Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-2130/2025 21.04.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi ilə, iddiaçı İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı çıxarışın verilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, Səbail Rayon İcra Hakimiyətinin 910 saylı 22 iyun 1999-cu il tarixli sərəncamına əsasən Bayıl qəsəbəsi G.Əliyev küç, 11 B saylı yaşayış evinin yanındakı İddiaçı məxsus fərdi yaşayış evinin sənədləşdirilməsi qərara alınmışdır. Bununla bağlı Mənzil Təsərrüfat Kontoru tərəfindən mövcud tikilinin sxemi tərtib olunaraq təsdiq edilmişdir. “X1 and Construction” MMC tərəfindən tərtib olunmuş evin layihəsi məlumatlandırma qaydasında Səbail Rayon İcra Hakimiyyətinə təqdim edilmişdir. Torpaq sahəsi hal-hazırda Səbail rayonunun inzibati ərazisində yerləşir. Fərdi yaşayış evi halhazırda İddiaçı sahibliyində və istifadəsindədir. Bayıl qəsəbəsi G.Əliyev küç, 11 B saylı yaşayış evinin yanındakı İddiaçı istifadəsində olan fərdi yaşayış evinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, reyestrdən çıxarışın və plan ölçünün verilməsi məqsədi ilə 19 iyun 2024-ci il tarixində 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 Saylı Ərazi İdarəsinin xx.xx.2024-ci il tarixli məktubu ilə reyestrdən çıxarış və plan ölçü verilməmiş, təqdim olunan sənədlərin hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalı olduğu göstərilmişdir. Cavabdehin etirazı: Cavabdeh 1 saylı Bakı Ərazi İdarəsi iddiaya dair etirazla məhkəməyə müraciət edərək, qeyd etmişdir ki, iddiaçı fərdi yaşayış evinin və torpaq sahəsinin hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair xx.xx.2024-cü il tarixli ********** nömrəli ərizə ilə İdarəyə müraciət etmiş və xx.xx.2024-cü il tarixli, **********71 xaricolma nömrəli məktubla cavab verilmişdir. Aparılan araşdırma zamanı məlum olmuşdur ki, fərdi yaşayış evi və yerləşdiyi torpaq sahəsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nda nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: İddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Eyni zamanda, iddia ərizəsində fərdi yaşayış evinə dair plan və ölçü sənədinin verilməsinə dair hissədə də məhkəmə hesab edir ki, AR İPM-nin 52-ci maddəsinin tələbləri baxımından iddia mümkün iddia hesab edilir. Belə ki, maddənin tələbinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Məhkəmə araşdırması zamanı müəyyən edilir ki, iddiaçı fərdi yaşayış evinə dair mülkiyyət hüququ ilə yanaşı texniki sənədin verilməsini tələb edir ki, həmin texniki sənədin plan və ölçü formasında göstərilməsi məhkəmə hesab edir ki, iddianın mahiyyətinə təsir etməməklə, ifadə tərzi ilə əlaqədardır və nə qədər ki, məhkəmə mülkiyyət hüququna dair çıxarışın verilməsinə münasibət bildirir, onun əlavəsi olaraq texniki sənədin verilməli olubolmaması da hazırkı iddianın əlavə predmeti qismində çıxış edə bilir. Faktiki hallar və sübutlar: İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri Səbail RİH Başçısının xx.xx.1999-cu il tarixli, 910 nömrəli Sərəncamına əsasən Bayıl qəsəbəsi, K.Əliyev küçəsi 11b nömrəli yaşayış evinin yanında mövcud tikintinin İddiaçı adına sənədləşdirilməsi qərara alınmışdır. Eskiz layihəsindən görünür ki, ünvan 1 ünvanında yerləşən İddiaçı məxsus fərdi yaşayış evinin memarlıq-planlaşdırma həlli “X1 and Construction” MMC tərəfindən tərtib olunmuşdur. İmtina məktubundan görünür ki, iddiaçının müraciətinə baxılmış və yazılı etirazda göstərilən məzmunda imtina verilmişdir. Cavabdeh tərəfindən verilmiş sorğuya cavab məktubu ilə aşağıdaki sənədlər təqdim olunmuşdur: -Bakı şəhəri Səbail RİH xx.xx.1998-ci il tarixli, 156 nömrəli sərəncamına əsasən Buxta küçəsi 11Q ünvanda Ə.S.Cəfərova və Ş.S.Cəfərova fərdi yaşayış evi tikmək üçün torpaq sahəsi ayrılmışdır. -Bakı şəhəri Səbail RİH xx.xx.2003-cü il tarixli, 569 nömrəli sərəncamına əsasən ünvan 3 ünvanda həyətyanı sahəsi 750 kv.m, yaşayış sahəsi 98,2 kv.m, köməkçi sahəsi 242,72 kv.m, ümumi sahəsi 340,92 kv.m, 5 otaqlı, 2 mərtəbəli fərdi yaşayış evi inşaat, sanitar yanğından mühafizə norma və qaydalarına uyğun gəldiyi üçün X3 mülkiyyətinə verilməsi qərara alınmışdır. -Bakı şəhəri Səbail RİH xx.xx.2003-cü il tarixli, 569 nömrəli sərəncamına əsasən ünvan 4 ünvanda həyətyanı sahəsi 500 kv.m, yaşayış sahəsi 83,8 kv.m, köməkçi sahəsi 42,64 kv.m, anbar 51 kv.m, ümumi sahəsi 184,44 kv.m, 4 otaqlı, 2 mərtəbəli fərdi yaşayış evi inşaat, sanitar yanğından mühafizə norma və qaydalarına uyğun gəldiyi üçün X2 mülkiyyətinə verilməsi qərara alınmışdır. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə işin yuxarıda göstərilən faktiki hallarını, o cümlədən tətbiq edilməli olan maddi və prosessual hüquq normalarının tələblərini nəzərə almaqla hesab edir ki, iddia tələbi rədd olunmalıdır. Gəlinən nəticə ilə bağlı aşağıdakıların da qeyd edilməsi zəruridir. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında,yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.6.mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8.bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd; 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; 8.0.12. 2006-cı il iyulun 6-dan 2009-cu il iyunun 24-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahı:
1. Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə qüvvədə olmuş qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair 1.1-1.11-ci bəndlərində nəzərdə tutulmuş sənədlər;
2. Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövrdə qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar və digər təşkilatlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair 2.1-2.7ci bəndlərində nəzərdə tutulmuş sənədlər. Qanunvericiliyin müddəalarından göründüyü kimi, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0-cı maddəsində və ya “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısında nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməlidir. Hazırkı iş üzrə mülkiyyət hüququnun qeydiyyata alınması tələb edilən fərdi yaşayış evi üzərində isə həmin hüququn qeydiyyata alınması üçün nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Məhkəmə xüsusi ilə onu da vurğulamağı zəruri hesab edir ki, iddiaçının hüquqmüəyyənedici sənəd qismində təqdim etdiyi yerli icra hakimiyyətinin xx.xx.1999-cu il tarixli sərəncamı mahiyyəti üzrə fərdi yaşayış evinin iddiaçının adına sənədləşdirilməsi məzmununu ehtiva etsə də, nəzərə alınmalıdır ki, yeganə sənəd kimi həmin fərdi yaşayış evi üzərində hüquqlarının qeydiyyatına əsas vermir. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8-ci maddəsinin tələblərinə uyğun olaraq, fərdi yaşayış evinin hansı tarixdə, yəni xx.xx.2013-cü il tarixinədək və ya ondan sonra inşa edilməsindən asılı olmayaraq, mülkiyyət hüququnun qeydiyyata alınması üçün həmin tikilinin yerləşdiyi torpaq sahəsinə dair mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənədin təqdim olunması imperativ hüquqi şərt kimi irəli sürülmüşdür. Lakin hazırki iş üzrə iddiaçı tərəfindən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinə dair nə mülkiyyət, nə icarə, nə də istifadə hüququnu təsdiq edən hüquqmüəyyənedici sənəd təqdim olunmamışdır. Eyni zamanda, iddiaçının bərabərlik prinsipinə istinad edərək, oxşar hallarda digər şəxslərin hüquqlarının tanınması və dövlət qeydiyyatına alınmasını misal gətirməsi ilə bağlı arqumentləri də məhkəmə tərəfindən hüquqi aspektdən araşdırılmış və qənaətə gəlinmişdir ki, həmin şəxslərin vəziyyəti hüquqi mahiyyət etibarilə iddiaçının vəziyyətindən fərqlənir. Belə ki, doğrudur ki, yerli icra hakimiyyətinin oxşar məzmunlu sərəncamları əsasında digər şəxslərin mülkiyyət hüquqları həyata keçirilsə də, nəzərə alınmalıdır ki, bu sərəncamlar ilə bərabər həmin şəxslərə təkcə fərdi yaşayış evinə deyil, daha əvvəlki tarixdə fərdi yaşayış evinin inşası üçün torpaq sahəsinin ayrılması barədə sərəncam olmuşdur. Göründüyü kimi, cavabdeh inzibati orqan həmin şəxslərin hüquqlarını da qeydə alarkən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədlərin mövcud olduğunu nəzərə alaraq qeydiyyat hərəkətlərini aparmışdır. Bu səbəbdən də Məhkəmə hesab edir ki, iddiaçının hazırki tələbi üzrə bərabərlik hüququnun pozulması müəyyən olunmur. Məhkəmə hesab edir ki, iddiaçının daşınmaz əmlak üzərində mülkiyyət hüququnu təsdiq edən hüquqmüəyyənedici sənədlər olmadığından cavabdeh yuxarıda adıçəkilən Qanunun 15.1.1-ci maddəsinə uyğun olaraq daşınmaz əmlaka mülkiyyət hüququnun qeydiyyatından əsaslı olaraq imtina etmişdir. Beləliklə hazırkı iddia öhdəliklərin icrası haqqında iddialara aid olsa da, cavabdehin imtinası onun hərəkətsizliyi ilə əlaqəli olduğundan öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh imtinasını zəruri edən şərtlərin mövcudluğunu sübut edə bilmişdir İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia rədd edilməlidir.
NƏTİCƏVİ HİSSƏ
Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddia tələbi rədd edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim: Orxan Həsənov