Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-1(112)-2109/2024 24.10.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı "mülkiyyət hüququnun qeydiyyata alınması və çıxarışın verilməsi" haqqında iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı məhkəməyə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Pirallahı rayonu, Pirallahı qəsəbəsi, S.Vurğun küçəsi, 11-ci döngə, 4 nömrəli evin, yaşayış sahəsi 26,44 kv/metr olan 2 otaqlı 2 saylı mənzilə dair mülkiyyət hüququmun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir
2. Tələb onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixdə anadan olduğu vaxtdan - 1984cü il tarixdən yaşadığı, 2009-cu ildən qeydiyyatda olduğu, faktiki olaraq mülkiyyətində olan, kirayəçisi olduğu Bakı şəhəri, Pirallahı rayonu, Pirallahı qəsəbəsi, S.Vurğun küçəsi, 11-ci döngə, 4 nömrəli evin, yaşayış sahəsi 26,44 kv/metr olan 2 otaqlı 2 saylı mənzilə dair hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı cavabdehə müraciət etmişdir. Lakin onlar formal mülahizələrə əsasən ona imtina vermişlər. Bildiririlmişdir ki, hal-hazırda 2 nəfər ailə üzvü ilə - özü və bacısı ilə birlikdə yaşadığı mənzilin əvvəlki kirayəçisi 2007-ci ildə vəfat etmiş X4 olmuşdur. Bakı şəhəri, Pirallahı rayonu, Pirallahı qəsəbəsi, S.Vurğun küçəsi, 11-ci döngə, 4 nömrəli evin, yaşayış sahəsi 26,44 kv/metr olan 2 otaqlı 2 saylı mənzilində anadan olduğu vaxtdan yaşayır. Azərbaycan Respublikası Bakı şəhəri Pirallahı Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2020-ci il tarixli, 87 №-li sərəncamdan görünür ki, Bakı şəhəri, Pirallahı rayonu, Pirallahı qəsəbəsi, S.Vurğun küçəsi, 11-ci döngə, 4 nömrəli evin, yaşayış sahəsi 26,44 kv/metr olan 2 otaqlı 2 saylı mənzilə dair 2 nəfər ailə üzvü ilə (özü, bacısı) iddiaçının adına kirayə müqaviləsinin bağlanılması və onun həmin mənzilin kirayəçisi hesab olunmağı qərara alınmışdır. Kirayə müqaviləsinin bağlanılması barədə sərəncam xx.xx.2020-ci il tarixdə, yəni 2009-cu il oktyabrın 1-dən sonra bağlanılması vəziyyəti mənim ziyanıma dəyişməyən haldır. Belə ki, mübahisəli daşınmaz əmlak xx.xx.2020-ci il tarixli sərəncam əsasında ayrılsa da, həmin mənzilə dair hüquq münasibətləri 2009-cu ilin oktyabrın 1-dək yaranmışdır.
3. Cavabdeh tərəfindən təqdim edilmiş etirazda qeyd edilmişdir ki, iddiaçı iddia tələbində qeyd olunanlar ilə bağlı xx.xx.2023-cü il tarixli ********** nömrəli ərizə ilə İdarəyə müraciət etmiş və xx.xx.2023-cü il tarixli, **********33 xaricolma nömrəli məktubla cavab verilmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, Bakı şəhəri, Pirallahı rayonu, Pirallahı qəsəbəsi, S.Vurğun küçəsi, 11-ci döngə, 4 nömrəli evin, 2 saylı mənzilinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.11-ci maddəsinə uyğun hüquqmüəyyənedici sənədlər, həmçinin “Mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun mənzilə (evə) hüququ olan şəxslər və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 №-li forma) və vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi təqdim edilməmişdir. Belə ki, Bakı Şəhəri Pirallahı Rayon İcra Hakimiyyəti Başçısının 87 saylı sərəncamı xx.xx.2020-ci il tarixdə verilmişdir. Məlumat üçün bildiririk ki, xx.xx.2023-cü il tarixdə İdarənin mütəxəssisləri tərəfindən mənzilə texniki baxış keçirilən zaman məlum olmuşdur ki, 1 mərtəbəli bir dam altında yerləşən həyət tipli mənzil olmaqla, ümumi sahəsi 44.4 kv.m təşkil edir. Mənzilə bitişik əlavə 10.4 kv.m sahə inşa olunmuşdur. “Mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi; mənzilə (evə) hüququ olan şəxslər və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 №-li forma); mənzil sahəsinə dair order və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam əlavə edilməlidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər.
4. İddiaçı məhkəməyə ərizə təqdim edərək iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin baxılmadan geri götürülmüş sayılmasını xahiş etmişdir.
5. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia ərizəsinin geri götürülmüş sayılmasına etiraz etmədi.
II. İddianın geri götürülmüş sayılması
6. Məhkəmə qeyd edir ki, inzibati icraat qaydasında iddiaçının müraciəti əsasında iddia ərizəsinin iddia ərizəsinin baxılmamış saxlanılması və ya geri qaytarılmasına dair birbaşa norma olmasa da, İPM-in 55.3-cü maddəsi iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edilməsi halını müəyyən edir.
7. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə əsasən konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir.
8. Qanunun analogiya üzrə tətbiqi zamanı hüquq münasibətləri arasında əhəmiyyətli oxşarlıq olmalıdır. Məhz bu cür əhəmiyyətli oxşarlıq (eynicinslik) həmin münasibətlərdən birini tənzimləyən hüquq normasının analogiya üzrə digər münasibətlərə də tətbiqini mümkün edir. Buna görə, oxşar hüquq norması eyni hüquq institutunda, hüquq yarımsahəsində və sahəsində axtarılmalıdır (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli qərarı).
9. İPM-in 55.3-cü maddəsinə əsasən, məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir.
10. Məhkəmə hesab edir ki, İPM-in 55.3-cü maddəsi iddiaçının məhkəmə icraatından yayınmasının passiv formasını müəyyən edir, iddia ərizəsinin baxılmamış saxlanılması və ya geri qaytarılmasına dair müraciət isə iddiaçının məhkəmə icraatından yayınmasının aktiv forması olmaqla iddiaçının iddiaya həmin ana prosessual marağının olmamasını ifadə edir. Odur ki, oxşar münasibət olduğundan həmin norma analogiya qaydasında tətbiq edilə bilər.
11. Bu səbəbdən məhkəmə hesab edir ki, oxşar münasibət İPM-lə tənzimlədiyindən Mülki Prosessual Məcəllənin iddianın baxılmamış saxlanmasına dair institutu tətbiq edilməməlidir. Belə ki, prorsessual qanunvericiliyin analogiyası ya normanın özündə göstərilmiş olduqda, ya da prosessual qanunvericilikdə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda tətbiq edilə bilər. Mülki Prosessual Məcəllənin 259-cu maddəsində nəzərdə tutulmuş iddianın baxılmamış saxlanmasına dair əsaslar inzibati icraatda bir qayda olaraq iddianın qeyri-mümkünlüyü üçün əsaslardır. İddia ərizəsinin qaytarılması MPM-in 152-ci maddəsi ilə tənzimlənir. İnzibati prosesdə isə həmin formal xətalar olduğu təqdirdə məhkəmə İPM-in 13-cü maddəsinə əsasən, hüquqi yardım göstərərək onların aradan qaldırılmasına kömək etməlidir. Belə ki, İPM-in 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Bu o deməkdir ki, iddia ərizəsinin qaytarılması və bu əsasla iddianın baxılmamış saxlanması inzibati icraat üzrə prosesə ziddir.
M.Məmmədovun şikayəti əsasında Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55-ci maddəsinin bəzi müddəalarının Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 aprel 2014-cü il tarixli qərarından
12. ...İddianın geri götürülmüş sayılması iddiadan imtina olunmasının passiv növüdür və hüquq nəzəriyyəsində iddiadan imtina edilməsinin fiksiyası adlandırılır. Belə növ iddiadan imtina edilməsi üçün iddiaçının aktiv hərəkət etməsi vacib deyil. (Konstitusiya Məhkəməsi Plenumunun “X2 şikayətinə dair” 8 iyul 2013-cü il tarixli Qərardadı).
13. İddianın geri götürülmüş sayılması mübahisənin mahiyyəti üzrə həlli ilə nəticələnmədiyindən məhkəməyə müraciət etmək hüququnu məhdudlaşdırır. Burada nəzərə almaq lazımdır ki, məhkəməyə müraciət etmək hüququ yalnız icraatın başlanmasını əhatə etmir, o həmçinin mübahisənin məhkəmə vasitəsilə həllini də nəzərdə tutur. Fərdlərə məhkəmədə iddia qaldırmaq hüququ verməklə həmin iş üzrə yekun qərarın qəbul olunmasının təmin edilməməsi məhkəməyə müraciət etmək hüququnu qeyri-real edərdi. (Avropa Məhkəməsinin Kutic Xorvatiyaya qarşı iş üzrə 1 mart 2002-ci il tarixli Qərarı, § 25).
14. Həmin məhdudlaşdırmanın Konstitusiyaya uyğun olub-olmamasını isə qeyd edildiyi kimi, legitim məqsədlərə nail olmağın və məhdudiyyətin mütənasibliyinin təhlilindən sonra müəyyən etmək mümkündür.
15. İPM-in 55.3-cü maddəsinin mənasına görə, iddiaçının məhkəmə icraatından yayınması faktiki olaraq onun prosessual marağının itməsi səbəbindən müvafiq qərardadın verilməsi ilə nəticələnə bilər. Burada ədalət mühakiməsinin lazımınca həyata keçirilməsi məqsədi əsas götürülür. Bu məqsəd konstitusiya əhəmiyyətli olduğundan legitim sayılmalıdır...
16. ...İPM-in 81.1-ci maddəsində müəyyən edilmiş əsas qaydaya müvafiq olaraq qanunla ayrı qayda nəzərdə tutulmayıbsa, qərardadlardan şikayət verilməsi mümkündür. Qanunverici icraata xitam verilməsi barədə qərardaddan fərqli olaraq, İPM-in 55.3-cü maddəsi əsasında qəbul edilən qərardadın mübahisələndirilməsinin qeyri-mümkünlüyünü müəyyən etməmişdir. Digər tərəfdən, İPM-in 83.3-cü maddəsində mübahisələndirilməyən qərardadların siyahısında İPM-in 55.3-cü maddəsi göstərilməmişdir... ...Konstitusiya Məhkəməsinin Plenumu qeyd edilənlərə və Konstitusiyanın 60-cı maddəsinin İ hissəsindən irəli gələn tələblərə uyğun olaraq hesab edir ki, İPM-in 55.3-cü maddəsi həmin Məcəllənin 55.5-ci maddəsi ilə birlikdə deyil, İPM-in 81.1-ci və 83.3-cü maddələri ilə sistemli şəkildə tətbiq olunmaqla maraqlı şəxsin apellyasiya şikayətinin verilməsi hüququ təmin edilməlidir.
17. Konstitusiya məhkəməsinin plenumunun qeyd edilən qərarına əsasən ifadə edilən hüquqi mövqeyə əsaslanaraq məhkəmə hesab edir ki, İPM-in 55.3-cü maddəsi iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edilməsini müəyyən etdiyindən iddiaçının iddia ərizəsinin geri qaytarılmasına (bu əsasla baxılmamış saxlanmasına) və ya iddianın baxılmamış saxlanmasına dair müraciəti olduqda İPM-in 55.5-ci maddəsinə istinad etmədən məhkəmə tərəfindən məhz qeyd edilən məhkəmə aktı qəbul edilməlidir.
18. Məhkəmə hesab edir ki, iddiaçının iddiaya münasibətdə artıq prosessual marağı olmadığından prosessual qənaət prinsipindən çıxış edərək iddianın əsaslılığını yoxlamaq zərurəti mövcud deyildir.
19. İddianın geri götürülmüş sayılması barədə qərardadın qəbul edilməsi ilə məhkəməyə müraciət etmək hüququ məhdudlaşdırılmış olur. Həmin hüquq mütləq hüquq olmadığından (yəni məhdudlaşdırıla bilər) qərardadın (məhdudlaşdırmanın) legitim məqsəd daşıması və ağlabatan mütənasiblik əlaqəsinin mövcudluğu aydınlaşdırılmalıdır. Həmin mütənasiblik əlaqəsi qəbul edilən məhkəmə aktından şikayət verilməsi və yenidən iddia qaldırmaq imkanının mümkünlüyündə ifadə olunur. Hazırki iş üzrə icraata xitam verilmədiyindən (iddiaçı məhkəmədən yayınmadığı üçün iddiadan imtina etmiş sayılmır) iddiaçının yenidən iddia qaldırma imkanı istisna edilmir.
20. Göstərilənlərə əsasən və İPM-in 55.3, 81.1, 83.1 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia geri çağırılmış hesab edilsin. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim Günel Sevdimalıyeva