ərazi dariəsi üzrə nümayəndəliyi X5 xx.xx.2014-cü il tarixli arayış vermiş və həmin arayış vərəsəlik işinin açılması və vərəsəlik şəhadətnaməsinin verilməsi üçün 25 saylı Notariat ofisinə təqdim edilmişdir. İddiaçının isə həmin arayışdan məlumatı olmamışdır. Ona heç bir məlumat verilməmişdir. 2014-cü ildə arayışı alan Rəhimov Ağababa 7 il sonra, yəni etibarlılıq müddəti bitəndən sonra 25 saylı notariusda istifadə etmişdir. Həmin notarius iddiaçının sağ olması və yaşamasına baxmayaraq 2024-cü il tarixli arayış əsas kimi götürmüş və bilərəkdən vərəsəlik dairəsini gizlətməyə nail olmuş, beləliklə də 25 saylı notarius da iddiaçının mülkiyyət hüquqlarını pozmuşdur. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh iddiaya dair etiraz təqdim edərək bildirmişdir ki, iddiaçı onun adının verilmiş 7 saylı forma üzrə arayışa əlavə edilməsi barədə müraciət etmişdir. Vətəndaşın müraciəti əsasında 5-12-5/2-318/2023 saylı, xx.xx.2023-cü il tarixli göndərilmiş məktubda bildirilmişdir ki, xx.xx.2014-cü il tarixli, 3640 nömrəli 7 saylı Forma üzrə verilmiş arayışda İddiaçı adının göstərilməməsinin səbəbi 7 saylı Forma arayışının yazılma nümunəsinə əsasən (vəfat edən zaman onun aşağıda göstərilən ailə üzvləri olmuşdur) nənəsi X17 vəfat etdiyi tarixdə, yəni xx.xx.1966-cı il tarixdə onun ailə üzvü olmamasıdır. Belə ki, iddiaçı xx.xx.1974-cü ildə doğulduğu halda xx.xx.1966-cı il tarixdə vəfat etmiş mərhum nənəsinin ailə üzvü ola bilməzdir. Həmçinin xx.xx.2022-ci il tarixində Xəzər rayon Məhkəməsində X4 İddiaçı qarşı istifadə hüququnun itirilməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxılaraq, X1 və onun övladı xx.xx.2005-ci il təvəllüdlü X8 ünvan 1 ünvanına istifadə hüququnun itirilmiş hesab edilməsi barədə qətnamə qət edilmişdir. Qətnamədə iddiaçının və övladı X8 ünvan 2 ünvanından qeydiyyatdan çıxarılması üçün əsasdır bəndi də qeyd olunmuşdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinə əsasən İddiaçı xx.xx.1974-cü il tarixində doğulmuş Azərbaycan Respublikası vətəndaşıdır. İş materiallarına əlavə edilmiş Xəzər RİH-ti başçısının Buzovna qəsəbəsi üzrə nümayəndəsi B.Cəmilzadə tərəfindən imza edilmiş xx.xx.2014-cü il tarixli (Forma 7) arayışına görə, arayış verilir 7 saylı Dövlət notariat kontoruna ondan ötrü ki, həqiqətən mərhum (mərhumə) X21 xx.xx.1966-ci il tarixinə, Bakı şəhəri Buzovna qəsəbəsi R. Axundov küçəsi, döngə 10, ev 6 (əvvəlki 236) yaşamışdır. Vəfat edən zaman onun aşagıda göstərilən ailə üzvləri olmuşdur: X12 (oğlu) 1983-cü ildə vəfat edib; X10 xx.xx.2000-ci ildə vəfat edib; X6 ( 1963 il) nəvəsi; X2 (1966)nəvəsi İddiaçı hal-hazırda həmin arayışda- onun mərhum X17 ailə üzvü olması göstərilmədiyindən vərəsəlik hüquqları pozulduğu üçün arayışın ləğv edilməsini yeni arayışın verilməsini tələb edir. Məhkəmə iş materiallarını nəzərdən keçirdikdən sonra hesab edir ki, iddia ərizəsi mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. İnzibati Prosessual Məcəlləsinin 2.2.1.-ci maddəsinə əsasən, şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Göründüyü kimi qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Həmin maddənin tələbinə əsasən inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması deyil, konkret hüquqların pozulmasının əsaslandırıldığı hallarda mümkün hesab edilir. Həmin qərarın 5.1-ci bəndinə əsasən iddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Həmin qərarın 5.2-ci bəndinə əsasən bu zaman məhkəmələr müdafiə edilmək istənilən hüququn təbiətini, həmin subyektiv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almalıdırlar. İddia ərizəsindən göründüyü kimi iddia tələbi “Buzovna qəsəbə nümayəndəliyinin xx.xx.2014-cü il tarixli arayışının ləğv edilməsi və iddiaçının adının qeyd olunduğu yeni forma 7 arayışının verilməsindən ibarətdir. İnzibati məhkəmə icraatı inzibati hüquq münasibətləri ilə bağlı mübahisələr üzrə aparılır. İnzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri təşkil edir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən - 1.1. Bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. -1.2. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. - 2.0.1. inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs; “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 13 -ci bəndinə əsasən, inzibati orqan tərəfindən qəbul edilmiş istənilən aktı inzibati akt hesab etmək olmaz. İnzibati aktlar hüquqi status yaratmaq, dəyişdirmək və ya xitam vermək xüsusiyyətinə malikdirlər. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən, inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; Həmin Qanunun 2.0.11.-ci maddəsinə əsasən, əlverişsiz (yükləyici) inzibati akt maraqlı şəxsi hüquqdan məhrum edən və ya onun hüququnu məhdudlaşdıran, yaxud onun üzərinə müəyyən vəzifə (vəzifələr) qoyan akt. Azərbaycan Respublikası Prezidentinin 6 iyun 2012-ci il tarixli, 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”yə əsasən: -5.1.6. ərazidə olan yaşayış evləri və çoxmənzilli yaşayış binalarındakı mənzillər üzrə təsərrüfatbaşına uçot kitablarını, habelə təsərrüfat üzvlərinin və müvəqqəti yaşayan şəxslərin siyahısını aparmaq; 5.1.9. ərazidə yaşayan vətəndaşlara onların şəxsiyyətini, ailə vəziyyətini təsdiq edən arayışlar və digər arayışlar vermək inzibati ərazi dairələri üzrə və sahə inzibati ərazi dairələri üzrə yerli icra hakimiyyəti başçısı nümayəndələrinin vəzifə və səlahiyyətlərinə aid edilmişdir. İddiaçının ləğv edilməsini tələb etdiyi xx.xx.2014-cü il tarixli arayış subyektiv baxımdan, qanunvericiliyin tələbləri qaydasında cavabdeh orqanın hər hansısa məsələnin nizama salınmasında öz səlahiyyətlərini aşmadan tərtib olunmuşdur və iddiaçının hüquqlarını məhdudlaşdıran inzibati akt deyildir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının cavabdeh orqanının arayışının ləğv edilməsi haqqında iddiası məhkəmə icraatını mümkün edən faktiki şərtlər mövcud deyil. Beləliklə, məhkəmə iddianın mümkünlük şərtlərini yoxlayarkən müəyyən etmişdir ki, İddiaçı cavabdeh Bakı şəhər Xəzər rayon İcra Hakimiyyəti başçısının Buzovna Qəsəbəsi üzrə Nümayəndəliyinə qarşı “Buzovna qəsəbə nümayəndəliyinin xx.xx.2014-cü il tarixli arayışının ləğv edilməsi və iddiaçının adının qeyd olunduğu yeni forma 7 arayışının verilməsi” barədə iddiası mümkünlük şərtlərinə cavab vermir. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 35-ci, 38-ci, 80-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardad tərəfə rəsmi təqdim olunduqdan sonra 10 gün müddətində ondan Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Miminat Hacıbəyova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar