Məhkəmə qərarları › İş №e-2-1(112)-2112/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-2112/2024

08.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-2112/2024 08.04.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçı cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X1 üzrə Baş İdarəsinə (üçüncü şəxs "xxxx" MMC) qarşı “qərarın ləğv edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X1 üzrə Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçıya 5351,81 manat maliyyə sanksiyası tətbiq edilərək vergi məsuliyyətinə cəlb edilmişdir. Qərar onunla əsaslandırılmışdır ki, operativ vergi nəzarəti tədbiri zamanı toplanılmış materiallara əsasən iddiaçı malların alışını və ya mədaxilini təsdi qedən elektron qaimə-faktura idxal mallarına münasibətdə idxal gömrük bəyannaməsi sənədlərinin tərtib edilməsinə, malların elektron qaimə əsasında təqdim edilməsinə, topdansatış ticarət və istehsal obyektlərindən, habelə anbardan malların pərakəndə satış qaydasında rəsmiləşdirməklə təqdim edilməsinə,habelə vergi ödəyicisinin bir təsərrüfat subyektindən digər təsərrüfat subyektinə göndərilməsi zamanı VM-nin 71.1.5.10-cu maddəsində nəzərdə tutulan növdə elektron qaimə-faktuaların təqdim edilməsinə nəzarət edilməsi ürə vergi qanunvericiliyinin tələbləri pozulmuşdur. Halbuki, "xxxx" MMC ilə onun arasında françayzinq müqaviləsi bağlamışdır. Operativ vergi yoxlaması zamanı həmin gün malların təhvil-təslim aktı təqdim edilmişdir. Qaimə-faktura 5 iş günü ərzində yazılma hüququ olmağına baxmayaraq daha tez, yəni 07 iyun 2023-cü il tarixdə yazılmışdır. Etiraz onunla əsaslandırılmışdır ki, operativ vergi nəzarəti tətbiqi zamanı VM-nin 58.8.2-ci maddəsinin tələblərinin pozulduğu müəyyən edilmiş, aktla rəsmiləşdirilmiş, iddiaçı isə aktı imzalamaqdan və bir nüsxəsini qəbul etməkdən imtina etmişdir. Akt əsasında iddiaçı barəsində məsuliyyətə cəlb edilmə barədə qərar qəbul edilmişdir. Françayzin müqaviləsinin əsas götürülməsi barədə cavabdeh hesab edir ki, dəlil əsassızdır. Belə ki, brenddən istifadə müqabilində ödənilməli olan muzdun məbləği, ödəniş qaydasını müəyyən edən hər hansı bənd nəzərdə tutulmamışdır. MMC tərəfindən iddiaçıya muzdun ödənilməsi ilə bağlı heç bir elektron qaimə-faktura təqdim edilməmiş, ödənişin edilməsi aşkar edilməmişdir. 06 iyun 2023-cü il tarixli qərar ilə aparılmış yoxlama zamanı MMC tərəfindən 10 yanvar, 10 fevral, 10 mart, 10 may, 19 may və 04 iyun 2023-cü il tarixli təhvil təslim aktları ilə malların təhvil alındığı bildirilərək, sənədlər vergi orqanına təqdim edilmişdir. Lakin, sənədlərə əsasən 6 dəfə malların təhvil-təslimi həyata keçirilməsinə baxmayaraq vergi qanunvericiliyin müddəaları pozulmaqla MMC tərəfində iddiaçıya 18256,95 manat dəyərində 1000 ədəd elektron qaimə 07 iyun 2023-cü il tarixdə təqdim edilmişdir. Halbuki, vergi qanunvericiliyin tələbinə əsasən mallar göndərilən vaxt elektron qaimə-faktura təqdim edilməlidir. Müqavilədə də qanunvericiliyə zidd olaraq 6 aylıq müddətdə hissə-hissə mal təminatına, 6 aydan gec olmayaraq qaimə-faktura təqdim etmək françayz verənin vəzifəsi kimi nəzərdə tutulmuşdur. Bank əməliyyatlarının təhlili zamanı da ödənişin aparılmadığı aşkar edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. İddia tələbinin mahiyyəti ilə bağlı isə məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. İş materiallarında olan: 04 avqust 2023-cü il tarixli qərardan görünür ki, yoxlama zamanı təhvil təslim aktına əsasən malların təhvil verildiyi müəyyən edilsə də həmin malların alış sənədlərinin təqdim edilmədiyi müəyyən edilmiş və vergi ödəyicisinin məlumatına əsasən malların alış qiyməti 53518,05 manat qiymətləndirilmiş və buna uyğun maliyyə sanksiyası tətbiq edilmişdir. İddiaçı və "xxxx" MMC arasında 04 iyun 2023-cü il tarixli təhvil təslim aktında qeyd edilmişdir ki, françayz müqaviləsinə əsasən akta əlavə edilmiş siyahıda olan mallar iddiaçıya təqdim edilmişdir. İddiaçı tərəfindən 07 iyun 2023-cü il tarixli elektron qaimədə qeyd edilmişdir ki, mallar "xxxx" MMC tərəfindən françayzinq müqaviləsinə əsasən təqdim edilmiş, iddiaçı tərəfindən alınmış, təqdim edilmişdir. Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarışdan görünür ki, iddiaçının obyektində operativ vergi nəzarətinin həyata keçirilməsi reyestrdə qeydiyyata alınmışdır. Operativ vergi nəzarətinin keçirilməsi haqqında qərardan görünür ki, iddiaçının obyektində operativ vergi nəzarətinin keçirilməsi və yoxlamada iştirak edəcək şəxslərin dairəsi müəyyən edilmişdir. 19 iyun 2023-cü il tarixli aktda eyd edilmişdir ki, 07 iyun 2023-cü il tarixdə təsərrüfat subyektinə daxil olunmuş, mal sayımı aparılmış, malların alışına dair rəsmi sənədlər təqdim edilməsi təklif edilsə də, müxtəlif təhvil-təslim aktları mobil tətbiq vasitəsi ilə göndərilmiş, kağız daşıyıcıda 04 iyun 2023-cü il tarixli təhvil-təslim aktı təqdim edilmiş, alışına dair 07 iyun 2023-cü il tarixli (saat 18:30) elektron qaimə sonradan tərtib edilərək təqdim edilmişdir. Akt hər hansı əsaslı səbəb olmadan imzalanmamışdır. İddiaçının 07 iyun 2023-cü il tarixli izahatında qeyd edilmişdir ki, obyektdə olan mallar MMC-dən elektron qaimə faktura əsasında alınmışdır. Mallar sayılmış, alış-satış qiymətləri tərəfindən təqdim edilmişdir. İddiaçı 04 iyun 2023-cü il tarixli təhvil-təslim aktına əsasən mallara dair 07 iyun 2023-cü il tarixdə elektron qaimənin tərtib edilməsini onunla izah etmişdir ki, malların alınması, düzülməsi və sayım 2-3 gün vaxt aparmışdır. Françayzinq müqaviləsində qeyd edilmişdir ki, françayzinq alan satdığı malın ilk 6 aylıq müddətdə hissə-hissə mal təminatına, 6 aydan gec olmayaraq qaimə faktura təqdim etməyə françayzinq verən borcludur. Gəlinən nəticə ilə bağlı aşağıdakıların qeyd edilməsi zəruri hesab olunur. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin: 50.1. Operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti ücün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən və aşağıdakı məsələləri əhatə edən vergi nəzarəti formasıdır: 50.1.7. Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi; 50.2. Operativ vergi nəzarətinin həyata keçirilməsi üçün əsaslar aşağıdakılardır: 50.2.1.vergi orqanı tərəfindən keçirilən səyyar vergi yoxlaması zamanı aşkar edilmiş faktlar; 50.2.2.vergi orqanları tərəfindən mənbəyi bəlli mənbələrdən əldə etdikləri məlumatlar; 50.2.3. vergi ödəyicisi tərəfindən vergi qanunvericiliyinin pozulması hallarının aradan qaldırılması barədə vergi orqanlarının tələblərini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə; 50.2.4. vergi orqanlarının bu Məcəllənin 50.1-ci maddədə göstərilən məsələlər barədə qanunvericiliyin sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər tərəfindən pozulması barədə kifayət qədər əsası olduqda; 50.2.5. vergi ödəyicisi riskli vergi ödəyicisi olduğu halda. -50.4. Operativ vergi nəzarəti vergi ödəyicisinə əvvəlcədən xəbərdarlıq edilmədən başlanır və vergi ödəyicilərinin faktiki iş vaxtı həyata keçirilir. Operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi nəzarətə başladıqdan sonra bu Məcəllənin 50.3-cü maddəsində nəzərdə tutulmuş vergi orqanının qərarını vergi ödəyicisinə dərhal təqdim etməlidir 58.8. Səyyar vergi yoxlaması və operativ vergi nəzarəti zamanı vergi ödəyicisinə məxsus pul vəsaitlərinin uçotdan yayındırılmasına görə, habelə bu Məcəllənin 71-1.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla vergi ödəyicisinin sahibliyində olan mallara dair elektron qaimə-faktura, əvvəlcədən sifariş edilmədən təqdim edilən mallar üzrə malların təhvil-qəbul aktı, idxal gömrük bəyannaməsi və bu bəyannamə ilə bağlı hesab-faktura (invoys), bu Məcəllənin 71-2-ci maddəsində göstərilən elektron alış aktları, elektron qaimə-faktura təqdim edilənədək komissiyaya, emala və saxlamaya (məsuliyyətli mühafizəyə) götürülmüş mallara görə təhvil-qəbul aktı və qaytarılmış mallara dair malların qaytarılması aktı olmadıqda:[414] 58.8.1. pul vəsaitinin 1000 manatdan çox olan məbləğdə uçotdan gizlədilməsinə və ya uçota alınmamasına görə – 1000 manatdan çox olan hissəsinin 10 faizi, təqvim ili ərzində belə hala təkrar yol verdikdə 1000 manatdan çox olan hissəsinin 20 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir; 58.8.2. malların alışını və ya mədaxilini təsdiq edən bu Məcəllənin 58.8-ci maddəsində nəzərdə tutulan sənədlər olmadıqda – alıcıya təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə malların dəyərinin 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında. Bu maddənin müddəaları istehsal fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri tərəfindən istehsal edilən hazır məhsullara münasibətdə tətbiq edilmir; 71-1.1. Bu Məcəllə ilə müəyyən edilən hallarda malları təqdim edən (göndərən), işləri görən və xidmətləri göstərən, habelə malların təsərrüfatdaxili yerdəyişməsini həyata keçirən vergi orqanında uçotda olan şəxs elektron qaimə-fakturanı aşağıdakı müddətlərdə təqdim (tərtib) etməlidir: https://e-qanun.az/framework/46948 71-1.1.1. bu Məcəllənin 71-1.5.1-ci, 71-1.5.4-cü, 71-1.5.5-ci, 71-1.5.7-ci və 71- 1.5.8-ci maddələrində nəzərdə tutulmuş hallarda – mallar göndərilən (verilən) vaxt; 71-1.1.2. əvvəlcədən sifariş edilməyən malların təqdim edilməsi üzrə – malların təhvil verilməsini təsdiq edən sənədin verildiyi tarixdən 5 gün müddətində; 71-1.1.3. işlərin görülməsi və xidmətlərin göstərilməsi üzrə – işlərin görüldüyü və xidmətlərin göstərildiyi tarixdən 5 gün müddətində; 71-1.1.4. bu Məcəllənin 71-1.5.2-ci, 71-1.5.3-cü və 71-1.5.6-cı maddələrində nəzərdə tutulmuş hallarda – malların qaytarıldığı və vergi tutulan dövriyyənin dəqiqləşdirildiyi vaxtdan 3 gün müddətində; 71-1.1.5. bu Məcəllənin 71-1.5.12-ci maddəsində nəzərdə tutulmuş halda–avansın alındığı gün. İşin faktiki hallarından da göründüyü kimi hazırkı inzibati mübahisə təsərrüfat obyektində malların mövcud olmasına baxmayaraq malların alış sənədinin mövcud olmaması ilə əlaqədar. İddiaçı tələbini onunla əsaslandırır ki, mövcud mallar françayzinq müqaviləsinə əsasən təhvil alınmış, buna dair elektron qaimə faktura tərtib edilərək vergi orqanına təqdim edilmişdir. Cavabdeh isə françayzinq müqaviləsinin mötəbərliyini, eləcə də elektron qaimə fakturanın yoxlamanın aparıldığı gün təqdim edilməsini əsas götürərək məsuliyyət müəyyən edən qərarın qanuniliyi qənaətindədir. Qeyd olunmalıdır ki, AR İPM-nin 14.1-ci maddəsinə əsasən Mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Göründüyü kimi qəbul edilmiş qərarın qəbulunu zəruri edən faktiki şərtlərin mövcudluğunu vergi orqanı sübut etməlidir ki, iş materiallarından da göründüyü kimi həmin faktiki şərtlər sübut edilmişdir. Belə ki, iş materiallarında olan sənədlərdən, o cümlədən yoxlama zamanı iddiaçının izahatından, malların qiymətləri və digər rekvizitləri qeyd edilmiş iddiaçının özünün də imzası ilə təsdiq edilmiş siyahıdan (mal sayımının vergi ödəyiciləri tərəfindən həyata keçirildiyi vergi orqanı tərəfindən həmin hissəyə dair video material ilə də təsdiq edilmişdir) göründüyü kimi təsərrüfat subyektində mallar aşkar edilmiş, mal sayımı həyata keçirilmiş, aşkar edilmiş mallara dair elektron qaimə fakturalar qanunvericiliklə nəzərdə tutulmuş qaydada, daha doğrusu vaxtında təqdim edilməmişdir. Qanunvericiliklə nəzərdə tutulmuş qaydada təqdim edilməmə ilə əlaqədar məhkəmə qeyd etməyi zəruri hesab edir ki, françayzinq müqaviləsinə istinadla malların təqdim edilməsinə dair təhvil təslim aktı və siyahı verilsə də, məlum olmuşdur ki, elektron qaimə 07 iyun 2023-cü il tarixdə, yəni yoxlama başlanıldığı saatda yox, daha sonra tərtib edilmişdir. Halbuki, vergi qanunvericiliyin aşkar tələbidir ki, Məcəllənin 71-1.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla vergi ödəyicisinin sahibliyində olan mallara dair elektron qaimə-faktura təqdim edilməlidir. İddiaçı isə müxtəlif tarixlərdə, eləcə də 04 iyun 2023-cü il tarixli təhvil-təslim aktına əsasən alınmış malın elektron qaimə fakturasını mal verilən vaxt yox, yoxlama başladıqdan sonra təqdim etmişdir. Bu zaman təqdim edilən elektron qaimə faktura da sadəcə 1000 ədəd 18256,95 manat dəyərində olan mal ilə əlaqədar olmuşdur. Məhkəmə hesab edir ki, iddiaçı nəzərə almamışdır ki, operativ vergi nəzarəti tədbirinin keçirilməsində məqsəd dövriyyədə olan, satışı həyata keçirilən malların alışına dair sənədlərin qanunvericiliyə uyğun qaydada tərtib edilərək vergi orqanına təqdim edilməsinə nəzarətlə də bağlıdır. Bu zaman, təkcə həmin sənədin təqdim edilməsi yox, vergidən yayınma hallarının qarşısının alınması üçün vaxtında təqdim edilməsi də qanunvericiliyin tələbləri baxımından əhəmiyyət daşıyır. Qeyd olunan səbəbdəndir ki, vergi qanunvericiliyin imperativ tələbi malın təhvil-təslim verildiyi vaxt buna dair elektron qaimə fakturanın tərtib edilməsidir ki, həmin malın verildiyi vaxtdan 1 gün, 3 gün və ya 1 il sonra elektron qaimənin tərtib edilərək təqdim edilməsi pozuntu halının istisnası hesab edilmir. Necə ki, əmək müqavilələrinin yoxlanılması zamanı vergi ödəyicisi öz işçiləri ilə bağlı əmək müqavilələrini yoxlama vaxtı təqdim etməli, yoxlamanın gedişində müqavilələri qeydiyyata salaraq vergi orqanına təqdim edərkən məsuliyyət istisna edilmir, eləcə də yoxlamaya qədər təqdim edilməli olan alışı təsdiq edən əsas sənəd kimi elektron qaimə faktura da yoxlamaya qədər, malın məhz alındığı vaxt təqdim edilməlidir. Nəzərə alınmalıdır ki, françayzinq müqaviləsində tərəflərin elektron qaiməni 6 ay ərzində tərtib edə biləcəyi ilə bağlı müddəanın olması da pozuntu halını istisna etmir.Necə ki, qanunvericiliyin birbaşa özündə göstərilməyibsə, məsuliyyət müəyyən edən hər hansı hal baş vermişdir, həmin hala görə məsuliyyəti tərəflər öz arasında müqavilə bağlayaraq istisna edə bilməzlər. Vergi qanunvericiliyi elektron qaimə fakturanın tərtib edilmə vaxtını konkret müəyyən edirsə tərəflər arasında buna dair fərqli qaydanın müəyyən edilməsi bu səbəbdəndir ki, hər hansı əhəmiyyət daşımır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia rədd edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim: Orxan Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar