Məhkəmə qərarları › İş №e-2-1(112)-2079/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-2079/2023

14.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-2079/2023 14.04.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi ilə, İddiaçı cavabdeh Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinə qarşı “kirayə müqaviləsinin bağlanılması” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı kirayə müqaviləsinin bağlanılması”barədə məhkəməyə müraciət etmişdir. Sonradan iddiaçı məhkəməyə ərizə təqdim edərək texniki səhv olması nəzərə alınaraq cavabdehin dəyişdirilərək Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamenti ilə əvəz edilməsini xahiş etmiş və ərizə icraata qəbul edilmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı uzun müddətdir ki ünvan 1 ünvanında yerləşən 1 nömrəli yataqxananın 2 nömrəli otağında yaşayır. İddiaçı həmin yataqxananın 2 nömrəli otağına dair daimi kirayə müqaviləsinin bağlanılması ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu onun müraciətinin təmin edilməsindən imtina etmişdir. İddiaçı hesab edir ki, cavabdehin imtinası əsassızdır. Cavabdehin etirazı: Cavabdeh Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamenti tərəfindən iddiaya dair yazılı etiraz təqdim olunmamışdır. Tərəflərin iştirakı və izahatları: İddiaçının nümayəndəsi (vəkili) iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: İddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Faktiki hallar və sübutlar: İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: "xxxx" Baş Müəssisəsinin xx.xx.2000-ci il tarixli 187 nömrəli orderinə əsasən X5 1 nəfər ailə tərkibi ilə zavodun Kamil Balakişiyev 6/10 nömrəli ünvanındaki yataqxananın 2 nömrəli otağı yaşamaq üçün verilmişdir. 1 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfat Birliyi 141 saylı İstismar Sahəsi tərəfindən verilmiş arayışdan görünür ki, 1958-ci il təvəllüdlü İddiaçı xx.xx.2021-ci il tarixdə Kamil Balakişiyev 6/10 nömrəli ünvanındaki yataqxananın 2 otaqlı 5 mərtəbəli binada yaşayır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən verilmiş sorğuya cavab məktubundan görünür ki, hazırda ləğvetmə prosesində olan və heç bir daşınar və daşınmaz əmlakı olmayan "xxxx" ASC-nin arxiv sənədləri ünvan 2 ünvanında yerləşən "xxxx" ASC-nin ərazisində saxlanılır və cəmiyyətin arxivində sorğuda qeyd olunan orderin verilməsinə dair əsas olan sənədlər aşkar edilməmişdir. Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialı tərəfindən verilmiş sorğua cavab məktubundan görünür ki, "xxxx" ASC-nin arxiv sənədləri, o cümlədən xx.xx.2000-ci il tarixli, 17 saylı protokolu Dövlət Arxivinin Bakı filialına təhvil verilməmişdir. Azərbaycan Respublikası Ləğvetmə prosesində olan "xxxx" ASC tərəfindən verilmiş sorğuya cavab məktubundan görünür ki, hazırda ləğvetmə prosesində olan və heç bir daşınar və daşınmaz əmlakı olmayan "xxxx" ASC-nin arxiv sənədləri ünvan 2 ünvanında yerləşən "xxxx" ASC-nin ərazisində saxlanılır. Eyni zamanda qeyd olunmuşdur ki, "xxxx" ASC-nin keçmiş əməkdaşının verdiyi şifahi məlumatına və öz şəxsi araşdırmalarına əsasən cəmiyyətin arxiv sənədləri 2007-ci ildə "xxxx" ASC-nin ərazisinə köçürülməsi zamanı bir sıra arxiv sənədlərin itdiyi müəyyən olunmuşdur. Bu səbəbdən, "xxxx" İB-də uzun müddət işləmiş vətəndaş X2 adına verilmiş 187 nömrəli orderə dair və həmin orderin verilməsinə əsas olmuş sənədlər Cəmiyyətin arxivində aşkar edilməmişdir. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə işin yuxarıda göstərilən faktiki hallarını, o cümlədən tətbiq edilməli olan maddi və prosessual hüquq normalarının tələblərini nəzərə almaqla hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Gəlinən nəticə ilə bağlı aşağıdakıların da qeyd edilməsi zəruridir. Belə ki, Azərbaycan SSR Mənzil Məcəlləsinin (Azərbaycan SSR-nin 8 iyul 1982-ci il tarixli Qanunu ilə təsdiq edilmiş və 1 oktyabr 2009-cu il tarixədək qüvvədə olan): 48-ci maddəsinə əsasən, dövlət və ya ictimai mənzil fondu evində yaşayış sahəsi verilməsi haqqında qərar əsasında rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Sovetinin icraiyyə komitəsi vətəndaşa order verir və bu order yaşayış sahəsinə köçmək üçün yeganə əsasdır; 51-ci maddəsinə əsasən, dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsini icarə müqaviləsi yaşayış sahəsi orderi əsasında kirayədarla—mənzil-istismar təşkilatı (belə təşkilat olmadıqda isə müvafiq müəssisə, idarə, təşkilat) ilə icarədar — adına order verilmiş vətəndaş arasında yazılı şəkildə bağlanır; 52-ci maddəsinə əsasən, dövlət və ictimai mənzil fondu evlərində icarə müqaviləsinin predmeti ayrıca mənzil və ya bir yaxud bir neçə otaqdan ibarət digər ayrıca yaşayış sahəsidir; 53-cü maddəsinə əsasən, icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər; 54-cü maddəsinə əsasən, icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə müəyyən edilmiş qaydada köçürmək ixtiyarına malikdir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər; Məhkəmə həmçinin, diqqətə çatdırır ki, Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin (1 oktyabr 2009-cu il tarixdən qüvvəyə minmiş): 51.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən edilmiş hallar istisna olmaqla, sosial kirayə müqaviləsinə əsasən yaşayış sahələri yaşayış sahələrinə ehtiyacı olan qismində uçota alınmış vətəndaşlara verilir; 51.4-cü maddəsinə əsasən, uçota alınma haqqında ərizə ilə birlikdə müvafiq vətəndaşların yaşayış sahələrinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq edən sənədlər təqdim edilməlidir. Uçota alınma haqqında ərizəni təqdim edən vətəndaşa uçota alınmanı həyata keçirən orqan tərəfindən qəbul edilən sənədlərin siyahısı və sənədlərin qəbuletmə tarixi barədə qəbz verilir; 51.5-ci maddəsinə əsasən, uçota alınma və ya uçota almaqdan imtina haqqında qərar uçota alınmanı həyata keçirən orqan tərəfindən bu Məcəllənin 51.4-cü maddəsində göstərilən uçota alınma haqqında ərizənin və digər sənədlərin baxılmasının nəticələri əsasında sənədlərin həmin orqana təqdim edildiyi gündən otuz iş günündən gec olmayaraq qəbul edilməlidir; 51.6-cı maddəsinə əsasən, uçota alınmanı həyata keçirən orqan uçota alınma haqqında qərar qəbul etdiyi gündən üç iş günündən gec olmayaraq belə qərarın qəbul edilməsini təsdiqləyən sənədi uçota alınma barədə ərizə vermiş vətəndaşa təqdim edir və ya göndərir; 53.1-ci maddəsinə əsasən, yaşayış sahəsinə ehtiyacı olan vətəndaş qismində uçota almaqdan imtinaya aşağıdakı hallarda yol verilir: 53.1.1 bu Məcəllənin 51.4-cü maddəsində nəzərdə tutulmuş sənədlər təqdim edilmədikdə; 53.1.2 müvafiq vətəndaşın yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq etməyən sənədlər təqdim edildikdə; 53.1.3 bu Məcəllənin 52-ci maddəsi ilə nəzərdə tutulmuş müddət bitmədikdə. 53.2-ci maddəsinə əsasən, Uçota alınmaqdan imtina haqqında qərar bu Məcəllənin 53.1-ci maddəsində nəzərdə tutulmuş hallara mütləq istinad edilməklə əsaslandırılmalıdır; 53.3-cü maddəsinə əsasən, uçota alınmaqdan imtina haqqında qərar onun qəbul edildiyi gündən üç iş günü müddətində uçota alınma haqqında müvafiq ərizə vermiş vətəndaşa təqdim edilir və ya göndərilir və həmin qərardan onun tərəfindən məhkəmə qaydasında şikayət verilə bilər. 59.1-ci maddəsinə əsasən, yaşayış sahəsinin sosial kirayə müqaviləsinə əsasən bir tərəf – dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahəsinin mülkiyyətçisi (onun adından fəaliyyət göstərən səlahiyyətli dövlət orqanı və ya səlahiyyətli bələdiyyə orqanı) və ya onun səlahiyyətli şəxsi (kirayə verən) yaşayış sahəsini digər tərəfin - vətəndaşın (kirayəçinin) yaşaması üçün bu Məcəllə ilə müəyyən edilmiş şərtlərlə sahibliyinə və istifadəsinə verməyi öhdəsinə götürür; 51.7-ci maddəyə əsasən vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçotunun aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir; 62.1-ci maddəsinə əsasən yaşayış sahəsinin sosial kirayə müqaviləsi dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahəsinin verilməsi haqqında qərara əsasən yazılı formada bağlanır; 62.2-ci maddəsinə əsasən yaşayış sahəsinin sosial kirayə müqaviləsinin birtipli forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. 66.3. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin aşağıdakı vəzifələri vardır: 66.3.1. yaşayış sahəsindən təyinatı üzrə və bu Məcəllə ilə müəyyən edilmiş hüdudlarda istifadə etmək; 66.3.2. yaşayış sahəsinin saxlanılmasını və qorunmasını təmin etmək; 66.3.3. yaşayış sahəsini yararlı vəziyyətdə saxlamaq; 66.3.4. yaşayış sahəsinin cari təmirini aparmaq; 66.3.5. yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında ödəmək; 66.3.6. sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsindən istifadə etməyə hüquq verən əsasların və halların dəyişməsi barədə müqavilə ilə nəzərdə tutulmuş müddətdə kirayə verəni məlumatlandırmaq. Hazırki işin faktiki hallarından da göründüyü kimi iddiaçı Bakı şəhəri, Nizami rayonu, Kamil Balakişiyev 6/10 nömrəli ünvanındaki yataqxanada yerləşən 2 №-li otağa dair kirayə müqaviləsinin bağlanması öhdəliyinin cavabdehə həvalə edilməsini arzulayır və bu halı onunla əsaslandırır ki, həmin əmlak ona işlədiyi müddət ərzində "xxxx" Baş Müəssisəsi tərəfindən order verilməklə ayrılmışdır. Cavabdehin qənaətinə görə hal-hazırda həmin ünvanda Füzuli rayon məcburi köçkün ailəsi müvəqqəti olaraq məskunlaşdığından, iddiaçının müraciətinin təmin edilməsi mümkün olmamışdır. İlk növbədə qeyd olunmalıdır ki, məhkəmə icraatı zamanı iddiaçı tərəfindən təqdim olunmuş "xxxx" Baş Müəssisəsinin xx.xx.2000-ci il tarixli 187 nömrəli orderdən (əsli) görünür ki, zavodun Kamil Balakişiyev 6/10 nömrəli ünvanındaki yataqxananın 2 nömrəli otağı yaşamaq üçün 1 nəfər ailə tərkibi ilə X5 verilmişdir. Doğrudur ki, məhkəmə araşdırılması zamanı adı çəkilən order aidiyyəti qurumların arxivində aşkar olunmamışdır. Lakin bu hal vəziyyəti iddiaçının ziyanına dəyişmir. Belə ki, orderin aşkar olunmaması iddiaçının iradə ifadəsindən asılı olmayan bir haldır və onun hər hansı təqsirli hərəkəti nəticəsində meydana gəlməmişdir. Digər tərəfdən isə qeyd edilməlidir ki, hazırki mübahisə ilə eynilik təşkil etməsə də, pensiya, əmlak hüququ və digər inzibati üzrə formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, orderin, qərarın, əmrlərin və digər sənədlərin iddiaçının təqsiri ilə bağlı hallarla əlaqədar olmaması, şəxsin hüquqları ilə bağlı məhdudlaşdırıcı nəticələr doğurmamalıdır. (Bax: Ali Məhkəmənin № 2-1(102)-594/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı; 2-1(102)-1612/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı; 2-1(102)-1583/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı) Qeyd olunmalıdır ki, məhkəmə icraatı zamanı iddiaçı tərəfindən təqdim olunmuş orderin arxivdə aşkar olunmamasının səbəblərindən biri də həmin sənədlərin arxivə təhvil verilməməsidir. Belə ki, hal-hazırda ləğv prosesində olan "xxxx" ASC sorğuya cavab məktubunda hazırda ləğvetmə prosesində olan və heç bir daşınar və daşınmaz əmlakı olmayan "xxxx" ASC-nin arxiv sənədlərinin ünvan 2 ünvanında yerləşən "xxxx" ASC-nin ərazisində saxlanıldığını, lakin cəmiyyətin arxiv sənədlərinin 2007-ci ildə "xxxx" ASC-nin ərazisinə köçürülməsi zamanı bir sıra arxiv sənədlərin itdiyini, bununla da "xxxx" İB-də uzun müddət işləmiş vətəndaş X2 adına verilmiş 187 nömrəli orderə dair və həmin orderin verilməsinə əsas olmuş sənədlər Cəmiyyətin arxivində aşkar edilmədiyini bildirmişdir.Göründüyü kimi cəmiyyətin özü də bir sıra arxiv sənədlərinin itdiyini qəbul etmişdir. Məhkəmə diqqətə çatdırır ki, hal-hazırda orderin arxivdə aşkar edilməməsi, iddiaçı tərəfindən təqdim olunmuş orderin mötəbərliyini şübhə altına almır. Çünki həmin order iddiaçıya "xxxx" İB-də işləməsi ilə əlaqədar verilmişdir ki, yataqxananın müəssisəsinin balansında olması, həmçinin iddiaçının həqiqətən də həmin müəssisəsdə işləməsi əmək kitabçası ilə təsdiq olunmuşdur. Bundan başqa qeyd olunmalıdır ki, cavabdeh digər imtina əsası Füzuli rayon məcburi köçkün ailəsinin həmin ünvanda müvəqqəti olaraq məskunlaşmasıdır. Nəzərə alınmalıdır ki, həmin şəxslər (X1, X3, X7, X4) İddiaçı adına kirayə müqaviləsinin bağlanmasına etirazlarının olmadığını notarial qaydada verilmiş ərizələr ilə təsdiq etmişdirlər. Beləliklə Məhkəmə hesab edir ki, iddiaçının kirayə müqaviləsinin bağlanmasını arzuladığı yataqxanadaki 2 №-li otaq qanuni əsaslar ilə ona ayrıldığından, həmçinin həmin ünvanda məcburi köçkün kimi məskunlaşmış şəxslər iddiaçı ilə kirayə müqaviləsinin bağlanmasına etirazlarının olmadığını notarial qaydada ərizə verərək təsdiq etdiyindən, cavabdehin imtinası əsassız hesab edilir. İPM-in: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür; 73.1-ci maddəsinin tələbinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə iddiaçı arzuladığı inzibati aktın qəbulunu konkret halda zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmiş, cavabdeh inzibati orqan isə iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Qanunvericiliklə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmamış, cavabdehin imtinası qanunauyğun olmamışdır. İmtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. İddiaçı ilə ünvan 1 ünvanında yerləşən 1 nömrəli yataqxananın 2 nömrəli otağına dair kirayə müqaviləsinin bağlanılması barədə sərəncam verilməsi öhdəliyi Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar