Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-2076/2023 09.01.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Məmmədova Sevda Rövşən qızının katibliyi, iddiaçının nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «mənzilə iddiaçının hüquqlarının reyestrdə qeydiyyata alınması» tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «mənzilə iddiaçının hüquqlarının reyestrdə qeydiyyata alınması» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsində bildirilir ki, “Bakı-Tikinti-Nəqliyyatı” X6 ilə mənzil tikintisi haqqında 14 iyul 2022-ci il tarixli müqaviləyə əsasən ASC-yə məxsus olan, ünvan 1 ünvanında tikilmiş hündürmərtəbəli binaların 10-cu korpus, 18-ci mərtəbəsində yerləşən 79 nömrəli 2 otaqlı mənzil İddiaçı verilmişdir. Bina dövlət qeydiyyatına alınmış və hazırda bina sakinlərinin bir çoxu öz mənzillərinə köçüb yaşayırlar. Mənzilə dair mülkiyyət hüquqularının qeydə alınması üçün iddiaçı tələb olunan səndələrlə (mənzilin yerləşdiyi mərtəbənin ümumi sxemi və ayrıca olaraq mənzilin sxemi, maliyyə arayışı, mənzil tikintisi haqqında müqavilə) cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə müracit etmişdir. Cavabdeh 1 avqust 2022-ci il tarixli **********15 nömrəli məktubla iddiaçının müraciətinə imtina cavabı vermişdir. İmtina məktubu onunla əsaslandırılır ki, İdarənin mütəxəsisləri tərəfindən mənzilə texniki baxış keçirilən zamanı qeyd olunan mənzilin 3 otaqlı mənzilin bölülnməsindən yarandığı və faktiki olaraq 2 otaqlı olduğu müəyyən edilmişdir. Bu səbəbdən ərizənin icrası mümkün olmamışdır. İddiaçı hesab edir ki, cavabdeh tərəfindən verilmiş imtina əsassızdır. Göstərilənlərə və «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsaslanaraq, 14 iyul 2022-ci il tarixli müqaviləyə əsasən ünvan 1 ünvanında tikilmiş hündürmərtəbəli binaların 10-cu korpus, 18-ci mərtəbəsində yerləşən 79 nömrəli 2 otaqlı mənzilə dair mülkiyyət hüquqlarının qeyd alınması öhdəliyinin cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reysestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsi məhkəmədən xahiş olunur. Cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin İPM-in 47-ci maddəsinə uyğun olaraq məhkəməyə ünvanlanmış 30 sentyabr 2022-ci il tarixli məktubunda bildirilir ki, iddiaçı müvafiq tələblə 14 iyul 2022-ci il tarixdə 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. İdarənin mütəxəssisləri tərəfindən mənzilə texniki baxış keçirilən zamanı qeyd olunan mənzilin 3 otaqlı mənzilin bölünməsindən yarandığı və faktiki olaraq 2 otaqlı olduğu müəyyən edilmişdir. Bununla bağlı iddiaçıya 1 avqust 2022-ci il tarixli **********15 nömrəli cavab məktubu ünvanlanmışdır. Məlumat üçün bildirilir ki, Bakı şəhəri, Nəsimi rayonu, Akademik H.Əliyev küçəsi, məhəllə 1061, 10 saylı yaşayış binasının 79 saylı mənzili üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı İdarəyə digər fiziki şəxs (X3) tərəfindən 16 iyul 2022-ci il tarixdə müraciət olunmuş və vətəndaşa yuxarıda qeyd olunan səbəbdən qanunamüvafiq qaydada daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə 22 iyul 2022-ci il tarixli **********42 saylı bildiriş ünvanlanmışdır. Göstərilənlərə və «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8, 11.1-ci maddəsinə, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 23, 24-cü maddələrinə əsaslanaraq, İPM-in 48.2-ci maddəsinin tələblərini rəhbər tutaraq, iddianın təmin edilməməsi məhkəmədən xahiş olunur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdr. Məhkəmə iclasına iddiaçının nümayəndəsi gəlmiş, cavabdeh tərəf gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) Vəkil iddia ərizəsində göstərilənləri təsdiqlədi və iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsini (vəkilini) dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İİ hissəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət verə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. «İnzibati icraat haqqında» Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 15-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır (maddə 15.1). Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz (maddə 15.2). Həmin Qanunun 19-cu maddəsinə görə inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır (maddə 19.1). Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür (maddə 19.2). Həmin Qanunun 24-cü maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur (maddə 24.1). İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz (maddə 24.2). İşin məhkəmə araşdırılması ilə məlum olur ki, İddiaçı ilə "xxxx" ASC arasında ünvan 4 ünvanında inşa edilmiş yaşayış binasında yerləşən 98A nömrəli mənzilin əldə edilməsi ilə bağlı 14 iyul 2022-ci il tarixli müqavilə imzalanmışdır. İddiaçı "xxxx" ASC-yə həmin mənzilin dəyərini tam şəkildə ödəmiş və bundan sonra həmin mənzilə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı 1 avqust 2022-ci il tarixdə cavabdeh inzibati orqan “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Lakin cavabdeh ərizənin icrasından imtina etmiş və imtinasını onunla əsaslandırmışdır ki, İdarənin mütəxəssisləri tərəfindən texniki baxış keçirilən zamanı qeyd olunan mənzilin 3 otaqlı mənzilin bölünməsindən yarandığı və faktiki olaraq 2 otaqlı olduğu müəyyən edilmişdir. İddiaçı hazırda cavabdehin imtinasını mübahisələndirir və hüquqlarının reyestrdə qeydiyyata alınmasını tələb edir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8.0.6-cı maddəsinə görə mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə) daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin Qanunun 10.2-ci maddəsinə görə qeydiyyata orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin plan və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın texniki pasportu, plan-cizgisi əlavə olunur. Həmin Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 112.1-ci maddəsinə görə mənziltikinti kooperativinin üzvü pay haqqını tam ödədikdə, yaşayış sahəsinə mülkiyyət hüququ əldə edir. Göründüyü kimi, iddiaçı mənzilə pay haqqını həmin mənzil olan müvafiq binanın məxsus olduğu quruma ("xxxx" ASC-yə) tam ödəməklə mənzilə mülkiyyət hüququnu iddiaçı əldə etmişdir. Mülkiyyət hüququnun qeydiyyata alınması məsələsinə münasibətdə qeyd olunmalıdır ki, bununla bağlı imtina üçün əsaslar hazırkı iş üzrə mövcud deyil. Çünki, iddiaçı pay haqqını ödədiyindən və üzvlüyə qəbul edildiyindən, onun mənzilə hüququnun qeydiyyata alınması üçün əsas mövcuddur. Cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin imtinasında göstərilən dəlillərə gəldikdə isə məhkəmə qeyd edir ki, iddiaçının iddia etdiyi mənzil sahəsinin binanın layihəsində 3 otaqlı, təqdim etdiyi sənədlərdə isə 2 otaqlı olması birmənalı şəkildə yaşayış sahəsinin yenidən qurulması və ya yenidən planlaşdırılması kimi qiymətləndirilə bilməz. Belə hal, mənzilin bir otağının digər şəxsə, o cümlədən qonşu sahənin mülkiyyətçisinə verilməsinin nəticəsinin biruzəsi da ola bilər. Hətta, mənzilə bağlı rekonstruksiya işlərinin aparılmış olsa belə, bu, iddiaçının iddia etdiyi 2 otaqlı mənzil üzərində mülkiyyət hüquqlarının qeydiyyatını məhdudlaşdıra bilməz. Nəzərə alınmalıdır ki, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikasının Qanunun 15.1-ci maddəsində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi əsasları göstərilmişdir ki, cavabdehin imtina əsası kimi göstərdiyi bu hal qanunvericilikdə səciyyələnmiş imtina əsasların əhatə dairəsinə düşmür. Digər tərəfdən də, "xxxx" ASC məhkəməyə arayış təqdim edərək ünvan 1 ünvanda yerləşən, 10 saylı yaşayış binasının 79 saylı 2 otaqlı mənzilin üç otaqlı mənzildən təcrid olunduğunu, bunun nəticəsində binanın daxili quruluşuna, sanitar qovşağına, havalandırma sisteminə, fasadına heç bir xələl gətirmədiyi, digər mənzil sahibinin hüquqlarının pozulmadığını bildirmişdir. Mənzillə bağlı aparılmış bu işlər ümumiyyətlə hər hansı bir fiziki şəxsin hüquqlarının pozulmasına səbəb olmamışdır. Bundan başqa, cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi iddiaya qarşı yazılı etirazında həmçinin bildirmişdir ki, iddia olunan mənzilə dair digər fiziki şəxsin müraciəti olmuşdur. Bununla bağlı məhkəmə tərəfindən aparılmış araşdırma zamanı müəyyən olunmuşdur ki, ünvan 1 ünvanda yerləşən, 10 saylı yaşayış binasının 79 saylı mənzili ilkin olaraq X2 verilmiş, daha sonra isə X1 razılıq ərizəsi əsasında həmin mənzilə dair iddiaçı ilə "xxxx" ASC arasında yeni müqavilə bağlanmışdır. X3 və onun əri X4 notarial qaydada ərizə təqdim edərək gələcəkdə həmin mənzilə dair hər hansı tələblərinin olmadığı bildirərək mənzilə dair iddiaçı ilə yeni alqı-satqı müqaviləsinin bağlanmasına etirazlarının olmadığını bildirmişlər. Adıçəkilən şəxslərin razılıq ərizələrinin mövcudluğu bilavasitə hazırkı iddia tələbinin mahiyyəti üzrə həllində mühüm rol oynayır. Başqa sözlə desək, X1 yaşayış sahəsinə dair mülkiyyət hüquqlarının qeydə alınması ilə bağlı ilkin müraciətin olması, hazırki vəziyyətdə iddiaçının həmin mənzilə dair mülkiyyət hüquqlarının qeydiyyata alınmasını məhdudlaşdıra bilməz. Odur ki, məhkəmənin qənaətinə görə cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin imtinası qanuna zidd və İddiaçı hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. İPM-in 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilərək İddiaçı 14 iyul 2022-ci il tarixli müqaviləyə əsasən ünvan 1 ünvanında tikilmiş hündürmərtəbəli binaların 10-cu korpusundakı 18-ci mərtəbəsində yerləşən 79 nömrəli 2 otaqlı mənzilə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyi cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmalıdır. Göstərilənlərə əsaslanaraq və İPM-in 4.1, 23.1, 58.7, 69, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. İddiaçı 14 iyul 2022-ci il tarixli müqaviləyə əsasən ünvan 1 ünvanında tikilmiş hündürmərtəbəli binaların 10-cu korpusundakı 18-ci mərtəbəsində yerləşən 79 nömrəli 2 otaqlı mənzilə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyi cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli
Məhkəmə qərarları › İş №e-2-1(112)-2076/2023
Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-2076/2023
09.01.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver